Edebiyyat.az » Poeziya » Ülvi Şirinov - Yeni şeirlər

Ülvi Şirinov - Yeni şeirlər

Ülvi Şirinov - Yeni şeirlər
Poeziya
nemət
Müəllif:
14:21, 17 fevral 2019
1 480
0
Ülvi Şirinov - Yeni şeirlər




Brunoya

Cordano

bütün ağaclar yeni doğulmuş körpələrin

                                    gülüşündən alır öz köklərini...

körpələr gülümsədikcə ağaclar boy atır...

körpələr gülümsədikcə ağaclar çiçəkləyir...

ağaclar çiçəklədikcə körpələr böyüyür...

...böyüyür və əllərini ağacın cod sinəsinə sürtüb gülümsəyir...

Günəş çıxır körpələrin köksündən...

Sonra biri də...biri də...biri də...

Ağacların budaqlarına qonurlar...xəfifcə...

Sənsə gəlib keçirsən onların yanından...asta-asta

Xurcununda bir ovuc kül...

Baxırsan...baxırsan...baxırsan...

Sonra yavaş-yavaş yol alırsan yoxuş aşağı...

 

Cordano...

Tez-tez yuxuda qarışqayeyənləri görürəm...

Bir cüt qarışqa da oturub başının üstündə...

                                    qısılıb bir-birinə Tanrını gözləyir

Aslanlar dövrəyə alıb ana fili...

Ana fil də balasını xortumunda gizlədir...

Sonra bala fil anasının xortumundan çıxır...

əl sallayır aslanlara...

gülməyə başlayır...

aslanlar da əvvəl ona, sonra bir-birinə baxıb

                                                gülüşməyə başlayırlar...

sonra da əl-ələ verib yallı gedirlər ana-balanın ətrafında...

vəhşi quşlar da onlara qoşulub dövrə vurur səmada...

ilanlar ayaq-ayağa verib Tanrıya xoşbəxtlik mesajı ötürür

sənsə xurcununda bir ovuc kül yavaş-yavaş keçirsən

                                    bu qutsal mənzərənin yanından...

tək yox... xəfif bir rüzgarla qol-boyun...

 

Cordano...

Bax, Günəş nur atır ardınca...

Səma hələ bu qədər işığa möhtac olmayıb...

İşıq hələ bu qədər gerçəyə ulaşmayıb...

           

İnsanlar... hə, insanlar

İnsanları bağışla, Cordano

Bağışla insanları...

"Onlar nə etdiklərini bilmirlər".



Boy at


Süpürgəçi qarılar küçələrdən süpürəndə ulduzları...

Ulduzlar axın edir pəncərələrə...

Sənsə...

...sənsə kim bilir, indi hansı nağılın

                                    baş qəhrəmanısan yuxularında...

Bəzən Günəş elə barmağının ucundadı...

... sənsə küyə düşüb səmaya baxırsan...

Alatoran küçələrin birində...

Bir balaca uşaq var... əlində bir parça boyat çörək...

Arxasınca quduz itlər hürüşür...

Uşaq qaçır... itlər qaçır...

İtlər qaçır... uşaq qaçır...

Sonra itlər yorulur... ləhləyir... dayanır...

... amma uşaq qaçır... qaçır... qaçır...

... əlindəki boyat çörəyi dişləyə-dişləyə...

Sonra həmin uşaq ilişib ağzı üstə yıxılır

                                    çörək mağazasının qabağına...

Durur üst-başını təmizləyir...

                        ağzının qanını çirkli paltarıyla silir uşaq...

Qəlbində mələklərin orkestri...

...dünyanın ən qədim musiqisini

                                    pıçıldayır uşağın qulaqlarına...

Yavaş-yavaş gedır uşaq... sübhün qoynuna

Sonra birdən Günəşə ilişib yıxılır.



Uğultuya cavab


Getmə dedin... getdilər

...ömürdəki adamlar

İllər keçdi...kölgələrin susadığı zamanda...

 

Qayıtdılar...saçlarına...

Qayıtdılar...gözlərinə...

Qayıtdılar...dizlərinə...

 

O illər öncə əkdiyin ağacına qayıtdılar...

O illər öncə örtdüyün pəncərənə qayıtdılar...

O illər öncə keçdiyin yollarına qayıtdılar...

 

Qayıtdılar...qayıtdılar...

Yaxınlarına tüpürüb uzağına qayıtdılar...

Qayıtdılar... xəbərsizcə...

 

Heç bilməzdin...

Tökülən saçlarından...

Diksinən kirpiklərindən...

Səksənən barmaqlarından anladın...

...yollardakı uğultunu...

 

Daha külək vaxtı deyil...

Sərçələr çoxdan uçublar...

Yarpaqlar çoxdan tökülüblər...

 

Ona görə də qorxma...

Elə indicə...dur çıx bayıra...

Üzünü tut o yola və qışqır bütün gücsüzlüyünlə...

- Mən sizin hamınızı sevirdim...



Axtarış


Əlimdə ayaq izlərin...

Səni axtarıram tanımadığım küçələrdə...

           

Hər tərəf saçlarla dolu...

Hər tərəf gözlərlə dolu...

Hər tərəf qoxularla dolu...

 

Səpə-səpə gedirəm ayaq izlərini...

 

Sən ki...tükü tükdən seçənim

Sən ki...kəm gözlərdən keçənim

Sən ki...bütün qutsal qoxuları şərab kimi içənim...

 

Gör...və gəl ardımca...

 

Arzuları boş ver...

Xəyalları unut...

O bədəni soyun...

 

...yap-yalqız...unudulmuş o sərsəri ümidə...

...gülə-gülə görün gəl...

Sonuncu ayaq izin dilimin ucundadı...



Sükutun ruhu


 Ey sən...

Günəşi himayə eləyən dağları görmədinmi?..

Duymadınmı...

...uçurum çiçəklərini titrədən xəfif rüzgarı?..

Eşitmədinmi...

Qəlbindəki möhürlə savaşan yolçunun imdadını?..

Hıh...hıh...hıııh

- Rəbbim, məni quş eylə...

 

Hələ də bilmirsən?..

Zirvələr qalxmaq üçün yox, enmək üçündü...

Bir Günəş misalı...

Bir yağmur misalı...

Bir duman misalı...

 

Keçdiyim dağlardan bəmbəyaz atlar gəlir ardımca...

Mənsə üzümü onlara tərəf tuturam...

Gəlirlər... gəlirlər... gəlirlər...

Sürətlə hopurlar ruhuma...

                        sonra içimdən keçib gedirlər sonsuzluğa

- Anam, məni külək elə...

 

Qalardım...

Qollarımdan qalan qucaqların naləsi öldürür ruhumu

Gedərdim...

Ayaqlarımda bitən yolların şaxtası kəsib yolumu...

 

Beləcə...

Dünyanın ən tənha zirvəsində ulayıram sonsuz əsrlərdi...

Bir əlim Tanrıda... bir əlim anamın alın yazısında...

Tanrım, məni Günəş eylə...

Anam, məni ümid...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)