Nəcəf Əsgərzadə - İtirilmiş məkanın melodiyasını axtararkən
İtirilmiş məkanın melodiyasını axtararkən
Filmin adı: Məkanın Melodiyası
Rejissor: Hüseyn Mehdiyev
Ssenari müəllifləri: Ramiz Rövşən, Hüseyn Mehdiyev
Yaşadığımız məkanı itirdiyimiz zaman boşluğa düşürük. Yaşadığımız zaman sadəcə indi yaşadığımız vaxt və yer ilə məhdudlaşmır və məhdudlaşmamalıdır da. Yaşadığımız məkan keçmiş, indi, gələcək zaman da ola bilər. Elə insanlar var ki, sadəcə bədəni indiki dövrdə yaşayır. Ruhu isə keçmişə ilişib qalıb. Elə insanlar var ki, bədəni indiki məkanda olsa da, ruhu gələcəyə doğru pərvazlanır. Bəs bədəni və ruhu indiki məkanda olan heç bir nəfər belə yoxmu?
Hə birdə yaşadığımız anlar vardır. Həmin anlar bəlkəm də yaşamağımız üçün əsas səbəbdir. Keçmişə aid olan anların nostalgiyasıyla yaşayırıqsa, hər daim həmin anları təravətini, rənglərini, melodiyasını yada salırıqsa biz keçmişin övladlarıyıq deməli.
Keçmişi unutduğumuz an yaşadığımız məkanı da, onun melodiyasını da itirmiş oluruq. 80 yaşına çatmış Murad kişi yaşadığı məkanın melodiyasını itirir. Həmin melodiyanı yada salıb xatırladıqca ona hakim kəsilən mişar səslərini heç cür özündən uzaqlaşdıra bilmir. Orkestrda violençel alətində ifa edən qocanın yaşadığı vəziyyəti ətrafında anlayacaq bir nəfər belə yoxdur. Arvadını illər əvvəl itirən, tək yaşayan kişinin evinə sadəcə qızı və nəvələri gəlib gedir. Heç nəyə fikir verməyən qocanın tək dərdi itirdiyi məkanın melodiyasını axtarıb tapmaqdır. Dərsdə şagirdlərinə hər şeyi öyrəndiyi deyən kişi uşaqlara ilk başda qulaqlara yad gələn məkanın melodiyası haqqında danışır. Musiqi təkcə istedad məsələsi deyil. Musiqi hiss etmək deməkdir. İnsanları və onların keçirdiyi duyğularını, təbiət və küləklə o tərəf-bu tərəfə yırğalanan yarpaqların hərəkətini hiss etmək. Məsələ budur.
Mel odiyanı bərpa etmək. Keçmişi qaytarmaq yoxsa keçmişə qayıtmaq? Və ya keçmişi indiyə gətirmək. Hansı mümkündür? Verdiyi qərarın altında əzilən, özünü sənətə adayaraq baş qaldırmış bilinməyən peşmançılıq hissini qapamaq çabası. Qırılmış keçmişin izlərini tapa bilməmək. Melodiyanı itirərək yaşadığı anları bütövlüklə itirmək qorxusu.
Özünü öldürmək fikri ilə qarşılaşdığı başqa insanın həyatını qurtarmaq kimi paradoksların baş verdiyi həyatın möcüzəvi melodiyası içindəsində sakitliyə qovuşmaq cəhdi. Keçmişdə də iki qadın arasında ilişib qalan Muradın vəziyyəti keçmişə nəzərən heç də dəyişmir. Keçmişdə olduğu kimi qızı ilə gecə küçədə tanış olduğu, bu gün rəqs dərsində ötəri gördüyü Rəna arasında qalan və qızından fərqli olaraq onu anlayan, onun dərdinə şərik çıxan yad bir qıza duyduğu hisslər həyatın melodiyavari əsrarəngizliyidir. İllərdi atasının hər işinə kömək edən, yaşadığı evin işini görən qızı atasının daxili aləminə heç vəchlə girə bilmir. Buz kimi bərk və soyuq olan Gülya atasının hər daim yanında olmasına baxmayaraq ona neçə kilometrlərcə uzaqdadır.
Sevmədiyi qadın ilə evlənən və bir gün əsl sevgisini tapdığını düşünən Murad tərəddüd edir. Geridə arvadı və üç uşağını tərk edərək məhəbbətinin arxasınca qaçmağa güc tapa bilmir. Çünki uşaqlar artıq onun əllərini və ayaqlarını gələcəyə doğru gedəcək yerdə indiyə ilişdirib saxlayıblar. Məkanın sakitlik böhranı getdikcə uzanır. Melodiyaların səsi də batır və eşildirmir. Geriyə bizim üçün anlaşılması çətin olan mişar səslərinin qırıq-qırıq uzantısı qalır.
Gülya keçmişindəki, atasının xatırlaya bilmədiyi məkanı, onun sevdiyi qadını xatırlayır, amma bu xatırlama daha çox çirkin şəkildə özünü göstərir. Atasını anasından ayıran, onların xoşbəxtlik anlarına kölgə salmaq istəyən bir qadını, atasının ürəkdən sevdiyi qızı yaddaşının uzaq bir qismində saxlayır. Amma həmin melodiyanı xatırlamayan Gülya məkanın melodiyasından, həyatın melodiyasından, keçmişin melodiyasından xəbərsiz şəkildə böyüyür. Gülyadan fərqli olaraq Rəna həyatın melodiyasını qavrayır. Onun ilə rəqs etməyə başlayır. Təbiət ilə harmoniya yaradır. Əşyalar ilə tarazlığı bərpa edir. Ən əsası isə tanış olduğu Murad kişiyə keçmişin qırılmış tellərini yapışdırmağa, unutduğu qəmgin, qüssə dolu xatirələri yenidən bərpa etməyə nail olur.
İtirdiyi melodiyanı yenidən tapan qoca yaşadığı məkanı büsbütün təzədən kadr-kadr, epizod-epizod yaradır. Və əbədiyyən həmin məkanda qalıb yaşayır.
Müəllif: Nəcəf Əsgərzadə