Edebiyyat.az » Proza » Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə

Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə

Azad Qaradərəli -  MORQ ÇİÇƏKLƏRİ -  ROMAN  3 - cü hissə
Proza
Nicat Heşimzade
Müəllif:
02:30, 20 sentyabr 2019
5 478
0
“Vallah, düzünə qalsa, bu Nüsrəti öldürmək istəmirdim. Nəyimə lazım idi Nüsrəti öldürmək? Qardaşı Haqverdi axmağın, itoynadanın, araqarışdıranın biridi, amma Nüsrət sakit uşaq idi. Dindirməsən, dinməzdi... Bu iş əslində belə olub... Məstanı dəfn eliyənnən sonra istədim Nərimanı öldürəm. Arvad gəldi durdu gözümün qabağında. Xəstə idi axı. Dedim bu bədbaxta kim baxacaq? Həm də məhkəmə gedirdi. Umudluydum ki, bəlkə iş biz istəyən kimi gedə, Nərimanı tutalar, bir azcıq da olsa yaramıza su səpilə. Amma hardan? Yaxşı deyiblər, hax var, divan yoxdu. Nəriman dədəsindən qalma qızılları basdı sudyaya, prokurora, sudebni vraça-zada, işi öz xeyrinə həll elədi.




Sayqılı oxucular!

Yazıçı Azad Qaradərəlinin “Morq çiçəkləri” romanından bir parçanı təxminən 5 ay əvvəl saytımızda yayımlayandan sonar əsərə ilgi artdı. Belə ki, həmin parçanı oxuyan oxucular həm müəllifə, həm də bizə suallar ünvanladılar və əsərlə bütöv tanış olmaq istədiklərini bildirdilər. “Yazı” dərgisində   yayımlanan əsəri, müəllifin razılığı ilə bütöv halda - hissə-hissə oxucuların sərəncamına veririk.

                                               





            



                                       ÜÇÜNCÜ HİSSƏ


                        (Birinci və ikinci hissələri  buradan oxuya bilərsiniz.)

                         https://edebiyyat.az/proza/627-azad-qaradereli-morq-ccekler-roman-birinci-hisse-.html 
                         https://edebiyyat.az/proza/641-azad-qaradereli-morq-ccekler-roman-knc-hsse.html 

















                                                                                                     23


       “Vallah, düzünə qalsa, bu Nüsrəti öldürmək istəmirdim. Nəyimə lazım idi Nüsrəti öldürmək? Qardaşı Haqverdi axmağın, itoynadanın, araqarışdıranın biridi, amma Nüsrət sakit  uşaq  idi. Dindirməsən, dinməzdi... Bu iş əslində belə olub...

            Məstanı dəfn eliyənnən sonra istədim Nərimanı öldürəm. Arvad gəldi durdu gözümün qabağında. Xəstə  idi axı. Dedim bu bədbaxta kim baxacaq? Həm də məhkəmə gedirdi. Umudluydum ki, bəlkə iş biz istəyən kimi gedə, Nərimanı tutalar, bir azcıq da olsa yaramıza su səpilə. Amma hardan? Yaxşı deyiblər, hax var, divan yoxdu. Nəriman dədəsindən qalma qızılları basdı sudyaya, prokurora, sudebni vraça-zada, işi öz xeyrinə həll elədi. Nərimanın əvəzinə o dəli gədəni saldılar içəri. Sohra da dəlixanaya ötürdülər. Bizim arvadın da bağrı yarıldı məhkəmədə, öldü getdi. Onu basırannan sohra day özümə söz verdim ki, hayfımı almamış öldü yoxdu. Bir köhnə təklüləm vardı, pas tutmuşdu. Onu yağladım, gedib ovçular tükanınnan on dənə dolu patron aldım. Başladım gecələr Nərimanın qapısın güdməyə. Bir gecə, beş gecə. Axırı bir axşam, indiki kimi qaranlıq  gecədə biri çıxdı bayıra. Qapıya vurulan çöl işığında gördüm ki, eynən Nərimandı ki, durub. Bircə məni çaşdıran o oldu ki, bu adamın boynunda qırmızı şərf vardı. Nərimanda mən ömür billah qırmızı şərf görməmişəm. Dedim yəqin alçaq sevindiyinnən gedib özünə qırmızı şərf alıb. Qəzəbimnən gözümü qan örtdü, bir də gördüm ki, tətiyi basdım. Onda gördüm, ağzı üstə gəldi yerə. Səs-küy düşməmiş, özümü hasardan atdım çölə.

            Səhər səs yayıldı ki, Nüsrəti Nərimanın evinin qabağında gecə vaxtı güllələyiblər. Barmağımı dişlədim: bı yazıq Nüsrət Bakıda yaşayırdı, uzun illər idi görməmişdim onu. Boynu qırmızı şərfli o bədbaxt imiş. Qardaş, bu Nərimanı allah da qoruyurdu...

            Üç gün sonra məni tutdular. Elə türmədəcə bağrım yarıldı, öldüm. Yurdum kor qaldı. Allah Nərimanın dədəsinin yurdunu kor eləsin... Bunları danışıram, amma maa belə gəlir ki, içimizdə dirilərdən də var. Bax, elə biri o Süleyman müəllim, o burda nə eliyir? Amma yaxşı eliyib gəlib. Qoy həqiqəti yazıb aləmə car çəksin!.. Düzdü, arıma gəlir, amma day   ardan-namusdan keçib...”

            Başını heç yuxarı qaldırmadan yerə baxa-baxa danışan kişi əli ilə məni göstərəndə qorxudan qıc oldum. Dedim, indi bu qaragüruh üstümə töküləcək ki, içimizə şpion gəlib...

            İncəvara kimsə qışqırır. Hamı o səsə tərəf dönür:

             “Ay camaat, ay camaat! Ə, bura niyə yığılmısınız, ə? Ə, niyə bizim adımızı beddam eliyirsiniz?! Bakı şəhər İcra Hakimiyyətindən icazə almısınız ki, burda mitinq eliyirsiniz?!.”

            Qaranlıq olsa da, Asif Aslanın səsini o saat tanıyıram. Və məəttəl qalıram ki, onun bu ölülərin içində nə işi? Onu ora kim buraxıb? Axı Haxverdi deyirdi ki, bura ancaq ölülər gəlir. Bu nə vaxt öldü?

            -Nə mitinq, a kişi?! Biz mitinq-zad eləmirik... Biz bura dərdimizi dağıtmağa gəlmişik... Adamı ölənnən sonra da irahat buraxmırlar e, mən ölüm!.. İt əl çəkdi, motal əl çəkmədi, budu ha... (“İt-motal” sözünü eşidən bayaqkı köpək gəlib gəncin qabağında şöngüyür və yazıq-yazıq “ham” eləyib susur.) – Danışan cavan bir adamdır. Nə qədər diqqətlə baxsam da, tanıya bilmirəm. Ona çox zəndlə baxdığımı görüb başını bulayır.

            -Deyəsən, tanımadın axı məni?! Neçə dəfə yanına gəldim ki, işsizəm, qəzetində yaz. Qoy mənə bir iş versinlər... Yazmadın...

            -Bıyyy! Nağı?! Sən burda neynirsən?! - Heyrətlə onu süzürəm.

            -Necə neynirsən?! Papağı günə verirəm... – Əlindəki şüşəni ağzına aparıb içir. Ətrafa spirt qoxusu yayılır.

            -Eeeeee, allah sizi kəssin! Ə, buranı da arağnan murdarladınız?! La-hövlə-vala, qüvvətən illallah... – Bu da gənc mollamız Hacı Mürşüddür. İslam Universitetini qurtaran kimi Masazırda tikilən məscidə axund təyin edilib... amma... axı bu ölməyib? Nə təhər olur, burda da keçir bunlarınki? Allah-allah...

            (Bu uzun boylu, gen alınlı, gözlərindən qətiyyət yağan – təəssüf ki, indi o qətiyyət öləziyib - gənci xatırlayıram. Düz deyir, beş il əvvəl yanıma gəlmişdi ki, Harvard universitetinin magistraturasını kimya üzrə bitirmişəm,  “Ditiofosfat, ksantoqenat və ditiokarbonat turşularının bəzi efirlərinin sintezi və sürtkü yağlarına aşqar kimi tədqiqi” mövzusunda elmi  iş yazıb müdafiə etdim, indi Vətənə gəlmişəm... Amma bir il olar ki, işsizəm. Halbuki məni Harvardda saxlamaq istəyirdilər... Axmaqlıq elədim, qalmadım... İndi də qayıtmağa pulum yoxdur... Hara gedirəm, iş vermirlər...” Düzü, mən iri bir yazı yazdım. Amma baş redaktor dedi ki, əyə, ay Süleyman, özün də yaxşı bilirsən ki, bunu vermək olmaz... Dünən xəbər gedib qəzetdə ki, ölkədə 600 min iş yeri açılıb! Və sonra bu məqalə!.. Adamın götünü si...ərlər e!.. sil, sil getsin onu...

            Sonra daha bu gənci görmədim... Əlindəki butulkadan görünür ki, içkiyə qurşanıb... Düşüncələrə qərq olduğumu görüb acı-acı gülümsünür. “Eeeee, ay müəllim... Neynək... canın sağ olsun! Mənəm də... Ucuz araqdan içdim, serroz olub çezdim... İndi burda kefdəyəm... Day Harvard-zad barədə düşünmürəm heç... Çezdi hamısı... Bax, bu Asif var e, deputat Asif... Səndən sonra onun yanına getdim. Çıxardıb əlli dollar verdi... Dedi iş-zad nə sihdirir, ə! Ala, get vur özünçün!... Mən də başladım içməyə... Pulum qurtaran kimi yenə getdim... Yenə verdi... Elə onun puluyla içdim, indi burdayam... Qudbay Harvard! Bay-bay...)

            “A kişilər! Bir mənə baxın! Bax, oturacam bu daşın üstündə, qabağımda da siyahı. Basabas salmayın. Hərəyə on manatdan paylayacam. Amma pasportsuz olmaz. Xahiş edirəm, pasportnan gəlin.”

            Gödək bir kişi əlindəki dəyənəyi daşın üstündə şəstlə oturan Asifin qalstukuna uzadıb bağırır:

            -O kalistox saa haram olsun! Mənim pasportumu sən on ildi almısan, qayatamırsan. Öləndə də adam kimi ölməyə qoymursuz... eşitdiyimə görə bizim əvəzimizdən orda yardım alırsıız, səs verirsıız, hələ ayrı qələt də qayırırsıız...”

            Asif  hirsindən yumruğunu daşa çırpdı:

            “Ə, belə yalançının bajısın si..im! Soxum sənin pasportuna da, özünə də! Mən camahata pul paylıyıram, bı gör maa nə deyir!.. Petux köpək oğlu!”

            Ölülü-dirili hamı  cumdu kişinin üstünə. Biri əlindəki dəyənəyi alıb çırpdı təpəsinə. Kişi “vay”   deyib yerə sərildi. Asif   qışqırdı:

            “Biz qanuni dövlətik, hüquqi dövlətdə samasud olmaz.”

            Kütlə isə hələ də kişinin meyidini təpikləyirdi...

            Lələ başını yola-yola adamların arasına girib kişini onların əlindən almağa çalışırdı:

            -Ə, ay bədbəxt uşağı, bu onsuz da ölüdü, day ölünün nəyini öldürürsünüz?!

            Kimə deyirsən? Təpiyin biri bir qəpik...

            Təpik və qəpik... Saz qafiyədi! He-he! “825-ci qəzet”in redaktoru var e, o əlli yaşında gənc şair, ona desinlər, bu qafiyəyə bir şeir guppuldatsın. Məsələn belə:

            

             Vur təpiyi, al qəpiyi!

            Çal çəpiyi, bas tətiyi!

            Al qəpiyi!!! Urreyyyy!


                                                            


                                                                                            24



             “Mən Məstanam. Vallah, heç indi də elə bilirəm ki, ölməmişəm. Mən yazıq nə gördüm ki, həyatda?! Camaat ağ gəlin duvağında ərə gedər, gərdəyə girər, əriynən yat-dur eliyər. Gəlin olar... Mən də Doşab torpağı qazmasında gəlin oldum... Məni gəlin eliyən kim idi, bunu belə bilmədim. Elə bu hissin sevincini yaşamaqda ikən (hansı zorlanan qız desə ki, zorlama vəhşilikdir, inanmayın; düzdür, burada vəhşilik əlamətləri çoxdur, hətta lap çoxdur, amma burda bir qızın ilk dəfə qadın olması da var axı - bax, bunu hökmən nəzərə almaq lazımdır), zalım oğlu zalım məni təkrar mindi. Özü də bu dəfə daldan. Ağzımı açdım,   qışqıram ki, ay heyvan, ora yox, ora deyil! Kimə deyirsən? Daldan nə təhər itələdisə, torpaq doldu ağzıma. Nə qabağa gedə bilirəm, nə dala çəkilməyə qoyur, nə sağa, nə sola tərpənmək olur... Bir də gördüm ki, nəfəsim qaraldı. İnsafən, o zalım da yavaş-yavaş geri çəkilirdi. Kaş məni də dartıb çıxartsaydı!.. Amma hardan? Qorxdu deyəsən. Məni o vəziyyətdə qoyub aradan çıxdı. Mən isə qaldığım yerdəcə boğulub ölmüşəm...

            Düzün desəm, o adamın Zərbəli olduğuna inanmıram. Amma bəs Nəriman müəllim idisə, niyə məni çəkib çıxartmadı o dəlikdən? Mən axı ondan şikayətçi-filan da olmazdım. Xoşuma gəlirdi o. Tutdurmazdım heç. Təkcə o mənə qadın kimi yanaşırdı. Nolsun ki, evliydi? Vallah ona uşaq da doğardım!.. Amma Zərbəli idisə... Yaxşı olub ölmüşəm... 

            Bir də yazığım anama gəlir. O nələr çəkmişdi mənnən yana. Mənə görə iflic oldu. Mənə görə nitqini itirdi. Amma kaş olmasaydı. Nolsun e çolağam? Heç mənə çolaq da demək olmazdı. Bir az ayağımı çəkirəm, yemsiyirəm,vəssalam. Danışırdılar ki, bunun çarəsi varmış. Aperasiya eləyib, ayağımı düzəldə bilərmişlər. Hanı? Anam qoydu ki? Arzularımı, xəyallarımı da məhv elədi. Yatağa düşməsəydi, oxuyacaqdım, ali məktəbə girəcəkdim. Bizim camaatda bir şey var: müəllim işləyən qızları çirkin də olsa, çolaq da olsa, alırlar oğlanlarına. Hə, bə nədi, pula görə! Məni də Nəriman kimi biri alacaqdı, mən də arvad olacaqdım. Çoluğum-cocuğum olacaxdı. Hanı? Qoymadı anam... Dədəm də mənnən, anamnan sonra yaşayammadı. Nərimanın əvəzinə ayrısın öldürdü. Öz də türmədə bomurdu, cəhənnəmə vasil oldu... Eeee... Nə deyim axı? Vallah bu camahat da bura yığışıb, heç danışmağım gəlmirdi. Amma görürəm ki, sirri axıracan saxlaya bilməyəcəm. Bir də bilirsiniz niyə danışdım? Danışdım ki, qoy Nəriman da həvəsə gəlsin, danışsın. Axı bu dərd məni öldürür: məni gəlin eliyən kimidi?”

            Lələ Məstanın qabağında diz çökmüşdü. Yox, diz çökməmişdi, bükülmüşdü. Ömründə qadın görməyən, allahın bu paki-pakizə adamı bir bakirə sifəti ilə tülkü dəməyi kimi yerdə zorlanan bu qızın qarşısında duruş gətirə bilmir, əriyir, yerlə bir olurdu. Elə bil zorlanan Məstan deyil, bu idi...

           Ay aman! Bu Haqverdinin anası deyilmi? Gəldi vurdu keçdi ölülərin içinə ki?! Ay daaaa! Deyəsən, düz Məstanın üstünə yeridi ki?! Vay! Vay! Aləm dəyəcək bir-birinə...

            “Az, az, a qəhbə! Sən nə üznən gəlmisən bura, az!? Getdin Doşab torpağına girdin, si...dirdin orda, batırdın, murdarladın o pak yeri də... A sənin yannarın dəlilsin! A səni yaman günə qalasan - qaldın elə! A səni dünya tamına həsrət qalasan – qaldın elə! A sənin...”

            “Qalıb eləmədim! Niyə, orda sevdiyim adam məni qadın elədi... O ağappaq doşab torpağı da gəlinlik duvağım oldu... Sənin kimi qoca kaftarlar yanacaxlar elə! Bıde bıtaha, bırda da  cavan oğlanlar dalımca düzülüblər... Yan, şiş! Sıçım sənin imanına! Qoca kaftar!”

            “Boy, boy, az, az, a səni yanasan, məhlim az, sən xam düyəsən ki, kələlər dalıa düzülüb?! Hıy?! Götünnən verən qəhbə! Çıx get bırdan! Ayağın bıralara dəyməsin!  Sən mənim Nüsrətimin qanına bayıs oldun... A, ellər qəhbəsi!!!”

            Bu vaxt Haqverdi hardansa  çıxdı, gəlib anasının qoluna girib apardı. Səs-küy kəsildi.

            Əlləri ilə üzünü tutmuş Lələni gördüm uzaqdan. “Biyabır olduq, biyabır olduq” deyə-deyə yeridi izdihamın içinə...

                                                                        


                                                                                   25



          “Mən Nəriman müəlliməm. Ham-ham... Siz heç yaxşı iş tutmursunuz. Bütün dünyada belə-belə şeylər baş verir. Ölən ölür, tutulan tutulur, qalan qalır. Gör, üstünnən nə qədər illər ötüb? Siz köhnə palan içi qurdalayırsınız? Hanı, heç Zərbəli də gözümə dəymir... Yoxsa o hələ ölməyib? Axı o dəlixanada bir belə vaxtda nə təhər sağ qala bilər?.. Ham?

            Belə, bilirsən, nə təhər danışım axı? A kişi, mən Məstanı sevirdim e, sevirdim. Vallah, billah arvadım Nəcibəni mən sevib almamışam. Müəllim olduğuna görə anam aldı ki, ikimizin maaşı ilə bir yana çıxaq. Amma mən Məstanı sevdim. Düşdüm dalınca neçə müddət. Bağ-bağatda görüşdük, öpüşdük, dərdləşdik. Nə illah elədim, onu yola gətirə bilmədim. Mənim planım beləydi: əmim oğlu Zərbəliyə gedəcəkdi, ad olacaxdı ki, onun arvadıdır. Amma biz imkan tapan kimi görüşüb-sevişəcəkdik. Qız daş atıb başın tutdu ki, mən Zərbəlidən iyrənirəm. Ayağını dirədi ki, ya arvadını boşa, məni al, ya da ikimizi də saxla. Qardaş, mən deyiləm, sənsən, bu xarabada qoyardılarmı bunu eliyəm? Birincisi, buna Nəcibə razı olmazdı. İkincisi, mənim üç uşağım vardı, arvadı boşaya bilməzdim. Üçüncüsü də, ay qardaş, Tükəz arvad məni itnən qovardı. Bax, belə vəziyyətdə idim. 

          Gör işin harasıydısa, halalca arvadımla yat-dur eliyə bilmirdim. Ağlım qalmışdı Məstanda. Sevgi məni dəli-divanə eləyirdi...

            Və bir gün eşitdim ki, Məstanı Bakıda yaşayan əmim oğlu da istəyir. Özü şappadan xeyir, mənə dedi. Dedi ki, qıznan danışmışam, razıdır. Sən onu bir də danışdır, görək nə deyir? Əgər razıdırsa, ata-anasıynan danışsın, elçi göndərim, “hə”yin versin, sonra da əynin-başın alaq, mindirim poyuza, götürüm gedim Bakıya. Orda bir kamsomol toyu eliyərik. Mən arvadı boşamışam. Bunun da yaşı ötüb, day bizə toy-düyün, dappıdı-duppudu nə yaraşar? Ham?

            (Bilirsiniz, Nüsrətin sümükləri yanmışdı. Bir varlı-hallı ailənin qızına ilişmişdi. Sonra onunla yat-dur eliyəndə görür ki, qız deyil. Amma bunu kimə sübut eliyə bilər? Məcbur olub,evlənirlər. Beş il Nüsrət it əzabı çəkir... Sonra allah işi rast salır, o qadın bir başqasına uyur, Nüsrətə deyir ki, boşanıram sənnən. Nüsrətə də bu göydəndüşmə olur. Ona görə də, bir gözəl-göyçək kənd qızı axtarırdı ki, ailə qursun, ona uşaq doğsun, paltarın ütüləsin, yeməyin bişirsin... Yemsisə də, gözü bizim Məstanı tutmuşdu... Ode, odaha. Bax, o küknarın dibindəki Nüsrətdir. Özünüz yaxınlaşın. Hər şeyi danışar sizə.)

            Bax, belə dərdə düşmüşdüm. Səhəri yannadım qızı. Dedim, aaz, bu nədi, deyirlər Nüsrətə gedirsən? Qızıl-qırmızı qayıtdı ki, belə hə! Ömrüm boyu səni gözləməyəcəyəm ki! Bəxtim açılıb, çıxıb gedəcəm! Sən də o çopur arvadınla qurdnan qiyamətə qal...

            Mən deyiləm, sənsən, neyliyərdin, atam balası?! Gözlərim qızdı. Nə Nüsrəti gördü gözüm, nə Həsrəti... Ham-ham-ham! (Bu Nüsrət-Həsrət məsələsi bizdə bir deyimdi, hardasa mənim kitablarımda var. – Müəllifin qeydi.) Hə, qardaşım, day niyə üzümə şinidirsən? Yoxsa gözləyirsən ki, o xaraba Doşab torpağında olanları incitnən küncüt kimi sənə danışım?!. Yox, qardaşım, yox. Bizdə deyərlər ki, namusu itə atıblar it də yeməyib... Ham!.. O qız, əslində mənim halalım kimi idi. Bircə orası qalmışdı, onu da orda elədim. İntəhası elə elədim ki,  it də getdi, ip də. Ham-ham!.. Məstangilin ailəsi dağıldısa, mənimki də dağıldı. Arvadım havalanıb dəli oldu, bütün ömrüm dəli saxlamaqla keçdi. Qohumumu qapımda güllələdilər... (Eşitmişəm, dalımca danışırmışlar. Mən guya Nüsrəti qabağa vermişəm ki, güllə ona dəysin. A kişilər, Nüsrətinki allahın almışdığıydı! Təzəcə bir yarım litr arağı vurmuşuq, gecənin o saatında qayıdasan ki, bəs mən gedirəm Məstanın atasına ikicə kəlmə söz deyəm. Qayıtdım, a kişi, etmə, eləmə, onun indi gözünü qan örtüb, ərgən qızı ölüb, vurar səni öldürər, eşitmədi... Qırmızı şərfini də saldı boynuna, çıxdı qapıdan – düzdü e, belə baxanda mənim dediyim söz də Nüsrəti yerinnən oynatmışdı, amma... Mən nə dedim ki?! Dedim, ay əmin ölsün, deyilənə görə, o, evi yıxılmış Niftulla kişi sənnən də şübhələnir. Çalış gözünə görünmə. Elə bunu demiş oldum, qanın qoydu qaşığa ki, mən bu saat o kişini görməliyəm. Ona ikicə kəlmə sözüm var... Elə çölə çıxmağıynan çaxmax-qov oldu: part! Havayı gülləyə tuş gəldi...) Özümü də itə-qurda yem elədilər. Ham!.. Heç indi də Yanardağda yerim-yurdum yoxdur. Allah o dünyamı da bu dünyam kimi dərbədər elədi... Sevgi kopolu şeydir, qardaş! Ham...”


                                                                        26




            “Vallah, heç bilmirəm mən bədbəxtin taleyi niyə belə gətirdi? Mənim nə günahım vardı ki, qabağıma Minaşka çıxdı? (Adı Minurə idi, amma evlərində də, universitetdə də, padruqaları da ona Minaşka deyirdi.) Allah məni onuynan tanış eliyənin evini yıxsın. Politexnik institutda gecə şöbəsində oxuyurdum. Universitetə yaxındı axı bizim xaraba institut. Nəysə, bir dostum vardı, Nizami adında,  Nizka deyirdik, bizimlə qonşu rayonnan idi. Bilmirəm, hardan-hara gəlib məni tapmışdı. İt oğlunda pul xəzəl kimiydi. Əlimi cibimə salmağa qoymurdu. Baxma, mən gündüz zavodda işləyirdim, gecə oxuyurdum deyən, pulum-param vardı. Amma bu gədənin cibində pul həmişə paçkaynan olardı. Bir dəfə məni universitet qızlarının təşkil etdiyi ad gününə apardı. Uzaqdan bir qızı göstərib dedi ki, aləm şeydir. Qız da elə hey gəlib buna söz atır, sataşır, yazığı aşağılayırdı. Sonra necə oldusa, qız məni rəqsə dəvət etdi. İki kərəm o vaxtın dəbdə olan rokin-rolunu oynadıq. Qız oynaya-oynaya qulağıma pıçıldadı ki, adım Minaşkadır. Bu il universiteti bitirirəm. Dostun oğraşa de ki, az dalıma düşsün... sənnən isə xoşum gəldi. Ciddi oğlansan. Telefonumu yaz, görüşək...

            Kül mənim başıma olsun! Demiyəsən, Nizka bunu düz bir il sürtübmüş. Astatkasını mənə itələdi. İndi mənim ciblərim pulla doldu. Qızın atası polis rəisiymiş. Pul xəzəl kimi! Kənd uşağıyam də, qağa. Pula aldandım. Sonra Minaşkanı tanıyanda gec oldu. Düz beş il anamnan əmdiyim burnumnan gəldi...

            Onnan ayrılalı, elə bil dünyanın xoşbəxtiydim. Gəldim kəndə ki, bir babat qız tapam, evlənəm, aparam Bakıya... Bu Məstanı gördüm. Dərdimi əmoğlu Nərimana dedim. O da dedi, gözüm üstə! Nə oldu, nə olmadı, qızı tülkü dəməyində zorladılar. Ə, belə mənim bəxtimin-taleyimin içinə pox olsun! Üstünnən bir az keçənnən sonra məni də Nərimanın qapısında belə bir gecədə güllələdilər. İnanırsınız, hələ də anlamıram nə baş verdiyini?! Nə idi mənim günahım? Niyə o qəhbəyə rast gəlməliydim? Niyə Məstanı tülkü dəməyində zorlayıb öldürdülər? Bəs axı məni niyə güllələdilər...”


                                                                        ***

            “Mən də Zəybəliyəm. İnanmıysınız? Neyniyim, sitiməcən, inanmıysınız inanmayın. Zaddı... Belə məni o vaxt dəlixanaya saldılar. Oyda biy həkim vaydı. Xayicdən gəlmişdi. Adı Şaman idi. Belə uzun-uzun saçlayı vaydı... Niyə heylə baxırsan maa? Məni sağaltdı dayna o Şaman doxtuy. Dedi, biliyəm, sənin günahın yoxdu. Məstanı sən sitməmisən. Bu işləyi Nəyiman müəllim eliyib. Maa dəyman veydi, masaj elədi. Həm dilimi açdı, həm başımı düzəltdi. Baax, başım yetəldi. Day şəftəli boyda deyil... Sağaldığıma göyə nə təhər seviniyəmsə, üyəyim paytlayır... Öldüm, gəldim bu dünyaya... Hə, buya gəldim ki, Məstannan evlənəm. Lotu genə bəyənmədi məni. Göy sözə  bax: “Mən səni sevmiyəm.” Dedim, cəhənnəmə sev, goya sev! Qəhbənin biyi qəhbə! Axşamacan tut bağlayında Nəyiman məllimlə hövkələşiydi, məni bəyənmiydi... Mən də acığnan gedib bıyda Nəcibə müəlliməni aldım. Hə dana, Nəyimanın ayvadını! Nəyiman ölənnən sonya bu yazıq da qalıb ayalıqda – dəliydi axı – baxan olmayıb, dağdan düşüb ölmüşdü... Düzdü, başı biy az xayapdı, havalanıb, amma Şaman doxtuydan xahiş eləmişəm ki, onu da sağaltsın... söz veyib... Bıde, budaha! Day buynumu qoluma silmiyəm. Heç dana-zad da qovalamıyam. Neyniyəm dana-dunanı? Gül kimi ayvadım vay – müəllimədi lap! Dədəm deyəydi ki, düşmanın ayvadını almax, elə düşmanı məhv eləmət timidi. Hə ye, hə! Day Nəcibədən, Şaman doxtuydan adam kimi danışmağı öyyənmişəm: “məhv eləməç”, “qabiliyyət döstəyməç”, “ağzının poxunu dağıtmamaq”, yox e bunu nə təhəysə ayyı cüy deyiydiləy... Biy ayzum vay, onu eliyə bilsəm, dəhşət olay. Nəyiman axı buyda it olub. Qəbiydə  itnən meyidi biy yeydə qalmışdı ha, bax o vaxtdan it kimi hüyüy. Mən istəyiyəm ki, onu gətiyib qapımızda bağlayam, həydən çöyəy atam, Nəcibəyə deyəm yal bişiysin, töçəm yalasın... Sən öl! Yaman zoy olay e... Dəhşət olar... Biycə bu ıyı həyifini deyəmmiyəm dayna. Kaş Nəyimana mən də Nəliman deyə biləydim hamı kimi...”

            (Qulağını bəyi elə, göy nə deyiyəm... Bunu gəyək sənə danışam... Siyy  üyəyimi paytladıy. Mən... O günü Doşab toypağı təyəfə getmişdim... Nıyt... Iyt... Məştan... Mən... Bax, göyüysünüz, o günkü hadisədən, o Doşab toypağı təyəfdə olannaydan danışan kimi tutmam tutuy, danışa bilmiyəm... Doxtuy dəyman veyib, qoy atım, day tətələmiyəcəm... (Dərmanını atır.) Hə, o günü Məştan Doşab toypağına dedəndə mən də düşdüm dalıncan... Gəlib biy kolun dalında gizləndim. Eeee, sahatlaynan qız  o dəlikdən çıxmadı. Sohya çıxıb çayda çimdi... Qağa, qağa qəhbənin ağ məmələyi qaldı düzdə... Üyəyim çıxdı sinəmnən, gəldi ağzıma. Biy istədim yüyüyəm, elə çayda basam altıma... Amma qoyxdum ki, göyən olay... Hə, nə başıı ağyıdım, elə ki, qız genə dəliyə giydi, biy də göydüm Nəyiman məllim çiynində tüfəng bu yannan çıxdı. Gəlib şalvarının qabağın açdı, daldan giyişdi qıza... Nıyt... Iyt... Məştan... Eeeee... Genə tutmam tutuy... Qoy bir dəyman da atım... (Dərmanını yenə atır.) Hə, bu oğyaş qıza nə təhəy itələdisə, dəlikdən zəif biy çığıytı gəldi. Sohya qızın ayaqlayı çapaladı. Amma Nəyman onu buyaxmadı. Sohya yenə itələdi... Nə gizlədim? Mənim də şeyim mıx kimi duyub... Elə Nəyiman şalvarının qabağını bağlayıb qaçan kimi mən yavıxlaşdım dəliyin ağzına. Qızın həyəkətsiz qıçlayını aldım çiynimə. Biy-iki dəfə eləsəm də, qızdan səs çıxmadı... Şeyi bumbuz idi... Ayaqlayını buyaxan kimi biy-biyinin üstünə düşüb qaldı. Təypənmədi. Dəəsən, başa düşdüm ki, qız ölüb... Bı oğyaş qıza nə təhər zad eləyib ki, bağyı çattayıb... Nıyt...Iyt... Məştan... Məştan...)

            Zərbəlini ağlamaq tutur. Bu vaxt Nəriman müəllim   köpək cildində onun qabağında dayanıb iki dəfə hürür. O da cibindən bir gödək kəndir çıxardıb salır köpəyin başına. Sonra arxasınca darta-darta aparır. Köpək dirəşir, getmək istəmir, amma Zərbəli onu sürüyür. Arada köpək “ham-ham” eləsə də, Zərbəli onu buraxmır. Bu vaxt köpək ağız atıb Zərbəlinin baldırının şirin ətindən bir dişlək götürür. Zərbəli qışqırır. Bir qadın dizinə döyə-döyə onlara yanaşır.Köpəyi qucaqlayıb ağlayır. Zərbəli qadına bir təpik vurub qışqırır:

            -Az ey, az, Nəcibə məllimə! Şən öləşən, şəni... Nıyt... Iyt...

            Nəcibə müəllimə köpəyin boynundakı ipdən, Zərbəli də qadının saçlarından tutur və sürüyür...

            Nəriman müəllim – köpək yüyürüb Zərbəlinin qıçını bir də dişləyir. Zərbəli zarıyır.

            Kimsə qışqırır:

            -Ə, o it qudurub! Ona bir quduzluq iynəsi vurun!...


            

                                                                                27



“Mən Kərimquluyam.   Bu dəyənək kimi nədi, gözümə girmişdi. Əyənə elə görüm. (Türkün sözü, ağzına dirənmiş mikrafonu əli ilə itələyir. – Müəllif). Kəndimizdə baş verən o biyabırçı hadisədən sonra baş götürüb çıxdıq ordan. Bə nədi? Altı qızım var! Mən o xarabada qızlarımın üzünə necə baxardım? Doşab torpağına mənim də qızlarım gedirdi axı? Neyniyim? Hər şeydən bir az eləyirdik ki, qışda acınnan ölməyək. Lobya əkirdik, çay maşı, qarğıdalı, xiyar, pomidor, kələm, kartof... nə bilim e, hər zəhrimardan bir az ki, dolana bilək. Artığını qızlarım aparıb Mincivanda, Kafanda satır, özlərinə əyin-baş, evə də ətdən-yağdan alırdılar. Nağayraq axı? Bir inəyimiz vardı, yağı Kafannan alırdıq. İkincisini saxlamağa qoymurdular. Dana yekələn kimi gəlib ətliyə aparırdılar. Günümüz-güzaranımız itin günü idi. Pensiyə 20 manat idi. Dəmir yolda işləyirdim. Ayda 180 manat maaş alırdım. Çatmırdı ayın başınacan. Hələ  qızlar da sovxozda üzümlərin dibin ketmənləyirdilər ki, beş manat alsınlar... Günümüz itin günüydü. Di gəl, dözürdük. Ölmə-diril yaşayırdıq. Amma bu Məstan məsələsinnən sonra day kəndin dadı qaçdı. Mən xırdaca qızlarımı məktəbə - Nərimanın qabağına nə təhər yollayaydım? Qızmış kələ kimi qızlarımıza atılmazdımı o oğraş? Vurub öldürmək də olmur. Gülləni buna atırlar, gedib qardaşı oğluna dəyir. Gör neçə qan düşdü o hadisədən sonra... Qana düşmüşük...

            Əsl qana düşən mənəm. Köçüb gəlmişdik Jdanov rayonuna. Qaçqınlıq düşənnən sonra mən də Bakıya gəldim ailəmlə. İstədim köçəm yataqxanaya. Dedilər, nə danışırsan, sən qaçqın ha deyilsən? Dedim qardaş, mən də bu camahatdanam. Bir qalstuxlu oğraş vardı, dedi, no ki, no!.. Əli aşınnan da oldum, Vəli aşınnan da. Qızın ikisi Jdanovda, ee, Beyləqanda ərə gedib, qaldılar orda. Biri İmişliyə gedib. Biri ötən il inistuta girdi, allah başacan eləsin, deyirlər, başı var. İngiliscəni ingilisdən yaxşı bilir. Bu il İngiltərəyə göndəriblər qursa. Demişəm, ingilis-filan istəsə, get. Nərimannandısa, ingilis yaxşıdı... Biri çörək bişirib satır, evimizi o dolandırır. Biri də hələ uşaxdı. Bakıya gələnnən sohra olub. Neynim axı, dedim bəlkə bir oğul züriyyətimiz oldu... Hardan? Aparat da bizə kələk gəldi. Baxdırmışdı yazıq arvad, demişdilər oğlandı. Gəldi vurdu o da qız çıxdı.  Qoca vaxtımızda bir uşağımız oldu, o da heylə... Utandığımnan qızların üzünə baxa da bilmirdim... O Nərimanın da qəbirin gecələr mən gedib qazırdım. Meyidi çıxardıb qoyurdum çöldə... Elə mən də onun badına getdim. Bir gecə genə qəbiri qazmışam, Nərimanın meyidini çıxartmışam, elə qəbirin divarına söykəmişdim ki, əlini endirib üzümə bir sillə çəkdi. Gözümün odu parladı. İt oğlunun yaman ağır əli varmış. Hə, qorxudan bağrım çatladı. Gücnən özümü çatdırdım evə. Elə o ölən ölmüşəm...Amma saa deyim ki, yaxşı pul verirdilər haaa!.. Yox, qardaş, day üz vurma. Bunu saa söyləyəmmərəm. Səhər gəlib məni də qəbirdən çıxardarlar... düzün axtarsan, heç o adamları mən də əməlli tanımıram haa... Eeeee, dedim üz vurma dəəə! Zadddı... Mənim adım olmasın... Qız atasıyam... Nəblim, deyirdilər, bədbəxt Nüsrətin qabaqkı arvadınnan olan oğluymuş... Ə, bizim camahata elə yaxşı olur, vallah! Nüsrətin qabaqkı arvadın qəhbə çıxartmışdılar. Ode, Nərimanın yasına gəlmişdi, bir gözəl cuvanəzəndi, mən mənniyimnən onnan kəsirdim... amma saa deyim ki, zalımın qızının gözü-qaşı yerində durmurdu haaa... Di sağ ol, qadan alım, mən qız külfətiyəm. Çox çək-çevirə salma məni... Gedim görüm camahatımız nə danışır... Ölənnən sonra day ayrı işimiz yoxdu ki, buralara gəlib qiybətləşirik...”


                                                            ***

            Bir az aralıda Lələ ilə üç-dörd adamın mübahisə etdiyini görürəm. Yaxınlaşa bilməsəm də, uzaqdan boynumu uzadıb, dabanlarımı qaldırıram.  Üstündə ANA DİLİ yazılmış bir kitab-adam ortada dayanıb (başında köhnə qulaqlı papaq var, yəqin qulağı soyuqlayıb),   beli bükülmüş halda gumuldanır. Ağzında ucuz siqaret var. Tüstüsü göz çıxardır. Döş çibinə çöl üzdən taxdığı qələmin başı qırıqdır. Kitab-adamın gözlüyünün bir qanadı sındığından qara sapla sarıyıb. Beş- altı məşhur yazıçı da yanındadır. Meydana  yığışan bu boyda adamdan bircəciyi bu kitab-adama yaxınlaşmır. Yazıçılar (mən onların adını çəkərdim, amma hamısı öldüyündən ayıb olar deyə çəkmirəm), bir-biri ilə bərk mübahisə edirlər. Yaraşıqlı, bəstəboy, danışanda tez-tez dilinin altıyla havanı içəri çəkib “is-iş” kimi səs çıxardan cavan yazıçı (amma məncə o ölməmişdi, hansısa xarici ölkədə olmalıydı), saçına sığal çəkib deyir:

            -Dilimiz ölüb. Ölməyibsə də, ölməyə məhkumdur. Ona yeni qan lazımdır. Təcili Türkiyə türkcəsindən minə yaxın söz qəbul etməsək, bu, canlı meyitə dönəcək! Bir molla çağırıb fatihə verməliyik.

            Peyğəmbərə  poema   yazan orta yaşlı sinədəftər şair gülə-gülə bədahətən deyir:


            Düz sözə nə demiş babalar: de hə!

            Surətil, mübarəkətil, fatihə!


            Lələ üzünü ayrı səmtə tutub hirslə deyir:

            -Ə, bu oğraş lopabığa  bax, də! Elçibəyə poema yazmışdı, qəbul eləmədi. Gözlədi, Heydər gələn kimi Elçibəyin adını pozdu, yerinə onu yazdı... İndi fatihəyə qafiyə tutur... Ölmür e!

            Arıq eynəkli yazıçı yavaş səslə deyir:

            -Mən həm həkiməm, həm yazıçıyam. Hər iki sənətimdə ana dilimnən razı qaldım. Təkcə o papağı onun başına kim basıb, anlamıram... Təklif edirəm ki, papağı çıxartsın, başına bir şapka qoysun...

            Döşündə qızıl ulduz olan uzun bığlı, hündürboy bir yazıçı gəncləri qolları ilə itələyib bağırır:

            -Nədi, ə, məni uzaxda görmüsünüz?! Bu, Sovet Azərbaycanının dilidir, sən öləsən, sizə bir gəliş gəlləm ki!.. O dünyada bizi buldozer kimi heslədiyiniz bəs deyil, bu dünyamızı da dar eləməyə gəlmisiniz?! Sihdirin, ə burdan!

            Döşündə qızıl ulduz olan başqa bir yazıçı - bəstəboy,   gülümsər üzlü kişi başladı:

            -Arqo kəlmə işlətmə, sən axı xalq yazıçısısan! Bunlara fikir vermə! Bu dil Kremlin Qurultaylar sarayında gurlayanda, bunların hələ rüşeymi də yoxuydu... Biz bu dildə romanlar yaradanda...

            Başqa bir qızıl ulduzlu dazbaş şair irəli yeriyib bağırır:

            -Alə, bu necə olur, alə?! Bu dil ölür, cəhənnəmə ölsün, bəs mənim o boyda poeziyam nə olacey, alə?! Partiyaya, Leninə, komsomola naxantana şeir yazmışam, hələ Cənub həsrəti mozusunda şeirlərim, nolacey bunların axırı?!

            Beli dınqışdı, yekəburun, enli şüşəli eynək taxmış birisi iki əlini də yuxarı qaldırdı:

            -Biz, hələ sağıq! Biz heç bəlkə ölmədik... Siz də heç nigaran qalmayın... Bu ana dili ki var ha, bunun, türkün sözü,   dalına ağac da soxsaq, səsini  çıxardan deyil... O ki qaldı bu uşaq-muşağın sözünə... Dildi, doğular da, ölər də... Təki biz yazıçılara bir şey olmasın... Təqaüdümüz, qonorarımız kəsilməsin... Qalanı mifdir...

            Bir az aralıda hündürboylu, köhnə paltolu bir yazıçı Ana dilini - Kitab-adamı divara söykəyib master-klass keçir  bir neçə gənc yazıçıya.

            -Əzizlərim, dil də canlı varlıqdır. Yaşayır, inkişaf edir, zəifləyir, qüvvətlənir. Hətta ölə də bilir. Siz tarixdən onlarla ölü dil tanıyırsınız. Bilirsiniz ki, mən həyatım boyu iyirmidən artıq roman yazdım. Onları yazanda, mən çox əziyyət çəkdim. Anladım ki, dilimizin söz bazası çox kasıbdır. Bəli, təəssüf ki, bu belədir. Amma bir şey də var axı: biz Sovet vaxtı dilimizin qızıla bərabər kəlmələrini unutduq. Xahiş edirəm hamınız əllərinizi açın. Bax, bu bir əldə nə qədər söz gizlənib, bilirsinizmi? Bilmirsiniz. Heç mən də bilmirdim. Burda bir təbrizli yazıçı ilə tanış olmuşam. Gəlin onu dinləyək.

            Təbrizli yazıçı gənc adamdır. Bığlarını burub deyir:

            -Mən təzəlikcən ölmüşəm. Evin zindanındaydım. Xüləsey ki, əlinizi açın. Mənə qulaq tutun. Və bu Ana dili kitabının dalına yazdığım plakaya  baxın:


ƏL

Baş barmaq

Göstərici barmaq (sağ əldə ilqar barmaq)

Ara barmaq

Külə barmaq (üzük barmaq)

Cülü barmaq


ƏLİN İÇİ


Fındıqçalar (barmağın başı)

Qaxıtlar   (birinci buğum)

Qaytaqlar (ikinci buğum)

Qədəhlər ( üçüncü buğum)

Ləpitlər (barmağın dibindəki dombalar)

Tilə (əlin alt hissəsi, əlin tili)

Qısnaq (baş barmaq ilə ilqar barmağın arasındakı alt hissə)


ƏLİN ÜSTÜ


Dırnaq (tutulan hissə)

Maya (tutulmayan hissə)

Daraqlar (barmaqların dibləri)

Oturaqlar (buynuz kimilər)

Xırdalıqlar (əlin üstündəki xırda sümüklər)

Toqqa (əllə biləyin birləşdiyi hissə)

Cama (Baş barmağın biləyə bitişdiyi hissə)

Bilək


QƏDİM ƏL ÖLÇÜLƏRİ (çəki)


Qırtıq (baş barmaqla ilqar barmağın dırnaqlarının birləşməsi)

Çimdik (əl yumulur, baş barmaqla dörd yumulmuş barmağın tutduğu yer, “çimdik götürmək” sözü qalıb dildə)

Sıxma (sıxılmış bir əlin tuta biləcəyi qədər)

Ovuc (tək əlin açıq tuta biləcəyi qədər)

Qoşa ovuc

Köpük

Löpük

Girvənkə

Batman

Xalvar (xəlvər)


QƏDİM ƏL ÖLÇÜLƏRİ  (məsafə)


Buğum (barmağın birinci buğumundan ucunacan olan məsafə)

Boy (iki buğum)

Hüllük (baş barmaqla ilqar barmağın arasındakı məsafə)

Qəriş (qarış)

Ərəş (dirsəkdən barmağacan)

Qulac – qulaş (burunun ucundan barmağacan)

Araş – arşın (iki əlin arasındakı məsafə)

Sicim (on araş)

Ağac – 5 km məsafə)


            -Qardaşlar, bax, bu sözləri biz Təbrizdə indi də işdədirüx... Siz isə yəqin ki, unutmusunuz... Bax, dili belə öldürürlər... Yəxci, mənim vəxtim azdır... Di salamat qalın. Allah amanında...

            Bir göz qırpımında Ana dili – Kitab adam yoxa çıxdı və mən yenə ağlaşma səsi eşitdim. İlahi! Bu səslər mənim canıma niyə belə yağ kimi yayılır?!




                                                                              28



            Bir çarpayı maşın kimi fit verib camaatın yığıldığı meydana girir. Çarpayı olsa da limuzin kimi bəzədilib. Heç təkəri də yoxdur. Amma yeriyir. Elə bil təxti-rəvandır. Süslənmiş, bəzənib-düzənmiş bir gəlin bu çarpayı təxti-rəvandan enir. Amma yox. Enmir. Hardansa bir əl uzanır, onun ağ mərmər kimi qolundan yapışır, sonra qadın uzun, nazik ayaqlarını uzadıb yerə düşür. Ayaqlar ayaq deyil ki, elə bil bir cüt ay işığıdır, bu yarıqaranlıq meydanı işıqlandırır. Mən yaxın düşə bilməsəm də olanları uzaqdan görə bilirəm. Qadın çarpayısından enən kimi o qüvvətli əl onu özünə tərəf çəkir və zərxara libasdakı qadınla bu tək əl düz meydanın ortasına gəlirlər. Hardansa, lap uzaqlardan Şopenin məşhur valsı sələnir. Əllə   qadın musiqinin ritminə uyğun gəriliblər. (Çox qəribədir, əlin sahibi görünmür. Sadəcə  barmaqlardan dirsəyəcən bir əl görünür. Amma hiss olunur ki, bu qadınçün o Əldən başqa, o Əlin sahibi də var. Çünki başını yana elə əyib ki, elə bil Əlin sahibinin çiyninə qoyub.) Bir qədər sonra onlar vals sədaları altında süzürlər. Bu vaxt tək bir ayaq da süzə-süzə gəlib onların yanında oynamağa başlayır. Və hardansa bir kişi çıxıb əlində qayış o tək ayağın yanında tərəkəmə oynayır. Valsa tərəkəmə oynayan görməmişdim, onu da gördüm...

            Bu vaxt Asif Aslanlı əlini qaldırır, vals musiqisi kəsilir. Əllə qadın Asifin oturduğu stula yanaşırlar. Asif  başını qaldırmadan deyir:

            -Bu gün mən allahın əmri, peyğəmbərin qəvbi, qəvli, qovlu... nəysə, peyğəmbərin orası ilə sizi bir-birinizə... eeeee... Olmadı... Əəəə, Muğan, brat, sən bu qızı heç kimin basqısı olmadan istiyirsənmi?

            Əl enib-qalxır, yəni istəyirəm. Sonra Asif qadına üz tutur:

            -Aaaz, Gövhər, sən bu gədənin əlini heç kimin soxdusu, eee, zadı, basqısı olmadan istiyirsənmi?

            Gövhər ağzını açır. Nə açır:

            -Əvvala, gədə özünsən! İkincisi də o niyə Əl olur?! O mənim sevgilimdir! Sən və sənin kimilər daldada gizlənəndə, o, vətən uğrunda...

            Bu vaxt xarici bir maşın meydana girir. Bu ağ, uzun bir limuzindir. Deyəsən, gəlin maşınıdır. İçindən Əflətin düşüb açarlarını oynada-oynada çığırır:

            -Bi dakka, bi dakka! Burda nə baş veriyor, yahu?! Mənim, deyəsən Antaliyada olmağımnan istifadə edib halal-hümbət arvadımı zad ediyorsunuz?! Əyə, mənə... Bana da Eflatun deyərlər! Bana da Platon deyərlər! Ben sizi...

            Muğanla Əflətin bir-birinə girirlər. Qayışbaldır Muğan qarnıyoğun Əflətini bedro fəndi ilə başının üzərinə qaldırır. Sonra yerə çırpıb çökür sinəsinə. Adamlar bir-birini vurmağa başlayır. Meydanda vur-çatlasındır.

            Çığırışma, ağlaşma səsi buranı bürüyür. 

             Kimlərsə ağı deyib ağlayır. Ağı səsi mənə ləzzət edir. Fikir vermişəm, ölü düşəndə qadınların ağlaşdığı yerə yaxın dayanıram həmişə. Heç bir müğənninin səsi məni bu qədər ovutmur. Ölürəm bu səs üçün. Amma gərək ağı da ağı olsun ey! Saxta, yalançı ağı yox e. Bax, belə ürəkdən gələn səs... yumşalıram elə bil... 



                                                                       29



            

           “Mən Çexovam. Nədi, inanmırsınız? Vecimə də deyil. İnanmırsınız inanmayın. İpucu verim, bəlkə inandınız. “6 nömrəli palata”nı mən yazmışam. Onu yazanda...”

            Meydana yığışanlar başlayırlar “Mən Çexovam” deyən eynəkli kişini dolamağa.

            -Mən də Hüqoyam... Mən “Səfilləri yazanda...

            -Mən Tolstoyam... Mən “Hərb və sülh”ü...

            Lələ girir adamların  arasına və yalvarmağa başlayır:

            -Əyə, əyə, başınıza dönüm, bu böyük rus yazıçısı Anton Pavloviç Çexovdu vallah! Cavan ölüb e o da. Amma gözəl-gözəl əsərlər yazıb... Onun “Məmurun ölümü” hekayəsi var, min romana vermərəm... Qoyun ürəyin boşaltsın...

            -Ə, LLLələ, bəs bizim dili hardan bilir ÇÇÇexov, hə?! – Bu bayaqkı Harvard məzunudur. O qədər içib ki, ağzında sözləri saqqız kimi çeynəyir.

            “Mən elə bilirdim ki, “6 nömrəli palata” çarizm dövründə qalıb... Ay camaat, bu gün mən çox xoşbəxtəm! 6 nömrəli uşaq balnitsasının yanındakı Morqda....”

            -Balnisa nədi ə, sən müstəqil ölkədəsən, xəstəxana de, ham!.. – Nəriman müəllimdir. Etirazını bu şəkildə bildirib bir ağız da hürür.

            “Hə. Düzdü, 6 nömrəli uşaq xəstəxanasının Morq şöbəsində yaşayanlar məni  “6 nömrəli palata”nın təqdimatına çağırıblar!.. Nu, bəs tədbir nə vaxt başlayacaq?..”

            Sonra qəfildən mənə yanaşır. Göz qapaqlarımı qaldırıb heyrətlə baxır, nəbzimi yoxlayır və üzünü bir az aralıda dayanmış eynəkli arıq həkim-yazıçıya tutur:

            -Doktor, siz yeni ölmüsünüz, tibbin yeniliklərindən xəbərdarsınız... Bunun halı nədir belə? Məncə...

            Həkim-yazıçı Çexova ərklə deyir:

            -Məncə, onun vəziyyəti kritikdir... Amma...

            Ağlaşma səsi daha şiddətlə eşidilir və həkim-yazıçılar hara isə yox olurlar.

Qulağıma yenə gözəl səslə çağrılan ağı gəlir:

          “Ədə, a nənəm balası. Gör saa kimi qurban deyirəm!?

            Gözümdə yaşım yandı... dindirmə, daşım yandı... yurdum əlimnən gedəli... belə torpağım, daşım yandı...- deyən, səni canınnan çox sevən qızların qurban, heyyyyyyyy!!!.........................” 

            Dayana bilmirəm. Hönkürüb ağlamaq istəyirəm. Amma səsim çıxmır. Qupquru quruyub çatlamış  dodaqlarım alışıb yanır. Min illərin susuzu kimi ah çəkirəm və ahımdan çıxan qorlu nəfəs ətrafı qarsır, sanki adamların içinə od düşür. Tək bir qadın səsi lap eeee uzaqlardan şirin-şirin ozalanır, ozalanır... Ay aman! Bu anamın səsidir!

            -Ana, ay ana! – deyib nalə çəkmək istəsəm də səsim içimdə batıb qalır. Özümdən başqa heç kimə çatmır.

            Çexovla eynəkli arıq həkim-yazıçı (indi baxıb görürəm ki, bu dostum Rafiq Tağıymış) qol-qola uzaqlaşırlar. Qulağım onların söhbətini alır:

            -Dünyaya çox Salomonlar gəldi-getdi... Bu da onlardan biri olsun...

            -Süleyman müəllim qiymətli adamdır. Mənim dostum idi... Amma hələ vaxtı tamam deyildi... Ona görə çox yaxınlaşmadım...

            - ?...................................................................................................................................                                       



                                                                         30


            


Qəfil meydana qan qırmızı tülə bürünmüş bir dəstə qız çıxır. Bu  qanlı zombilər əllərini bellərinə qoyub tərəkəmə rəqsi oynayırlar. Sonra paltarlarını soyunub lüt rəqs edirlər. Özlərini elə əzdirirlər ki, elə bil kimdənsə acıq çıxırlar. Addımlarından qan  daman bu binəvalar  gecəquşları kimi qorxunc səslər çıxardır, şivən qoparırlar. Bu vaxt Lələ mənə yanaşır:

            -Mən bunları çəkə bilmərəm... Ayıbdır axı... Şeyləri qalıb çöldə...

            -Lələ, bunlar kimdir?

            -Eeeee... adını da yazıçı, alim, jurnalist qoymusan!.. Getdikcə fəlfəlliyirsən e... dəəsən. Vəzifəlilərnən durub-oturannan ağlın oynayıb...

            -?

            -Bunlar hələ ana bətnindəykən abort edilən qız uşaxlarıdılar... nə qəbirləri var, nə iriz-iracatları... bunları abort eliyən kimi kanalizasiyalara töküblər... Hə, bə nədi?! Qeyrətli kişilər qız atası olmax istəmirlər axı!.. Ode, ha, bax, o kişi də bizim kəndçidir... Görürsən, söykənib dəmir şanaya... Söykənmiyib e, dəmir şana ilə arvadını, dörd qızını öldürdüyünə görə bədəninin yarısı burda şanaya dönüb... İndi kim ki, küçədən pox-püsür təmizləmək istəyir, o Şana kişini şana əvəzi işlədir. Adı da burda qalıb Şanakişi...

            Bu vaxt Tükəz arvad, Məstan, Gövhər, Kərimqulunun qızları, adını unutduğum bir çox qadın-qız oynayanlara qoşulurlar. İndi şıdırğı yallı gedir. Haqverdinin anası kənarda durub qışqırır:

            -Hə, hə, hə gözünüzə dönüm! Çırpın, çırpın ayaxlarınızı yerə! 

            Sonra hardansa peyda olmuş musiqiçilərə tərəf dönüb əlinə götürdüyü Şanakişini drijor çubuğu kimi qabağa uzadıb dilinin altında nəsə zümzümə edir və orkestr də onun təqlidini çıxardır:


            Şiş ucları dırınım-dırınım-dırınım,

            Dağlarında buzları var dırınım...


            Bu vaxt Lələ önə çıxır, hirslə orkestrə bağırır:

            -Təqti düz tutun! O qadın hecanın birini yedi! Dırınım-dırınım... Yox bir, krınım... Mənə fikir verin:


            Şiş ucları buludlarla döyüşən,

            Dağlarında buzları var ölkəmin...


            Şanakişi şanasını lüt qızlara tərəf uzadıb bağırır:

            

            Kanalizasiyalara tökülən,

            Qəhbə-qühbə qızları var ölkəmin....

             Heyyyyyyyyyyyyyyyyyyyyyyyy....


            Qızlar xoru:


            -Heyyyyyyyyyyyyyyyyyyyyyy....


            Və meydanda bir vals başlayır, bir həşir çıxır ki, gəl görəsən! Qadın-kişi bir-birini qucaqlayaraq  vals oynayırlar. Haqverdinin anası tək qalır və qırağa çəkilib şou göstərən meydana küfr edir:

            -Arsız-namıssız yanasıız! 


                                                                                         

                                                                              31

            



        “Mən Şamanam. Lələnin çağırışı ilə gəldim buralara. Bu Yer durduqca, bu Göy başınızın üstündə olduqca, bu axarsız Böyük Su yanınızda çağladıqca sizə ölüm yoxdur. Dədə Şamanımızın bir deyimi hələ də qulaqlarımdadır: “Axarsız Böyük Suya sahib olan türklər əbədidir.” O əbədi türk sizmişsiniz. Lələ deyəndə ki, bizim belə bir suyumuz var, inanmamışdım. Gəldim, gördüm, inandım... Amma... O axarsız Suyu da, bu müqəddəs Toprağı da gərək yaxşı saxlayasınız. Suyu bulandırsanız, o da ölər, sizi də öldürər – axarı yox axı!.. Toprağı isə... qanla suvarmaq gərək. Özü də təmiz qanla. Topraq murdar qan götürməz...” – Uca boylu, uzun saçlı, bir qolu qopuz olan (hə vallah! kişinin sol qolu qopuz idi, hərdən sağ əlinin barmaqları ilə onu dınqıldadırdı...) Şaman bu boyda meydan əhlini buraxıb məni salıb çənəsinin altına. Ətrafımda fırlanır, boynundan asdığı qavalını taqqıldadır, qol-qopuzunu dınqıldadır, nələrsə oxuya-oxuya nitqinə davam edir:

            “Tanrının verdiyinə umuddu olmayın. O verdiyini bir gün alandı. O qara dəliklərdən axan qara suyun altına tutmusunuz ağzınızı, uşaq əmzik əmən kimi əmirsiniz... Bir gün quyular kor olacaq!.. Biz sözümüzü daşlara yazdıq ki, pozulmasın. Siz o yazını belə unutdunuz. Unutsanız, unudularsınız... Unudulmaq isə ölümdən də betərdir!.. Ölüm gözəl şeydir, yahu! Ölərsən, gəlib buralardakılara qoşularsan, həyatın davam edər. Unudulmaq isə...”

            -Ham!.. –Nəriman müəllim Şamanın qabağında dayanıb bir ağız hürür. Kişi uzun saçlarını geri atıb iti göstərir:

            “Bax, belə olarsan. İtə, pişiyə dönərsən. Qanın, genin dəyişər... Unudular, unudarsan...”

            Şaman əlindəki qavalını dınqıldadıb nəsə qədim bir dildə sözlər oxumağa başlayır. Meydandakı adamlar başlarını əyib bu sehrli səsi dinləyir, dinlədikcə ağlaşırlar. Nəhayət, Şaman öz mahnısını bitirib getmək istəyir. Lələ kəsir onun qabağını və məni göstərib nələrsə deyir. Şaman mənə yaxınlaşır. Dizlərini yerə qoyub sehrli sözlər söyləyib mənə üfürür. Sonra biləyimdən tutub bərk sıxır. Cibindən şüşədə iksir çıxardıb ağzıma damızdırır və bircə anda yox olur...

            Yenə ağlaşma səsləri gəlir. Mənə Şamanın məlhəmindən də doğma gələn bu səslərdən yapışıb qalxmaq istəyirəm, amma indi anlayıram ki, illacım yoxdur... Göz qapaqlarım örtülür. Külli-aləm zülmətə qərq olur. Uzaqlardan, lap dünyanın o üzündən gələn Şamanın zəif, amma işıqlı səsi zülməti qovur...

       “...Qopmamaq, kəsilməmək, davam etmək üçün hiss verən, yox olmamaq üçün qərar verən, ağ rahatlıq yaradan sən, atalarımız, böyük atalarımız zamanında Tanrı olaraq yüksəlmisən, yer və dəniz yaradıldığı zaman atalarımız və analarımız sən Tanrısan deyə, yuxarı qaldırmışlar... “

            Kimsə lap ucadan Şamanın duasına qarşılıq verir və meydan əhli xorla onun dediyini təkrarlayır:

            “Amin!”

           Və yenə ağlaşma səsi...


                                                                     ***


             -Dalı durun, ə, dalı durun! Boooy... Day ancaq on nəfərə veriləsi yardım qaldı... Baxın, on dənə onnuxdu... Nə ulaşırsınız? Yoxdu, e, yoxdu! Büdcə boşalıb... Hələ o kor quyulardan da gündə bəd xəbər gəlir... Siz bir milyon, mən tək adam... Hardan alım?! Kimə çatmadı, getsin soğan əksin!.. Nəysə, içinizdən on adam seçin... Şəhid ailəsi olsun, müharibə veteranı olsun... Qaşqın olsun... He-he, maa bax e, hamınız qaşqınsınız dana... 

            -Ala bıdeeee, bı da saa müharibə veteranı knışkası!... 

            Bir milyon adam birdən veteran kitabçasını tullayır Asif  Aslanın ayağının altına. Veteran kitabçasının altında qalacağından ehtiyat edən Asif təntiyib qışqırır:

            -A kökünüz kəsilsin, veteran yox, belə yetimdar, dul arvad... tapın içinizdən...

            -Ə, qardaş, bax, mən həm şəhid ailəsiyəm, həm veteranam, həm də dul kişiyəm... – Qalstuklu bir adam toz-torpağa bulaşan kostyumunu çırpa-çırpa dillənir.

            -Ə, sən haranın şəhid ailəsisən, ə?! Sənin oğul-uşağın cağbacağ durur ki!.. Mənim qıçım yoxdu, e, qıçım!.. – Bunu da bir qıçı kəsik, qoltuq ağacına söykənən adam deyir.

            -Nolsun qıçın yoxdu, arayışın var qıçının olmamağına görə? – Bunu da Asifin yanında dayanan qoltuğu qovluqlu deyir.

            -Ə, qıçım təzədən bitəcək?! Nə arayış, ə?!   Müharibə vaxtı bu qalstoxlu Türkiyədə kurtka alveri eliyirdi, indi maa şəhid ailəsi olub... Bir oğlunun da burnu qanamıyıb...

            -Ə, nolsun, ə?! Əmim oğlu ki şəhid olub?!

            -Yalansa sənin...

            Təkqıç adamla qalstuklu tutaşırlar. Təkqıç yerə yıxılsa da qalstuklunun baldırının şirin ətini protez dişləri ilə dişləyir. Qalstuklu qışqırır. Meydandakılar bir-birinə girirlər. Əsil döyüş baçlayır. Kim kimi gəldi vurur. Arada Asifi də çırpırlar.Toz-duman qalxır. Asif yanındakı qovluqluya göz basır:”Ə, gəl çıxaq aradan! Axırıncı onluqxları da avtobus-kafedə kababa, arağa verək, cıraq gedək. Qoy bunlar bir-birini qırsınlar.”

            Bir az aralıda qoca Şamanın yanında dayanmış qoca, xəstə, ayağı-ayağına dolaşan boz bir canavar ağzını göyə tutub ulamaq istəyir, səsi çıxmır.

            Bu döyüşən adamların arxa planında bir dəstə silahlı adam minəcən qandallı qız-gəlini, cavan-çoluğu qabağına qatıb “araqoner, araqoner!*” deyə-deyə işləməyə aparır. Əsirlərin içində məktəbyaşlı bir uşaq da var. Hiss olunur ki, o burda doğulub. Uşaq əli ilə vuruşanları anasına göstərir:

            -Ay ana, o vuruşanlar bizi qurtarmaq üçün vuruşurlar?

            Xəstə ana qolunu yara eləmiş zəncir yerlərini əli ilə sığallayır:

            -Yox ay bala, onlar qarın davası eliyirlər... Taxt-tac yad millətin əlində, torpaq yadlarda, namus da ayaqlar altında... Bizi də, o əsir torpağımızı da day allah da qurtarammaz... Bizim qurtarmağımız bax, o qoca qurdnan qiyamətə qaldı...

            Bu vaxt qoca bozqurd başını qaldırıb iki kərə dartınır, tıyşüyür, axır ki ulaya bilir. Nəriman müəllim qurdun səsini alıb hürür. Meydandakılar əl saxlayıb ona baxırlar və hamısı səs-səsə verib hürüşür, sonra da tükürpədici səslə ulayır, ulayırlar...     



                                                                                32



            “ Sonunuzdur. Bütün insanlar doğulduğu gündən əcəlinə doğru gedir. Amma siz əcəlinizə doğru çapırsınız. Özünüzlə, qövmünüzlə vuruşursunuz. Sizi qanlı bir müharibə gözləyir. Yüz ilin müharibələri onun yanında toya getməli olacaq! Bunun  adı QIZ  MÜHARİBƏSİDİR! Dünyanızı o müharibə bitirəcək. 

            Bax, bura yığışan o öküzsifət kişilərin məkri sayəsində təxminən yüz ilə Yer üzündə qız-qadın qalmayacaq. Ya da qalsa nə fayda. Min kişiyə bir qız, qadın düşəcək. Vaxtilə arvadlarına qızları bətnlərində məhv etməyi tələb edən bu eşşəkbaşlı kişilər indi qız-qadın üstündə dünyanı qana bələyəcək. Böyük, amansız müharibə gözlənilir – qızlar, qadınlar uğrunda QIZ MÜHARİBƏSİ! Atom onun yanında muştuluq olacaq. Sonunuzdur...


-----------------------------------------------------------------------------------------------------------------------------------------

*Ermənicə “tez ol, tez ol” mənasındadır.            


             Gedin müharibəyə hazırlaşın... Qız müharibəsinə... Qəzanız heç mübarək olmasın!..”

            Qəzəbli, ötkəm qadın səsi sozalır. Sonra yumşaq, məxməri bir səs axır ruhmuma:

”Mənim  oğlum dörd qız atasıdır. Allahın kefi gələndə vermişdi o qızları. Gül parçası kimi. Bir dəfə üzünü turşutmadı. Kərəminə şükür dedi. Amma indi eşidirəm ki, məktəblərdə bir sinifdə iyirmi oğlana beş qız düşür... Mənim oğlum isə dörd qızını bir oğlundan əskik tutmadı ki, artıq tutdu...Bəs, Allah mənim balama niyə qıydı?!”

            Baxıram ki, bayaqdan ittihamla danışan anam imiş. Axı mənim anam bu dildə danışa bilməz.  Burda niyə belə dəyişib? Özü də bu dəfə heç mənə baxmır da. Üzünü çevirib gedir. Dünyadan, insanlıqdan üz çeviribmiş kimi. Əlimi uzadıb arxasınca çağırmaq istəyirəm, səsim içimdə boğulur. Qurumuş dodaqlarım daha da kipləşir...   

                                                         ***          


           Dəhşətli uğultu qopur. Şiddətlə əsən külək məni göyə qaldırır. Ona görə əl 

atıb qarşımdakı quru bir ağacdan bərk-bərk yapışıram. Əlim dəyən kimi ağac göyərir və yerə kök atıb özünü də, məni də dəhşətli küləkdən xilas edir.

            Tufanın - sonra biləcəm ki, bu, Süleymanın küləyiymiş – ardından  bir dəstə quş (belə quş görməmişəm, başları adam başı, dimdikləri adam ağzı kimi, dişləri də par-par parıldayır) cəh-cəh vura-vura enir meydana. And olsun haqq-salama ki, bu cəh-cəhdən çox it hürüşünə oxşayır. Lap belə:

                        Cih-cih-cih... Ham-cih, cih-ham...

                        Ham-ham-ham... A-uuuuuuuuu...

            Atana lənət yalan deyən! Bu vaxt göydən bir fayton endi. Bir az sonra baxıb görəcəyəm ki, bu fayton deyil, kirşəymiş. Nədən? Ondan ki, onu atlara deyil, itlərə qoşmuşdular. Elə bu kirşəyə qoşulan itlərin hürüşmə sədaları altında fayton-kirşə göydən yerə - Morq meydanına nazil oldu. Adam başlı quşlar o dəqiqə fayton-kirşəni dövrəyə alıb quş dilində dedilər:

            -Ya Süleyman, sən bu külleyi-ərzə xoş gəlmisən! Cih-cih-cih... Ham-ham-ham...

            Morq əhli təbii ki, quşların dilini başa düşmədi. Amma mən o saat bu sözləri anladım (axı mən də Süleymanam) və uca səslə tərcümə elədim. Amma “ham-ham”ı çevirmədim. (Az.tevedə xarici  filmləri dublyaj zamanı necə qayçılayırlar, bax mən də elə elədim çevirəndə.) Fayton-kirşədən məiyyətlərinin müşayəti ilə enən Süleyman peyğəmbər mənə tərs-tərs baxdı, projektor kimi işıq saçan üzüyünün şüasını gözümə salaraq   bağırdı:

            -Niyə saxtakarlıq edirsən?! Birincisi, sənin heç burda yerin yoxdur! İkincisi də, iki qoçun başı bir qazanda qaynamaz, dəf ol burdan! Mənim Süleymanıma bax!

            Sonra ayağını yerə vurub nərə təpdi:

            -Hanı mənim sevgili qarışqalarım?!

            Asfalt şaqqalandı, açılmış oyuqlardan qarışqa ordusu çıxıb üstümə cumdular. Sonra bu qanadlı məxluqat mənim canıma daraşıb göyə qaldırdılar və gətirib Morqun həyətindəki Göy marketin qabağına tullayıb getdilər.

            Uzaqdan isə Süleymanın uzun-uzadı nitqinin sədalarını eşidirdim:

            -...həzarat! Siz ölümünüzə doğru gedirsiniz... Ölüm isə qaşla gözün arasındadır... quru çubuğu yaşıllaşdıran mən Süleyman peyğəmbər allahın izni ilə sizə bunları deməyə gəldim: ölümünüzə doğru yürüyürsünüz. Ölüm sizdən qaçır, siz ona doğru çapırsınız. Adəm atanın, Həvva ananın övladları olduğunuzu nə tez unutdunuz? Axı bu, elə dünən olmuşdu... Sizin min illər bildiyiniz vaxt, Allahın izni ilə bir göz qırpımı kimidir. Göyərəni saraltmayın! Ağaranı qaraltmayın! İstini soyutmayın! Adamı itə döndərməyin! Quşu bayquş etməyin!..

            Bu vaxt bayaq göydən enən quş sürüsü bir göz qırpımında bayquşa dönüb vahiməli səslə çığırışmağa başladılar...

            Bayaq mənim üstümə cuman qarışqa sürüsü isə işgüzarcasına çalışırdı. Hardansa sürüyüb gətirdikləri balaca stulları, çarpayıları, yorğan-döşək dəstlərini daşıyır, elə bil özlərinə məskən salırdılar. Mən qarışqa sürüsünın başçısını yanladım və qarışqa dilində dedim:

            -Xeyir ola, nə köçhaköçdür?

            O uzun bığlarını eşib vəcdlə dedi:

            -Görmədin, Süleyman peyğəmbər təhvil-təslimə gəlmişdi də... Onsuz da bir az sonra yer üzündə bircə dənə də canlı qalmayacaq... Sizlər – Adəm övladı qıracaqsınız bir-birinizi... Bu dünya bizə - Yerin altındakılara qalacaq... Siçanlara, ilanlara, köstəbəklərə də xəbər vermişik ki, gəlsinlər... Bu işıqlı dünya daha bizə qaldı... 

            Bayaqdan bərk-bərk yapışdığım göyərmək üzrə olan quru ağacın yarpaqları bircə anda saraldı, özü də qurudu. Uzaqdan bir gözəl qadın çarğatının ucu ilə göz yaşlarını silə-silə nalə təpib ağlayır: 

            -Qarışqalara qalan canım vay!

            Bu vaxt yenə külək qopdu. Fayton-kirşə qadının yanında dayandı, Süleyman başını çölə çıxardıb bağırdı:

            -Aazzz! Bilqeyis, getmirsən?!

            Sümbülündən su damlayan bayaqkı gözəl qadın bircə anda qoca qarıya döndü (atana lənət məni qınayan, bu ki, Polina Yusipovnadır!) və Süleymana dalını çevirərək həzin səslə ağı dedi:

            -Gözəli qarıya dönən dünyam vayyyy!..

            Baş qarışqa üzünü mənə tutdu:

            -Bu da Dünya xanımdır... Əvvəli gözəl, sonu xəzəl...

            Yenə tufan qopdu. Ağacların yarpaqları quş sürüsü kimi göyə qlxdı, sonra yerə səpələndilər... Torpağın üstü xəzəllə örtüldü...



                                                                 33




              “Mən “Azərbaycan gündəliyi” qəzetinin təsisçisi və baş redaktoru Arzuya Həsrətəm. Bu kitabda oxuduğunuz “Morq meydanından reportaj”ı mən hazırlamışam. O dünyada məşhur olan qəzetimdə hissə-hissə çap olunub. Amma bir xeyli var ki, mən bu dünya üçün də bir mediya nümunəsi hazırlamağa başlamışam. Bu dünyaya  gələndən sonra  (məni bura buraxırlar – dedilər ki, zatən ölülüyünlə diriliyində bir fərq yox, gedə bilirsən), baxıb gördüm ki, bu dünyanın adamları o dünyadakılardan bir addım irəlidədirlər. Nə təhər? Day burda qəzet-zad oxuyan yoxdur. Adamların hərəsinin əlində bir ayfon var və gündə internetdədirlər. Ona görə  bu dünyadakılarçün  azerbaycangündeliyi.az adlı bir xəbər saytı yaratdım. (Əslində, mən fiziki cəhətdən diri olsam da, mənən ölüyəm. Nədən? Ondan ki, həbs olunandan sonra məni orada sındırdılar. Əqidəmi dəyişməyə məcbur elədilər... Vallah, nə təhər deyim, belə məcbur-zad eləmədilər heç. İşgəncə-zad da olmadı. Sadəcə, dedilər ki, indiyəcən ORA işləmisən, innən belə BURA işləyəcəksən. Alacağın da ikiqat artıq... Nə demişlər: “Kor nə istər? İki göz. Biri əyri, biri düz...” Mən heç o bircəyini də düz istəmirəm. Qoy ikisi də əyri olsun, amma pul çıxsın. Beləcə keçdim BU TƏRƏFƏ.) O söz vardı e əvvəldə, guya Lələymiş, ya nəymiş bunları diktafonuna yazan, boş söhbətdir. O Lələ ki var, afiristin biridir. Gedib Altayları gəzmiş, maraqlı şeylər toplamışdı. Mənə də danışıb o şaman söhbətlərini. Dedim, diktafonu açıram, müfəssəl danış, çap edək bu danışdıqlarını. Qayıdasan ki, Arzu bəy, sənin əqidəni dəyişməyin, məsləkindən qaçmağın mənim dünyabaxışımla ziddiyyət təşkil edir. Sən gödənəsini udmuş inəksən... Heç gör dəxli var?! Nə əqidə, nə məslək, nə inək, nə gödənə??? Bunun vapşe başı xarabdır, vintinin biri çatmır. Rədd  elə getsin. Fu! İyrənirəm üst-başınnan... 

            Əlbəttə, mənim “Azərbaycan gündəliyi” qəzetimin adı, səviyyəsi ayrı aləm idi! Kaçestvo! Yarkost! Vısota!.. O qəzetin meyarları vardı... İndi onlar yoxdur, zato mən varam. Pul var! O saqqallı baş redaktor da, indi vor-zakonlardan yazan Nutellayev də, “Şarik” qəzeti də, “825-ci qəzet” də, mən də  sadəcə maskamızı çıxartmışıq. Bu nə demək? O demək ki, biz Milli Azadlıq Hərəkatı deyilən bir vurçatlasına maskayla qoşulmuşduq. Elə ki, zıppıltı bitdi, hamı kimi biz də maskamızı çıxartdıq. Daha yenisini taxmağa ehtiyac qalmadı. İndiki sifətimiz bizim əsl üzümüzdür – hələ anamızın matkasında olanda bu üz bizdəydi...

            Ölülər adama pul-zad verən deyil. Sadəcə sensasiya kimi onlara həsr etdiyim sayt maraqlıdır. Alə, aləmdir e! Sən Çexovdan müsahibə alırsan, Süleymanlardan bəhs edən yazı hazırlayırsan... Doğrudan. Alə, nə məsələdir bilmirəm, o dünyaya neçə vaxtdır gedib-gəlirəm. Bu Səməd Vurğun heç gözümə dəymir axı? Sizcə nöş yoxdur bu adam oralarda?..

            Di salamat qalın. Mən 66-cı paralelniyə   çatanda düşməliyəm. Həri ya, bu dünyaya maşınla gələ bilməzsən ki. Buranınkı avtobusdur... Özü də 33 nömrəli marşrut... 21  yox ala,   21-dür e o, açkodur! O açkoyla işiniz olmasın. Qoy bacaranlar oynasın... Bu 33-dür. İnsanın tüm insan həddinə çatdığı yaş... Mənim yaşım! Oxəntənə də gəl üstünə, olsun 66! Bu vabşe bizim neslün nomeridir. Elə 8 il sonra süzün rayonun işqalının da 33 illiyi olacey. Di sağ olun. Mən düşməliyəm. Qəzetə materialı çatdırmalıyam... Xahiş edirəm, mənim reportajımdan istifadə edəndə hökmən istinad edün... Bir də mənimçün bilet alıblar...”


                                                            ***


            Ağlaşma səsi lap yaxından eşidilir. Qadınların səsi öləziyir, onu kişi səsi əvəz edir. Qəribədir, kişi də ağı deyir. İlk dəfədir ağı deyən kişi görürəm... Amma yox... bir dəfə uşaq olanda olmuşdu belə şey. Nəydi o kişinin adı? Hə, Eyvaz idi. Eyvaz kişinin oğlu avtomobil qəzasında ölmüşdü. Hər səshər dan üzü bu qoca yanıqlı səslə bayatı çağırar, hönkürüb ağlayardı:


                        Əzizim eyyyyyy, ulu dağlar...

                        Əəəəədə balm, ay İrasul, çeşməli-sulu  dağlar....

                        A dədən ölsün, a nənən ölsün, bə bizi niyə yetim qoydun...

                        Ay İrasul, bırda bir iyid ölüb heyyyyyy...

                        Göy kişnər, bulud ağlar.... heyyyyyyyy......................................


            İndi bu kişi səsi də Eyvaz kişinin səsinə yaxın bir səslə bayatı çağırır. Amma yox, Eyvaz kişinin səsi qaltanlıydı, lap rəhmətlik Zülfünün səsi kimi. Zülfü Adıgözəlov necə oxuyardı?


                        Ay ana, ana, 

                        Günləri sana,

                        Mən gedirəm Zəngilana...

                        Gedirəm axı, gedirəm axı...


            Bu səs isə Səxavətin səsi kimi nazik, həzin və sızıltılı idi. Adamın yeddiqatından keçirdi. Hələ sölərinə bax sən allah:


                        Əzizim qarı Vətən,

                        Köynəyi sarı Vətən.

                        Bir kor quyuya döndün,

                        Yaranı sarı, Vətən...


            Sonra hönkürür. Baxırsan ki, şəhərin müxtəlif yerlərində içi boş su quyusuna oxşar dara dəliklər əmələ gəlib – bir gözü mayıf adamın gözünün çalası nə təhər görsənər, bax heylə. Dəstə-dəstə geyimli-keçimli adamlar (əyin-başlarından bilinir ki, hamısı vəzifəlilərdir, hətta içlərində tanış simalar – nazirlər, deputatlar, icra başçıları, polis rəisləri, prokurorlar da var) bu qara dəliklərin başına yığışıb ağlaşırlar. Bayaq bayatı çağıran adam da bunlara züy tutur elə bil. Bir ucdan qatı açılmamış bayatı döşəyir:


                        Əzizim qara Vətən,

                        Gəlmisən zara, Vətən.

                        Kor bir dəliyə döndün,

                        Düşdün hardan hara, Vətən...


            Baxıram ki, bu səs Lələnin səsiymiş. Lələ əlini qoşalayıb başına çırpır. Sonra dizlərinə vura-vura şaxsey-vaxsey qışqırır, yanındakılar da ona dəm tutur:

            -Çarxımız çöndü!

            -Şaxsey!

            -Vaxsey!

            -Dönəlgəmiz döndü!

            -Şaxsey!

            -Vaxsey!

            -Quyumuz batdı!

            -Şaxsey!

            -Vaxsey!

            -Çırağımız söndü!

            -Şaxsey!

            -Vaxsey!

            

            Sonra Lələ arvad kimi üzünü didir. Qanlı üzünü göyə tutub şəkk gətirir:

            -Sən bizi heç istəmədin, ey qoca! Gah İblisə tay elədin, gah Şeytana aday elədin bizi! Elə yerə, elə məkana soxdun ki, bizi, yan-yörəmiz qurdlarla dolu oldu. Heç başımız aydınamadı... Sən də bizdən üz çevirdin... Bu kor quyuları ya bizə vermiyəydin, ya da... Gör nə günə qalmışıx ki, qafiyəmiz pozulur, hecamız artıq-əskik gəlir... Sənin heç kərəminə şükür olmasın!... 

            Polislər bir dəstə kasıb-kusubu qabaqlarına qatıb kor quyuların yanına gətirir. Dubinkayla döyürlər ki, ağlasınlar. Bu adamların lap licimsizi qabağa durub cırıq şalvarını dartışdıra-dartışdıra deyir:

            -Ə, maa nə var e o quyulardan?! Hıy... Xeyirin kim görüb, o da ağlası... Mənim nə şeyimədi, ə... Boyyy... ağlamıram!..

            Adamlar hamısı onun sözünü təkrarlayırlar:

            -Ağlamırıxxxxxx!

            Asif Aslan bir  ovuc xırda pulu onlara tərəf atıb bağırır:

            -Elə bıdı! Day yoxdu! Büdcə boşdu! Quyu kordu! Di ağlayın köpəyuşağı!

            Adamlar qəpikləri göydə qapa-qapa ağlaşırlar.

            Bu vaxt Asif Aslan Lələni itələyib qabağa keçir və qartımış arvad səsiylə bayatı çağırır:

            

            Əzizim eyyyy, qara quyu,

            Verirdin eyyyyy, para, quyu.

            Bizi gözüyaşlı qoyub,

            Hara getdin, eyyyy, hara quyu.........................


            Lələ hikkə ilə Asif Aslanın sinəsindən tutub bağırır:

            -Adııı da debitat qoymusan! Heç utanmırsan?! O nə bayatıdı çağırırsan? Görmürsən hecanın biri artıxdı?!

            Adamlar gülüşürlər. Və elə gülə-gülə də ağlayırlar.


                        


                                           -∞- 


            Dərin, dibsiz , qaranlıq bir aləmdəyəm. Tüfəng lüləsi kimi dar, buzlaq kimi soyuq, gecə kimi qaranlıq bir yer. Tərpənmək istəyirəm, olmur, dillənmək istəyirəm, o da alınmır... Buz kimi şaxtadan başqa hiss edəcəyim yox... Amma hiss edirəm. Soyuğu hiss edirəm. Demək...

            Su səsi. Sonra suyun qoxusunu alıram. Varmış bu qoxu. Əvvəllər niyə bunu hiss etməmişəm? Kimsə sürəkli qurnanı açıb-bağlayır. Bu səs onsuz da soyuq aurama bir sərinlik gətirir. Bu dar lülədə tərpənən kimi oluram. Və deyəsən eşidirəm axı? Hə, təkcə hiss etmirəm, həm də eşidirəm! Su səsini eşidirəm!.. Sonra bıçaq-çəngəl səsləri eşidilir. Kişi və qadın səsləri də bu səslərə qarışır. Burnuma  qəribə bir qoxu gəlir – qəbir gülü qoxusudu, nədi bu? Sonra başqa qoxu. Spirt? Yoxsa araqdır. Haradı bura? Yeyib-içmək məclisidir? Sonra başqa səslər də gəlir. Elə bil ağlayan da var... Yoxsa radioda kimsə muğam oxuyur...

            Çox-çox uzaqlara uçmuş, indiyəcən olmadığım yerdə, səsinə, nəfəsinə, üzünə-gözünə yadırğadığım insanlarla təmasda olan ruhum bədənimə qayıtmada. Hiss edirəm, eşidirəm, amma görə bilmirəm. Niyə görə bilmirəm bəs?

            ...Bakıya oxumağa gələndə anam dönə-dönə tapşırmışdı: bax haaa, özünü soyuqdan qoru. Sən uşaq olanda pis xəstəlik keçirmisən. Ayağını az qala kəsəcəkdilər. Allah Elman doxdura min can versin. Hanı? Vermədi ki... O küçə-bacada qarnı açıq, götü açıq belədən-belə dazıyan uşaxlardan bircəciyin qıymadı ona!.. Yazığı arvadı da qoydu getdi. Hirsinnən cavan bir qız aldı, o da doğmadı... Hə, sözüm ondadı ki,  Elman həkim qutardı səni o xəstəlikdən. Bax, sağ ayağının dizində, bir də dizindən yuxarı budunda dörd yarıx var. Onnar sənin apres yerlərindi. Qıçın yarımcandı. Nəbadə soyuq suya girəsən, soyuq su içəsən... Bil ki, sənin bədənində belə bir illət olub. Özünü qoru. Sən axı mənim tək gümanımsan, tək evladımsan, gözümün dikəcəyi tək balamsan...

            Neynədim mən? Soyuğamı verdim özümü? Bəlkə məni təzədən əməliyyat edirlər. Bəs o çəngəl-bıçaq səsləri nədir? Gözüm niyə açılmır? Mən hardayam?.. Dayan. Dayan. Kişi səsi gəlir...

            ...-Bilirsiniz, Süleyman müəllimin şəxsiyyətinə mənim dərin hörmətim var.   Gözəl qələm sahibi, dəyərli jurnalist   idi. Amma qayda belədir ki, meyid morqa gəlibsə, mütləq yarılmalıdır. Məni düz başa düşün... – Bu kişi səsidir. Güclə eşidirəm: “...meyid morqa gəlibsə...” Aha. Demək, məni ölmüş bilirlər. Onda mən niyə eşidirəm?..

            -Siz bir dəqiqə dayanın! Bu ölkədə satılmayan heç nə yoxdur axı. Hər şeyin  öz qiyməti var, biz də bilirik. Siz qiymətinizi deyin!.. – Ay allah, bu səs necə doğmadır!.. O qədər doğma ki... –Axı mən gözlərimi niyə aça bilmirəm. Hardayam mən?

            -Nə qiymət? – Yenə kişi səsi.

            -Meyidi yarmamağın qiymətini soruşuram!.. – Oh-oh! Bu ki Məhbubdur. Belə hökmlə yalnız o danışa bilər. Zarafatla necə deyirdim ona: “Siz Rza şah Pəhləvinin nəslindənsiniz... Zakirin şeiri necəydi? “Pristavın çəkməsini silmərəm...”

            -Əslində... – Kişi səsi hökmünü itirir. Deyəsən, bazarlığa hazırlaşır...

            Axı mən hardayam? Deyəsən, ölmüşəm axı? Yaxşı, ölmüşəmsə, niyə eşidirəm? Eşidirəmsə, demək, ölməmişəm. Bəs göz qapaqlarımın üstündəki bu ağırlıq nədir? Elə bil dağ qoyublar kipriklərimin üstünə... Axı deyəsən, ürəyim də vurur. Bu nə işdir düşmüşəm?

            Ağlamaq səsləri gəlir. 

            -Ata, ay ata, niyə belə elədin? Bizi niyə başsız qoydun?

            Qızlarımın səsidir. O səslərdən bədənimə enerji axır. İstilik yayılır canıma. Var gücümü toplayıb gözlərimi açıram. İlk gördüyüm ağappaq rəngdir. Ağın çoxluğundan gözüm səyriyir. Və bunun tibb bacısının ağ xalatı olduğunu görüncə ürəklənirəm. Bir az aralıda daha bir ağ xalatlı var. Bayaqkı kişidir yəqin. Ağzımı açıb qışqırmaq, “mən sağam” demək istəsəm də, səsim çıxmır. Bir də güc  verib dodaqlarımı tərpədirəm, səs çıxır elə bil. Tibb bacısı nəsə duyuq düşüb   qorxmuş halda həkimə tərəf  boylanır.

            -Doktor, meyid elə bil tərpənir?..

            -Nə?! Başın xarabdır? –Əlində skalper mənə yaxınlaşır.

            Başa düşürəm ki, bu qəssab indicə  bıçaqla məni doğrayacaq. Ona görə var qüvvəmi toplayıb qolumu qaldırıram. Sonra dodaqlarım aralanır və zəif səslə qışqırıram:

            -Mmmən sağğğam!

            Həkim də, tibb bacısı da geri sıçrayırlar. Tibb bacısından qəribə bir səs çıxır –gənc qızlar qızlığını itirəndə çıxardarlar bu səsi... Gör bu vurhavurda nələr gəlir ağlıma... Deyəsən, o ağlayır. Əyilir və qıçının arasına aparır əlini. Ağ xalat bircə anda islanır. (Qadın qorxudan işədimi yoxsa? Ya doğrudan bu yazıq qız idi, bakirəliyini itirdi?!. Hə, olur belə şey. Bir kənddə bir qız atdan yıxılanda başına belə bir iş gəlmişdi. Sonra ərə gedəndə toy gecəsi təpəsi üstə ata evinə qaytardılar. Ata əclaf da  gecəynən qızı döyüb çölə salmışdı... Bədbəxt qız elə o gecə intihar elədi... Nənəsinin təkidi ilə həkimlər qızın meyidini yarmış və sübut etmişdilər ki, bu hadisə cinsi əlaqə zamanı deyil, bədənin harasa çırpılması nəticəsində baş verib... Eeee, mən beləyəm dəəəə... Heç gör dəxli var? A kişi, öz dərdini çək, bu vurhavurda gör yeridir? Qız belə gəldi, at belə getdi, it gəldi örkən apardı... )

           Həkim özünü ələ alıb nəbzimi yoxlayır. Sonra qapını açıb həyəcanla qışqırır:

            -Ay bacı, ay xanım, bir dəqiqiqə bura gəlin. Əriniz sağdır! Klinik ölüm keçiribmiş... amma gərək mənim şirinliyimi verəsiniz haaa!

            Dəhlizdə səs-küy düşür. Arvadım, qızlarım, qohumlar gurultuyla morqa girirlər. (Bura morqmuş! Mən morqdayammış!) Həkim mənə qabaqlayıcı tədbir kimi hansısa iynəni vurur və tibb bacısına göstəriş verir ki, xəstəni palataya aparsınlar... (Tibb bacısı isə hələ də özünə gəlməyib. Dişini dişinə sıxıb qəddi əyilmiş halda divara söykəli qalıb. Gözlərində yaş elə donub ki, elə bil qorxmuş qadın tablosudur, rəssam indicə işləyib gedib, hələ rənglər qurumayıb... Amma usta rəssammış: təəccübü, heyrəti, qorxunu və qadın gözəlliyini bu ağ xalatın içində necə verə bilib?! Rəssam əhli-kefmiş: göz yaşını, bir də qadın sidiyini sevirmiş. Göz yaşını başa düşdüm. Qadının atributu kimidir o zəhrimar – zatən göz yaşı qadının əlindədir – bəs o sidiyi niyə çəkib? Qadının alt paltarı - əynində nə var ağdır, ona görə görünür hər yeri - ağavış yubkası, dümağ xalatının ətəkləri işəməyin içindədir... Hələ əli ilə tutduğu paçasının arasında qızartı da dəydi gözümə! Zalım rəssam!..

           Qadından gözümü birtəhər yayındırıram - əslində “tablonu kimsə divardan alır” – qoluna girib onu aparırlar... Və baxışlarım ondan ayrıla bilir.)

            Palatada ilk gözümə sataşan arvadım olur. O ağlayır. Məni də qəhər boğur.

            -Yadındadır, Məhbub, qaraçı nə demişdi?

            -Hə, yadımdadır. Dedi ki, biriniz altmış, biriniz altmış beş il yaşayacaqsınız... Sənin bu il altmış beş yaşın oldu... şükür, əzrayılı aldada bildin...

            Gözü yaşlı gülüşürük.

            -Qaldım mən... – Arvad aşkar həsədlə mənə baxır.

            -Sənin də bu il altmış yaşın oldu axı... daha qıl körpünü keçmişik... –Bu vaxt qızlar gəlir və söhbətimiz yarımçıq qalır. Onlar ağlayırlar. Məni yenə qəhər boğur.

            Həkim içəri girib deyir:

            -Yaxşı, mənim şirinliyimi kim verəcək?

            Məhbub çantasından bir qom pul çıxardıb həkimə uzadır:

            -Doktor, uzaq olsun, səhər qəbir yeri üçün götürmüşdüm. Şükür ki, sizə qismət oldu...

            

                                                            ***


            Axşama yaxın həkimlərin birgə konsiliumundan sonra tapşırıqlarını verib, məni evə yazırlar.   Konsiliumda iştirak edən Türkiyədə oxumuş gənc uzman-doktora üzümü tuturam:

            -Mənə nə olmuşdu? Ölüb-dirildim, vəssalam? Bunun elmi izahı var?

            O gülümsünür. Yoldaşımın əlinə baxan qosqoca rüşvətxor həkimlərdən fərqli olaraq nəsə ağılabatan şeylər deyir:

            -Bunun elmi adı hipotermiyadır. Bədənin temperaturu 22 dərəcəyədək düşür. Bir növ bədənin dondurulması prosesi gedir... Bəxtiniz gətirib ki, Morqda xolodelniklər yüksək dərəcə ilə işləyib və hipotermiya baş verib... Sonra da həkim sizi yarmaq üçün yerinizi nisbətən isti otağa dəyişib və don açıldıqda ürəyin fəaliyyəti bərpa olunub... Bu, mənim uzmanlıq işim idi... Bildiyim qədərilə belə hadisə milyonda bir baş verir... On il əvvəl Türkiyədə olmuşdu. Keçən il Fransada belə bir hadisə qeydə alınıb. İndi də bizdə... Əgər etiraz etməsəniz, bu barədə mən doktorantlıq işimdə yazacağam. Sizin şəkillərinizdən və çəkilmiş vidiolentdən də istifadə edəcəyəm... 

            Bunun ürəyi dolu imiş ki!..  Əlimi yelləyirəm. Yəni nə edirsiniz, edin... 

            Taksiyə minəndə maşını Morq məhəlləsindən sürməyi tapşırıram. 

            Dünən gündüz və axşam mənim burada yaşadıqlarımı anlamaq üçün bir xeyli vaxt lazım olacaq. Yavaş-yavaş yaddaşım bərpa olunur. Hə, hə!.. Gecə Cahangirlə Haxverdi  Dılının göyərçinlərinin hamısını kəsib kabab çəkdikləri üçün bu dəli oğlan Morqun binasına od vurmuşdu.  Morq-zirzəmidə saxlanılan tezalışan kimyəvi maddələrin od tutması səbəbindən alov qaçqınlar yaşayan mərtəbələri də bürümüşdü. Və gecədən keçmiş Lələ ilə mən   Morq məhəlləsinin bağçasındakı meydandan alovu görmüş, ora qaçmış, şirin yuxuda olan adamları haraylayıb çölə tökmüşük. Lələ öz otağına girəndə çıxa bilməyərək yanıb ölmüş, mən də yanıb külə dönmüş Morqun həyətində “Lələ! Lələ!” bağıraraq o yan-bu yana qaçmış, sonra qaranlıqda başım nəyəsə bərk toxunmuş və elə oradaca yıxılıb qalmışam... (Lələ bağıra-bağıda deyirdi ki, şaman ona bir  kitab veribmiş. Orda kod varmış. O həmin kitabı otağındakı rəfdən götürmək üçün içəri girmişdi. Sonra pəncərədən bir kitab  atdı mənə və qışqırdı ki, bu kitabda şamanın verdiyi kod var, mən burdan çıxa bilməsəm, o kodu saxla, lazım olacaq....) 

            Öyrənirəm ki, çox içdiyindən Haxverdi də yatdığı yerdəcə yanıb. Nənəsi, arvadı nə qədər eləsələr də, onu çıxarda bilməyiblər. 

            Yaşı yüzü haqlamış anası əlini qoynuna qoyub, kirli gecə köynəyində hıqqıldaya-hıqqıldaya adamların qabağına gedib nələrsə deyir, uğunub gedir. Deyəsən, qarı havalanıb. (Burda yaşayanların hamısı gecə tumançaq çölə qaçmışdılar. Elə adam vardı bir darbalaqda özünü bayıra atmışdı.)

            Morq hələ də tüstülənirdi. Yanmış plastik boruların başçatladan qoxusu ətrafa yayılır. Bu, onsuz da ağır olan  havanı bir az da ağırlaşdırır. 

           Hələ də külə dönmüş evlərindən salamat qalmış  nəsə tapacağına ümid edənlər külün və tüstünün içində eşələnir, hardansa ağı deyən zəif qadın səsi eşidilir. “Əzizim eyyyyyyyy...” 

           Bu vaxt şalvarının qabağı açıq olan, bərəlmiş gözləri iki sıfır kimi mənə dikilən Dılı tüstülənən binaya  yaxınlaşır. Əlində bir qom qəbir gülü var. Onu gətirib yanan Morqun gur tüstülənən yerinə atıb gedir. Sonra qayıdıb  qabağımda dayanır, ciddi-ciddi pıçıltıyla deyir:

            -Bacımı Haxverdi si...mişdi... Mənim göyərçinlərimi də... 

            Sözünün dalını gətirə bilmir. Ağlayır.

            “Dılı Morqa çələng qoydu”, - uzaqdan, olumsuzcasına  Haxverdinin səsi eşidilir. Həmişə sözünün dalısını  hırıldamaqla bitirən bu adamın səsi yarıda qırılır... Mən təəccüblə ətrafa boylanıram: “Bəs Haxverdi ölmüşdü axı?!.” Və dünən gecə aşağıda (ilahi, o nə iclas idi, o nə yığıncaq idi mən görürdüm, ya klinik ölümün əlamətləri idi?..), bağçadakı meydanda ölülərin – elə dirilərin də - nə əməldən çıxdıqlarını yadıma salıb qəfil üzünə soyuq su çilənən adam kimi irmənirəm.

            Amma məncə, Dılı o gülü Lələ üçün qoymuşdu.

            Lələnin pəncərədən atdığı kitab yadıma düşür. Ciblərimi qurdalayıram,  qatlanmış vərəqlərini qat kəsmiş əl boyda kitabı tapıb vərəqləyirəm. Təxminən yüz səhifəlik bu kitab tamam ağ vərəqlərdən ibarətdir. Hanı bəs yazı? Kod? Aha, bude, yalnız sonuncu vərəqdə nəsə yazı var. Gözümü üstündə saxlaya bilmədiyim, hər biri bir ox olub gözlərimə batan sıfırlardan ibarət o yazını görəndə yenə yer ayağımın altından qaçmağa başlayır: 0000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000

................................................................................................................................................................................................................................................................................................................................



                                                MÜƏLLİFİN  ƏLAVƏSİ



            Olar on gündür ki, xəstə yatıram. Əslində, xəstə-zad deyiləm. Nədənsə, arvadım da, qızlarım da, mənə yoluxmağa gələn qonum-qonşu da, hətta iş yoldaşlarım da məni xəstə hesab edirlər. Üstümə psixiatr da gətirmişdilər...

            Bu axmaq hadisədən sonra işlədiyim saytda bir məktub çap olundu. Deyilənə görə, o məktubu mən yanıma gələn baş redaktorumuza vermişəm. Atama lənət, əgər belə bir şey xatırlayıramsa!.. Nəysə... Bir az gülməlitəhərdir, ona görə burda verirəm ki, belə ağır mətndən sonra oxuyun, kefiniz açılsın. O məktub budur:


            “Uca Rəbbimə! Böyük Tanrıma! Yerin-Göyün sahibinə! 

            Surəti işıqlı dünyada yaşayanlara!(Bir kopyası da mənim yetimçələrimə!)

            Bilmirəm, sizə necə müraciət edim ki, xoşunuza gəlsin.

            Mən, iki il olar ölmüşəm. Əgər siz, O Dünyada deyildiyi kimi, hər şeyi bilənsinizsə, onda xəbəriniz olmalıdır:  O Dünyada şərəflə, namusla yaşamışam. Ərimi gənc yaşlarımda itirsəm də, ikinci dəfə ərə getmədim – baxmayaraq ki, istəyənim çox idi. Oturub iki atasız uşağımı saxladım. Pambıq becərdim, barama qurdu bəslədim, mal-qara, qoyun-quzu, toyuq-cücə saxladım. Ən ağır işlərdə kişilərlə çiyin-çiyinə işlədim. Bir kişiyə də gözümün ucu ilə baxmadım. Durum yalandan deyim ki, ürəyim istəmədi, yalan olar. İstədi, özü də lap çox istədi. Amma nəfsimə tüt dedim, dözdüm. Dözməyəndə qarğıdalı sütülünü gecələr yanımdan əskik eləmədim...

            Kişiləri yaxşı tanıyırdım axı! Birinin altına yıxıldınmı, bitdi iş. Gərək hamısı ilə yatıb-durasan. Yoxsa günün qara olacaq...

            Bu isə o demək olacaqdı ki,  ailəmin, balalarımın yanında başım aşağı gəzəcəkdim. Dincliyimiz pozulacaqdı...

            Uca Rəbbim!

            Sənə agahdır ki, mən bunların heç birinə getmədim. Özümü təmiz-tarıx qoruyub-saxladım. Amma öləndən sonra başa düşdüm ki, nə qədər böyük səhv eləmişəm. Nahaq imiş bunlar... Çox nahaq...

            Az qala yadımdan çıxmışdı: sənin mollaların, keşişlərin camaatı aldadıblar  O Dünyada. Bu Dünyada müsəlman, xristian, buddist-filan yoxdur. Burda bir Cənnət var, bir də Cəhənnəm. Qurtardı getdi! 

            Böyüklüyünə həmd olsun ki, sənin ədalətin sayəsində mən Cənnətdəyəm. 

            Elə ki, O Dünyadan Bu Dünyaya ayaq basdım, Sirat körpüsünü gözüyumulu keçdim.  Bir də gözümü açdım ki, Cənnətin qapısındayam. Qapıçı gülərüz, potasifət bir kişiydi. Bir növ bizim Əliağa Ağayevə oxşayırdı. (Soruşdum ki, Əliağa Ağayevsən? Gülüb dedi, allah eləməsin, artist-martist, yazıçı-mazıçı hamısı cəhənnəmlikdir.) Kişi əlini aparıb ora-buramı əllədi (elə bil qəssab kök qoyunu əlləşdirirdi), sonra gülə-gülə qayıtdı ki, saz şeysən, özü də təmizsən, keç içəri. 

            İndi, uca Rəbbim, durub sənin Cənnətini sənə təsvir eləməyəcəyəm ki! Kitablarda yazılanlardan hələ beş də artıqdır. Gül-bülbül, huri-qılman...

            Elə Cənnət bağçasında təzə-təzə gəzirdim ki, bir Qılman (heç bilmirdim, Qılman kişiymiş), məni yanlayıb Cənnət dilində eşq elan elədi. Təxminən o kinodakı kimi:

            Hali-mələkqu, hali-məlkəkhu?

            Güli-mələk ru, alu-məlkək ru?

            Dedim, ey, ey! Köpəy oğlu köpək! Mən O Dünyada ad-san qazanmışam, dişimin kirin sümürmüşəm, saçımın birin ağ, birin qara hörmüşəm, gecə yatanda yanıma qarğıdalı sütülü qoymuşam ki,  gəlib saa burda hali-məlkqu eliyəm?! 

            Dedi, aaz, az, dedim yəni gəlmişkən, huri olmuşkən, gəl bir az aşq-maşk eliyək, eləmirsən, eləmə. Day maa niyə heylə üz göstərirsən?!

            Küsüb getdi.

            Bu vaxt qonşumuz Dızıx Zeynal (ötən il türmədə ölmüşdü), göydən düşübmüş kimi məni yanladı.

            -Aaz, Əntiş, xoşum gəldi sənə! Halal olsun! O yad ellərin Qılmanına ki, heylə cavab verdin haaa, saa min dəfə halaldır! Xəbərin olsun, mən sənnən hələ O Dünyadan kəsirdim, canımçün!.. İstəsən, sənin Qılmanın elə özüm ollam...

            Açdım e gül ağzımı, uca Rəbbim:

            -Ə, - dedim, - sən kalxozda camahatın əmək gününü basıb yedin, pensiyə idarəsində pensiyələri yedin, qaz idarəsində qazı su kimi içdin, pambıq qəbulunda pambığa su səpdin, pendir zavodda südə su qatdın... tutuldun, türmədə gorbagor oldun... Oldun, olmadın?!

            Dedi:

            -Oldum.

            Dedim:

            -Ə, bə sənin burda nə işin var, ə?! Bilmirsənmi, bura pak adamların məskənidir?! Xeyir ola, buranı da murdarlamağa gəlifsən?!

            Dızıx bir az da dızıxlaşmış qarnı ilə mənə bir dühmüz vurdu, hirslə dedi:

            -Aaz, Əntiş! Görürsən ki, mən də eyzən sənin kimi paki-pakizəyəm! Bir də burda sözüm keçir. O dünyadan gələnləri Cənnətə saldıra bilirəm, rahat bağçalara göndərirəm ki, süzənək-zad tutmasın və sair... Hələ sənin ağzın isti yerdədir... Get, get. Amma ürəyin kişi istəsə, mən həmişə hazıram qulluğunda... 

            Gedə-gedə gördüm yavaşca deyir:

            -Ay yazıq, hələ gör qabaqda kimi görəcəksən?!

            Sonra əlini qarnının üstünə qoyub irişdi:

            -Ba saa deyirəm, burda eşqbazlıq eləmək istəsən, mənnən ötmə... Düzdü, burda huri-qılman itinə tökdür, amma çoxu siflisdi, treperdi... Maa isə sənin kimi əl dəyməmiş gül parçası lazımdı... Di salamat qal. Öpürəm...

            Dızıxdan aralanıb Ehsan bağına girdim ki, bir az tutdan-zaddan yeyəm. (Burda qabaqlar ürəyin nə istəyirmiş  verirmişlər. Amma axır vaxtlar hamı günü mer-meyvəynən başa vurur. Deyeəsən, infilyasiya buraları da vurub.) Baxdım ki,  aləm dəyib bir-birinə. Hurilər-qılmanlar çılın-çılpaq (təkcə ayıb yerlərini  əncir yarpağı ilə örtüblər) hövkələşirlər. Gördüm içlərində bizim tərəflərdən ölüb getmiş adamlar da var. Tanınmamaqçün üzümü əllərimlə örtüb qaçdım. 

            Haracan qaçassan ki?! Bağda hər gülün ləçəyində iki arı ağız-ağızadır: biri erkək, biri dişi. Hər ağacın altında iki  insan var: biri  Huri, biri Qılman.

            Fikirləşdim ki, bəlkə çıxım bir hündür ağaca, gözüm bu zinakarları görməyə. Elə bir palıd ağacına yarıyacan çıxmışdım ki, qulağıma doğma səs gəldi:

            -Allah, allah, gör kim gəlib! Bacın ölsün ay Əntiş! Ağaca niyə dırmaşmısan? Başına yermi qəhətdi?

            Bacım Ruqiyənin səsi idi. Palıdın  budağında bir Qılmanla huri misalı dodaq-dodağa sevişirdilər. 

            Elə bil məni qonşu Cəhənnəmdəki qaynar qazana   saldılar. Yandım, cızdağım çıxdı. Yanıb giryan ola-ola qayıtdım ki, az, az, sən burda nə qayırırsan?! O Dünyanı sıçıb-batırdığın bəs dəyil, indi də Bu Dünyanı xaraba qoymağa gəlmisən?! A qəhbə, a ləçər, sən hara, bura hara?!

            (And olsun sənin birliyinə ki, ay uca Rəbbim - onsuz da hər şey sənə ayandır, mənim sənə andım yoxdur - bacım Ruqiyyə O Dünyada bir qəhbə kimi ad çıxartmışdı. Həm ərdə olanda, həm əri öləndən sonra gəzmədiyi kişi qalmadı. Axırda utandığımdan uşaqlarımı da götürüb o kənddən köçdüm. Heç haçan öldüyünü də bilməmişəm. Bude ha, məndən qabaq gəlib çıxıb Cənnətə... Yan, tökül...)

            Dodağını Qılmanın dodağından çəkib mənə baxdı, baxdı, qəşş eləyib güldü və gülə-gülə də dedi:

            -Kefin olsun, ay Əntiş! O Dünyada da qoymağıl oldun, Bu Dünyada da. Sən Cənnətin o buğa kimi qapıçısını görmədinmi?! Səni əlləşdirmədimi?! Bax, elə girəcəkdə onun möhübünü gördüm. Bircə dəfə yat-durdan sonra məni itələdi Cənnətə. Bax, sənə deyirəm: əgər tezdiyinən bu Qılmanlardan biriynən kef çəkməsən, səni burdan deportasiya edəcəklər...

            -Hara, az?! – Hirslə soruşdum.

            -Vallah, haralığın deyə bilmərəm,  amma yəqin ki, sənin kimi təmiz-tarıx, gözəl-göyçək cüvanəzəni Cəhənnəmə atmazlar. Sadəcə, 3-cü ölkəyə deportasiya edərlər... Ha-ha-ha!..

            (Uca rəbbim! Bacımın sözünə qüvvət, burda öyrənmişəm ki, Cənnətlə Cəhənnəmin arasından hündür beton hasar çəkiblər. Sementi az olduğundan – yüz faiz bizimkilərin işidir – bir-iki külüng vurandan sonra hasarı deşib o üzə, bu üzə keçmək olur. Gedib-gələnlər deyirlər ki, ora daha maraqlıdır. Hər həftə teatr tamaşaları, balet gecələri olur. Ayda bir dəfə kitab yarmarkası keçirirlər. Konsertlər, səyahətlər, şahmat yarışları, day nə bilim nələr. Ən maraqlısı isə Nizami, Sabir kimi şairlərnən görüşlərdir... Bizim xalq şairləri yox e tay!.. Onları burda – hurilərin arasında görürəm tez-tez. Qılman olub gediblər... Mən də bir dəfə Cəhənnəmə dəymək istədim, isti külək nə təhər vurdusa, dedim qanadlarım yandı... Hə, deyilənə görə, oranın əhlini gündə bir dəfə qır qazanına salıb çıxardırlar. Amma neynirsən, heç ufuldayıb eləmirlər... Nə bilim e, uca rəbbim, burda aləm dəyib bir-birinə. İt yiyəsin  tanımır... Amma yox, çaşdım. Burda it yox ki. Deyilənə görə, ən vəfalı, ən namuslu itləri bura göndərmək istəyiblər, imtina ediblər. Ki, O dünyada da, Bu Dünyada da it kimi hür, bu yalançı, oğru İnsanları qoru. Day nə oldu?Onlar da Cəhənnəmə üz tutublar...)

            Sonra Qılmanla başladı iyəşməyə:

            -Ə, qırışmal, dodağımı niyə dişləyirsən. Qanadı axı?! Mən, bəlkə min kişiynən kef çəkmişəm, O Dünyada da, Bu Dünyada da dodaq saxlamışam ki, indi burda sən dişləyəsən?! İt oğlu, it!

            Qılmanı nə təhər itələdisə başı üstə budaqdan yerə gəldi. Özü də qanadlarını açdı, uçub getdi. 

            Uca Rəbbim, yalnız indi bildim ki, mənim də qanadlarım varmış. Təzəcə qanad çalıb uçurdum ki, havada Dızıx Zeynalla toqquşduq. Ruqiyyənin sözü yadıma düşdü. Elə havadaca Dızığın altına yıxıldım. (Tanımadığım siflisli Qılmanı neynirəm axı. Yenə bu kişi öz yerlimizdir.) Elə o yıxılan yıxılmışam...

            Uca Rəbbim! Onu biləsən ki, Cənnət çox tünlükdür. Nəfəs almaq olmur natəmizlikdən. Üç kişidən ikisi siflis, dörd qadından üçü triperdir. Burdan bir xeyli adamı – huri-qılmanı Cəhənnəmə yollamasan, vəziyyət xarablaşacaq. Mənim adım olmasın, elə biri bacım Ruqiyyə!.. Vallah, a kişi, sənin də, mənim də adımızı batırır burda... amma Dızığa dəymə daha. İndi o burda mənim Qılmanımdı axı... Yenə sən bilən məsləhətdir... Bunları yazdım ki, sonra demə demədi...

            Cənnət. Hur-mələk Dızıx Zeynal Əntiş. 29 sentyabr, sizin eranın 17-ci ili.

             Çatacaq Əntişin uşaqlarına. Bakı, Morq meydanı, dovestrebovaniya. 

Məktub yayımlanandan iki gün sonra evə məhkəmə bildirişi gəldi. Məktubda adı çəkilən Ruqiyyənin qızı məni məhkəməyə veribmiş. Qışqıra-qışqıra deyirmiş ki, namusu itə atıblar, it də yeməyib! Mən o Süleyman müəllimi dəlixanaya saldırmasam, heç Ruqiyyənin qızı deyiləm!

            Qalmışam belə. İndi mən məhkəmədə necə ifadə verəcəyəm? O olub-bitənləri mən kimə inandıra bilərəm?

            Baş redaktor deyir ki, bir məktub yaz, üzr istə yazında, sayta qoyaq, qurtarsın getsin...

            Yaxşı bunu başa düşdük. Üzr istəyəcəyəm. Axı Əntiş məni hədələmişdi!? Bəs o nə olacaq? Axı gec, ya tez, mən ora getməliyəm?!.

            

          ...Elə bu çək-çevirdəykən əl telefonuma zəng gəldi. Baş redaktor idi. Sevinə-sevinə dedi ki, Morqu təmir etməyə başlayıblar. Paz Cahangir adlı birisi saytın email ünvanına yazıbmış bu barədə. Yazıb ki, bizi hansısa yeni salınan qaçqın şəhərciyinə köçürmək söhbəti ertələndi. (Ədəbi-bədii dildə yazıb elə beləcə: ertələndi.) Onu da yazıb ki, mənim  (yəni Paz Cahangirin) vaqon-kafemi də təmir edəcəkmişlər. Daha sonra yazır:  camaat sevinir, şənlənirmiş. Və yazıdan o da məlum olur ki, Paz Cahangir  söz verib:  bir gün pulsuz  ehsan - yemək-içmək  verəcək. Hətta Haxverdinin ehsanı olsun deyə araq da qoyacaq süfrəyə... 

            Mən də sevinəntəhər oldum. Evimizin küləfirəngisinə çıxıb doyunca gərnəşdim və qonşunun evi tərəfdən gələn siqaret qoxusunu  bəs deyincə   iylədim. (O kişinin siqareti daim dodağında olur. Mən siqareti on il olar tərgitmişəm və buna görə könlümə düşəndə bura çıxıb onun siqaretinin tüstüsünü iyləyirəm.) Və siqaretdən məst olandan sonra  sifətimə   çırpılan nataraz sualdan qəfil diksinirəm: “Yaxşı, bunlar Morqda qalmalarına niyə sevinsinlər ki?” 

            Haqverdinin bir zamanlar dediyi söz yadıma düşür: ”Biz neçə ki, bu Morqdayıq, umudluyuq ki, rayonumuz alınacaq... allah eləməmiş, bizi o təzə tikilən binalara köçürsələr, day umud-zad da çezəcək...”

            

            ...Ayaq üstə güclə dururam. Qaçqın məhləsindəki ehsandan mən də yedim, Haxverdinin xatirəsinə stola qoyulan araqdan da içdim. Özü də çox içdim. Və geri qayıdanda elə Odlar Yurdu universitetinin qabağında bir külrəngi it qabağımı kəsib quyruğunu buladı:

            -Ham!

            İstədim qaçam, olmadı – it dönüb yolumun üstündə şöngüdü, daha bərkdən hürdü:

            -Ham-ham!!!

            Zəndlə itə baxıb üşəndim: o gecə meydanda gördüyüm itin – Nəriman müəllimin eyni idi!

            -Nə istəyirsən, ay allahın heyvanı?

            Bunu demişdim ki, bir sürü it hərəsi bir dəlikdən çıxıb məni əhatəyə aldı və ağız-ağıza verib hürüşdü:

            -Ham-ham-ham-ham-ham!!!!!!...........................................................................................

            Daha qaçmağa yer də yox idi. Dizlərimi qatlayıb elə asfaltın üstündəcə çöm üstə dayandım. Dillərini çıxarmış itlərlə ağız-ağıza, göz-gözə, diş-dişə durmuşdum. Amma məni heç tutmaq fikirləri yox idi. Qəribəsi o idi ki, bu itlərdən qorxmurdum da. Və bu ağız-ağıza dayandığım heyvanlara daha diqqətlə baxanda dəhşətə gəldim: bunlar o gün meydanda gördüyüm adamlar idilər... Niyə axı? Nəriman müəllimi bildik, bəs bunlar niyə itə dönsünlər ki? Hətta bir it dilini çıxardıb ağzımı-burnumu yalayırdı. Bu it sifətli adamlara baxanda məni acı bir qəhər tutdu. Ən yaxın adamlarım bildiyim bu itləri qucaqlamaq üçün qollarımı açmışdım ki...

            -Sürükün burdan! Kopolunun itdəri! – Paz Cahangirin səsi idi. İtləri əlindəki ağacla vura-vura mənim ətrafımdan qovdu, sonra qolumdan tutub qaldırdı.

            -Məllim, ehtiyatdı olun e... Bura doludu yəəsiz itnən...

            -Sənə elə düz eləyib Paz Cahangir deyiblər... – Sözlər ağzımdan vermeşil sallanan kimi   sallana-sallana tökülürdü. Allahdan bu paz gədə nə dediyimi anlamadı. 

            Dönüb məhlənin ağzında hır çəkən itlərə baxdım. Onlar da mənə tərəf yazıq-yazıq boylanır, nəsə anlatmağa çalışırdılar elə bil.

            Paz məni metroyacan ötürüb qayıtdı. 

            Metronun ağzında bayaq ağzımı yalayan it dayanıb yazıq-yazıq mənə baxırdı. Baxıb-baxıb tanıdım onu: Haqverdi idi... Hətta göz də vurdu mənə və bunu belə başa düşdüm: “Ay vəfasız, bəs arağı mənsiz necə hortdatdın?!”

            Yadıma qonşunun   siqaretinin tüstüsünü iyləməyim düşdü və aşağı əyildim ki, bu kök, gödərək it – Haqverdi məni iyləyə bilsin...

            Allah həmin allahdı, gün həmin gündü, tarix həmin tarix deyil...



                                                                                                2017 – 2018







Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)