Edebiyyat.az » Poeziya » Anar Məcidzadə - şeirlər

Anar Məcidzadə - şeirlər

Anar Məcidzadə -  şeirlər
Poeziya
Nicat Heşimzade
Müəllif:
16:09, 04 may 2019
1 824
0
Sən getmisən, yoxluğundan, Dünyam boşalıb, neyləyim? Sənə baxan gözlərimi, İndi yaş alıb, neyləyim? Bahar keçir, yay ötüşür, Bu könlümə soyuq düşür. Sevən ürək qəmdən üşür, Qəlbi qış alıb, neyləyim? Bitdi ömrün şirin dəmi, Didir həsrətin sinəmi, Aşiqinə verib qəmi, Getdin baş alıb, neyləyim?



Getmisən, dünyam boş qalıb

Sən getmisən, yoxluğundan,
 Dünyam boşalıb, neyləyim?
 Sənə baxan gözlərimi,
 İndi yaş alıb, neyləyim?

Bahar keçir, yay ötüşür,
 Bu könlümə soyuq düşür.
 Sevən ürək qəmdən üşür,
 Qəlbi qış alıb, neyləyim?

Bitdi ömrün şirin dəmi,
 Didir həsrətin sinəmi,
 Aşiqinə verib qəmi,
 Getdin baş alıb, neyləyim?


Tənha

Mən telini qoxlayardım hər səhər,
 Sən getdin, ətrini güldən alıram.
 Bilməzdim tənhalıq, təklik nə idi,
 Sən getdin, fikrinlə tənha qalıram.

Sən getdin, arzular puç oldu daha,
 Sən getdin, ümidlər heç oldu daha.
 Azaldı inamım gələn sabaha;
 Ayrılıq əlindən dəli oluram.

 Kiminin ömrünə bahar xoş gəlir,
 Mənimsə bəxtimə payız, qış gəlir.
 Taleyim qüssəyə, qəmə tuş gəlir;
 Çiçək tək saralıb, gül tək soluram.

 Getdiyin o yollar qaytarmır səni,
 Artırır bu həsrət saçımda dəni.
 Söylə sən, üzərmi sevən sevəni;
 Sənin həsrətindən dəli oluram.



Dünya bizə qəm verəcək

Çox gözləmə sevincini,
 Dünya bizə qəm verəcək.
 Xoşbəxtliyi ara-sıra,
 Qəmini hər dəm verəcək.

Bu dünyadan nigaranam,
 Halalına qatıb haram,
 Səadəti qram-qram,
 Qüssəsini cəm verəcək.

Yaranandan dünya belə,
 Göz yaşları dönür gölə.
 Dərdi belimizdə şələ;
 Dərmanını kəm verəcək.


Bir payız gecəsi

Yenə gəldik üz-üzə
 Bu payız gecəsində.
 Eşqin sona çatdığı, 
 Ayrılıq küçəsində.

 Bir payız gecəsidir,
 Yaman yağışlar yağır.
 Bu görüş son görüşdən,
 Həm çətindir, həm ağır.

 Nə sən danışa bildin,
 Nə mən danışa bildim.
 Sönmüş ocağa nə sən,
 Nə mən alışa bildim.

 Gözlər gözə zilləndi,
 Baxışlar baxışlara.
 Göz yaşımız qarışdı,
 Bu yağan yağışlara.


 Ömrün bahar çağında,
 Bəxtimiz qış olubdu.
 Soyuqlarsan, amandı,
 Saçların yaş olubdu.

 

 Evinə çatan kimi,
 Saçını qurudarsan.
 Məni unutduğun tək,
 Bunu da unudursan...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)