Nisşe belə desəydi, dəryazla arxasınca düşərdim…
1.Şamil, əvvəlcə dəvətimi qəbul etdiyin üçün fransızlar demişkən “merci”. Keçək müsahibəmizə. Ədəbiyyat sənin üçün nəyi ifadə edir?
Təşəkkür edirəm müsahibən üçün, Nicat. Mən ədəbiyyatı incəsənətin tərkibində görürəm. İncəsənət də insan ruhunun, bədənin bütün növlərdə xəritəsini çəkir. Bu xəritədə dünya da, cürbəcür əşyalar da var. Dünya insanın lap ürəyinin başındadır. İnsan fikrini sözlə ifadə edirsə, ədəbiyyatı yaradır, gillə, yaxud tuncla ifadə edirsə, heykəltəraşlığı, kətanla, rənglə ifadə edirsə, rəssamlığı yaradır.
2. Yazılarının, demək olar, çoxunda xoşbəxtlik axtarışındasan. Şamil Həsəni xoşbəxtlik axtarışına çıxmağa nə vadar edir.
Gündəlik qayğılarım. Xoşbəxtliyə can atmayan insan varmı? İnsan iki şeyə can atır: ölümsüzlüyə və xoşbəxtliyə. Təəssüf ki, hər ikisinə də axıra qədər çata bilmir. İnsan xoşbəxtliyə acgözdür. Gilqameş kimi ölümsüzlüyə can atıram, bəzən tanrıça Feliçita kimi insanlara xoşbəxtlik “paylayıram”. (Yadıma Al Banonun "Feliçita" mahnısı düşdü). Elə güman edirəm ki, seçim qarşısında qalsam, xoşbəxt yaşamağı həyatda hər şeyə, istisnasız olaraq, hər şeyə dəyişərdim. Amma yenə də mən mövcud olma mübarizəsi aparıram, bu halda mənim üçün heç bir şeyin dəyəri qalmır, bəzən xoşbəxtlik də mənə simvolik görünür. Deyəsən, Bencamin Franklin deyib: insan 25 yaşında ölür, 75 yaşında dəfn edilir. Bütün inandığım dəyərlər zərbə alıb. Bundan sonra xoşbəxtlik axtarışında olmağımın da bir mənası görünmür bəzən. Lakin daxili mövcud olma instinktim yenə də həyat şərabını dadmağa sövq edir.
3. Şamil, XVII-XVIII əsr ədəbiyyatımıza baxanda görürük ki, şairlərimiz gözəlləmədən başqa böyük bir şey ortaya qoymayıblar. Avropa, Qərb ədəbiyyatında isə əksinə inqilab ruhu dolanır. Biz Füzulidən bu yana gələn gözəlləmə ədəbiyyatından nə zaman əl çəkəcəyik?
Nicat, bu suala cavab vermək üçün monoqrafiya yazmaq olar hətta. Mövzunu hardan başlayım ki, kələfin ucunu itirməyim. Bax, əvvəlcə onu deyim ki, tənqid işi bizdə əmmalı şeydir. Birini 4 il, 40 il də, hətta 400 il də uzaqdan tənqid etsən, səni topa qoyub atacaqlar. Deyəcəklər: niyə bizim müqəddəslərə hörmətsizlik edirsən. Hətta eləsi də var ki, dilə gəlib müdafiə edəcək, deyəcək ki, sənin yazıların nədir ki, filankəsi tənqid edirsən. İndi gələk əsas məsələyə. Allah Axundova rəhmət eləsin. Yaxşı ki, Füzulini tənqid edib, yoxsa istinad nöqtəmiz olmayacaqdı. Adam o boyda məktəb yaratdı. Dedi ki, məni ötüb keçin. Heyif... Sosiologiyada iki anlayış var: bazis və üstqurum. Bazis üstqurumu müəyyən edir. Daha da aydın deyim. Bazis cəmiyyətin iqtisadi münasibətləridir. Üstqurum isə iqtisadi münasibətlərin müəyyən etdiyi din, mədəniyyət, incəsənət və s. kimi şeylərdir. Bura qədər ümid edirəm, aydındır. Avropada dediyin tarixdə yeni cəmiyyətin, yəni kapitalizmin rüşeymləri meydana gəlirdi, daha sonrakı əsrlərdə bütün Avropada möhkəmlənirdi. Bayaq dedyim bazis təzə cəmiyyətin rüşeymləridir. Bu rüşeymlər öz bərabərində yeni mədəniyyət, incəsənət, ədəbiyyat və s. gətirirdi. Avropada ədəbiyyatda yeni forma, janr, yeni mövzu yaratdı, inkişaf etdirdi. Hələ elmi demirəm. Bizdə xeyli gec, 19-cu əsrə təsadüf edir. Yəni ta Axundov rəhmətliyin vaxtına. Bizim feodal cəmiyyətində şahları, cəngavərləri, onların gözəlçə arvadlarını tərifləmək dəbdən çox zərurət idi, çünki o şairin gündəlik təlabatını onlar qarşılayırdı.
Mən obyektiv münasibət bildirməyə çalışıram, Axundovdan fərqli olaraq iddia etmirəm ki, Füzuli şair deyil və ya M.P.Vaqif, Vidadi və s. sözləri hecada düzməkdən savayı iş görməyiblər. Azacıq aşım ağrımaz başım. Bizdə hələ meyxananın yeri müəyyən edilməyib, səsi çıxanı da bir-iki statusla “parça-parça edirlər”. (Gülür) Bunu görüb aşıq ədəbiyyatına, orta əsr ədəbiyyatına söz demək olar heç? Bax, qərb ədəbiyyatının ən nəhənglərindən biri Şekspirdir da. Şekspiri aşdılar, ötüb keçdilər, ona görə yeni-yeni ədəbiyyat şedevrləri ortaya çıxdı. Bizdə Axundov “Kəmalüdövlə məktublarını” yazıb köhnə dəyərləri baltaladı, rus şpionu damğasını vurdular. Halbuki Axundov ən pis halda öz dövründə müsəlman şərqinin Martin Lüteri sayıla bilərdi. Bu 150-200 ildə bir şey dəyişib bizdə, səncə?
4. Şamil Həsənov və Şamil Həsən. Sənin üçün ayrı-ayrılıqda kimdirlər?
Bunu yaxşı-yaxşı düşünməliyəm bu məhdud vaxtda. Elə zənn edirəm ki, ağılla ürək kimi şeydir. Həsənov kritik məqamlarda rasional qərarlar verib, Həsənə nəzarət edir. Həsən isə özünü çərçivədən kənar tutur, sərhədləri qəbul etmək istəmir. Sanki bir-biri ilə mübarizə aparırlar. Həsən dəlisovdur, qərarları incəsənətin o müqəddəs meyvələrindən yeyərək vermək istəyir. Məncə, bir daxili persona digər daxili personayla mübarizə aparmaqdansa, bir-birini tamamlamalıdır. Məndə hələ ki mübarizə aparır bir-biriylə. Buna baxmayaraq, ziddiyətlərin içində çabaladığımı da qəbul edirəm.
5. Ölümü bir sözlə necə ifadə edərdin?
Epikür deyirdi ki, biz varıqsa, ölüm yoxdur, ölüm gələndə də biz olmayacağıq. Monten öz esselərində ölüm haqqında xeyli müzakirələr aparıb. Deyir ki, son addımından niyə qorxursan? Hər gün ölümə gedirik, sonuncu gün ona çatırıq. Amma bəzi insanlarda sonuncu gün dəhşətli olur... çox dəhşətli. Xəstə insanın ölümü qurtuluşdur. Babam xərçəngə tutulmuşdu, son günlərini yaşayırdı. Son iki həftə insan əridi. Pıqqıltıyla qaynayıb əriyən yağ var ha, bax onun kimi gözümün qabağında əriyirdi. Kənddə seyvanda döşəmə üstünə salınmış döşəkdə yatırdı. Sağalmaq adlı ümid işığı yox idi. Mən dua edirdim ki, ilahi onu tez öldür, bircə o işgəncədən qurtulsun. İlk dəfə bir insana ölüm arzulayırdım. Nitsşe insanın duyğularını ən dərin nöqtəyə qədər yaşamasını istəyirdi. Nitsşe babamın xəstə yatağında gəlib bu fikiri mənə desəydi, dəryazı götürüb onun arxasınca düşərdim... Nə sayaqlayırsan? Fikirləşirəm ki, evtanaziya belə hallarda labüddür. Eləsi də var deyir, İsa çarmıxda gözəldir. Bir insan işgəncə çəkərkən necə gözəl ola bilər? İşgəncə necə romantikləşdirilə bilər? Mən əzabda heç bir müsbət şey görmürəm. Əzab insanı sısqalaşdırır. Bir bomj, səfil günə düşmüş hər hansısa bir insan əzabla sısqalaşıb. Səfalət, əzab insanı alçaldır. İztirab Tanrının yer kürəsinə göndərdiyi mütləq cəza deyil axı, iztirabdan tamamilə qurtula bilməsək də, onu azalda bilərik. Ədəbiyyat bu yolda bizə böyük mayak ola bilər hətta.
6. Son zamanlarda yazdığın esselərinlə diqqət çəkməyi bacarmısan. Səncə, bizim ədəbiyyat Monten, Bekon, Oruel səviyyəsində bir esseist yetişdirə
biləcəkmi?
Yetişəcək. Mən həqiqətən inanıram. Ötən tədris ilində məktəbimizdə esse müsabiqəsi keçirildi. Məktəb rəhbərliyindən xahiş etmişdim ki, "Mən dünyanı necə görürəm" adlı esse müsabiqəsi keçirək. Sağ olsunlar əllərindən gələn bütün köməyi göstərdilər. Xeyli şagird iştirak etdi. Ədəbiyyat müəllimləri ilə birlikdə esseləri qiymətləndirdik. 2 nəfər şagirdin yazısı ürəyimə yağ kimi yayıldı. Hər ikisi birinci yeri tutdu, məktəb rəhbərliyi xüsusi sertifikat təqdim etdi. O iki esse çox gözəl yazılmışdı. Qaliblərdən biri 5-ci sinifdə, digəri 8-də oxuyurdu. Mən isə kitab hədiyyə elədim. Uşaqlar bir həvəsli idilər, heç belə gözləmirdim. Nəticə nə oldu? Bir daha əmin oldum ki, hələ Mingəçevirdə böyük qəlbli gənclər gizlidir, kəşf olunmağı gözləyirlər.
7. Avstraliya aborogenlərinin maraqlı alətləri var. Yerlilər ona bumeranq deyir.Göy üzünə atırsan ve eyni nöqtədə sənə qayıdır. Sənin də “Bumeranq” adlı essen var. Bu essenin yaranma səbəbindən danışarsan. Bəs sənin bumeranqların həmişə sənə qaydıırmı?
Esse haqqında nə danışım? Həmin essenin birinci hissəsi yayımlanıb, digər hissələrini yazmaqda davam edirəm. Qoy, oxucu onu dəyərləndirsin. Sənətin, yazı prosesinin necə yarandığı, hansı tərzdə getdiyi ilə bağlıdır. Bumeranq isə sadəcə simvoldur.
8. Şamil, səni tanıdığım qədər emosional biri deyilsən. Ya da özünü bizə soyuq adam kimi tanıtmısan bilmirəm. Mənə elə gəlir Xəlil Rza istəsəydi də onun ruhundakı emosiya özünü büruzə verərdi. Şamildə necedir bu proses?
“Matrix” filmi var. Hər şey, hər yer matrisdir. İnsan mavi həblə, qırmızı həb arasında seçim qarşısında qalır. Əvvəllər deyirdim ki, hər şeydən qaçıb, incəsənətə sığınmaq lazımdır, artıq o da mənə incəsənət adı altında mavi həbi yedizdirir, ona görə bəzən ondan da qaçıram, yalnız nizam-intizamlı həyata can atıram, zərərli vərdişlərdən də uzaqlaşmağa çalışıram. Qırmızı həb acıdır, həqiqəti şillə kimi vurur. Deyəcəksən ki, bunun nə dəxli? Emosional insanlar doğru qərarlar verə bilmirlər, çünki hisslərinin nəzarəti altında yaşayırlar. Mən ömrümdə nə vaxt səhv qərarlar vermişəmsə, yalnız emosionallıq bataqlığına düşərək vermişəm. Emosiyaları rədd etmirəm, edə də bilmərəm heç. Dəfələrlə təcrübədən keçirdiyim şey var: soyuqqanlı və rasional olmaq məni möhkəm, həm də xoşbəxt edir. Mən buna inandım, buna inanacam.
9. Şamil, son zamanlar şeir yazmağa başlamısan. Necə deyərlər Allah var göydə səndə heç də pis alınmır. Hətta deyərdim atanın ölümünə yazmış olduğun şeir çox təsirlidir. Şeir yazmaq səncə emosional haldan irəli gəkmədimi səndə?
Elə zənn edirəm ki, şeir emosional fırtınanın nəticəsidir. Panik atak kimi bir şeydir. Məqamı tutuzdurmaq lazımdır. Yazdın yazdın, yazmadın o dəftər ömürlük bağlanır. Hekayə, esse yazarkən günlərlə onu fikirləşib, planını qururam, qeydlərimi aparıram, amma məncə, şeirin planını qurmaq olmur. Bunu özün daha yaxşı bilirsən. Bu ani emosionallıqdan da qurtulmağa çalışıram tezliklə. Çünki bu mənim bütün enerjimi tükədir və real həyatıma sıçrayanda səhv qərarlara sövq edir.
10. Şamil, son sualım 7 fərqli sualdan ibarət rubrika olacaq. Məncə, maraqlı olacaq. Sualları cavablandırdığın üçün təşəkkür edirəm.
1. Evdə təkbaşına olanda özün üçün hansı yeməyi hazırlamağı xoşlayırsan?
Steik bişirirəm. Ümumiyyətlə, yemək bişirməyi sevirəm.
2. Keçmişə qayıda bilsəydin, hansı yazıçı ilə görüşmək istəyərdin?
Tolstoyla. Ondan öyrənməli olduğum şey var.
3. Ən ağır zamanlarında səni sakitləşdirə biləcək musiqin varmı?
Çox ağır vaxtlarımda musiqiyə qulaq asa bilmirəm. Məni sakitləşdirə biləcək şey
yalnız özümlə təkbaşına qalmaqdır.
4. Gürcü çaxırı ilə Samux xəngəli, yoxsa ənənəvi Sovet süfrəsi
Qış olsa, bol sarımsaq qatıqlı Samux xəngəli. Yayda öldürsən də, yemirəm.
5. Azərbaycan ədəbiyyatının Şamilə görə ən uğurlu 3 əsəri hansıdır?
“Dəli Kür”, “Ürək yaman şeydi”, “İblis”.
6. Nicat Hunalp və Elçin Məhərrəm sənin üçün nə məna kəsb edir?
Hər ikisi mənim dostumdur, doğmamdır. Sənət dostlarımdır. Biriylə şiddətli fikir mübadiləsi apara bilirəmsə, o mənim üçün çox dəyərlidir. Biz haqlı çıxmağa çalışmırıq, həqiqəti tapmağa, öyrənməyə çalışırıq. Dostluğun gücü budur.
7. Meqapolisdə yaşamaq, yoxsa dağ başında qoyunçuluqla məşğul olmaq?
Bu dəqiqə yalnız dağ başı. Qoyun zad lazım deyil.
Söhbətləşdi: Nicat Hunalp
