Edebiyyat.az » Proza » KAFKA İLƏ SÖHBƏTLƏR

KAFKA İLƏ SÖHBƏTLƏR

KAFKA İLƏ SÖHBƏTLƏR
Proza
nemət
Müəllif:
21:41, 18 mart 2019
1 874
0
KAFKA İLƏ SÖHBƏTLƏR




Qeyd: Çex musiqiçisi və ədibi Qustav Yanouxun F.Kafka ilə söhbətləri (1903-1968)

“İslah koloniyasında” kitabının siqnal nüsxəsini alarkən
Kafka: Çap olunan hər hansı yazım məni bərk həyəcanlandırır.
Yanoux: Elə isə, niyə onları çapa verirsiz?
Kafka: Kefdən dəm vurursuz! Maks Brod, Feliks Velç və başqa dostlarım bu yazıları məndən zorla qoparırlar, sonra da hazır nəşriyyat müqaviləsi ilə məni çıxılmaz vəziyyətdə qoyurlar. Mən onların kefinə soğan doğramaq istəmirəm və iş axır nəhayətdə mənim son dərəcə şəxsi olan qeydlərimin, ya da belə deyək ki, şəxsi əyləncələrimin nəşrinə gəlib dirənir. Mənim bir insan kimi, bir fərd kimi acizliyimin şəxsi dəlil-sübutları çap olunur və hətta satılır da, çünki başda Maks Brod olmaqla mənim bütün dostlarım nəyin bahasına olursa-olsun bu şeylərdən ədəbiyyat düzəltmək istəyirlər, mənimsə tənhalığımın şəhadətnaməsi olan bu şeyləri məhv etməyə gücüm yoxdur…
Bu dediklərim əlbəttə ki, mübaliğədir və dostlarıma qarşı kəsərsiz bir hücumdur. Həqiqətdə isə mən o qədər pozğun bir həyasızam ki, bu şeyləri nəşr etməkdə onlara kömək də göstərirəm. Şəxsi miskinliyimə bəraət qazandırmaq üçün mən yan-yörəmi əslində olduğundan qat-qat güclü təsvir edirəm. Əlbəttə ki, bu, yalandır. Mən axı hüquqşünasam. Elə ona görə də şərdən qaça bilmirəm.
 
“Ocaqçı”1  povestinin çex dilində nəşri münasibətilə
Yanoux. Sizin bu əsəriniz başdan-ayağa gün işığı ilə yoğrulub; oxuduqca adamın ürəyi açılır! İlk baxışda nəzərə çarpmasa da, əsərdə böyük bir məhəbbət duyulmaqdadır.
Kafka. Bu, povestdə yox, təhkiyənin obyektində – gənclikdədir. O doğurdan da məhəbbət və günəşlə yoğrulub. Gənclik hər zaman xoşbəxtdir, çünki gözəlliyi duymaq bacarığındadır. Bu bacarığın tükəndiyi yerdə isə ümidsiz qocalıq və bədbəxtlik başlanır.
Yanoux. Necə bilirsiz, bəlkə qocalıq xoşbəxtlik imkanlarını büsbütün məhv eləyir?
Kafka. Əksinə, xoşbəxtlik qocalığı məhv edir! Gözəlliyi görmək və duymaq qabiliyyətini qoruyub saxlayanlar heç zaman qocalmırlar.
Yanoux. Onda belə çıxır ki, “Ocaqçı” əsərində siz son dərəcə gənc və bəxtiyarsınız.
Kafka. Yaxşısı gələcək şeylərdən danışmaqdır; onlar daha aydın görsənir. “Ocaqçı” yalnız xatirədir, həyatda güman ki, heç zaman olmamış bir şey barəsindədir. Karl Rossman isə yəhudi deyil; axı, biz yəhudilər anadan qoca doğuluruq…
 
“Hökm” haqqında
 
Yanoux: Mən bilmək istərdim ki, siz buna necə gəlib çıxmısız. “F.üçün” ithafı – sadəcə rəsmiyyət deyil. Siz əlbəttə ki, bu əsərlə kiməsə nəsə demək istəmisiniz.
Kafka: “Hökm” – bir gecənin qarabasmasıdır.
Yanoux: Necə yəni!
Kafka: Bu, bir qarabasma, bir teyfdir.
Yanoux: Axı, siz bunu yazmısınız…
Kafka: Bu yalnız teyfdən qorunmaq üçün bir şəhadətnamədir.
 
 
“Çevrilmə” haqqında
Kafka: … Zamza tam şəkildə Kafkanın eyni deyil. “Çevrilmə” etiraf deyil, eyni zamanda çox ədəbsiz şeydir… Məgər şəxsi ailədə törəyib artan taxtabitlərdən söz açmaq ədəb qaydalarına uyğundur?
Yanoux: Yüksək cəmiyyətdə belə şeylər əlbəttə ki, məqbul sayılmır.
Kafka: Görürsüz mən nə qədər ədəbsiz adamam?
Yanoux: Məncə, “ədəbli”, “ədəbsiz” ifadələri burada özünü doğrultmur. “Çevrilmə” dəhşətli bir yuxu, qorxunc bir xəyaldır.
Kafka: Yuxu – heç bir xəyalla müqayisəyə gəlməyən gerçəkliyin üzərindən örtüyü qaldırır; elə həyatın müdhişliyi və sənətin qüdrəti də bundadır.
 
Yanoux Kafkaya Vinsent Van Qoqun rəsmlərinin reproduksiyasını göstərərkən
Kafka: Bənövşəyi gecənin fonunda təsvir edilmiş qəhvəxana nəznindəki bu bağ necə də gözəldir. O biri rəsmlər də yaxşıdır. Ancaq bu bağ məni lap heyran edib. Siz onun rəsmləri ilə tanışsız?
Yanoux: Yox, tanış deyiləm
Kafka: Onlar “Dəlixanadan məktublar” kitabında dərc edilib. Bəlkə bu kitab hardasa rastınıza çıxdı. Mən şəkil çəkməyi çox istərdim. Həmişə çalışıram ki, bir şey çəkim, ancaq heç nə alınmır. Yalnız hansısa heroqliflər əmələ gəlir. Ancaq sonradan heç özüm də baş açmıram ki, onlar nə olan şeylərdir.
 
Şopenhauer haqqında
Kafka: Şopenhauer – dil ustasıdır. Onun təfəkkürü də elə bununla müəyyənləşir. Onu yalnız elə dilin xatirinə mütləq oxumaq lazımdır.
 
 
Ekspressionist şairlərin şeirlərindən ibarət antologiyanı vərəqlərkən
 
Kafka: Bu kitab məndə kədər doğurur. Şairlər görüşmək üçün insanlara sarı əl uzadırlar. Ancaq adamlar səmiyyətlə uzadılmış əllərin əvəzinə onların gözlərinə və ürəklərinə tuşlanmış əsəbi halda sıxılan yumruqlar görürlər.
 
Yanouxun oxumağa hazırlaşdığı kitabları vərəqlərkən
Kafka: Siz gündəlik ədəbiyyata dedikcə çox vaxt sərf edirsiz. Bu müasir kitabların əksəriyyəti yaşadığımız günlərin yalnız sayrışan əksidir ki, beş-üç günə sönüb gedəcək. Siz əski kitabları, klassikləri oxumağa səy edin. Məsələn, Höteni. Əski kitablar həmişə pzünün gizli qiymətini – uzunömürlülüyünü üzə çıxarır; təzə kitablarsa öz müvəqqətiliyini. Sabah bütün gülünclüyü ilə üzə çıxmaq üçün bu gün bu təzə kitablar bütün gözəlliyi ilə peyda olur. Ədəbiyyatın yolu belədir.
Yanoux: Bəs poeziya necə?
Kafka: Poeziya həyatı bəzəyir, başqa cildə salır, ancaq bu bəzən çox pis olur.
 
Yanouxun hekayələr məcmuəsinin əlyazmasını oxuyandan sonra
Kafka: … Bunlar lirikadır. Siz dünyanı qamarlamaq əvəzinə, onun çiyinlərini sığallayırsınız… Bu hələ sənət deyil. Duyğu və təəssüratların bu cür ifadəsi, sözün həqiqi mənasında dünyaya qorxa-qorxa əl toxundurmaqdan başqa bir şey deyil. Gözləriniz hələ bəs deyincə yumuludur. Amma vaxt ötdükcə açılmağa başlayacaq; axtaran əliniz isə, ola bilsin, oda toxunmuş kimi geri sıçradı. Onda siz bəlkə də qışqıracaq, dişlərinizi bərk-bərk qıcayıb gözlərinizi geniş-geniş açacaqsınız. Ancaq bütün bunlar sözdür. Sənət həmişə tam şəxsiyyət məsələsi olduğundan mahiyyətcə faciəvi xarakter daşıyır.
 
Alman yazıçısı Yakob Bassermanın “Kasper Hauzer, yaxud qəlbin tənbəlliyi” romanı haqqında
Kafka: Bassermanın Kasper Hauzeri2 artıq çoxdan tapıntı sayılmır. O artıq dünyada öz yerini tapıb, polis idarəsində qeydə alınıb, vergi ödəyənlər cərgəsinə qoşulub, bir sözlə, yaxasını qanunlara tanıdıb. Əlbəttə, o öz köhnə adını dəyişib, indi ona Yakob Basserman deyirlər; alman romançısıdır, üstəlik də villa sahibkarıdır. Gizlində o da vicdan ağrısı duyduğu qəlbin tənhalığından bərk əzab çəkir. Ancaq bunların hamısını o yaxşıca gəlir gətirən nəsrin tiyanında əridir və beləliklə hər şey öz qaydasında davam edir.
 
Fransis Jamm haqqında
Kafka: Jamm3 o qədər sadə, xoşbəxt və gücldür ki! Həyat onun nəzərində iki qaranlıq gecə arasındakı xırda bir epizod deyil. O, ümumiyyətlə qaranlıqdan xəbərsizdir. Onun dünyası tanrının mərhəmətli əllərinin etibarlı qayğısı içərisində arxayın nəfəs alır və o, balaca bir uşaq kimi öz qayğıkeş tanrısına “sən” deyə müraciət edir; sanki tanrı onun doğmaca ailəsinin bir üzvüdür. Elə məhz buna görə də Jamm heç zaman qocalmır, köhnəlmir.
 
Avstriya yazıçısı Peter Altenberqin mənsur şeirləri haqqında
Kafka: Peter Altenberq4 həqiqətən şairdir. Xırda hekayələrində onun bütün həyatı əks olunub. Və atdığı hər bir addım, etdiyi hər bir hərəkət onun sözlərinin həqiqliyini sübut edir. Peter Altenberq  – əhəmiyyətsiz görünən ən xırda şeylərin dahi ustadı, dünyanın gözəlliyini qəhvəxana külqabılarındakı siqaret kötüyündə tapa bilən nadir idealistdir.
 
Yohanes R. Bexerin5 şeirlər məcmuəsi haqqında
Kafka: Mən bu şeirləri anlamıram. Onun şeirlərində söz körpü deyil, hündür, keçilməz divarlardır. Hər şeirdə formaya ilişib qalırsan, belə ki, mahiyyətə varmaqdan heç söhbət gedə bilməz. Bunalr şeirdən çox fəryad, nalə, şivəndir. Və başqa heç nə deyil.
 
Çestertonun “Ortodoksiya” və “Cümə axşamı adlanan adam” kitabları haqqında
Kafka: Bunlar elə şən kitablardır ki, adam az qalır Çestertonun allahı tapmasına da inansın.
Yanoux: Gülüş sizin üçün dindarlıq əlamətidir?
Kafka: Həmişə yox. Ancaq belə bir allahsız zamanda şən olmaq lazımdır. “Titanik” okeanın dibində qərq olanda onun orkestri çalmaqda davam edirdi. Ümidsizliyə bu cür üstün gəlmək mümkündür.
Yanoux: Ancaq əsəbi şənlik özünü aşkarca bildirən kədərdən daha betərdir.
Kafka: Elədir. Ancaq kədər çarəsizdir. Söhbət isə çarədən, ümiddən, gələcəkdən – yalnız bundan gedir. Təhlükə cəmi-cümlətanı çox xırdaca bir an boyu uzanır. Onun arxasınca uçurum gəlir. Əgər uçurumu dəf etsən, hər şey başqa cür olacaq. Bütün məsələ o bircə andadır. Həyatı məhz həmin o bircə an müəyyənləşdirir.
 
Bodler haqqında
Kafka: Poeziya xəstəlikdir. Qızdırmanın dərəcəsini aşağı salmaq hələ tam sağalmaq demək deyil. Əksinə! Qızdırma hər şeyi təmizləyir və daha aydın göstərir.
Qorkinin çex dilinə tərcümə edilmiş “Tolstoy haqqında xatirələr”6 əsərini oxuyarkən
Kafka: Qorkinin heç bir mübaliğəyə yol vermədən, insanın xarakter çizgilərini açıb göstərmək bacarığı məni valeh edir.Mən onun lenin haqqında yazdıqlarını oxumaq istərdim.
Yanoux: Bəyəm, Qorki Lenin haqqında xatirələr çap etdirib?
Kafka: Hələ ki, yox. Amma ağlım kəsəni, hökmən etdirməlidir. Lenin Qorki ilə yaxın idi. Qorki isə hər şeyi qələmlə görüb, qələmlə duyur. Bunu Tolstoy haqqındakı xatirələrindən sezmək çətin deyil. Qələm yazıçının aləti yox, bədəninin bir üzvüdür.
 
Heyne haqqında
Bədbəxt adam! Almanlar onu yəhudilikdə günahlandırırlar. O isə almandır axı, özü də yəhudiliyə zidd gedən cılız bir alman. Və onda olan tiöik yəhudilik də məhz budur.
 
***
Kafka: Nə oxuyursunuz?
Yanoux: “Daşkənd çörəkli şəhərdir” kitabını. Məncə, bu kitab bədii əsərdən daha çox sənəddir.
Kafka: Bu günlərdə mən onu birnəfəsə oxudum. Qiyamət kitabdır! Məncə o cür oğulları olan bir ölkə heç zaman basılmaz.
***
Kafka: Yəhudilər və almanlar arasında ümumi cəhətlər çoxdur. Onlar çalışqandır, zəhmətkeşdirlər və başqaları onlara nifrət edirlər. Yəhudilər və almanlar  – həyat vəsaitindən məhrum edilmiş izqoyladır.
Yanoux: Bəlkə elə onlara məhz bu səbəbdən nifrət edirlər?
Kafka: Elə deyil! Səbəbi daha ciddidir. Bunun əsasında dini səbəblər durur. Yəhudilərdə bu aydındır, almanlarda isə bir elə aydın deyil, çünki onların məbədi hələ yerlə yeksan edilməyib. Ancaq bu baş verəcək.
Yanoux: Necə yəni? Axı almanlar teokratik xalq deyil. Onların şəxsi məbədlərində öz milli allahları yoxdur.
Kafka: Bu, sadəcə olaraq belə qəbul edilib, əslində isə məsələ tamamilə başqa cürdür. Almanların “dəmir döyməyi əmr edən allah”ı 7 var. Onların məbədi  – Prussiyanın baş qərargahıdır.
Yanoux: Çex və alman xalqlarının bir-birlərini yaxşı tanımaları, dərindən anlamaları üçün çexlərin tarixini almanca yazıb nəşr etmək daha münasib olmazmı?
Kafka: Boş şeydir. Kim onu oxuyacaq?Axı, kimdir çexlər? Kimdir almanlar? Almanlar buna dünyasında razılıq verməzlər. Çünki almanlar oxuyub anlamağa, dərk etməyə can atmırlar. Onlarınkı yalnız ağalıq iddiasıdır, vəssalam. Nəyisə anlamaq bu yolda onlar üçün yalnız əngəldir. Yaxının barədə heç bir şey bilmirsənsə, onu əzib sıradan çıxarmaq daha asandır. Belədə vicdan ağrısı adama əzab verir…
 
Pikasso haqqında
Kafka: Pikasso bir sıra əsərlərində insan şüurunun hələ dərk edə bilmədiyi eybəcərlikləri göstərməyə qadir olub. Əsl sənət xalis güzgüdür, ancaq o, hərdən saat kimi “qabağa da qaçır”.
 
Gənc yazıçılar haqqında
Kafka: Gənclərə həsəd aparıram.
Yanoux: Axı siz o qədər də qoca deyilsiniz.
Kafka: Qocayam, çox qocayam… Deyəsən, sizi bir balaca qorxutdum. Bu sadəcə olaraq aciz bir zarafat cəhdi idi. Amma gənclərə doğurdan da qibtə edirəm. Adam yaşlandıqca dünyagörüşü zənginləşir, həyat imkanları isə tükənməyə başlayır. Axıra sönük bir baxış, quru bir nəfəs qalır və son nəfəsdə insan ötüb keçən ömrə qüssəli bir nəzər salır. Özü də birinci və sonuncu dəfə…
 
Kafka Yanouxun portfelində dedektiv roman görərkən
Kafka: Bunu oxuduğunuza görə qətiyyən utanıb eləməyin. Bilmək istəyirsiniz, Dostoyevksinin “Cinayət və cəza” romanı da mahiyyətcə sırf dedektiv əsərdir. Hələ üstəlik Şekspirin “Hamlet”i də! Hərəkət getdikcə açıqlanan sirrin içərisindədir. Ancaq həqiqətin özündən də böyük bir sirr mövcuddurmu? Sənət – yalnız həqiqət arxasınca yol gedən bir ekspedisiyadır.
Yanoux: Həqiqət nə olan şeydir?
Kafka: Həqiqət hər kəsə yaşanaq üçün gərəkdir və onu kimdənsə almaq, nə yollasa əldə etmək mümkün deyil. Həqiqəti hər kəs faailəsiz olaraq özü öz içindən yaratmalıdır, əks təqdirdə insan məhv olar. Həyat həqiqətsiz mümkün deyil. Həqiqət bəlkə də elə həyatın özüdür.
 
Oskar Uayldın “Düşüncələr” kitabı haqqında
 
Kafka: Bu əsər elə parıltılıdır ki, yalnız zəhər şüşəsi belə parlaq şəfəqlər saçıb adamı ösünə cəlb edə bilər.
Yanoux: Deməli, xoşunuza gəlmir?
Kafka: Mən elə demədim. Əksinə bu kitab çox asanca xoşagələndir və elə əsas qorxu da, bəla da burasındadır. Sizə deyim ki, ümumiyyətlə, həqiqətlə oynayan kitablar çox təhlükəlidir. Çünki həqiqətlə oynamaq – həyatla oynamaq deməkdir.
 
****
 
Kafka: Siyasi məsələlərdən o qədər də baş çıxarmıram. Bu əlbəttə ki, qəbahətdir və mən məmnuniyyətlə bu nöqsandan xilas olmaq istərdim. Ancaq mənim o qədər nöqsanım var ki! Ən yaxşı şeylər məndın getdikcə daha çox uzaqlaşır. Mən siyasətdən çox yaxşıca baş çıxaran Maks Broda qibtə edirəm. O tez-tez mənə gündəlik həyatda baş verən hadisələr barədə geniş məlumat verir. Mən indi sizə qulaq asdığım kimi onu da dinləyirəm, di gəl hamısını axıracan anlaya bilmirəm.
Yanoux: Mən aydın danışmıram?
Kafka: Siz məni başa düşmədiniz. Siz yaxşı danışdınız ancaq iş sizdə deyil, məndədir. Müharibə, Prussiyadakı inqilab və bütün dünyanın bəxbəxtliyi mənə şər, qəzəb seli kimi görünür. Bu, daşqındır. Müharibə xaosun, hərcmərcliyin qapılarını açıb. İnsan varlığının zahiri köməkçi konstruksiyaları dağılır. Tarixi prosses artıq şəxsiyyətə deyil, yalnız kütləyə söykənir. Bizi itələyirlər, sıxırlar, süpürüb atırlar. Biz tarixə məruz qalırıq.
Yanoux: Bəlkə siz belə hesab edirsiz ki, insan artıq dünyanın yaradıcısı deyil?
Kafka: Siz yenə məni başa düşmədiniz. Əksinə insan dünyanın yaradılmasında iştirak etməkdən, bunun məsuliyyətini daşımaqdan imtina edib.
Yanoux: Bu, belə deyil. Bəyəm siz fəhlə partiyasının inkişafını, kütlələrin fəallaşdığını görmürsünüz?
Kafka: Məsələ də elə bundadır. Hərəkat bizi düşünmək imkanından məhrum edir. Bizim düşüncə dairəmiz daralır. Özümüz də hiss etmədən biz həyatımızı qorumaqla başımızı itiririk.
Yaonux: Belə hesab edirsiz ki, adamlar məsuliyyətsiz olurlar?
Kafka: Biz elə yaşayırıq ki, sanki hər birimiz hökmdarıq. Bunun ucbatından da dilənçiyə çevrilirik.
Yanoux: Bu, hara aparıb çıxaracaq?
Kafka: Cavablar yalnız arzu və vədlərdir. Onlar isə inam vermirlər.
Yanoux: Əgər inam yoxdursa, onda bu vəziyyətdə həyat bütünlükldə nədən ibarətdir?
Kafka: Fəlakət və iflasdan. Bəlkə də günaha düşməkdən, dönüklükdən.
Yanoux: Günah nə olan şeydir?
Kafka: Günah nə olan şeydir… Biz sözü və əməli bilirik, ancaq duyğu və idrakı itirmişik. Ola bilsin ki, bu elə lənət, çılğınlıq, allahın insandan əl üzməsidir.. Mənim dedikərimin üzərində çox da baş sındırmayın.
Yanoux: Niyə ki? Axı siz bütün bunları tam ciddiyyətlə deyirsiniz.
Kafka: elə məhz buna görə də özünüzü yormayın. Mənim ciddiyyətim sizə zəhər kimi güclü təsir göstərə bilər. Siz cavansınız.
Yanoux: Ancaq cavanlıq qüsur deyil. O mənə düşünməkdə mane ola bilməz.
Kafka: Belə görürəm ki, biz bu gün doğurdan da bir-birimizi ba.a düşmürük. Ancaq elə belə yaxşıdır. Anlaşılmazlıq sizi mənim qəzəbli bədbinliyimdən qoruyur. Günah elə bu qəzəbli bədbinliyin özüdür.
 
Kafkanı müalicə olunmaq üçün sanatoriyaya yola salarkən
Yanoux: Ümidvaram ki, tezliklə sağalacaqsınız; gələcək hər şeyi sağaldır və dəyişdirir.
Kafka: (Əlini sinəsinə qoyur) Gələcək artıq burdadır, məndədir. Dəyişkənlik isə yalnız gizli yaraların üzə çıxmasında ola biləz.
Yanoux: Əgər sağalmağa ümidniz yoxdursa, onda ora niyə gedirsiniz?
Kafka: Hər bir müttəhim çalışır ki, hökmün oxunuşuna kimi bir az möhlət alsın…
***
Yanoux: Siz yalqızsınız, eləmi?
Kafka: … (Başını tərpədir)
Yanoux: Kasper Hauzer kimi?
Kafka: Ondan da betər. Frans Kafka kimi yalqızam…
 
İzahlar
1. “Ocaqçı” povesti Kafkanın “Amerika” romanından bir fəsldir. Çex jurnalisti Milena Yesenskayanın tərcüməsində 1920-ci ildə a”Klen” jurnalında dərc edilmişdir.
 2. Kasper Hauzer – 1828-ci ildə Nürinberqdə üzə çıxan sirli “tapıntı”. Alman yazıçısı Yakob Basserman bu “tapıntının” heyatına ayrıca roman həsr etmişdi. 
3. Frans Jamm (1868-1938) – fransız şairi 
4. Peter Altenberq (1886-1950) – Avstriya yazıçısı, lirik şeirlər və novellalar müəllifi
 5. Yohanes R. Bexer (1891-1958) – Alman yazıçısı
6. M.Qorkinin “Tolstoy haqqında xatirələr” əsəri Praqada 1920-ci ildə nəşr edilib.
7.  Dəmir döyməyi əmr edən allah – alman şairi Ernst Moris Arndtın  (1769-1860) 1812-ci ildə yazdığı nəğmədən bir misradır. Həmin nəğmə bir vaxtlar Napoleona qarşı mübarizə himnlərindən biri idi, sonralar isə alman millətçilərinin sevimli nəğmələrindən birinə çevrilmişdi.
 
Tərcümə: Mahir Qarayev
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)