Əli Bədirin şeirləri





 İstəyirəm gizlədəm səni gülüm,
 hamıdan.
 Eybi yox, tanıyanlar xəsis desinlər mənə
 Bilirsənmi sevdiyin necə gizlədir adam?
 Körpə bir uşaq kimi!
 Bəli, körpə bir uşaq.
 Körpə ovuclarına sığmasa da oyuncaq.
 O, gizlədir hamıdan xırda oyuncağını. 
 İstəmir sevdiyiylə kiminsə gülməyini,
 Ya da oynamağını.
 Köksünə basır hərdən oyuncağın başını
 Soruşmur millətini, soruşmayır yaşını.
 Körpə ürəyi safdır. 
 Saf sevgi belə olur.
 Ehh... yaşlanınca da insan üz solur, əllər solur.
 Nə dodaqda doğru söz, nə dildə bir həqiqət... 
 Yaşlandıqca əfsanə olurmuş saf məhəbbət.
 Onunçün bir uşaqtək sevmək istərəm səni 
 Amma həyat təzadlı.
 Sən də bir uşaq deyil,böyük görürsən məni.
 Dedilər böyüyüncə anlayarsız sevməyi
 Biz nəyi axtarırdıq? Ancaq itirdik nəyi?
 Hər şeyə uşaqdakı heyranlığı itirdik.
 "İnsan" adın qazandıq, insanlığı itirdik
 "Sən" böyüdü "Siz" oldu. 
 Uşaq kimi ürəkdən bir anlıq gülməyin də adı
 "Ədəbsiz" oldu.
 Heyf...çox heyf bitir burda bu söhbət ancaq. 
 Nə məndən uşaq olar, nə də səndən oyuncaq



Ala səni bu şəhərdən bir külək
 Suya həsrət dodaq kimi istəyə
 Hamı səni böyük kimi düşünə,
 Hamı səni uşaq kimi istəyə

 Bir qız ola kədərinə ağlayan
 Səni sevən, ürəyində saxlayan
 Ümidini son yağışa bağlayan
 Səhra kimi, quraq kimi istəyə

 Namə yaza arada bir Əzrayıl
 Nə var, nə yox, gəlim, yoxsa...? Və sair.
 Ürəyini açmaq üçün bir şair
 Gəzə səni, varağ kimi istəyə

 Ümidləri qırmayan bir gələcək
 İnsanlığın yaşadığı bir ürək
 Sinən üstə bitmək üçün bir çiçək
 Səni sulu torpaq kimi istəyə

 Bir ana ki, qəmdən qaşı çatılan
 Sənin üçün oda, suya atılan
 Nura həsrət iki gözü tutulan
 Oğlum deyə, çıraq kimi istəyə

 Nə suç ola, nə cəhənnəm, nə cənnət
 Nə din ola, nə bölgü, nə təriqət
 Bircə ola Allah adlı həqiqət
 Ölüm səni qonaq kimi istəyə
 Hamı səni böyük kimi düşünə 
 Hamı səni uşaq kimi istəyə.



 Yasamal parkındayam.
 Saat 18: 10-dur.
 Əlimdə "Ədəbiyyat qəzeti"
 Həftə sondur.
 Əyləşib skamyada oxuyuram arabir.
 Oxuduqca gözümə dərin yazılar dəyir.
 9-cu səhifədə Cahanxanım yazır ki:
 "Gedənlərin yuvası boş qalır"
 Həyata bax! Qalanların da  gözündə yaş qalır.
 Başımı qaldıranda bir tənha qoca gördüm.
 Mənimlə üzbəüzdə əyləşmişdi kədərli. 
 Onun dərdli olduğun gözlərindən bilirdim
 Əlində bir peraşki, gözləri qəm-qəhərli.
 İçməyə suyu da yox, öskürəkdən boğulur.
 Öhö...öhö... bir nəfəs və "yenidən doğulur".
 Ölmüşdü gözlərində qoca dünyanın eşqi 
 Ağrılı mənzərədir , şam yeməyi- peraşki.
 Unudulmuş bir qoca, bir peraşki, özü ac
 Qarnı bircə loxmaya, üzü gülüşə möhtac.
 Boş qalmışdı qəlbində kiminsə getdiyi yer.
 Boş qalmışdı gülüşün onu tərk etdiyi yer.
 İndi günlər gözünə tez-tez batan tikandır 
 Dünya bir təbəssümə ehtiyaclı məkandır. 
 İnsana yarananda iki şey vəd etdilər
 Bizə birin verdilər, birini gizlətdilər.
 Biri yaşamaq idi, kim az yaşadı, kim çox.
 Biri xoşbəxtlik idi, o da yaşayanda yox.
 O yedi peraşkisin, susuz bitirdi ancaq.
 Öhö... öhö... və getdi, yəqin ki, su tapacaq
 Mızıldandım dalıyca bunları ağır-ağır. 
 Bizə Günəş yoxsa da, yağışlar tez-tez yağır.


Baxılıb: 156
Səhv tapdınız? Mətni seçin (qaralayın) və Cntrl + Enter düyməsini sıxmaqla bizə bildirin!

Rəylər(0)

Rəy bildir