Edebiyyat.az » Proza » Dünənin Alqışları, Bu Günün Qarğışları, Sabahın Yanlışları

Dünənin Alqışları, Bu Günün Qarğışları, Sabahın Yanlışları

Dünənin Alqışları, Bu Günün Qarğışları, Sabahın Yanlışları
Proza
Necef Esgerzade
Müəllif:
12:56, 17 aprel 2019
1 584
0
  

Bir yanda Nabokovun Dostoyevski haqqında, Alfons de Lamartinin Hüqo haqqında yazdığı tənqidi oxuyursan, bir yanda da Anarla Əkrəm Əylislinin biri-birinə ünvanladığı atmacaları. Bir adam da çıxıb demir ki, ağsaqqal adamlarsınız, sizin dalaşan, atmaca atan yaşınız deyil. Xalqın sevimli yazıçılarısınız. Etməyin, eləməyin. Nə bilim, vallah? Ədəbiyyat, sənət bunların hansıdır? Axı siz yaza bilirsiniz. Niyə bu ahıl yaşınızda enerjinizi qalmaqallara sərf edirsiniz. Ədəbiyyatımız 5 mərtəbəli evin zirzəmisindən nə vaxt çıxacaq? Görəsən, 5 mərtəbəli evin 6-cı mərtəbəsinə qalxa biləcəkmi?

Məqsədim bu iki ağsaqqal yazıçının ədəbi istedadını inkar etmək deyil. Ağlı başında olan adam bunu etməz. Ancaq Anar müəllimin məşhur polemikaya  yazdığı cavabı oxuyanda sözün düzü mən də məyus oldum. Şübhəsiz ki, o yazıda ciddi arqumentlər var idi. Mən Anar müəllimdən başqa reaksiya gözləyirdim, elə bilirdim ki, o, xidməti maşınına əyləşəcək, İsmayıllıya, Buynuz kəndinə gedəcək və ağır vəziyyətdə olan Musa Yaqubun könlünü alacaq. Bir zamanlar AYB -ni ən çox tənqid edən gənclərdən biri mən olmuşam. Bir çoxları mənim tənqidlərimə kəskin cavablar yazaraq təqaüd alıblar, ədəbiyyata bir zərrə də xidməti olmayan, vicdanı qüsurlu adamlara ustad deyərək iş tapıblar və s. Məqsədim həmin gəncləri də tənqid etmək deyil. Zatən azacıq ağıl kifayət edir ki, kimin şöhrətə, kimin pula, kimin ədəbiyyata xidmət etdiyini biləsən. Dərd odur ki, AYB–ni tənqid edənlərin əksəriyyətinin məqsədi sənət, ədəbiyyat deyildi. Onlar məhz başqalarının puluna, vəzifəsinə hərislik edirdilər. Axı ədəbiyyat pulla, vəzifəylə ölçülmür. Sovet dövründə bizim əksər yazıçılarımız xeyli pis vərdişlər qazanıblar.  Bu vərdişlərdən biri də yazıçılarımızın deputat olmaq istəyidir. Sənətlə yaşayan adam üçün ən ali dəyər elə sənətin özü olmalıdır. Axı, “belə yazsam deputat olmaram, elə yazsam işdən qovarlar zehniyyəti ilə ədəbiyyat yaratmaq olmaz”.  Təəssüf ki, bu vərdişlər bu gün də var, gənclər də bu xəstəliyə yoluxub. Ən əsas məsələlərdən biri də budur ki, ədəbi mühiti tanıyan adamlar kimin qabında nə olduğunu dəqiq bilir. Əksər adamlar Anarı qınayır. Mən adımı bildiyim qədər bir şeyi dəqiq bilirəm ki, sabah Anar AYB- sədri vəzifəsindən getsə, yerinə hansısa bir Qulamhüseyn gəlsə, yenə də xeyri yoxdur. Bu şərtlərlə, bu sistem daxilində həqiqi sənəti inkişaf etdirmək çox çətindir. İlk növbədə qohumbazlıqdan, yerlibazlıqdan, pulbazlıqdan, tərifbazlıqdan və başqa bir neçə bazlıqdan uzaq olmaq lazımdır. Sənət, ədəbiyyat bunların hamısından qat-qat üstündür.
Gələk, ikinci məsələyə, əgər yolumuzu təqaüd üçün çırpışan, ədəbiyyatdan bixəbər gənclər kəsməsə, ikinci məsələyə gələ biləcəyik. Axı, mən təqaüd alan zaman, dövlət işində çalışan zaman adicə bir bələdiyyə sədrini tənqid etməkdən çəkinən, təqaüd bitəndən, dövlət işindən azad olunduqdan sonra kimlərisə tənqid etməyini niyə ciddi qəbul edim. Həyat çox qəribədir. Bəzi adamlar özlərini aclıqda, bəziləri də toxluqda təsdiq edə bilirlər. Bu ölkənin gəncliyi çox şeyləri görüb. Məsələn, mən – 26 yaşlı gənc, deputat olanda həqiqətləri deyə bilməyən, deputat mandatını itirəndən sonra yadına Azərbaycan xalqı düşən yazıçı görmüşəm. Məsələn, mən uzun müddət deputat mandatı ilə xalq həqiqəti arasında seçim etməkdə çətinlik çəkən yazıçı görmüşəm. Məsələn, mən yubiley üstündə dava-qırğın salan şair görmüşəm. Sovet dövründə müstəqilliyimizin əleyhinə səs verənlərin müstəqil Azərbaycan parlamentində deputat olduğunu görmüşəm. Daha nələr gördüyümü yazsam oxucular bu qədər ağır həqiqətlərdən ciddi əsəb sarsıntısı keçirəcəklər. Gördüyüm digər məsələlər növbəti yazılara qalsın.
Yazıçılar Birliyinə 800 min manat ayrıldı. 800 min manatla çox ciddi işlər görmək olar. Yəqin ki,  görüləcək. İnanmaq lazımdır. Hər şeyi pisləmək olmaz. Bir neçə jurnalın fəaliyyətində ciddi mənada müsbət irəliləyiş var. Kaş o puldan həmin jurnalların reklamı üçün də pul ayrılaydı. Həmin dərgilər facebookda, instaqramda pullu reklama qoyulsa oxucular maraq göstərəcəklər, həmin jurnalları oxuyacaqlar. 80 min mənə verilsəydi, xeyli  ciddi işlər görərdim. Potensialı yüksək gənclər çoxdur. Onların sadəcə maddi dəstəyə ehtiyacı var.
Əkrəm müəllimin yazdığı cavabı da oxudum. Əkrəm müəllim kimi böyük intellektə sahib düşüncə adamı belə cavab yazmamalı idi. Yəqin ki, insan qocaldıqca daha əsəbi, daha aqressiv olur. Kaş xalqımızın sevimli iki yazıçısının biri-birinə yazdığı tənqidlərdə sözün əsl mənasında intellektual atmacalar olardı. İntellektual atmacalardan, yumoristik ədəbi fəndlərdən ibarət mətnlər görsəydim çox sevinərdim, amma olmadı, alınmadı. Yəqin ki, bibilərin nəğməkarlığı bitəndə, tənha narın nağılında göydən 3 alma əvəzinə 3 daş düşəndə, Dantelər də öz yubileylərində ürəkdən gülə bilmirlər. İndi ədəbiyyatımız bahalı Otel otaqlarına getməyə Macal tapmır. Həm də oxucularla ciddi yazıçılar arasındakı Əlaqə də zəifləyib. Bu səbəbə görə də cibləri boş qalır. Ümid edək ki, Şəhərin yay günlərinə qədər bu mübahisə bitəcək.
                                                                                                                                  Yazdı: Nicat Həşimzadə
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)