Edebiyyat.az Elşən Mehdinin yeni şeirlərini təqdim edir.

Bu da bir yoluydu gedilməliydi
Uzun,teldən incə ip üzərində
Bu da bir yoluydu gedilməliydi

Bir az da,bir az da,böyümək üçün
Molladan,rahibdən soruşduğumu
Ağbirçək nənəmdən soruşmalıydım
Mən bu təkadamlıq gizli döyüşə
Bu cavan canımnan alışmalıydım

Bu da bir yoluydu gedilməliydi
Bir az da bir az da böyümək üçün
Kiçik günahları böyütməliydim
Böyük günahlardan qorunmaq üçün
Əvvəl dalğaları sevməli idim
Dəniz sularında yuyunmaq üçün

Əlifbanın sirrin öyrənmək üçün
Əvvəl “ğ” hərfinə vurulmalıydım

Bu da bir yoluydu gedilməliydi
Bir qız sevməliydim beli çantalı
Bir az da bir az da böyümək üçün
Sonra sakitcə tərk edilməliydim
Sonra da mən onu unutmalıydım
Qocalar adları unudan kimi

Zülmət gecələrdə yol azmalıydım
Xeyirxah divlər var,inanmalıydım
Küçə davaların uduzmalıydım
Məktəb yarışların qazanmalıydım

Bu da bir yoluydu gedilməliydi
Uzun,teldən incə ip üzərində

***

Yağış səhərəcən yağsın şəhərə
Evlərin üstündən çay kimi keçsin
Dolsun yol üstündə çökək bir yerə
Qoy küçə itləri sərin su içsin

Yağışa qarışsın bütün yuxular
Küçədən adamlar evə yığışsın
Evi su axıdan düşmən qonşular
Bir damın üstünə çıxıb barışsın

Yağış dayanmadan,beləcə yağsın
Əllərim cibimdə küçəyə çıxım
Köhnə ayaqqabım yağış buraxsın
Mən də iplərini açım buraxım

Qış yağışı yağsın,nə payız nə yaz
Titrəsin uşaqtək hamının içi
Radionun səsini qaldırsın bir az
Köşkdən çölə çıxsın mühafizəçi

***
Ayrılıq səs-küylü,get-gəlli olmur
Ayrılıq gedənin gəlməməyidi
Yetimlik uşağın özünün belə
Kimə çəkdiyini bilməməyidi

Sevda məqam-məqam havalanmaqdı
Kimsəsiz səhrada divanəlikdi
Uzaqlıq sərhədin o tayı deyil
Otaqdan-otağa biganəlikdi

Nəzakət düşmənin ehsanını da
Dua edə-edə içməyimizdi
Dən yeyən quşu da hürkütməməkçün
Yanından aralı keçməyimizdi

Sədaqət dostuna dəyən xəncəri
Əmanət verilsə saxlamaqdadır
Qurtuluş Allahla təkbətək qalıb
Günahkar-günahkar ağlamaqdadı.

***

Bizi birləşdirən körpülər yanıb
Ayrı talelərin adamlarıyıq
Başqa şəhərlərdə günə oyanıb
Hərəmiz başqa cür tamamlayırıq

Mən səndən böyüyəm beş-altı əzab
İki-üç faciə,beş-altı kədər
Sən məndən ağıllı iki rəf kitab
Sərbəst danışdığın altı dil qədər

Mən baxışı soyuq ürəyi daşam
Sən quru sözdən də küsən adamsan
Mən çoxdan dizimi yerə qoymuşam
Sən ömrün üstündə əsən adamsan

Mənimki odu ki,sakit bir yerə
Unudub hər şeyi keçim arabir
Çıxsın fikirlərim uzaq səfərə
Təzə çay dəmləyib içim arabir

Sən də davam elə qaldığın yerdən
Gündəlik qayğılar başını qatsın
Döysün işıq pulu qapını hərdən
İşə də qoy zəngli saat oyatsın

Leave a Reply

Your email address will not be published. Required fields are marked *