Edebiyyat.az » Proza » Fərid Muradzadə - Cəhənnəmdən qaçış.(novella)

Fərid Muradzadə - Cəhənnəmdən qaçış.(novella)

Fərid Muradzadə - Cəhənnəmdən qaçış.(novella)
Proza
admin
Müəllif:
10:09, 16 dekabr 2020
4 081
0
Fərid Muradzadə - Cəhənnəmdən qaçış.(novella)
                                    




 Ağrı-acısı çox idi. Bütün əzaları ağrıyırdı. Ələlxüsus uzun qış gecələri onun üçün olduqca məşəqqətli keçirdi. Azacıq gözünə yuxu gedən kimi sanki göz bəbəkləri şişir, qayğısız uşaqlıq illərində kinoteatrlardakı film göstərilən böyük parçaya dönürdü. Gördüklərinin təsirindən qan-tərə bataraq çabalaya-çabalaya qalırdı. Gecələri kabus görürdü. Elə bil gecələrə sığmayan bu kabus gündüzləri yumşalar, gün işığında sınardı. Gündüzlər bir az fərqli olardı, gecələri isə dəhşətlə başlayar, vəhşətlə artar, zillətlə sonlanardı.
Gözlərini yuman kimi o müdhiş mənzərəni görürdü. Hər yer qan, hər yer mərmi, tanınmaz hala düşmüş meyitlər, gözlərinə ümidsizlik, üzlərinə ölüm pərdəsi çəkilmiş yaralılar, namusu, şərəfi, mənliyi, varlığı tapdanmış, ağlasığmaz işgəncələrə məruz qalmış əsirlər, məşəqqətli əsirlik, üzümlük, şosse, niva, Abo, öldürdüyü general oğlu, erməni quldurları, onların insanlığa sığmayan cinayətkar əməlləri, fəryad, nalə və qulağından getməyən izahı çox çətin olan səslər. O səslər ki, elə bil cəhənnəmdən gəlirdi. O, cəhənnəm əzabını bu yer üzündə yaşamış insanlardan idi. Yer üzünün əşrəfi sayılan insanın vəhşiləşərək qaniçən yırtıcıya çevrilməsinin, əxlaqi və insani dəyərlərin sıfıra enməsinin, Adəm övladının bir-birinə qənim kəsilməsinin, insanın dünya nemətlərinə qarşı hərisləşməsinin dəfələrlə şahidi olmuşdu. Yaşamaq üçün mübarizədə ölüb-öldürməyin iştirakçısına çevrilmişdi. Gözlərini açan kimi o cəhənnəm həyatı yoxa çıxırdı. Aldığı psixoloji travmalar ona rahatlıq vermirdi. Beyni zoqquldayırdı, canı ağrıyırdı, müharibəyə nifrət edirdi, amma qisas gününü səbirsizliklə gözləyirdi. İşğal altında olan Vətən torpaqlarının azadlığı uğrunda hər şeyə hazır idi. Bircə bunu düşünəndə yorğunluğu, halsızlığı unudulardı. Vətən həsrəti onun qəlbini didirdi. Hər gün uca Yaradana dualar edərək tezliklə döyüş əmrinin verilməsini arzulayırdı.

                                                               Didərginlik.

Payızın son ayı idi. Bu yerlərə qış tez düşür. Odur ki, payız da burada elə qışa bənzəyir. Günəş aram-aram qüruba enirdi. Solğun günəşin şəfəqləri altında üzü meşəyə doğru bir qafilə hərəkət edirdi. Yüklü heyvanlar tənbəl-tənbəl irəliləyirdilər. Ətrafda ayaq və heyvan səslərindən başqa səs eşidilmirdi. Hər şey sükut içində idi. “Qaranlıq dərə” deyilən yerdən keçirdilər. Lal sükunət bu vahiməli yeri bir az da vahimələndirirdi. 13 yaşlı Rafiqin daxildə dişi bağırsağını kəsirdi. Vaxtilə döyüb barmağında fırlatdığı erməni uşaqları bu səhər o biri dığalarla bərabər onlara hücum çəkmiş, əllərindəki silahlara, yanlarındakı yaşca böyük ermənilərə güvənərək ona əl-qol atmışdılar. Doğrudur, Rafiq davakar idi, amma hər zaman haqqın tərəfində duran uşaqdı. Lakin bu gün haqq gözə görünmürdü, bu gün haqsızın meydanı idi. Bu gün şər qalib kürsüsündə oturmuşdu. Bu gün ədalətin məğlub olduğu gün idi. Bu gün Rafiqgilin timsalında minlərlə azərbaycanlının öz dədə-baba yurdundan zorla qovulduğu gün idi. Bu gün atası İsa kişinin illərlə can qoyub, halal zəhməti ilə ərsəyə gətirdiyi evin dığalar tərəfdən yağmalandığı gün idi və bu gün Rafiqin qəlbində düşmənə qarşı nifrətin, kinin, qəzəbin kök saldığı gün idi. Yorğun simalardan kədər yağırdı. Elə bil hamı bir-birindən küsmüşdü, heç kim danışmaq istəmirdi. Əslində hamının kifayət qədər danışası sözü vardı. Hamının ürəyi dolu idi, lakin heç kimin dili danışmaq istəmirdi. Ayrı-ayrılıqda hər kəs özü ilə danışırdı. Bu insanlar öz doğma yurdlarından deportasiya olunan qərbi azərbaycanlılar idi. İllərlə yaşadıqları ərazilərdən zorla qovulmuşdular. Zamanla öz ata- baba torpaqlarında yer verib yerləşdirdikləri məkrli düşmən indi onları zorla bu torpaqlardan çıxarmışdı. Uşaqlar, qadınlar, yaşlılar üzülmüş halda meşəyə doğru irəliləyirdilər. Nəhayət uzun sürən lal sükunəti Qafan rayonunda ətraf bir-neçə kənddə ağsaqqallığı ilə ad çıxarmış Allahverən babanın amiranə səsi pozdu :-A bala, bir az qıvraq olun, hava da çox soyuqdur. Axşam qaranlıq düşənə qədər qarşıdakı Fərcan və Göyyal kəndlərinə özümüzü çatdırmalıyıq. Tez olun! Iki saata yaxın səssiz hərəkət edən bu yorğun, üzgün, ümidsiz insanlarda elə bil bir canlanma əmələ gəldi. 
Ay camaat, tez olun. Kəndə tərəf böyük bir dəstə gəlir. Kimin nə silahı varsa götürüb səfərbər olsun. Qadınları, uşaqları və yaşlıları “Cahannı” məhəlləyə yığın. Biz isə bu gələnləri “Yolaşanda” qarşılayaq. Qüvvələr qeyri-bərabər olarsa kəndin qız-gəlinini kənddən çıxardın, düşmən əlinə keçməsinlər, -deyə Imamverdi kişi göstəriş verib əlindəki tüfəngi çiyninə keçirərək irəli keçdi. Kəndin əli silah tuta bilənləri onun ardınca gözlərində qəzəb, ürəklərində intiqam hissi ilə irəli atıldılar. Bütün kənd əhli həyəcan içində idi. Dünənə qədər kəndə ticarətə gələn, onlara kirvə deyən ermənilər indi onlara düşmən kəsilmişdilər. Tüfəngi olanlar tüfəngini, qalan kənd cavanları isə yaba, dəhrə, kərənti, xəncər, bıçaq, balta: -bir sözlə kimin nəyi vardısa onu da götürüb təyin olunmuş yerlərdə öz mövqeyini tutmuşdu. Artıq hava qaralmaq üzrə idi. “Qalaboynu” tərəfdən üzüaşağı kəndə doğru hərəkət edən toplum güllə mənzilinə yetəndə İmamverdi kişi xəbərdarlıq atəşi açdı. Adamlar yerə yatdılar. 
Allahverən baba:- Ay bala, güllə atmayın, biz də azərbaycanlılarıq -dedi. Amma buna bu tərəfdən heç kim inanmaq istəmirdi. Bir-iki güllə də atıldı. Uşaqlar qorxu içində ağlayırdılar. Birdən İsa kişinin səsi eşidildi;
-Ay İmamverdi qağa, mənəm İsa. Atəş açmayın. Bizi ermənilər məcburən evlərimizdən çıxardıblar. 
-Hansı İsa?
-Göyyallı İsa. 
Güllə atmayın, bunlar bizimkilərdir; -deyərək İmamverdi kişi irəli yeridi. On-on beş dəqiqə sonra kəndə cavanlardan birini göndərib basqın olmadığını, gələnlərin özümüzünkülər olduqlarını xəbər verdilər. İsa kişinin ailəsi öz ata ocaqlarına gedəcəklərini bildirdilər. Digər ailələri isə kənd camaatı öz evlərinə qonaq apardılar. Bu hadisədən iki gün sonra həm Göyyal, həm də Fərcan kəndlərinə sahə müvəkkili də başda olmaqla “yuxarılardan” gəlmiş, əsasən ruslardan ibarət bir neçə nəfərlik səlahiyyətli şəxslər təşrif gətirdilər. Onlar Sovet ölkəsində qeyri-qanuni silah saxlayan azərbaycanlıların silahı təhvil vermədikləri təqdirdə cinayət məsuliyyətinə cəlb olunacaqları ilə hədələməyə başladılar. Ötkəmliyi, vurub-tutan olmağı ilə sayılıb-seçilən İmamverdi kişinin kiçik oğlu Tofiq irəli çıxıb; -Niyə bizlərdən adi ov tüfəngini tələb edirsiniz, amma erməniləri görmürsünüz? Onlar hər cür silahlanırlar, bəlkə də elə sizlər silahlandırırsınız, ancaq bizdən ov tüfəngi tələb edirsiniz! Bu ki, haqsızlıqdır! Hirsindən tir-tir titrəyən Tofiqi birtəhər sakitləşdirdilər. Lakin gələnlər öz tələblərində qəti idilər. Hətta Tofiqi artıq öz qara dəftərlərinə salmışdılar. Geri qayıdan kimi daha yuxarılara bu haqda ətraflı məruzə edəcəkdilər. Guya Tofiq kimi düşünənlər iki qonşu xalq arasında ,,nifaq" toxumu səpirlər. Guya Qarabağ söhbəti M.S.Qorbaçovun dediyi kimi yalnız ,,avantüristlərin işidir". Sosialist Sovet ölkələrində belə şeylərə yol vermək olmaz və s. kimi aldadıcı vədlər. Sahə müvəkkili illərdir ki, hər iki kənd camaatını yaxşı tanıyırdı. Arada böyük xətir-hörmət vardı. Odur ki, yenə də sakitcə İmamverdi kişini kənara çəkib narahat olmamasını və mümkün qədər tez, adaşı olan gənc, vüqarlı, qolu bərk, sözübütöv Tofiqi buradan uzaqlaşdırmağı məsləhət gördü. Həm də mümkündürsə bu alçaqların ağızlarını yummaq üçün bir-iki tüfəng təşkil etməyi xahiş etdi. Üç ədəd köhnə tüfəng təşkil edildi ki, onun da biri işləmirdi. Beləcə əliyalın camaatın beş-on ov tüfəngini də əllərindən almağa çalışanları birtəhər başlarından etdilər. 
Günlər bir-birini əvəzləyirdi. İsa kişi min bir əzab-əziyyətlə nəhayət ki, Qafandakı evini Bakıda Nəsimi rayonunda bir erməninin evi ilə dəyişdi. Bakıda qeydiyyata düşdülər. Lakin ailə də böyük olduğu üçün hələ uşaqları Bakıya gətirmədilər. Eyni zamanda İsa kişi özünə yeni iş yeri tapmalı, yen i işinə uyğunlaşmalı idi. Həm də açığı, uşaqları Fərcan kənd orta məktəbinə bərpa etmişdilər. Artıq dərsləri qaydasına düşmüşdü.

                                                                         Balaca əsgər
Məkrli, nadan, hiyləgər, illərlə bizlərə qarşı gizli qara niyyətli olan, planlı, məqsədyönlü şəkildə siyasət aparan ermənilər bu yerlərə ilk həmlələrini avtomat silahlardan atəş açmaqla başladılar. Növbəti güllə-baran daha iriçaplı silahlarla davam etdi. Sonra isə artilleriya qurğuları işə düşdü. Köksündə qəlbi Vətən eşqi ilə döyünən hər bir vətən övladı silaha sarılıb rəşadətlə azğın ermənilərə qarşı mübarizə aparır, vətən torpağını qoruyurdu. Müstəqil və vahid ordu formalaşmadığı üçün yerli özünümüdafiə batalyonları yaradılmışdı. Sovet ordusunda da azərbaycanlılara qarşı hər zaman ədalətsiz mövqe tutulurdu. Bunda yəqin ki, yüksək mənsəbli ermənilərin və erməniəsillilərin, eləcə də ermənipərəstlərin də rolu az deyildi. Belə ki, ordu sıralarına hərbi xidmətə çağırılan azırbaycanlıların böyük əksəriyyətini döyüş hissələrinə deyil, inşaat, tikinti batalyonlarına yerləşdirirdilər. Amma acınacaqlı bir fakt vardı ki, bu acı fakt öz aktuallığını itirmirdi. Fakt inkarsız fakt idi. Övladlarını ucqar Rusiyaya, böyük SSRİ ordu sıralarına hərbi xidmətə yola salan, yaxşıca qonaqlıq təşkil edən sadəlövh azərbaycanlılar əvvəlcə gələcək əsgərin şərəfinə böyük bir qonaqlıq təşkil edər, badələr qaldırar, ona öyüd-nəsihət verər, sonda isə həssas analar acı göz yaşları tökər, ənənəvi azərbaycanlı kişilər isə üzdə özünü “toxtaq” tutar, geridə isə onları da qəhər boğardı, amma bunu xanımlarına bildirməzdilər. Beləcə intizar içində əsgəri yola salardılar və elə ki, onun “stroybata”düşdüyünü bildilər, dünən gecə “düd” deyincə içənlər iki saniyə içində “mömin” olaraq ikiəlli uca xaliqin dərgahına əl açaraq şükür dualarını bol edərdilər ki, bəs bizim oğlumuz “stroybata” düşüb, “boyevoy çasta” yox. Beləcə “şanlı” SSRİ‐ni təhlükəsizliyinin qarantı bilən sadəlöhv azərbaycanlıların  stroybat  sevdası Qarabağ müharibəsində öz acı fəsadlarını önə çıxardı. Ürək vardı, Vətən eşqi güclü idi, lakin təəssüf ki, kadr çatışmazlığı göz önündə idi. “Stroybat”da əsgəri xidmət keçən azərbaycanlılar döyüş silah-sursatından o qədər də anlayışlı deyildilər. Lakin Vətən sevgisi hər kəsin qəlbində elə kök salmışdı ki, yağış kimi yağan mərmilərin önündən kimsə geri çəkilmirdi. Peşəkar döyüş hazırlığı olan azərbaycanlılar, xüsusən də Əfqanıstan müharibəsində iştirak edən azərbaycanlılar digər döyüş yoldaşlarını da öyrədir, onları da bacarıqlı əsgər kimi hazırlayırdılar. Əfqanıstan veteranları müxtəlif döyüş şəraitində həqiqətən də əsl peşəkarlıq nümayiş etdirirdilər. Soyuq dekabr ayı idi. Yerli özünümüdafiə batalyonuna verilən “Qrad” qurğusu atəş mövqeyinə yerləşdiriləcəkdi. Üzbəüz yüksək mövqedə yerləşən erməni dəstələrinin artilleriya qurğuları hər iki kəndi və canlı qüvvəni çətin duruma salmışdı. Lakin az sonra strateji baxımdan yüksəklikdə olan Göyyal kəndindəki mövqelərdə yerləşdirilmiş “Zenit” topları azğın düşmənə həddini bildirdi. Ancaq düşmən öz məkrli niyyətindən əl çəkmirdi. Həm də təkcə “Zenit” qurğusu ilə çatdırmaq olmurdu, odur ki, canlarını göz qırpmadan torpaq uğrunda qurban verməyə hazır olan bu fədailərə yeni bir BM 21 Qrad qurğusu verilmişdi. İndi bu qurğunu əlverişli döyüş mövqeyində yerləşdirmək lazım idi. Müəyyənləşdirilmiş yer çox əlverişli idi, lakin gündüz bu maşını ora yerləşdirmək olmazdı, çünki düşmən tərəfdən oraya gedən yol çox aydın görünürdü ki, bu da real təhlükə deməkdi. Yəni maşın açıq sahəyə çıxan kimi düşmən artilleriyası tərəfindən zərərsizləşdiriləcəkdi. Axşamın düşməsini gözləyirdilər. Sürücü bu yerləri əzbər bildiyi üçün gecə qaranlıqda maşının işıqlarını yandırmadan qurğunu döyüş mövqeyinə yerləşdirməyi planlaşdırırdı. Ara-sıra düşmən tərəfdən mərmilər atılırdı. Əsgərlərin içərisində arıq, inadcıl məktəbli bir oğlan da vardı. Hamıdan kiçik olmasına baxmayaraq səngərdə dayanardı. Tay-tuşları gecələr öz evlərində isti-yorğan döşəkdə yatdıqları halda o, soyuq səngərdə torpağa söykənərək gecələyirdi. Avtomatı olmadığı üçün babasının ov tüfəngini silah olaraq çiynində gəzdirərdi. Boyu balaca olduğundan xüsusən də nahamar səngərdə, enişli-yoxuşlu dağ yollarında çiynindəki tüfəngi həmişə ona maneçilik törədərdi, lakin o, silahını çox sevirdi. Balaca ürəyindəki böyük Vətən eşqi, düşmənə qarşı olan nifrət hissi onu kiçik yaşından silaha sarılmağa vadar etmişdi. Rafiq hamıdan fərqli balaca əsgər idi. Bəli, o, hamıdan fərqlənirdi. Onun öz dünyası, öz arzuları, öz planları vardı. Ən böyük arzusu Vətənə layiqli əsgər olmaq, düşməni məhv etmək, eli, obanı, ölkəni azad, camaatı firavan görmək idi. Komandirlər və əsgərlər bir daha hər şeyi nəzərdən keçirdilər. Yenidən müzakirələr başlandı. Yenə eyni fikirlər təkrarlandı. Sakitcə hər kəsi dinləyən Rafiq birdən daha məntiqli bir fikir irəli sürdü. O, təklif etdi ki, axşamın düşməsini gözləmək vaxt alır, eyni zamanda da sürücü yolları və ərazini nə qədər yaxşı tanısa da real maneələr çoxdur. Həmçinin yol enişdə dolanbac olduğundan gecə işıqsız bu yolla üzüaşağı hərəkət etmək heç də indi hərəkət etməkdən təhlükəsiz deyil. Amma mən təklif edərdim ki, yolu 3-5 km uzadaraq “Karyer” yerindən keçib “Qaranlıq Zəmi”  tərəfdən fırlanaraq birbaşa döyüş mövqeyinə- “Yal” a çıxmaq olar ki, bu da heç bir təhlükə yaratmır. Vaxt itkisi də az olar və düşmən gözləmədiyi halda onu mərmi yağışına tuta bilərik. Əvvəl hamı duruxdu və birdən komandir irəli yeriyib onu qucaqlayaraq alnından öpdü. Doğrudan da ağıl yaşla ölçülmür, ‐dedi. Hamı onu alqışladı. BM 21 artıq öz yerini tutmuşdu. Hava da qaralmaq üzrə idi. Atəş mövqeyindən yuxarıda dayanan əsgər xəbər verdi ki, gələn var. Hər kəs toparlandı. Artıq maşın səsi lap yaxınlıqda eşidilirdi. Iki-üç dəqiqə sonra bir-neçə nəfərin əhatəsində öndə hündürboylu, enlikürək, idmançı görkəmli, şux yerişli bir nəfər atəş mövqeyinə enirdi. Diqqətlə alatoranda irəli baxan, yaşca hamıdan böyük olan əsgər Araz Cəbrayılov sevincək dedi:
-Gələn Əliyar Əliyevdir! 
Əliyar Əliyev. Bu ad nəinki Qubadlıda, eləcə də bütün Azərbaycanda çox məşhur idi.
Onun adını eşidən tanıyan-tanımayan bütün döyüşçülər bir anda şahin kimi irəli şığıdılar. Əfsanəvi komandirin gəlişi onları həddindən artıq sevindirmişdi. Otuz üç yaşlı Əliyar Əliyev bütünlükdə qubadlıların döyüş simvoluna çevrilmişdi. Düşmənə qan udduran SSRİ idman ustası güləşçi-pəhləvan Əliyar Əliyev ermənilərin qənimi idi. Onun hər gəlişi əsgərlərin döyüş ruhunu artırırdı. Hər kəslə görüşən mətin komandirin diqqətini daha çox cəlb edən yeniyetmə “əsgər”idi. Bu uşaq niyə buradadır?, ‐deyə könüllülərin komandirindən soruşdu. 
Əliyar müəllim, bu uşaq çox inadcıldır. On beş yaşı var. Nə qədər desək də, burdan uzaqlaşdırsaq da inadından dönmədi. Ermənilərə hədsiz nifrət edir. Burada da əsl əsgər kimi davranır. 
-Elə ürəkli aslan parçasını burdan uzaqlaşdırmaq lazım da deyil! Kaş ki, hamı onun kimi olaydı. Kaş ki, vətənimizin bu ağır günündə döyüşdən yayınmaq istəyənlərdə elə bunun ürəyinin, bunun vicdanının, bunun istəyinin onda biri olaydı! Yaxşı, bəs niyə bu qoçaq oğlanın avtomatı yoxdur?! Tüfənglə səngərdə dayanır! 
-Cənab komandir, adına silah təhkim etməmişik, ona..
-Adına silah təhkim edin! O, ən yaxşısına layiqdir! Qoyun həm də daha çox həvəslənsin! Onun kimi igid, qorxmaz, vətənpərvər oğullar bizə çox lazımdır! 
BM 21 döyüşdə çox mükəmməl bir qurğu idi. Onu lazımi döyüş mövqeyində yerləşdirdikdən sonra düşmənə mütləq cavab vermək lazımdır; ‐deyə əsgərlər öz aralarında danışmağa başladılar. 
Artıq BM 21 qurğusu atəş mövqeyində yerləşdirilmişdi. Əsgərlər sevincək olmuşdular. Lakin komandir susqun və nisbətən kədərli görünürdü. Səbəbi isə az sonra bəlli oldu. Bu qurğudan atəş açmaq üçün anlayışlı olmaq lazım idi. Təəssüf ki, buradakı əsgərlərdən heç birinin bu qurğu barədə məlumatı yox idi. Rabitə vasitəsilə müəyyən məlumatlar əldə etdikdən sonra qurğunu hərəkətə gətirdilər. İlk mərmi uğursuz oldu. ,”Yal” deyilən yerə düşdü. İkinci, üçüncü mərmi isə hədəfdən daha da uzağa getdi. Lakin sonra nişangahdan normal istifadə sayəsində artıq hədəfi vura bildilər. Qarşı tərəf bunu heç gözləmirdi. 
Günlər həftələri, həftələr ayları, aylar isə illəri tamamlayaraq sürətlə ötürdü. Müharibənin dəhşətinə, ölüm saçan mərmilərin törətdiyi faciəyə, dağıntıya hamı alışmışdı. İriçaplı silahlardan, ağır artilleriyadan atılan mərmilər hamı üçün adiləşmişdi. Mərmilər, güllələr bir növ məişət tullantısına çevrilmişdi. Müharibə bütün əzabıyla, ağrı-acısıyla, nigarançılığı, fəlakəti, dəhşəti ilə insanların həyatına daxil olmuşdu. Müharibə və onun qanlı-qadalı günləri artıq burada yaşayan insanların bir növ adi həyat vərdişlərinə çevrilmişdi. Hətta yeddi-səkkiz yaşlı uşaqlar belə gecənin qaranlığında gurultulu, qorxunc səslə işıq saça-saça havada şütüyən ağır artilleriya mərmilərini saymaq üçün bir-biri ilə bəhsə girirdilər. Ölüm belə vərdiş halını almış, sadələşmişdi.

                                                          Çaykənd əməliyyatı
“Yağı düşmən dost olmaz”. Yüzilliklər boyu Azərbaycanın  nemətlərini zəli kimi sümürən nadan ermənilər 1989-cu ildən etibarən Ermənistanda və Dağlıq Qarabağda  başladıqları etnik təmizləmə əməliyyatlarını rəsmən Qarabağdan kənardakı Azərbaycan ərazilərinə keçirməyi planlaşdırıdılar. Hələ SSRİ süquta uğramamışdı. Gündən-günə güclənən erməni daşnaklarını tərk-silah etmək üçün Sovet daxili qoşunları  və OMON birgə əməliyyat keçirməyə başladı. “Çaykənd əməliyyatı”ndan sonra azğınlaşmış ermənilər daha da vəhşiləşmişdilər. Azərbaycanlılara qarşı nifrət hissi gündən-günə artırdı. General Məhəmməd Əsədov ermənilərin 1-ci dərəcəli düşməninə çevrilmişdi. Artıq erməni terror təşkilatları onun qətlinə fərman vermişdilər. Nəyin bahasına olursa olsun Əsədov öldürülməli idi. Düşmən pusqudakı ovçu kimi hazır dayanmışdı. Sadəcə olaraq məqam gözləyirdi.
Məhəmməd Əsədov olduqca işgüzar və bacarıqlı bir dövlət xadimi idi. Ömrü boyu müxtəlif yüksək vəzifələrdə çalışmış bu insan eyni zamanda ermənilərin qənimi idi. Düşmən tərəfi ondan çox çəkinirdi. Əlbəttə ki, sözünün kəsəri olan, yüksək idarəçilik qabiliyyətinə malik belə peşəkar bir milis generalının, dövlət müşavirinin olması indiki şəraitdə ermənilərin maraqlarına zidd idi. 
Laxlasa da hələ Sovetlər birliyi mövcud idi. Hələ də İttifaqa daxil olan respublikalara “Moskva nəzarəti” vardı. Məqsədyönlü şəkildə siyasət aparan ermənilərin əllərində müxtəlif yollarla əldə etdikləri xeyli silah-sursat vardı. Daxili həmrəylik və əllərindəki silah-sursat hesabına Qərbi Azərbaycandan yerli azərbaycanlıları zor gücünə öz ata-baba torpaqlarından qovan ermənilər artıq Azərbaycan üçün də real təhlükə idi. Xüsusən də özlərini fədai adlandıran millətçi daşnak quldur dəstələri çox təhlükəli idilər. Belə çətin bir zamanda Məhəmməd Əsədovun rəhbərliyi ilə Çaykənd əməliyyatı keçirildi (buna Koltso da deyilirdi). Əməliyyatın əsas məqsədi erməni hərbi dəstələrinin silahsızlaşdırılması idi. Sovet quru qoşunlarının nəqliyyat vasitələrinin də qoşulduğu bu əməliyyatda erməni silahlı dəstələrinin məhv edilməsi nəzərdə tutulurdu. Bu əməliyyat strateji məqsəd güdürdü. Qarabağın ətrafındakı erməni kəndlərini boşaldan Azərbaycan höküməti erməni dəstələrini təcrid edərək onların təchizat yollarını kəsmək, Qarabağ ətrafında azərbaycanlıların məskunlaşdığı yeni kəndlərdən “halqa”(Koltso) yaratmaq istəyirdi. Azərbaycan tərəfdən bu əməliyyata şəxsən M.Əsədov rəhbərlik edirdi. Çaykənd əməliyyatı nəticəsində erməni fədai təşkilatları məğlubiyyətə uğradıldı və bu erməniləri xeyli aqressivləşdirdi. Məhz belə bir zamanda erməni fəallarını məhv edən Məhəmməd Əsədov bütünlükdə ermənilərin düşməninə çevrilmiş oldu. Düşmən bu cəsur, vətənpərvər insanı məhv etmək üçün müxtəlif planlar hazırlayırdı.
Nəhayət belə bir zəmin yarandı. 
Noyabr ayının əvvəlləri həmsədrlərin Bakıda keçirilən görüşündə qərara alındı ki, hansı xalqın sıxışdırıldığını müəyyənləşdirməkən ötrü nümayəndələr Xankəndinə getsinlər. Sonra nümayəndələr bəlli olur. Bu tərkibə yalnız güc nazirliklərindən və Təhlükəsizlik Şurasının rəhbər orqanlarından olmalı idi. Hətta belə qərara alınmışdı ki, görüş lentə alınsın və o zamanlar xəbərlər proqramı olan “Günün ekranı”nda göstərilsin. Siyahını Viktor Polyaniçko hazırlamışdı. Lakin 19 noyabr tarixdə gecə siyahı yenidən hazırlanır və Polyaniçkonun, eləcə də güc nazirliklərindən olan digər şəxslərin adları siyahıdan çıxarılır. Siyahı Dağlıq Qarabağ rəhbərliyinə də göndərilir. Beləcə 20 noyabr 1991-ci ildə Qarakənd üzərində uçan Mi-8 N-72 helikopteri düşmən tərəfdən vurulur. Qaniçən ermənilər hətta bu helikopterin vurulduğunu belə saatlarla gizli tutdular. Bütün ermənilər toy-bayram içində idilər. Arzularına yetmişdilər. Azərbaycanın mətin, iradəli, bacarıqlı, işgüzar, vətənpərvər və çox yüksək vəzifə sahibi olan şəxslərini qətl etmişdilər.
Sükuta bürünmüş gecələr əksəriyyət insanlar üçün sadəcə istirahət zamanı olsa da xəbis insanlar üçün isə ən münasib zamandır. Məkrli planların çəkilməsi üçün sakit gecələri ən uyğun vaxt hesab etmək olar. Elə bu gecə də məkrli planlar hazırlayaraq yola rəvan olan iki insan-şeytan Laçınla sərhəd olan Gorus şəhərinə doğru gedirdi. Sakit, səssiz, bahar təravətli bir yaz gecəsi idi.
Gecənin sakitliyini dağ yolları ilə irəliləyən avtomobil mühərrikinin uğultusu pozurdu. Havada xoş bir ətir vardı. Dağ soyuğuna bir az da bahar hərarəti qarışmışdı. Xəfifcə titrəyən yarpaqların ətrafa yaydığı xoş qoxu insanın ruhunu oxşayırdı. Gecə yarıdan keçmişdi. Yoldan çıxmamaq üçün dördgözlə maşın işığında yolu nəzatdə saxlayan sürücü içəridəki iki nəfərin danışığına qulaq assa da müdaxilə etmirdi. O, yaxşı bilirdi ki, bir dəfə gözünü yayındırsa yoldan çıxacaq və dərənin dibinə yuvarlanacaqlar. Diqqəti yolda idi. 
‐Bu gün bütün işləri qaydasına salmalıyıq. Sabah da bizim möhtərəm qonaqlarımız, böyük ermənistan naminə burada olacaqlar. Sabah səhər Xankəndinə, oradan isə bura gələcəklər. Biz artıq məqsədimizə çox yaxınıq. Azərbaycanlılar Xocalıdan sonra bərk qorxdular. Hədəfimiz Şuşa və Laçındır. Bir ay ərzində buralar bizim olacaq. Görəcəksən. Sonra isə bu əraziləri bir-birinə bağlayan mühüm- strateji bölgələri ələ keçirəcəyik. Ara, Zurabyan, biz bu türklər kimi avam və sadəlövh deyilik. Biz məqsədli, əzmkar millətik. 1988-ci ildə bizlərin Stepanakertdə başladığımız “Miatsum” hərəkatı bu gün bütün dünya ermənilərini vahid ideya ətrafında birləşdirdi. Həm də Azərbaycanda yüksək vəzifədə olanlarımız, müxtəlif üsullarla ələ aldıqlarımız, yüksək mənsəbli azərbaycanlıların həyat yoldaşı olan qadınlarımız da bizlərin işini asanlaşdıracaq. İndi əsas hədəfimiz Şuşa və Laçındır. Növbəti mərhələdə Kəlbəcər, Qubadlı və digər rayonlar ələ keçirilməlidir. Qubadlı rayonu Dağlıq Qarabağla Ermənistan arasında strateji baxımdan çox mühüm ərazidir. Bunu da nəzərdən qaçırmamalıyıq. Amma bu günlərdə bizə vacib olan Şuşa və Laçındır. Bu iki rayonun ələ keçirilməsi ilə Qarabağın işğalını (hətta arsızcasına Artsax da deyirdilər) daha da sığortalamış oluruq. Hər necə olursa olsun bütün vasitələrdən istifadə edərək Laçına müxtəlif istiqamətlərdən hücum etməliyik. Həm Gorus, həm də Sisian tərəfdən qəfil və güclü hücumlar olmalıdır...
Artıq kəndlərdən xoruz banı eşidilirdi. Bir saat sonra erməni quldur birləşmələrinin cəmləşdikləri ərazidəki qərargaha çatdılar. Onların gələcəyini bilən erməni zabitləri elə girişdəcə onları qarşıladılar. 
Buğlanan çaydan qurtum-qurtum içən Arakel Yengibaryan qarşısındakı xəritə üzərində qeydlər aparırdı. General Arkadi Ter-Tadevosyanla görüşdən sonra onun ilhamı cuşa gəlmişdi. Get-gedə səyimiz nəticəsində məqsədimizə nail oluruq. Yəqin tanrı bizim tərəfimizdədir,- deyə-deyə müxtəlif məxfi döyüş xəritələrini, döyüş planlarını diqqətlə nəzərdən keçirirdi. Xəritələrin arasında xüsusən diqqətini çəkən birisi vardı. Götürüb stolun üstünə sərdi. Bir xeyli sükut içində səssizcə xəritəyə baxdı və qəfildən hönkürə-hönkürə dedi:
‐Ara, Tatul, sən indi hardasan?! Sənin miatsum ideyaların bütün erməni xalqını birləşdirdi. Sən bu günləri görməli idin, amma görə bilmədin. O general Əsədovu da öldürdük, ara! Sənin qisasını aldıq. İndi biz burada gələcək ermənistan naminə yeni planlar işləyirik. Tanrı bizim tərəfimizdədir, biz qalib olacağıq, mən bunu hiss edirəm!
Azacıq soyumuş çayını birnəfəsə başına çəkib otaqdan çıxdı. Şuşa və Laçın süquta uğradılmalıdır! Mən mütləq generalı görməliyəm!

                                                            Qonaq.

‐Gəlirlər! Tez olun, hər şeyi bir daha yoxlayın! Tərtəmiz qırxılmış üzündə xüsusi bir sevinc vardı. Bu gələn adama çox böyük rəğbət bəsləyirdi. Uşaqlıq dostları idilər. Beyrutdan çıxdığı 18 il ərzində heç görüşməmişdilər, yalnız məktub vasitəsilə əlaqə saxlayırdılar. Samvel Lalayan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun “Beynəlxalq münasibətlər və regionşünaslıq” fakültəsində təhsil almış, daha sonra isə elə həmin universitetin tarix fakültəsinə qəbul olmuşdu.1988-ci ildən isə “Miatsum” hərəkatının ən fəal üzvlərindən birinə çevrilmişdi. O, həm Ermənistandan, həm də Dağlıq Qarabağ Muxtar Vilayətindən azərbaycanlıların qovulmasında olduqca fəal iştirak etmiş, azərbaycanlılara qarşı qəddarlığı ilə xüsusi ad çıxarmışdı. Murdar əlləri çox günahsız insanın qanına bulaşmışdı. Olduqca prinsipial birisi idi. Heç cürə güzəştə getmək istəmirdi. Azğınlaşıb insan sifətini itirmişdi. İlk dəfə 1988-ci ildə adam öldürmüşdü... O zaman bir az tərəddüd etmiş, kilsəyə gedib keşişdən kömək istəmişdi. Alçaq keşiş ondan kimi öldürdüyünü soruşmuş, o, isə sadə bir azərbaycanlı gənci öldürdüyünü demişdi. Keşiş ona: “sən bir düşmən öldürmüş qəhrəmansan”, -demişdi. Unutma, türklər bizim düşmənimizdir. Sən əcdadlarına layiq bir əsgər olmusan. Onlar bizim əcdadlarımızı qətlə yetiriblər və siz nə qədər onlardan qırsanız bir o qədər yaxşıdır. Get və onlara qarşı amansız ol!
O gündən türklərə qarşı sonsuz nifrət hissi daha da artmışdı. Ayağa durub gərnəşdi. Bir‐iki yüngülvari hərəkət etdi. Səbri tükənirdi. Bircə gəlib çıxsa idi. Ax Karlen, Karlen! Səni gərək çoxdan bura çağıraydıq. Amma yox, sən həm də bizim xarici ölkələrdə təlim görmüş 50‐dən yuxarı igidlərimizə də dərs verirsən axı. İndi onlar sənin rəhbərliyin altında bizə lazım olacaq işləri peşəkarcasına icra edəcəklər. Tez gəl, dostum! Xəyallar aləmində nə qədər vaxtın keçdiyini hiss etməmişdi. Qapı döyülürdü.
-Gəl, -dedi.
-Komandir, gəldi.
- Nə? Kim gəldi?
-Gözlədiyiniz adam!
Gövdəsinə yaraşmayan bir cəldliklə yerindən sıçrayıb ayağa durdu. 
-Sən mənə müjdə verdin. Söz, bu əraziləri ələ keçirəndən sonra sənə yaxşı bir torpaq sahəsi də ayıracam. Söz! -deyib sevincək çölə atıldı. 
Enlikürəkli, hündürboy, olduqca vahiməli, uzunçənə, tökməbədən bir adam əzmlə ona sarı gəlirdi. Ülgüclə qırxılmış başı, səliqəli saqqalı, yastı burnu, əynindəki hərbi formanın altından özünü biruzə verən sağlam, güclü əzələləri, qəzəbli baxışları, heç bir ifadə etməyən üzü bu adamın sərt xarakterli birisi olduğuna dəlalət edirdi. Ətrafdakı erməni əsgərləri mat-mat bu adama baxırdılar. Komandirlərinin səbirsizliklə gözlədiyi adam demək bu imiş. Samvel Lalayan heyrətlə dostuna baxırdı. İlahi, bu nə boyda olub!Karlen bu on səkkiz  ildə nə qədər dəyişmişdi. O, arıq, uzundraz, sısqa Karlenin yerində indi buğa kimi bir idmançı kişi dayanmışdı. Diqqətlə ona baxa-baxa bu öküz-zombinin nə kimi fəlakətlər törədəcəyini özlüyündə təsvir edirdi. Qorxu! Qorxu ən güclü silahdır, ən güclü təsir vasitəsidir. Bu adama oxşamaz əsl vahimə simvoludur. Onun vasitəsilə ətraf ərazilərdə yaşayan azərbaycanlıların ürəyinə yaxşı qorxu salacağıq! 
Dostum! -deyib Karlenə sarıldı. Ara, gör biz neçə ildir ki, görüşmürük!
-Keç içəri, işimiz çoxdur!
Donuq gözlərindəki ifadənin nə olduğu bilinməyən Karlen onun ardınca içəri keçdi.
Sakitcə, heç kimin eşidə bilməyəcəyi bir tərzdə, amma pafosla danışırdılar. Karlen işıldayan keçəl başını tərpətməklə deyilənlərlə razı olduğunu bildirirdi. O, ümumiyyətlə çox danışmağı sevmirdi. Lalayan isə ixtisasından və natiqliyindən dolayı “üyüdüb-tökürdü”.
Bu azərbaycanlıları ermənistandan deportasiya etdik, bu çox təqdirəlayiqdir. İndi isə bunları öz yurdlarından didərgin etməliyik. Bu bir növ həm də yarızor, yarıxoş urbanizasiya olmalıdır. Elə olduqda əvvəla torpağa bağlı adamlar torpağı unudacaq, şəhər həyatının rahatlığına alışdıqdan sonra isə əsla bir daha kənd həyatına maraq göstərməyəcəklər. Bu da öz növbəsində onlara daxildə xeyli iqtisadi problemlər yaşadacaq. İstehsal gücü, kənd təsərrüfatı iflasa uğrayacaq və istehsalçılar artıq istehlakçıya çevriləcəklər ki, bu da rəqabətlə yanaşı inflyasiyanı da gücləndirəcək. Sosial problemlər çoxalacaq və artan sosial, iqtisadi-siyasi problemlər bizim xeyrimizə olacaq. Həmçinin istər Dağlıq Qarabağın, istərsə də ətraf rayonların zəngin təbii sərvətlərindən yararlanacağıq. Ara, bunlar əllərində olanların qədrini bilməyirlər. O dağlarda, o torpaqlarda sonsuz yataqlar, sərvətlər yatır. Elə bunlar kimi. Bilirsən də, bunlar da yatmağı çox sevirlər. Bunların belə olması bizim işimizə hər zaman yarayıb. Unutma ki, bunlar boş-boş danışmağı sevirlər. Bu türklər heç zaman birləşə bilmirlər və birləşə də bilməyəcəklər. Onların arasına kiçik bir nifaq sal, dur kənara. Özləri bir-birini qırıb qurtaracaqlar. Hə, dostum, sənin öhdənə düşən iş bax bu xəritədədir. Biz sənə çox inanırıq! -deyib Lalayan səliqəyə saldığı stolun üstünə bir xəritə sərdi. 


Alov püskürən əjdaha kimi gecənin qaranlığını yara-yara səmada sayrışan qrad və top mərmiləri kəndi cəhənnəm atəşinə bürümüşdü. Azğınlaşmış düşmən döyüş mövqelərindən daha çox dinc əhalini hədəfə almışdı. Əslində ermənilər bu ərazilərə, xüsusən də sərhəddə olan hər iki Azərbaycan kəndinə orada məskunlaşmış yerli sakinlərdən daha yaxşı bələd idilər. İllər boyu bu kəndləri addım-addım əzbərləyən düşmən tərəfi hər şeyi ölçüb-biçmişdi. 
Hələ SSRİ-nin “yaxşı vaxtlarından” Sosialist Azərbaycan ilə Sosialist ermənistan arasında ədalətsiz bir bölgü vardı. Hər bir işin çətin tərəfi nədənsə Azərbaycan və azərbaycanlıların çiyninə düşürdü. Məsələn; Sosialist Azərbaycanda min bir əziyyətlə pambıqçılıq inkişaf etdirilirdi. Əzab-əziyyət bahasına başa gələn 1kq pambığı zəhmətkeş azərbaycanlıdan 50 qəpiyə alır, ondan yenə zəhmət hesabına başa gələn liflər əldə olunur və bu liflərdən hansısa sehrli bir “qüvvənin” təsiri altında məhz Sosialist ermənistanda köynək və s. kimi geyim ləvazimatları hazırlanırdı. Ən acınacaqlısı da bu idi ki, həmin köynəklər və s. “Сделано в Армения” əmtəə nişanı altında 1 ədədi 8 rubla əlləri qabarlı azərbaycanlılara satılırdı. Çox vaxt da belə şeyləri ucqar azərbaycanlı dağ kəndlərinə gətirib satan da ermənilər olurdu. Azərbaycanda yağ defisit olduğu halda ermənistanda qutu ilə satışı azad idi və sadə azərbaycanlı bunu mütləq xahiş-minnətlə hansısa erməni ”kirvəsindən”  yalvar-yapışla alırdı. Azərbaycan kəndlərindəki dükanlarda konserv, kolbasa-sosiska, hind çayı və s tapılmazdı, tapılanda da “əlaltdan” satılardı. Erməni kəndlərində isə əsl “kommunizm” idi. Amma könlü konserv, kolbasa və s. istəyən azərbaycanlı km-lərlə kələ-kötür, nahamar, yayda toz-torpaqlı, qışda şaxtalı-qarlı yolları (çox vaxt da piyada) qət edərək erməni kəndlərindəki dükanlara üz tutar və aldıqlarının hesabına necə dəyərlər “dişini dəyişərdi”. Ermənilər isə bütün bu baş verənlərin fonunda gələcək ermənistan naminə planlı şəkildə çalışırdılar. Azərbaycan kəndlərinə ticarət adı altında gələn ermənilər bütün ərazini, strateji əhəmiyyətli hündürlükləri, yolları və s. beyinlərinə həkk edərdilər. Beləliklə müharibəyə başlayan düşmən tərəfi Azərbaycan və azərbaycanlılar haqqında kifayət qədər məlumatlı idilər. 
Rafiq və səngər yoldaşları durmadan qrad mərmiləri daşıyırdılar. Çatışmazlıqlar vardı. Düşmən tərəfi susmuşdu. Lakin təcrübəli komandir yaxşı bilirdi ki, hiyləgər düşmən səhərin şirin yaz yuxusundan istifadə edəcək. Ümumiyyətlə ermənilər əsasən gündüz hər kəsin işdə olduğu, axşam üstü hər kəsin evdə olduğu vaxtda və bir də səhərə yaxın insanların şirin yuxuda olduğu zamanda həmləyə keçirdilər. Gündüzlər iş başında pərakəndə olan insanlar artilleriya yağışı altında evindən, ailəsindən narahat olar, stress çəkər, axşamlar yorğun iş saatlarından sonra evinə çəkilən insanlar rahatlanmaq istədikləri vaxt yenə də stress yaşayar, istirahətləri  “burunlarından gələrdi”. Səhərə yaxın “şouda “  isə gün ərzində əsəbləri tarıma çəkilən yorğun insnların yuxulu ikən yenidən ovqatı təlx olardı. Bir sözlə düşmən tərəfi insanları stress altında saxlayaraq onlara güclü psixoloji təsir göstərirdi. Hətta ermənipərəstlər və ermənilərin köləsi olan bəzi təxribatçılar dinc əhalini Xocalı ilə qorxudaraq öz torpaqlarını tərk etməyə sövq edirdilər. Lakin əhali orduya güvənirdi. Dolu kimi yağan mərmi altında ora-bura yüyürən əsgərlər düşmənə layiqli cavab verirdilər. Komandir əsgərləri toplayıb lazımi tapşırıqlar verdi. Hər kəsə hazır olmağı, təxribata uymamağı, mətin olmağı tapşırdı.

                                                              Porsuq ölümü.

Axmaq adamın xoşbəxtliyi də axmaq olur (Çin atalar sözü).
Sərhəddə idilər. 50 nəfər də özü kimi alçaq, qaniçən terrorçu ilə birlikdə Xınzirək kəndinən keçib “Yazı düzü”nə çıxacaq, oradan da qəfil hücuma keçərək “Laləzar körpüsünə” yaxınlaşacaq və körpünü partladacaq, əhaliyə və infrastruktura ciddi ziyan vuracaqdılar. Lalayanın qərargahında hazırladıqları plan belə idi. “Laləzar körpüsü” 1867-ci ildə inşa olunmuşdu. Qədim və olduqca dayanıqlı bir körpü idi. Axşamın düşməsini gözləyirdi. Gecə olduqca əlverişli zamandır. Gecə onun kimi iblislərin çirkin əməllərini həyata keçirməyə hesablanmışdı sanki. Qaranlığı çox sevirdi, çünki qaranlıqda olduqca sərbəst olurdu. Ümumiyyətlə boyu 2,1 metr olan bu vəhşi terrorçu hərəkətlərində olduqca sərbəst idi.
Yaşına, gövdəsinə yaraşmayan cəldliyi vardı. Bəbir kimi çevik, ilan kimi təmkinli, dəvə kimi kinli, qatır kimi dözümlü, öküz kimi güclü idi. Ermənilər arasında “Qara bəbir”  ləqəbi ilə tanınırdı. O, məhz bu gecə sərhəddi keçəcək, körpünü partladacaq, sərhəd kəndlərinin rayon mərkəzi ilə əlaqəsini kəsəcək və mühüm strateji yüksəklikləri ələ keçirəcəkdi. Quldur dəstəsinə başqa əsgər almamışdı. Onun hesablamalarına görə bu planı gerçəkləşdirməyə 50 nəfər öz adamları bəs edərdi. O adamlar ki, hər biri xarici ölkələrdə xüsusi döyüş kursları keçmişdilər. Axşamın düşməsini, gecənin zülmət pərdəsinin çəkilməsini gözləyirdilər. Diqqətlə həm xəritə üzərindən, həm də durbinlə Azərbaycan ərazilərini nəzərdən keçirirdi. Qara cildli qeyd dəftərində şifrəli qeydlər aparırdı. Arabir dodaqaltı nəsə mızıldanırdı.
Komandir kəşfiyyat bölmələrinin əldə etdikləri məlumatı bir-neçə dəfə yoxlatdırmışdı. Karleni yaxından görən bir kəşfiyyatçı onun təxmini fotorobotunu da çıxarmışdı. Zabit və əsgər heyəti tam məlumatlandırılıb, təlimatlandırılıb axşamkı düşmən hücumuna hazır vəziyyətə gətirildi. Komandanlığın qərarı belə olmuşdu; -düşmənin bizim tərəfə keçməsinə maneəçilik törədilməməli, azğın düşmən dəstələri onların kimsə tərəfindən aşkarlanmadığı təsəvvüründə olmalı və qarşıda bizimkilərin toruna düşməlidirlər. Eyni zamanda, düşmən tərəfi tələ olduğunu anlasalar başqa alternativ planlar da düşünülmüşdü. Bəstəboy, qısa saqqallı, uzunçənə, olduqca baməzə birisi olan Muxtar adlı bir əsgər yerində qərar tuta bilmirdi. Səbri kəsilmişdi. Yanındakı həmkəndlisi olan leytenant Cabbara baxıb dedi:
-Qağa, səbrim kəsildi. Bu erməni oğraşları niyə hərəkət etmirlər? Çaqqal vurmaq istəyirəm axı!
-Səbr elə! Düşmən hiyləgər tülküdür. Onlar da tam zamanı gözləyirlər. Bir azdan hərəkətə keçəcəklər. 
-Axxx!!!
Təqribən yarım saat sonra Karlenin başçılığı altında hərəkətə keçən düşmən dəstələri barədə məlumat daxil oldu. Karlen öz cinayətkar qatil dəstəsini üç  yerə bölmüşdü. Birinci dəstə onun rəhbərliyi altında səssizcə körpüyə yaxınlaşacaq,  ikinci dəstə Əliquluuşağı kəndindəki postlara gizlincə yaxınlaşıb güllə səsi olmadan ordakıların işini bitirəcək, üçüncü dəstə isə Müskanlı kəndinə hücum etməli idi. “Laləzar körpüsü”nün partladılması ermənilər üçün olduqca əhəmiyyətli idi. Birincisi bu körpünün dağıdılması Qubadlının digər kəndləri və qoşun bölmələri arasındakı bağın qırılması, ikincisi isə Xınzirək istiqamətində Azərbaycan Ordusunun zirehli texnika aparılmasının qeyri-mümkünlüyü demək idi.
Qəfil körpünün partlaması, postların və mühüm strateji yüksəkliklərin ələ keçirilməsi əhali arasında xaos yaradacaqdı. Pərən-pərən düşmüş əsgəri bölmələr və mülki vətəndaşların çaşqınlığı daha çox qırğına gətirib çıxaracaqdı. Lakin bu sadəcə Karlenin planları idi. Quyu qazanın quyusunu ondan xəbərsiz qazan Azərbaycan əsgəri düşmənin əsas hərəkət marşrutunu tam nəzarətə götürmüşdü. Düşməni bir az da rahat salmaqdan ötrü, hər şeyin təbii görünməsi üçün mülki forma geymiş bir-neçə təcrübəli əsgər və zabit kəşfiyyatçı da sanki hardansa gəlirmişlər kimi s əhnələr qurmuşdular. Hər şeyin rəvan getdiyini zənn edən Karlen bu əraziyə sızdırdığı özününkülərlə əlaqə saxladıqdan sonra yanındakılara –“bu arada gəzənləri səssizcə ələ keçirin, müqavimət göstərənləri öldürün ki, əl-ayağa dolaşmasınlar”, ‐dedi.
Lakin daş qayaya rast gəldi və...
Şiddətli döyüş gedirdi. Düşmən dəstələri həqiqətən də peşəkar döyüşürdülər. Xüsusi təlim gördükləri bəlli idi. 
Karlenin bütün planları alt-üst olmuşdu. Artıq geriyə yol yox idi. “Məğlubedilməz Karlen” uduzmuşdu. Lakin təslim olmağı əsla ağlının ucundan belə keçirmirdi. Qırmızı görmüş matador öküzü kimi gözləri qızmışdı. Təxmini bilirdi ki, bu ətraflarda mağaralar var. Qarışıqlıqdan istifadə edib hələlik orada gizlənmək ,fürsət düşən kimi Gorusa ya da Sisiana keçmək və toparlanıb intiqam almağı düşünürdü. Hələlik isə ələ keçməmək üçün ilk olaraq mütləq o mağaralardan birinə sığınmalıydı. Lakin bu nəhəng adamı nəzərdən qaçırmaq mümkünsüz idi. Hər kəs bu yekəpər, nataraz, yöndəmsiz ermənini ələ keçirmək (ölü, ya da diri) niyyətinə düşmüşdü. Karlen atışa-atışa gözdən yayınıb özünü dar bir mağaraya pərçimlədi. İndiyə qədər çox canlar yaxmış bu vəhşinin indi canı sıxılırdı. Həm mağaranın darısqallığı həm də düşdüyü durum, aldığı məğlubiyyət acısı onu didirdi. Əgər məni burda tapmasalar gecə ikən sərhəddi o tərəfə keçə bilərəm. Ancaq mənim burada olduğumu bilsələr... Silahını və ehtiyat güllələrini yoxladı. Kifayət qədər gülləsi vardı. 30-40 dəqiqə sonra yaxından səslər gəlməyə başladı. Dalağı sancdı. Demək izimə düşüblər. Gəlin! Sizinlə sona qədər döyüşəcəyəm! Mağaranın ətrafı sarılmışdı. Karlendən təslim olmağı tələb edirdilər. Lakin o, əsla təslim olmayacaqdı. Döyüş gedirdi. “Qara bəbir” ləqəbli Karlen indi porsuq kimi darısqal mağaraya qısılmışdı. Atılan güllələr ona zərər vermirdi. Amma ətraf daralır, gülləsi tükənirdi. Təkrar: -Sənə son şans veririk, təslim ol!, -dedilər. Lakin o, güllə ilə cavab verdi. Bu şərəfsiz ermənini məhv etməkdən başqa yol yox idi. Qranat atanla mağaranın düz içərisini nişan aldılar. Dəhşətli gurultu qopdu... Sürüyə-sürüyə it leşi kimi gətirdikləri meyitiin ayaqları “QAZ 52” maşının yük yerindən azacıq çölə çıxmışdı. Bəbir kimi hücuma keçən Karlen porsuq kimi mağarada boğulub öldü.


Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşən, olduqca mühüm-strateji əhəmiyyətə malik olan Laçın rayonu münaqişə başlayandan ermənilərin diqqət mərkəzində idi. Azğın düşmən nəyin bahasına olursa olsun bu rayonu ələ keçirmək istəyirdi. Planlar çoxdan hazırlanmışdı. Şuşanın işğalı Laçının ələ keçirilməsini daha da rahatlaşdırdı. Azərbaycan ordusu tam bir fiaskoya uğramışdı. Şuşanın işğalı A.Ter-Tadevosyanın ermənilər içində şöhrətini daha da artırmışdı. Ona “Komandos” ləqəbi verilmişdi. Artıq demək olar ki, bütün işğal planlarını onunla hesablaşırdılar. 
Yengibaryan və Lalayanın cinayətkar dəstələri bu ətrafda xeyli canfəşanlıq edirdilər. Karlenin ölümündən sonra Lalayan vəhşiyə dönmüş, eyni zamanda da səhvlərindən nəticə çıxarmışdı. Hər şey təkrar-təkrar yoxlanıb dəqiqləşdirilir, hər kəs təlimatlandırılırdı. İşğalçı qüvvələrin hərəkət marşrutu, qarşıdakı maneələr, hücum və döyüş taktikası bir daha nəzərdən keçirilirdi. Mütəşəkkil təşkil olunmuş erməni silahlı qüvvələri bu gecə şiddətli hücuma keçəcəkdilər. Yenicə ələ keçirdikləri Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Gorusdan hücuma keçən erməni ordusu mayın 18‐də yeni bir qələbəyə imza atdı. Laçın tam işğal olundu. Cəbhə bölgəsini tərk edərək Bakıdakı siyasi qarşıdurmalara cəlb olunan Azərbaycan Ordusunun əsgər bölmələri də bir növ düşmən tərəfin işini asanlaşdırmışdı. Məhz bu cür şəraitdən məharətlə yararlanan ermənilər Laçını da işğal etdilər. Laçının işğalı Azərbaycan iqtisadiyyatına ağır zərbə vurmuş oldu. 


                                                       Səngər həsrəti. 

Orta məktəbi bitirmişdi. İndi daha çox boş vaxtı olurdu. Valideyinləri kəndə gəlmişdilər. Xeyli söhbətləşdikdən sonra atası onu Bakıya getməyə razı saldı. Doğrusu artıq həqiqi hərbi xidmətə çağırışçı idi. Lakin ona 2 yerdən çağırış vərəqəsi gəlmişdi. Kənd Soveti yanlış olaraq onun da adını çağırışçıların siyahısında Qubadlı Hərbi Komissarlığına təqdim etmişdi. Əslində isə o, qanuni olaraq Bakı şəhər Nəsimi rayonu Hərbi Komissarlığından çağırışçı idi. Atası məhz ona görə onu Bakıya aparırdı. Şəhərə gəldikdən iki-üç gün sonra sıxılmağa başladı. Şəhər həyatı ona cansıxıcı görünürdü. Fikri səngərdə və kənddə qoqoyub gəldiyi yoldaşlarının yanında qalmışdı. Get-gedə lap çox sıxılmağa başlamışdı. Atası sıxılmaması üçün Rafiqi maşın təmiri ilə məşğul olan sexlərdən birinə şagird düzəltmişdi. Texnikaya olan marağı onu bu işi yaxşı mənimsəməyə sövq edirdi. Get-gedə işi daha yaxşı öyrənirdi. Artıq şəhərdə sərbəst şəkildə maşın da idarə edirdi. İş müddətində başı qarışsa da bekar vaxtlarında səngərdəki əsgərləri xatırlayar, orada olmaq istəyərdi. On səkkiz yaşı aprel ayında tamam olacaqdı. Hələ qanuni Azərbaycan Ordusunun əsgəri deyildi. Amma bu dörd ildə o qədər bişmişdi ki... Getdikcə qəlbini bürüyən intiqam alovu ona rahatlıq vermirdi. Özündən asılı olmayaraq ən qaynar döyüş nöqtələrində olmaq istəyirdi. Məqam gözləyirdi. Az qalmışdı. İlk çağırış günü gedəcəkdi. Hara olur-olsun fərqi yoxdur. Azərbaycanın hər qarış torpağı Vətəndir. Bölgənin fərqi yoxdur. Vətən vətəndir, düşmən də düşmən. Xocalı faciəsindən sonra büsbütün dəyişmişdi. Şuşa və Laçının işğalı da onu çox narahat edirdi. Həyəcanla həqiqi hərbi xidmətə çağırılmasını gözləyirdi. Günlər bir-birini əvəzləyirdi. Artıq hərbi xidmətə çağrılmasına bir ay qalmışdı. Aprel ayının 3- də yenidən müraciət etdi. Hərbi komissarlıqdan isə ona yalnız May ayında çağırılacağı bildirilmişdi. (Aprelin 30-u ad günü idi). Aprel ayının hər ötən günü ona bir il qədər görünürdü. Yenə səbri çatmadı. Hərbi Komissarlığa bir daha müraciət etdi. Bu dəfə şəxsən komissarla görüşdü. Komissar bu gənc, qorxubilməz, cəsur, qıvraq, vətənpərvər oğlanı zənnlə süzüb dedi:
-Ayın birində mütləq gəl. Doğrusu səni çox bəyəndim. Mərd oğlansan. Amma sənə bir məsləhətim də var. Çalış özünü qoru, ölmə! Sənin kimi ürəkli oğullara ehtiyacımız var. Bunu qulaqlarında sırğa et, özünü qoru! Düşmən çox hiyləgər və amansızdır. Dediklərimi unutma, oğul! Bəlkə də indi sənə dediklərimi tam mənası ilə dərk edə bilməzsən, amma vaxt gələcək ki, tam anlayacaqsan! İndi get dincəl və mayın birində burda ol!
Səhər erkəndən durmuşdu. Əslində demək olar ki, heç yatmamışdı. Elə bil yatağına qor doldurmuşdular. Doğrusu o, heç belə yumşaq yatağa da alışqan deyildi, çünki on beş yaşından etibarən kənddə yaşadığı dörd  ilin üst-üstə demək olar ki, iki ilini elə səngərdə, yayda torpağın, qışda isə torpağa sərilmiş saman ya da ağac budaqlarından hazırlanmış nahamar “yataq” üstündə gecələmişdi. Səngər üçün darıxmışdı, döyüş üçün qəribsəmişdi. Düşmənə qarşı nifrət hissi get-gedə daha da artırdı. Qarabağ problemi, Xocalı faciəsi, itirilmiş digər rayonlar, Şuşa, əsir qız-gəlinlər, min-bir əzab-əziyyətlə, ağlasığmaz işgəncələrlə öldürülən azərbaycanlılar, Vətənin üzərinə çökən qara buludlar ona rahatlıq vermir, qəlbini ağrıdır, qisas hissini gücləndirirdi. O, bir vətəndaş olaraq üzərinə düşən vəzifəni icra etmək istəyirdi. Hərbi Komissarlığın qarşısı adamla dolu idi. Artıq gənc əsgərləri yoxlanışa aparırdılar. Atası və qardaşı ilə vidalaşıb inamla irəli yeridi. Səhərdən onu kölgə kimi qarabaqara izləyən ucaboy, enlikürək, yastıburun , idmançı olduğu o dəqiqə bəlli olan zabit və iki əsgər nəhayət münasib zaman olduğunu görüb Rafiqə yaxınlaşdılar. On-on beş dəqiqə söhbət etdikdən sonra onu xüsusi təyinatlı qoşun növünün əsgəri olaraq görmək istədiklərini vurğuladılar. Hərbi komissiyadan tam sağlam olaraq keçən Rafiq elə xüsusi təyinatlı qüvvələrdə xidmət edəcək əsgərlərin siyahısında idi. Axşama doğru onları Bakıda NZS qəsəbəsindəki hərbi hissəyə gətirdilər. İndi o qanuni Azərbaycan Ordusunun əsgəri idi. Təxmini 1 ay burada təlimdə oldular. Burada olduqları müddət ərzində əzmkarlığı, mətinliyi, mübarizliyi və hər kəslə dil tapmağı ilə bütün əsgər və zabit heyətinin rəğbətini qazandı. Rafiq yorulmazdı. Doğrudur, burada təlimlər çox ağır idi. Bütün günü məşq edirdilər. Amma bu ona xüsusi bir zövq verirdi. Bilirdi ki, indi təlimdə öyrəndikləri düşmənlə üzbəüz olanda ona çox fayda verəcək. Bir ay sonra onları Yevlax rayonundakı Goran hərbi poliqonuna apardılar. Müxtəlif şəraitdə döyüş hazırlığının davamı olaraq bir ay da burada hərbi təlimdə oldular. İki ay müddətində Rafiq bu batalyonda özü kimi məğrur, qorxmaz, düşmənə nifrət edən igidlərlə daha yaxından tanış oldu. Onlar, əgər bir yerdə hərbi xidməti davam etdirəsi olsalar bir-birinə daima dəstək, düşmənə qarşı isə amansız olacaqlarına and içdilər. Onlara erməni və rus birləşmələri tərəfindən ərazisinin xeyli hissəsi işğal olunmuş Ağdam rayonuna gedəcəklərini bildirdilər. Çünki nazirlikdən əmr gəlmişdi. Səhərə yaxın yola çıxdılar. Bərdədən keçəndə qəfil qarşılarına toy karvanı çıxdı. İnsanların üzündə sevinc qarışıq bir kədər də vardı. Hətta yenicə ailə həyatına qədəm qoyan bu cütlük də sevinclə kədərin təzadlı təsirində idilər. Bütün bunları Rafiq insanların üzündən oxuyurdu. Müharibənin dəhşəti insanların simasında dərin, kədərli bir iz qoymuşdu. Gözlə baxanda hiss olunmurdu, lakin bu əzab-əziyyəti, məşəqqəti görənlər, dadanlar bunu hər kəsdən daha gözəl bilirdilər. 
Ağappaq gəlinlik libasında xüsusi bəzədilmiş UAZ markalı maşına tərəf addımlayan gəlini görən Rafiqin gözləri önünə anidən Gülnar gəldi. Bir andaca ucsuz-bucaqsız fikirlər dəryasında küləkdən vəcdə gələn yelkən kimi xəyalları lap uzaqlara getdi. Xəyallar elə bil mavi suların üstü ilə əzmlə irəli şütüyən yelkən idi. Dumanlı fikirlərin içindən sıyrılıb cənnət kimi bir diyara düşən, yalnız ikisinin olan bir dünyada qərarlaşan xəyallar, xatirələr indi baş-başa idi. Onlar ürəklərində kök salmış ülvi bir hissi pünhan tuturdular. Rafiq sonu bilinməyən bir yola çıxmışdı. Gülnara hər şeyi ətraflı izah etmişdi. Onun yolunda qan, ölüm, itkinlik və məşəqqət vardı. Rafiq məchul bir yolun yolçusu idi. Qarşıda nələrin baş verəcəyi əsla məlum deyildi. Döyüşçünün ömür yolu dumanlar içindən qəfil dibsiz uçuruma atılmağa bənzəyir. Görə bilmədiyin bir yerdən yalnız irəliyə doğru gedirsən və qəfil nəhayətsiz bir uçrum səni qarşılayır və nəhayətsizliyin sonunda ölüm ağzını ayırıb qurbanını gözləyən əjdaha kimi səni qəbul edərək udur...
                                                      Cəhənnəm əzabı

Azərbaycanın dilbər guşələrindən biri olan Ağdam şəhəri iyulun 4-dən etibarən erməni və rus hərbi birləşmələri tərəfindən güclü artilleriya atəşinə tutulmuşdu. Düşmənin artilleriya həmlələri elə güclü olmuşdu ki, məcburən yerli əhali və qoşun bölmələri həmin ərazilərdən kənarlaşdırılmışdı və bu da öz növbəsində düşmənin bu əraziləri ələ keçirib burada möhkəmlənməsinə rahat zəmin yaratmışdı. Amma Ağdamın müəyyən hissələri hələ Azərbaycan Ordusunun nəzarəti altında idi. Azğın düşmən isə havadarlarının maddi, mənəvi, texniki, fiziki dəstəyi sayəsində durmadan daha aktiv şəkildə bombardmanı davam etdirirdi. Qüvvələr qeyri-bərabər idi. Düşmən tərəfi açıqca üstün mövqe nümayiş etdirirdi. Azərbaycan Ordusundakı ruh düşkünlüyü, özbaşınalıq, pərakəndə özünümüdafiə batalyonları, əmrə tabe olmayan müəyyən dəstələr, satqınlıq və s ermənilərin qələbə qazanmasını daha da rahatlaşdırırdı. Hiyləgər düşmən ələ aldığı satqınlar və daxildəki ermənipərəst qüvvələrin təsiri ilə müxtəlif təxribatlar törədir, hücum və müdafiə planlarını gizli şəkildə ələ keçirir və Azərbaycan Ordusunu məğlubiyyətə uğradırdı. Düşmən tərəfin əhali və ordu arasında apardığı təxribatın nəticəsində mülki əhalidə, həmçinin də qoşun növlərində bir inamsızlıq, etibarsızlıq və xüsusi panika yaranmışdı. Əlbəttə bu işdə erməni xüsusi xidmət orqanları ilə yanaşı sapı özümüzdən olan baltaların da “əməyi”az deyildi. Tarix günahkarları, riyakarları, əclaf, şərəfsiz və satqınları öz daş yaddaşına əbədi olaraq həkk etmişdi. Tez ya da gec hər kəs öz əməllərinin cəzasını çəkəcək. Ancaq bu günlərdə əzab-əziyyət çəkən geniş mənada bir xalq, dar çərçivədə isə bir bölgə, bir rayon məhrumiyyət içində idi. Cəhənnəm əzabı yaşanırdı. Cənnət Qarabağın dilbər guşələrindən biri olan Ağdam şəhəri erməni vandallarının atdığı ağır artilleriya mərmiləri içərisində sözün əsl mənasında cəhənnəm atəşinə qalanmışdı. 
Rafiq Azərbaycanın Milli Qəhrəmanı Rövşən Əkbərovun taborunun əsgəri idi. Səhər tezdən Ağdamın Əfətli kəndinə çatdılar. Burada onlar özbaşına olaraq hərbi hissəni tərk edən bir qrup hərbçilərlə qarşılaşdılar. Əllərində kifayət qədər silah-sursat və texnika olmasına baxmayaraq onlar ərazini tərk etmişdilər. Komandir İlyas İsmayılovun rotası qaçan hərbçilərin qarşısını kəsib onlardan xeyli texnika aldılar. Əldə olunan BMP 2-lər onlara vacib lazım idi. BMP-ləri idarə edəcək yaxşı mexanik-sürücüyə ehtiyac vardı. Təlimlərdə ümumi 11 nəfər bu peşəyə yiyələnmişdi. Lakin bu texnikanı idarə etməyi yalnız onlardan ikisinə həvalə etdilər: -Rafiq və Bakılı Viktora. Buradan irəliyə hücum əmri aldılar. Azğın düşmən geri oturduldu. İndi Azərbaycan əsgəri Quşçuluq və Kökəltmə deyilən ərazilərə tam nəzarət edirdi. İsti adamı qovururdu. Artıq az bir müddətdə hərbi bölmələr döyüş mövqeyində yerləşdirilmişdi. Rafiqgil kökəltmə məntəqəsində mövqe tutmuşdular. Onlardan qabaqda -Quşçuluq ferması deyilən ərazidə isə batalyonun minaatan tağımı yerləşirdi. Rota komandiri İlyas İsmayılov şəxsi heyəti yoxlayır, postları gəzir, tez-tez düşmən tərəfi müşahidə edir və hər şeyi nəzarətdə saxlamağa çalışırdı. Artıq axşam düşmək üzrə idi. Alatoran havada uçan artilleriya mərmiləri göy üzünü işıqlandırırdı. Hər kəsə daha diqqətli və ayıq-sayıq olmaq tapşırılmışdı. Daxil olan rabitə məlumatına görə səhərəyaxın ermənilər Quşçuluqdakı mövqelərimizə güclü həmləyə keçmişdilər. Şiddətli döyüşlər gedirdi. Böyük qüvvə ilə güclü hücuma keçən ermənilər Quşçuluqdakı əsgərlərimizi sıxışdırıb mühasirəyə almışdılar.
Kökəltmədəki cəsur əsgərlərimiz öz cəbhə yoldaşlarına, qardaşlarına, dostlarına köməyə getdilər. Qələbə eşqi ilə mühasirəni daraldıb əsgərlərimizin böyük əksəriyyətini məhv edib, qalanlarını əsir götürmək niyyətində olan ermənilər gözlənilməz müqavimətə rast gəldilər. Arxa tərəfdən əks-hücuma keçən Azərbaycan əsgəri düşməni geri oturtdu. Böyük həvəslə irəli atılan düşmənin ümidləri puç oldu. Lakin müharibənin yazılmamış qaydaları var. Ölüm hər an insanın yanında olur. Əzrayılın kimin sinəsinə çökəcəyi bəlli olmur və həyatda qalmaq, ya da həyatı tərk etmək an məsələsi olur. 
Qabil onların ilk şəhidi idi. Hücuma keçən düşmənin BMP-sindən atılan kor güllə onun baş qapağını aparmışdı. Yaxınlıqdakı əsgərlər başı dağımış Qabilin meyitinə yaxınlaşa bilmirdi. Hətta öz doğma bibisi oğlu belə dəhşətli mənzərədən sarsılıb irəli bir addım da ata bilmədi. Rafiqin tağım komandiri Maqsud irəli yeridi. Bu dəm Rafiq də özünü ona çatdırdı. Dəhşətli səhnəni ilk dəfə görənlər özlərini pis hiss edirdilər, amma o, bunları görmüşdü. Rafiq buradakı əsgərlərin hamısından təcrübəli idi. O, yeniyetmə olandan qan-qadanı, yaralını, ölünü öz gözləri ilə görmüş, hətta onları yerdən də qaldırmağa kömək etmişdi. Maqsudla birlikdə başı parçalanmış meyiti qaldırıb BMP-nin üstünə qoydular. Rafiq Qabilin nəşinə baxıb dedi:
‐Məkanın cənnət olsun, ilk şəhidimiz!
Səssizcə BMP2-ni idarə edirdi. Kənardan baxan onu sadəcə səssiz, sakit, öz işində olan birisi kimi anlayardı. Amma heç də elə deyildi. Üzdən sakit görünən bu gəncin qəlbində vulkan qaynayırdı. Talanmış, bombalanıb viran olmuş ərazilərə baxdıqca ürəyi sıxılırdı. Xocalı faciəsi, Xocalı dəhşəti, erməni vandallığı, erməni vəhşəti gözünün önündə canlandıqca qeyri-ixtiyari olaraq idarə etdiyi bu texnikanı izinsiz birbaşa düşmən üzərinə sürmək keçirdi könlündən. Amma olmazdı. Təkbaşına atacağı bu addım geridə onlarla Azərbaycan əsgərini təhlükə altında qoyardı. Amma qisas hissi onu rahat buraxmırdı. Adi vaxtlarda həddən artıq ürəyiyumşaq olardı, döyüşdə isə əsla! “Düşmənin göz yaşlarına belə inanmaq olmaz”, -deyərdi həmişə. Bunları ona xətrini dünyalar qədər sevdiyi Rza adlı bir kəşfiyyatçı kapitan öyrətmişdi. Rza Qubadlının Mirlər kəndindən idi. Olduqca peşəkar kəşfiyyatçı hesab olunurdu. Rafiqin xətrini çox istədiyindən hər görüşlərində ona peşə sirrlərindən bəhs edər, bilmədiklərini öyrədərdi. Rafiq isə onun dediklərini diqqətlə dinləyər, gözəl mənimsəyərdi. Rza imkanlı bir ailənin yeganə oğul övladıydı. Vətənin dar günündə könüllü olaraq ilk əvvəl könüllü dəstələrdə xidmət etmiş, daha sonra isə Milli Ordu yarananda bacarıqlı, peşəkar kadr kimi orduda xidmətə davam etmişdi. Peşəkar boksçu olan Rza Sovet ordusunda dəniz desantı kimi xidmət etmişdi. Yaxın məsafədə olduqca taktikalı və peşəkar döyüşürdü. Qolları çox qüvvətli olan bu ucaboy, enlikürək, kürən oğlanın kəşfiyyatçılar arasında xüsusi hüsn-rəğbəti vardı. Az vaxt içində o, Rafiqin kumirinə çevrilmişdi. Qarlı bir qış günündə kəşfiyyata getmiş Rza və köməkçisi olan gənc leytenant İlyasov Meğridə (Mehridə) onların izinə düşən iki erməni kəşfiyyatçısını səssizcə zərşrsizləşdirmək üçün kənddə bir evin həyətinə girdilər. Onları qarabaqara təqib edən düşmən əsgərləri də özlərini həyətə saldılar. Rzagil samanlığın arxa tərəfinə keçib bərədə ov gözləyən ovçu kimi daldalandılar. Sevincək özünü irəli atan erməni baş leytenantı İlyasovun uzun qəməsinə tuş gəldi. Düşmənin ağzını tutan gənc leytenant ard-arda yeddi-səkkiz zərbə daha vurdu. Sevincək irəli şığıması həyatı bahasına başa gələn erməni başı kəsilmiş heyvan kimi çırpınaraq gəbərdi. Rzadan isə səs yox idi. Asta addımlarla irəliləyən İlyasov saman preslərinin arasında uzanan nəhəng erməni kəşfiyyatçısını görəndə bıçağa əl atdı, ancaq qüvvətli bir əl onu tutub saxladı. Geri çevriləndə Rzanı gördü. Rza şəhadət barmağını dodaqlarına sıxıb səssiz olmasına işarə etdi. 
-Komandir, buna neyləmisən?
-Sss. Ölüb.
Olanları biləndə İlyasov Rzadakı fiziki gücə məəttəl qaldı. Sən demə Rza gəbərtdiyi yekəpər dığanın sadəcə başını məngənə kimi qollarının arasında sıxıbmış. Təzyiq o qədər güclü olub ki, erməninin baş sümüklərini qırıb, beynini dağıdıb. Bir az da burada gözləmək gərəkdi. Şaxtalı hava insanın qanını dondururdu. Köhnə mərəyin odun damına bitişik hissəsində dayanmışdılar. Buranı daha əlverişli daldalanacaq hesab etmək olardı. Buradan həm evi, həm də ətrafı yaxşı görürdülər. Kənd evinin köhnə qapısı tənbəl-təbbəl açıldı. Alatoranda evdən gənc bir qadın çıxıb ətrafa baxdıqdan sonra düz onlara sarı gəlməyə başladı. Yəqin odun götürmək üçün gəlirdi. Qadın bir az da irəli yerimişdi ki, qəfil dayandı. Onun bütün hərəkətlərini peşəkar kəşfiyyatçı kimi izləyən Rza “tfu” dedi. İşarə ilə İlyasova qadının onları təxmin etdiyini başa saldı. Gənc qadın az əvvəl İlyasovun öldürdüyü erməni zabitinin qarın içinə düşmüş mundirinin qanlı düyməsini görmüşdü. Odur ki, birdən kəskin şəkildə geri dönüb evə sarı yüyürdü. Artıq aşkarlanmışdılar. İndi bu qadının bir kimsəyə xəbər verməsinin qarşısını almalı və buradan mümkün qədər tez uzaqlaşmalı olacaqdılar. Onun ardınca hər ikisi içəri girdilər. İçəridə yük yığılmış çarpayının yanında yumaq kimi büzüşmüş bayaqkı gənc erməni qızı və bir də beşikdən balaca bir uşağı qucağına alıb mat-mat onlara baxan yaşlı bir erməni qadından başqa kimsə yox idi. Uşağı və iki kimsəsiz qadını görən Rza üzünü geri çevirib İlyasova buradan çıxmalı olduqlarını söylədi. Lakin İlyasov komandirinə qarşı çıxdı. Rza isə ona “biz ermənilər kimi köməksiz insanlara və uşaqlara toxunan deyilik”- dedi. İlyasov isə arxasını çevirmədən əli tətikdə geri çəkilməyə başladı. Üç-dörd  addım atmışdılar ki, İlyasovun səsboğucu bağlanmış avtomatı “dilə gəldi”. Qeyzlə geri çevrilən Rza gördüklərinə inanmadı. Sən demə yaşlı erməni qadın azərbaycanlı xislətini yaxşı bildiyi üçün uşağı qarant olaraq qucağına alıbmış. Onlar əmin idilər ki, qadın və uşaqlar olan yerdə azərbaycanlılar artıq hərəkətə yol verməyəcək və geri dönəcəklər. Düşmənə kürəyini çevirən bu iki zabiti isə yükün altında gizlətdiyi avtomatla gənc erməni qadını güllədən keçirəcəkdi. Lakin bu dəfə daş qayaya rast gəldi. Rza, qan içində divara yapışmış əli avtomatlı erməni leşinə nifrətlə baxaraq oradan çıxdı. O gündən Rza hər zaman bütün əsgərlərə döyüşdə, müharibə meydanında hissə qapılmamağı tövsiyyə edərdi.
Rza Ağdərə əməliyyatlarında da yaxından iştirak etmişdi. Tez-tez Rafiq ona o vaxtkı əməliyyat planları barədə suallar verərdi. Məğlubiyyət səbəblərini özlüyündə araşdırardı. Onun bu qədər həvəskar olması Rzanı çox sevindirərdi. Mümkün qədər Rafiqi məlumatlandırardı. Rusların erməniləri bu qədər dəstəkləməsi Rafiqin nifrətini daha da alovlandırırdı. Qan qoxulu, barıt qoxulu, isti, bürkülü yay gecəsi idi. Erməni qəsbkarları tərəfindən işğal edilmiş barlı-bərəkətli torpaqlara baxdıqca özünə hakim ola bilmir, hirsindən ürəyi şiddətlə döyünür, damarlarında qan sürətlə vururdu. O, hələ tam mənası ilə bu müəmmanı çözə bilmirdi. Döyüş təcrübəsi olsa da siyasətdən anlayışsız idi. Hələ 18 yaşı vardı, bir dəliqanlı kimi meydanlarda qəhrəmanlıq etmək istəyirdi. Ancaq siyasi meydanlarda nəyin necə dolandığını bilmirdi. Komandirlərindən biri demişdi ki, siyasət pambıqla baş kəsmək kimi bir şeydir. Siyasət tam mədəni formada bir oğurluqdur, əyrilikdir. Siyasət, sülh sözünün arxasında qanlı müharibələrin hazırlandığı planları mədəni şəkildə ört-basdır etməkdir. Tam anlamasa da indi gecənin qaranlığında bunu özü üçün təhlil etməyə çalışırdı. O, bu müəmmalı siyasi oyunun nə olduğunu anlamaq istəyirdi. Məsələn, bir neçə gün ərzindəki döyüşlərdə gördükləri onda fərqli təəssürat yaratmışdı ki, o, indiyə qədər bunu belə fərq etməmişdi. Ancaq bu günlərdə düşmənlə döyüşlərdə görüb müşahidə etdikləri artıq onda nəsə müəyyən şübhələr yaratmışdı. Axı necə olur ki, az bir qüvvə və daha zəif texnika ilə qələbə qazanırıq, amma daha çox texnika və canlı qüvvəyə malik olan digər qoşun birləşmələri məğlub olur? Orda da döyüşən Azərbaycan əsgəridir, burda da. Söz-söhbət gəzir ki, bizi burdan geri çəkəcəklər. Niyə?! Nə səbəbə? Axı biz geri çəkilsək burada kiçik bir qüvvə qalacaq və bu da ermənilərin yeni qələbəsinin və ərazilərimizin bir az da itirilməsinin əsas səbəbi olacaq! Niyə bizə belə əmr gəlir? Məgər mənim; -on səkkiz yaşlı sıravi bir əsgərin düşündüklərini yuxarılar düşünə bilmir? İlahi, özün kömək ol! Bu nə qədər çətin işdir. Artıq səhər açılmaq üzrə idi. Yorğunluğuna baxmayaraq yüngülvari idman hərəkətləri etməyə başladı. Sonra buz kimi soyuq su ilə əl-üzünü yuyub sərinlədi. Köhnə qəbiristanlığın yanı ilə qarşıda növbə çəkən əsgəri dəyişməyə gedirdi. Qəbiristanda indiyə qədər fərqində olmadığı bir sükunət, qəmginlik vardı. Qəlpələrdən parçalanmış qəbir daşları elə bil başı kəsilmiş insanlar idi. Bəzi qəbirlərin sinədaşının ətrafında Qrad mərmilərindən əmələ gəlmiş dərin, xəndək kimi iri çalalar vardı. Elə bil bu çalalar qurbanını gözləyən məzar idi. Bu vurhavurda sanki ölüm saçan mərmilər bunları kimlər üçünsə qazıb hazır qəbir yerinə çevirmişdilər. Yolu qısa olsun deyə elə qəbristanlığın içindən keçdi. Tozlu, torpaqlı kənd yolunda birdən birə mühərrik uğultusu və yüksək sürət nəticəsində əmələ gəlmiş toz burulğanının içindən qəfil 2 maşın çıxıb sürətlə onun yanından keçdi. Bu nə idi?- deyərək irəli atıldı. Çağırsa da səsini eşidən olmadı. Növbədə olan əsgərə -“Qaç, komandirə de ki, bizimkilər yanlış istiqamətə getdilər. Qarşıda erməni dəstələri var. Tez ol!”, -demişdi ki, gurultu qopdu. Qışqırıq, imdad, fəryad səsləri ərşə qalxmışdı. Köməyə getmək istədilər, lakin yaxşı silahlanmış, əlverişli mövqedə qərar tutmuş, sayca da üstün olan azğın düşmən onlara on metr belə irəliləməyə imkan vermədi. Güllələr, artilleriya mərmiləri yağış kimi səpələnirdi. Bir addım belə atmaq real ölüm demək idi. “Quşçuluğu” ələ keçirə bilmədiyinə görə qəzəbli olan düşmən tərəfi müharibə qanunlarına belə əməl etmədilər. Onlar bilmədən azıb düşmənin nəzarət etdiyi bölgəyə keçən üç əsgər və bir gizirin nəşini döyüş meydanından götürməyə belə razılaşmadılar. Yenə gözü Qrad çalalarına sataşdı. Demək bu təbii qəbirlər irəlidə öldürülən o dörd nəfərə qismət deyilmiş. Yaşlılar deyirdilər ki, kiminə heç məzar da qismət olmur. O bədbəxtlərə də məzar qismət olmadı. Məzar bir kənara, heç meyitlərini belə götürə bilmədik. Dəhşətlidir. Get-gedə gördükləri ona daha pis təsir edirdi. İndiyə qədər yalnız qələbə barədə, qisas barədə düşünmüşdü. Ancaq bura gələndən bəri o, Azərbaycana qarşı müxtəlif səviyyədə aparılan hansısa əsrarlı, məkrli planların, xəyanətin, vicdansızlığın baş verdiyini hiss etməyə başlamışdı. Vətənin ağır günündə Vətən torpağının üstündə qara daş olacaq, üz qarası olacaq azərbaycanlıların varlığı, satqınlığı onun qəlbini sızıldadırdı. Kaş ki, bircəciyini də olsa tutam. Dərisinə düz dolduraram elə şərəfsizlərin. Anlaşılmaz bir hiss onu bürümüşdü. Nə olduğunu bilmirdi, amma nəsə vardı…
Avqustun 23-də daha bir ürəkağrıdıcı məlumat verildi, -Füzuli işğal olundu!
Komandir bütün şəxsi heyəti toplayıb dedi:
-Yuxarı komandanlığın əmridir, biz Füzuliyə köməyə gedəcəyik, buradan çəkilirik!
Rafiq anlaya bilmirdi ki, niyə geri çəkilməlidirlər? Niyə buranı tərk edirlər? Axı indi Ağdamın daha çox müdafiəyə ehtiyacı var. Hansısa sehrli-sirli bir məqam var. Axı nə səbəbə bizi burdan uzaqlaşdırırlar?
Sanki qəsdən mövqelərimizi zəiflədirlər. 
Hazırlaşıb yola düzəldilər. Füzuliyə doğru hərəkət edirdilər. Hava bürkülü idi. Adamın canı sıxılırdı. Yollar ona min kilometrlərlə məsafə kimi görünürdü. Yolun sonu bilinmirdi. Qarşıda onları nələr gözləyirdi? Heç olmasa əraziləri döyüşüb geri qaytaraq, -deyə özlüyündə düşünürdü. Kaş ki, burada qalib olaq. Kaş ki, burada məkrli oyun olmasın. Axşama doğru Füzuliyə çatdılar. Kürmahmudlu və Alxanlı arasında istehkam qurub mövqe tutdular. Onlardan yuxarıda “Yapon” ləqəbli Səfanın dəstəsi mövqe tutmuşdu. 
Səhərə yaxın ermənilər güclü hücuma keçdilər. Qüvvələr qeyri-bərabər idi. Düşmən tərəfi daha yaxşı silahlanmış və müştərək hərəkət edirdi. Az sonra məlum oldu ki  Yapon və başının dəstəsi çoxdan aradan çıxıb. Gərgin döyüş gedirdi. Düşmən hər tərəfdən hücuma keçmişdi. Rafiqgilin rotası tamamilə mühasirəyə düşmüşdü. Mühasirə halqası get-gedə daralırdı. Hər yerdən qan iyi gəlirdi. Bir yandan günəşin istisi, digər yandan isə müxtəlif növ texnikadan, ağır artilleriyadan atılan, iriçaplı silahlardan atılan mərmilərin istisi, suzuzluq əzabı, ürək yanğısı, ölümün bir addımlıqda olması, torpaqların itirilməsi qorxusu, can harayı buranı Cəhənnəmə bənzədirdi. Döyüş meydanı qır qazanı kimi qaynayırdı. Komandir (adı Rövşən idi) kiçik qüvvə ilə olsa da geriyə yolu olmayan döyüş meydanında son nəfəsə qədər dirəniş göstərmək istəyirdi. Onun gözlərində nifrət hissindən başqa heç nə görmək mümkün deyildi. Rafiqlə bərabər daha iki əsgər də ön mövqeni qorumaq üçün yerlərini tutdular. Qızğın və qüvvələrin qeyri-bərabər olduğu döyüşdə ermənilərin bir tankı mövqelərimizi yara bildi. Rafiqgilin bir raket atan qurğularını və Maqsud adlı baş leytenantı da vurdular. Azacıq qüvvə olsalar da az əvvələ qədər birgə vuruşurdular, lakin artıq pərakəndəlik başlamışdı. Əsgərlərin çoxusu gərgin vuruş zamanı aradan çıxmışdılar və bu da öz təsirini daha pis şəkildə göstərmişdi. Mərmi yağışı leysan kimi yağırdı. Hələ özlərindən canlı qüvvə və silah-sursat baxımından qat-qat üstün olan düşmənlə üz-üzə dayanan, sona qədər azərbaycanlılar vardı. Ətraf aləm dərin bir hüzünə bürünmüşdü. Neçə-neçə igid oğullar həyatları ilə vidalaşmışdılar, hələ neçəsi də vidalaşacaqdı. Hər yer qan qoxuyur, hər mərmi ölüm püskürürdü. Avtomatların lüləsi qıpırmızı qızarmışdı. Barmaqları dəridən çıxmışdı. Qızğın döyüşdə Borya adlı proporşik Rafiqgilə yaxınlaşaraq irəli getməli olduqlarını bildirdi. Birlikdə daha öndəki mövqeyə getdilər. Düşmən rəsmən beş addımlıqda idi. Erməni tankları xüsusi cəldliklə manevr edirdilər. Qumbaratan Sahib qabaqda harın-harın manevr edib mövqelərimizə bomba yağdıran erməni tankını vurub sıradan çıxardı. Düşmən buna bənd imiş kimi bir andaca çaqqal sürüsü kimi onların üstünə töküldülər. Onların əks hücumları elə gözlənilməz, elə amansız və aramsız oldu ki, başlarını belə qaldıra bilmədilər. Dolu kimi yağan güllələrdən Sahib də, Rafiq də yaralanmış, Borya və digər əsgərlər isə ölmüşdülər. Ağrıdan ilan kimi qıvrıla-qıvrıla çabalayırdılar. Sahibin vəziyyəti lap acınacaqlı idi. Ağrıdan torpaq çeynəyirdi. Qan gölünə dönmüş döyüş meydanında düşmənlə üzbəüz yalnız onlar qalmışdı. Digər Azərbaycan əsgərləri şəhadətə qovuşmuşdular. Artıq avtomatı saxlaya bilmirdi. Xeyli qan itirmişdi. Dəqiq olmasa da bir neçə yerdən yaralandığını bilirdi. İndi bu qanlı meydanda özü kimi ağır yaralı olan Sahibə görə Allaha yalvarırdı. Yalvarırdı ki, heç olmasa düşmən Sahibi görməsin. Birtəhər bir-iki addım zorla irəli süründü. Daha təhəmmülü yox idi. Uzandığı yerdən sağa doğru aşdı və səngərə düşdü. Hələ huşu özündə idi. Ümidsiz halda irəli baxırdı. Elə bu zaman alov dilli əjdaha kimi tüstüləyə-tüstüləyə bir erməni tankı ona sarı gəlməyə başladı. Yanından keçib üzbəüz dayanmış bir BMP 2‐ni vurdu. Aslan adlı çavuş BMP 2-nin içində diri-diri yanıb külə döndü. Onun ürək parçalayan fəryadı illərlə Rafiqin qulaqlarından getməyəcəkdi. BMP‐ni zərərsizləşdirən erməni tankı səngərlərin üstündən keçə-keçə geri qayıdırdı. Tank rəsmən Rafiqin üstündən keçdi. Lakin səngər dərin olduğundan yalnız təkərlərin zənciri onun qollarını azacıq zədələmiş oldu. Düşmənlər artıq onları görmüşdülər. Onlardan cüssəli birisi Rafiqə yaxınlaşıb azərbaycan dilində ona ayağa qalxmasını əmr etdi.
Qalxa bilmirəm, -dedi.
-Sən qudurmusan, axmaq türk!, -deyərək boğazından tutaraq onu sürüyüb asfaltın üstünə çıxardı. İnsafsızcasına yaralı Rafiqi təpikləməyə başladılar. Yaraları elə sancırdı ki... yağış kimi yağan sillə-təpikdən özünü qoruya bilmirdi. Doğrusu heç buna cəhd də etmirdi. Yaralı olduğundan müqavimət göstərəcək durumda deyildi. Ard-arda vurulan yumruq-təpikdən üz-gözü al qana boyanmışdı. Düşmən əsirlə vəhşi kimi davranırdı. Zəifləmiş yaralı bədəninə dəyən təpiklər onu top kimi ora-bura ata-ata tankın o biri tərəfinə keçirmişdi.Bütün ekipaj üzvləri onu döyürdü. Ağır-ağır nəfəs alırdı. Elə bu dəm tappıltı ilə qarşısına düşən adam diqqətlə ona baxaraq dedi:
-Yaraların çox ağrıyır?!
Səsindəki kinayə açıq-aydın duyulurdu. Rafiq nifrətlə ona baxırdı. O bilirdi ki, qaniçən düşmən onunla əylənmək niyyətindədir. Odur ki, canını dişinə tutub şux durmağa çalışırdı (hərçənd ki, yaralı bədən fizionomiyası buna imkan vermirdi).
-Həə, türk! Dostlarım vəhşilik ediblər, amma mən çox adil adamam. Birdən azad olarsan, ombudsmana ürəkli deyə bilərsən ki, Açıqgözyan məni döyməyib! Mənə elə baxma! Mən səni döyməyəcəyəm, -deyərək qəfildən acgözlüklə sümürdüyü siqaretinə dərin bir tüstü vurub kötüyü onun alnına basdı.Himə bənd imiş kimi digər siqaret çəkən ermənilər də qəhqəhə çəkərək siqaret kötüklərini Rafiqin qollarında, alnında sinəsində söndürməyə başladılar. Elə bil təkcə cismini deyil, ruhunu da yandırırdılar. Cəhənnəm əzabı çəkirdi. Artıq dözə bilmirdi. Öldürülməsi üçün düşmənə ağız açmışdı. Amma... bir az da ona əzab verəndən sonra murdar düşmənlər Rafiqi saman çuvalı kimi götürüb tanka atdılar. Füzulidəki Çaxır Zavodunun yanında dayandılar. Ayaqlarından tutub yerə tulladılar. Az sonra əraziyə yaşıl rəngdə “UAZ” markalı bir maşın yaxınlaşdı. Maşından hündürboy, qıvraq bir adam endi. Bu onların komandiri idi. Rafiqi sürüyərək onun yanına gətirdilər. Komandir onu sınayıcı baxışıarla süzərək başı ilə maşına əyləşdirilməsinə işarə etdi. Əsgərləri təlimatlandıraraq yola düzəldi. Rafiqi yol boyu döyərək ermənilərin Xocavənddəki qərargahlarına gətirdilər. Qarşıda əzablarla dolu günlər vardı...
Sadiq Reyhanın da əsir düşdüyünü eşidib dəliyə dönmüşdü. Yaralı olmasına baxmayaraq əsir qız-gəlinlər və sevdiyi qız üçün geriyə qayıtmışdı. Bu yerləri beş barmağı kimi tanıyırdı. Kəndin kənarı ilə hərəkət edərək qarşıdakı təpənin üstündəki iri sal daşın arxasında daldanaraq əsirlərin toplandığı dərəni müşahidə edirdi. Gözləri dörd olmuşdu. Reyhanı axtarırdı. Əsirlərin içində tanımadığı adamlar da vardı. Təxminən 20-yə qədər əsir vardı. Düşmənlər gənc qadınları və uşaqları bir tərəfə ayırdıqdan sonra qalan yaşlı və gənc kişiləri gözdən keçirməyə başladılar. Sağlam görünən gənc kişiləri də digər tərəfə ayırdılar. Beş-altı qoca vardı. Onları isə güllələrə “qonaq” etdilər. Bu mənzərəni görən Sadiq dözə bilməyib tətiyi çəkdi. Tapançasında iki  gülləsi vardı. Avtomatda isə güllə yox idi. Bu iki güllənin birini özünə, digərini isə....
-Təslim ol.
Səs tanış gəlirdi. Təpədən aşağı enməyə başladı. 
-Ara, Sadıx sənsən?! 
Edik idi. Axşama kimi azərbaycanlıların qapılarında sülənən usta Edik. Bu şərəfsiz buranın adamlarını çox yaxşı tanıyırdı. Edik çəpəki Reyhanı gözaltı süzən Sadiqə baxıb bic-bic qımışdı:
‐Həəə, deməli sevgilinin dalınca gəlib özünü oda atmısan. Səməd müəllimin qızı da çox gözəldir ha! Ağzının dadını bilirsənmiş. Amma biz də ağzımızın dadını bilirik. O, sənə qismət olmayacaq. Çənəsinin altından dəyən yumruq Ediki yerə sərdi. Ermənilərin bir anlıq süst qalmasından istifadə edən Sadiq Ediki yerdən qaldırıb blçağı boğazına dayadı. Komandirlərinin ələ keçdiyini görən ermənilər nə edəcəklərini bilmirdilər. 
-İtlərinə de ki, əsirləri buraxsınlar. 
-Axmaq, tutaq ki, onları buraxdılar, hara gedəcəklər? Xüsusən də qadınlar nə edə bilərlər? Bəlkə qanadları var, ən azı 1km məsafəni uçmaq üçün? 
-Şərəfsiz, sənə dediyimi elə. 
Arxayın-arxayın hırıldayan təcrübəli Edik adamlarına göz vuraraq əsirləri buraxmağı əmr etdi. 
-Hə, qəhrəman. İndi sən də məni burax. Sizinkilər demişkən “olaq əvəz əvəz”, ‐deyib hırıldamağa başladı.
-Ay axmaq dığa, kim dedi ki, mən səni buraxacağam?
-Nəəə? Necə yəni?
- O məsum insanlar o tərəfə keçənə qədər sən mənim əsirimsən. 
Onları sezdirmədən üzük qaşı kimi mühasirəyə alırdılar. Bunu hiss edən Sadiq Ediki çəkə-çəkə kürəyini köhnə dəyirmanın divarına söykədi. İndi ən azından arxadan hücumü məhdudlaşdırmışdı. O, tezliklə ermənilərin Ediki azad edəcəyini bilirdi. Sadəcə zaman qazanmaq istəyirdi. Bircə əsirlər o taya tez keçsəydilər deyə, -ürəyində dua edirdi. Birdən-birə ürpəndi. Sanki bir cüt göz ona zillənmişdi. Qarşıdakı alçaq təpənin üstündəki ağacın arxasından sevgiylə, mərhəmətlə dolu bir cüt göz ona baxırdı. Üşəndi və elə o an elə bil içində nəsə qırıldı. İlahi! O, idi.. getməmişdi. Dəli olmaq həddinə çatırdı. Axı niyə?! Nə üçün getməmişdi?
Reyhanın qəlbi, sevgisi Sadiqi düşmən əlində qoyub getmək istəməmişdi. Başına gələcək fəlakəti təsvir edirdi. Ona görə də yoldan tapdığı əsgər bıçağını əlində möhkəm tutmuşdu. Əsir düşməmək üçün özünü öldürəcəkdi, amma Sadiqi burada qoyub getməyəcək, onsuz yaşamayacaqdı. Birlikdə öləcəkdilər. Bu dünyada cismən deyil, o dünyada ruhən qovuşacaqdılar. Düşmən əsgərləri Reyhanı görmüşdülər. Sevinə-sevinə ona tərəf yüyürürdülər. Reyhan var gücü ilə “bağışla, Sadiq!”- deyib blçağı düz ürəyinə sapladı. 
O an Sadiqin bütün damarları gərildi. Öləcəkdi, amma əvvəlcə illər uzunu azərbaycanlıların çörəyini yeyib, indi isə namuslarına göz dikən bu donuzu öldürəcəkdi. 
-Nə oldu, qəhrəman. Sevgilin deyəsən bizi istədi. Ha, ha, ha. 
Qəfil gülüşü xırıltıya çevrildi. Qulağının dibini dəlib boğazından çıxan əsgər bıçağı Edikin iyrənc gülüşünü yarımçıq kəsdi. Güllələr Sadiqin söykəndiyi dəyirmanın divarını al-qana boyadı.

Qaranlıq bir otağa salınmışdı. Hər tərəf üfunət iyi verirdi. Çəkmələrinə dolmuş qan laxtalanmışdı. Ayaq üstündə durmağa taqəti yox idi. Bütün bədəni ağrıyırdı. Həm güllə və qəlpə yaraları, həm də əsir düşdüyü bir-neçə saatdan bəri döyülməsi onu tamam gücdən salmışdı. Döyülməkdən üz-gözü şişib tanınmaz hala düşmüşdü. Bir-iki saat qaranlıq otaqda beton döşəmənin üstündə uzalı qaldı. Çığırtı, yalvarış, yumruq-təpik və söyüşlər eşidilirdi. Əsirlərə işgəncə verirdilər. Türkürpədici qadın fəryadı və ermənilərin vəhşi, ehtiraslı, ikrah dolu gülüşləri adamı dəli edirdi. Canı ilə əlləşsə də bu an döyülüb-söyülən, namusu tapdanan, dəhşətli işgəncələrə tab edə bilməyən azərbaycanlılara kömək etmək keçirdi ürəyindən. Öz-özünə, ‐kaş bir avtomatım, bir-iki daraq da gülləm olaydı,- deyirdi.
Zəfəri qeyd edən ermənilərin səsi ona əməllicə qıcıq verirdi. Bir az keçmişdi ki, onun olduğu otağın qapısına vurulmuş qıfıl şaqqıldamağa başladı. Demək indi onun növbəsi idi. Qapı açıldı. O, bu qaranlıq otaqda heç nə görməsə də artıq bu qaranlığa alışmışdı. İndi birdən-birə üzünə tutulan əl fənərinin güclü işığının təsirindən gözləri tutulmuşdu. Həyətə çıxsa da heç nəyi görə bilmirdi. Onu sürüyərək komandirin otağına gətirdilər. Otaqda erməni komandirdən başqa daha iki nəfər yüksək rütbəli zabit də vardı. Ayaqüstə güclə dayanmış Rafiqi sorğu-suala tutdular. İsrarla Kürmahmudluda baş verən hadisəni danışmağı tələb edirdilər...
Kürmahmudluda olarkən evləri qarət edən təxminən On-altı-on yeddi yaşlı bir yeniyetmə görmüşdülər. Əynində bahalı dəri gödəkcə, tünd rəngdə cins şalvar, ayağında idman üslublu ayaqqabı, belində xüsusi işləməli naqan tapança olan bu yeniyetmənin sıravi bir erməni ailəsindən olmadığı bəlli idi. Olduqca sərbəst hərəkət edir, əmrlər verirdi. Uşaq işğal edilmiş Azərbaycan torpağında rəsmən soyğunçuluqla məşğul idi. Ermənilər talanla məşğul idilər deyə, üç-d ördnəfər azırbaycanlı əsgəri fərq edə bilməmişdilər. Yeniyetməni görən əsgərlərimiz ona dayanmağı əmr etdilər. O, isə heç kimə məhəl qoymadan sərbəst şəkildə əlini belindəki naqana atdı. Lakin Rafiqgilin açdığı atəş onun həyatına son qoydu. Döyüşdən sonra isə meyit yoxa çıxmışdı. (Bunu Rafiq əsir olanda bilmişdi)... İndi ayaq üstə durmağa halı olmadığı bir vaxtda ermənilər ondan bu uşağı soruşurdular. Əsir düşəndə azərbaycan dilində bir erməni əsgəri ondan erməni dilini bilib bilmədiyini soruşmuş, o, isə yox cavabını vermişdi. Və indi o vaxtkı uzaqgörənliyi onun xeyli dadına çatırdı. Rafiq ermənilərin danışdıqlarını yaddaşına köçürürdü.
Təkrar bir daha uşaq barəsində soruşdular. Rafiq uşağı gördüyünü və onu kəndə gəlmiş bir “QAZ-24” markalı maşına qoyulub Beyləqana aparıldığını dedi. Ondan uşağın tutulduğu yeri göstərə bilərsən, ‐deyə soruşanda,-,bəli -deyə cavab verdi. Deyəsən danışdıqları ermənilərə inandırıcı gəlmişdi. Komandir Rafiqin halının pis olduğunu dedi və əlavə etdi ki, onu xəstəxanaya aparsınlar. Gecəyarı Rafiqi Xocavənddəki xəstəxanaya apardılar. Şalvarını dizdən kəsib soyuq bıçaqla yarasını o yan-bu yana eşələməyə başladılar. Dözülməz idi. Ağrının təsirindən -Ana, -deyib qışqıranda vururdular. Allah, ‐deyəndə isə yumruq-təpiklər işə düşürdü. Ağrının təsirindən düyünlənib sıxılmış barmaqlarındakı dırnaqlar ətinə işləmişdi. Ağrı-acı, məşəqqət, təhqir, işgəncə, çarəsizlik, ümidsizlik Rafiqi əldən salmışdı. Yarasını qəsdən qurdalaya-qurdalaya ona əzab verənlər nəhayət ki, çirkli bir əski ilə yaranı bağladılar. Səhər açılan kimi uşaqdan böyüyə bütün ermənilər palataya doluşub onun üzünə tüpürməyə, yaralı ayağına və üz-gözünə vurmağa başladılar. Uşağın yerini dəqiqləşdirib onu geri alana qədər Rafiqi sağ saxlamaq niyyətində idilər. Ona görə xəstəxanada mülki ermənilərin hiddətlənib onu öldürəcəklərindən ehtiyat edərək Rafiqi məhbəsə bənzər bir yerə gətirdilər. Burada ondan başqa daha yeddi nəfər əsir də vardı. Əsirlərlə qeyri-insani rəftar edirdilər. Lökbatandan olan Şəmil adlı gənc ağır yaralı idi. Hər iki qolu və sifəti yanmışdı. Onun fəryadı adamın ürəyini deşirdi. Rafiqi İki gün də burda saxladılar. Ermənilər hər vəchlə uşağın yerini öyrənmək istəyirdilər. Hətta görüntü olaraq Rafiqin ayağını rentgen etdirmiş, gipsə də qoydurmuşdular. Məşəqqətlə dolu bir neçə gün də keçdi. Onu yenə sorğu-suala tutmuşdular. Rafiq isə əvvəlcə dediklərinin üstündə durmuşdu və bu eyni ifadə düşməni inandırmağa başlamışdı. Kimsənin dediklərini başa düşmədiyindən dolayı arxayın-arxayın öz dillərində danışırdılar. Əllərində yüzlərlə əsir azərbaycanlıların siyahısı vardı. Onlar hətta bütün əsirləri bu uşaqla dəyişməyə belə razı idilər. Rafiqi bir neçə saat orada saxladılar. O, bu zaman ərzində “Yapon” və Mamed adlı meyitdəyişənin insanlıq, azərbaycanlılıq sifətini itirib ermənilərlə əlbir işlədiklərini də öyrənə bilmişdi. Uzun-uzadı danışan ermənilər yekunda azərbaycan dilində Rafiqə dedilər ki, səni Kürmahmudluya aparacağıq. Əgər o uşaq ölü tapılsa səni də elə oradaca doğrayacağıq. Sonra onu saxladıqları yerə göndərdilər. Hətta həmin gün uzanıb istirahət etmək üçün yer də ayırdılar. Gecəyarısı bir həkim gəldi. Bir xeyli onu süzüb iynə vurmalı olduğunu söylədi. Onun məkrli bir niyyətlə gəldiyini anlamışdı. Şprisi adi su ilə doldurub Rafiqin bədəninə yeritdilər. Qolları şişmişdi. Həkim gedən kimi Rafiq dərisini sıxıb suyunu çıxardı...
Səfa çoxdan idi ki, ermənilərlə əlbirlik edirdi. Üzdə tabor komandiri kimi olsa da əslində o, öz kökünə, elinə, millətinə dönük çıxmış vətən xaini idi. Son vaxtlar Səfa meyit dəyişməyi əsl biznesə çevirmişdi. Hətta bu iyrənc əməllərinə özü kimi nadan birisi olan Mamedi də ortaq etmişdi. Şərəf və mənliyini itirmiş ortaqlar əsir azərbaycanlıları erməni əsirləri ilə pul müqabilində dəyişirdilər. Əsirlərin ailələri, qohum-əqrabaları olan qalan pullarını toplayıb bunlara verərək ümidlə, həyəcanla əsirlikdə olan əzizlərinin gələcəyi günü həsrətlə gözləyirdilər. Rafiqin böyük qardaşı da bunlarla əlaqə saxlamışdı. Sentyabrda görüşüb deyilən məbləği Səfaya çatdıracaq, bunun müqabilində isə Səfanın “səyi” nəticəsində Rafiq azad olunub ailəsinə təhvil veriləcəkdi. 
Gecəyarı dəstəyi qaldıran əsgər əsə-əsə qapını döydü. 
-Gəl!, -deyə amiranə əmr verildi. Əsgər içəri girib Səfanın onunla danışmaq istədiyini bildirdi. 
-Eşidirəm!
-Daha bir yem də var. Sənə ad familiyasını deyəcəyəm. Araşdır gör əsirlərinizin içərisində belə birisi var? Yaxşı da pul oxumuşam. Dəqiqləşdir, sağdırsa bəlkə bir az da stavkanı qaldıra bilərəm. Son dəfə Kürmahmudluda olub. Bizim sizə ötürdüyümüz qırılan rotanın əsgəridir. 
Quru bir cavab verildi:
-Sabah əlaqə saxlayacağam!
Dəstəyi asıb öz-özünə deyindi, -mən ölüm bu köpəyoğlu dığaya bax e! İşin əziyyətini çəkən mən, ən çox xeyir görən isə bu əclaf! Danışığına bir bax bunun! 
Beş dəqiqə sonra Səfaya ermənilər tərəfdən birisinin onunla danışmaq istədiyini dedilər. Hə, alçaq. Nə işin düşüb mənə, -deyə dodaqaltı mızıldandı və birdən nə düşündüsə də üzünü sağ əli olan Mamedə tutub dedi:
-Mamed, başım ağrıyır, kefim yoxdur. Onunla sən danış. Həm də səninlə arası daha yaxşıdır.
- Oldu, ‐deyib Mamed otaqdan çıxdı.
-Sən uşağın adını və əlamətlərini de. Mən burda dəqiqləşdirəcəyəm. Hə, bir də dəqiq Kürmahmudluda tutulub? Kim deyir? Oldu. Araşdırıb sabah mütləq sənə cavab verəcəyəm. Utanmadan, arsızcasına bu xain düşmənə gecən xeyrə qalsın da dedi. 
Səhər Rafiqin qaldığı otağa üç nəfər erməni daxil oldu. Onlardan ucaboy, dolu bədənli birisi daha çox fərqlənirdi. Ona Abo, bəzən də Edik deyirdilər. O biri iki nəfər onun yanında quyruq bulayanlar idi. Demək bu Abo-Edik kimdisə bunların içində ən hörmətlisi odur. Yəqin komandirləridir bu şərəfsizlərin, -deyə özündə onu belə təsvir etdi. Abo göstəriş verən kimi onu qollarını arxadan burub çölə çıxardılar. Həyətdə qırmızı rəngdə bir “Niva” markalı avtomobil dayanmışdı. Rafiqi döyə-döyə maşına tərəf aparırdılar. Dığalardan biri o birinə deyirdi:
‐Ara, torkun quloxen yesi kara kar! (Türkün başına bax e, daşdı, daş.)
Sonra Rafiqin başına bir-iki yumruq da vurub ucadan gülməyə başladılar. 
Yolboyu maşında Abo qardaşı ilə kimləri dəyişəcəkləri barədə xeyli söhbət etdi. Xocavənddən bir az aralanmışdılar ki, qardaşı Aboya dedi ki, ətrafı görməsin deyə əsirin gözlərini bağlasınlar. O isə dedi ki, onsuz da Kürmahmudluda əsiri tikə-tikə doğrayacağıq. O ,bizi aldadıb. Komandirin oğlu Beyləqanda deyil. Sən demə Abo Mameddən öyrənibmiş ki, əsirlərin arasında belə bir uşaq yoxdur və ermənilərə o an məlum olub ki, Rafiq onları aldadıb. Sonra birdən maqnitofonu işə salıb Baloğlan Əşrəfovun mahnılarını oxutmağa başladı və dedi:
-Son dəfə türk mahnılarına qulaq as, ey bədbəxt türk! Çəpik çala-çala geri dönüb Rafiqin başını qapazladı. O an Rafiq ən uzağı bir saatlıq ömrü qaldığını anladı. Keyləşmişdi. Başına ard-arda vurulan yumruqları hiss etmirdi. Elə bil döyülən cisim onun deyildi. Maşın dayandı. Çatmışdılar. Onu sürüyüb yerə atdılar. Əvvəlcə harda olduğunu anlamadı, ancaq sonra tanıdı-Kürmahmudluda idilər. Buranı əzbər bilirdi. Baş verənlər sanki bir daha gözləri önündə canlandı. Lakin tez özünü ələ ala bildi. İrəli yeriyib uşağın vurulduğu yeri göstərdi. Meyiti götürmüşdülər və bu onun xeyrinə idi. Bəlkə də onları bir az da inandıra bilərdi. Düşmənlərdə şübhə qarışıq da olsa uşağın sağ qalmasına bir inam yaranırdı, lakin Abodan heç nə anlaşılmırdı. Abonun üzündə heç bir reaksiya yox idi. Bir neçə dəqiqə sonra ratsiya ilə Mamedlə əlaqə qurdu. Danışığa əsasən on səkkiz meyit bizimkilər, on iki meyit isə ermənilər verməli idilər. Erməni hiyləgərliyi burda da özünü göstərirdi. Yenə öz aralarında ermənicə danışırdılar. Bir “Zil” maşın da gəldi. Danışdıqlarını tam aydın eşidirdi. “Zil”in sürücüsü yanındakı əsgərə deyirdi ki, bu maşında on bir türk meyiti var. On ikinci meyit isə burdaymış. Dalağı sancdı. “Niva” ya tərəf gedirmiş kimi Abogilə yaxınlaşdı. İndi onları daha rahat eşidirdi. Abo qardaşına deyirdi ki, bunu yenə maşına oturdun və uşağı axtarmağa davam edin. Unutmayın, bu türk dəyişiləcək on ikinci meyitdir. Amma hələ mən deyənə qədər öldürməyin. Bəlkə başqa məlumat da ala bilərik. Deməli on ikinci meyit mənəm, -deyə düşünürdü. Nə etməli, mənim yazım da bura qədərmiş. Ölümdən qorxmuram, əsir düşəndə məni öldürmələri üçün düşmənə yalvarmışdım da. Sadəcə döyüşərək ölmədiyimə, daha bir neçə erməni iti öldürə bilmədiyimə görə heyifsilənirəm. Kaş ki, bircə avtomatım olaydı, bir az da gülləm. Bu yaralı, yarımcan halımda belə avtomatı bu kökü kəsilmişlərin topasına tutub bacardığım qədər bunlardan öldürəydim. Kaş ki...
Onlar yol boyu bir neçə dəfə fərqli yerlərdə maşını saxlayıb güman gələn yerlərə baxırdılar. Düşünürdülər ki, birdən uşaq qaçıb hardasa gizlənə bilər. Hər dəfə maşını saxlayanda mühərriki söndürüb açarı maşının üstündən götürürdülər. Lakin sonuncu dəfə açarı götürməyi unutdular. Deyirlər insanda ən son ölən hiss ümiddir. Hətta canını tapşıran, son nəfəsini çəkən insanın gözündə belə bir ümid nişanəsi olur. İndi yarı ölü vəziyyətində olan Rafiqin də ürəyində bir ümid yaranmışdı. Bütün bədəninə güc gəlmişdi. İçində bir inam, özünə əminlik yaranmışdı. Artıq Abogil maşından xeyli uzaqlaşmışdılar. Qarşıdakı həyətə girmişdilər. İçində yaranan ümid qığılcımları ona ruh və güc verdi. Öz-özünə -onsuz da sonu ölümdür, -deyib birtəhər sükanın arxasına keçdi. Əl-ayağı titrəyirdi. Birtəhər canını dişinə tutub zor-bəla da olsa maşını işə sala bildi. Mühərrikin səsi sanki nicat nidası idi. Ayağını qaz pedalına basdı. Maşın yerindən götürüldü. Səs-küyə həyətdən çıxan ermənilər qarşıdakı postlara ratsiya ilə məlumat verdilər. Güllələr dolu kimi yağırdı-qəzəbli, dəhşətli, ölümsaçan! Maşının oturacaqlarına gülləkeçirməz jiletlər geydlirilmişdi. Böyük ehtimalla Rafiqi ölümdən qoruyan da elə o jiletlər olmuşdu. Abonun dəstəsindən ayrılmışdı ki, qarşıda erməni dəstələri onu yenidən atəşə tutdu. Sükanın arxasına yatıb ayağını var gücü ilə qaz pedalına basmışdı. Maşın yağış kimi səpələnən avtomat güllələri altında ziqzaq yazaraq irəli şütüyürdü. Yaşam uğrunda mübarizə gedirdi. İnsanın öz kəşfinin məhsulu olan güllələrlə insan arasında savaş gedirdi. Bu savaşın qayəsi qurtuluş və yaşamaq idi. Əsirlik həyatı ömrünün acı keçmişi olaraq geridə qalmışdı. Yol yalnız irəli idi. İrəlidə isə nələr olacağı bəlli deyildi və o, bu naməlum irəliyə gedib çıxa biləcəyini bilmirdi. Bu an heç nə haqqında düşünə bilmirdi. İndi onun bütünlükdə düşüncəsi, ruhu və cismi yalnız affekt halda mübarizə aparırdı. Elə bil o, ilanın ağzından çıxıb əjdahanın ağzına düşmüşdü. Abonun dəstəsindən və qarşıdakı yüksəklikdən mərmi yağdıran ermənilərdən yenicə qurtulub asfalt yoldan sağa burulmuşdu ki, yeni erməni dəstələri yolu kəsdilər. Bu ölüm-dirim savaşında sağ qalmaq üçün məcbur asfalt yoldan çıxmalı idi. Əks təqdirdə sarsaq bir güllənin qurbanı olacaqdı. Odur ki, maşını dərəaşağı üzümlüyə saldı. Üzüaşağı ləngərləyə-ləngərləyə, torpağa dəyə-dəyə gedən maşın vurub çəpəri dağıtdı. Torpaq yolda təbii ki, hərəkət daha da çətin idi. Bir neçə yerdə maşının mühərriki söndü. O an- əcəlim yetdi, amma bunların əlində ölmək istəmirəm. Bircə qranatım olaydı, özümü bu maşın qarışıq partladaydım ‐dedi. Hər mühərrik sönəndə bunu düşündü və hər birində də “son dəfə” deyərək açarı təkrar burduqda maşın işə düşmüşdü. Demək ki, hələ əcəl zamanı deyilmiş. İndi məqam, macal zamanı idi. Əzilmiş, dəlik-deşik olmuş maşın yoncalıqla şütüyürdü, lakin əsas magistral yola çıxa bilmirdi. Səbəb isə yoncalıqdakı böyük boru kəməri idi. Nəhayət uzun-uzadı yol qət etdikdən sonra birtəhər əsas yola çıxa bildi. Maşını gedə biləcəyi qədər sürətlə sürürdü. Qarşıda kənd görünürdü. Əhmədbəyli kəndi idi. Ürəyi uçunurdu. Həm sevinirdi, həm də kədərlənir, narahat olurdu. Sevinirdi ki, azadlığa qovuşur, kədərlənməyinin səbəbi isə birdən yenə ermənilərin əlinə düşə biləcəyi idi. Yaraları bərk ağrıyırdı. Həyəcandan dolayı ağrılarını hiss etməmişdi. İndi isə canın əzablı ağrısını duyurdu. Əhmədbəylinin girişində maşın yenidən söndü. Qurtulmuşdumu, yoxsa yenidən qarşıda məşəqqətli əsirlik onu gözləyirdimi, bilmirdi?! Qəhər və göz yaşı onu boğurdu. Bütün vücudu titrəyirdi. Qarşıda xeyli adam toplanmışdı. Dinməzcə maşından endi. Bunların düşmən ya da bizimkilər olduğunu bilmirdi. Ona görə irəlidə dayanmış gənc oğlanı işarə ilə yanına çağırdı. Başı ilə salam verdi. Gənc azərbaycan dilində ,-nə lazımdır, qardaş?- deyəndə elə bil Rafiqə dünyanı bağışladılar. Özümüzünkülər idi. Sevinci yerə-göyə sığmırdı. Başına gələnləri gəncə danışıb yaralı olduğunu söylədi. -Qardaş, məni xəstəxanaya çatdır", -dedi.
Birtəhər maşını işə sala bildilər. Üç-dörd km getmişdilər ki, onları Hərbi Polis saxladı. Əmr etdi ki, geriyə qayıtsın. Rafiq mat-mat bu adama baxırdı. Ona on bir gün erməni əsirliyində olduğunu, ağır yaralı olduğunu, onlardan bu maşını qaçırdığını söylədi. Lakin faydası yox idi. Adam havalı kimi ayaqlarını yerə döyüb geriyə qayıtmasını əmr edirdi. Əlacı kəsilən Rafiq yanındakı gənci maşından endirdi. Oğlan da polisə yaxınlaşıb bu adamın yaralı olduğunu söyləsə də bir xeyri olmadı. Acığından qeyzlənmiş Rafiq ayağını qaza basdı. “Qəhrəman polis” avtomatdan atəş açmağa başladı. Güllə qoluna dəymişdi. Qolu dirsəkdən qırılmışdı. Başı fırlanır, gözləri tor görürdü. Taqəti qalmamışdı, daha maşını da idarə edə bilmirdi. Bayaqkı polis maşına yaxınlaşdı. Qapını açıb onu sürüyərək yerə salıb təpikləməyə başladı. Rafiq ona yaralı olduğunu, düşməndən qurtulduğunu desə də ona söz kar eləmirdi. Elə ürəklə Rafiqi təpikləyirdi ki...
Mamed və Səfaya zəng edən Abo Rafiqi və “Niva”nı geri qaytaracaqları təqdirdə onlara xeyli əsir və külli miqdarda pul təklif edirdi. Yarımcan olduğu halda onu və adamlarını aldadaraq zaman qazanmış, məxfi materiallar, sənədlər, döyüş planları və içindəki diplomatda xeyli ABŞ dolları olan məşhur “Niva”nı qaçırmağı bacarmış Rafiqi geri qaytarmaq indi Abonun ən böyük arzusu idi. -O uşaq məni aldatdı. Həm də yaralı olduğu halda, bizim əlimizdə ola-ola bizi öz əlində oyuncağa döndərdi", -deyirdi. 
Yerdə yaraları və ağız burnu qan içində çabalayan Rafiq get-gedə huşunu itirirdi. Onu düşmən döyürmüş kimi həvəslə təpikləyən polisə bir daha azərbaycanlı olduğunu söyləyirdi. Daşdan səs çıxırdı amma bu polisdən yox. Yalnızca Rafiqin səsi, bir də aramsız təpik səsləri eşidilirdi. Gözləri hansısa bir mistik qüvvədən imdad istəyirdi. Top kimi ora-bura dığırlanırdı. Elə bu dəm Rafiqin əsgəri olduğu bölüyün komandiri Oqtay göründü. Son anda bütün gücünü toplayıb səsi gəldikcə ,-Oqtay!, ‐deyib qışqırdı. Günlərdir ki, xətrini çox istədiyi itkin əsgərinin səsini eşidən Oqtay irəli şığıyıb polisi kənara atdı. Əyilib Rafiqi qucağına götürüb yaxındakı maşına tərəf yüyürdü. Gözlərini açanda Beyləqanda xəstəxanada olduğunu öyrəndi. Vəziyyəti çox ağır idi. Döyüldüyü zaman yaraları partlamış, ermənilərin soyuq bıçaqla oyduqları yaraları da irinləmiş, infeksiya düşmüşdü. Düşmən hələ də Rafiqin izində idi. Odur ki, Beyləqana Müdafiə Nazirliyinin hərbi helikopteri göndərildi və Rafiq o helikopterlə Badamdara gətirildi. Daha sonra Təcili Tibbi Yardımla Hərbi Hospitala göndərildi. Onu bir neçə saat hospitalın zirzəmisində saxladılar. Yuxarıda palata hazırlatmağa başladılar. Lakin Rafiq o palataya köçürülmədi. İz itirmək məqsədilə onu axşama doğru başqa bir tibb maşını ilə gizlicə Travmatoloji Xəstəxanaya yerləşdirdilər. Kimliyi barədə də açıqlama vermədilər. Müalicə aldığı palatanı isə mülki geyimli iki nəfər qoruyurdu. Rafiqin Azərbaycana gətirdiyi qırmızı “Niva” da olan mühüm sənədlər, məxfi materiallar sayəsində düşmənin bütün məkrli planları alt-üst edildi. Eyni zamanda iki vətən xaini olan Səfa və Mamed də maşındakı videokasetdə olan görüntüləri əsasında istintaqa cəlb olunaraq həbs edildilər... 
İllər müəyyən acıları, dərdləri unutdursa da Rafiqin Vətən həsrətini unutdura bilmədi. 
Tez-tez mərhum Xalq şairi Məmməd Arazın bu misralarını xatırlayır:
Qərib ürəyində bir söz uyuyur,-
Vətən unudulmur, Vətən unutmur!
Bəli, o, öz Vətənində dogma elinə-obasına, ata yurduna qərib idi. O, Vətəndə xəyanətkarların, nadanların və qəsbkarların ikibaşlı oyununda qürbət yaşayanlardan idi. 2016-cı il Aprel döyüşlərində könüllü olaraq Hərbi Komisarlığa yollansa da ümumi səfərbərlik olmadığına görə onu döyüşə aparmamışdılar.Lakin Rfiq ümidini üzməyənlərdəndir. İçindəki Vətən sevgisi, ruhundakı əzmkarlıq, mübarizlik, əsgər rəşadəti və inancı mütləq döyüş əmrinin veriləcəyinə, zəfər gününün gələcəyinə inam yaradırdı. O heç zaman ümidsiz olmamışdı. 
27.09.2020 cil il. Ali Baş Komandanın əmri ilə düşmən üzərinə əks-həmlə əməliyyatına başlandı. Bu İkinci Qarabağ Savaşının başlanması əmri idi. Müzəffər Azərbaycan Ordusu döyüş əməliyyatlarının başlandığı ilk gündən uğura imza atmış oldu. Eyni gündə ard-arda bir neçə kəndin işğaldan azad edilməsi orduda və əhali arasında böyük ruh yüksəkliyi yaratmışdı. Son otuz ildə ilk dəfə idi ki Azərbaycan xalqı bu cür mükəmməl birlik və əzmkarlıq nümayiş etdirirdi. Bütün zümrədən olan insanlar eyni amal uğrunda təkcə can verməyə deyil, eyni zamanda can almağa da hazır idi. Bütünlükdə ölkədə insanlar dəstə-dəstə yüksək coşqu ilə Hərbi Komissarlıqlara üz tuturdu. Hamının üzündə intiqam hissi ,inam və qətiyyət hakim idi. Hərbi  Komissarlığın qarşısında dolu bədənli, hündürboy bir kişi ilə yanaşı qala bürcü kimi mətin bir gənc də dayanmışdı. Hər ikisi sevincli idi. Qarabağ əlili olan ata qürur hissi ilə öz övladını döyüşə yola salırdı. O səriştəsizliyin, erməni hiyləgərliyinin, təklənməyin, silah-sursat çatışmazlığının, xəyanətin nəticəsində iyirmi yeddi il əvvəlki ağrısını ürəyində çəksə də bu gün qürur hissi ilə yola saldığı oğlunun müzəffər ordunun əsgəri kimi qalib olaraq geriyə dönəcəyinə inanırdı. Rafiqin qəlbindəki inam közərtisi artıq alova almış böyük bir tonqala çevrilmişdi.
Gözləri televizorun ekranına zillənmişdi. Bir xəbəri belə qaçırmazdı. Qəfil telefon zəngi onu diksindirdi. Belə vəziyyətdə tanımadığı nömrədən gələn zəng insanı daha çox həyəcanlandırır. Özünə toxtaxlıq verib cavab düyməsinə toxundu və o an eşitdiyi səs bütün həyəcanına son qoydu. 
”Gözün aydın. Füzuli azad edildi!”
Qulaqları küyüldəyirdi. Az qala yıxılacaqdı. Bir anlıq yuxu gördüyünü zənn etdi. Bu şəhər onun həyatında ömrünün sonuna qədər unuda bilməyəcəyi ağrılı-acılı xatirələrlə, ölüm qorxusu kimi kabusla dolu idi. Bu şəhər onun azadlıqdan məhbusluğa, məhbəsdən azadlığa qovuşduğu şəhər idi. Bu azad olunan şəhər onun yer üzündəki əzablarının başlandığı şəhər idi. Bu azad olunan şəhər onun və dostlarının qanı səpələnən şəhər idi. Bu azad olunan şəhər düşmənin ən güclü və keçilməz istehkamlar qurub arxayin oturduğu şəhər idi. Bu azad olunan şəhər Azərbaycan Ordusunun qarşısında keçilməz sərhəd, aşılmaz sədd olmadığının bariz nümunəsi idi. Bu azad olunan şəhər şanlı qələbənin ilk müjdəsi idi. Birtəhər özünü toplayıb ” Çox sağ ol, şad xəbər olasan! “-dedi.
Televizora bax! İndi cənab prezident özü danışacaq. İntiqamını almaqda davam edirik. Özünüzə yaxşı baxın. 
Biz yaxşıyıq əziz oğlum, əsas sizsiniz. Uca Yaradan sizi qorusun! İrəli qartallar! Qollarınıza qüvvət. Kaş məni də aparaydılar-deyib üzünü divardakı şəklə sarı çevirdi. 
Axşam idi. İçində xoş duyğular baş qaldırmışdı. Nəsə yaxşı bir xəbər alacağnı hiss edirdi. Saat 23 00 göstərirdi. Nədənsə gözü telefonun qaralmış ekranına zillənib qalmışdı. Yenə zəng gəldi. Bu dəfə əminliklə -alo –dedi
-Salam, ata! Səni ata yurdundan-Qubadlıdan salamlayıram. Qubadlı işğaldan azad edildi! 
Nə danışdığı necə sağollaşdığını xatırlamadı. Evin ortasında sevincdən həm ağlayır, həm də gülürdü. Danışa bilmirdi, elə bil nitqi yox idi. Nəhayət özünü toplayıb dedi: Şükür səsnə ilahi! Var olsun Azərbaycan əsgəri. Mən qürur duyuram hər birinizlə. İyirmi yeddi ilki məğlubiyyətimizin acısını bu gün övladlarımız bizə unutdurdu. İndi bütün şəhidlərimizin ruhu şaddır. Uğurların bol olsun, Azərbaycan Ordusu!
Ard-arda verilən qələbə xəbərləri onu tamamən dəyişdirmişdi.Dünən onun haqqında veriliş çəkilmişdi. Özəl kanallardan birində yayımlandı. Başına gələn müsibətlərdən danışırdı. Amma həmişəkindən fərqli olaraq. Hər danışanda halı pisləşən, o əzabları bir daha yaşayan, yaraları sağalmayan Rafiqin bu dəfəki danışığı başqa idi. Bu dəfə o qalib bir ölkənin vətəndaşı olaraq, müzəffər ordunun qalib əsgərinin atası olaraq qürurla danışırdı. Qalibiyyət insanın ruhunu dəyişir.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)