Edebiyyat.az » Proza » Ali Ahlas - Mənliyin xətası (hekayə)

Ali Ahlas - Mənliyin xətası (hekayə)

Ali Ahlas - Mənliyin xətası (hekayə)
Proza
admin
Müəllif:
22:19, 18 iyun 2020
98
0
Ali Ahlas - Mənliyin xətası (hekayə)




Bir bəhanə axtarar insan susmaq üçün. 
Dəfələrlə keçdiyi o yerləri yenə görərkən, içini qəfil bir kədər qaplayar. Nə qədər xətalar etmiş olsa da, yenə də təmizlənmək üçün bir ümid yeri axtarar insan. Daim bir yer axtarar dayanmadan. Mənliyində min-min xətalar olan adamların biri də özün imişsən, bunu anlayarsan. Onun ölümünü heç ağlıma da gətirə bilməzdim. O, hələ çox gənc idi. Həmin günü çox insan gəzmək üçün faytonuma minmişdi və doğrudan da yaxşı pul qazanmışdım o gün. Amma o qızla söhbətimdən sonra içimdə dolaşan çox qəribə hisslərin olduğunu sezdim. Qız faytonla gəzməyin qiymətini soruşdu məndən, ona qiyməti dedikdən sonra onun üzündə məyusluq ifadəsi gördüm. 
O, faytonla gəzməkdən imtina etdi və mən də yoluma davam etdim. İndiki dövrdə pul əsas şərtdi. Bugün işlərim yaxşı getsə də, sabah bu dəyişə bilərdi.
O gündən sonra onu birdə görmədim. 
Mən bir xəta etmişmiydim, ya yox? Bunu anlamırdım. İçimi didib-dağıdan əzablardan özümü qurtara bilmirdim.
Məni nə idi incidən? Mən o vaxt balaca qızımı aparıb yetimxanaya qoymuşdum.
Əvvəllər tez-tez getsəm də, sonralar bu vaxt kəsiyi uzandı və ən axırda da qızımla əlaqəm tamamilə kəsildi. Belə demək vicdana uyğunsa əgər, qızımla əlaqəmi özüm kəsdim. Arvadım öldükdən sonra tək yaşamaq dözülməz dərəcədə çətinləşmişdi. Gülnar ilə tanışlığım parkların birindən keçədək  olmuşdu. O, faytonu saxlatdırıb əyləşəyərək biraz gəzmək istədiyini söyləmişdi. Yol gedərkən müxtəlif mövzularda söhbətlər edirdi, dodaqları heç hərəkətsiz qalmırdı. Gülnarın qısa qara saçları, mavi gözləri və insana xoş gələn bir üzü vardı. Çox danışmağını nəzərə almasaq, gözəl bir qadın idi. O, faytondan enərkən sabah da həmin parka gəlib-gəlməyəcəyimi soruşdu.
Mənim işim bu olduğu üçün hər dəfə oradan keçdiyimi söylədim. Biz bir-birimizə əl verib görüş vaxtını təyin etdik. Həmin günün sabahısı yuxudan oyanar-oyanmaz bilmədiyim bir qüvvə məni parka tələsdirirdi. Gülnara olan sevgimin ilk baxışdan yarandığını qəlbimdə hiss etsəm də, hələ də o cümlələri dodaqlarımdan çölə çıxarıb qulaqlarıma eşitdirmirdim. İlk baxışdan birinə vurulmağın bir həqiqət olduğuna inanırdım. Günlər keçdikcə bu görüşlərimiz daha tez-tez olmağa başlamışdı. Arzu ilə yarıladığım sevgi ömrüm artıq geridə qalmışdı, bundan sonra isə Gülnarla birlikdə qalan ömrümü yaşayacaqdım. Gülnarın boşandığı ərindən olan oğlu vardı, mənimsə bir qızım. Gülnarla mən daha gənc olmadığımız üçün təntənəli bir toy eləmədik. Qızım Fidan, Gülnarı qəbul etməkdə çox çətinlik çəkirdi. Qızım xasiyyətcə sakit və dözümlü olsa da, anasının ölümü onu çox ağlatmışdı. Daha sonralar qızım məktəbdən çıxdıqdan sonra evə gec gəlməyə başlamışdı, sanki evdən bezmişdi o. Hey uzaqlaşmaq, bu evə bacaqdıqca az gəlmək idi onun qərarı. Məktəbdəki qiymətləri də pisləşmişdi artıq. Gülnar isə evə gələndən bəri qızla heç maraqlanmırdı. ilk vaxtlarda qız onunla soyuq bir tərzdə danışsa da, sonralar bu qısa danışıqlar da, yerini səssizliyə vermişdi. Gülnar Arifi sevib evlənmiş və bu evə gəlmişdi, amma onun qızını sevə bilməmişdi. Bir gün Gülnar Fidanın bu cür saymazyana hərəkətlərinə dözməyərək Arifə şikayətləndi. 
- Belə olmaz axı, mənim sözümü heç dinləmir, sən onu tənbeh elə.
Arif isə arada qalmış adamlar kimi, nə Gülnara bir söz deyirdi, nə də qızına.
- Fikir etmə, uşaqdı, düzələr zamanla.
Gülnar Arifin bu sözlərindən sonra daha heç nə demədi. Gülnar ortabab bir ailənin qızıydı və ilk evliliyindən doğulan oğlunu yetimxabaya atmışdı. O, tez-tez bu fikri Arifin beyninə salırdı ki, qızı bir uşaq evinə qoysun. Arif çox düşündü, çox götür-qoy etdi və sonda bu qərara gəldi ki, Fidan üçün ən yaxşısı elə uşaq evidir. Arif qızı Fidanı həmin günün səhəri aparıb uşaq evinə yerləşdirdi və həmişə onun yanına gələcəyini söylədi. 
Arif düzmü etmişdi ya yox, bunu özü də bilmirdi. Şəhərdə evə gec gələn qızların küçələrdə başlarına nə oyun gəldiyini də çox yaxşı anlayırdı. İndi Arif bu yad qızı düşünərkən, bir tərəfdən də öz qızı gözlərinin önünə gəlirdi. Fidan o zaman 15 yaşındaydı. Onun, anasınınkı kimi xurmayı saçları və qara, dərin məna daşıyan gözləri vardı. Görəsən, indi çoxmu dəyişilib qızım? Yada salmadığım, unutmaq istədiyim qızım.
Arifin gözləri dolmağa başlamışdı. Peşmanlıq canavarı Arifin ayaq izlərini izləyərək arxasından səssizcə gəlməkdəydi. Arifin o vaxtlar pulu yaxşıydı, hətta düzünü demək gərəkdirsə, onun pullarını, ikinci aldığı arvadı Gülnar bədxərclik edərək axırına çıxmışdı. Əllərində qalan bir tək evləriydi. Arif üçün bütün bunların bir tafavütü yox idi. O, xoşbəxt bir həyat sürmək istəyirdi, amma xoşbəxt bir həyatı illər öncə öz əllərilə dağıtdığını anlamamışdı. Atları da artıq özü kimi bədəncə zəifləmiş və heydən düşmüş bir haldaydı. O, bütün həyatını fayton üstə keçirmiş, qazandığı pullarla fərəhli günləri satın almağa çalışmışdı. İndiki həyatı isə tamam başqa bir məcraya düşmüşdü və beləcə də davam edirdi.
O, düşüncələrində gah keçmişin xoşbəxt anlarına gülümsəyir, gah da bugünkü həyatına heyifsilənirdi. Onu öz doğma qızından ayıran səbəb də, şeytani düşüncəydi elə bil. İndi onun beyni əvvəlki aydınlığına qayıdırdı, amma əvvəlki anlar daha qayıtmayacaqdı. Dünəni təqvimdə karandaşla qaralamasan da, o artıq keçmişin qaranlığında özünə çoxdan yer etmişdir.
Aradan illərin keçməsinə baxmayaraq, yaddaş insana nələrisə xatırladır. Arif faytonunu şəhərin yollarında sürür, faytona minib-düşən müştərilərin arxalarınca baxırdı. Həyatın mənası bu idimi? İşləmək, işləyib qazandığın pulları başqalarına verərək əvəzində nələrisə onlardan almaq, həmin o aldığın şeylərdə isə xoşbəxtlik aramaq. Dünya öz yerində, bizlərsə öz içimizdə dövr edən diləklərimizlə qoca bir ömrü başa vurmağa tələsirik. Qurduğumuz cümlələrlə, əslində biz böyük bir uyum içərisindəyik. Arif evə çatdığı zaman Gülnar jurnal masanın üstünə inicə oxuduğu bir jurnalı qoyaraq dilləndi.
- Bu gün müştəri çoxduydu, ya az?
- Yaxşıydı, şükürlər olsun.
- Mən dükandan evə gələrkən, yoldakı bir mağazanın şüşəsinə elan yapışdırmışdılar ki, işçi axtarılır. Sabahdan işə başlayıram orada.
- Bu iş haradan çıxdı? Gül kimi dolanışığımız var, nəyə gərəkdir indi bu əziyyət?
- Əziyyət deyil canım, lap məşğuliyyətdir. Evdə boş-boş oturmaqdan nə çıxar?
- Hər gün bir oyun çıxarırsan başıma.
- Yaxşı, sənin ac vaxtına düşüb deyə əsəbləşirsən, gözlə yemək gətirim bir tikə ye.
Arif əllərini yuyaraq gəlib masa arxasında əyləşdi. Biraz sonra Gülnar masaya yeməkləri düzüb keçib divanda oturdu. Evləndikləri gündən bəri, aralarında uşaq söhbəti etmirdilər. Gülnar uşaq saxlamağın əziyyətini heç sevməzdi. 
- Uşaqsız ev necə də səssizdir, adamın qulaqları kardır elə bil. - Arif bu sözü ortaya atdı. Gülnar sfərini turşudaraq dilləndi.
- Sənin uşaq istəməyinlə başa gəlmir bu işlər, böyüyənə kimi nə qədər əzab-əziyyəti var, bunları heç bilirsən? Mən ömrümü çürüdə bilmərəm.
- Əzabsız xoşbəxtlik olarmı heç?
- Burax bu ağıllı sözləri, faydası olan sözlər söylə heç olmasa.
- Eh, Gülnar, sən məni heç vaxt başa düşmədin.
Gülnar heç nə demədən yerindən qalxaraq öz otağına getdi. Arif yenə də yeməyi təkbaşına yeməyə başladı. 


Yenə də atlar yollarda ayaq döyməkdəydi. Arif isə xəyallarında, heç bitməyən arzularındaydı. Artıq günortadan keçmişdi. 
Bir neçə məhəllə aşağıda yaşayan nalbəndin yanına gedirdi o. 

- Hey, tez bura gəl, o gözden itənədək baxaq. Toyumuzda belə bir fayton gətirəcəyəm sənin üçün. Çox gözəldi hə? - başına köhnə papaq qoymuş, arıq bir oğlan, yanındakı qıza dedi.
- Hə, çox istərəm. Həqiqətən o çox gözəldi. 
Fidan və Bilal bir-birinin əllərindən möhkəmcə tutaraq fayton gözdən itənədək arxasınca baxdılar. Onlar küçələrdə bir-birini tapmış və sevmişdilər. Üst-başları dilənçidən seçilməsə də, onlar dilənçi deyildi. Bəlkə də o fayton bir çox insanın xəyalıydı, bir çoxlarınınsa peşmanlığı. İstəmədən unudanadək xatırlayacağı keçmiş bir həyatı. 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)