Lətif Şüküroğlu - “Bir məhəllənin adamları” silsiləsindən (Söhbət)
Kimlərdənsən, ay oğul?
Necə bəyəm, əmi?
Suyun yaman şirin gəldi, ondan soruşdum, qəlbaa
ayrı şey gəlməsin.
Nə bilim, vallah, desəm tanıyarsan, ya yox?
Niyə tanımıram, bir yerin adamı deyilik, yəqin tanıyaram. Sən dilini sürümə, Zəngilan nə böyük yer idi ki, erməni işğal edəndə vur-tut otuz üç-otuz dörd min əhalisi vardı. Onun da çoxu rayon mərkəziynən Mincivanda yaşayırdı.
Musanın oğluyam.
Hansı Musanın, rayonda altı, ya yeddi Musa vardı. Biri elə qonşumuz. Yox, onun sən boyda uşağı çətin ola, bizdən cavan idi. Müharibədə əlil oldu. AZİ-nin yataqxanasında qalırdı, ora yolum düşəndə neçə kərə görmüşdüm. Sonra hara köçdü, xəbərim yoxdu. Öldüsü, qaldısın da bilmrəm. Neyliyim, Allah naxoş getməsin, mənimki də belə gətirdi. Neçə ildi, ayağım sözümə baxmır, çar-naçar, oğul-uşaq ümidinə qalmışam. Hara aparırlar ora gedirəm, aparmasalar bir küncdə qıvrılıb qalıram. Allah qocalığı kəssin, xeyir, şərdən də qalmışam. Hə, dillən görüm dədən Musalardan hansıdı? Qorxma içində pisi yoxuydu. Amma gərək orasını da deyim, mən tanıyan Musaların xasiyyətləri heç oxşamırdı. Biri vardı, tündməcaz, üstəlik acıdil. Dinib danışmaz, danışanda da adamı peşman edərdi. Ancaq heç kim deyə bilməz, mənə pisliyi keçib. Rəhmətlik dədəsi kimi, əlsizə əl, ayaqsıza ayaqdı. Cavanlığından sərrast atıcıydı, gülləsi yayınmazdı. Sovetin vaxtı yal-yamac, dağ-meşə demiyib ov edirdi, neçə yol “nəsli kəsilməkdə olan quşu, heyvanı vurmusan”, deyib cərməliyirdilər. Ancaq yenə dinc durmurdu, sezona, mezona məhəl qoymur, qarşısına nə keşdi ovluyurdu. Məndən böüyüydü, batalyon təzə yarananda oğluynan ora yazılmışdı. Qoşalüləsini çiyninə salıb o dağ sənin, bu dərə mənim vuruşurdu. Deyilənə görə neçə erməni gəbərtmişdi. Dığa köpək uşağı Dardayuxarının 11 kəndini tutduğu gün gavur gülləsinə tuş gəldi. Meyidini də götürə bilmədilər. Sora cənazələr dəyişdiriləndə gavurlar onun, bir də bir cavankını qaytarmıyıb, qurd-quşa yem etdilər. Köhnə Pirçivan tərəfdə qalan o biri Musa...
Elə onun, maşinist Musanın oğluyam. Atamı rayonda çox adam tanıyırmış.
Ay pir olmuş, bunu bayaxdan de də. Maşinist Musanı kim tanımırdı. Zəngilanda uşaqdan böyüyə ona işi düşməyən adam tapmazdın. Tanımaq nədi, rəmətliklə dost idik. Onnan Qafanda o qədər cavanlıq etmişik...
Qardaş sən Allah, bağışla, ürəyinə pis şey gəlməsin, kişi qocalıb deyə, son vaxtlar kimi görür, eyni sözü deyir. Belə çıxır, hamı ilə dost olub və işi-güclü də orda-burda, daha çox da Qafanda kef çəkmək imiş. Di gəl dediyi adamların ikisindən savayı birini də tanımırıq, heç görməmişik də. Nə edək, yaş öz sözünü deyir.
A gedə, yenə yava-yava danışma. Dünənki uşaq mənə irad tutub ağıl öyrədəcək. Siz adama yovuşursunuz ki, kimisə tanıyasınız? Mən də ölüb gedəndən sora qapınızı heç qohumlar da açmıyacax. Bir də cavanlıqda nə edib-etmədiyimi, kimnən oturub-durduğumu sən hardan biləsən. Buna yaşın çatmaz. Bəlkə, mən yox, sən mənim dədəmsən? Ömrü boyu dilimə yalan söz gəlməyib, bu yaşımdamı yalan danışacam? Hafizəm yanıltmırsa, Musayla Qafanda çəkilmiş şəklimiz də olmalıdı. Rəhmətlik arvad albomun arasına qoymuşdu. Qaça-qaşda o albom da qaldı. Yoxsa, göstərərdim, yenə ... yedimə düşərdin.
Ağsaqqal düz deyir. Mən o şəkli görmüşəm. Yanınızda iki qız da var. Şəklin arxasında Qafan şəhəri və çəkildiyi tarix, 1980-ci il yazılıb. Bu günəcən o şəklidə atamla yanaşı duran adamın kimliyini bilmirdim. Rəhmətlik anamdan da soruşmağa macal olmamışdı. Sən işə bax, axtardığım cavabı belə tapacağıma yüz il qala inanmazdım.
Vay, ay oğul, nə dediyindi, bəyəm anan rəhmətə gedib? Nə vaxt oldu, yəqin rəhmətliyin xiffətinə tablamayıb. Çox istiyirdi. Dədən bir ayrı adamıydı. O boyda rayonda xeyir-şərinə yaramadığı adam yoxuydu. Kim toy edirdi, ya ev tikirdi ona üz tuturdu. Toyunku məlum, evə lazım olan daş, taxta, nə bilim nə material desən daşıyıb gətirirdi. Qafana vaqonlarla göndərilən tikinti materiallarını, daş kömürü, canım saa desin, kartofu, yağı, hər nə oldu yüklüyüb Pirçivanın (Zəngilan şəhərinin əvvəlki adı – L.Ş.) o başından ta bu başınadək qatarı neçə yerdə saxlatdırıb boşaldırdılar. Camaatın xasiyyətini bələddi deyə, qatarı az qala həyətə sürdürmək istəyənlərə də qəti əsəbləşmir, incik salmırdı. “Tavarnı poyuzdu, belimdə daşımıram ki”, deyirdi. Heç kimə “yox” deməzdi. Sovetin vaxtında bizim əsas dolanışığımız Qafandan idi. Satdığımızı orda satır, alacağımızı da ordan alırdıq. Sovet hökuməti onlara ayırdığının beşdə birini bizə ayırmırdı. Erməni köpək uşağı bizə hər şeyi baha satırdılar, ancaq di gəl, yenə mane olmağa çalışır, vağzal rəisindən tutmuş neçə yerə şikayət edirdilər, “mal-materialı torklar vaqon-vaqon daşıyıb aparır, bizə köməy edin qarsısın alax”. Ancaq Musanın qabağını kim kəsə bilərdi, söz verdisə, qurtardı. İki dünya bir ola dediyindən dönmürdü.
Bu danışdıqlarınızı neçə yerlimizdən eşitmişəm. Hətta bir dəfə Füzulidən olan müəllimdən eşitdim ki, atamın köməyinən neçə kənlisi bir vaqon material yüklüyüb Mincivana gətiriblər, atamın xahişiylə oradan da başqa qatara qoşdurub Horadizə aparıblar.
Belə şeylər çox olub. Özündən eşitmişəm Qubadlı, Cəbrayıl, hətta İmişlidən belə gəlirdilər, o da bacardığı köməyi edirdi. Heyif ondan. O hadisələr başlayanda ermənilər Qafanda neçə dəmiryolçunu ölümcül döymüşdülər. Rəhmətlik Musa da həmin gün ağır xəsarət almışdı. Elə o xəsarətdən sora xəstə düşdü, nə qədər dava-dərman elədilər, yazıq anan nə əziyyətlər çəkdi. Aparmadıqları yer qalmadı, ancaq xeyri olmadı. Siz o vaxt uşaq olardız, köçkünlüyün üçüncü iliydi, rəhmətə getdi. Yeri behşit olsun. Şükür, ocağı boş qalmıyıf. Ama mən bilən anan sağlam adamıydı, o qədər dərd-sərin qabağında dözüb dururdu. Rəhmətlikdən sora da bir-iki il get-gəlimiz oldu, onda da elə düşməmişdi. Sora fikirləşdim, söz-söhbət çıxar, görən-biləndən kimsə ağzını yava qoyar, mən o yana, ananın təmiz adına xələl gələr, el-oba içində biyabır olarıq. Bəs, necə oldu, dərdi nəydi?
Dediyiniz kimi rayondan çıxandan sonra neçə il olmazın əziyyətini çəkdi. Atamın ölümü ona çox möhkəm yer eləmişdi, özünü güclə ələ alırdı. Neçə yol gizli ağladığını görmüşdük. Uşaq idik, nələr keçirdiyini indiki kimi başa düşmürdük. Bizə görə dərd-sərini içinə salmışdı. Çöl işi, ev işi, başqa qayğılar onu tamam əldən salsa da, dözürdü. Bizə görə dözürdü, yoxsa, heç bir il də duruş gətirə bilməzdi. Kiçik qardaşım orta məktəbi, mən də institutu təzə bitirmişdik, bacımsa sonuncu sinifdəydi. Elə bil onu gözlüyürmüş, yatağa düşməyi ilə rəhmətə getməyi heç iki ay çəkmədi.
Allah o dünyasını versin, məkanı cənnət olsun, neyliyək, əlimizdən nə gəlir? Heç xəbərimiz olmuyub. Duz-çörək kəsdiyim neçə adamın nə özünün, nə əyalının yasına gedə bilmədim. Anan neçə yol qabağımıza çay-çörək gətirib, qulluğumuzda durub. Allah ona rəhmət eləsin. Bizim də günahımızdan keçsin, dərdinizə şərik ola bilməmişik.
Nə edəsən, əmi, çoxları sizin kimi eşidib-bilməyib, sora başsağlığı verdilər. Elə özümüz, qohum olub ki, vaxtında xəbər tutmamışıq, qırxına gedə bilmişik. Kimi qınamaq olar, bu iyirmi üç illik köçkünlüyün tən yarısını hərə bir yerdə başını girələdi. Yenə yaxşı ki, Masazırda o qəsəbəni tikdilər, əksəriyyət bir-birinin üzünü ondan sonra gördü, hal-əhval tutdu, xeyir-şərində əl tutdu.
Düz sözə nə deyim. Qaçqınlıq, köçkünlük çox ağır qismətdi, bir çarəsisiz bəlaydı ki, düşdük. Allah kafərin yurdun viran qoysun. Yurdlarımızı viran qoydu, ocağımızı söndürdü. Olmazın müsibətini çəkdik. Başımıza gəlməyən bəla qalmadı. Yenə bu günümüzə şükür.
Dədə, yenə şükür deyirsən, ancaq içi bizim qohum-əqrəba qarışıq hələ nə qədər adam başını soxmağa daxma tapmayıb. Masazır, o biri yerlər qarışıq uzağı on-on beş min adamı yerləşdiriblər. Çoxu da tanış-biliş vastəsiylə. Bəs yerdə qalanla nə vaxt maraqlanacaqlar?
On beş min azdı, bəyəm? Köşkün düşənlər bir zəngilanlıdı, o biri altı rayonların camaatlnı niyə demirsən. Ağdamın, Laçının, Kəlbəcərin əhalisi iki bizimki qədərdi. O qədər adamı yerlə, yardımla təmin etmək asandı?
Asan olmasa, mümkünsüz də deyil. Az oğurlasalar, indiyədək dörd-beş yox, təkcə Bakı ətrafında yeddi elə qəsəbə salardılar. Kimi təyin edirlər oğru çıxır, özündən əvvəlkinin atasına rəhmət oxutdurur.
Kiri, a gədə, iyirmi ildi, bir divarı hörüb, əyal-uşağıın düzəməlli başına yığa bilmirsən, səkkiz qəsəbədən dəm vurursan. Ölkədə təkcə qaşqın, köşkün yaşamır ki. Hər yerin öz dərdi, qayğısı var. Sənin ağlın belə şeylərə yetməz. Sənin kimiləri qoyasan, səhərdən axşamacan boş-boş danışalar. Pulu buna versələr, səkkiz qəsəbə tikəcəkdi, deməyə nə var, sözdü üfürdün getdi. İş gələndə yüz bəhnə çıxaracax.
Versinlər tikim, mühəndisəm, onlardan da yaxşı, keyfiyyətli tikərəm. Bir də niyə bəhanə olur. Yataqxananın yeni komendantı da əvvəlki deyəni deyir. “Hörgü nədi, daşı daş üstə qoysan, jekdən, icradan tökülüşüb gələcəklər ki, kimdi, kim icazə verib”. Onu da qınamıram. Hərə öz çörəyinin dərdin çəkir, o yazıq neyləsin? Daha demir, köçkünə baxan kimdi, hünərin var, hörgüyə başla, gəlib aparmasalar, adımı dəyişərəm. Ancaq bu iyirmi üç ildə bir yol nə icradan, nə də jekdən gəlib soruşan olmuyub ki, ay köçkün, necə dolanırsan, bəlkə bir şeyə ehtiyacın var.
Köşkünün öz rayonu, öz icrası var, olar soruşur bəsdi. Tikməyə qoymurlarsa, o başdakı necə hörüb, onu niyə tutub aparan yoxdu.
O hörəndə hələ cəmi iki rayon işğal edilmişdi. Təzə didərgindilər deyə, gərginlik olmaması üçün toxunmuyublar. Sonra heç kimə imkan vermədilər.
Əmi, oğlun düz deyir. Bura şəhərdi, yataqxana olsa da, heç kimə binanın böyür-başında əlavə tikinti aparmağa icazə verməzlər. Məncə, düz də edirlər, yoxsa, hərə bir tərəfdən binaları eybəcər vəziyyətə salsa, şəhərdə şəhərlik qalmaz. Bir əmioğlum var, o da məcburi köçkündü, deyir qaçqınlar, köçkünlər gəlib şəhəri yaman günə qoyublar. Bakı bir ara lap tanınmaz gündə idi. Yenə yaxşı ki, beş-altı il qabaq küçə ticarətini yığışdırdılar.
Guya indi yaxşı gündədi? Binalar bir-birinin qarnına girib, park demirlər, həyət-baca demirlər, tik ki, tikəsən.
O ayrı məsələ, qardaş, buna da bir son qoyan tapılacaq. Eşitdiyimə görə, şəhərin baş planı hazırlanır. Bu, şəhərin ilk rəsmi baş planı olacaq. Bildiyimə görə, bu cür ilk baş planı hələ Cümhuriyyət dövründə Bakının baş memarı Zivər bəy Əhmədbəyov hazırlayırmış. Ancaq rus işğalı ilə o da yarımçıq qalıb.
Təki olsun, kor nə istər iki göz, biri əyri, biri düz. Bizim bir qohum var, şəhərdə doğulub. Deyir Bakı amfiteatr formasında tikilib, dənizdən baxanda şəhərin lap yuxarısındakı binalar görünürmüş. Düz deyir, elə olub. Ancaq son illər şəhərin görkəmi tamam dəyişib.
Sən buna çox fikir vermə. Qoyasan səhərdən-axşamacan tənqid edə. Bir yol nədənsə axıra qədər razı qaldığını görən olmuyub. Bunu da Allah belə yaradıb. Ay oğul, yaxşısı budu, özünüzdən danış. İndi harda qalırsız? Heç olmasa, şəraitiniz normaldı?
Hə, normaldı. Masazırda bizə də iki otaq veriblər. Kiçik qardaşım şəhərdə kirayədə yaşayır. İnşallah, o da, iki-üç ilə mənzil alar. Bacımgil Sumqayıtdadır. Xalamın oğlu ilə ailə qurub. Bu günümüzə şükür.
Min şükür, ay oğul. Xala oğlu dedin, yadıma düşdü. Deyəsən xalanın bir oğlu çıxa-çıxda bizim Süleymanın gədəsi ilə eyni yerdə şəhid olmuşdu. O yeddi polisin həlak olduğu Dərziliyə yaxın yerdə. Orda rəhmətlik Baloğlan, başqa əsgərlər da şəhid olmuşdu.
Hə, elədi, xalamın kiçik oğluydu. Əsgərlikdən təzə gələib rayondakı öznümüdafiə taboruna yazılmışdı. Neçə döyüşdə fərqlənmişdi, axır qisməti beləymiş. Yazıq xalam, “bircə məzarı olaydı, gedib üstündə doyunca ağlayaydım”, deyə-deyə gözünü yumdu.
Nə etmək olar, ay oğul, buna da şükür ki, heç olmasa şəhid olduğunu bilib. Yoxsa, o polislərin öldüsü-qaldısı bu günəcən də bilinmir. Bəs onların ata-anası, bacı-qardaşı neyləsin, dərdlərini necə ovutsunlar. Allah bilən məsləhətdi, bizim əlimizdən nə gəlir ki.
Əmi, əsl ağsaqqal sözü deyirsən, Allah qorusun. Kaş bu dediklərini köçkünlüyün ilk illərində bizim kimi cavanlar eşitmiş olaydı. O vaxt yadıma düşəndə az qalır ürəyim partlasın. Deyirəm indiki ağlım olaydı. Anama, xalama, doğmalarını itirən hər kəsə gərəkən təsəlli verəydim. Onda uşağıydım, bilmirdim ki, dərd çəkmək bir ayrı, həyatını dərdin içində çürüdüb yaşamaq bir ayrıdı. Günaha yazılmasın, hərdən bizim adamlar elə bil dərdin əsiri olur, onsuz yaşaya bilmir. Babam nahaq demirmiş, hər şey qismətdir, alnına nə yazılıbsa, o da olacaq. Ölənlə ölmək olmaz. Bu, Allaha da xoş getməz, rəhmətliklərin ruhu da inciyər.
Elə olmağına elədi, ancaq hər dərd də sözlə, təsəlli ilə ovunmaz. Gərək adamın qəlbindəkini duyasan, hal əhli olasan. Yoxsa verdiyin təsəlli birinin dərdini yüngülləşdirsə də, başqasına təsir eləməz.
Əmi, heç soruşmadım, sizinkilər harda yerləşiblər?
Hərəmiz bir yanda olsaq da, birtəhər keçinirik, oğul. Təkcə bu sonbeşik eşitdiyin kimi, yataqxanadan çıxa bilmiyib. Neçə yol demişəm, ailəni də götür, gəl, birtəhər ötüşərik. Nu deyib, durub, elə uşaqlıqdan tərsdi.
Nə tərslik, ay dədə, axı, nə qədər deyim, şəhərin o başından, bu başına gündə neçə kilometr yol ölçməliyəm. Tutaq mən razı, bəs uşaqlar neyləsin, gündə o qədər yolu məktəbə necə gedib-gəlsinlər? Hələ pul-paranı demirəm, bunun payızı, qışı, yağışı, qarı var.
A gədə yenə hərzə-hərzə danışma. Bunun bəhanəsinə bax, payız, qış var. Olsun da. Yanımızda məktəb qəhətdir? Olmasın ora, olsun bura, nə fərqi?
Sənə görə fərqi yoxdu, amma direktor elə fikirləşmir. Məcburi köçkünsən, uşaqlarını yaşadığın yerdə öz məktəbinizə qoy, yoxdusa, o ərazidə şəhər məktəbinə müraciət elə, deyir.
Sən kənara dur, gör o direktoru mən başa salıram, ya yox. Gəlinlə birləşib qarşımı kəsmisiz ki, yenə demaqoqluq edib bizi biabır eləmə. Mən də qıçımı qatlıyıb qoymuşam altıma. O siz, o da uşağınız, Allah eşqinə, harda istiyirsiz oxudun.
İş çətinə düşəndə özünüz bilərsiniz deyirsən. Ancaq özümüzə də imkan vermirsən ki, fikirləşib bir yol tapaq. O vaxt müharibəyə getməyə yaşımız çatmadı, yoxsa biz də bir tərəfə çıxardıq. İndi də ha gözlüyürəm, müharibə başlasın, gedək döyüşək, bir yolluq ya şəhid, ya qazi olaq. Belə yaşayışdan can-boğaza yığıldıq. Adam oğul-uşağın üzünə də baxa bilmir. O gün oğlum deyir, “ata, ermənilərlə vuruşma başlasa, sən də gedəcəksən? Sinifimizdə doqquz uşaq “atamız gedəcək torpaqlarımızı azad edəcək”, deyir. Nə cavab verim, dedim, əlbəttə, gedəcəm. Özü də ən öndəki dəstədə vuruşacam. Sevindiyindən atılıb-düşdü ki, uşaqlara deyəcəm, mənim atam ən öndə olacaq.
Təki müharibə başlasın, səntək getmək istiyənlər çox olacaq. Amma yenə tək erməniylə yox, rusla da vuruşacaqsız. Ona görə yaxşı hazırlığınız olmalıdır, müharibə zarafat deyil. O qədər güclü olmalısız, düşmən göz açmağa imkan tapmasın. O gün televizorda deyirdilər, bizim ordu indi dünyanın əllinci güclü ordusudur. Allah daha güclü eləsin.
Ay əmi narahat olma, rusun erməniyə kömək etdiyi vaxtlarda da biz onlara qalib gəlmişik. Yerlimiz olan tarixçi alim var, iki gün qabaq Cümhuriyyət dövründəki Qarabağ döyüşlərindən danışırdı. Dedi biz 1920-ci ilin Novruz bayramında ermənilərin Qarabağa qəfil hücumunun qarşısını necə lazımdı almışıq, hətta onları tam məğlub etmişik. Özü də ruslar yenə onlara silah-sursat, canlı qüvvə ilə kömək edirmişlər. Tarix yenə təkrarlanacaq. Azərbaycan tez-gec qələbə qazanacaq. Müharibənin başlanmasını səbirsizliklə gözləyən o qədər tanıdığım cavan var. Hamısı da bacarıqlı, cəsarətli.
O sinəsinə döyənlərə çox da inanma. Müharibə başlasa, indi “gedəcəm, döyüşəcəm” deyənlərin onda birini tapsan sevinərsən. Çoxusu dil pəhləvanıdır.
A gedə, yenə bədgüman danışma. Niyə elə biri sən, bəlkə oğluna yalan demisən, birinci cərgədə olassan. Yoxsa bir sən qoçaq oldun, qalanı qorxaq?
Niyə yalan deyirəm. Qoy müharibə başlasın görəssən.
Onda başqası barədə də nagüman danışma. Nə qədər desən sözünə düz, mərdi-mərdanə cavanımız var. Heç kim yer-yurdundan bezmiyif. Gavurda bir qarışıq torpağımız da qalmıyacax. Gözünü açıb gör da, sənin tay-tuşundu, ancaq danışığı adama qol-qanad verir. Allah ağzından eşitsin, Musanın oğlu elə bu cür danışmalıdı. Qoca vaxtımda ürəyimi dağa döndərdin. Sinnimə baxma, imkan versələr mən də gedərəm. Təki o torpaqları murdarlardan təmizləyək. Dədə-baba yerlərimizdən yana lap burnumun ucu göynüyüb. Deyirəm, ömrümün sonunda, qismət ola gedib doğma yurdu bir də görəm. Dədəmin, anamın, simsarlarımın məzarını ziyarət edəm. Ondan sonra maa ölüm yoxdu.
Bu söhbət 2016-cı ilin aprel döyüşlərinin başlanmasına bir aydan az, İkinci Qarabağ müharibəsinə dörd il yarım qalmış olmuşdu.
