Xub deyil

Sən gedən gündən güzəranım nigarım, xub deyil
Kimsə səntək sevgili, səntək gözəl məhbub deyil.

Sən səmadan dəhrə yollanmış mələksən, yoxsa nə?!
Səndəki saflıq, zəriflik insana mənsub deyil.

Hər nə həsr etdim sənindir, hər nə nəşr etdim mənim,
Baxma hər məktub şeirdir, hər şeir məktub deyil.

Həm ayırsın bizləri, həm də zərurətdir desin
Gör nə üzsüz bir təsadüfdür ki, heç məhcub deyil.

Hikməti-eşq ey könül, sonsuz fədakarlıqdadır
Ölsə qalibdir bir aşiq, ölməsə məğlub deyil.

İstədim ki, vəsf edərkən hüsnünü sərbəst olum
Sonra hiss etdim rahatlıq mən sevən üslub deyil.

Rəhm elə, hər nazına yox taqəti səbr etməyə
Aşiqin Pərvizdi çünki, Həzrəti Əyyub deyil.

***

Ayrısı var

Quru cismimdə məhəbbət kimi qəlb yanğısı var
Bilər əlbəttə sevənlər necə bərk ağrısı var.

Mənə zülm eyləmək axırda səninçün pis olar
zalımın zilləti varsa, fəqirin Tanrısı var.

Cahana məlum olan yeddi gözəl vardı gözəl.
biri sənsənsə əgər,sən tək hələ altısı var.

Vüsala bir dənə yol var, o da hicran yoludur
Qayıdardım geri bilsəydim əgər ayrısı var.

Aram-aram gecələr sızlayır ahəstə könül
Simi sınmış tara bənzər son ümid mahnısı var.

Həmişəyaşıl ağaclar kimi sadiq qaldım
nə biləydim ki, sənin yarpağının sarısı var.

Pərvizin indiki misralarına yaxşı demə
hələ təriflənəcək yaxşıların yaxşısı var.

***

Gedir

Yetişib qəm gecəsi ruhumun oxşarı gedir
Könlüm ah etmədədir, çünki əziz yarı gedir.

Azalıb sevgiyə əvvəlki olan bağlılığım
Qəlbin addımları biganəliyə sarı gedir.

Gözümün xətrinə bax doğma baxışlarla mənə
Yad baxışdan üzümün çünki həya-arı gedir.

Ürəyim hiss edir onsuzda ölüb sevdası
Geyinib əyninə artıq qara paltarı, gedir.

Ömür ahəstə axır eyni sujet xəttində
Elə bil hansısa filmin yenə təkrarı gedir.

Baş rolu vermədi Pərviz öz həyatında sənə
Şükür et ki, epizodlarda adın barı gedir.

***

Mənəm o

Mənəm o, gözlənilən fikri yubatmış bir adam,
Sözü olduqca ucuz qiymətə satmış bir adam.

Mənəm o, məğlub olarkən sözün üstünlüyünə
Oyunu hər dəfə öz xeyrinə qatmış bir adam.

Mənəm o, haqqın ipindən yapışıb tez buraxan
Sonra nahaqqa qəzəbdən əl uzatmış bir adam.

Mənəm o, bir gün unutmaqla vətəndaşlarını
Unudulmazlığı çox tez başa çatmış bir adam.

Mənəm o, yorğana möhkəm bürünüb, mürgüləyən
Oyadıb yatmışı qəsdən özü yatmış bir adam.

Mənəm o, hirsini öz aqibətindən çıxaran
Özünə güzgüdə nifrətlə ox atmış bir adam.

Mənəm o, millətinin halına qəlbən alışan
və əlindən nəsə gəlməz, başıbatmış bir adam…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *