Teatr məbəddirsə məşəli həqiqətdir.
Bugünkü həmsöhbətim Mingəçevir Dövlət Dram Teatrının quruluşçu rejissoru Aynur Eldənizdir.
1. Kino rejissor olmaqla, teatr rejissoru olmağın hansı fərqli cəhətləri var?
Əsas odur ki, hər ikisi də mədəniyyətin və incəsənətin inkişafına xidmət edir. Hər ikisi əsərin ideyasını açır, aktyorlarla işləyir, müxtəlif obrazlar yaradır və tamaşaçıya müəyyən fikir çatdırır. Bunlar oxşar cəhətləridir. Fərqli cəhətlərinə gəldikdə isə teatr sənəti canlı sənətdir. Teatr rejissoru tamaşaçı ilə eyni məkanda, eyni zaman daxilində canlı bir dünya yaradır. Aktyor tamşaçının baxışlarını görərək, emosiyalarını hətta nəfəsini hiss edərək öz obrazının yaşantısını tamaşa boyu təqdim etməyə çalışır.Bu böyük zəhmət və məəsuliyyət tələb edən bir işdir. Çünki aktyorun bir yanlışı ümumi tamaşanın ideyasına və uğuruna mənfi təsir göstərə bilər.Burada dubl yoxdur, kadr yoxdur. Təklif olunmuş vəziyyət, uyğun obrazın ifadə vasitəsi var.
Kinorejissor sənətində isə səhnələr ayrı-ayrı məkanlarda çəkilir.Montaj vasitəsilə məkan və zaman dəyişdirlir, səhnələr məntiqi ardıcıllıqla yığılır. Kino sənətində aktyorun kədəri yaxın planla çəkilmiş bir baxışla və ya gözdən axan bir damla yaşla verilə bilir. Teatr sənətində isə aktyor bütün bədən plastikası və emosional yaşantısı ilə bunu tamaşaçıya təqdim etməlidir.
2. Bir çox incəsənət xadimləri düşünürki, uşaqlar üçün tamaşa qurmaq daha çətindi. Siz də bu çətin yolu seçmişiniz. Elçin Məhərrəmin “Günəşin dostları” pyesi haqqında nə deyə bilərsiniz. Tamaşanın hazırlığı necə gedir?
Uşaq tamaşası qurmağın çətin olması`` fikrində böyük həqiqət var. Hətta deyərdim ki, uşaq tamaşası qurmaq böyüklər üçün tamaşa qurmaqdan heç də asan deyil, bəzi cəhətlərinə görə çətindir də.
Ən mühüm səbəblərdən biri isə uşaqları aldatmağın mümkün olmadığı gerçəyidir. Aktyor süni oynayırsa, hadisələr inandırıcı deyilsə, münasibətlər anlaşılmazdırsa uşaqlar bunu hiss edir və öz iradlarını ört-basdır etmədən bildirirlər.
Bu çətin yolu seçməyimə səbəb isə uşaqların rəngarəng dünyalarını sevməyimdir.Onların daxili aləmləri çox təmiz və sevgi dolu olur.Fidan balaların dünyasını daha da gözəlləşdirmək, onların çöhrəsində gülüşə, təbəssümə səbəb olmaq məni xoşbəxt edir.
Elçin Məhərrəm insanlığına böyük rəğbət bəslədiyim gənc yazarımızdır. Onun “Ölü xatirələr dükanı” adlı kitabını oxuduğum zaman “Günəşin dostları” əsəri diqqətimi cəlb elədi. Əsər seçimi zamanı mənim üçün mövzu çox önəmlidi. Bu əsərin mövzusunda dostluq, xeyirxahlıq, insanlara, təbiətə olan sevgi, birlikdən doğan haqlı qalibiyyət ön plana çəkilir. Məşqlərimiz başlayıb. Stol arxası məşqlərimiz demək olar ki, yekunlaşıb. Ümid edirəm ki, tamaşamız çox maraqlı olacaq.
3.Mədəniyyət və İncəsənət universitetində təhsil alarkən böyük şəxsiyyət Bəhram Osmanovdan dərs almışınız. Xatirələrinizi bizimlə bölüşə bilərsiz?
Osmanovlar ailəsindən dərs aldığım üçün özümü şanslı insan hesab edirəm. Bəhram müəllim və onun həyat yoldaşı Esmiralda xanımın üzərimdə danılmaz zəhməti var. Bu gün rejissor adı qazanmışamsa bu onların zəhmətinin bariz nümunəsidir. Bəhram müəllim mənə görə yaşayan canlı əfsanədir. Sənətinin böyüklüyünə baxmayaraq çox sadə insandır. Bizimlə müəllim tələbə münasibəti yox, dostluq münasibəti qurub hər zaman. Bəhram müəllimin çox heyrətamiz izahı var. İnsan onu dinlədikcə hadisələri həmin an yaşayırmış kimi hiss edir. Tələbə olan zaman Bəhram müəllim tərəfindən bizə belə bir tapşırıq verildi. “Şeksprin ruhuna dərin ehtiramla” başlığı altında bütün tələbələr Vilyam Şekspirin əsərlərinə müraciət etməli və tamaşa hazırlamalı idi. Mən “Otello” əsərini seçmişdim. Tələbə üçün bu çox məsuliyyətli bir tapşırıq idi. Bəhram müəllim bizlə söhbət edirdi. Söbətin ahəngini Şeksprin əsərlərinə necə istiqamətləndirdisə, onun üç cümləsi ilə əsərə necə yanaşacağımı, necə quracağımı anladım. Bəhram müəllim mənim rejissura sənətindəki kumirimdir.
4. Aynur xanım beş il sonra özünü harda görür? Azərbaycan teatr tarixində hansı izi qoymağı hədəfləyib.
Harda olmaq mənə görə əsas deyil, əsas odur ki, teatrda olum və Azərbaycanın teatr mədəniyyətinə xidmət edim.
Düşünürəm ki, heç bir sənətkar özündən sonra sənət tarixində hansı izlə qalacağını müəyyən edə bilməz.Mənə görə sənətkarın hədəfi haqqında ən doğru qənaəti onun sözləri deyil, yaradıcılığı, sənətə münasibəti və gördüyü işlər formalaşdırır. Biz böyük sənətkarların yaradıcılıq yolunu izlədikcə onların teatra nə gətirdiklərini, hansı yeniliklərə imza atdıqlarını və hansı dəyərləri gələcək nəsillərə ötürdüklərini anlayırıq. Gənc rejissor kimi mənim də məqsədim özümə əvvəlcədən hansısa yer müəyyənləşdirmək deyil. İstərdim ki, gələcəkdə yaradıcılığıma nəzər salan insanlar mənim hansı iz qoymaq istədiyimi deyil, gördüyüm işlərlə hansı izi qoyduğumu müəyyən edə bilsinlər.
5. Teatr məbəddir bəs onun məşəli hanı?
Maraqlı və fəlsəfi sualdır. Teatr məbəddirsə mənə görə onun məşəli həqiqətdir. Sənətkarın borcu isə həmin həqiqətin işığını söndürməmək, hətta bəzən hamının gözünü çevirdiyi qaranlığa işıq salmaqdır. Qaranlıq qorxuludur, bilinməzdir yetər ki, onu işıqlandırmağı bacaraq.
Söhbətləşdi; Nicat Hunalp
