Mətanət Teymurlu- "Azərbaycan Milli İncəsənət Muzeyində Qərbi Avropa rəngkarlıq İnciləri"
Azərbaycan Milli İncəsənət Muzeyi təkcə milli sənət irsini deyil, həm də dünya incəsənətinin ən parlaq nümunələrini özündə əks etdirən zəngin kolleksiyası ilə seçilir. Muzeyin Qərbi Avropa kolleksiyası isə bu baxımdan xüsusi diqqətə layiqdir. Bu kolleksiya Avropanın müxtəlif ölkələrinə İtaliya, Fransa, Hollandiya, Almaniya və digər mədəniyyət mərkəzlərinə aid sənət əsərlərini əhatə edir. Qərbi Avropa sənət məktəblərinin rəngkarlıq, qrafika və dekorativ-tətbiqi sənət sahəsindəki nadir nümunələri burada bir araya gətirilmişdir. Kolleksiya yalnız estetik baxımdan deyil, həm də tarixi və mədəni dəyəri ilə muzeyin ekspozisiyasını zənginləşdirir. Azərbaycan Milli İncəsənət Muzeyinin Qərbi Avropa kolleksiyası, milli mədəni irsimizin qiymətli bir hissəsini təşkil edərək, dünya incəsənətinin şedevrlərini yerli auditoriyaya təqdim etməklə mühüm mədəni körpü rolunu oynayır. Bu referat, Azərbaycanın mədəni məkanında Qərbi Avropa incəsənətinin yerini, Milli İncəsənət Muzeyinin kolleksiyasındakı əsərlərin əhəmiyyətini və onların qorunub saxlanılması, tədqiqi sahəsində mövcud vəziyyəti araşdırmağı hədəfləyir.
Qloballaşma dövründə milli və beynəlxalq incəsənətin qarşılıqlı əlaqələrinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılan Qərbi Avropa incəsənəti nümunələri mədəni dialoq və incəsənət mübadiləsi proseslərini araşdırmaq üçün zəngin material təqdim edir. Bu kolleksiyanın hərtərəfli tədqiqi Azərbaycanın mədəniyyət diplomatiyası və mədəni irsinin qorunması sahəsində fəaliyyətin təkmilləşdirilməsinə töhfə verir.
Tədqiqatın məhdudiyyətləri sırasında bəzi əsərlərin müəlliflik məsələlərinin qeyri-müəyyənliyi və arxiv məlumatlarının yetərsizliyi qeyd oluna bilər. Araşdırma nəticəsində müəyyən olunub ki, Azərbaycan Milli İncəsənət Muzeyində qorunan Qərbi Avropa sənət nümunələri həm bədii-estetik, həm də elmi-tarixi baxımdan yüksək dəyərə malikdir.
Azərbaycan Milli İncəsənət Muzeyinin qısa tarixi
Azərbaycan Milli İncəsənət Muzeyi qədimdən günümüzə qədər formalaşan milli və ümumbəşəri mədəni irsi qoruyub saxlayan, bu sənət incilərini gələcək nəsillərə çatdıran dəyərli mədəniyyət ocağıdır. Muzeyin əsası 1920-ci ildə Azərbaycan Dövlət Muzeyinin yaradılması ilə qoyulmuşdur. Bu muzeyin nəzdində təsviri incəsənət şöbəsi də fəaliyyət göstərirdi və ilk olaraq Hacı Zeynalabdin Tağıyevin keçmiş malikanəsində yerləşmişdi. Sonralar fondların genişlənməsi nəticəsində 1936-cı ildə bu şöbə əsasında müstəqil Azərbaycan Dövlət İncəsənət Muzeyi təsis olundu. İlk ekspozisiyası 1937-ci ildə açılmış və bir müddət müxtəlif ünvanlarda fəaliyyət göstərmişdir. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin 5-ci mərtəbəsində olmuşdur.
1951-ci ildən muzey Lev de Burun təşəbbüsü ilə XIX əsrin sonlarında tikilmiş memarlıq abidəsində yerləşir. Bu bina memar Nikolay fon der Nonne və mühəndis Anton Kandinov tərəfindən layihələndirilib. De Bur tikintinin başlanmasından əvvəl vəfat etsə də, bina onun ailəsi tərəfindən "Kaspi Tərəfdaşlığı" şirkətinə satılmış və həm yaşayış, həm də idarə binası kimi istifadə edilmişdir. Zərif interyeri klassik motivlərlə, Venesiya güzgüləri və tağlarla bəzədilmişdir.
Muzeyin yerləşdiyi digər bina isə keçmiş Mariinski Qadın Gimnaziyasına məxsusdur. Gimnaziya 1874-cü ildə yaradılmış, daha sonra azərbaycanlı neft sənayeçilərinin dəstəyi ilə yeni binaya köçürülmüşdür. Bu tikili memar M.D. Botovun layihəsi əsasında inşa olunmuş, onun ölümündən sonra isə fon der Nonne tikintini davam etdirmişdir. Sovet dövründə bu binada şəhər partiya təşkilatları yerləşmiş, 1992-ci ildən isə İncəsənət Muzeyinin istifadəsinə verilmişdir.
2013-cü ildə hər iki tarixi bina şüşə və metal konstruksiyalı müasir keçidlə birləşdirilmiş, yeni mərkəzi korpusda müasir incəsənət sərgiləri təşkil edilməyə başlanmışdır.
1943–2011-ci illərdə muzey görkəmli rəssam Rüstəm Mustafayevin adını daşımışdır. 2011-ci ildə isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə muzeyə “Milli” statusu verilmişdir. Həmin il Brüsseldə yerləşən Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatası muzeyə Avropa Muzey Standartı (EUMS) statusunu da təqdim etmişdir.
Muzeyin fondunda “Rəngkarlıq”, “Qrafika”, “Heykəltəraşlıq”, “Tikmə”, “Metal”, “Arxeoloji keramika və çini” bölmələri üzrə 17 mindən çox eksponat qorunur. Burada Azərbaycan incəsənətinin müxtəlif dövrlərinə aid əsərlərlə yanaşı, Qərbi Avropa, Rusiya və Şərq ölkələrinin sənət nümunələri də sərgilənir. Muzey, eyni zamanda, rus avanqard sənətinə və XVI–XX əsr Avropa rəngkarlığına aid zəngin kolleksiyaya malikdir.
1950-ci illərdə muzeydə çalışan sənətşünaslar – Rasim Əfəndiyev, Nürəddin Qayıbov, Mürsəl Nəcəfov və Xalq qəhrəmanı, rəssam Mehdi Hüseynzadə Azərbaycan sənətşünaslıq elminin təməlini qoymuşlar. Sonrakı illərdə Xalq rəssamları – Salam Salamzadə, Kazım Kazımzadə, İbrahim Zeynalov və Çingiz Fərzəliyev bu mədəniyyət ocağına rəhbərlik etmişdir. Hal-hazırda muzeyə Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikova rəhbərlik edir.
Muzeydə müxtəlif mövzularda ekskursiyalar, çərşənbə günləri musiqi konsertləri, həftə sonları isə uşaqlar üçün maarifləndirici və əyləncəli proqramlar keçirilir. Həmçinin, həftə sonları Azərbaycan incəsənəti ilə bağlı sənədli filmlər nümayiş etdirilir.
Azərbaycan Milli İncəsənət Muzeyində Qərbi Avropa rəngkarlıq inciləri
Azərbaycan Milli İncəsənət Muzeyinin dünya incəsənəti kolleksiyası 8000-dən çox eksponatdan ibarət zəngin bir toplusudur. Bu nadir sənət nümunələri üç əsas istiqaməti — Qərbi Avropa, Rusiya və Şərq ölkələrinin təsviri və dekorativ-tətbiqi incəsənətini əhatə edir. Şərq kolleksiyası isə estetik və sənətkarlıq baxımından olduqca diqqətçəkicidir. Miniatür boyakarlığının incə nümunələri, eləcə də Türkiyə və İranın qədim tikmə, geyim, xalçaçılıq, keramika, bədii metal işləmələri və ağacoyma sənəti bu bölmədə geniş yer alır. Çin, Yaponiya və Hindistanın ənənəvi sənət irsini əks etdirən əsərlər isə kolleksiyaya xüsusi zənginlik qatır.
Rus incəsənəti kolleksiyası XVII əsrdən başlayaraq XX əsrə qədər olan dövrü əhatə edir. Bu bölmədə rus rəssamlığının keçdiyi inkişaf mərhələləri ardıcıl şəkildə izlənilə bilər. Xüsusilə XX əsrin əvvəllərində meydana çıxan avanqard hərəkatına aid əsərlər muzeyin bu sahədəki kolleksiyasını daha da dəyərli edir.
AMİM-in XVI–XVIII əsrləri əhatə edən dünya incəsənəti kolleksiyası İntibah, barokko, klassisizm, rokoko, romantizm kimi Qərbi Avropa sənət cərəyanlarına məxsus zəngin nümunələrlə təmsil olunur. Kolleksiyada İtaliya, Flandriya, Hollandiya, Almaniya və Fransa kimi dövrün əsas incəsənət mərkəzlərinə aid olan sənət əsərləri yer alır. Bu bölümdə Frans Hals, Yustus Sustermans, Adrian Brauver, Adrian van Ostade, Jak Kallo, Antuan Jan Qudon, Jan Batist Qryoz, Jan Onore Fraqonar, Fridrix Kaulbax kimi tanınmış rəssamların əsərləri nümayiş etdirilir.
İtaliya rəssamlarının əsərləri: İntibah dövrü
Qərbi Avropa zallarına daxil olarkən bizi Andrea del Sarto'nun "Harpialarla Məryəm" adlı əsərinin kopyası qarşılayır. Əsərin orijinalı Uffizi Qalereyasında saxlanılır. Andrea del Sarto dövrünün ən yüksək qiymətləndirilən rəssamlarından biri olmuş və Ciorco Vasari tərəfindən "qüsursuz rəssam" kimi xarakterizə edilmişdir. Onun üslubu Mikelancelo və Rafaelin təsiri ilə formalaşmış, mükəmməl balanslaşdırılmış kompozisiyası və formal nəzarəti ilə XVI əsr Florensiya rəssamlığına güclü təsir göstərmiş və manierizmin öncüllərindən sayılmışdır.
Del Sartonun ən əhəmiyyətli əsərləri arasında "Harpialarla Məryəm" və "Məryəmin Doğuşu" yer alır. "Harpialarla Məryəm" əsəri İntibah dövrünün zərif rəssamlıq üslubunu və dini mövzulara estetik yanaşmanı təcəssüm etdirir. Məryəm, mələklər və mistik harpialar ilə əhatələnmiş formada təsvir olunmuş, rəng harmoniyası və simvolika dərin mənalarla yüklənmişdir.
1515-ci il mayın 14-də imzalanan müqaviləyə əsasən, əsərdə Məryəm və Körpə İsa, onların yanında isə Müqəddəs Yəhya Müjdəçi və Müqəddəs Bonaventura təsvir olunmalı idi. Lakin 1517-ci ildə tamamlanan əsərdə Müqəddəs Bonaventura əvəzinə Müqəddəs Fransisk yer almışdır. Məryəm və Körpə İsa sirli bir postament üzərində dayanır, künclərində isə harpialar təsvir olunub.
Postamentin mərkəzində Məryəmin Göyə Qalxması ilə bağlı ilahi sözlər qeyd edilib. Əsər Müqəddəs Yəhyanın "Vəhy" kitabına əsaslanaraq, şərin üzərində qələbə çalan Məryəmi simvolizə edir.
1984-cü ildə aparılan bərpa işləri zamanı əsərin rəng zənginliyi bərpa edilmiş və fiqurların hərəkət effekti gücləndirilmişdir. “Harpialı Məryəm” del Sartonun yaradıcılığında zirvə nöqtəsi hesab olunur. Ferdinando de’ Medici bu əsəri Palazzo Pitti kolleksiyasına əlavə etmiş və əsərin yerləşdiyi kilsəni tamamilə bərpa etdirmişdir. Əsər tempera ilə kağız üzərində çəkilib.
Həmin zalda muzeyin ən diqqətçəkən və dəyərli eksponatlarından biri də Rafael Santinin məşhur “Payızbülbülü ilə Madonna” (“La Madonna del Cardellino”) əsərinin yüksək keyfiyyətli kopyasıdır. Əsərin orijinalı da Uffizi Qalereyasında saxlanılır. Bu rəsm İntibah dövrü incəsənətinə xas estetik anlayış və dini simvolikanın mükəmməl vəhdətini əks etdirir.
Vazariyə görə bu tablo Raffaello tərəfindən Florensiyada varlı yun taciri Lorenzo Nasi üçün, onun Sandra Canigiani adlı Florensiyanın yüksək burjuaziyasından olan qadınla evlənməsi münasibətilə hazırlanmışdır. Cütlük dik bir ərazidə yerləşən Costa San Giorgio küçəsində yaşayırdı və 1547-ci il noyabrın 12-də onların evi uçmuşdur. Dağıntılar arasında Raffaellonun tablosu on yeddi parçaya bölünmüş şəkildə tapılmış və bu hissələr bərpa olunmaq üçün toplanmışdır. Bərpa işinin Michele di Ridolfo del Ghirlandaioya həvalə edildiyi ehtimal olunur. Həqiqətən də, rentgen şüaları ilə aparılan təhlillər göstərmişdir ki, bu parçalar arasında qırılma izləri var və onlar mismarlarla birləşdirilərək yeni boya ilə tamamlanmışdır. Vasari bu əsəri geniş şəkildə tərifləyir və onu Raffaellonun Florensiya dövrünə aid olan və "Rəssamların həyatı" əsərində ətraflı təsvir edilən yeganə əsəri kimi qeyd edir. Kompozisiyada Məryəm ana, körpə İsa və kiçik Müqəddəs Yəhya Müjdəçi təbii mənzərə fonunda təsvir olunmuşdur. Körpə İsanın Yəhyanın əlindən qardelin quşunu alması səhnəsi, İsanın gələcək əzablarına simvolik işarə kimi yozulur. Xristian ənənəsində qardelin (payızbülbülünün) qırmızı ləkəsi Məsihin tikanlı tacını çıxararkən aldığı yaraları təmsil edir.
Rafael, obrazlar arasında harmoniya yaratmaq üçün piramida kompozisiyadan istifadə etmişdir. Fiqurların yerləşməsi və baxış istiqamətləri arasında diqqətlə qurulmuş vizual tarazlıq mövcuddur. Əsərdəki işıq və rəng keçidləri Leonardo da Vinçinin təsirini açıq şəkildə göstərir. Rafael obrazlara incə duyğular və poetik dərinlik bəxş edərək dini motivi insani səviyyəyə gətirmişdir. Məryəmin sakit və şəfqətli baxışları ana ilə uşaq arasındakı emosional əlaqəni vurğulayır. İsanın düşüncəli baxışları və Yəhyadakı uşaq təbəssümü obrazlar arasında qarşılıqlı hissi əlaqə yaradır. Arxa plandakı təbiət mənzərəsi isə səhnəyə sükunət və əbədiyyət ab-havası verir. Bu əsər Rafael Santinin yaradıcılığında yetkinlik mərhələsinin təcəssümü hesab olunur və həm sənət, həm də mənəviyyat baxımından tamaşaçını dərin düşüncəyə sövq edir.
Qərbi Avropa rəssamlarının əsərləri: Barokko dövrü
Muzeyin birinci mərtəbəsində İtaliya zalının sağ divarında Françesko Solimenanın “Orifiyanın qaçırılması” adlı əsərinin bir nüsxəsi sərgilənir. Françesko Solimena (1657–1747) Barokko dövrünün aparıcı İtalyan rəssamlarından biri olmuşdur. Onun əsərləri zəngin rəng palitrası, teatrallığı və dramatik işıqlandırma effektləri ilə seçilir. Neapolda fəaliyyət göstərmiş Solimena, dini və mifoloji mövzulu monumental rəsmləri ilə tanınmışdır. Onun yaradıcılığı XVIII əsr Neapol məktəbinin formalaşmasında mühüm rol oynamışdır.
Bu kompozisiya sənətkarın 1701-ci ildə yaratdığı orijinal tablonun 1730-cu illərə aid replikasına əsaslanır və süjet xətti antik Roma şairi Ovidin “Metamorfozlar” əsərindən götürülmüşdür. Afina kralı Erexteyin qızlarından biri olan gözəl şahzadə Oritiyanın sevgisini zərif yollarla qazana bilməyən Şimalın soyuq külək tanrısı Borey, vəhşi və sərt təbiətinə qayıdır. Oritiya onun sevgisini rədd etdikdə, qəzəblənmiş Borey qorxmuş gənc qızı saray qulluqçularının arasından zorla qaçırır. Bir gün Oritiya anası ilə İlis çayı sahilində rəqs edərkən güclü külək qalxır, Borey Oritiyanı qara buludlara bükərək qayalıqlara qaçırır və onunla evlənir. Əkiz oğulları və iki qızları dünyaya gəlir. Oğlanları Zet və Kalaid də ataları kimi qanadlı və güclü olurlar. Uçan kupidlər — kiçik sevgi tanrıları Boreyin hərəkətinə səbəb olan ehtirası simvolizə edir.
Neapolitan rəssamlıq məktəbinin parlaq nümayəndələrindən biri Françesko Solimenanın “Orifiyanın Borey tərəfindən oğurlanması” əsəri barokko üslubunda işlənilmişdir. Delosdakı Afina məbədinin frontonunu bəzəyən, tez-tez vaza rəsmlərində rast gəlinən bu mifoloji süjetə rəngkarlıqda P.P.Rubens, F. Buşe kimi məşhur rəssamlar müraciət ediblər. Baxmayaraq ki, əsərdəki rənglər bir qədər solğun görünür, işıq və kölgənin titrək ləkələrlə dramatik şəkildə işlənməsi Solimenanın üslubuna xas xüsusiyyətdir. Məşhur kompozisiyaların surətləri həmin dövrdə dekorativ tərtibat məqsədilə böyük maraqla sifariş edilirdi. Neapol məktəbi İtalyan barokko sənətində dramatizm, emosional ifadə və güclü işıq-gölgə kontrastı ilə seçilirdi. Bu məktəbin rəssamları dini mövzuları böyük hiss və teatrallıqla təqdim edirdilər.
I mərtəbədə yerləşən ikinci otaqda nümayiş etdirilən əsər, 17-ci əsr Flandriya məktəbinə aid olan, naməlum rəssam tərəfindən yağlı boya ilə kətan üzərində işlənmiş “Salomeya” tablosudur. İncildə nəql edilən rəvayətlərə görə, Vəftizçi Yəhyanın (İslam dininə görə Həzrəti Yəhya) ölümü belə olmuşdur: Yəhya, Qaliley vilayətinin hökmdarı Hirod Antipanın qardaşının arvadı Hirodiya ilə evlənməsini açıq şəkildə tənqid edirdi. Yəhya bu izdivacı qanunsuz və əxlaqsız hesab edirdi, çünki Hirodiya hələ də Hirod Antipanın qardaşının həyat yoldaşı sayılırdı.
Bu tənqidlərinə görə Yəhya həbs edildi. Hirodiya Yəhyaya nifrət edirdi və onun öldürülməsini istəyirdi, lakin Hirod Antipa xalqın Yəhyaya olan böyük hörməti səbəbindən və özü də onu müqəddəs bir insan hesab etdiyi üçün ona qıymırdı. Hirod Antipanın ad günü mərasimində bir fürsət yarandı. Hirodiyanın qızı Salome məclisdə rəqs etdi və bu rəqs Hirod Antipanı o qədər məftun etdi ki, o, Salomeya istədiyi hər şeyi verəcəyinə and içdi. Anasının təhriki ilə Salome, Yəhyanın başını istədi. Hirod Antipa öz andına görə bu istəyi yerinə yetirməyə məcbur qaldı və Yəhya zindanda edam edildi.
Onun kəsilmiş başı bir sini içərisində Salomeya təqdim edildi, o da başı anasına verir. Karavacconun “Salome Yəhya Peyğəmbərin Başı ilə” adlı eyni süjetli iki əsərində müşahğğğğdə olunan sakitlik və günahkarlıqla yüklü baxışlardan fərqli olaraq, bəzi digər oxşar kompozisiyalarda, məsələn, “Holofernesin başını kəsən Yudif” səhnələrində daha güclü emosional gərginlik və dramatizm hiss olunur. Bu iki mövzu arasındakı əsas fərqlərdən biri isə Yəhya Peyğəmbərin başının halə (nimb) ilə təsvir olunması və ya işıq saçaraq müqəddəslik simvolu kimi təqdim edilməsidir.
Muzeyin diqqətəlayiq eksponatlarından biri də ikinci mərtəbədə yerləşən zallar sirasında sərgilənən, ispan rəssamı Bartolomey Esteban Murillonun “Misir yolunda istirahət” adlı məşhur rəsm əsərinin yüksək keyfiyyətli surətidir. Murillo öz dövrünün ən hörmətli və yüksək qiymətləndirilən İspan rəssamlarından biri idi. O, kilsə və krallıqdan asılı olmadan, şəxsi sifarişlər vasitəsilə həm yaradıcılıq azadlığı, həm də maddi imkan əldə edə bilmişdi.
Murillonun doğulduğu Sevilya şəhəri, İspaniyanın Qızıl Əsrində sənət və mədəniyyət mərkəzi kimi tanınırdı. Qvadalkvivir çayı boyunca yerləşən bu şəhər zənginliyi ilə seçilir, istedadlı sənətkarlar burada yetişirdi. Murillo rəssamlığa 15 yaşında başlamış və ehtimal ki, Juan del Kastillonun emalatxanasında ilk təhsilini almışdır. Tezliklə o, dini mövzularda əsərlər yaratmağın həm mənəvi, həm də maddi baxımdan sərfəli olduğunu anlayır. Hərçənd əsasən dini tablolarla tanınırdı, Murillo portret və məişət janrlarında da uğurlu əsərlər vermişdir. Onun məişət mövzulu rəsmləri xüsusilə müasirliyi və incəliyi ilə seçilir.
Murillonun erkən yaradıcılığında tenebrizmin -yəni dərin işıq-kölgə kontrastlarının təsiri aydın hiss olunur. Bu texnika Karravaco tərəfindən inkişaf etdirilmiş və İtaliya, İspaniya və Niderlandda geniş yayılmışdır. Daha sonralar Murillo daha yumşaq fırça zərbələrinə və parlaq, işıqlı kompozisiyalara keçid etmişdir. Onun əsərlərində tez-tez uşaqlar və mələklər görünür, bu da barokko sənətinə xas emosional və bəzəkli təsiri gücləndirir. 1660-cı ildən etibarən Murillonun yaradıcılığı çiçəklənmə dövrünə qədəm qoyur. Bu mərhələdə onun əsərləri canlı modellərlə, zəngin rəng palitrası və yumşaq kompozisiya texnikası ilə fərqlənirdi.
O, Əks-İslahat dövrünün ideyalarına uyğun olaraq dini mövzuları daha insani və əlçatan şəkildə təqdim etmişdir. “Misirə yolunda istirahət” adlı əsəri də bu yanaşmanın parlaq nümunəsidir. Bu əsərdə müqəddəs ailə – Məryəm Ana, körpə İsa və Yusif – iki mələklə birlikdə təhlükədən uzaqlaşarkən istirahət halında təsvir olunub. Kompozisiya Matta İncilində təsvir olunan “Misirə Qaçış” hadisəsinə əsaslanır. Kral Hirodun iki yaşından kiçik uşaqları öldürmək əmri qarşısında, Yusif ailəsi ilə Misirə doğru yola çıxır. Bu dini səhnə əsrlər boyunca rəssamlar üçün ilham mənbəyi olmuş, ailənin uzunqulaqla səfəri, mələklərin müşayiəti kimi detallar sənət əsərlərində yer almışdır.
Murillonun bu tablosunda barokko sənətinə xas güclü xiaroskuro (işıq-kölgə) effekti xüsusilə nəzərəçarpacaqdır. İşıq kompozisiyanın mərkəzinə – körpə İsa və Məryəm Ananın üzərinə – yönəlmişdir. Arxa fonun nisbətən qaranlıq olması ön plandakı fiqurların daha qabarıq və təsirli görünməsini təmin edir. Rəssamın məşhur “dumanlı” və ya “vaporous” texnikası burada da hiss olunur: fırça zərbələri yumşaq və axıcıdır, formaların konturları bəzən bilinməz dərəədə silikdir. Bu yanaşma əsərə poetik liriklik və mistik bir atmosfer qatır. Murillo burada dini səhnəyə insani duyğular, ana sevgisi, qoruma istəyi və sakitlik qatmışdır. Piramidal kompozisiya, yumşaq rəng keçidləri və insani duyğularla zəngin təqdimat Murillonu barokko dövrünün unudulmaz sənətkarlarından birinə çevirir.
Zalda Bolonya rəssamlıq məktəbinin tanınmış nümayəndəsi Covanni Françesko Barbieri, ləqəbi ilə tanınan Quercino tərəfindən kətan üzərində yağlı boya ilə işlənmiş “Endimion” əsəri nümayiş etdirilir və zalın bədii cazibəsini tamamlayır.
Quercino 17-ci əsr İtaliya Barokko dövrünün tanınmış rəssamı idi. O, güclü naturalizmlə başladığı sənət yolunu sonralar klassik tarazlığa və aydınlığa əsaslanan üslubla davam etdirmişdir. Guercino məhsuldar rəssam kimi 100-dən çox altar rəsmi və çoxlu sayda rəsm əsəri yaratmış, xüsusilə sürətli və axıcı qələm işləmələri ilə seçilmişdir. "Avrora" mifini canlandırdığı freskası rəqibi Guido Reninin daha ölçülü təsvirinə cavab olaraq siyasi və estetik güc nümayişi kimi qəbul edilir. Tənbəl sağ gözü olmasına baxmayaraq, o, dərinliyi ifadə etməkdə ustalığı və işıq-kölgə ilə oynama bacarığı ilə yadda qalmışdır.
Endimion, qədim Yunan mifologiyasında Elis bölgəsində yaşamış yaraşıqlı bir çoban, ovçu və ya kral kimi tanınır. O, Zevsin oğlu idi və qeyri-adi gözəlliyə sahib olduğu söylənirdi. Ay tanrıçası olan titan Selene ona aşiq olmuş və Zevsdən Endimiona əbədi gənclik verməsini istəmişdi. Zevs bu arzunu yerinə yetirmiş və Endimionu əbədi yuxuya qərq etmişdi. Selene və Endimionun əlli qızı olmuşdu. Başqa bir mənbəyə görə isə, Endimion Asterodia və ya Xromia ilə evlənmiş və bir neçə oğlu ilə bir qızı olmuşdu. O, oğullarına demişdi ki, taxta çıxmaq üçün yarışa qoşulsunlar; Epey qalib gələrək bölgənin hakimi olur, qardaşlarından biri Aetolos evdə qalır, digər qardaş Paeon isə məğlubiyyətə qəzəblənərək özünü sürgün edir. Guercino bu əsəri ilə həm mifoloji mövzunun emosional tərəfini qabardır, həm də tamaşaçını daxili tənhalıq, əbədi gözəllik və ilahi sevgi mövzuları üzərində düşünməyə sövq edir. Həmçinin rəssam obraza qız gözəlliyi, incəliyi də vermişdir.
Portret sənətinin ustadları: Fridrix Avqust fon Kaulbax və Jan-Jozef Benjamen-Konstant
Muzeyin ikinci mərtəbəsində, alman zalında Alman rəssamı Fridrix Avqust fon Kaulbaxın “İmperatriça Aleksandra Fyodorovna”, “Böyük knyaginya Yelizaveta Fyodorovna”nın portretləri və fransız rəssamı Jan-Jozef Benjamen-Konstantın “Böyük knyaginya Yelizaveta Fyodorovna”nın portreti Azərbaycan Milli İncəsənət Muzeyinin seçilən əsərlərindən sayılır. Rusiya imperiyasında imperator portretlərini naturadan çəkmək hər rəssama nəsib olmurdu. Onlar əsasən çar və onun ailə üzvlərinin tablolarını çəkirdilər. Fridrix Avqust Kaulbax 20-ci əsrin əvvəllərində Münxenin ən nüfuzlu rəssamlarından biri kimi Frans Lenbax və Frans fon Ştukla birlikdə "rəssamlar şahzadəsi" adlandırılmışdır. O, portret sənətində qazandığı uğurları və Münxen incəsənət həyatına verdiyi töhfələri ilə zadəgan tituluna layiq görülmüş, yüksək zövqlə bəzədilmiş villasında burjua-aristokrat həyat tərzi sürmüşdür. Kaulbaxın yaradıcılığı qədim ustaların ənənələrindən ilham alsa da, o, klassik üslubu dövrünün estetik tələbləri ilə uzlaşdırmağa çalışmışdır. Onun əsərləri historisizmdən (keçmiş sənət üslublarının yenidən canlandırılmasına əsaslanan bədii cərəyan) yugendstilə (təbiət motivlərinə əsaslanan dekorativ xətlər və axıcı formalara malik modern üslub) qədər dəyişən sənət cərəyanlarının təsirini əks etdirir və 20-ci əsrin əvvəllərindəki sosial elitanın simasını sənətkarlıqla əbədiləşdirir.
Kaulbaxın yaradıcılığında XIX əsr fransız üslubunda çəkilmiş və zəngin bəzədilmiş xəyalpərəst portretlər üstünlük təşkil edir. Rəssam yaradıcılığında əsasən qadın portretlərinə xüsusi yer verirdi. F.A. fon Kaulbax Rusiyada və Avropada çox tanınırdı. Ona görə də, o, imperator ailəsinin portretlərini çəkməklə yanaşı, onlara rəssamlıqdan da dərslər keçirdi. Rəssamların portretləri, təkcə sənət baxımından deyil, həm də dövrünün ictimai-mədəni təbəqələrinin aynası kimi qiymətlidir. Rəssam, obrazın vizual gücünü artırmaq üçün xüsusilə ipək paltarın teksturasına və parça qatlarının zərif qırışlarına diqqətlə yanaşmışdır. Bu ustalara məxsus zəngin koloristik həllər və obrazların daxili aləminin incəlikləri muzeydəki portret sənəti bölməsini yüksək bədii mərhələyə qaldırır.
Azərbaycan Milli İncəsənət Muzeyində nümayiş olunan Qərbi Avropa rəngkarlıq nümunələri dünya incəsənət tarixinin nadir incilərini ölkəmizə yaxınlaşdırmaqla, tamaşaçını bu mədəni irslə canlı təmasda olmağa təşviq edir. Muzeyin kolleksiyasında yer alan italyan, fransız, holland, flaman və digər Qərbi Avropa məktəblərinə aid əsərlər təkcə estetik gözəlliyi deyil, eyni zamanda dövrlərin sosial, dini və mədəni kontekstlərini də əks etdirir.
