Üzeyir Hacıbəyov - Sədini tənqid



 
   Adam oturub, Sədinin Gülüstanını, ya Bustanını, ya bütün külliyyatını oxuduqca özü-öz başına fikir eləyir və görür ki, hərçənd, bu kişini bir belə tərifləyirlər. Amma, sözün doğrusu, mən and içirəm ki, Sədinin bu dünyadan bir belə də xəbəri yox imiş. Yalan ki, demirəm, özünüz elə bir baxın, görün, məsələn, bu kişi nə yazır? Bustanın bir yerində deyir ki:

                                                        Əgər ba pedər çənk cuyəd kəsi,
                                                         Pedər ra yəqin xəşm girəd bəsi. 


   Yəni hər kəs atasilə dava eləmək istəsə, yəqin ki, atasının bərk acığı tutar. Halbuki bizdə qayda belədir ki, hər kəs atasilə dava eləmək istəsə, əvvəla, o saat onu vurub öldürər və acığı tutmağa, dəm macal verməz, ya da ki, atası istəsə bir adamı tutub tapşırar ki, vurub oğlunu ,öldürsün. Yenə Sədi Gülüstanın bir yerində deyir ki:
     
                                                       Ey ki, pənçah rəft dərxabi
                                                        Məgər in pənc ruz dəryabi.

  Yəni ey o adam ki, əlli yaşına yetib, hələ yuxudasan, məgər bu beş günü bir də taparsan? Ay Sədi! Bizim müsəlmanlar, budur, neçə yüz ildir ki, xabi-qəflətdə yatıb, cəmi aləm veclərinə deyil, amma sən durub əllicə yaşında bir kişini məzəmmət eləyirsən. Heç bu rəvadır? Yenə Sədi bir yerdə belə deyir:

                                                      Ey tohidəst rəfte dər bazar,
                                                       Tərsəmət por nəyavəri dəstar!


  Yəni ey adam ki, əli boş bazara gedirsən, qorxuram ki, dəsmalını dolu gətirməyəsən! Nahaq yerə qorxursan, cənab Sədi. Bizim kəndin pristavları, strajnikləri heç vaxt olmaz ki, bazara əli dolu getsinlər, amma bainhəmə qayıdan zaman hamısının dəsmalı da hələ deyəsən, xurcunu da dolu olur, hələ, desən, yanlarında bir cüt quzu da gətirirlər. Yenə Sədi bir yerdə deyir ki:
               
                                                     Əbrü badü məhü xurşidü, fələk dərkərənd.
                                                      Ta, tonani bekəf ariyo bəğəflət nəxori. 


  Yəni bulud, yel, ay, gün və fələk iş görürlər ki, sən bir parça çörək qazanıb, amma xəlvətcə yeməyəsən. Sözün doğrusu, Sədi burada özünü lap xarab eləyibdir. Budur götürək, məsələn, Gəncə quberniyasını: yel əsib, buludları yığıb, dolu yağıb taxılı, bilmərrə kor eləyibdir. Ay döğmayıb, gecə qaranlıq olub, oğruların bazarı açılıbdır, istilər düşüb, gün qızışıb, taxıl ələfi yandırmaqdadır, fələk də ki, özünüz bilirsiniz, erməni-müsəlman davası salıb, Gəncə quberniyasına bir oyun tutdu ki, lap get Zəngəlzura tamaşa elə. İndi yazıq kişi çörəyi hardan alsın ki, hələ onu da xəlvət yeməsin, halbuki acığa çıxartsa qonşusu tutub əlindən qarpacaqdır. Yenə Sədi bir yerdə bu cürə deyir:

                                                    Beçe kar ayədət zekol təbəqi,
                                                     Əz Kolistane-mən bebər vərəqi!


  Bunu Sədi Bakının gül satanlarına deyir ki, yəni nə eləyirsən bir tabaq gül aparırsan, gəl mənim Külistan kitabımdan bir vərəq cır apar. Bəli, qaradavoy da yolda tutub desin ki, bəs praklamasiya paylayırsan!
  
                                                                      ***

Bəli, yenə Sədi bir yerdə deyir ki:
 
                                                   Məkon təkyə bər molke-dünya vu poşt,
                                                    Ke, bisyar kəs çün to pərvərd koşt. 


  Yəni nahaq yerə dalını dünya malına söykəmə, çünki çox adamları sənin kimi bəslədi və öldürdü. Mən buna razı deyiləm. Deginən nə üçün? Əşi, ondan ötrü ki, əvvəla, ölüm lə bir şeydir ki, kasıba və dövlətliyə baxmaz, onun bura dəxli yoxdur. O ki, qaldı dünya malına dal söykəməyə,–xub, Sədi bir mənə desin görüm, dünya malına dal söykəməsən gedib naçalnikə əl verə bilərsən? Ya keyfinə görə iş görə bilərsən? Ya camaat işində «böyük» ola bilərsən? Ya yanında bir sürü qoçu saxlaya bilərsən? Ya bazara çıxıb adamların atasının goruna söyə bilərsən? Vallah, bilməzsən! Əlqissə, yenə Sədi kitabının bnr yerində deyir ki:

                                                   Anki, ba pulad bazu pəice kord,
                                                   Saede-simini-xodra rənce kərd,


  Yəni hər kəs polad qollu bir adamnan güləşib, qurşaq tutsa, öz gümüş biləyini sındırar. Sədi bu şeri lap nahaq yerə yazıbdır. Çünki bu saat nə polad qollu adam taparsan, nə də gümüş biləkli oğlan. Bu dünyada o cürə pəhləvanlığı tək bir «sirklərdə» eləyərlər ki, camaat baxıb, bir az keyfi açılsın. O ki, qaldı küçədə, bazarda dalaşmaq istəsən, qabağında polad qollu pəhləvan olmasın, lap Musa peyğəmbərlə dalaşan «Ucubunuq» olsun, piştonu çıxardıb elə bir patron qaxarsan ki, beyni burnundan gələr. Özün də arxayın ol, öldürdüyün adam müsəlman olsa, kim sənə bir söz deyə bilər? Yenə Sədi bir yerdə istəyir filosofluq eləsin. Amma düz gəlmir. Məsələn: deyir ki,

                                                  Dəh dərviş dər kelimi bexosbənd
                                                  Də padşah dər eqlimi nəkon cənd


  Yəni 10 nəfər kasıb adam bir palaza bürünüb yatarlar, amma iki nəfər padşah bir məmləkətə sığmazlar. Canın üçün, bu belə deyildir ki, belə də olsun. Əvvəla 10 nəfər adamı bir palaz bürüməz, bürüsə də gərək palaz çox yekə olsun. Yekə olsa da onu o saat oğurlayıb yaxşı qiymətə satarlar. İkinciyə qalan yerdə, necə ola bilər ki, bir məmləkətə iki padşah sığışmasın. Halbuki tək bircə Osmanlı məmləkətində dörd-beş dənə padşah var. Hələ, desən, bir ikisi də ora özünü soxmaq istəyir. Yox, sözün açığı, Sədi bir o qədər də sən deyən «əql» sahibi deyilmiş, nahaq yerə bir belə onu tərifləyirlər. Amma Hafiz – hə, bax, buna heç bir sözüm yoxdur. Bu kişi Sədiyə görə yenə çox babətdir. Məsələn, deyir ki;

                                                 Berov bə kare-xod ey vaiz, in çe fəryadəst,
                                                  Məra ftade del ədkəf, tora çe aftadəst.


  Yəni deyir ki, əşi, çıx get işinin dalınca, ay vaiz, xalq nə haydadır, sən nə haydasan. Döğru da deyir kişi, canım da! Axı nə vəz və nə nəsihətbazlıqdır. Mən bilmirəm ki, biri qalxır, ay ittihad edin. O biri çığırır ki, ittifaq qayırın, ay millət geridə qalıb, cəhalət bizi basdı. Xabi-qəflət evimizi yıxdı, filan filan oldu, bəhman oldu. Əşi, dadaş, bəsdir də! Qoymazsınız ki, xalq öz iş gücünə məşğul olsun? Siz özünüz bekarsınız deyibən, xalqı da işdən avara eləmək istəyirsiniz. Ayıb deyil?.... Amma lap can yatan sözləri Hafiz, bax, bu şerində deyib: 

                                                Şərabi, eyşi-nehan çist, kare-bibonyad
                                                Zədim, bər səfe-rendan hər ançe bada bad.

 
  Yəni deyir ki, bax şərab, eyş, filan, bunlar–hamısı mayasız bir işdir, vurduq özümüzü lotular cərkəsinə, hərçi bada bad! Deyirəm gör necə, Hafiz bizim işlərimizə bələd imiş,vallah. Doğrudan da ki, bizim bu dünyanın işi lotuluqdur və lotuluqdur və bir də üstündən lotuluqdur. Hər kəs ki, bu dünyada lotudur, onun keyfi kökdür, çünki lotuya nə var, arı yeyib, namusu bağlayacaq belinə Ondan sonra hər nə qayırsa, hamısını lotuluğuna salıb çıxıb gedəcəkdir işinə. Bax, bu dünyada hər nə çətin iş olsa, hamısını lotuluq ilə düzəltmək olar. Deyək məsələn, indi bu gün sən özünə millətpərəst deməsən çörək pulun çıxmayacaqdır. Nə zərəri var, lotuluğa sal, deyinən ki, millətpərəstəm! Sonra indi iş elə düşər ki, gərək labüd sosialist olasan. Nə zərəri var, lotuluğa sal, deyinən ki, sosialistəm, sonra lazım olar ki, deyəsən panislamistəm. Nə zərəri var, lotuluğa sal, deyinən ki, panislamistəm. Sonra məsələn, işdir, adamdır, birdən elə bir yerə düşərsən ki, gərək «əsil ruslara» quyruq buluyub, tərəfdar çıxasan və zərəri var, lotuluğa sal, deyinən ki, Sizə canım qurban. Hərgah bir adam sənə irad tutub, deyə ki, niyə belə sifətdən-sifətə düşürsən, onda da yenə lotuluğa salıb deyinən ki, mən ölüm üstünü varma!

Baxılıb: 30
Səhv tapdınız? Mətni seçin (qaralayın) və Cntrl + Enter düyməsini sıxmaqla bizə bildirin!

Rəylər(0)

Rəy bildir