Edebiyyat.az » Təqdimat » Kitabıstan İsveçrə səfirliyi ilə birgə kitab hazırladı - Təqdimat

Kitabıstan İsveçrə səfirliyi ilə birgə kitab hazırladı - Təqdimat

Kitabıstan İsveçrə səfirliyi ilə birgə kitab hazırladı - Təqdimat
Təqdimat
Nicat Heşimzade
Müəllif:
12:04, 13 may 2019
2 041
0
Ötən ilin noyabr ayında "Finlandiyadan 100 sosial innovasiya" kitabını nəşr edən Kitabıstan nəşriyyatı bu dəfə İsveçrə haqqında yazılmış "İsveçrəliləri izləyin" kitabını təqdim etməyə hazırlaşır. Kitabın təqdimatı mayın 15-də saat 17.00-da İçərişəhərdə, İlyas Əfəndiyev küçəsində, "Sofia" hoteldə keçiriləcək.

Ön sözünün müəllifi İsveçrə Federal Məclis üzvü (2009-2017), İsveçrə Xarici İşlər Federal Departamentinin rəhbəri (2012-2017) Didye Burkxalter olan “İsveçrəliləri izləyin” kitabı dünyanın müxtəlif ölkələrindən olan müəlliflər tərəfindən qələmə alınıb. Kitab İsveçrənin inkişafından, mədəni, dini, irqi müxtəlifliyinə baxmayaraq, necə birləşdiyindən və öz bütövlüyünü necə qoruduğundan, İsveçrə federalizmi, birbaşa demokratiyası və bank sistemindən bəhs edir.

Kitabın Azərbaycan dilində tərcüməsinin ön sözünü isə Azərbaycan oxucusu üçün İsveçrə Konfederasiyasının Azərbaycan və Türkmənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Filip Ştalder qələmə alıb.

"Kitab azərbaycanlı oxuculara İsveçrəni, onun fərqli iqtisadi və siyasi sistemini yaxından tanımaq üçün unikal imkan yaradır" 


Kitabla bağlı Etatist.com-a danışan İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin attaşesi Mario Epp bildirib ki, bu kitab İsveçrəni, onun fərqli iqtisadi və siyasi sistemini yaxından tanımaq üçün unikal imkan yaradır:

“İsveçrə səfirliyi və Kitabıstan aprelin sonunda “İsveçrəliləri izləyin” kitabının Azərbaycan dilinə tərcüməsi və çapı birgə layihəsini başa çatdırıb. Kitab azərbaycanlı oxuculara İsveçrəni, onun fərqli iqtisadi və siyasi sistemini yaxından tanımaq üçün unikal imkan yaradır. 

Bu tərcümə ilə “İsveçrəliləri izləyin” kitabının redaktorları, Kitabıstan İsveçrənin Azərbaycanda daha yaxşı başa düşülməsinə töhfə verməyə xidmət edib və odur ki, İsveçrə səfirliyi iltifatla bu layihəyə dəstək verib.
“İsveçrəliləri izləyin” kitabının orijinalı 2015-ci ildə ingilis dilində İsveçrənin “Avenir Suisse” təşkilatı tərəfindən dərc edilib. Kitabda dünyanın dörd bir yanından isveçrəli olmayan şəxslər öz yazıları ilə çıxış edib. Bir sıra esselərdən ibarət olan kitab oxucuları onlara heç bir dərs vermədən problemin həllinə alternativ yanaşmalar barədə düşünməyə dəvət edir. İsveçrənin özəlliyi nədədir? Ölkənin güclü və zəif tərəfləri nədən ibarətdir? Ekspertlər qısa esselərlə bu suallara cavab verməyə çalışır”.

"Azərbaycana fayda vermək istəyiriksə, onu dünyanın möhtəşəm nümunələri ilə tanış etmək lazımdır" 



Hər zaman müxtəlif ölkələrin inkişaf metodlarını Azərbaycan oxucusu üçün təqdim edən Kitabıstan nəşriyyatının təsisçisi Şəhriyar Məcidzadə Etatist.com-a açıqlamasında bildirdi ki, bu Kitabıstanın sayca artıq 8-ci kitabıdır:

Sevinirik ki, dünyanın daha bir nümunəsini Azərbaycan insanına ən yüksək keyfiyyətdə və səviyyədə təqdim edə bilmişik. “İsveçrəliləri izləyin” kitabının əhəmiyyətinin iki əsas səbəbi var: 
1. Bu kitab İsveçrənin beyin mərkəzi olan “Avenir Suisse” tərəfindən ingilis dilində nəşr edilib. 
2. Bu kitabda yer alan məqalələri dünyanın bir çox ölkələrindən olan mütəxəssislər qələmə alıb. Xüsusilə qeyd etmək istəyirəm ki, bu məqalələrin müəllifləri sıradan insanlar deyil, müxtəlif ölkələrdən olan elmi dərəcəyə sahib dövlət adamları, iqtisadçılar, müxtəlif peşə üzrə ixtisaslaşmış şəxslərdir.



Həmişə düşünmüşəm ki, Azərbaycana fayda vermək istəyiriksə, onu dünyanın möhtəşəm nümunələri ilə tanış etmək lazımdır. Bu ənənəmizə sadiq qalaraq indiyə qədər hər ölkənin nailiyyətləri ilə bağlı kitablar tərcümə etmişik. İnsanlara yaradıcılıq, çalışma əzmi, alternativ yollar axtarmaq, motiv verici kitablar verməli olduğumuzu düşünmüşük. 

“İsveçrəliləri izləyin” kitabı İsveçrənin dövlət sistemini, iqtisadi, sosial nailiyyətlərini dərindən öyrənmək üçün əla fürsətdir və hər bir diqqətli oxucu bu kitabı əldə edib oxumalıdır. Biz bilməliyik ki, alternativləri öyrənmək imkanı problemlərdən yan keçmək, elmi tərəqqiyə yol açmaqdır. Elə bizim də istəyimiz budur. Hamıya tövsiyə edirəm ki, bu kitabı əldə edib oxusun. 

Bildiyiniz kimi İsveçrə neytral dövlətdir, Avropanın düz mərkəzində öz neytrallığını qoruyan, 200 ildən çox müharibə görməyən müxtəlif dinləri, dilləri, millətləri birgə yaşadıb, isveçrəli fərqi yaradıb bütün bunlara necə nail olduğunu sizə bu kitab açıqlayacaq. Mən bu kitabın ərsəyə gəlməsi üçün təklifimizi dəyərləndirən və kitabın Azərbaycan dilində nəşri üçün ön sözünü yazmaq təklifimizi qəbul etmiş, Azərbaycanın dostu İsveçrənin Azərbaycandakı səfiri olan cənab Filip Ştalderə, bizim dostumuz saydığımız Simona Haeberliyə və digər əməkdaşlara təşəkkürümü bildirirəm. Ümidvaram ki, cəmiyyətimiz üçün növbəti kitabımız faydalı olacaq. 
Bu arada, fürsətdən istifadə edib hər bir oxucumuzu may ayının 15-də İçərişəhərdə yerləşən “Sofia” hotelə dəvət edirəm. 

Kitablara insan taleyi qədər həssas yanaşmaq lazımdır. Ümid edirəm ki, Azərbaycanın ziyalıları, media mənsubları da bu çalışmaları izləyib əməyimizi qiymətləndirəcəklər". 

Qeyd edək ki, təqdimatda İsveçrə Konfederasiyasının Azərbaycan və Türkmənistan Respublikasındakı səfirinin müddəti bitdiyi üçün onu səfirliyin attaşesi cənab Mario Epp təmsil edəcək və oxucuların qarşısında nitq söyləyəcək. 

Onu da əlavə edək ki, “İsveçrəliləri izləyin” kitabının təqdimatı zamanı Azərbaycan Cümhuriyyətinin qarşıdan gələn 101 illiyi münasibətilə Kitabıstanın digər nəşrlərini 20 faiz endirimlə əldə edə biləcəksiniz.

Əlavə məlumat üçün BU LİNKƏ daxil ola və 070 537 21 84 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. 



etatist.com 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)