Azər Qismət - "Şopenin melodiyası"


Həmin gün əlverişsiz gün idi. Həftənin birinci günü olduğundan mağazaların bəziləri işləmirdi.
O, İçərişəhərdəki musiqi valları mağazasına yollandı. İnanmırdı ki, Şopenin simfoniyaları yazılmış vallarını tapa bilə. İçəridəki sarışın qız ağ rəngli fincanda qəhvə içirdi. Ətrindən bildi ki, türk qəhvəsidir. Ətirdən nəyisə bilmək ona aşbazlar məktəbindən qalmışdı.
Qız onu görüb ayağa qalxdı, şəkərdən fincana əlavə edib başını yuxarı qaldıraraq uzun illərin tanışları kimi gülə-gülə:
– Hə, sizsiz? Bağışlayın, neçə gündür gəlirsiz, mən də elə hey “yoxdur” deyirəm. Şopenin valı yoxdur. Bəlkə Bethoveni alasınız?
– Bethoven varımdır.
– Vallah, tanışlara da demişəm. Hələ ki, tapa bilməyiblər. Bir baxın, yaxşı rep, pop, rok vallarımız var. Lennonun yeni lentlərini tapıblar. Andrey dünən Riqadan gətirib. İstəyirsiz Pavarottini verim, ya da Albinonini?
– Sağ olun, lazım deyil.
Uzaqlaşmaq istəyəndə sarışın qız səsləndi:
– Həmişə soruşmaq istəyirəm,bağışlayın, amma niyə məhz klassika?
– Ona görə ki…
Heç nə deyə bilmədi. Deyə bilmədi ki, “klassika məni durulaşdırır”.
Ordan çıxdı. Yağış yağdığından paltosunun düymələrini bağlayıb, ayaqlarının üşüməməsi üçün onları yerə döyməyə başladı. Anasının “soyuq bədənə ayaqdan keçir” sözlərini yadına salıb metronun “Bakı soveti” stansiyasına tələsdi. O qədər tələsdi ki, sürüşdü və yıxıldı. Birtəhər ayağa qalxıb üstündəki lırda və palçığı təmizləmək üçün metronun qarşısındakı bulağa yaxınlaşdı. Paltosunu təmizləyib tez-tələsik metroya girdi. İçəridə sıxlıq olduğundan birtəhər küncdə yer tapdı. Kimsə arxadan onu dümsüklədi:
– Necəsiz?
Onun cavabını gözləməyib yenidən davam etdi:
– Görürsüz də, yaman sıxlıqdır. Gərək ki, adınız Anar oldu?
– Düz tapmısız. Əlinizdəki gül-çiçək deyəsən nəyləsə əlaqədardır?
– Day neyləyək, bu gün 40-cı qışımdır.
– Təbrik edirəm.
– Minnətdaram. Axşam bizə gələrsiz. Aşağıdakı qonşu da videosunu götürüb gələcək.
– Görək də.
– “Görək də” yox, axşama mütləq gəlməlisiz. Maaşımı bir həftə əvvəldən aldım ki, necə də olsa 40 il yaşamışıq, bizdən də bir şey çıxsın.
Qatar “Nizami” stansiyasında dayananda qonşusu vidalaşıb getdi. O isə “İnşaatçılar” stansiyasından çıxıb yenidən insan axınına qarışdı. Bayaq yağan yağışı sulu qar əvəz etmişdi. Fevralın son günləri olduğundan şaxta qılınc kimi kəsirdi.
“Yaxşı ki, paltomu geyinmişəm” – deyə filirləşdi, amma Şotlandiya şərfi yadından çıxıb evdə qalmışdı.
Yaşadığı binaya çatıb pilləkənlərlə yuxarı qalxmağa başladı. İkinci mərtəbədəki qonşu hansısa filmə baxırdı. Bir az dinləyib Amerika filmi “Tənha canavar” olduğunu bildi. Çak Norris pis aktyor deyil, amma ən yaxşısı Robert de Nirodur, yox, elə ən yaxşısı bizim Səməndərdir. Haradansa oxumuşdu ki, tamaşaçı sevdiyi aktyora aşağıdan yuxarı baxır və istəyir onun kimi danışıb hərəkət etsin. O isə daha çox Robert de Nironu təqlid edirdi.
Qapısını açdı. Pəncərənin gözlüyünü açıq qoyduğundan içəri soyuq idi. Qar havasından iç dolusu nəfəs alıb darıxmağını unutmaq istədi. Xeyri olmadı. Televizorun düyməsini basdı. Ekranda Xocalı faciəsi zamanı Çingizin lentə aldığı kadrları göstərirdilər. Reportyorun ağlaya-ağlaya qətlə yetirilən uşağı  iri planda çəkməsi onu daha da qəmləndirdi. Gözlərindən süzülən yaş damcıları üzüaşağı – paltosunun üstünə damcıladı və yadına düşdü ki, paltosunu hələ çıxarmayıb və yadına düşdü ki, bu gün fevralın 26-dır.
Yadına Lalə düşdü. “Görəsən, indi haradadır?”. O, Lalə ilə 3 il əvvəl tanış olmuşdu. Qızın atası əslən xocalılı idi, çox sonralar köçüb ora getmişdilər. Getdikləri gündən Bakıya cəmi-cümlətanı 3 dəfə gəlsələr də, Lalə hər 3 gəlişin üçündə də onu unutmamış və görüşmüşdülər. Axırıncı görüşlərində Lalədən təkidlə Bakıya gəlmələrini xahiş etsə də, demişdi ki, “ atam köçmək istəmir”. Tezliklə evlənmək istəsə də, qız gülə-gülə demişdi ki, “hələ balacayam”. “Balacayam” deyəndə ki, daha 19 yaşı vardı.
Yavaş-yavaş yuxu gücünü göstərdi. Mürgülədi. Bir az sonra qapının taqqıltısına gözlərini açdı. Bir az yatdığını düşünsə də saata baxdı ki, saat yarım yatıbmış.
– Qonşu, deyəsən yatmışdın? Saat 7-dir. Əl-üzünü yu, qonaqlar gəlib, keç bizə.
Əl-üzünü yuyub aynanın qarşısındakı “Lomani” odekalonu ilə ətirləndi, qalstukunu düzəldib mənzildən çıxdı.
Qonşusugildə 7-8 nəfər vardı, əsl kişi məclisi idi. Onu gözləməyib yeməyə girişmişdilər. Birinci onu tost deməyə hazırlaşan qonşusu gördü, başları ilə salamlaşdılar.
– Hörmətli qonaqlar, xoş gəlmisiz. Həyatda od, su, etibar olur. Onlar bərk dost olurlar. Od deyir, harda alov var, deməli mən ordayam. Su deyir harda çay, göl, dəniz, okean varsa, deməli mən ordayam. Etibar isə deyir ki, əgər siz ikiniz bir-birinizi itirsəz mən orda olmayacağam, əgər tapsaz məni də tapacaqsız. Gəlin, içək etibarlılığın möhkəmliyi sağlığına.
Qədəhlər yavaş-yavaş boşaldı. İçmək istəməsə də darıxmamağı xatirinə qədəhini boşaldıb yeməkdən yemədi. İstədi bir az sərxoş olsun. Hamı ona təəccüblə baxsa da, fərqinə varmadı. Məclis qızışdıqca sağlıq-sağlıq dalınca deyilirdi. Aşağıdakı qonşu videosunu götürüb gəlmişdi. Hamı yeyib-içdiyindən heç ora baxan yox idi. Qonşununsa  filmləri başdan-ayağa danımaqçün ürəyi gedirdi. Artıq surətlərin zahiri aləmlərindən qurtarıb daxili aləmlərinə keçmişdi. Deyirdi, Hollivuddakı ssenaristlər hər bir surəti aktyorların daxili aləminə uyğun yazırlar, bu, rejissora da sərf eləyir, daha dağa-daşa dırmanmır.
Onun gözləri dumanlanmışdı. Eyvana çıxdılar. Bayaqdan çıxmağa yer axtaran siqaret dumanı da azadlığa qovuşdu. Haradasa uzaqlardan Bethovenin 7-ci simfoniyası səslənirdi. “Elə bil həyacan təbili çalır”, – deyə qonşulardan biri pıçıldadı. “Doğrudan da gülməli idi. Axı həyacan təbili çalmağın da xeyri yox idi”, – deyə fikirləşdi.
Aşağıdakı qonşu onu içəri çağırdı:
– Filmlər xoşuna gəldi?
– Pis deyildi.
– Bir azdan lap əlası olacaq.
– Əlası nədir?, – deyə dumanlı başını azacıq yırğaladı.
– Parnuxa.
– Yox, mən getsəm yaxşıdır.
– Səni heç hara buraxan deyiləm.
O, təkid etməyin yersiz olduğunu bilib yenidən eyvana çıxdı. Tüstü dumanı yatmış, Bethovenin həyacan təbili çoxdan çalınıb qurtarmışdı.
Hamı otağa qayıtdı. Qonşusu gizlətdiyi kasseti çıxarıb videonun kasset girəcəyinə saldı. Düymələri basır və tez-tez arxaya qanrılırdı:
-Day bağışlayın də. Ancaq bu da lazımdır. Nə qədər olmasa, kişi xeylağıyıq də…
Məclisə sakitlik çökdü. Kadrlar bir-birini əvəz etdikcə kimisi başını bulayır, kimisi yüngülcə mürgüləyir, cavanlar bir-birilərinə göz vururdular.
Film İtaliya filmi idi. Qonşusu deyirdi ki, bu kassetdən Bakıda iki nəfərdədir. Yaman defisitdir. Stula yayxanan bir az yaşlısı elə hey deyinirdi: “Millətin əxlaqını pozurlar. Azdan-çoxdan abır-həyamız qalmışdı, bu demokratiya başımıza oyun açdı”. O biri qonşu onun sözünə qüvvət verərək “əşi, günah elə öz biznesmenlərimizdədir. Camaat gedib pal-paltar, ətir-şirniyyat gətirər, bunlar da parnuxa gətirirlər ki, yaxşı pula versinlər. Belə filmlərə baxa-baxa bəzi əclaflar təmiz qızları yoldan çıxarırlar”. Cavanlardan biri əsəbləşdi: “Sizin sözünüzdən belə çıxır ki, belə filmləri qadağan etsinlər, eləmi? Nə qədər qadağan olunsa, onlar da bir o qədər maraq göstərəcəklər. Elə bəzi İslam ölkələrini götürək. Orda içkini, belə şeyləri qadağan ediblər. Elə bilirsiz onların bəziləri Azərbaycana canları yanır deyə burada şirkətlərini açırlar? Xeyr əzizlərim, bizdə belə şeylər bir az azaddır, ona görə gəlirlər. İnsanın istədiyinə “yox” demək olmaz”.
O, filmə hərdənbir baxırdı. İçki tutmuşdu onu. Gözləri yumulurdu. Məclisin yaşlı qonaqları ev yiyəsini təbrik edib sağollaşıb getdilər. Cavanlar bir-iki pozğun qızla zəngləşib sonra mənzili tərk etdilər. Otaqda qonşu, aşağıdakı qonşu və o qaldı. Film yavaş-yavaş qurtarırdı. Titrlərdə filmdə çəkilənlərin adları yazılırdı. Yuxusunu qaçırmaq üçün başladı adları oxumağa: “İvaqo Drensi. Buna bir quş. Sir-sifətindən nəyə oxşayır. Bunun nəyini filmə çəkiblər? Kaltuna Puççini. Pis deyil. Burnu uzundur, dişləri də at dişinə oxşayır. Puççini…Puççini…yəqin, o skripka çalanın qohumudur. Laura Xavdiyano. Buna da bir quş”.
Birdən ona nəsə oldu. Başını tutdu. Gicgahlarını şəhadət barmağı ilə döyəclədi. Sıçrayıb videoya tərəf yeridi və “pauza” yazılan düyməni basdı. Ekranda qəşəng bir qızın surəti sanki dondu. Titrdə qızın adı yazılmışdı: “Yox, yox, bu, ola bilməz. Deyəsən içki doğrudan da tutub məni”. Kasseti əvvələ verib həmin qızın hərəkətlərinə, gülüşünə diqqətlə baxdı. Yox, qız gülmürdü. Qonşusu söz atdı:
-Qonşu, deyəsən film xoşuna gəlib? İstəyirsən, apar evdə bax, sabah qaytararsan.
Ona qulaq asmağa halı yox idi. Səntirlədi. Qonşular gülüşdü.
-Bu qıza nə yaman belə baxırsan? Az qalır ki, ekrana girəsən. Adı yazılıb? Hə, nə olsun? Görüm nə yazılıb ora?! Bu nə qəşəng qızdır. Heç bayaqdan fikir vermirəm. Saçları hörüklüdür. Lap bizim qızlar kimi hörük bağlayıb. Gözləri də badamıdır. Bu ki lap uşaqdır?! Ay insafsızlar, bunun nəyini kinoya çəkmisiz? Əşi, o “pauza”dan əlini çək görək. İndi videonu xarab eləyəcək, işə düşmədik?! Qonşu, ay qonşu, sabah universitetə gedəcəksən, bəlkə gedib yatasan? Ürəyinə başqa şey gəlməsin a, qovub-eləmirəm səni. Görürəm bir az yorğunsan, deyirəm bəlkə…
Filmdəki qızın adı belə idi: “Lalə Pinçoletti”. Qoca bir kişinin metroda qışqıra-qışqıra dediyi sözlər iynə kimi beynini deşməyə başladı: “Ermənilər Xocalıda əsir aldıqları qızların çoxusunu Fransa və İtaliyanın pornoqrafik kinoşirkətlərinə satıblar. Ermənilər ata-analarımızı qızlarının “yeryığdı”sına çağırdılar. Ermənilər…”.
Daha orda dayanmayıb qonşunun mənzilindən çıxdı.
Öz evinin qapısını açıb içəri girdi. Kürəyini qapıya söykəyib bir müddət hərəkətsiz dayandı. Sonra stəkana su doldurub pəncərənin qarşısındakı xalça və ətirşah güllərini suladı. Mətbəxdə masanın altına qısılan kirpisinə baxıb gülümsədi. Kolbasadan bir dilim qoparıb onun qabağına qoydu: “Acmışdın, hə? Doyunca ye, gərəyin olacaq”.
Qonşular videonu söndürüb həyətə endilər.
– Məclis xoşuna gəldi?
– Hə, pis keçmədi.
Bina sanki qara bulud pərdəsinə bürünmüşdü. Əksər pəncərədə işıqlar sönmüşdü. Onun isə içəridə etdiyi hərəkətlər tül pərdə arxasından açıq-aşkar görsənirdi.
– Bilmirsən, nə olmuşdu ona?
– Deyəsən, içki tutmuşdu. Mən onun yaşında olanda az qala başımı araq çəlləyinə soxardım.
– Ancaq o qız qəşəng idi.
O, pəncərəni açıb həyətdə siqaret çəkən qonşularını görüb qışqırdı:
– Qonşular…qonşular…o qız bilirsiz kim idiiii? O mənim…mənim….
O, ağlayırdı. Səsi boğuq idi, çox boğuq. Hıçqırıqdan nəfəsi təntiyirdi. Nə isə demək istəyirdi, lakin bacarmırdı. Qonşulardan biri dedi:
– Mən ölüm, gör bir o neyləyir? Stolun üstünə çıxdı. Yəqin çılçırağı düzəldir. Gecə vaxtı nə olmuşdu, səhər düzəldərdi də…İndi də ip sallayır. İpin ucunu halqa etdi. Halqa niyə etdi?
Qışqırıq eşidildi: “Özünü asmaq istəyir”. Hər ikisi pilləkənlərlə yuxarı qaçdılar. Qapı bağlı olduğundan təpiklə vurub sandırmaq istədilər. Qapı sınmadı. Yenidən cəhd etdilər. Sınmadı. Qapıbir qonşusu evə qaçıb balta gətirdi. Cəhd olundu. Qapı sındı, hövlnak içəri girdilər.
…Artıq gec idi. Gördükləri mənzərədən dəhşətə gəldilər. Çılçırağın bəyaz günəşi altında ipdən asılmış, hələ heç bir günah işlətməyən gəncin vücudu sallanırdı. Səslər eşidildi: “Niyə…niyə belə etdi?”.
Qonşular başlarını aşağı dikmişdilər. Gecənin səssizliyi içərisində Şopenin prelyudiyasının həzin səsi gəlirdi. Sanki vücuda lay-lay deyirdi.
Bəşəriyyət isə çoxdan yatırdı. Stol üstündəki kiçicik kağız parçasında yalnız bircə cümlə yazılmışdı: “MƏN İNSANLIĞA NİFRƏT EDİRƏM”. Vücud saat kəfkiri kimi yellənirdi. Qonşular elə mütəəssir olmuşdular ki…Elə bilirdilər, elə düşünürdülər ki, vücud dilə gələcək və deyəcək: “Mən sizinlə zarafat edirdim”. Vücud isə dilə gəlmədi. Şopenin melodiyası sona yaxınlaşırdı. Çöldə isə xırda qar dənəciklərini quşbaşı qar əvəz etmişdi. Vücud isə elə hey yellənməyində idi.

Bakı, 1993-cü il.



Baxılıb: 34
Səhv tapdınız? Mətni seçin (qaralayın) və Cntrl + Enter düyməsini sıxmaqla bizə bildirin!

Rəylər(0)

Rəy bildir