Mətanət Teymurlu "Helioqabalın Qızılgülləri"
Şəhvət, qarınqululuq və tənbəllik... Yeddi böyük günahdan üçü Ser Lourens Alma-Tademanın "Helioqabalın Qızılgülləri" əsərində mükəmməl təsvir olunub. Lakin tabloda başqa bir çox günahlar da yer alır ki, bu da onu incəsənət tarixinin ən azğın əsərlərindən birinə çevirir.
Lourens Alma-Tadema Britaniya incəsənət aləminə addım atanda antik dövrün bütün dəbdəbəsini fırçası ilə yenidən canlandıraraq dövrünün en parlaq ulduzuna çevrildi. Sərgi kataloqlarında hər zaman ən öndə, "A" hərfində yer almaq üçün adını "Alma-Tadema" edəcək qədər də zəki və iddialı idi.
Əslində, onun hüquqşünas olacağı gözlənilirdi. Lakin 15 yaşında vərəm diaqnozu qoyulub az ömrü qaldığı deyiləndə, bu gözlənilməz sərbəstlik onu uşaqlıq sevdası olan rəssamlığa tərəf çəkdi. Möcüzəvi şəkildə sağalan Alma-Tadema 1852-ci ildə Antverpen Kral Akademiyasına daxil oldu, altı il sonra ilk böyük uğurunu qazandı və 1862-ci ildə öz emalatxanasını qurdu.
1869-cu ildə həyat yoldaşının çiçək xəstəliyindən vəfatı onu ağır depressiyaya saldı. Səhhətini bərpa etmək üçün səfər etdiyi İngiltərə isə talehini kökündən dəyişdi. Orada sevdiyi 17 yaşlı Lora Terezaya rəsm dərsləri keçməyə başlayan rəssam, tezliklə onunla evləndi.
Uğurlu yaradıcılıq illərində saxtakarlığın qarşısını almaq üçün əsərlərini xüsusi sistemlə nömrələyən rəssam, mükəmməllik həvəsi sayəsində dövrünün ən varlı sənətkarlarından birinə çevrildi və 1899-cu ildə cəngavər tituluna layiq görüldü. Alma-Tadema əsərlərini çəkərkən qədim ədəbiyyatdan və arxeoloji tapıntılardan geniş yararlanırdı. O, Katullus, Ovid və Horatsius kimi qədim Roma şairlərinin sevgiyə dair şeirlərindən ilham alırdı.
Rəssamın şəxsi həyatı və yaradıcılıq yolu onun sənət anlayışını formalaşdırdığı kimi, məskunlaşdığı mühit və dövrün estetik tələbləri də onun şah əsərlərinin ideya qaynağına çevrilmişdi.
Viktoriya dövrü rəngkarlığı (1837–1901) Böyük Britaniyanın sənayeləşməsi və qüdrətlənməsi fonunda ənənə ilə yeniliyin toqquşduğu zəngin bir inkişaf yolu keçmişdir. Viktoriya dövrünün cəmiyyəti zahirən çox əxlaqlı, dindar və tünd məxmər geyimlərə bürünmüş olsa da, həmin dövrün akademik rəsmləri tam əksinə, əxlaqdan kənar və açıq rəngli ipəklərlə bəzədilmişdi. O zamanlar akademik rəngkarlıq çox dəbdə idi və rəssamlar tez-tez tarixdəki maraqlı, alovlu əhvalatları mövzu seçirdilər.
Hakimiyyətin ilk illərində Kral İncəsənət Akademiyası, Coşua Reynoldsun rəhbərliyi ilə İntibah dövrü ənənələrinə, xüsusilə Rafaelin üslubuna söykənir, idealizasiya olunmuş portretlərə və təmtəraqlı tarixi səhnələrə üstünlük verirdi. Lakin sənayeləşmənin gətirdiyi yeni orta təbəqə, xəyali mənzərələr əvəzinə real həyatı və dəqiq detalları görmək istəyirdi. Bu tələbdən irəli gələrək 1840-cı illərin sonlarında "Pre-Raffaelitlər" qrupu yarandı. Onlar Akademiyanın bəzəkli üslubuna qarşı çıxaraq təbiəti olduğu kimi, elmi dəqiqliklə və mənəvi mesajlarla təsvir etməyə başladılar.
1870-ci illərdən etibarən isə ağır şəhər həyatı, zavod tüstüləri və iqtisadi böhran sənətdə Estetik hərəkatın yaranmasına təkan verdi. Rəssamlar çirkin reallıqdan uzaqlaşmaq üçün yenidən Nağılvari keçmişə, gözəlliyə və dini mövzulara yönəldilər. Beləliklə, Viktoriya dövrü rəngkarlığı reallığı əks etdirmək məqsədindən uzaqlaşaraq acı gerçəklikdən sığınacaq vasitəsinə çevrildi.
Alma-Tadema bu əsəri 1888-ci ildə Britaniya İmperiyasının öz gücünün zirvəsində olduğu vaxtda çəkmişdi. Britaniyalılar dünyanın quru ərazisinin dörddə birinə hökm edirdilər. Planetin demək olar ki, hər saat qurşağında torpaqları olduğu üçün "Britaniya İmperiyasında günəş heç vaxt batmır" deyirdilər. Bu böyük qüdrət və rifah səbəbindən britaniyalılar özlərini qədim Roma İmperiyasının əsl varisi sayırdılar. İnanırdılar ki, dünyaya sivilizasiya, nəzakət və əxlaq gətirirlər. Buna görə də Roma dərslərinə böyük maraqla baxırdılar.
Dövrün Romaya olan bu xüsusi marağı rəssamı tarixin ən qaranlıq və ziddiyyətli Roma imperatorlarından birinin qalmaqallı rəvayətinə müraciət etməyə sövq etdi. Helioqabal (Varius Avitus Bassianus, təxm. 203–222) 218–222-ci illərdə hökmranlıq etmiş, qəribə davranışları ilə tanınan Roma imperatorudur. O, Suriyanın Emesa şəhərindəki Baal (Elah-Qabal qədim Yaxın Şərqdə, xüsusilə Kenan, Fenike və Suriya bölgələrində ibadət edilən güclü bir fırtına, yağış və bərəkət tanrısıdır.) tanrısının irsi kahinlər ailəsindən gəlirdi. 217-ci ildə imperator Karakalla öldürüldükdən sonra anası və nənəsi onu Karakallanın nikahdankənar oğlu kimi təqdim edərək ordunun dəstəyi ilə hakimiyyətə gətirdilər. Kahinliyinə görə Helioqabal adı ilə tanınan gənc imperator, Baal tanrısına sitayişi imperiyaya qəbul etdirməyə çalışır, yaxınlarını yüksək vəzifələrə təyin edirdi. Cəmi 4 illik hakimiyyəti dövründə yaşadıqlı pozğun həyat tərzi, dini və cinsi qaydaları tapdalamağı ilə böyük qalmaqallar yaratmışdı.
Onun hakimiyyətindəki ilk böyük böhran, dini baxımdan toxunulmaz sayılan müqəddəs Vestal bakirəsi Akviliya Severa ilə evlənməsi olur. Vəziyyətin nəzarətdən çıxdığını görən nənəsi Yuliya Meza onu sakit xarakterli əmisi oğlu Aleksandrı varis elan etməyə razı salır. Lakin bir müddət sonra Helioqabal fikrindən daşınır. Aleksandrı varislikdən məhrum etmək istədikdə, ordu buna qarşı üsyan qaldırdı. Nəticədə isə Helioqabal və anası öldürülür, Aleksandr isə yeni imperator oldu.
Bu əsərə mövzu olmuş rəvayət Qədim Roma tarixçisi Eliy Spartianın "Avqustlar tarixi" ("Historia Augusta") kitabından götürülmüşdür. Həmin rəvayətə görə, Helioqabal ziyafət zamanı fırlanan tavan mexanizmi vasitəsilə yaltaq və müftəxor qonaqlarının üzərinə tonlarla çiçək tökdürərək onları boğmuşdur. Tarixçi Magi qeyd edir ki, oxşar addımı vaxtilə imperator Neron da atmışdı (Svetoni, Neron, XXXI) və buna bənzər fırlanan tavan Petroninin "Satirikon" əsərində də təsvir olunub.
Orijinal mənbədə bu hadisə belə qeyd olunur:
"O, ziyafət zallarını, taxtları və eyvanları qızılgüllərlə və hər cür çiçəklərlə bəzəyərdi..."
"Fırlanan tavanı olan ziyafət zalında o, qonaqlarını bənövşə və digər güllərin altında elə basdırardı ki, bəziləri səthə çıxa bilməyib nəfəssizlikdən boğulub ölürdülər."
Tarixin bu dəhşətli səhifəsi Alma-Tademanın fırçasında həm vizual zənginlik, həm də mənəvi pozğunluğun rəmzi olan dərin simvolik mənalar qazandı.
Şəhvət, qarınqululuq və tənbəllik... Yeddi böyük günahdan üçü Ser Lourens Alma-Tademanın "Helioqabalın Qızılgülləri" əsərində mükəmməl təsvir olunub. Lakin tabloda başqa bir çox günahlar da yer alır ki, bu da onu incəsənət tarixinin ən azğın əsərlərindən birinə çevirir.
Alma-Tademanın bu tablosunu təhlil edərkən dekadent estetikanın 7 ölümçül günahla parallellikləri xüsusi diqqət çəkir. Katolik Kilsəsinin qəbul etdiyi 7 əsas günah bunlardır:
Məğrurluq
Paxıllıq
Qəzəb
Qarınqululuq
Şəhvət
Tənbəllik
Xəsislik
Tarix boyu rəssamlar bu mənəvi qüsurları öz əsərlərində müxtəlif ikonoqrafik üsullarla təsvir etmişlər. Məşhur niderland rəssamı İyeronim Boşa (və ya onun emalatxanasındakı tələbəyə) aid edilən 'Yeddi əsas günah və dörd son amil' (The Seven Deadly Sins and the Four Last Things) adlı tablo XVI əsrin əvvəllərində taxta paneldə yağlı boya texnikası ilə ərsəyə gətirilmişdir. Boş bu günahları açıq-aşkar, didaktik və dini-xəbərdarlıq xarakterli bir dillə təsvir etdiyi halda, əsrlər sonra Alma-Tadema kimi rəssamlar eyni qüsurları dekadent estetikaya bürüyərək daha gizli və cazibədar şəkildə təqdim etmişlər.
Dekadans sənət anlayışı mənəvi tənəzzülü və axlaqi aşınmanı çirkin bir aksioma kimi deyil, əksinə, nəfis və cazibədar bir visual forma kimi təqdim edir. Rəssam ziyafət zalında cərəyan edən sadizmi, kibiri, şəhvəti və bizahorluğu vahiməli görüntülərlə deyil, ecazkar qızılgül ləçəkləri və işıqlı mərmər estetikası ilə ört-bastır edir. Böyləliklə, xristian ilahiyyatında ruhu məhv edən kardinal qüsurlar əsərdə dekadent gözəlliyin əsas elementlərinə çevrilir.
Alma-Tadema bu qədim Roma rəvayətini Viktoriya dövrünün "çiçək dili" (florioqrafiya) simvolikası ilə birləşdirərək, öz dövrünün tamaşaçıları üçün həm Vizual baxımdan valehedici, həm də mənəvi dərslərlə dolu bir şah əsər yaratmışdır. Tarixi mənbədə Helioqabalın qonaqları bənövşə ilə boğduğu yazılsa da, Alma-Tadema əsərdə qızılgüldən istifadə edib. Çünki Viktoriya dövrünün "çiçək dilində" bənövşə sədaqət və həyanı, qızılgül isə çox vaxt ehiraslı gözəlliyin, mənəvi pozğunluğun və hətta ölümün rəmzi sayılırdı. Bənzər mənanı Alma-Tadema-nın sonralar "Bahar" rəsminə əlavə etdiyi dekadent şair Alcernon Svinbörnün "Dolores" (1866) şeirində də görmək olar:
Sizə əzab versəm də, ey şirin dodaqlar, siz mənə qıya bilərsinizmi?
Kişilər o dodaqlara toxunan kimi anındaca dəyişirlər:
Ləyaqətin zanbaq tək paklığını və sakitliyini,
Günahın coşğusuna və qızılgüllərinə... (65–68-ci misralar)
Helioqabal sədaqətli və həyalı olmadığı üçün rəssam qızılgülü seçərək öz dövrünün tamaşaçısına daha aydın mesaj ötürmüşdür. Roma dünyasında qızılgül həm sevgini, həm də həddindən artıq israfçılığı təmsil edirdi. Məsələn, İmperator Kleopatra qonaqlarını dizə qədər qızılgülə bürüyərdi, Neron ziyafətlərdə gül üçün bir sərvət xərcləyərdi, İmperator Karakalla isə gül ləçəklərindən salınmış xalı üzərində yerəyərdi.
Bu möhtəşəm rəsmi rəssama zəngin iş adamı Ser Con Eyrd sifariş etmişdi. Rəssam bu səhnəni çəkərkən hətta soyuq London qışında belə süni güllərdən istifadə etməkdən imtina etmişdi. O, 4 ay boyunca Fransa Rivyerasından (Nitsa şəhərindən) hər həftə təzə qızılgül ləçəkləri gətizdirirdi ki, ləçəklərin təbii çəhrayı rəngini canlı çəkə bilsin.
Masanın başında dirsəklənən 14 yaşlı imperator Helioqabal, əlindəki şərab qədəhi ilə aşağıda boğulan insanları böyük bir soyuqqanlıqla izləyir. O, öz gücünü belə nümayiş etdirir: "Mən sizi ən yumşaq və gözəl şeylə də öldürə bilərəm."
Alma-Tadema rəsmin kompozisiyasını iki hissəyə bölüb:
Yuxarı (Hakimiyyət): Düz, sakit və soyuqqanlı xəttlər.
Aşağı(Qurbanlar): Xaotik, fırlanan və bir-birinə qarışmış bədənlər.
Rəssam döşəmənin bucağını tamaşaçıya doğru elə əyib ki, elə bil gül ləçəkləri kətandan çıxıb bizim də üzərimizə töküləcək.
Bu əsər Estetik Hərəkatın ("İncəsənət yalnız gözəllik üçündür") ən təhlükəli nümunəsidir. Rəssam bir qətl səhnəsini o qədər gözəl təsvir edib ki, bizi gördüyümüz bu dəhşətdən həzz almağa məcbur edir və böyük bir sual verir: Biz əxlaqa önəm veririk, yoxsa gözəlliyin təsirinə düşüb aldanırıq?
Əsərdə imperatorun əynində qızıl sapla toxunmuş ipək tunik var, oturduğu divan isə gümüş və sədəflə işlənib.
Təsvirdə qızılı ipək libaslı imperator və qonaqları platformadan bu mənzərəni izləyir, fonda isə Menada (qədim yunan və roma mifologiyasında şərab və vəcd tanrısı Dionisin (Bakxın) ardıcılı olan, çılğın rəqsləri və daşqın ehtirası ilə seçilən qadın pərəstişkardır.) tütək çalır və tunc Bakxın heykəli ucalır.
Arxa fondakı bürünc Bakx (Şərab tanrısı) heykəli isə Vatikan Muzeyindəki real antik heykəlin dəqiq kopyasıdır.
İmperator bu dəhşətli mənzərəni böyük həzzlə izləyərək şərabını içməyə davam edir. İlk baxışdan bu rəsm yay fəslinin gözəl bir bayramı kimi görünür. Kadr çəhrayı ləçək fırtınası ilə doludur. Yuxarıda cavanlar rahatca şərab içir. Saatlarca sürən içkidən sonra qonaqlar taqətdən düşüb zalda halsız halda uzanırlar. Tam bu an tavan açılır və aşağıya gül ləçəkləri yağmağa başlayır. İlk öncə bu zərif ləçəklər ziyafətə romantik, nağılvari bir hava qatır, ətrafı gözəl ətir bürüyür.
Lakin ləçəklərin yağışı dayanmır. Onlar getdikcə şəlalə kimi axır, zaldakı insanları tamam örtür. Ləçəklərdən təpələr və dənizlər yaranır. Çarəsiz qonaqlar ləçək dənizinin altında nəfəssiz qalır, ciyərlərinə gül dolaraq boğulub ölürlər. Ölümün qoxusu gül ətri ilə gizlənir. Güllərin altındakı üzlərə diqqətlə baxdıqda dəhşət ortaya çıxır: Qonaqlardan biri bunun sadəcə bir oyun olduğunu düşünüb gülümsəyir. Digəri isə artıq nəfəssiz qaldığı üçün huşunu itirir. Rəsmin dühallığı bundadır: O, həzz ilə ölüm arasındakı o bircə saniyəni dondurub. Qonaqlar bunun əyləncə olduğunu sanır, İmperator isə bunun edam olduğunu bilir.
Ön plandakı qadın isə "dördüncü divarı" yararaq baxışlarını birbaşa tamaşaçıya dikib. O, bir tərəfdən nar yeyir, nar təkcə bərəkət deyil, həm də ölüm, nəfsin yoldan çıxması və yeraltı dünyanın simvoludur, digər tərəfdən isə qolunda ilan bilərziyi var. İlan Viktoriya dövrünün cəmiyyəti üçün dərhal anlaşılan bir əbədi sevgi rəmzi idi, çünki Kraliça Viktoriyanın nişan üzüyünün ilan motivi ilə bəzədildiyi hamıya bəlli idi.
Dövrün estetik zirvəsini əks etdirən bu heyranedici, lakin dəhşətli əsər illər keçdikcə fərqli münasibətlərlə qarşılaşmış və zəngin bir miras qoyub getmişdir.Əsər 1888-ci ildə Londonda nümayiş olunanda böyük maraqla qarşılandı. Viktoriya dövrünün insanları bu əsərdən özləri üçün mənəvi dərs çıxardılar: "İnsanın hərisliyi və şəhvəti onun fəzilətli ruhunu boğub öldürür."
İllər sonra bu rəsm dəbdən düşəndə, onu 1960-cı illərdə "Candid Camera" (Gizli Kamera) şousunun yaradıcısı Allen Funt ucuz qiymətə satın aldı. Yalnız 1970-ci illərdən sonra incəsənət dünyası bu əsərin nə qədər böyük bir şah əsər olduğunu yenidən anladı.
Təəssüf ki, rəssamın 1912-ci ildə Almaniyada müalicə olunarkən 76 yaşında dünyasını dəyişməsindən sonra, Birinci Dünya Müharibəsi və dəyişən incəsənət zövqləri səbəbindən Alma-Tademanın irsi bir müddət unuduldu. Yalnız 1960-cı illərdən etibarən Alma-Tademanın əsərləri yenidən kəşf edildi və incəsənət aləmində layiq olduğu yüksək qiyməti almağa başladı. Onun antik dünyanı inanılmaz dəqiqlik və təfərrüatla təsvir edən tablolarları bu gün də Hollivud filmləri üçün əvəzsiz bir vizual mənbə sayılır.

