Rövşən Yerfidən iki esse
Yadlara qul, doğmalara düşmənik...
(kiçik esse)
Böyük Sabir demişkən: Yadlara qul, doğmalara düşmənik. Niyə bizə daim özgələr şirin gəlir? Özgənin gəliri, qadını, dili üçün əriyirik, ürəyimiz gedir... Nədəndir? Hərisliyimizdən, içimizin boşluğundan, Allahı saymayıb, şeytana əyilməyimizdən – hansındandır?
Axı, yadların malla, qadınla, dilini sarımaqla bizi özümüzdən almaq, özgələşdirmək, özününkü etmək məqsədini görmək, anlamaq belə çətindirmi?..
Niyə qonaqpərvərliyimizlə öyünüb, özümüzə isə önəm, qiymət verməyib, bunu da başqalarından gözləyirik, varlığımızı ucuz tuturuq...
Səbəb çoxumuzun cibini və mədəsini şəxsiyyətindən, millətindən artıq sevməsidir. Ona görə də əsrlərdir bizdən olmayanlara qarşı nə qədər xoş, əməl-saleh olsaq da “barakallah”dan, “malades”dən, “bravo”dan, ordendən-medaldan qeyri alacağımız dəyər olmayıb, olmayacaq da... Əksərən sonumuz aşağılanmaq olub.
Yatırılan maaliyyələrə, verilən vəzifələrə, mükafatlara, yaradılan imkanlara şirniklənib, tamahsılanıb – inkişaf, müasirlik adı altında mənəiyyatımıza, ruhumuza yeridilən aşınma təbliğatının acı nəticələrinə laqeyd qalaraq - onu, bunu, kimsəni, qloballaşmanı bəhanə etmək lazım deyil. Bəs bizim öz ağlımız, düşüncəmiz, mənliyimiz haradadır? Yoxdurmu?.. Əgər imperialistlər desələr ki, dəb belədir - əxlaqı unudun, robot olun, manqurt olun – olacayıqmı?..
Özünə, haqqına, dilinə hörmət qoymayanları, qarnı, vəzifəsi üçün yaşayanları heç zaman kənar kimsə ciddi qəbul etməz, millət saymaz, aşağı gözlə baxıb, həmişə ondan istifadəyə, hüququnu əlindən almağa çalışarlar – tarix boyu belə olub...
10.2024
“Sertifikasiya”
Daha adamları heç nə heyrətləndirmir: ağlagəlməz, anidən baş verən ölümlər, hər gün -intiharlar, amansız qətllər, böyük oğurluqlar, dəbə dönmüş boşanmalar, alınan rüşvətlər, efirlərdə danışılan yalanlar, bambılı aparıcılar, qurama davalı proqramlar, soyunub lütlənmələr, təzə mavilər, köhnə kurtizankalar, sevgili aşnalar, bahalı eskodlar, pullu həcilər, Elzanın bəzəkli, tikili şeirləri...
Daha adamları heç nə təəccübləndirmir: milyonlarla yeyintilər, dərəbəylik, “get kimə istəyirsən de” cəzasızlığı, yarıçılpaq xalq artistləri, professorların, generalların sayı, vəzifə qohumluğu, təyinatlı seçkilər...
Hər şey adiləşib, adidən adi olub, keçmiş önəmi, dəyəri itib, qeyri-adi heç nə qalmayıb. Görəndə, eşidəndə artıq düşünürsən ki, hə, nə olsun...
Vicdan olmayanda imkan gücə, güc də özbaşınalığa çevrilir. Daha heç nə “diksindirmir” pul yığanları, hər yerdə pul yığırlar – doğum evindən qəbiristanlığadək. Allahdan da qorxan yoxdur, ümidlərini bağlayıblar Şeytana, kimsəni saymayırlar...
Neynim, daha mən də illərlə olanlara öyrəşib alışıram, vərdiş alıram Allahın ömrümü imtahan, sınaq adıyla Şeytanın ixtiyarına verməsinə...
Demək, bütün günahların səbəbkarı olan Şeytan axirət üçün İNSANI sertifikasiyadan keçirir, seçim edir atəşində yandırmağa...
Sədarəti isə onun bu xidməti tam qane edir, sınağın suallarına, qaydalarına qarşı etirazlara məhəl qoymur, belə də, olmalı imiş kimi...
04.2025
