Edebiyyat.az » Proza » Fərid Muradzadə - Ünvana çatmayan əmanət

Fərid Muradzadə - Ünvana çatmayan əmanət

Fərid Muradzadə - Ünvana çatmayan əmanət
Proza
admin
Müəllif:
19:49, 20 iyul 2020
1 572
0
Fərid Muradzadə - Ünvana çatmayan əmanət





Həqiqəti güc müdafiə etməyəndə həqiqət ölümə məhkumdur.(Nitşe)

 

Yaddaşını itirməməkçün bütün gücünü toplamağa çalışırdı. Günlərdir ki, ac-yalavac əsir düşməməkdən ötrü meşəliklə yol gedirdi. Meşə isə bitib-tükənmək bilmirdi. Bu bir neçə gündə meşəarmudu, yarpaq, böyürtkən və bir də su ilə qidalanmışdı. Çox çətin  vəziyyətə düşmüşdü. Olduqca yorğun idi. Bu an istirahətə elə ehtiyacı vardı ki! Yuxu yatmırdı. Beyni dumanlanırdı. Dəqiq hansı ərazidə olduğunu bilmirdi, ancaq bunu dəqiq bilirdi ki, rayon artıq işğal olunub. Bir də onu bilirdi ki, mühasirəyə düşmüşdülər. Bölükdəki bütün dostları ,cəbhə yoldaşları sonuna qədər döyüşüb şəhid oldular. O isə yanında partlayan granatatan mərmisindən kontuziya almışdı. Başqa heç nəyi xatırlaya bilmirdi. Mərmi partlayandan sonra ermənilər onu da ölü bilib getmişdilər. Lakin o sağ qalmışdı. Altay bu mühasirədən sağ qurtulmuş yeganə əsgər idi. Hərənin bir qisməti var. Hərənin alnına, bəxtinə, taleyinə, ömrünə bir yazı yazılıb. Onun da ömrünə əsgər olmaq, mühasirəyə düşmək,  oradan sağ qurtulmaq və irəlidə macaralarla dolu olan əzablı, keşməkeşli bir yol yazılmışdı.

Getdikcə taqətdən düşürdü.  Meşənin içində iri palıd ağacının arxasındakı yarğanın üstündəki təbiətin yaratdığı ,,gümbəz" ə oxşar, soyuq,  meşənin rütubətini canına çəkərək mamır bağlamış daşların arasında gizlənmişdi. Gecənin düşməsini gözləyirdi. Gündüz hərəkət etmək olduqca təhlükəli idi. O, ölümdən qorxmurdu. Əvvəlki gücü olsa idi durmadan yoluna davam edərdi. Düşmənlə üz-üzə gəlsə də döyüşərək əsl qəhrəman kimi əbədiyyətə qovuşardı. Lakin indi o çox zəif idi. Bu vəziyyətə o nəinki döyüşə, heç müdafiə də oluna bilməzdi. Müharibədə ən çox nifrət etdiyi şey əsir düşmək idi. O , heç zaman əsir düşmək istəmirdi.  Ya ölüm, ya qurtuluş! Saatlarla bu darısqal yerdə ayaqlarını qarnına yığaraq oturmuşdu. Artıq aclıqdan və yorğunluqdan huşu gedib-gəlirdi.  Axşam qaranlığında əsən mehlə bədəninə dolan meşə soyuğu onu azacıq ayıltmışdı. Birtəhər bütün gücünü toplayıb ayağa durdu. Avtomat ona dağ ağırlığı hiss etdirirdi. Bu bir neçə gündə gücünü tamamən itirmişdi. Əl-ayağı titrəyir, gözləri böyüyür, başı gicəllənirdi. Vəziyyəti olduqca ağır idi. Təqətsiz olduğunu hiss edib yenidən daşların arasına çökdü. Dodaqları quruyub bir-biriniə kipləşmişdi. İki gün idi ki, bir udum  su belə içməmişdi. Susuzluqdan qurumuş dodaqlarını yalaya-yalaya qalmışdı. Bir neçə saat da keçdi. Ötən hər saat  ona il kimi görünürdü. Gözləri ətrafa baxsa da bir şey görə bilmirdi. Yenə gözləri dumanlanmağa başladı . Artıq diqqətini toplaya bilmirdi. Özündən getdi. Suzuluq ona həddindən artıq əzab verirdi. Gecəyarı idi. Cadar-cadar olmuş dodaqlarını soyuq,   mamırlı daşa söykəyərək susuzluğunu azaltmağa çalışırdı. Yenidən yaddaşını itirməmək üçün nələrisə xatırlamaq istəyirdi, ancaq alınmırdı .Bir az mübarizə aparsa da sonda yenə,,məğlub" oldu. Üzünə düşən günəş şüaları gözünü qamaşdırırdı. Nəfəsi kəsilirdi. Ağzı qupquru qurumuşdu. Ağız suyu quruduğundan udquna da bilmirdi.Dözümü tükənmişdi. Sürünə-sürünə irəliləyirdi. Qulağına açıq-aydın şırhaşırla axan çay səsi gəlirdi. Əslində o, dünən gecə bu səsi daha aydın eşitmişdi, ancaq huşu özündə olmadığından bunu tam dərk edə bilməmişdi. Birtəhər özünü suyun qırağına çatdırdı. Suyu acgözlüklə ovuclayıb içirdi. Bütün bədəni yanırdı. Özünü suya atdı. Xeyli sərinlədi. Lakin gözləri  yenə də tor görürdü. Avtomatı yerə dayaq edib əsə-əsə ayağa durdu. Bir-iki addım atan kimi yerə dəydi. Səs eşidirdi. Hələ ağlını tamam itirməmişdi. Deyilənləri başa düşürdü. Səsləri gələn mənfur düşmənlər idi. Altay əsir düşməmək üçün əlləri titrəyə-titrəyə ( titrəməsi heysizliyindən yaranmışdı)avtomatı  çənəsinin altına dayadı,lakin tətiyi çəkə bilmədi. Qüvvətli zərbədən huşunu itirdi.

Gözləri yumulu olsa da qulaqları qəribə səslər eşidirdi. Çoxusu erməni dilində idi. Hərdən fəryad, nalə, yalvarış, söyüş, qarğış və.s də eşidirdi. Zərblə üzünə çırpılan soyuq suyun təsirindən nəfəsi kəsilə-kəsilə gözlərini açsa da bir neçə dəqiqə tam olaraq harda olduğunu kəsdirə bilmədi. Taqətsiz olsa da ayağa qalxmağa cəhd etdi, lakin  uğursuz oldu. Dartındı və bu zaman stula bağlandığını fərq etdi. Üzündən və saçlarından üzüaşağı süzülən su damlaları ona bir növ xəcalət təri kimi gəlirdi. O, düşmənə əsir düşmüşdü. Əl-qolu bağlı kölə idi. Cəmi 15-20 gün bundan əvvələ qədər bölüklərində kimsənin biləyini bükə bilmədiyi Altayın biləklərini indi büküb stula bağlamışdılar. Qapı cırıltısı onun dumanlı xəyallarını dağıtdı.Qışqırıq, fəryad səsləri yenə də otağı bürüdü. Altay güclə də olsa başını çevirib geri baxdı. Ondan arxada təqribən iyirmiyə qədər əsir var idi ki ,onların da çoxu qadınlar idi. İndi də içəri dörd qız və bir gənc oğlan gətirmişdilər. Oğlanın pal-paltarı parça-parça olmuşdu. Görünür əsir düşərkən xeyli müqavimət göstərmişdi. Onu çox döymüşdülər. Düşmən əsgərləri, xüsusən də saqqallı,,boeviklər" olduqca şən görünürdülər. Hürkək qızları vəhşi ehtirasla süzərək öz aralarında eyhamla nəsə  danışırdılar. Qızlar qorxularından bir-birini qucaqlayaraq qapının arxasına qısılmışdılar. Onların bu halı mənfur düşmən əsgərlərinə zövq verirdi. Bəstəboy dolu bədənli bir erməni qızlara sarı yeridi. Əl atıb onlardan birinin yoğun hörüklərindən tutaraq sürüyə-sürüyə  otağın ortasına gətirdi.( bura anbar imiş) Döyülən gənc qeyri-ixtiyari irəli şığıdı, lakin sinəsindən dəyən avtomat qundağının zərbəsindən yerə yıxıldı. Tez ayağa qalxıb dedi:

-Alçaqlar! Şərəfsizlər, əllərimi açın , döyüşək! Qızı rahat buraxın!

Bəstəboy irəli yeriyib onunla üzbəüz durdu. Zənnlə oğlanı süzməyə başladı. Qəflətən təpiklə onun aşağı nahiyyəsinə güclü bir zərbə vurdu. Qüvvətli zərbədən sonra qarnına dolan sancıdan ikiqat oldu. Ağrıdan ilan kimi qıvrıla-qıvrıla qalmışdı. Bəstəboy erməni yerdə əzab çəkən gənc oğlanın saçlarından yapışıb yuxarı çəkdi. Amansızlıq yağan baxışlarla, nifrət hissi ilə onu süzərək dedi:

-Siz əslində çox gülünc millətsiniz. Fərdi şəkildə yaxşı ola bilərsiniz, amma toplum halında heçsiniz. Siz tarixiniz boyu bir olmağı bacarmamısınız. Biz isə sizdən çox fərqliyik. Biz sizin zəif nöqtələrinizi çox gözəl bilirik və buna görə də sizdən daha irəlidəyik.  Biz qalibik, biz birik! Əlləriniz bağlı halda belə sərsəmləyirsiniz. Nə hücum edirdin? Neyləyə bilərsən? Bax biz hər zaman  sizin əl-qolunuzu bağlayaraq sizi məhv etmiş, qıcıqlandırmış və bundan sonsuz zövq almışıq. Sayınız yeddi milyon olsa da yeddi rayonunuzu belə əldə saxlamağa   gücünüz yetmədi. Həə,yeddi rayon dedim. Bilirsən niyə? Çünki Zəngilan da bir-iki günlükdür, bizim qüdrətli ordumuzun qarşısında çox tab gətirə bilməz! Hamınızı qırmaq istəyirəm. Sizə nifrət edirəm! Tezliklə müzəffər ordumuz Yevlaxa qədər ərazilərinizi tutacaq,   azacıq möhkəmlənən kimi paytaxt şəhəriniz olan Bakını da ələ keçirəcəyik. 1918-ci ildə yarımçıq qalan işi tamamlayacağıq. Qadınlarınızı özümüzə cariyə edəcəyik, içki məclislərində rəqqasə yerinə oynadacağıq,   necə ki Xocalıda sizin qızların...

Elə bu an sanki danışmağa belə taqəti olmayan Altaya ilahi bir güc gəldi.( O sonralar bu səhnəni xatırlayanda nifrət hissinin insanı nə qədər dəyişdirə biləcəyini fərq etmişdi) Bayaqdan canlı meyit kimi bağlandığı stula məhkum olmuş insan övladının dizlərinə Atlant gücü gəldi. Stula bağlı halda bəstəboy erməniyə yanaşıb çiyni ilə ona toxundu. Geriyə qanrılan dığanın sifətinə gücü gəldikcə bir kəllə vurdu. Üzünə sıçrayan erməni dığasının parçalanmış burnunun qanı ona ləzzət verdi. İt sürüsü kimi onun üstünə tökülüşdülər. Artıq ağrı hiss etmirdi. Bədəni tamamən keyləşmişdi.

Hər yer qaranlıq idi. Gözləri heç nə görmürdü. Lal bir sükunət hökm sürürdü. Ölmüşdümü?-bilmirdi.Nə qədər bu vəziyyətdə qaldığını xatırlamırdı. Sonradan özündə bir güc tapıb ayağını tərpətdi və bu an ilk eşitdiyi həlim bir səs oldu, - sağdır, - şükür ,ölmədi.

Sonra kimsə onu başını dizləri üstə aldı.Üz-gözünün qanını silirdilər. Soyuq su ona xoş təsir bağışlayırdı. Üzündə gəzən qadın əlləri bir anlıq da olsa ağrılarını unutdururdu. Qəfil üzünə düşən ilıq sudan diksindi. Bu göz yaşı idi. Sanki göz qapaqlarından ağır daşlar asmışdılar. Elə bil kirpiklərini bir-biri gözünün altına betonla bərkitmişdilər. Gözlərini aça bilmirdi. Ard-arda bir neçə dəfə gözünü açmağa cəhd etdi. Sonda birtəhər gözlərini azacıq da olsa aça bildi. Lakin ona elə gəldi ki gözlərinin önündə nəsə var , ya da onu harasa salıblar və o, yalnız işıq düşən yerdən irəliyə baxa bilir.  Ancaq az sonra o , bunun nə olduğunu başa düşdü. Alçaq düşmən onu döyəndən sonra üz nahiyyəsi və gözlərinin üstü şişib bərkimişdi. Altay üz-gözündəki şişkinlikdən dolayı yaxşı görə bilmirdi. Alacalanmış şişkin gözlərini birtəhər onun üzünü təmizləyən gözəl qıza tərəf çevirə bildi. Onu harda görmüşdü? Tədricən xatırladı... Bu həmin qız idi ... yoğun hörüklü,  üzünü görə bilmədiyi qız, bəstəboy erməninin hörüklərindən tutaraq sürüdüyü qız...

Amma indi bu qız çox miskin görünürdü. Gözlərinə dünyanın qəmi yığılmışdı. Ağlamaqdan gözləri qıpqırmızı qızarıb şişmişdi. Qızın gözləri rəsmən qan çanağını andırırdı. Paltarları parçalanmışdı. Üzündə və qollarında açıqca göyərmiş yerlər görünürdü. Elə hey durmadan ağlayırdı. Birdən-birə qız gözünə başqa cür göründü. Bu didilmiş, parçalanmış cır-cındırın içində özünü gizlətməyə çalışan qızın zor gücünə tapdanmış namusu bədəninin göyərmiş,  qaralmış hissələrindən baxaraq ağlayırdı. İndi bu məsum qızın zorlanmış ismətinin harayı onun başından basaraq yerin dibinə gömürdü. Vicdanı sızıldayırdı. Kimdir müqəssir? Harda səhvə yol verdik. Bəstəboy erməninin dedikləri qulaqlarında cingildəyirdi ,,Bax biz hər zaman  sizin əl-qolunuzu bağlayaraq sizi məhv etmiş, qıcıqlandırmış və bundan sonsuz zövq almışıq. Sayınız yeddi milyon olsa da yeddi rayonunuzu belə əldə saxlamağa   gücünüz yetmədi. Həə,yeddi rayon dedim. Bilirsən niyə? Çünki Zəngilan da bir-iki günlükdür, bizim qüdrətli ordumuzun qarşısında çox tab gətirə bilməz! "  Biz niyə bu qədər aciz olduq?! Axı nə üçün bir ola bilmədik? Döyüşdüyümüz halda nə üçün rayonları boşaltdılar Niyə nazirlik bütün cəbhə zonasını silah-sursatla təmin etmədi? Nədən vahid ordu , vahid komandanlıq təşkil olunmadı? Axı niyə pərakəndə dəstələr şəklində vuruşurduq? Bəlkə elə bütün bu faciələr kimlərinsə məkrli ssenarisi yaxud da hansısa bir buyruq qulunun yazılmış ssenari əsasında oynadığı tamaşadır... O alçaq dığanın bildiyi bir şey var. Onu danışdıran var, boşuna gəvəzəlik etmir. Bütün bu olanların içində müəmmalı bir nəsə var... Gözlərini yerə zilləmişdi. Qadınlara tərəf baxa bilmirdi. Klubun ikilaylı, iri ağır qapısı aram-aram cırıldamağa başladı. Əllərində pivə və çaxır butulkası tutmuş düşmən əsgərləri içəri girdilər. İçəridəkiləri həqarətlə süzüb birbaşa qadınların üstünə getdilər. Qadınların naləsi göyə qalxmışdı. Düşmən əsgərləri kişiləri zorla iyrənc səhnələrə baxmağa məcbur etmək istəyirdilər. İki nəfərin ürəyi tab gətirmədi , elə oradaca keçindilər. Həyaya boğulan qadınlar büzüşüb yerə çökmüşdülər.

- Hə, hanı sizin qeyrətli kişiləriniz?Gəlib niyə sizi əlimizdən almırlar?  Bu səs ona çox tanış gəlirdi.  Altay bu səs sahibini hardan tanıyırdı?

Azğın düşmən əsgərləri gənc qızlara qarşı zor tətbiq edəndə Altay və dörd qızla eyni gündə əsir alınan gənc( Şamil) irəli atıldılar. Avtomat qundağı, şillə təpik dolu kimi üstlərinə yağırdı. Altayın üz-gözü çox şişdiyi üçün tanınmaz hala düşmüşdü. Birdən yenə bayaqkı səs eşidildi. O, Bənövşənin əmisi oğlu budur?- deyib yanındakılara göz vurdu.

-Ara,  ay axmaq türk, neynirsən o Bənövşəni? Onu biz   üç gün çox dərdik,  çox qoxuladıq.

Şamilin ürəyindən bir sızıltı qopdu. Qəfildən dəli kimi düşmənin üzərinə atılıb ona bir-iki yumruq atdı. Alçaq erməni zərbədən ustalıqla yayına bildi.

-Mənə yumruq atdın?

-Şərəfsiz!

-Ay şərəfdən dəm vuran bədbəxt,  şərəfiniz bizim əllərimizdədir. İstədiyimizi edirik. Sən böyük bir səhvə yol verdin ay avam musurman.  Açığı deyim ki siz elə əsl musur mansınız!

Şamil bu ,,musur man"ın məna olaraq nə olduğunu başa düşməsə də təhqir olduğunu aydın anladı .

-Səni öldürəcəm!

-Doğrudan?! Nə ilə , ay axmaq. Gəl ayaqlarımdan öp, sənin həyatını bağışlayım.

-Mən başımı sənin kimi alçağın önündə əsla əymərəm!

-Özün bil! Səni bağışlamaq istəyirdim, olmadı. Eybi yox, indi  mən məmnyniyyətlə səni bunların gözü önündə öldürəcəm.  Qoy o biri türklər də bilsinlər ki ,bu qadınlar bizim nökərlərimizdirlər. Onlar burdakı qəhrəman erməni əsgərlərinin cinsi tələbatını ödəməlidirlər.

Hər ikisi irəli hücum etsələr  də bir   nəticə vermədi. Hiss olunurdu ki ,alçaq erməni onların əsəbini tarıma çəkməkdən həzz alır. Birdən o, toqqasından asdığı iri əsgər bıçağını sıyırıb  Şamilin boğazına çəkdi. Fəvvarə vuran qan fışqıraraq hər yerə yayılırdı. Şamil çabalaya-çabalaya qalmışdı. İnsan nə qədər insana kin bəsləyə də , nə qədər məğrur olsa da, dözümlü olsa da ölüm anında istəsə də ,istəməsə də həyatla   qeyri-ixtiyari mübarizə aparır.   Ruhu Şamilin cismini tərk edənə qədər o çabaladı. Şamil əzab çəkirdi. Düşmən əsgəri onu əlləri bağlı, əzablı ,məşəqqətli bir ölümə məhkum etmişdi. Açıq-aydın görünürdü ki erməni,  Şamilin əzabla ölməsi üçün qəsdən onun nəfəs yolunu yarımçıq kəsib. Şamil yerdə çabaladıqca,  qadınlar fəryad qopardıqca ermənilər daha bərkdən qəhqəhə çəkərək gülüşürdülər. Şamil əzablar içində, qııvrıla-qıvrıla öldü. Nifrətlə Şamilin meyitinə baxan erməni alçaq yoldaşlarına dönüb dedi:

- Bu nə deyirdi, baş əymərəm?! Birdən o , ovunun üstünə atılan bəbir cəldliyi ilə Şamilin meyitinin üstünə atılıb vəhşi bir ehtirasla saniyələr içində Şamilin başını   ruhsuz bədənindən ayırıb yoldaşlarının ayaqları altına atdı.

-Bax belə! Biz əyilməyən başları bu cür əyirik.

Altay dəliyə dönmüşdü. O , daha yaşamaq istəmirdi. Təcavüzə uğrqmış qadınların baxışlarından xəcalət çəkirdi. Şamilin başsız bədənindən utanırdı. Mənfur ermənilərin  nəzərlərini ondan yayındırması ona bəs etdi. Altay kəşfiyyatçı olduğu üçün əlbəyaxa döyüşü yaxşı bacarırdı. Bir andaca erməninin bıçaq tutan əlini burub bıçağı alaraq onun çənəsinin altından üzüyuxarı sapladı. Özlərini itirib şoka düşmüş ermənilər bir neçə saniyə hərəkətsiz qaldılar və birdən güllə açıldı...

Altayı güllə ilə yaralayan erməni kapitanı Akop Vardanyanın qardaşı Armen Azərbaycan əsgərləri tərəfindən əsir alınmışdı. Armeni dəyişmək üçün isə Akop Altayı öldürməmişdi. Akop Altayı tanımışdı. Altayın atası olan Qənbər müəllimi və iki böyük qardaşını yaxşı tanıyırdı. Altay ondan on yaş kiçik olduğu üçün Akopu tanımırdı. Həm də doğrusu Altay Qafanda yaşayan əmisigildə  böyümüş, 1988-ci ilə qədər orada yaşamışdı. Orta məktəbi də orda oxumuşdu.

Altayın böyük qardaşı Firdovsi Azərbaycan Ordusunda zabit idi. Akop eşitmişdi ki, Firdovsinin qardaşı itkin düşüb. Firdovsi ilə razılaşmaq istəyirdi. O, bilirdi ki ,Firdovsi döyüşdə öldürülmüş ortancıl qardaşı Cəlaldan və atası Qənbər müəllimdən sonra evin sonbeşiyi olan kiçik qardaşı üçün hər zəhmətə qatlaşa bilər. Odur ki, indi istəməsə də məcbur olub onu sağ buraxmışdı. Lakin ermənilərə tapşırmışdı ki, Altayı hər gün yaxşıca döysünlər. Əsasən daxili orqanlarını zədələməyi tapşırmışdı. Yarasını çirkli əskilərlə bağlamaq barədə də göstəriş vermişdi. Onu yenə əsirləri saxladıqları ümumi yerə-anbara gətirmişdilər.  Altay olduqca heysiz idi. Yarası bərk ağrıyırdı. Qızdırması vardı. Can çəkişə-çəkişə qalmışdı. Yaralı ayağında yenə həmin munis təması hiss etdi. O idi-Bənövşə. Ağlaya-ağlaya onun yarasını təmizləyirdi. Çirkli əskini ayağından açıb tulladı. Boynundakı yaylıqla yaranı sarıdı. Əl dəsmalı ilə Altayın tər  pulcuqları ilə örtülmüş alnını quruladı. Altay belə etməməsini söylədi.

-Bənövşə,yer ayrılsa yerə girərəm. Kaş ki Şamillə birlikdə  məni də öldürəydilər. Sizi belə görməzdim.

-Ehhhh.... neçə dəfə özümə qəsd etmək istədim. Olmadı, alınmadı. Axı Tanrı adildir deyirlər. Bəs hanı onun ədaləti?! Biz nə günah etmişdik ki, aqibətimiz belə oldu? Niyə o gözəgörünməz mənə belə əzab verir,? Niyə canımı almır?!

Qız bura gələndən bəri ilk dəfə idi ki danışırdı. Onun hər kəlməsi Altayın qəlbini ox kimi dəlirdi.

-Altay, mən səni mərd bir insan kimi tanıdım. O gün bu alçaqların komandiri olan dığa deyirdi ki, səni onun bizdə əsir olan zabit qardaşı ilə dəyişdirəcəklər. Sənə yalvarıram, bizim ordakılara de ki, kişi olan kəs bunları götürməz. Bizim namusumuza düşən ləkəni təmizləyin.Bu dəsmalı və yaylığı sənə ona görə verirəm ki bunları ordakılara göstər.Örpək bizimkilər üçün müqəddəs olub.Göstər ki, indi örpəyimizi başdan alıblar.Qoy bir olaraq düşməni məğlub etsinlər.Namusu ,şərəfi tapdanmış neçə-neçə qızlarımızın harayını onlara çatdır. Mən mütləq...

Zərblə açılan ağır köhnə qapı onun sözünü yarımçıq qoydu. İçəri daxil olan hündürboy bir zabit( onu əvvəl görməmişdilər) yanındakından, -hansıdır?- deyə soruşanda Bənövşəni göstərdi. Adam ,hmm- deyərək qıza doğru bir-iki addım atıb dayandı. Həris, ehtiraslı və məkrli baxışlarla qızı  başdan ayağa süzdükdən sonra,-Anahidə deyin, bunu hazırlasın- deyib gəldiyi kimi də getdi. Bənövşəni soyuq tər bürüdü.

Sanki birdən ona güc gəldi. Altaya yaxınlaşıb dedi:

-Sənə dediklərimi mütləq çatdır. Mən bu gün bir daha bura qayıtmayacağam. O yekəpərin də istədiyi olmayacaq. Nə etməli olduğumu artıq bilirəm !

Az sonra qapı açıldı və onu apardılar. O gecə Bənövşə geri qayıtdı, lakin ölü olaraq. Anahidi tövlədə öldürən qız sonra bıçaqla qollarını və ayaq damarlarını kəsib intihar etmişdi.Bunu eşidən Altay hər nə yolla olursa olsun burdan çıxacağını qərarlaşdırmışdı.Altay qətiyyən Akopun əsir zabit qardaşı ilə dəyişdirilməsini istəmirdi. O özü mütləq bir yol tapacaqdı.

Getdikcə havalar sərinləyirdi.İyirmi bir gün idi ki, əsir düşmüşdü.İyirmi bir gündə insan zorakılığının, qaniçənliyinin, insan əzazilliyinin, insan acizliyinin, insan fəryadının hər şəklini görmüşdü. Ağlasığmaz işgəncələrı şahidlik etmiş, ağlasığmaz işgəncələrə məruz qalmış, baş verən faciələrə əngəl ola bilməmişdi. Fiziki cəhətdən fərdi şəkildə qaniçən bir topluma qarşı ümumi mübarizədə məğlub olsa da ,Bənövşənin ölümündən sonra fərdi mübarizə üçün məqam gözləyərək özünü bu mübarizəyə hazırlamışdı. İndi daha əvvəlki kimi baş verənlərə çılğınlıqla müdaxilə etmir, fiziki gücünü bərpa etməyə çalışır, daha çox işə gedərək ərazini yaxından müşahidə edir, yolları, düşmən postlarını beyninə köçürür və əlverişli məqam gözləyirdi.

Yorğun idi.Ayağının yarası həm şiddətlə ağrıyırdı, həm də şişmişdi.İnfeksiya düşmüşdü. İki gün idi ki bunu hiss edirdi. Ayağı şişməyə başlamışdı.Yaranın altına çirk yığıldığı yavaş-yavaş özünü büruzə verirdi.Ayağı onu bada vermədən burdan çıxmalı idi.Gecələr beton döşəmə yaman soyuq olurdu.Ümumiyyətlə burda hər şey soyuq idi. Əsirlərin gözlərindəki donuq ifadə, al yanaqları və gözəllikləri heyva kimi saralıb-solan qızların qəmli üzü, kədər yuvasına dönmüş  gözlər, gülüşə həsrət qalan dodaqlar,miskin əsirlik həyatı, heç bir mənası qalmayan yaşamaq özü belə soyuq və cansıxıcı görünürdü. Gözlərini yuman kimi Bənövşənin surətini görürdü. Bu qızın ruhu onun nicat simvoluna çevrilmişdi. O, mütləq bu kabus əsir həyatından qurtulacaq, intiqam alacaqdı. Hələlik isə ilk növbədə burdan çıxmaq lazım idi.Soyuq və nəmiş betonun üzərinə uzanıb gündəlik gördüyü, nişanələdiyi yerləri unutmamaq üçün təkrar xəyalında canlandırmağa başladı.Yorğun və ağrı çəkən gözləri yuxuya təslim oldu.

Anbarın lal sükunətini ermənilərin hay-küyü pozdu.Əslində bu mənfur düşmənin gündəlik adəti idi.Yorğun, döyülmüş, əzilmiş, ləkələnmiş, məcburi əməyə sövq edilmiş məsum imsanları səhər obaşdan kötəkləyərək qaldırmaq onlara zövq verirdi.Əsirləri qruplara ayıraraq işlədirdilər.

-Sən bu tərəfə keç!

Altayı üzüm yeşikləri doldurulmuş yük maşınının yanına gətirdilər.Burda bir əsir azərbaycanlı da vardı ki Altayın ondan heç xoşu gəlmirdi. Bu adam olduqca iradəsiz, aciz və qorxaq birisi idi. Əsir düşdüyü gündən bəri özünü qorumaq üçün hər deyiləni edirdi.Hamının ondan zəhləsi gedirdi.Hətta bir dəfə çılğınlığına görə Altayı da yamanladığı üçün Altay onu o ki var əzişdirmişdi. O gündən etibarən heç kim onun yanında nəsə danışmırdı. Əllərində isbatları olmasa da ondan şübhələnirdilər. İlham adlı bu adam Altaydan yaman qorxurdu. Düşmən bilərəkdən Altayı bu adamla birlikdə işə göndərirdi. Altayın gərilmiş əsəblərini bir az da gərginləşdirmək istəyirdilər. Ona qıcıq verməyə çalışırdılar.Daha sonra iki nəfər ucaboy, idmançı görkəmli silahlı düşmən əsgəri də ora yaxınlaşdı.Düşmən komandiri bu iki əsgərə Altayı göstərərək onları təlimatlandırırdı. Altay erməni dilini mükəmməl bilirdi, ancaq bunu burada heç kim bilmirdi. O,  ermənilərin danışığından Füzuli rayonuna gedəcəklərini eşitmişdi. Üzüm yeşiklərinin altı silah-sursatla dolu idi və bu silahları azərbaycanlıların əli ilə erməni mövqelərinə boşaldıb Azərbaycan əsgərinin üzərinə yağdırmaq istəyirdilər.Əsgərlərə ayıq-sayıq olmağı, xüsusən də Altayla olduqca diqqətli davranmağı tövsiyyə edirdilər. Dönə-dönə təcili olaraq maşındakı silah-sursatı təhlükəsiz şəkildə Alxanlıdakı ermənilərə çatdırmalı  olduqlarını və bunun üçün məsuliyyət daşıdıqlarını bildirdilər. Sürücü Smbatyan Altayı qıcıqlandırmağı sevənlərdən idi. Əslində o , Altaya sonsuz nifrət edirdi, çünki əsir qızların birinə əl-qol atanda Altay onun uzun, sivri burnunu sındırmışdı ki, bu da onun nəfəs almasını  çətinlışirdi. Həkimlər burnunun əməliyyat olunmasını tövsiyyə etmişdilər. Bu müharibədə isə kimin nəyinə  gərəkdi Smbatyanın qırıq burnu...

Naxələf erməni Altayı işlətmək üçün əlini belində qoyub çığırdı:

-Ey nökərim, maşına yanacaq tökmək lazımdır. Get ya vedrə ilə benzin daşı ,ya da çəlləyi bura gətir. Sən axı güclüsən, çəlləyi də gətirə bilərsən.

Altayın fikri qarışmışdı. O, silah dolu bu maşını necə məhv etməyi düşünürdü. Odur ki, əvvəl-əvvəl Smbatyanın nə dediyini başa düşməmişdi.

-Karsan?! Sənnənəm, rədd ol get dediyimi elə. Qullar ağalarına itaət etməlidirlər,-deyib rişxəndlə gülməyə başladı.

Bir andaca onu boğub öldürmək keçdi könlündən, amma indi yeri deyildi.Birdən elə bil ki ,Altayın gözlərinə işıq gəldi.Ürəyində, bu lütfünə görə tanrıya şükür etdi.Dəqiqələrdi ki ,o, başını yorub çıxış yolu axtarırdı.İndi  isə əli belində durub onu qul adlandıran bu həyasız  dığa özü də bilmədən onun üçün yol açmışdı. İlk fürsətdə iki vedrə dizel yanacağını da maşının yanacaq çəninə doldurdu.Təxmini bilirdi ki qarışdırdığı yanacaqdan sonra maşın qarşıdakı 3-4 kilometrlik meşənin ortasında sönəcək.Altay, indi cani-könüldən işləyirdi.Əlindəki yanacaq götürdüyü qabları yerinə qoyub geri qayıdanda çəlləklərin üstündə bir neçə avtomat və əsgər bıçağı gördü.İdman hərəkətləri edən erməni əsgərlərinin idi.Cəld bıçağını birini götürüb qoynunda gizlətdi.Smbatyan onu səsləyirdi.Maşın işə salınmışdı.

Əsirləri maşının kuzovuna mindirdilər.Ayaqlarını maşının bortundakı dəmirlərə bağladılar.Maşın nahamar torpaq yolla irəliləyirdi.Altay iki yekəpəri və sürücünü necə zərərsizləşdirməyi düşünürdü.Ürəyində tanrı ilə söhbətləşirdi.Mənə güc ver, zehin açıqlığı ver ki, bunları maşın qarışıq tələf edə bilim.Artıq dağı aşıb meşəyə girmişdilər.Altayın hesabına görə maşın sönməli idi.Təxminən 300-350 metr getdikdən sonra maşın dayandı.Smbatyan açarı yenidən burdu.Mühərrik zarısa da işə düşmədi.Bir neçə dəfə təkrar etsə də heç nə alınmadı. Əsgərlərdən biri başqa maşın üçün qərargahla əlaqə qurmaq istəyəndə Smbatyan yalvarmağa başladı

-Yox-yox, Armen, etmə. Mənim xətrimə bir az gözlə. Mən axı bu zəhrimarı axşam sazlamışdım.Bako məni öldürəcək. O əzazil adamdır. Mən maşını mütləq işə salacam.Əsirləri maşından endirdilər.O , üzünü Altaya tutub dedi

-Gəl kömək elə,   nə gözünü döyürsən? Komandirdən eşitmişdim ki, sizin maşınınız olub.Yəqin başın çıxır bu işlərdən. Tez ol!

-Belə sənə necə kömək edim? Əllərim də ayaqlarım da bağlıdır.Nə edim?

-Cəhənnəm olsun sənin qandalların, - deyib onun əl-ayağını açdırdı.  İndi Altay doğrudan da əlləri yağın içində mühərrikin üstündə qurdalanırdı.O , qəsdən özünü iş görən kimi göstərirdi.  Smbatyan kənarda olduğu üçün maşının benzin şlanqını altdan deşmişdi.

-Sən bu maşına yaxşı baxmamısan, Smbatyan! Benzin şlanqı deşilib.Smbatyan rəsmən havalanmışdı. Bako adlı komandirindən dəhşət dərəcədə qorxan bu dığa indi az qalırdı ki ,Altayın ayaqlarına düşsün. Altay öz rolunu yaxşı oynayırdı.Qan-tərə batdığından onun hiylə işlətdiyini anlaya bilməmişdilər.Səbri kəsilən dığalar onlardan xeyli aralanmışdılar.Altayın bir gözü onlarda idi.O ,əsgərlərdən birinin silahını yoldaşına verməsindən onun təbii ehtiyacını dəf etmək niyyətində olduğunu anladı. Müşahidəsini davam etdirirdi. Yoldaşından 20-30 metr aralanan əsgər kolluğa keçən kimi o da tez Smbatyana iki dəqiqəlik,, işi " olduğunu anlatdı.

-Yox getmə, bura elə.

-Maşını düzəltmərəm ha,zəhləmi tökmə. Narahat olma, maşını 15-20 dəqiqəyə düzəldəcəm.  İndi isə böyrəyim dağılır ,yol ver.

Kolin dibindəki erməni bir siqaret alışdırıb oturmuşdu.Altay barmaqlarının ucunda əsgərə yaxınlaşıb qoynunda gizlətdiyi əsgər bıçağı ilə onun boynunun şah damarını kəsdi. Ağzını tutduğu üçün  əsgərin səsi belə çıxmadı. Növbə ikinci yekəpərin idi. Altay boğuq səslər erməni dilində ,-ilan -ilan,- deyib çığırmağa başladı. Dostunun səsinə irəli yüyürən yekəpər əjdahanın ağzına düşdü...

Asta-asta maşına yaxınlaşırdı. Smbatyan tez-tez,,anitsir ayn"( lənətə gələsən) deyə-deyə maşının təkərini təpikləyirdi. İlham isə gözə dəymirdi.Əli ilə Smbatyanın çiyninə toxundu.Geri çevrilən erməninin gözləri böyüdü, nitqi tutuldu. Əlində qanlı bıçaq tutan Altay dedi:

-Sən mənə qul deşmişdin! Unutma qul deyiləm, qisasçıyam, deyib bıçağı var gücü ilə onun sinəsinə sapladı.Bıçaq düz ürəyinə dəymişdi. ,,Tfu " deyib üstünə sıçrayan qanı sildi. Qəflətən ənsəsinə söykənmiş dəmirin buz soyuqluğunu boynunda  hiss etdi. Nə baş verdiyini anlayana qədər səlis Azərbaycan dilində tanış səs eşitdi.

- Elə bilirsən mən axmağam?! Yeri! Xam xəyala düşmə. Bir az sonra dəstə burda olacaq. Sən birinci əsgəri öldürəndə gördüm,  sadəcə silahım yox idi deyə müdaxilə edə bilmədim.  Tez ratsiya ilə məlumat verdim.Mən ermənilərlə əlbirəm.Məni yüksək dəyərləndirirlər.Sadəcə tutulanda tanımamışdılar.Əsir bir erməni zabiti ilə dəyişdirilməli idin.Niyə dəyişməlidirlər?Bilmirsən.Çünki  atanla ortancıl qardaşından sonra kapitan olan qardaşın da sayəmdə öldürüldü.

Qulaqları küyüldəyirdi.Başqa heç nə eşitmirdi.Ürəyi şiddətlə döyünürdü.Qeyri-iradi bir neçə addım atdı.Sanki onu uca bir qayanın başından qəfil aşağı atmışdılar.Ratsiyadan gələn səslər onu ayıltdı.İlhamla əlaqə qurmuşdular.Bir andaca bütün bədəni yay kimi gərildi.Fənd   işlədərək geri çevrilib bıçağı İlhamın iki qaşının ortasından başına saplasa da İlham tətiyi çəkə bildi. Güllə sol çiynindən dəymişdi.Yaxın məsafədən vurulduğu üçün güllə olduqca dərinə işləmiş və toxumaları zədələmişdi. Onu qan aparırdı ,amma o hələ ölmək istəmirdi. O, maşındakı bütün silah-sursatı məhv edəcəkdi. Maşındakı ehtiyat benzini götürüb birtəhər borta dırmandı.Hiss edirdi ki gücü tükənir.Huşunu itirməmək üçün diqqətini və gücünü toplamağa çalışırdı.Benzini boşaldıb qabı aşağı tulladı.Taqəti tükənirdi, zorla ayaq üstə dayanırdı.Gözlərinin önündə dairələr əmələ gəlirdi.Hay-küy eşidirdi.İlahi, kömək ol.İşim yarımçıq qalmasın.Artıq səslər lap yaxından eşidilirdi.İnsan səsi maşın səsinə qarışmışdı.Aşağı əyilib gözlədi.Düşmən əsgərləri ondan cəmi 50-60 metr aralıda idilər.Yerə tökülüşüb ətrafa səpələndilər.Əlini cibinə atıb kibriti çıxardı. Bənövşənin dəsmalına baxıb dedi;

-Bağışla Bənövşə! Sənin dediklərini lazımi ünvana çatdıra bilmədim, amma az da olsa bunlardan qisas alacam. Mən bu ağır artilleriya mərmilərinin düşmən əlinə keçməsinə razı ola bilmərəm. Bağışla məni.Təəssüf ki, içimizdə İlham kimi nankor və şərəfsizlər var, təəssüf ki güc qüvvələrimiz bir olmadılar deyib kibriti çəkdi.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)