Mən də ölülərin" Xalq Şairiyəm " TELMAN HÜSEYN - 85
“Mən də ölülərin Xalq şairiyəm” -Telman Hüseyn - 85
1. Telman müəllim, 85 illik yubileyiniz münasibətilə sizi təbrik edirəm. Bu 85 ildə həyatın ağrı-acıları üz cizgilərinizə həkk olunub. Telman Hüseyn bu səksən beş ili necə qiymətləndirir?
Çox doğru dediniz. Yaşıma görə həddən artıq ağrı-acı yaşamışam. Mən sanki İkinci Dünya müharibəsi ilə bir doğulmuşam. 1941–1945-ci illərdə çox əzablar, əziyyətlər çəkmişəm. Sonralar şeirə, sənətə marağımın oyanmasında nənəm Şəkərin rolu böyük olub. Nənəm Aşıq Alının bacısı Pərinin nəvəsi idi. Şeir süzülüb o kökdən gəlmişdi. Axşam-səhər nənəmdən bayatılar, holavarlar, sayaçı sözlər eşitmişəm.
2. Telman Hüseyn necə oldu ki, Bakıdan əyalətə gəldi?
Bir müddət Bakıda yaşadım, yazdım, yaratdım. Təkcə Səməd Vurğunu görmək qismət olmadı. Abdulla Şaiqi görmək isə həyatımın ən unudulmaz anlarından biri idi. Nəriman Həsənzadənin, Söhrab Tahirin, Məmməd Arazın qayğısını görmüşəm. Sonra tale elə gətirdi ki, rayona gəldim, gözdən-könüldən uzaq qaldım. Qırx il müəllim işlədim. Balalarımıza mübtəda-xəbərlə yanaşı, vətənpərvərlik dərsi də vermişəm.
3. Azərbaycan dili poeziyaya ən yaxın, axıcı dillərdən biri sayılır. Bəs niyə şair və yazıçılarımızı dünya ədəbiyyatına çıxara bilmədik?
Bizdə son dövrlərdə “mohikan” yazıçılarımız oldu. Sonuncusu İsa Muğanna idi. Amma ona da lazımi dəyəri verə bilmədik. Məncə, millətin bütövlüyü olsa, hər şeyə nail olmaq olar. Bu gün sadəcə olaraq bizim səsimizi eşitmirlər. Amerikanın orta səviyyəli yazıçısına Nobel verirlər. Günah yazıçılarda deyil — səsimizi dünyaya çatdıran yoxdur.
4. İkinci Dünya müharibəsi yaddaşınızda necə qalıb?
Qırx birdə olanlar şairdi, atam,
Çünki əzab görüb, dərd görübdülər.
Qırx birinci illəri təkcə şairlər yox, şair olmayan analar, nənələr də yaşadı — onlar da bayatı deyirdi. Mənim atam da savaşa getmişdi. Birinin oğlu, birinin əri, birinin nişanlısı cəbhəyə yollanmışdı. Bayatılar, şeirlər ağrı və acı şəraitində yaranırdı.
5. Dədə Telman üçün yaşam və ölüm nə anlam kəsb edir?
Bir gün də yaşasan, işıqlı dünyadasan. O biri dünya qaranlıqdı, orda heç nə yoxdu, vallah. Mən ateist də deyiləm. Cənnət də, cəhənnəm də elə burdadır. Yaşamaq da burdadır. Adam gərək ağılla yaşasın. Paxıllıq, xainlik edən insanlar özlərini içəridən məhv edirlər.
Mən bəzən qəbiristanlığa gedir, ölənlərin ruhuna şeir oxuyuram. Baxırsan, dünən məndən şeir istəyən bu gün məni eşitmir.Gedib onların ruhuna şeir oxumuşam. Deyirlər ki, sənin şair dostların Xalq şairi oldu. Mən də dedim: mən də Xalq şairiyəm…
MƏZARLIQDA ŞEİR GECƏSİ
Görüşdük sözümün şam işığında,
Ay burda yatanlar, ömür keçəndi.
Bu gecə sizinlə söz görüşümdü,
Bu gecə sizinlə şeir gecəmdi .
Dərd tüğyan edəndə söz köməyə gəlir,
Qardaş əvəzinə, ata yerinə.
Mənim də əlimdən söz demək gəlir,
Sizə şeir oxudum fatihə yerinə.
Ay vaxtsız köçənlər, vaxta nə deyim,
Yazmışdım, oxudum sizə şeirimi.
Nakam ömrünüzə həsr elədiyim —
Sevgidən yazdığım təzə şeirimi.
Bu dünya qaranlıq, o dünya işıq,
Sinəmdə ürəyim atım-atımdı.
Alqış elədiniz sükut qarışıq,
Bu mənim şairlik mükafatımdı.
Dirilər haqqımı bilməyib orda,
Orda sözlərimə şəkk olunubdu.
Burda məzar-məzar baş daşınıza,
Mənim şeirlərim həkk olunubdu
Alnımdan axmayıb xəcalət təri,
Dostlarım bilir ki, haqq şairiyəm.
Çoxdu dirilərin xalq şairləri,
Mən də ölülərin xalq şairiyəm.
Səmada buludlar qalından qalın,
Salır damcısını üstümə tək-tək.
Hələlik, hələlik, salamat qalın,
Sizinlə yenidən görüşənədək.
6. “Xoxan apardı” şeiri sanki sizin pasportunuzdur. Bəs cəmiyyətimiz bu xoxanlardan nə zaman təmizlənəcək?
Qırx bir müharibəsi zamanı kişilər savaşa getdi, aclıq oldu. Uşaqlar ac qalır, gecələr yatmırdı. Analar bizi Xoxanla qorxudurdu: “Yatmasan, Xoxan səni aparacaq.” Bəsti xala vardı, soruşurdum: “Xoxan nədir?”
Deyirdi: “Qarnı haşal, eni beş metr, uşaq ağlayanda pəncərədən gəlir.” O vaxt Xoxan bir məfhum idi. Amma yaşadıqca canlı xoxanlar gördüm…
7. Telman Hüseyn ədəbiyyatda ürəyincə dəyər gördümü? Hansı arzularınız gerçəkləşmədi?
Bilirsiniz, insanın taleyi də rol oynayır. Mən taleyə, bəxtə inanıram. Hələ arzularımın onda birinə də çatmamışam.
Anama yazdığım şeirdə belə deyirəm:
Bəxtimin rəngindən bilmişəm, anam,
Sən məni şər vaxtı, gecə doğmusan.
Bu boyda əzabı, bu boyda dərdi,
Bu boyda ağrını necə doğmusan?..
Söhbətləşdi ; Nicat Hunalp
