Edebiyyat.az » Proza » İsmayıl Şıxlının "Ölən dünyam" kitabına ön sözü

İsmayıl Şıxlının "Ölən dünyam" kitabına ön sözü

İsmayıl Şıxlının "Ölən dünyam" kitabına ön sözü
Proza
nemət
Müəllif:
17:35, 08 fevral 2019
3 419
0
"Ölən dünya" ma ön söz
   Hər hansı görkəmli adamın həyatından roman yazmaq mümkün olmadığı kimi,
xalqın həyatının istənilən mərhələsindən də böyük bədii əsərlər yazmaq qeyri-
mümkündür. O adamların həyatından əsər yazmaq mümkündür ki, bu həyat
cəmiyyətin ictimai, siyasi və sosial tarixi ilə səsləşsin və nəticə e'tibarı ilə fərdi
tərcümeyi-hal ictimai tərcümeyi-hala çevrilsin. Xalqın da həyatında taleyüklü
dönüş nöqtələri olur. Bu dönüş nöqtələri xalqın yeni, xoşbəxt yaxud bədbəxt həyat
mərhələlərinə keçməsinə səbəb olur. XX əsrdə bizim xalqın həyatında belə
döngələr çox olmuşdur. İnqilab illəri, 30-cu il hadisələri, Böyük Vətən müharibəsi
dövrü, 37-ci il və sair bu cür dönüş nöqtələrindəndir.
   Mən "Dəli Kür" romanını yazdıqdan sonra Azərbaycanda 20-ci illərdə baş verən
inqilab tariximizdən yazmaq qərarına gəldim, müəyyən materiallar topladım, hətta
əsərin adını da oxuculara çatdırdım. "Qanlı təpə" adlanacaq bu əsər 20-ci illərin
mürəkkəb və ziddiyyətli həyatını əhatə etməli idi. Lakin mövcud olan qadağalar,
arxiv sənədlərinin gizlin saxlanılması, o illərdə baş verən əsl həqiqət və
ziddiyyətlərin meydana çıxarılıb açıq söylənilməsinə qoyulmuş yasaqların
nəticəsində tarixi dövrü olduğu kimi verməyin qeyri-mümkünlüyü məni fikrimdən
daşındırdı. Gördüm ki, yazacağım əsər yazılmış əsərlərin ("Dünya qopur",
"Dumanlı Təbriz", "Bir gəncin manifesti", "Səhər", "Şamo") təkrarından başqa bir
şey olmayacaq. Ona görə də, romanı yazmamağı qərara aldım.
Lakin son illərdə baş verən hadisələr, məhdudiyyət və qadağaların götürülməsi,
baş vermiş hadisələrin qismən gerçəkliklə verilməsi imkanı məni əsər üzərində
yenidən işləməyə sövq etdi və mən yeni roman üzərində işləməyi qərara aldım.
Əsərin ruhu və məzmunu tamam yeni oldu, əsərin adı da dəyişdi. Mən romanımı
"Ölən dünyam" adlandırdım. Lakin xəstəlik, yazıçı üçün əsas olan gözün
görməməsi, yazıb-oxuya bilməməyim mənim planlarımı alt-üst elədi. Uzun iztirab və tərəddüddən, ailə məşvərətlərindən sonra bu qənaətə gəldik ki, mən əsəri diqtə edim və həyat yoldaşım Ümidə Şıxlı onları yazıya köçürtsün. Bu qayda ilə əsəri hissə-hissə, fəsil-fəsil yazıb başa çatdırdıq və buna görə, əvvəlcədən Ümidə Şıxlıya öz təşəkkürümü bildirirəm. Əsəri yazarkən tarixi sənədlərin, arxiv materiallarının, hadisələrin iştirakçısı olan adamların Azərbaycanda və xaricdə çap olunmuş xatirə və kitablarının toplanması və mənə çatdırılmasında böyük zəhmətləri olan gəncəli dostum Tofiq Bağırova, yazıçı Anara və hərb tariximizi, eləcə də generallarımızın həyatını mükəmməl bilən Şəmistan Nəzirliyə dönə-dönə minnətdar olduğumu söyləyirəm. Həmçinin əl yazmasının hazırlanmasında mənə yaxından kömək edən oğlanlarım Elçin və Fərruxa, eləcə də gəlinlərim Sevinc və Reyhana minnətdaram. Oxucularımdan isə əsərdə yaşımın çoxluğu və xəstəliyimdən irəli gələn qüsurlar varsa, bağışlamalarını əvvəlcədən xahiş edirəm.

10 mart 1995-ci il
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)