Edebiyyat.az

  •  

HAFİZ BAXIŞ

E-poçt Çap PDF faylını al

HAFİZ BAXIŞ – AMAN, DAĞLAR

 

Bu dağlardan karvan keçər,
Bölük-bölük duman keçər.
Ömrümüzdən aylar, illər
Yaman gələr, yaman keçər.
Yaş ötdükcə bu dünyada
Ötən günlər düşər yada.

E-poçt Çap PDF faylını al

MƏNİM DÜNYAM - HAFİZ BAXIŞ (ŞER)

Qərinələr ulu yaşın,
Mənim dünyam, mənim dünyam;
Kimlər olmuş gör sirdaşın,
Mənim dünyam, mənim dünyam.

Nizaminin öz aləmi,
Füzulinin söz aləmi,
Nəsiminin yüz aləmi –
Mənim dünyam, mənim dünyam.

E-poçt Çap PDF faylını al

DAĞLAR - HAFİZ BAXIŞ (ŞER)

Elə ki, nur saçar ay gecə yarı,
Ağarar süd kimi quzeyin qarı.
Obaşdan boylanıb üfüqə sarı
Boyanar günəşin zərinə dağlar.

Müdrik də görünər, qəmgin də, şən də,
Gah da heç görünməz dumanda-çəndə…
Dalıb xəyallara, fikrə gedəndə
Düşünər dərindən-dərinə dağlar.

E-poçt Çap PDF faylını al

GÜLƏ-GÜLƏ YAŞAYAQ - HAFİZ BAXIŞ (ŞER)

Qəmdən uzaq vətənimdə, elimdə,
Gəl sevgilim, gülə-gülə yaşayaq.
Ömrümüzdən ötüb keçən günlərin
Mənasını bilə-bilə yaşayaq.

Qoy ömrümüz möhnət nədir bilməsin,
Qəlbimizə kədər yaxın gəlməsin.
Hicran bizə ayaq alıb gülməsin
Biz hicrana gülə-gülə yaşayaq.

E-poçt Çap PDF faylını al

LALƏ - HAFİZ BAXIŞ (ŞER)

Kərəm yanığıdı bağrında xalın,
Məcnun harayıdı pərişan halın,
Leylinin surəti küskün xəyalın,
Ey bizim dağların gözəli, lalə.

Göydən, atəşmisən, yerə dammısan,
Şairi səsləyən bir ilhammısan?
Xəyyamın əlində gülgün cammısan?
Yoxsa, Füzulinin qəzəli, lalə???

E-poçt Çap PDF faylını al

BULUDLAR - HAFİZ BAXIŞ (ŞER)

Göydə xəyal kimi uçarsınız lal,
Sizdə quş qanadı var, a buludlar.
Çəkib karvanını yenə dalbadal,
Hara gedirsiniz, hara, buludlar.

Gəzir fəsil-fəsil payızı, yayı,
Göydə qurduğunuz duman sarayı.
Gündüzlər günəşi, gecələr ayı
Hərdən çəkərsiniz dara, buludlar.

E-poçt Çap PDF faylını al

GEC DEYİL - HAFİZ BAXIŞ (ŞER)

Dağlarda tək-tənha çağlayan bulaq,
Yalqızca hıçqırıb ağlayan bulaq,
Ömrünü dağlara bağlayan bulaq,
Axıb ümmanlara qarış, gec deyil.

Tənha xəyallara daldığın yetər,
Kədərli havalar çaldığın yetər.
Sakit bulaq olub qaldığın yetər –
Coşub gur çaylarla yarış, gec deyil.

E-poçt Çap PDF faylını al

BƏS HANI? - HAFİZ BAXIŞ (ŞER)

…Bir də yolum düşdü Altıağaca,
Dağlar, həmin dağlar – ixtiyar, qoca…
Fikrimin göyləri fələkdən uca,
Qartallar qıy vurur, izi bəs hanı?

Bu necə sirdir, nə möcüzədir –
Yamyaşıl vadilər nağıldır, nədir?
Necə şirin-şirin zümzümə edir,
Bu büllur bulağın gözü bəs hanı?

E-poçt Çap PDF faylını al

PAYIZIN İZİ - HAFİZ BAXIŞ (ŞER)

Zirvəyə çən düşür, duman ucalır,
Düzlər fikrə gedir, dağlar qocalır.
Qızıl rəng hardansa qüvvət, güc alır –
Götürür başına dərəni, düzü,
Düşür təbiətə payızın izi…

Dəli dağ çayları susur lal kimi,
Çəmən boynu bükük bir maral kimi,
Köçəri quşlar da göydə xal kimi –
Dolur karvan-karvan səmanın üzü.
Düşür təbiətə payızın izi..

E-poçt Çap PDF faylını al

SALAMAT QALIN - HAFİZ BAXIŞ (ŞER)

“Məmməd Araza”

…Siz ey görüşünə gəldiyim ellər,
Qədrini əzəldən bildiyim ellər.
Doyunca danışıb-güldüyüm ellər,
Məni nə ötürün, nə yola salın-
Salamat qalın!

Ey başı dumanlı, qarlı zirvələr,
Sürülü, ilxılı, varlı zirvələr.
Pəhləvan zirvələr, karlı zirvələr,
Durun keşiyində elin, mahalın,
Salamat qalın!