Edebiyyat.az » İmarət Cəlilqızından yeni şeir

İmarət Cəlilqızından yeni şeir

İmarət Cəlilqızından yeni şeir
---
admin
Müəllif:
23:00, 14 aprel 2026
112
0
İmarət Cəlilqızından yeni şeir





YOL

Hamı çıxıbdı səfərə,

hamı düşübdü yollara,

yollar ayağından tutub

hamını aparır... Hara?



Biri sola, 

biri sağa,

biri düzə, 

biri dağa,

asta gedən,

yorğa gedən,

əyri gedən,

doğru gedən,



hava yolu,

quru yolu,

dəniz yolu,

uçur gedir,

gəzir gedir,

üzür gedir–

özü gedir.



Amma hamı, 

nə sirdisə,

gəlib çıxır 

əsas yola.



Çətin yolmu,

rahat yolmu,

kələ-kötür,

asfalt yolmu?

Lap bəlkə də,

torpaq yoldu,

hər nədirsə,

ortaq yoldu.



Əvvəlində 

uzun növbə–

qeyd eləyib 

götürürlər,

birini tez, 

birini gec–

əsas yola 

ötürürlər.



Deyim eyni,

geyim eyni,

“maşın” eyni,

arşın eyni…



Fərqi də var–

son ünvanın üstündədir,

hasarında,

heykəlində,

büstündədir.



Bir az baha,

bir az ucuz—

elə üstü 

təmtəraqdır,



Altı?..

Altı eynidir–

torpaqdır...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)