Edebiyyat.az » Söhbət » Alexandro Gonzales İnarritu ("Biutiful" filmi barədə müsahibə)

Alexandro Gonzales İnarritu ("Biutiful" filmi barədə müsahibə)

Alexandro Gonzales İnarritu ("Biutiful" filmi barədə müsahibə)
Söhbət
Necef Esgerzade
Müəllif:
13:25, 29 aprel 2019
1 537
0
Alexandro Gonzales İnarritu 16 avqust 1963-cü ildə Mexiko şəhərində anadan olub. 1984-cü ildə Meksikanın ən populyar radio dalğalarından biri olan WFM-də DJ fəaliyyətinə başlayır. Tezliklə elə həmin dalğada musiqi prodüseri vəzifəsinə keçir. 1988-90 cı illərdə 6 tam metrajlı filmə prodüserlik edir. 1990-cı ildə Meksikanın ən böyük telekanalı olan Televisanın bədii rəhbəri vəzifəsinə təyin olunur. 1991-ci ildə özünün Zeta Film prodüserlik kompaniyasını açır. Elə həmin ərəfələrdə rejissorluqla maraqlanmağa başlayır. İlk sınaqlarını reklam roliklərində edir. 1995-ci ildə debüt olaraq orta metrajlı “Pula görə”, 1996-cı ildə isə qısa metrajlı “Deviz” filmlərini çəkir. Dörd il sonra isə özünün ilk tam metrajlı filmini tamamlayır. “Qancıq sevgi” adlanan film rejissora böyük uğur gətirir. “11 sentyabr” film proyektindən sonra İnarritu “Ölüm” trilogiyasının ikinci filmini çəkir. “21 qram” adlanan film də tənqidçilər tərəfindən müsbət qarşılanır. Venesiya kino festivalında filmin baş rol ifaçılarından Şon Penn “ən yaxşı aktyor” laureatı olur. Benissio Del Toro və Naomi Uots isə “Tamaşaçı simpatiyası prizi” qazanırlar. 2006-cı ildə rejissor trilogiyanın sonuncu – üçüncü filmini təqdim edir. “Babil” adlanan film rejissora “Qızıl qlobus” qazandırır və ikinci dəfə Oskara nominant edir. 2007-ci ildə Kann Film Festivalı üçün hazırlanan “Hər kəsin öz kinosu” proyektində “Anna” adlanan qısa metrajla iştirak edir. Üç il sonra, yəni 2010-cu ildə rejissor sayca dördüncü olan tam metrajlı filmini – “Biutiful”u çəkir. Xavier Bardemin baş rol aldığı film rejissoru üçüncü dəfə Oskara nominant edir. Kann Festivalında isə Bardem filmdə yaratdığı obraza görə ən yaxşı aktyor olur.
Göründüyü kimi 11 il ərzində dörd film bir rejissor üçün çox azdı, amma əgər İnarrtudan söhbət gedirsə bunu ona bağışlamaq olur. Çünki, rejissor öz filmlərinin üstündə həssaslıqla işləməyi sevir. Ona görə hələ ki heç bir filmi mükafatsız və tərifsiz qalmayıb. Çox uzatmadan sizə rejissorun ən maraqlı müsahibələrindən birini təqdim edirik. 
“Baxın biz sizinlə burda danışırıq, amma haralardasa milyonlarla insan əziyyət çəkir!”
– “Biutiful” niyə səhv yazılıb?
 
- Səhv deyil. Mən istədim belə yazılmasını. Gözəllik elə gözəllikdi. Ona necə baxılmasından asılı olmayaraq. Film də tamaşaçıya bunu deyir.

– Bardemlə işləmək necə idi?

– Əla! Bardem əsl aktyordu. Biz bir-birimizdən razı qaldıq.

– Bəs Bardemə alternativ kim ola bilərdi?

– Heç kim! Doğurdan deyirəm. Ssenarini yazanda ağlımda bu rolda Bardem idi və alternativ variant düşünməmişdim.

– Nə əcəb Qarsiya Bernal üçün bir rol tapılmadı filmdə...

– Bernal bu rol üçün çox cavandı. Ümumiyyətlə bu filmdə Bernala aid bir rol yox idi. Təkrar edirəm, Bernal çox, çox cavandı.

– Barselonın “qara həyatı” haqda sizə kim danışdı?

– Heç kim. Bunun üçün mənim öz gözlərim, ayaqlarım və gördüklərimi analiz edə biləcək düşüncəm var. Bir il bu Avropa ölkəsində yaşadım. Və bir ilə gördüklərim məndə unudulmaz təəsüratlar yaratdı. Barselonada mən Afrika və Asiya məhəllələrində çox gəzdim. Heç kim mənə heç nə demirdi. Filmdə gördükləriniz real insanlardı.

 – “Biutiful” digər filmlərinizdən tərzinə görə fərqləndi.

– Bəli. Sözün düzü bezdim qarışıq talelərin toqquşmasından və bircə taleyə müraciət etdim. Amma deyim ki, bu film məhz bu cür çəkilməli idi. Yəni maraq bunda idi. Başqa cür çəkmək istəmədim. Bütün diqqəti yeganə taleyə topladım və onun daxili aləmini bütövlükdə çatdırmağa çalışdım. Hər halda düzdü... Bu mənim tərzim deyil.

– Sizin bütün filmlərinizdə hökmən obrazlar əziyyət çəkir. Həmdə xırda şeylər faciə olacaq qədər böyüyür. Hər şey yəni belə pisdi?

– Düzdü trilogiyada olan filmlər sırf ölüm haqda olduğundan sözsüz ki, orda faciə olmalı idi. Bir söz deyim... Baxın sizinlə burda danışırıq, amma haralardasa milyonlarla insan əziyyət çəkir. Mənim missiyam filmlərim vasitəsilə həqiqəti çatdırmaqdı. Özünüzün də dediyiniz kimi xırda səbəblər böyüyüb faciə yaradır. Bunun qarşısını ala bilmərəm. Heç kim ala bilməz. Amma çalışanlar var və o çalışanlardan biri də mənəm. “Biutiful” filmində isə humanizm var. İnsan anlayır ki, onun ömrünə az qalıb. O isə nə ağlayır, nə də bunun fikrini edir. O sadəcə hər şeyi öz yerində görmək istəyir. Yəni biz insanlar əslində özümüz üçün yox, kimin üçünsə yaşayırıq, kimin üçünsə də ölürük. Filmlərimə faciə yox, reallıq desəniz daha ədalətli olar. 

– Son sual. Nə vaxtsa sizdən həyat dolu, pozitiv film görəcəyik?

– Söz verirəm. Mütləq. Baxın söz verdim. (Ucadan gülür)

                                                                                                                             Tərcümə edən: Şahin Xəlil
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)