Edebiyyat.az » Poeziya » Şəkər Aslan - Bizim pul yığmalı vaxtımız keçib

Şəkər Aslan - Bizim pul yığmalı vaxtımız keçib

Şəkər Aslan - Bizim pul yığmalı vaxtımız keçib
Poeziya
Necef Esgerzade
Müəllif:
12:51, 29 aprel 2019
2 827
0
Похожее изображение

Şəkər Aslan 1937-ci il oktyabr ayının 10-da Lənkəran rayonunun Boladi kəndində anadan olmuşdur. 1969-cu ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakultəsini bitirmişdir. Əmək fəaliyyətinə Lənkəran mədəniyyət evində başlamışdır. 1964-1968-ci illərdə “Leninçi”, Lənkəran rayon qəzetində, ədəbi işçi, 1968-1970-ci illərdə Azərbaycan KP Lənkəran komitəsində təlimatçı, 1970-1992-ci illərdə “Leninçi” (sonralar “Lənkəran”) qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. 1992-ci ildə “Söz” ədəbi-bədii jurnalını təsis etmişdir. 1994-1995-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin Lənkəran şöbəsinin sədri olmuşdur. 
Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanına (1981) və “Şərəf nişanı” ordeninə layiq görülmüşdür.
1995-ci il iyunun 12-də vəfat etmişdir.
Şəkər Aslan 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin “Qızıl Qələm” mükafatının laureatı (1978). Ədəbi fəaliyyətə “Sosialist subtropikası” Lənkəran rayon qəzetinin 23 iyul 1953-cü il tarixli sayında çıxan “Koreyalı bacıma” adlı şeiri ilə başlamışdır. Çap etdirdiyi şeir kitablarında vətənə məhəbbət, doğma təbiətin gözəllikləri, müasir insanların zəngin mənəvi dünyası, istək və arzuları, sevgiləri öz əksini tapmışdır. Şeirləri bir sıra xarici dillərə tərcümə olunmuşdur. Publisistik məqalələrin, Lənkəran çayının tarixinə, xüsusiyyətlərinə həsr olunmuş “Samovara od salmişam” bədii-publisistik kitabın müəllifidir.   
Şəkər Aslanın bəzi seçmə şeirlərini sizə təqdim edirik.
           
Bizim pul yığmalı vaxtımız keçib
 
Ürəyim vaxtında neçə yol seçib
Geriyə qayıtmaz hər uğurlu il...
Bizim pul yığmalı vaxtımız keçib,
Bizim pul qazanan vaxtımız deyil!

Sərvət toplamağa imkanlar olub,
Fürsət əlimizdən nə vaxt çıxıbdır?..
Bizim könlümüzə saf hisslər doğub,
Kimlər pul qazanıbdır, sərvətlər yığıbdır!

Hər sözün məğzinə yüz yol varmışıq,
Yanıb saf hisslərə ürəklərimiz.
Nə pul qazanmağa fənd axtarmışıq,
Nə sərvət yığmağa çalışmışıq biz.

Çoxları daş-qaşçın köhlən çapanda,
Arzular dalınca biz at çapmışıq.
Onlar pul qazanıb sərvət tapanda
Biz hörmət qazanıb şöhrə tapmışıq.

Kimi kef-damaqda, kimi sürünür...
Həyat gah sevincmiş, gah kədər imiş
İndi aşkarlanır, indi görünür,
Pullular, varlılar nə qədər imiş

Bu gün dövran sürmək, ah nə çətindir!
Pulsuzluq hər saat alçaldır bizi.
Onlar pulllarını xərcləyir indi,
Bizsə olan- qalan hörmətimizi.

Kim tutub qalacaq qoca dünyanı?
Hər kəs taleyinin yolunu seçib...
Biz pul yığmalı vaxtımız hanı --
Bizim pul yığmalı vaxtımız keçib!

               ***
Toya gəlməyəndə bağışlayın siz,
Yasa gəlməyəndə bağışlamayın!...

              ***
    
Bir dəniz damlası...fikir ver ona,
Duzludur, qumludur, dəniz rəngi var.
Əgər aparsalar onu bir yana -
Dənizi özündə yenə yaşadar.
Bir şeir misrası, fikir ver ona,
Öz canı, öz qanı, öz çəkisi var.
Görən aparsalar onu bir yana
Şairi özündə yenə yaşadar?!
                            
                           1969-cu il
           ***
 
Bir bulaq olum,
              Bir quyu olum.
       Ana torpağın
             Gur suyu olum.
       Baxanlar üçün
              Dərin olum mən,
       İçənlər üçün
             sərin olum mən
                                 
                           1971- ci il

             ***
 Məni tanımır o qız;
 Arxasınca gəzirəm,-
 Özünün xəbəri yox.
 Çoxdan alıb qəlbimi,
 Çoxdan ona əsirəm
 Bir söz deyimmi ona,
 Ürəyim olmur aram.
 Qorxuram "yox" söyləyə,
 Əsirlikdən qurtaram

                            1967-ci il

           ***
 Bu gün şəhərdə yoxsan
 Nə qədər darıxdırır
 Yollar, küçələr məni.
 Heç nə görə bilmirəm;
 Əlinlə bağlamısan
 Sanki hər pəncərən...
 Şəhər nə yaman solur,
 Sən gəlsən gözəlliyi
 Bəlkə birə on artar!
 Hüsnünü itirməkdən
 Gəl , bu gözəl şəhərin
  Ay qız, canını qurtar!..
          
           ***
     
Yüz yol fikrə getdim baxıb hər şeyə,
O saf arzulara nə təhər çatım?
Məni aldatmasın başqası deyə
Özüm başqasını gərək aldadım?!   

           ***
 Hər sözün bir zərif xoş təranədir,
 Yox, yox hər tərifdə deyilməyəsən
 Mən səni sevirəm, istəyim nədir?-
 Səni sevdiyimi sən bilməyəsən!

              ***
  Yol tap hər ürəyə, qoy nüfuzundan
  Yüz yol danışılsın, yüz yol deyilsin!
  Elə soyuqqanlı olma ki, bundan
  Dost-tanış od tutub alışa bilsin!
   
  Hər bir sınağına hazır ol ömrün;
  Əkdiyin hər toxum cücərsin, bitsin!
  Elə istiqanlı olma ki, bir gün,
  Səndən qohum-qardaş soyuyub getsin!
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)