Edebiyyat.az » Film » Dziga Vertov - Kino-göz manifesti

Dziga Vertov - Kino-göz manifesti

Dziga Vertov - Kino-göz manifesti
Film
Necef Esgerzade
Müəllif:
13:26, 17 may 2019
1 577
0
Mən gözəm
Mexanik bir göz.
Mən, sizə dünyanı yalnız onun perspektivindən əks etdirən maşın.
Artıq insanın hərəkətsizliyindən xilas olacağam. Davamlı hərəkət halındayam.
Obyektlərə yaxınlaşıb uzaqlaşıram. Üzərilərinə süzülüb aralarından keçirəm.
Bir yarış atı ilə başabaş gedirəm.
Kütlələri sürətimlə aşır, hücum edən əsgərlərin qabağında gedirəm. Təyyarələrlə havalanıb beliüstə düşürəm. Eynilə ətrafımdakı bədənlər kimi düşdüyüm yerdən qalxıram.
Bu mənəm.
Qarmaqarışıq maneralarla dönərək ardıcıl lentə aldığım hərəkətləri yığınlar halında bir araya gətirən maşınam.
Zamanın və məkanın sərhədlərindən azad, kainatın hər nöqtəsinə istədiyim formanı verirəm.
Sizə tanımadığınız bir dünyanın qapılarını aralayıram. Yolumu dünyanı yenidən dəyərləndirərək açıram.
Dramatikləşdirilmiş kino bəşəriyyətin tiryəkidir.
Rədd olsun bəyaz pərdənin ölümsüz kralları və kraliçaları,
Yaşasın pionerlərin gündəlik həyatlarında və piştaxtaların arxasındakı çəkilişlər.
Rədd olsun burjuaziyanın saxta ssenariləri!
Yaşasın həyatın özü!
Dramatik kino kapitalistlərin əlində öldürücü bir silahdır.
Gündəlik yaşayışımızdakı inqilabi fəaliyyətimizlə bu silahı düşmənin əlindən alacağıq.
Modern incəsənətdə dramlar köhnə dünyanın qalıqlarıdır. Bu, burjuanın inqilabi perspektivlərimizi zəiflətmə cəhdidir. Həyatımızın səhnələnməsinə son verin!
Bizi olduğumuz kimi çəkin.
Yazarın ssenarisi haqqımızda uydurulmuş hekayələrdən başqa bir şey deyil.
Hər birimiz digərlərininkinə maneə olmadan öz işlərinə davam etməlidir. Kinoksların məqsədi narahat etmədən sizi çəkməkdir.
Yaşasın inqilabın kino-gözü!  
                                                                         BİZ
 
Biz özümüzü zibilliklərdən bolluca material yığan cındırçı kino sürüsündən fərqləndirmək üçün “Kinokslar” deyə adlandırırıq.
Bu kiçik bazar tacirlərinin alverlərilə “Kinoksların gerçək kinosu” arasında hər hansı bir bənzərlik yoxdur.
Uşaqlıq xatirələri ilə yüklənmiş rus-alman psixolojik-dram kinosu fikrimizcə səfehlikdən başqa məna daşımır.
Kinoks, görkəmli görünüş dinamizminə əsaslanan, amerikan macəra filmlərindəki, Pinkertonvari səhnələrdə yaxın çəkilişlərə, sürətli keçidlərə təşəkkür edir. Bu yaxşıdır, amma bütünlüklə nizamsız və mütləq hərəkət araşdırmasından məhrumdur. Psixolojik dramlar nisbətən bir üstünlüyə malik olsalar da, bunlar hər hansısa təməldən məhrum, adi işlərdir. Surətin surəti kimi. Biz elan edirik ki, romanlaşdırılmış, teatrlaşdırılmış köhnə filmlər və digərləri xəstəliklidir. – Onlara yaxınlaşmayın! – Gözlərinizlə toxunmayın! – Ölüm təhlükələri vardır! – Keçicidirlər! Biz Kinoks kinosunu musiqi, ədəbiyyat və teatr kimi digər sənətlərdən təmizləyirik və bizə məxsus bir ritm axtarırıq. Bunu da ancaq şeylərin hərəkətlərində tapacağımıza inanırıq. Biz səslənirik: Romanın isti qucaqlaşmasından,
Psixolojik romanların zəhərindən,
Eşq teatrının darıxdırıcılığından,
Qaçın!
Musiqiyə arxa çevirin! Öz ritmimiz və dəyərləndirmələrimizlə özümüzə məxsus metodların axtarışı içində böyük məsafələr qət edərək üçüncü ölçüyə zamanı da əlavə edərək dördölçülü kinoya nail olaq.
Sabahın kino sənəti bu günün kinosunun əksi olmalıdır. Kino sənətinin yaşamağı üçün kinematoqrafiya aradan qalxmalıdır. Bu vəziyyətin tezliklə reallaşmağını istəyirik. Fərqli sənətlərin bir yerə gətirilməsilə formalaşan, bir çoxları tərəfindən sintez kinosu olaraq adlandırılan bu məsələni rədd edirik.
Rənglər diqqətlə seçilmiş olsa da, əsrarəngiz rənglərin qarışığı əsrarəngiz bir rəng verəcəyinə görə bəyazı əldə etmək mümkün deyil. Sərhədlərinə çatmadıqları müddətcə fərqli sənətlərin asossasiyası reallaşmayacaq. Kinomuzu, teatr və ədəbiyyata nüfuz etmiş hər cür xəstəlikdən xilas edəcəyik. Ona obyektlərin hərəkətində gizli olan məxsusi bir ritm qazandıracağıq. Hərəkət sənəti olan kino, bütün diqqətimizi bu günün insanı üzərində fokuslamağımıza heç bir halda maneə yaratmır.
Eynilə maşınlar kimi insanların da qeyri-stabilliyi və nizamsızlığı bizi utandırır. İnkişafla ayaqlaşa bilməyən insanın filmini çəkməyi düşünürük.
Maşının lirizmindən qeyd-şərtsiz robotlaşmış insana keçəciyik. Maşınların ruhunu üzə çıxararaq işçinin işini, fermerin traktorunu, maşinistin lokomotivini sevdirəcəyik. İnsanı və maşını yaxınlaşdıracağıq.
Yeni insanı yaracağıq. Bacarıqsızlığından təmizlənmiş, maşının formasındakı inkişafdan qaynaqlanan çətinliklərə alışmış bu yeni insan, filmlərimizin əsas mövzusu olacaq. Mexanikanın sehrinə qapılmış bu yeni insan, maşının işləmə prosesini ucaldan kimyəvi təsirlərin möhtəşəmliyinə tərəf irəliləyərkən mexaniki və akkord halındakı vasitələr sayəsində şeirlər, ssenarilər yazacaq.
Bu yeni insan axan ulduzların, səma hadisələrinin və gözlərimizi qamaşdıran proyektorların hərəkətini müşahidə edəcək.
                                                                     
                                                                    Kino-göz 
 
 “Kino-göz” kino analizidir.
 “Kino-göz” uzaqların nəzəriyyəsidir.
 “Kino-göz” pərdədə nisbilik nəzəriyyəsidir. Saniyədə 16 kadr görünüşünü qaldırırıq. Çünki bunlar artıq sürətli çəkiliş və hərəkətli qəbuledicilərin görüntüləri yanında bəsit bir çəkiliş metodu olaraq qalırlar.
“Kino-göz” gözün görə bilmədiyini çəkən, teleskop və mikroskop kimi sərhədsiz və məsafəsiz görmə imkanı verən, bir telegöz, göz şüası, ani bir görüş olaraq müəyyənləşməlidir.
“Kino-göz” məqsədi olan və bir-birini tamamlayan aşağıdakılardan ibarətdir. Çünki “Kino-göz”:
Bütün kino imkanları,
Bütün kino ixtiraları,
Bütün üsul və metodları,
Bütün gerçəyi tapmağa və göstərməyə çalışan yararlı şeyləri hədəfləyir. Gizli çəkilişin məqsədi, gizlicə çəkmək deyil, insanların maskasız, makyajsız, aktın olmadığı bir anda, alıcı tərəfindən təmizlənmiş düşüncələrini alıcı gözü ilə göstərmək olmalıdır.
“Kino-göz” görünməyəni göstərən, qaranlığı işıqlandıran, maskalı olanı təmizləyən, aktsız tamaşanı yaradan bir üsuldur. “Kino-göz”, kainatın sosializmə açılması məqsədilə davam etdirilən mübarizədə elm və kinematoqrafiyanın birliyi, gerçək kinonun pərdədə gerçəyi göstərmə təcrübəsidir.

                    
                                                                                 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)