Edebiyyat.az » Təqdimat » Nemət Mətin - Ruh yüksəkliyi, müharibə və qəhrəmanlıq

Nemət Mətin - Ruh yüksəkliyi, müharibə və qəhrəmanlıq

Nemət Mətin - Ruh yüksəkliyi, müharibə və qəhrəmanlıq
Təqdimat
admin
Müəllif:
02:09, 01 oktyabr 2020
123
0
Nemət Mətin - Ruh yüksəkliyi, müharibə və qəhrəmanlıq







*Əgər biz sülh içində yaşamaq istəyiriksə, mütləq mübarizə aparmaq lazım gələcək. (Siseron)

 

 

 Altı-üstü qızıl olan ölkə fikirləşin. Yox, Eldarado kimi əfsanə deyil. İnsanları mehriban, böyük ürəkli, əliaçıq. Təbiəti gözəl, havası təmiz. Min cür naz-nemətlə dolu ölkə. Belə torpağa paxıllıq edənlər çox olur. Onu ələ keçirmək istəyənlər isə saysız-hesabsız...

 

 Bu günlərdə(25.09.2020 – 30.09.2020) xalqımızda böyük ruh yüksəlişi və mübarizə əzmi hiss olunur. Əsgərlərimiz aslan kimi düşməni məhv etdiyi zaman arxa cəbhədə baş verənlər tariximizin qızıl dövrüdür. İnsanlar hədsiz dərəcədə sevinir. Sevincindən ağlayır, gülür, rəqs edir, qucaqlaşır. Oğullarını müharibəyə yollayan analar ağlamır, əksinə övladına ürək-dirək verir. Düzdü, şəhidlərimiz də, yaralılarımız da var. Onlar isə vətənin fəxr ediləsi insanlarıdır. Onlar bu ölkənin sütunlarıdır.

 Azyaşlı uşaq gördüm atasını yola salırdı. Ana gördüm oğluna gedə-getdə sığal çəkirdi. Əsgərlərə yardım göndərən şirkətlər, ayrı-ayrı insanları tanıdım. Evdə müxtəlif növ yeməklər bişirib cəbhəyə göndərməyə çalışanları hələ demirəm. Yollarda su, siqaret, şirniyyat, mer-meyvə havayı düzülüb. Aptekin sahibi açarları həkimə verir ki, nə istəyirsən götür. İnsanlar pul atışaraq əsgərlər üçün tibbi ləvazimatlar alır. Qan vermə aksiyası bir gün deyildi başlamışdı. Artıq kifayət qədər yığıldığından aksiyanı dayandırdılar. On mindən çox insan könüllü olaraq müharibənin baş verdiyi yerlərə yollanmaq istəyir və rəsmi olaraq qeydiyyatdan keçir. Belə insanların birləşərək yaşadığı ölkəni necə sevməyəsən?

 

Bəlkə də borcundan çıxmadım,Vətən,
Ömür bahar deyil bir də qayıtsın.
Ölsəm də,qoynunda qoy ölüm ki,mən
 Çürüyüm bir ovuc torpağın artsın! (Musa Yaqub)

 

 Azərbaycan tarixi boyu bir müstəqil olanda belə parlayıb, bir də indi. Gələcək nəsillər bizimlə fəxr edəcək. Ağız dolusu danışacaqlar. Geriyə yol yoxdur. Yalnız irəli…

 “Sonuncu uçuş” adlı ikinci kitabımda üç vətənpərvərlik ruhunda hekayə var. Öncədən hiss edərək yazmışam. Otuz illik ayrılıq sona yetir. İnsanlar işğal olunmuş torpaqlarda olan evlərinin açarını itirməyiblər. İndilərdə sandıqdan çıxararaq təmizləyirlər. Ümid sonda ölür. Bu son deyil. Biz qalib gələcəyik. Artıq gəlirik…

 Necə oldu ki, xalqımız son on ildə belə ruh yüksəlişi yaşadı?

İlk öncə doxsanıncı ildən bu tərəfə müharibədə göstərilən qəhrəmanlıqlar unudulmadı. Azərbaycan Milli Qəhrəmanı Qatır Məmməd ləqəbli Yaqub Rzayev və oğlu. Oğlu şəhid olanda əsgərlərini yas yerinə buraxmayaraq deyir:

-Yas qadınların işidir. Biz, döyüşməliyik.

Üç gün Xocalıdan yaralı, şəhid çıxarırlar. Sağlam insanları da xilas edirlər. 

 Azərbaycan Milli Qəhrəmanı Vəzir Sediyev isə ermənilərə üç günlük matəm elan etdirib. Əfqanıstan döyüşlərindən medallarla qayıdan Vəzir Laçına yollanır. İyirmi səkkiz kilometr uzaqlığa mərmi atan topları ondan başqa heç kim quraşdıra bilmirdi. Məhz həmin toplarla düşmənin xeyli canlı qüvvəsini məhv edib.

 Qəhrəman adı verilməyən Qəhrəmanımız, Gəncə özünümüdafiə batalyonu yaradaraq düşmənlərə qan udduran döyüşçü Mehman Ələkbərov. Dəstəsi ilə düşmənin “Arabo” batalyonunun 170-dən çox canlı qüvvəsini məhv etmişdir. Üç günlük matəm elan edən düşmən Mühmanın başı üçün altı milyon pul kəsmişdi. Döyüşlərdə xeyli yaralansa da yenidən döyüşə qayıdırdı…

 Azərbaycanın ilk on bir qəhrəmanından biri Yusif Əliyev. Ona sən döyüşə getmə, uşaən var deyəndə hirslənib cavab vermişdi:

-Sən getmə, mən getməyim, bəs kim qoruyacaq torpaqları?

Allahverdi Bağırov isə əsgərləri ilə danışanda qızıla bərabər cümlələr söyləmişdi:

-Erməni kəndlərini talayan olsa özüm güllələyəcəyəm.

 Azərbaycan əsgəri heç vaxt dinc əhaliyə toxunmayıb. Düşmən isə ən alçaq yola əl ataraq şüurlu şəkildə kəndlərə atəş açıb və açır. Düşmənin qeyrətsizini işğal etdiyi torpaqlardan iti qovan kimi qovmaq gərəkdir.

 Nişan günündə şəhidlik zirvəsinə ucalan Milli Qəhrəmanımız Bəhruz Mansurovun məktəbdə, daha doğrusu ədəbiyyat dərsində Hamletin monoloqunu ürəkdən söyləyərdi. “Olum, ya ölüm”

 

Ayağa dur, Azərbaycan!

Bunu bizə zaman deyir,

Məzarından baş qaldıran baban deyir!

Nər oğlu nər, səninləyəm!

Səninləyəm, silah tutan,

Külüng tutan, yaba tutan,

Kösöy tutan, nişanlı ər, səninləyəm! (Məmməd Araz)

 

Ülfət Kərimov. Ömründə bir dəfə kameraya tuş gələn Qəhrəman deyir:

-Nə deyə bilərəm ki?! Azərbaycanın qeyrətli oğullarını yanımıza, ön cəbhəyə çağırırıq.

 

İnstitutu ataraq könüllü müharibəyə yollanan igid liderlik xüsusiyyətlərinə görə komandir seçilib. Təkbaşına postları dağıdır, canlı qüvvəni məhv edirdi. 

 

Əliyar Əliyev, Milli Qəhrəmanımız qorxu bilməyən insan idi. Döyüş yoldaşının sözünə görə bir dəfə Əliyar səngərdən tullanaraq düşmən səngərinə qaçır. Əsgərlər də arxasınca. Əliyar səngərə düşən kimi bir neçə düşmənin boynunu sındıraraq öldürür. Hər şey elə sürətlə baş verir ki, düşmən snayperi onları görsə də atəş açmır. Yerində donub qalır. Bir neçə dəqiqəyə postu ələ keçirirlər. 

 Siyahını çox uzatmaq olar. Ümumi götürəndə xalqın döyüşkən ruhu sarsılmazdır. Hər cür qəhrəmanlıq nümunələri var. Torpaqlarımız işğal olunandan sonra durğunluq dövrü başladı. 2010-cu ilə qədər belə davam etdi. Məhz həmin il Azərbaycan Milli Qəhrəmanı Mübariz İbrahimovun ağlasığmaz qəhrəmanlığı nəticəsində insanlarımız qış yuxusundan ayıldı sanki. Ondan sonra ardı-arası kəsilməyən hadisələr baş verdi. Mübariz bizə yuxulayan gücümüzü qaytardı. Aprel döyüşlərində əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıqlar haqqında ayrıca kitab yazmaq olar. Polad Həşimov və digər döyüşən insanları itirəndə isə xalqın əsəbi tarıma çəkildi. Bu son hədd idi. Sözümü ona gətirirəm ki, heç nə birdən olmur. Dalğa getdikcə böyüdü və sunamiyə çevrildi…

 Hər bir azərbaycanlı qızıl tarixin yazıldığı zaman kəsiyində doğulduğu üçün sevinməlidir. Qələbə hər ildə, hər onillikdə, hər yüzillikdə olmur. İşğal olunmuş torpaqlarımınız hər qarışı azad olunandan sonra bir-birimizi təbrik edəcəyik. Yaşasın Azərbaycan!

 

 

 

 

 

 

  

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)