Nemət Mətin - Yaşar Bünyadın azan gəmilərinin limanı haqqında




 

  Çıraq niyə söndü?
 Mən onu küləkdən qorumaq üçün plaşımla üstünü örtdüm, – bax, buna görə də çıraq söndü.
 Çiçək niyə soldu? Mən onu acgözlüklə bağrıma basdım, – bax buna görə də çiçək soldu.
 İrmaq niyə qurudu? Mən onun qabağını kəsib gölməçə düzəltdim ki, işimə yarasın, – bax buna görə də irmaq qurudu.
 Rübabın simi niyə qırıldı? Mən ondan qüvvəsindən kənar səslər çıxarmaq istədim, – bax buna görə də sim qırıldı.  R.Taqor

   Qısaca roman barədə

 Yazıçı Yaşar Bünyadın "Azan gəmilər limanı" duman içindədir. Şüur axını məni, daha doğrusu fikrimi tez-tez kitabdan ayıraraq uzaqlara, Qismətin yaşadığı 90-cı illərə apardı. O illərdə mən hələ yenicə bu dünyaya göz açmışdım. İllər keçdikcə, o günləri, müharibəni, insanların aclığını, silahsız mübarizəsini çox eşidirdim  və oxuyurdum. Yaşar Bünyadın axıcı dili hadisələri daha rahat mənimsəməyə imkan yaradır. Baş obraz olan Qismətin ağır həyatının timsalında müharibədən yayınaraq Rusiyaya qaçmış bütün azərbaycanlıların keçirdiyi hissləri yazıçı  bizə göstərməyə çalışıb. Bir atanın uşağını müharibədən qorumaq üçün xaricə göndərməsi, həmin uşaqda yaratdığı psixoloji dəyişiklikləri cümlə-cümlə sezmək olur. Baş obraz atasının bu addımı ilə barışmır, onu ürəyində qınayır. Müharibədə şəhid olmağı, başqa ölkəyə qaçmaqdan üstün tutan Qismət Rusiyada keçirdiyi çətin günləri, qarşılaşdığı haqsızlıqları həzm edə bilmir. Qarşısına kim çıxırsa, onu aldadır, əlindəki olan-qalan pulu da ondan almağa çalışır və alır da. Əsərdə Qismətin həyatında iz buraxmış 3 dönəm oxucuya təqdim olunur. Məktəb illəri, ilk dəfə öpüşdüyü Sara adlı xanım və tənha qaldığı yad ölkədə keçirdiyi günlər. Yazıçının güclü müşahidə qabiliyyəti olmalıdır. Əsəri incələyəndə, kiçik detallara fikir verəndə bunu açıq-aşkar görmək olur.


 

 Romanda çatışmayan məqamlar. 

 Yaşar Bünyadı Tarantino ilə müqayisə etmək fikrim yoxdur. Çünki biri yazıçıdır, digəri isə rejissor. Hərçənd Tarantino filmi buraxıb kitab çıxartmağı da düşünür. Bu öz yerində. Amma gəlin bəzi anlara fikir verək. Yaşar Bünyadın romanında əsas ideya 20-ci səhifədə açılır. Gedişat maraqlı olsa da, oxucu vaxtından əvvəl baş verəcək hadisələri düşünə bilir. Tarantinonun filmlərində isə əsas fikir sonda açılır. Elə götürək sonuncu filmi olan " Bir dəfə Hollevudda" filmini. Yalnız filmin axırına yaxın bir epizodda nədən söhnət getdiyi ortaya çıxır. Bir qrup gənc maşında söhbət edirlər. Aktyorların onların həyatına vurduğu zərbələrə nifrət bəsləyirlər. Filmlərin onları azdırdığını bildirirlər və qərar gəlirlər ki, aktyorları öldürsünlər. Tragik komediya janrında çəkilmiş filmdə baş verən hər bir detal sonuncu səhnəyə köklənir. İzləyicini necə deyərlər tarımda saxlayır. Sona qədər baxmağa vadar edir. Hətta Markez də video müsahibəsində bildirir ki, mən baş obrazın əvvəldə öldürməyin tərəfdarıyam. Qoy oxucu sona qədər oxuyub kimin nə üçün öldürdüyünü tapsın. Qabriel bir növ dedektiv janrda roman yazmağın tərəfdarı olduğunu bildirir.  Romanın uğursuz sonluğu  Məncə roman tamamlanmamışdır. Qismətin qisməti, taleyi haradasa, bitməli idi. Baş obraz nə ölür, nə öldürür, nə də bir hadisə baş verir. Hətta ən zəif melodiyanın son pərdəsində belə sonluq hiss olunur. Roman isə bitmir. Bəlkə də yazıçı sonluğu oxucunun öhtəsinə buraxmaq istəyib.

 Romandan çıxarılış

 Əsər sanki "Miqrant" hekayəsinin tam versiyasıdır. Ümumiyyətlə Yaşar Bünyad azərbaycanlıların kənar ölkələrdə çəkdiyi əzabları görüb, eşidib və yaşadığı üçün daha təsirli təsvir edə bilir.  Romanda təbiət təsvirlər, mikroskopla görülən mikrohadisələr geniş göstərilir. Amma hər biri yerində göstərilib. Yəni vərəq doldurmaq üçün yazılmayıb.  Qismətin anası və atası tipik azərbaycanlı valideyn düşüncəsidir. Ana uşağına inanmır, onu tək buraxmaq istəmir. Ata isə onu Taqorun şeirindəki kimi qoruyaraq məhv edir. Öz övladına inanmaq, onu sərbəst buraxmaqdan başlayır. Yazıçı reallığı təsvir edir. 90-cı illər Azərbaycan insanlarının xalq olaraq düşdüyü ən ağır illərdir. Müharibə və ondan sonra müstəqillik. Tarixi boyu 23 ay müstəqil yaşayan bir xalq uzun müddət sonra yenidən müstəqil yaşamaq eşqi ilə meydana atılır. Amma uğursuz olur. Formalaşmaq üçün illər, bəlkə də bir əsr lazımdır.  

 Son söz əvəzi  

 İşlənməmiş mövzudan istifadə edərək roman yazmaq riskdir. Məncə ümumi planda Yaşar Bünyad bunun öhtəsindən gəlib. Müəllifin hadisədən hadisəyə rahat keçidlər edib. Cümlələri sadə və düşündürəndir. Hər kəsi bu əsəri oxumağa dəvət edirəm.



Baxılıb: 168
Səhv tapdınız? Mətni seçin (qaralayın) və Cntrl + Enter düyməsini sıxmaqla bizə bildirin!

Rəylər(1)

    Yazdı musa в 12:09, 16-avq-2019 Cavabla

    NEMƏT BƏY, ROMAN DA ƏLADI, SİZ DƏ GÖZƏL ŞƏRH ETMİSİNİZ. HƏR İKİNİZƏ UĞUR ARZULAYIRAM. MÜƏLLİFƏ TƏŞƏKKÜRÜMÜ ÇATDIRIN.KRASNODARDAN...

Rəy bildir

Son xəbərlər

Bütün xəbərləri göstər

Biz sosial şəbəkələrdə