Edebiyyat.az » Təqdimat » Məmməd Əmin Rəsulzadənin "Əsrimizin Siyavuşu" əsərinə ön sözü

Məmməd Əmin Rəsulzadənin "Əsrimizin Siyavuşu" əsərinə ön sözü

Məmməd Əmin Rəsulzadənin "Əsrimizin Siyavuşu" əsərinə ön sözü
Təqdimat
nemət
Müəllif:
22:49, 12 may 2019
1 955
0
Məmməd Əmin Rəsulzadənin "Əsrimizin Siyavuşu" əsərinə ön sözü


Milli Azərbaycan nəşriyyatının ikinci sayısını təşkil edən bu risaləmizin özünə məxsus bir macərası vardır. Bu macəra özü-özlüyündə bir mövzu təşkil etməklə birlikdə, əsrimizdə görülən həyəcan və təsirləri izah baxımından da diqqətə layiqdir.
“Əsrimizin Siyavuşu” müəyyən bir məqsədlə, vətənimizin, ictimai fikrimizin və inanışımızın düşmənlərinə qarşı xüsusi bir düşmənlik yaratmaq məqsədiylə, əvvəlcədən düşünülmüş bir əsər deyildir. Nəşriyyatımızın ilk sayısını təşkil edən “Azərbaycan Cümhuriyyəti”ni Türkiyənin mətbuat aləmində gördüyümüz bir əksikliyi qüdrətimiz daxilində ortadan qaldırmaq məqsədiylə, nəzərdə tutulmuş bir planla yazmışdıq. Halbuki “Əsrimizin Siyavuşu” belə bir müəyyən bir məqsəd və planla yazılmamışdır.

Biz onun necə yazıldığını, nə kimi şərtlər içində vücuda gəldiyini qısa da olsa, anlatsaq da, əsərin nə üçün və hansı hədəflə yazıldığını aydınlaşdıra bilməyəcəyimizi hiss edirik. Bunun üçün möhtərəm oxucularımızın icazəsi ilə macəra həyatımızdan bir qismini nəql edəlim:
Bolşevik istilası kədərli - ələmli bir fakt idi. Bir aya qədər Bakıda saxlandıqdan sonra, bir arkadaşla bərabər Bakını tərk etmiş, Gürcüstana keçmək üçün yola çıxmışdıq. Hadisələr və təsadüflər bizi bir çox dağları və dərələri gəzdirdikdən sonra Şamaxı qəzasında Lahıc adında tanınmış bir qəsəbədə saxlanmaq məcburiyyətində buraxmışdı.
Lahıcda bir vətəndaşın evində müsafir idik. Bu evdə kiçicik bir kitabxana vardı. Bir qismi farsca, bir qismi türkcə, bir qismi də rusca kitab və dərgilərdən ibarət olan bu kitabxananın, məncə ən diqqətə layiq cildi Firdovsinin “Şahnamə”si idi.
“Şahnamə”ni razılıq alıb oxumağa başladım. Şərqin ən böyük romantik əsəri o zaman çox həssas olan ruhumu istila etdi. Keçirdiyimiz macəralı həyatı şairanə bir surətdə, qarşılıqlı şəkildə yaşayan necə hekayələr, necə dastanlar, necə tiplər, necə fəlsəfələr vardı. Bunların yanında marağımı ən çox cəlb edən və ruhumun ən həssas nöqtələrinə qədər nüfuz edən bir hekayəydi: “Siyavuş” dastanını oxudum. Əvvəlcə aşina olduğum dastanı ilk dəfə oxuyurmuş kimi oldum. O qədər sevdim, o qədər anladım ki, bir daha təkrar etdim. Yüksəkdən oxudum. Arkadaşıma dinlətdim. Heç şübhə yoxdur ki, ilham almışdım. “Arkadaş, tariximizin Siyavuşunu dinlədin. İndi sənə əsrimizin Siyavuşunu yazacağam” – dedim.
O, buna, heyrət etmişdi. Hər saat və hər anda bir basqın təhlükəsinə məruz qaldığımız belə bir vəziyyətdə yazı yazılacağına inanmamışdı.
Fəqət mən başladım. Bir neçə səhifə yazmışdım ki, qaldığımız evi tədbir üçün dəyişmək lazım gəldi. Ikinci dəyişdiyimiz yer mənə çox uyğun gəlmişdi. Ehtimal ki, təqibdən bir müddət uzaq olmaq üçün bura daha sərfəli idi. Fəqət Lahıc dağlarının ən möhtəşəmi olan Nihala baxan gözəl mənzərəsi, Girdman çayının gecə ay işığında oxşayıcı axıntısı və yad gözündən uzaq olan kiçik bağçası ilə o, anda yaşadığım ruh halını kağız üzərinə tökmək üçün ən əlverişli şərtlərə malik idi.
Altıncı gün yenə yerimizi dəyişməyə məcbur olduq. Iki günlüyünə bizi başqa bir evə köçürtdülər. Burada sonuncu bölümün qaralamasını bitirdim.
Artıq Lahıcda qala bilmirdik. Evlərində müsafir olduğumuz vətəndaşların bir qismi qaralanmış, kənd ümumi gözətləmə təhdidi altında qalmışdı. Bir an əvvəl Lahıcı tərk etmək gərək idi. Boşa çıxan iki təşəbbüsdən sonra dağlıq sahədən enib ovalığa gəlmişdik. Keçdiyimiz kəndlərdən birisində qaralama halında olan “Siyavuş”un üzünü köçürtdüm. Təmizə çıxarılan nüsxəni qonağı olduğumuz kəndliyə verib, qaralamasını özümlə götürdüm. Qəzaya uğramayacağımızdan əmin ola bilməzdim. Tələf və ya yaxalanacağı təxmin olunan yanımdakı nüsxədən başqa digər nüsxəsi də olsun deyə bir tədbirə lüzum görmüşdüm. Burası arkadaşlarıma xitabən əlavə etdiyim vəsiyyətnamədə daha açıqca görülməkdədir. Qorxduğum bir əmr vaqe olmuş, bulunduğumuz yer təsadüfən kəşf edilmiş, evimiz basılaraq, həbs olunmuşduq.
Təslim olmazdan qabaq, yanımdakı nüsxəni təbii ki, tələf etmişdim.
Bir çox qəza və qədər keçirdikdən sonra Moskvaya aparıldım. Iki il mənfi bir həyat keçirdim. Bu iki il müddətində “Siyavuş”un ikinci nüsxəsinin əmanət verdiyim kəndlidə sağ-salamat qaldığına aid içıqca bir məlumat ala bilmədim. Nüsxə, arkadaşların da əlinə keçməmişdi. Kəndli, xəbərdarlıq etdiyimə görə kağızımı almadan kitabı kimsəyə verməyəcəyini anlatmışdı.
Iki illik mənfi həyatdan sonra daha az macəralı olmayan bir təşəbbüslə qurtularaq Finlandiyaya keçdim. Nəhayət, buraya (İstambul nəzərdə tutulur – M.Ə.) gəldim. Tam üç il sonra itirdiyimi buldum. “Əsrimizin Siyavuşu” bir çox müşkülat və macəralara məruz qaldıqdan sonra bolşevik çəpərini yararaq İstambula qədər gəlmiş, yazarının özünə aid üzüntüsünü yox etmişdir.
Arkadaşlardan bəziləri itirdiyim bu əsərə görə duyduğum üzüntünü gördüyü zaman, “madam ki, mövzu məlumunuzdur, yenidən yazarsınız” – deyə təsəlli verirdilər.
Ehtimal ki, bu mövzu yenidən yazıla bilərdi, fəqət o zamankı hal, ruh halı və vəziyyət bir daha geri gələməz. 1920-ci ildə Lahıcda qaçaq bir həyat yaşayan Əli Əhmədoğlunun*[1] əsəri ilə 1923-cü ildə İstambulda yaşayan Məhəmməd Əmin Rəsulzadənin əsəri arasındakı fərq aşkar olsa gərək.
“Əsrimizin Siyavuşu” Türklə başlayan iki tarixin də həzin bir vaqeə və hadisənin yanğılı bir ağısıdır. Yazılan vaqeədə iştirak etmış bir fərd sifətiylə və ətdən, qandan, sinirdən yaranmış bir canlı olmaqla hisslərinin təsirinə qapılmış, fəqət adı çəkilən şərtlər içərisində təsadüfən, bəlirli bir qayə güdmədən, o anda duyulan çox dərin bir təsiri hekayə edən bu əsərin səmimiyyəti, əlbəttə, inkar olunamaz. Təsadüf edilən qüsurların xoş niyyətli qarşılanması rica olunur.
Belə ki, əsər yazılarkən bir çox istiarə və misalları etibarı ilə Azərbaycan ədəbi mühitini nəzərə almışdır. Bu qədər macəraların sonunda özünü İstambulda nəşr etmək qismət olmuşdur. Bu qismət özünə bir şivə təshihi ilə bir bölük yaxın adamların əlavəsindən başqa itkiyə uğramamışdır.
“Siyavuş”, meydana gəlməsi ilə Lahıcdakı kitabxana sahibi, bizi bir ata kimi bəsləyən o sevimli ixtiyar və nəhayət, ölüm təhlükəsinə qarşı əmanəti şahid kimi göstərən o mərd kəndlilərə borcludur. Burada onlara mənən təşəkkür etməyi vəzifə sayıram. Bolşeviklərin qəhrinə məruz qalmasınlar deyə adlarını açıq göstərməmək zərurəti ilə üzgünəm. İnşaallah, onun da növbəsi gələr.
MƏMMƏD ƏMİN RƏSULZADƏ

“Millət yoludur, haq yoludur tutduğumuz yol
Ey haq, yaşa, ey sevgili millət, yaşa, var ol!” 
T.F.

Azərbaycan istiqlalı yolunda can verən şəhidlərin ruhuna ithafdır.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)