Edebiyyat.az » Ədəbi tənqid » Ziqmund Freyd - Biz və ölüm

Ziqmund Freyd - Biz və ölüm

Ziqmund Freyd - Biz və ölüm
Ədəbi tənqid
nemət
Müəllif:
22:56, 29 fevral 2020
1 667
0
Ziqmund Freyd - Biz və ölüm




Möhtərəm sədrlər və əziz qardaşlar!
Rica edirəm, düşünməyin ki, hesabatıma bu cür vahiməli bir adı fitnəkarlığım səbəbindən vermişəm. Bilirəm ki, bir çox insanlar ölüm haqqında, ümumiyyətlə eşitmək istəmirlər, ola bilər ki, sizin də aranızda belələri var və mən onları, heç bir halda bir saat ərzində əziyyət çəkəcəkləri bu iclasa məcburi toplamaq istəməzdim. Bundan əlavə, hesabatımın digər hissəsini də dəyişdirə bilərdim. Hesabat “Biz və ölüm” əvəzinə “Biz, yəhudilər və ölüm” də adlana bilərdi, belə ki, ölümə münasibətin sizinlə danışmaq istədiyim forması ən müntəzəm və parlaq şəkildə məhz bizlərdə – yəhudilərdə özünü biruzə verir.
Bundan əlavə, bu mövzunu seçməyimə nələrin səbəb olduğunu siz asanlıqla təsəvvür edəcəksiniz. Bu, dövrümüzdə qəzəb saçan və bizə həyata yönəlməyə imkan verməyən ardıcıl müharibələrdir. Mən qeyd etmişəm ki, mənə görə bizə təsir göstərən və çaşdıran məqamlardan ilki ölümə qarşı münasibətimizin dəyişməsidir.
Hal-hazırda sizlərin ölümə qarşı münasibəti necədir? Məncə, bu təəccüb doğurmağa layiqdir. Ümumən, biz özümüzü ölümü həyatdan ixtisar etmək istəyirmiş kimi aparırıq; biz, necə deyərlər, ona münasibətdə məzar sükutunu saxlamağa çalışırıq, biz onun haqqında ölüm kimi düşünürük!
Əlbəttə, biz bu tendensiyaya maneəsiz əməl edə bilmərik. Axı ölüm daim özünü xatırladır. Və bu an biz dərin sarsıntı keçiririk, sanki nə isə fövqəladə bir şey qəfildən təhlükəsizliyimizi pərişan edir. Biz deyirik – “Dəhşət!”- cəsur pilot və ya alpinist yerə çırpılanda, yanğın zamanı fabrikdə iyirmiyə yaxın cavan işçi həlak olanda və ya hətta, göyərtəsində bir neçə yüz sərnişin daşıyan gəmi suyun dibinə yuvarlananda. Xüsusi təəssüratı bizə tanışlarımızdan birisinin ölümü bağışlayır; əgər tanıdığımız N. və ya onun qardaşı həyatdan köçürsə biz hətta dəfndə də iştirak edirik. Lakin heç kəs bizim hərəkətlərimizdən yola çıxaraq, ölümü labüdlük kimi qəbul etdiyimiz və təbiət tərəfindən ölümə məhkum edildiyimizə qəti əmin olduğumuz qənaətinə gələ bilməz. Əksinə hər dəfəsində bu labüdlüyü təsadüfə çevirən izahlar axtarıb tapırıq. Birisi öldü çünki ağciyərin infeksion iltihabı xəstəliyinə tutulmuşdu – burada heç bir labüdlük yoxdur; başqa birisi artıq uzun müddətdir ki, xəstə idi, sadəcə bu haqda bilmirdi; üçüncü isə çox qoca idi və əldən düşmüşdü. Məsələ bizə – yəhudilərə çatanda, düşünmək olar ki, hələ heç bir yəhudi təbii səbəblərdən ölməyib. Ən pis halda, həkim sağalda bilmədi, yoxsa bu günə qədər yaşayacaqdı. Biz, həqiqətən hesab edirik ki, əvvəl-axır hamımız öləcəyik, ancaq bu “əvvəl-axır”ı hüdudsuz uzaqlara qədər itələyə bilirik. Yəhudidən soruşanda ki, sizin neçə yaşınız var, gülərüz cavab verir: “Yüz iyirmi yaşıma altmış il qalıb!”.
Məlumunuz olduğu kimi, təmsil etdiyim psixoanalitik məktəb cürət göstərib iddia edir ki, biz – bizlərdən hər birimiz – qəlbimizin dərinliyində öz ölümümüzə inanmırıq. Biz sadəcə bunu təsəvvür etmək gücündə deyilik. Qeyd edə bilərik ki, ölümdən sonra hər şeyin necə olacağı, kimlərin bizim arxamızda göz yaşı tökəcəyi və s. kimi anlama cəhdlərimizdə biz özümüz, mahiyyətcə izləyici qismində iştirak etməyə davam edirik. Həqiqətən də ayrıca götürülmüş bir insanın özünün ölümlü olması fikrinə nüfuz etməsi çox çətindir. O, yekun təcrübədən keçmək imkanını əldə etdikdə, artıq bütün arqumentlərə qapalı olur.
Yalnız rəhmsiz və bəd əməl insan başqasının ölümünü gözləyər və ya bu haqda düşünər. Bizim kimi rəhmdil, xeyirxah insanlar bu cür fikirlərə müqavimət göstərir, xüsusilə əgər bir insanın ölümü bizə mənfəət – azadlıq, mövqe, təhlükəsizlik – gətirirsə. Yox əgər bununla belə, həmin digər şəxs ölürsə, biz az qalsın, ona qeyri-adi bir işi bacarmış qəhrəmanmış kimi heyran oluruq. Əgər onunla ədavətimiz vardısa, indi barışır və artıq tənqid etmirik. Ölülər haqqında gərək yaxşı danışasan, ya da heç danışmayasan, biz məmnuniyyətlə onların məzardaşlarında etibarsız tərif yazılarının cızılmasına imkan yaradırıq. Amma əzizlərimizdən kimlərsə – valideynlərimiz, ər və ya arvad, qardaş, bacı, övlad, dost – ölümə düçar olarsa, biz tamam müdafiəsiz qalırıq. Onlarla birgə ümidlərimizi, iddialarımızı, sevincimizi torpağa gömür, təsəllini rədd edir, itkimizi əvəzləməyi arzulamırıq. Sevdiyi ilə birgə ölümü seçən Azra irqindən insanlar kimi hərəkət edirik.
Lakin ölümə qarşı belə münasibət həyatımızda dərin iz buraxmış olur. Həyat tükənir, ləkələnir. Emosional bağlarımız, kədərimizin dözülməz intensivliyi bizləri təhlükədən qaçmağa meylli, özümüzü və yaxınlarımızı təhdid edən qorxağa çevirir. Biz hava uçuşları, uzaq ölkələrə ekspedisiya, partlayıcı maddələrlə təcrübə kimi, həqiqətən, zəruri avantür oyunlar çıxartmağa cürət etmirik. Bizə bədbəxt hadisə baş verəcəyi halda anaya oğulu, arvada əri, övlada atanı kimin əvəz edəcəyi fikirləri zülm edir – bu arada, bütün o avantüralar lazımlıdır. Qanzanın şüarı sizə məlumdur: “Navigare necesse est, vivere non necesse” (“Üzməyə məcburuq, yaşamağa isə yox”). Bunu yəhudi lətifəsi ilə müqayisə edin: uşaq nərdivandan yıxılır, ana kömək və tövsiyə üçün ravvinin yanına qaçır. “İzah edin, – ravvin soruşur, – necə oldu ki, yəhudi uşağı nərdivana çıxdı?”.
Mən deyirəm ki, həyat mübarizəsindən ən ali bəhs – həyatın özü kənarda qalanda yaşam məzmun və marağını itirir. O, hər iki partnyorun onları daim təqib edən təhlükələri xatırlamalı olduqları avropa sevgi münasibətlərindən fərqli olaraq, əvvəlcədən sonda heç nə baş verməyəcəyi bilinən amerikansayağı flirt kimi boş və məzmunsuz olur. Həyatın bu zillətinə qarşılıq özümüzü necəsə mükafatlandırmalıyıq və budur, biz xəyali dünyaya, ədəbiyyata, teatra müraciət edirik. Səhnədə biz hələ də ölməyi bacaran insanları tapırıq, həm də ancaq başqaları ölə bilər axı. Burada biz, bizim üçün yox, başqaları üçün həyatda əhəmiyyətli bəhsə çevrilən həyatın özünü nəzərdən keçirmək istəyimizi təmin etmiş oluruq. Dürüst olsaq, biz ölümə etiraz etməzdik, əgər ölüm bizə yalnız bir dəfə bəxş edilən həyatın sonu olmasa idi. Bununla belə, həyatda da şahmat partiyasında olduğu kimi üz verə biləcək hadisələr çox amansızdır: tək bir yanlış gediş bizi məğlubiyyətin etirafına məcbur edə bilər, ancaq bir fərqlə ki, növbəti partiyada revanş almaq şansımız olmayacaq. Uydurma sferasında biz tələb etdiyimiz həyat rəngarəngliyini üzə çıxarırıq. Qəhrəmanla birgə ölür, ancaq həyatda qalır və imkan olan kimi, özümüzə azacıq belə xətər yetirmədən, başqa bir qəhrəmanla yenidən ölürük.
Günümüzdə ölümə qarşı münasibətimizdə müharibə nəyi dəyişir? Çox şeyi. Ölümlə, mənim adlandırdığım kimi, aramızdakı müqaviləyə əvvəlki qaydada əməl olunmur. Biz artıq ölümü nəzərimizdən qaçıra bilmərik, ona inanmağa məcbur oluruq. İndi insanlar həqiqətən ölürlər, tək-tək yox, çoxluq şəklində, bəzən gündə on min nəfər. Həm də bu, artıq təsadüf deyil. Düzdür, görünə bilər ki, güllə təsadüfən birini tapır, digərindənsə yayınır, amma ölümlərin toplusu təsadüf təəssüratına tezliklə son qoyur. Lakin, əlbəttə həyat yenidən maraq qazanır, bütün məzmunu tamamilə özünə qayıdır.
Burada insanları iki kateqoriyaya ayırmağımız gərəkdir: müharibədə şəxsən iştirak edib, həyatını təhlükəyə atanları, evində qalıb yara və ya xəstəlikdən ölmə riskini daşıyan yaxınlarını itirməkdən qorxanlardan fərqləndirmək lazımdır. Çox maraqlı olardı, əgər özünü məhvə hazır savaşanların ruhi vəziyyətində hansı dəyişikliklərin baş verdiyini müşahidə etmək imkanına sahib olsaydıq. Amma mən bu haqda heç nə bilmirəm; mən sizin hamınız kimi evlərində oturub, yaxınları üçün ürəkləri əsən ikinci kateqoriyaya aidəm. Məncə o süstlük, iradənin o iflici ki, mənimlə eyni vəziyyətdə olan digər insanlar kimi mənə də xasdır, əksərən, o şəraitlə müəyyən olunur ki, biz artıq ölümlə keçmiş münasibətləri saxlaya və ona qarşı yeni nöqteyi-nəzər tapa bilmirik. Mümkündür ki, bizim sizinlə yeni istiqamətimiz ölümə münasibətdə iki fərqli yanaşmanın – qədim insanın, ibtidai dövr insanının adına yazmağa haqqımız çatan və hər birimizdə qorunub saxlanan, lakin ruhumuzun dərin qatlarında gizlənib, şüurumuzun nəzərindən qaçan digərinin uyğunlaşdırılmasına cəhdi təşviq etməkdən ibarət olacaqdır.
Mən hələlik, əziz qardaşlar sizə elə bir şey deməmişəm ki, siz də onu mənim kimi yaxşı bilib və hiss etməyəsiniz. İndi mənim şansım var ki, sizin bəlkə də, bilmədiyiniz və çox ola bilsin, sizdə etimadsızlıq yaradacaq bir şeyi nəzərinizə çatdırım. Bunu qəbul etməli olacam.
Beləliklə, ibtidai insan ölümə necə yanaşırdı? Onun ölümə münasibəti diqqət çəkici, hər hansı bütövlükdən məhrum, daha doğrusu, hətta təzadlı idi. Amma sonradan biz bu ziddiyyətliliyin səbəbini anlayacağıq. İnsan bir tərəfdən, ölümü ciddi qəbul edir, onu həyatın məhv edilməsi kimi tanıyır və bu mənada ölümdən yararlanırdı, digər tərəfdən isə onu rədd edir, təmiz inkar edirdi. Bu necə mümkündür? Ona görə ki, məsələnin kökündə o, özgənin, yadın, düşmənin ölümünə öz ölümündən fərqli münasibət bəsləyirdi. Özgənin ölümü onda etiraz doğurmurdu, o bunu dağıtma kimi başa düşür və ona çatmağa can atırdı. İbtidai insan yırtıcı kimi ehtiraslı, amansız, məkrli varlıq idi. Ümumi rəyə əsasən, bir çox vəhşi heyvanların sahib olduqları heç bir instinkt ibtidai insanı öz növündən olan varlığı öldürüb, parçalara ayırmağa mane olmurdu. O, həvəslə və şübhəyə qapılmadan öldürürdü.
İnsanlığın qədim tarixi qətllərlə doludur. Bu gün övladlarımızın məktəbdə öyrəndikləri qədim tarix, əslində soyqırım zənciridir. Başlanğıcda insana xas təqsirin bir çox dinlərdə həqiqi suçun, ilkin günahın etirafı kimi təcəssüm olunan dumanlı duyğusu ibtidai insanların məsuliyyət daşıdığı cinayət xatirəsini təmsil edir. Xristian inancından yola çıxaraq biz, bu cinatəyin nə olduğunu təxmin edə bilərik. Əgər tanrının oğlu insanın ilkin günahını yumaq üçün özünü qurban verirsə, qana-qan prinsipini nəzərdə tutan talion qanunlarına əsasən, bu günah məhz öldürmə, qətl olmalı idi. Yalnız o, qisas olaraq həyat kimi bir qurban tələb edə bilərdi. Nəzərə alsaq ki, ilkin günah tanrıya – ataya qarşı günah idi, onda insanın ən qədim günahı,  görünür öldürülənin sonradan yaddaşlarında ilahi obraza çevrilən ibtidai insanların köçəri qəbilələrinin nənə-babalarının qətlə yetirilməsi idi. “Totem və tabu” (1913) kitabımda mən ilkin günahın bu cür anlaşılması lehinə arqumentlər toplamağa çalışmışam.
İcazə verin, qeyd edim ki, ilkin günahın tədrisi xristianlığın icadı yox, uzun müddət müxtəlif dinlərin yeraltı axınlarında qorunub saxlanan çox qədim inancların tərkib hissəsidir. İudaizm insanlığın bu dumanlı xatirəsini tamamilə özündən kənarlaşdırdı, bəlkə elə buna görə də dünyəvi din adlandırılmaq imkanından məhrum oldu.
Gəlin, ibtidai insan və onun ölümə münasibəti mövzusuna qayıdaq. Biz eşitdik onun yadların ölümünü necə qarşıladığını. Onun öz ölümü onun üçün ağlasığmaz və qeyri-real idi, eynilə indiki zamanda bizlərdə olduğu kimi. Lakin onun üçün elə bir hal mümkün olurdu ki, ölüm haqqında iki biri-birinə zidd təsəvvür toqquşur, münaqişə meydana gəlirdi və bu hal böyük məna kəsb edir, ciddi təsirlərə səbəb olurdu. Söhbət ibtidai insanın, bizim də öz yaxınlarımızı sevdiyimiz kimi çox sevdiyi əzizlərinin – arvadı, uşağı, dostu – ölməsinə şahidlik etdiyi haldan gedir, çünki sevgi heç də qəddarlıqdan daha az qədim hiss deyil. O ölə biləcəyinə təcrübədə bu cür əmin olurdu, çünki sevdiyi hər bir kəs onun “mən”inin bir hissəsi idi, ancaq digər tərəfdən, sevdiklərinin hər birində ona yad olan bir hissə də var idi. Günümüzdə də doğru olan, lakin qədim dövrlərdə qüdrəti bu günə nisbətdə daha geniş yayılmış psixologiya qanunlarına əsasən, insanlar doğma, eyni zamanda, həm də ədavətli duyğular oyandıran yad, düşməndirlər.
Filosoflar iddia edirlər ki, ölüm tablosunun soruşduğu tapmaca ibtidai insanı fikir yürütməyə vadar etmiş və istənilən əqli düşüncənin başlanğıc nöqtəsi olmuşdur. Mən bu aksiomaya düzəliş vermək və onu məhdudlaşdırmaq istərdim. Nə intellektual tapmaca, nə də hər ölüm hadisəsi, fəqət sevdiyinin və nifrət edilən özgənin ölümü simasında hisslər arasındakı münaqişə insan marağının əllərini açmışdır. Çox-çox sonradan hisslərin bu münaqişəsindən psixologiya yarandı. İbtidai insan artıq ölümlə rəqabət apara bilmirdi, öz kədərində, qismən də olsa ölümün nə demək olduğunu anlayır, ancaq eyni zamanda ölümü qəbul etməkdən yayınırdı, çünki öz ölümünü təsəvvür edə bilmirdi. Onda o, güzəştə getdi: o, ölümün varlığını təsdiq, lakin bunun xəyalında düşmənlərinə arzuladığı həyatın sonu ola biləcəyini də inkar etdi. Sevimli məxluqların bədəni üzərində o, ruhları uydurdu fərdin cismə və ruha, – ilk olaraq bir deyil, bir neçə, – ayrıldığını təsəvvüründə canlandırdı. Ölüləri xatırlayarkən o, fikrində ölümün yanlız başlanğıc ola biləcəyi başqa mövcudluq formaları, ölümdən sonrakı axirət həyatı anlayışını yaratdı. Bu sonrakı mövcudluq forması, əvvəllərdə ölümlə sonlanan şeylərə bulanıq, mənasız, gözardı edilmiş, pislik əlamətləri daşıyan əlavələr oldu ancaq. İcazə verin bizim böyük şairimiz Henrix Heynenin, – yeri gəlmişkən qocaman Homerlə tam uyum içərisində, – ölmüş Axillesi ölülərin varlığına olan həqarətli münasibətini ifadə etməyə məcbur etdiyi misralardan sitat gətirim:
Doğma çöllərdə yaşayan
İstənilən müti meşşan,
Yüzqat bəxtiyardır
Nəinki mən,
Ölülər şahlığında hökmdar,
Mərhum ulu qəhrəman.
Yalnız sonralar dinlər ölüm sonrası mövcudluğa ləyaqət və faydalılıq qata bildilər,  ölümlə sonlanan həyat isə, vur-tut yalnız ona hazırlıqdır. Sonra bütün ardıcıllığı ilə həyat keçmişə doğru da davam etdi: əvvəlki mövcudluqlar, ikinci doğuş, ruhların köçürülməsi uyduruldu və bunların hamısı həyatın sonundan ibarət ölümü onun mənasından məhrum etmək məqsədi güdürdü. Çox diqqət çəkicidir ki, bizim müqəddəs yazı insanın bu ehtiyacını hesaba almayıb. Əksinə orada deyilir ki, tanrıya yalnız dirilər izzət gətirirlər. Təxmin edirəm ki, – siz təbii ki, bu haqda məndən daha çox bilirsiniz, – Əhdi-Ətiqə əsaslanan iudaizm dini və ədəbiyyatı ölümsüzlük təliminə başqa cür yanaşırdı. Digər məqamlarla yanaşı, iudaizmə qədim dinlərin çökməsindən sonra onları əvəz etməsinə mane olan bir məqama da diqqət çəkmək istərdim.
Ölmüş sevimli insanın bədənində təkcə ruh barəsində təsəvvür və ölümsüzlüyə inam yox, günahın dərki, ölüm qarşısında qorxu və ilk etik tələblər meydana gəldi. Mərhuma olan ikili münasibət günahın dərkinə, mərhumla eynilik ölüm qorxusuna səbəb oldu. Məntiqi cəhətdən bu cür eynilik ziddiyyətli təsir bağışlayır, belə ki, öz ölümünə qarşı inamsızlıq hələ də aradan qalxmamışdır. Bu ziddiyyətin həllində müasir insanlar da çox irəli gedə bilməyiblər. O zamanlar yaranan, ancaq indi də vacib olan etikanın qədim tələbi deyir: “Öldürmə”. İlk olaraq bu sevimli insana aid edilirdi, amma tədricən sevilməyən, yad, nəticədə isə düşmənə də şamil edildi.
İndi isə, mən bir qəribə fakt haqqında danışmaq istərdim. Bir tərəfdən, ibtidai insan  bu günümüzə qədər gəlib çatıb və primitiv vəhşi formasında təzahür edir, hansı ki, ibtidai insandan çox da uzağa gedə bilməyib. İndi siz təbii olaraq güman edə bilərsiniz ki, bu vəhşi avstraliyalı Odlu Diyarın sakini – buşmen və s. vicdan əzabı çəkmədən öldürür. Ancaq siz səhv edirsiniz, bu mənada vəhşi sivil insandan daha həssasdır, hər halda sivilizasiyanın təsiri ona toxunana qədər. Dünya müharibəsinin uğurlu sonlanmasından sonra qalib alman əsgərləri evlərinə – uşaqlarının, arvadlarının yanına tələsəcəklər, onları əlbəyaxa döyüşdə, yaxud uzaqməsafəli silahla öldürdükləri düşmənlərin fikri nə saxlayıb, nə də narahat edəcək. Amma müharibə meydanından evinə qayıdan qalıb-vəhşi səbəb olduğu ölümlərin günahını yumaq üçün vaxtaşırı uzun və çətin tövbədən keçmədən kəndinə, arvadının yanına qayıda bilmir. Deyəcəksiniz: “Hə, vəhşi mövhumatçıdır, ölənin ruhunun qisasından qorxur”. Ancaq öldürülmüş düşmənin ruhu,  vəhşinin axıtdığı qana, törətdiyi cinayətə səbəb natəmiz vicdanının nümayişindən başqa bir şey deyildir.
İcazə verin, etikanın qədim “Öldürmə!” tələbinin üzərində biraz da dayanım. Onun qədimliyi və qətiliyi belə bir qənaətə gəlməyə əsas verir. Belə bir fikir irəli sürüldü ki, qan tökməyə qarşı instinktiv ikrah bizim təbiətimiz dərinliklərində kök salıb. Dindarlar buna həvəslə inanırlar. Biz bu fikri indi asanlıqla doğrulaya bilərik. Çünki biz bu cür instinktiv və anadangəlmə ikrahın gözəl nümunələrinə sahibik.
Təsəvvür edək ki, cənubda hər hansı gözəl bir kurort ərazisindəyik. Orada əla üzümlər yetişən üzümlük salınıb. Bu üzümlükdə həmçinin ilanlara, faktiki olaraq, tam zərərsiz qara, şişman ilanlara rast gəlinir, onları həm də Eskulap ilanları adlandırırlar. Üzümlükdə nişanlar asılıb. Onlardan birini oxuyuruq, orada yazılıb: “Dincələnlərə Eskulap ilanının başını, yaxud quyruğunu ağızlarına almaq qəti qadağandır”. Deməyəcəksinizmiki: “Olduqca mənasız və artıq qadağadır. Onsuzda heç kəsin belə bir şey etmək ağlına gəlməz”. Haqlısınız. Ancaq biz üzüm dərməyin qadağan olduğuna dair xəbərdarlıq edən daha bir yazı oxuyuruq. Bu qadağa bizə daha əsaslandırılmış görsənəcək. Xeyr, heç də gəlin özümüzü yanıltmayaq. Qan tökməyə qarşı bizdə heç də instinktiv ikrah yoxdur. Biz sonsuz ardıcıl qatil nəsllərin övladlarıyıq. Qətlə olan ehtiras bizim qanımızdadı və çox ola bilər ki, biz bu meyli başqa yerlərdə də tapaq.
İndi ibtidai insanı bir kənara qoyub öz ruhi vəziyyətimizə nəzər yetirək. Yəqin, bildiyiniz kimi, biz şüurdan gizlin, ruhun dərin qatlarında baş verənləri tapmağa kömək edən müəyyən araşdırma metodlarına malikik – bu bir növ dərinlik psixologiyasıdır. Belə biz soruşuruq: “Ölüm probleminə bizim təhtəlşüurumuz necə yanaşır?” Və buradan sizin inana bilməyəcəyiniz, ancaq sizin üçün yenilik olmayan, belə ki biraz öncə izah etdiyim bir şey məlum olur. Bizim təhtəlşüurumuz ölümə elə ibtidai insanın yanaşdığı kimi yanaşır. Bu baxımdan, digər baxımlardan da, daxilimizdə hələ də öz dəyişməz formasında ibtidai insan yaşayır. Beləliklə, təhtəlşüurumuz ölümümüzə inanmır. Təhtəlşüurumuz özünü sanki biz ölümsüzükmüşük kimi aparmağa məcburdur. Bəlkə də, qəhrəmanlığın sirri elə bunda gizlənir. Düzdür, qəhrəmanlığın rasional izahı belə ola bilər ki, insanın həyatı digər ümumi qəbul olunmuş və abstrakt dəyərlərdən daha əziz deyil. Amma, mənim nəzərimcə, biz daha çox istehkamçının məşhur fəryadı tək – “Hər şey yaxşı olacaq!” – inam aşılayan və təhtəlşüurun ölümsüzlüyə olan inamını saxlayan impulsiv və isntinktiv qəhrəmanlığa rast gəlirik. Bizim zənn etdiyimizdən də artıq əzab çəkdiyimiz ölüm qorxusu bu inamın məntiqsiz təzadıdır. Bununla belə, çox vaxt o, elə də qədim mənbəyə dayanmır və günah hissindən qaynaqlanır.
Digər tərəfdən, biz yadların, düşmənlərin və digər ölümləri ibtidai insan tək qəbul edirik. Fərq yalnız ondadır ki, biz onları ölümə düçar etmir, yalnız bu haqda düşünür və arzulayırıq. Yox əgər siz psixi reallıq adlanan məfhumla razılaşırsınızsa, deyə bilərsiniz: “Biz hamımız hələ də təhtəlşüurumuzda qatil dəstəsiyik”.  Sirli düşüncələrimizdə biz yolumuzda maneə kimi dayanan, bizi məyus edən və incidən hər kəsi aradan götürürük. Zərərsiz nida olan “Onu lənətə gəlsin!” diləyi dilimizdə elə çox səslənir ki, əslində, bu məna daşıyır: “Görüm ölüm onu haqlasın!” – və bizim təhtəlşüurumuz ona ciddi məna qatır. Təhtəlşüurumuz hətta xırda şeylərə görə də ölümlə cəzalandırır; qədim Afina Əjdəha qanunvericiliyi kimi, bu qanunvericilik ölüm hökmünü yeganə cəza tədbiri kimi qəbul edir, bundan belə qənaətə gəlinir: bizim möhtəşəm və müstəbid “Mən”imizə toxunan istənilən zərər, məna etibarilə, “Crimen laesae majestatis”dir.[1] Yaxşı ki, bu amansız arzular heç bir gücə malik deyillər. Əks halda insan irqi çoxdan məhv olardı və heç kəs sağ qalmazdı – nə ən yaxşı və müdrik kişilər, nə də ən gözəl və cazibədar qadınlar. Yox, gəlin bu məsələ ilə bağlı yanlışa yol verməyək, biz hələ də ibtidai dövrlərdəki əcdadlarımız kimi qatilik.
Bu barədə çox rahatlıqla danışıram, çünki bilirəm ki, onsuzda mənə inanmayacaqsınız. Siz daha çox, bu cür fərziyyələri böhtanmış kimi rədd edən şüurunuza inanırsınız. Ancaq, mən psixoanalizdən anlayışsız, lakin bu kimi iddiaları olan şair və mütəfəkkirləri sizə xatırlatmaqdan özümü saxlaya bilmərəm. Bir nümunə çəkim. Kitablarından birində Jan Jak Russo fikrini əsaslandırmaq üçün oxuculara qəribə bir sualla müraciət edir: “Təsəvvür edin, – o deyir, – Pekində ölümü sizə fayda gətirəcək hansısa mandarin[2] yaşayır (Pekin isə o vaxtlar Parisdən daha da uzaq məsafədə idi) və siz Parisi tərk etmədən, iradənizin bəsit səyi nəticəsində, heç kəsin xəbər tutmayacağı bir şəkildə onu öldürə bilərsiniz. Bu cür davranmayacağınıza əminsinizmi?” Belə, mən şübhə etmirəm ki, burada əyləşən möhtərəm qardaşlardan bir çoxu qətiyyətlə bu kimi hərəkətə yol verməyəcəklərini bəyan edə bilərlər. Ancaq ümumiyyətlə mən həmin mandarinin yerində olmaq istəməzdim və düşünürəm ki, heç bir sığorta şirkəti onunla həyat sığortası müqaviləsi bağlamazdı.
Eyni xoşagəlməz həqiqəti sizə elə bir formada çatdıraram ki, hətta zövq də alarsınız. Bilirəm ki, hamınız lətifə və zarafatları sevirsiniz, ümid edirəm ki, bu cür lağlağıların məhz nəyindən zövq aldığımız sualı sizi çox da qayğılandırmır. Zarafat kateqoriyası var ki, abırsızdır, özü də bu zarafatlar heç də ən pislərin sırasına aid edilmir. İzah edirəm, bu cür zarafatların sirri, bizə həzz vermək üçün, özlüyündə təhqiramiz səslənə biləcək gizlin və danılan həqiqəti çatdırmaq sənətindən ibarətdir. Bu formal fəndlər sizi gülməyə məcbur edir, sizin qabaqcadan hazır mühakiməniz tərki silah edilmiş olur, buna görədir ki, başqa halda rədd edəcəyiniz həqiqət gizlicə sizə nüfuz edir. Məsələn: tanışlarının hüzurunda matəm xəbəri alan və oxumadan kağızı cibinə dürtən adamın hekayəsi sizə məlumdur. “Məgər kimin vəfat etdiyini bilmək istəmirsinizmi?” – soruşurlar. “Eh, nə fərqi var, – bildirir, – hər halda, etirazım yoxdur”. Və yaxud, başqa bir misal: ər arvadına müraciətlə: “İkimizdən biri ölsə, mən Parisə köçəcəm”. Bunlar sırtıq zarafatlardır və əgər bunlarda təkzib edilən həqiqətlər yer almasaydılar, mövcud olmazdılar. Məlum olduğu kimi, hər zarafatda bir həqiqət payı vardır.
Dəyərli qardaşlar. Budur, bizim təhtəlşüurumuzun ibtidai insanla daha bir tam uzlaşması. Həm burda, həm orda elə bir hal mümkündür ki, hər iki istək, biri – ölümü məhvetmə yolu ilə qəbul etmək, digəri – ölümün mövcudluğunu danmaq üz-üzə gəlir və münaqişə yaradırlar. Bu hal bizim təhtəlşüurumuzda elə ibtidai insanda olduğu kimidir: sevdiyimiz insanları: valideynlərdən hansısa, həyat yoldaşımız, qardaşımız və bacımız, övladlarımız və ya yaxın dostlarımızı təhdid edən ölüm və ya ölümcül təhlükə. Bu sevimli insanlar bir tərəfdən daxilən bizə məxsusdurlar, bizim “mən”imizin tərkibinə daxildirlər digər tərəfdən, qismən bizə yad, yəni düşməndirlər. Çox az hallar istisna olmaqla, ən atəşin və səmimi münasibətlərimizə qeyri-şüuri ölüm arzusuna təkan verən kiçicik ədavət payı xasdır. Ancaq iki istək arasındakı bu münaqişədən nə ruh haqqında anlayış, nə də etika yox, bizə normal psixi həyatla yaxından tanış olmağa imkan yaradan nevroz yaranır. Mərhumun ailə üzvlərinin arasındakı sevgi dolu qayğı bolluğu və onların öz üzərilərinə yağdırdıqları tam əsassız ittihamlar dərində gizlənmiş ölüm istəyinin necə yayqın və vacib olduğuna münasibətdə gözlərimizi açır. Sizin üçün rəsmin əks üzünü də çəkmək istəmirəm. Çox güman ki, dəhşətə gələrdiniz, həm də boş yerə yox. Təbiət burada da bizim bacara biləcəyimizdən daha incə iş görüb. Bizim heç ağlımıza da gəlməzdi ki, sevgi və nifrətin vəhdəti bizim xeyrimizə xidmət göstərə bilər. Lakin nə qədər ki təbiət bu cür ziddiyyətlə işləməyə davam edir, sevgimizi onun arxasında gizlənən nifrətdən qorumaq xətrinə daim pozmağa və yeniləməyə məcbur oluruq. Deyə bilərik ki, sevginin gözəl təzahürü sinəmizdə hiss etdiyimiz öldürmə ehtirasımıza qarşı reaksiya sayəsində mövcuddur.
Yekunlaşdıraq: təhtəlşüurumuz öz ölümümüzü təsəvvür etmək üçün əlçatan olmadığı kimi, ibtidai insanlarda olduğu kimi yadlara münasibətdə qəddar, sevdiklərimizə münasibətdə ambivalentdir.[3] Ancaq, biz ölümə qarşı mədəni nöqteyi-nəzərimizə görə ibtidai insandan necə də uzağa getmişik!
İndi gəlin, müharibənin başımıza nələr açdığına bir də nəzər salaq. Müharibə bizdə sonradan formalaşmış mədəni təbəqəni təmizləyib, içimizdə yatan ibtidai insanı yenidən üzə çıxardır. Müharibə bizi yenidən öz ölümünə inanmaq istəməyən qəhrəmana çevrilməyə vadar edir, o bizə yadların düşmən olduğunu, onların ölümünü arzulamağı və buna nail olmağımızı diktə edir, sevdiklərimizin ölümünün üzərindən adlamağı məsləhət görür. Beləcə o, ölümlə aramızdakı mədəni razılaşmaları sarsıdır. Bununla belə müharibəyə son qoymaq mümkünsüzdür. Nə qədər ki, müxtəlif xalqların yaşam şərtlərindəki fərqlilik aradan qalxmayacaq və onlar arasındakı güclü itələşmə bitməyəcək, o zamana kimi də müharibələr davam edəcək. Sual yaranır: güzəştə gedib bunlara uymalı deyilikmi? Etiraf etməli deyilikmi ki, ölümə qarşı mədəni münasibətimizlə biz psixoloji cəhətdən lazım olduğundan daha yüksəkdə idik və geri dönüb həqiqətlə barışmalıyıq? Yaxşı olmazdımı ki, ölümə fikirlərimizdəki həqiqi, məxsusi yerini qaytaraq və bu vaxta kimi üsulluca yatızdırdığımız ölümə qarşı qeyri-şüuri münasibətimizi gün işığına çıxardaq? Mən sizə buna sanki ali məqsədmiş kimi çağırış edə bilmərəm, ilk növbədə ona görə ki, bu geriyə addım reqressiya olardı. Ancaq hər halda bu həyatımızı daha dözümlü hala gətirməyə vasitəçi ola bilərdi, axı həyat yükünü daşımaq bütün dirilərin vəzifəsidir. Biz məktəbdə qədim romalıların siyasi aforizmini eşitmişik: “Si vis pacem, para bellum” – Sülh istəyirsənsə, müharibəyə hazırlaş. Bu kəlamı biz hazırki tələblərimizə uyğun dəyişə bilərik: “Si vis vitam, para morten” – Həyata dözmək istəyirsənsə, ölümə hazırlaş.

Qeydlər:
[1] Lat. Dövlətə xəyanət, vətən xainliyi
[2]  Çində inqilabdan əvvəlki dövrdə yüksək səlahiyyətli məmur
[3] Ambivalentlik – bir şeyə qarşı ikili münasibət.

Tərcüməçi: Turan Qasımov
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)