Edebiyyat.az » Proza » Fərid Nəsibzadə - İntihar

Fərid Nəsibzadə - İntihar

Fərid Nəsibzadə - İntihar
Proza
nemət
Müəllif:
18:53, 28 aprel 2019
2 205
0
Fərid Nəsibzadə - İntihar



Qoy, körpələr ölməsin...

 -Səncə, niyə intihar edənlər cəzalandırılır? Yox-yox, ona görə yox ki, Allahın onlara əta etdiyi cana qıyırlar. Onlar, arxalarında buraxdıqları hər göz yaşlarına, arxalarınca çəkilən hər aha, hər fəryada görə cəzalandırırlar. Çünki, onlar özlərinin deyil, geridə buraxdıqlarının həyatlarına görə cəzalanırlar...- deyə üzünü görə bilmədiyim nur haləsi cavab verdi. Bu mələk idi. Məni zatən bura düşdüyümdə ilk qarşılayan...

-Bəs mənim kimi körpələr? İntiharla canlarına qıymış körpələr də cəzalandırılır? 

-Onlar günahsızdırlar...Çünki, körpələr hələ dünyanı tam dərk etmir,  onların qisasını Allah körpələri bu əmələ sürükləyənlərdən alır- deyə mələk köks ötürdü, sonra sözünə davam etdi.- Mən və mənim kimi mələklər sabahdan axşamacan körpələr ölməsin deyə dua edirik. Amma əfsus ki, insanlar...-mələk susdu. Sonra qəfil qalxıb bir andaca gözdən itdi. Son dedikləri onu çox üzmüşdü, deyəsən.

“Amma əfsus ki, insanlar...”

... İntihar etdiyimdən nə qədər keçdiyini deyə bilmərəm... Burada zaman adlı anlayış yoxdur. Mən isə mlək çıxıb getdikdən bəri, düşüncəyə dalmışdım. Dedikləri məni də çox üzmüşdü.   “Onlar, arxalarında buraxdıqları hər göz yaşlarına, arxalarınca çəkilən hər aha, hər fərayada görə cəzalandırırlar.” Nolsun ki, mən bunu sağkən, intiharıma qədər dərk etməmişdim? Nolsun ki, mən körpə idim? Axı, çox acıdır. Bir anladım ki, mən nəinki özümün, məni sevənlərin canını yandırdım... Çox güman ki, bax elə indi, anam ağlamaqdan məhv olub, atam hər kəsdən gizlənərək siqareti-siqaretə calayıb, səssiz göz yaşları axıdır. Balaca qardaşım da, hər şeydən bixəbər, sadəcə anamın qucağında sakitcə oturub, boynunu qucaqlayıb. Ona deməyiblər... O, elə bilir ki, mən uzaqlara getmişəm, bir gün qayıdacam... Mən isə burada haqqımda veriləcək qərarı gözləyəcəkdim. Hə, bir də, mələk dedi ki, körpələri bu əmələ sürükləyənləri Allah cəzalandırır... Qoy ən pis cəzanı versin, məni sağkən incidənlərə! Bütün körpələri incidənlərə, öldürənlərə Allah ən pis cəzanı versin!

Qəribə bir yorğunluq çöküb üzərimə... Gözlərimi yumdum... Hər şeyi unutmaq istəyirdim, ya da xatırlamaq... Bilmirdim...

*****

Ən son eşitdiyim arxamca kiminsə qışqırmağı oldu. Kimin? Bilmirəm. Sonrası uçuş hissiydi,çox qısa oldu. Bir də gördüyüm gecəyə düşən eyvanların işıqları oldu, o işıqlar gözlərimi incitdi...

Özümə gəldim, ağrıdan güclə ayağa qalxdım və geriyə baxmadan qaçdım, qaçdım... Ta, yorulana qədər...  Bir parka çatdım. Qaçmaqdan nəfəsim tükəndi. Bu park ümumiyyətlə yox idi, axı bizim şəhərdə. Qaranlıqda xiyabanla yeriməyə başladım. Beynimdə suallar, canımda da bir az gecənin qaranlığından və ətrafdakı səssizlikdən bir az qorxu da var idi. Mənə nə olmuşdu axı? Bura hara idi? Heç nəyi yadıma sala bilmirdim... Sanki, bütün bu günü beynimdən silmişdilər. Birdən arxamda xışıltı eşitdim. Qorxa-qorxa geri çevrildikdə, skamyada oturan  sarışın balaca oğlanı gördüm. Məndən 2-3 yaş kiçik olardı...

-Ey, balaca, sən burda neynirsən?-deyə soruşdum.

Oğlan kədərlə üzümə baxdı. Amma cavab vermədi.

-İtmisən?

-Yox.- deyə oğlan inkaredici tərzdə başını yellədi.

-Bəs onda nə işin var burada? Hanı sənin valideynlərin?

-Səni gözləyirdim.-deyərək düz gözlərimin içinə dəniz mavisi gözləriylə baxdı.

Cavabı məni təəccübləndrdi, lakin, çox üstünə getməməyi qərara aldım.

-Adın nədir?

Oğlan cavab vermədi. Sonra qəfil ayağa durub, əlimdən tutub məni irəli doğru dartmağa çalışdı:

-Gəl, gəl sənə bir şey göstərəcəm.

Heç nə soruşmadan əlindən tutub getdim. Bir az yeridik, parkdan çıxdıq. Dar küçələrlə aparırdı məni... Heç birimiz kəlmə də kəsmədik...

...və qəfil necə oldusa, yaşadığım məhəlləyə gəldik. Təəccübümü boğub soruşdum:

-Məni buraya niyə gətirdin? Sən burada yaşayırsan?

Oğlan sadəcə “yox” mənasında dodaqlarını tırçıldatdı. Sonra binaya tərəf işarə edib “ora bax” deyə pıçıldadı. Məhəllədə camaat dayanmışdı. Birdən qəfil kimsə qışqırdı. “Yox, yox eləmə!” deyə bir qadın yalvarışla var gücüylə bağırdı.Kimsə telefon çıxarıb  çəkirdi, kimi də “polis çağırın!” deyə qışqırdı. İnsanların baxdığı istiqamətə baxdıqda 3-cü mərtəbənin pəncərəsini açıb özünü atmağa hazırlaşan bir qız gördüm... Bir anın içindəcə o boşluğa addım atdı... İlahi, necə də, dəhşətli mənzərə idi... Gözümü həmin pəncərədən çəkə bilmirdim...

Bircə dəqiqə, axı bu bizim ev idi. O özünü boşluğa buraxan qız mən idimmi? Beynim qarışdı... Ürəyimin döyüntüsünü qulaqlarımda eşidirdim, təcili yardım maşınının sirenasının vıyıltısı da ürək döyüntümün səsiylə qarışıb bir səs ahəngi yaratmışdı... Çox dəhşətli səs idi... Qulaqlarımı tutub erə çökdüm. Arxada anamın ağladığını, atamın “qızım!!!” deyə bağırdığını eşidirdim çünki... Balaca oğlan əlimdən tutub yenə gözlərimin içinə baxdı:

-İndi anladın?

-Nəyi?-gözlərim yaşla dolmuşdu, oğlanı bulanıq görürdüm. –Bu.. bu dəhşətdir...-deyə kəkələdim.

 -Axı, niyə anlamaq istəmirsən?

Donuq ifadəylə üzümə baxırdı. Sonra sakitcə dedi:

-Sən ölmüsən...

-Nə? Sən yalan deyirsən! Mən daha səni dinləmək istəmirəm!-deyə ayağa qalxıdm. Geri çevrilib getmək istədikdə, verdiyi sual qanımı dondurdu.

-Məgər sən bunu istəmirdin? Bunun üçün intihar etmədinmi?

Başım gicəlləndi. Nəfəsim daralmağa başladı. Bayaqdan unutduğum bu günüm, bir andaca film kimi gözümün önümdən keçdi... Səhər-səhər yenə də nəyinsə üstündə anamla dalaşan atam, məktəb, çantamdan qələmimi oğurlayan sinif yoldaşımla mübahisəm, amma niyəsə məni direktorun otağına aparırlar... Hə, bildim, o oğlanın atası çox imkanlıdır, hər ay direktora pul verir... Direktorumuz məktəbdə çox uşaqdan pul alır. Sinif yoldaşlarımın istehzalı baxışları... Direktor məni danlayır, anama zəng edir. Atam gəlir, direktor “qızınıza tərbiyə verin” lə başlayır atamı yerin dibinə soxur. Cüssəli, boy-buxunlu qəhrəman atam, direktorun qabağında əzilir, sonra evə gedirik... yolda atam mənlə kəlmə də kəsmir. Otağıma girib yerimdə uzanıram ta axşamacan... Axşam yenə atamla anam dalaşır. Bağlı qapıdan balaca qardaşımın ağlamağını eşidirəm. Sonra pəncərəni açıram və bu cəhənnəmdən qurtulmaq üçün, özümü boşluğa buraxıram...

-Axı niyə?- ağlamaqdan bitmişdim, artıq səsim çıxmırdı...

-Hələ sənə çatmayıb etdiyin?- sarışın oğlan dəniz mavisi gözləriylə üzümə baxdı.

Susdum. İçin-için ağlamağa başladım. Oğlan əlini uzatdı. “Gedək..” dedi.

Bu dəfə heç nə soruşmadım, sadəcə əlindən tutub onunla bir məhəlləmizdən çıxdıq...

Bir az yerimişdik ki, səhər açıldı. Bu necə olur axı? Nə tez bitdi gecə? Xəstəxananın önündə idik...

-Gəl mənlə.-deyə oğlan məni qapıdan içəri doğru dartışdırdı. İçəri keçib pilləkənləri endim.  Anamı, qohumlarımızı gördüm... Sonra dar bir dəhlizə keçdik. Atam bu dəhlizin sonunda, bir küncdə yerdəcə oturmuş başını ovuclarının arasına alıb ağlayırdı. Ömründə ilk dəfəydi ki, onu ağlayan görürdüm...

Oğlan mənalı-mənalı üzümə baxırdı...

-Gördünmü?

Əllərimlə üzümü qapayıb razılıqla başımı yellədim.

-Axı... Axı, mələk dedi ki, körpələri buna görə cəzalandırmırlar...-deyə çarəsiz halda ağlamsınaraq dedim.

-Amma, bu həqiqəti dəyişdirərmi? Allahın rəhmətinin də həqiqət olduğunu dəyişərmi?

-Nə, demək istəyirsən? Heç nə anlamıram... -deyə soruşdum.

-Gəl mənlə...-Sarışın oğlan əlini mənə uzatdı. Dəniz mavisi gözləri bu dəfə gülürdü.- Gəl, son bir yerə də aparacam səni. O zaman hər şeyi anlayacaqsan...

Ayağa qalxıb oğlanın əlindən tutdum. Son dəfə çarəsizcə ağlayan atama baxdım... Pilləkənləri qalxdım. Bu dəfə də anamı gördüm. Dəhlizdə bir küncdə gözləmə kətillərinin birində oturmuş, yaşlı gözlərini bir nöqtəyə dikmişdi. Yəqin artıq çarəsiz olduğunu anlamışdı...

Xəstəxanadan çölə çıxdıq... Birbaşa məzarlığa ağır paslı darvazadan daxil olduq. Məkanların və zamanın sürətlə dəyişməsinə artıq öyrəşmişdim.

-Ora bax.-deyə oğlan şəhadət barmağını sağ istiqamətə uzatdı. Bir dəstə insan toplaşmışdı.   Quran oxuyurdular deyəsən... 

-Səni dəfn edirlər... Anan iki dəfə halsızlaşıb, ora bax, ayaq üstə güclə dayanıb. Atan isə durmadan siqaret çəkir. Səhərdən bu yana üçüncü qutudur... -oğlan köks ötürdü.

-Bütün bunları niyə edirsən? 

-Anlayasan deyə... 

-Nəyi? 

-Tələsmə....-deyə oğlan gülümsədi. Mənimsə qulağımda anamın hıçqırıqları cingildəyirdi.-Geri dön, bax...

Geri çevrildikdə ağ paltar geymiş onlarla körpə gördüm. 5,6,7,8 uzağı 9 yaşlarında idilər.... 

Əlində oyuncaq ayı tutan qara saçlı qız iri qara gözlərindəki kədərlə üzümə baxıb dedi:

-Məni müharibədə, öz şəhərimdə, həyətdə oynarkən öldürüblər...

Qəfildən aram-aram düz ürək nahiyəsindən qan axmağa başladı.  Arxadan bir oğlan dilləndi:

-Mən isə evimizin içində yanmışam...-alov onun hər yerini bürüdü.

Başqa bir qız:

-Mən də xərçəng idim...-deyə ağlamsındı.

Aralarında ən böyük oğlan qucağında bəlkə on günlük körpə tutmuşdu. O, köksünü ötürərək:

-Bacımla mən, bağ evimizdə dəm qazından boğulmuşuq...

-Mən isə özümü həyətimizdəki hovuzda boğmuşdum. Bezmişdim hər şeydən... -deyə hörüklü qız dilləndi.

Bütün uşaqlar hamısı eyni vaxtda necə öldüklərini danışmağa başladılar. Səslər bir-birinə qarışdı sonra uzun bir cingiltili küyə çevrildi. Qulaqlarımı tutub gözlərimi yumdum.

Gözlərimi açdıqda yenə gecə qaçıb getdiyim xiyabanda idim. Sarışın, dəniz gözlü oğlan isə skamyada oturmuşdu. İlk ona rast gəldiyim andakı kimi... Üzümə baxaraq:

-İndi anladınmı?

Ona sual dolu nəzərlərlə baxdığımı gördükdə dilləndi:

-Mən səni ilk qarşılayan mələyəm. Səni ölümdən sonra olacaqlarla tanış etməyə mükəlləf idim... Sənə demişdim axı, körpələr cəzalandırılmır. Ən son gördüyün uşaqlar müxtəlif səbəbdən ölüb. Aralarında öz canına qıyanlar da var idi. Allah onları cəzalandırmayıb. Çünki, körpələr günahsızdır... Ondan öncə göstərdiklərim isə, Allahın sənə agah etmək istədikləri idi.  İndi buna bax - deyə şəhadət barmağıyla küçəni göstərdi. Küçədə polis maşınına bir qadının qollarını qandallayıb əyləşdirdilər.  Bir dəqiqə, bu axı... Bu... Bu bizim məktəbin direktorudur...

-Bəli. Bunu da, sən günahkarların cəzalndırılmasından əmin olasan deyə, sənə göstərdim. Allahın ədaləti heç vaxt gecikməz...

-Bütün bunlar, bax, hər şey... nə... Nə deməkdir?!- deyə həyəcanla soruşdum.

-Allah səni hər şeydən öncədən xəbərdar istəyir... Yatmazdan öncə verdiyin qərardan xəbərdardır... Mənim də üzərimə sənə hər şeyi göstərmək, izah etmək missiyası düşdü. Sən qərarını dəyişəsən deyə... Çünki, körpələr öldükcə, öldürüldükcə, Allah çox üzülür. Hamımız üzülürük...- deyə oğlanın (artıq mələk idimi o, onu da bilmirəm. Beynimdə hər şey qarışmışdı.) dəniz mavisi gözlərinə kədər doldu.

-Mən... Mən ölmüşəm axı...

-Gəl... –deyə əliylə skameykanı döyəclədi.- Gəl otur yanıma... 

Onun yanına oturdum, balaca əlləriylə çiynimi qucaqladı. Qəribə bir yorğunluq çökmüşdü üzərimə, gözlərim yumulurdu. Başımı onun çiyninə qoydum, yuxu məni ağuşuna alırdı. “Oyananınca, hamısı keçəcək... Amma, fikrindən də daşın. Həyat- mübarizədir... İntihar isə bu mübarizəni uduzmaq deməkdir.” Artıq onu görmürdüm. Ən son eşitdiklərim bu oldu.

*****

-Gülər. Güləəər... - yuxuda anamın səsini eşidirdim.  

Sonra kiminsə öpüşü yanağıma qondu.

-Dur tənbəl...

Gözlərimi açdıqda atamın gülümsəyən üzünü gördüm.

-Dur, dur... Gecikəcəyik yoxsa...-deyə atam məni yerimdən qalxmağa məcbur etdi.

Dəhlizdə anam məni qucaqladı, saçlarımı sığalladı. Burnuma dolan ana qoxusu ruhumu oxşadı. 

-Yeməyin hazırdır. Əl-üzünü yu, ye, marş dərsə.- deyə o güldü...

*****

Atamın əlindən tutub gedirdim. Yol boyu mələyin dediklərini düşünürdüm. Deməli, dünyada hər körpə öldükcə, bizi Yaradan üzülürmüş... Mələklər üzülürmüş... Deməli, biz, bizə ayrılan ömrü yaşamalıyıq. Ömrümüzün sonunacan haqqı-həqiqəti müdafiə etməli, ətrafımızdakılara çatdırmalıyıq. Deməli, insan olmaq, daim yaxşılığı bacarmaq, son nəfəsinəcən yaxşıya inanmaq deməkdir... Çox sağol gözəl mələk! Bütün bunları mənə öyrətdiyinçün çox sağol! Ən çox da Allahıma minnətdaram, səni göndərdi, məni ölməyə qoymayasan! Bilirəm, o bizə həmişə nəvazişlə baxır! O bizi sevir! 

Və heç vaxt körpələrin ölməsini istəmir... Çünki, onda O, çox üzülür...

Qoy, körpələr ölməsin...

SON

Bakı, 2019

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)