VAQİF OSMANLI - BİR GÜNLÜK BAŞ NAZİRİN HƏQİQƏT MÜCADİLƏSİ,
yaxud qarşıdakı o məchul illərdə bəşəriyyəti kimlər və necə xilas edəcək?
(Azad Qaradərəlinin “Baş nazirin frakı” romanının ötürdüyü mesajlar üzərinə)
Azad Qaradərəlinin “Baş nazirin frakı” romanının məziyyətləri haqqında düşüncə və təəssüratlarımı müəllif kimi mən də əsərin epiqrafı olan qədim türk duası ilə başlamaq qərarına gəldim. İnanıram ki, bu dua mənə çox məsuliyyətli işdə - qeyri-adi bir əsər haqqında ürəyimdən, beynimin dərin qatlarından gəlib keçənləri oxucularımıza çatdırmağa kömək olar. Həm də bu dua çağdaş zamanımız üçün daha ibrətamiz və keçərlidir: “Allahım, ilk öncə dağa, daşa ver, ondan sonra insanlara, qapı qonşuma, möhtac olanlara ver. Qalarsa, ən sonda mənə ver”.
Ulu türk dağın, daşın, torpağın, Vətənin, insanın, insanlığın, qonşunun, qayğıya möhtac olanın qayğıya, mərhəmətə nə möhtac olduğunu aydın göstərir. Humanizm, qədirbilənlik, mərhəmət, gözü və nəfsi toxluq imandandır; dünyanı bu əxlaq kateqoriyaları ayaqda tutar...
“Markes yazıçılığı dülgərliyə bənzədir. Mən isə yazıçılığı mantyorluğa bənzədirəm. O olmasa, bir küçə, bir kənd, hətta bir şəhər bütövlükdə qaranlığa qərq olar. Çiynində ilişkə - buna mantyorlar “qoxti” deyirdilər (işıq dirəyinə çıxmaq üçün mantyor aləti), əlində kəlbətin küçəbəküçə gəzən bu qəribə adamın sayəsində zülmətə bürünən məhlənin işıqları qəfil yanır, hamı sevincə qərq olur... (Yüz illərdir ki, Nizami işığı, Nəsimi, Füzuli, M.F.Axundov, M.Ə.Sabir, Mirzə Cəlil, Y.V. Çəmənzəminli, H.Cavid, Sabir Əhmədli ziyası zülmətdən hələ indi də əziyyət çəkən binəva ölkəmizi işığa qərq etməyə çalışmırmı?!) Amma onun işi təhlükəlidir həm də. Onu cərəyan vura bilər, onu intihara sövq edərlər, kimlərsə yazı-pozusunu iyləyib-çüyləyib onu vətən xaini də çıxardar”... (Azad Qaradərəli).
Azad Qaradərəli işin təhlükəliliyindən qorxurmu? Öz varlığım kimi əminəm, qətiyyən qorxmur. Sözün məsuliyyətini, urvatını, özünün qətiyyətini, ləyaqətini yaradıcılıq meyarı bilən yazıçı qorxsaydı “Şəhərcik”, “Əllidən bir kəm”, “Xeyrat”, “Kuma-Manıç çökəkliyi”, “Morq çiçəkləri”, “Morqda karantin”, həmçinin mülahizələrimi təqdim etməyi özümə mənəvi ehtiyac bildiyim “Baş nazirin frakı” və başqa əsərlərə şəstlə, cəsarətlə öz imzasını atmazdı.
Azad müəllim həyatın özünü yazır. Bu qələm adamının güzəranımızın gerçəkliklərini bütün çılpaqlığı ilə yazmaq cürəti məni onun zəngin yaradıcılığna baş vurmağa vadar etdi. Dərin düşüncə adlı mənəvi nemətə sahib olmayanlar o dəqiqə dodaq büzəcəklər ki, burda nə var, adi həyat hadisələridir, bunu yazmağa hünərmi lazımdır? Adi hadisələrə özünəxas, realist, cürətli yanaşma o hadisələri qeyri-adi edir. Bunun üçün yuxarıda sadaladığım keyfiyyətlərlə yanaşı, yazıçıda müşahidə qabiliyyətli üçüncü göz olmalıdır – bəsirət gözü. Bu göz həmişə açıq olur. Belə göz sahibləri ürəyinə, istedadına, qələminə, sözə, oxucusuna xəyanət edə bilməzlər.
XX əsrin ikinci yarısında fəlsəfədə, incəsənətdə, ədəbiyyatda və mədəniyyətdə modernizmin ideyalarına, sərt qaydalarına, mütləq həqiqət iddialarına və ənənəvi formalarına reaksiya olaraq yaranmış, onları şübhə altına alan və ya inkar edən postmoderizm cərəyanı yarandı. Sözün hərfi mənası "modernizmdən sonra" deməkdir. Bu sahə ilə daha çox məşqul olan şair-esseist Qismətə görə, postmodernizm bir şeyin nə olduğunu deyil, necə olduğunu soruşmaqdır.
Şair, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu yazır:
“Bizdə kinayə oyununun Sabir kimi, Cəlil Məmmədquluzadə kimi ustadları var. Onlar xortdanlar, xoxanlar, avamlar, ölülər, dəlilər mühitinə qəhqəhə çəkərək gülməyi bacarıblar postmodernistlərdən qat-qat əvvəl…
Postmodernist görünmək xətrinə görkəmli yazıçılarımızı, alimlərimizi, o cümlədən Cəlil Məmmədquluzadəni kinayə, rişxənd obyektinə çevirmək istəyən bəzi «postmodernistlərimiz» bunu unutmasınlar və öyrənmək istəyirlərsə Mirzə Cəlilin əsərlərinə müraciət etsinlər...
Seyid Əzim Şirvaninin, Sabirin, Cəlil Məmmədquluzadənin əsərlərində postmodernizmin əsas tələblərindən biri olan kinayənin saysız-hesabsız nümunələrinə rast gəlmək mümkündür.
Kinayə mərhum şairimiz Eldar Baxışın şeirlərində çox mühüm yer tutan bir sənətkarlıq komponenti idi. Onun da yaradıcılığında özündən əvvəl yazıb-yaradanları bəyənməmək, lağa qoymaq, hətta sosializm quruluşuna lağlağı münasibət meyli çox güclü idi. «Şəhərimizin qoca kişiləri, qoca arvadarı» şeirində əslində cavanlara mane olan, onların payını «əlindən qapan» yaşlı, nüfuzlu qələm sahibləri tənqid obyekti idi. Eldarın o zaman postmodernizmin nəzəri prinsiplərindən xəbəri olmasa belə, bir postmodernist kimi düşünür, postmodernist kimi yazırdı. Ancaq ən yaxşı cəhət bu idi ki, əslində Eldar xalq yaradıcılığından gəlmə ənənələri çox bəyənir və yaradıcılıqda ondan istifadə etməyi xoşlayırdı”.
Azad Qaradərəlinin “Baş nazirin frakı” romanı qaydasızlığın qayda olmasını, vahid həqiqətin olmadığını, inkarın inkarını müdafiə edən cərəyan kimi postmodernizm meyarlarlarına tam uyğun gəldiyinə, yerli-yerində istifadə olunan ironiya, parodiya, sarkazm, dialoq və digər ifadə formalarına, hər kəsin öz həqiqətinə söykənməsinə, xaotik dünyanın eybəcərliklərinə münasibətə görə çağdaş Azərbaycan ədəbiyyatının postmodern əsərlərindən hesab etmək olar. Lakin bu yazıçını başqalarından fərqləndirən bir nüansı hökmən qeyd etməliyəm – onun yaradıcılığının naturalizmə meyilliliyini!
XIX yüzillikdə yaranan naturalizm cərəyanına münasibəti yaradıcı insanın cəsarəti ilə yanaşı, onun səmimiliyindən və təbiiliyindən xəbər verir. Bu cərəyanla yaxından təmasa bizim mental dəyərlərimizin mane olduğunu düşünənlər yanılırlar. Şərqin böyük mütəfəkkiri Mövlanaya görə, kamil insan “ya göründüyü kimi olmalıdı, ya da olduğu kimi görünməlidir”. Bunu Azad müəllim yazılarının birində xüsusi vurğulayır. Həyatın özünü yazanda ona süni bər-bəzək vurmaqla, söyüşcül qəhrəmanın dilini şirin etməklə yazıçı kimisə aldatmaq istəyirsə, hər kəsin və hər şeyin təbii halından qorxub ona yalan donu geydirirsə, birinci növbədə özünü aldadır. Ədəbiyyat zövq sənətidir, zövq formalaşdırır, təbiiliyi inkar eləmək zövqü zorlamaq deməkdir. Yazıçı “Yeni ədəbi naturalizm” elmi araşdırma essesində yazır:
“Son illərdə, bəlkə də lap əvvəldən bədii yazılarımda – hekayə və romanlarımda bir xətt olub: ədəbi naturalizm. Yəni həm təbiətdə, həm cəmiyyətdə və eləcə də onların hər ikisinin güzgüsü olan ədəbiyyatda naturalizm tərəfdarı olmuşam”.
Düşünürəm ki, yazıçının üzərində işləyərək bir təlim halına gətirdiyi ədəbi naturalizm onun postmodern düşüncəsinin önəmli kriteriyalarındandır. Elə “Kuma-Manıç çökəkliyi”, “Şəhərcik”, “Xeyrat” romanları da postmodern və naturalist ədəbiyyat nümunələri olmaqla həm də klassik realist dəyərlərə söykənən əsərlərdir. Məhz buradan belə nəticə çıxara bilərik ki, Azad Qaradərəlinin əsərlərində postmodernizm, həm də yeni ədəbi naturalizmlə iç-içədir.
***
Günlərin bir günü, lap elə bu gün, yaxud 21-ci yüzilliyin ortalarına doğru bir Şərq məmləkətində (məmləkət yazmağıma baxmayın, bu rəvayət deyil, acı gercəklikdir) “Aldanmış kəvakib”dəki Yusif Sərracın başına gələn bir olay baş verir. Bu dəfə belə taleyi bir yazıçı yaşayır. Özü də cəmi bir günlük. Yaxşı ki, bir günlük. Niyə yaxşı ki?.. Təəssüratlarımın sonunda deyəcəyəm.
Bir günlük bu taleyə tuş gələn yazıçı bu vilayətin (ölkənin yox, ölkədə ölkəlik qalmışdı ki? ) “taxt-tacını, üsul-idarəsini” xilas etməliydi. Bir daha vurğulayıram, elə bilməyin hadisələr Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər məmləkətlərində, yaxud hansısa xanlıqda cərəyan edir, elə bu günümüzdə baş verir. Yazıçıya (bundan sonra baş nazir yazacağam) bir firuzəyi qaşlı üzük də verirlər ki, o üzüyü kömək, imdad üçün üç dəfə barmağından çıxara bilər. Dördüncü dəfə isə üzüyün firuzəyi qaşındakı zəhəri içib canını həm bu fani dünyadan, həm də ətrafındakı ünsürlərdən, sosializm termini ilə desək, antipodlardan qurtarar. Yəqin ki, onda ən çox məmnun olan da antipodlar olar.
Bəs ölkəni, xalqı kim xilas edəcək? Bunu heç fələk də bilmir...
Hələ 900 il əvvəl ulu babamız Nizami yaxşı padşah axtarırdı. Arzusu ürəyində qaldı böyük müdrikin, poeziyamızın Şeyxinin. 900 ildən sonra Azad Qaradərəli yaxşı padşahı yazıçıların arasında axtardı. Tapdı, yalnız bir gün yaxşı padşah, yox e, baş nazir oldu. Bir gün bitər-bitməz Yusif Sərrac taleyi yaşayan baş nazir başılovlu qaçıb getdi isti və rahat odasına, yarımçıq romanlarını yazıb bitirməyə. Ölkə qaldı yenə özbaşına... (Bu bir gün sözünü belə ürəklə işlətməyimə baxmayın. Yazıçının romanda bəhs etdiyi o BİR GÜNƏ yüz illərin dərd-səri, əzabları, tikə-parça olmuş ölkəmizin ağrıları, yad dillərin təhdidi altında inləyən sahibsiz ana dilimizin iniltiləri və bu dərdləri önləməyə çalışan “baş nazirin” – yazıçının çabaları sığışıb.)
Baş nazir özündə-sözündə deyildi, haqq-ədalət axtarırdı, “rus, fars sözü işlətmə” deyib yaxasını cırırdı. Amma özünün də dodaqlarının arasından arabir rus, fars, firəng sözləri sarayın (Haqq qapısının) ab-havasına qarışırdı.
Hamı “qardaş” olsun, qardaşlıq dini”nə itaət etsin əmri verən baş nazir nədən, haradan başlamalıdır? Hər şey uçulub-dağılıb, əldən gedib, nə başı ələ gəlir, nə ayağı.
“- Sən mənə qardaş de, qardaş... Ölkədə bu gündən bütün insanlar qardaşdır...
- Nə, qardaş?! Haşa! Mən bir fəqir vəziri...
- Adam, bu ölkənin, toyes... Bu söz hardan ağzıma düşdü?! Bu vilayətin başçısı mən deyiləm?! Sənə əmr edirəm, hamıya çatdır, bunnan sonra ölkədə hamı qardaşdır! Bir-birimizə qardaş deyə müraciət edəcəyik...
- Qardaş sultan... Eeee... Bağışlayın... Qardaşım, bəs bacılar? Onlar necə olacaq? Axı biz onların çoxunu alıb arvad eləmişik? Onlara da mı qardaş deyəcəyik? Şəriətə görə...
- Nə şəriət, a kişi?! Şəriət-məriət yoxdur! Bizim dinimiz də qardaşlıq dini olacaq. Bu məmləkətdə din dövlətdən ayrıdır... Sənin neçə arvadın var ki, belə narahat olursan?!
- Qardaşım, onsuz da sənə hər şey əyandır, görürəm. Bilmədiyiniz bir şey yoxdur. O ki qaldı arvadlarıma... Onların çoxu ölüb... Dörd yüz il qabaq mənim qırx arvadım olardı... Cariyyələri hələ demirəm... Sonra azala-azala gəlib bir arvada çıxmışam... Əmma... Sənə hər şey əyandır onsuz da, eşkarada bir arvadım var, daldada, indiki dilnən desəm, saxladığım yenə elə əvvəlki kimidi... Otuz-qırxı var... Biz hamımız beləyik də, qibleyi-qardaş... Toyes... Bağışlayın... Qardaşım!”…
Uzun çək-çevirdən, məşvərətdən sonra baş nazirlə vəziriin qadınlara “bacı” deməyə dili dönmədi, daha doğrusu bu “ayıb” hesab olundu, xanım deməyi qərara aldılar.
Mentalitetimizə sadiq qalaraq, baş nazir vəzifəsinə başlayan kimi yemək vaxtlarının adının dəyişməsinə önəm verdi. Ölkədə bundan prioritet məsələ yox imiş... Səhər yeməyini “səhərlik”, günorta yeməyini “günlük”, axşam yeməyini “axşamlıq” adlandırır. Əvvəl Padşah Sarayı, sonra Mərkəzi Komitə, daha sonra Prezident Sarayı, indi Nazirlər Kabineti adlanan yeri “Haqq Qapısı” adlandırmağı ən vacib sərəncam bilir. Bu “Haqq Qapı”sında haqq olacaqmı? Əsas məsələ bu deyildi, bu haqda düşünmək ağlına gəlmədi. Kabinet əslində saray fünksiyasını yerinə yetirirdi, burada cəlbedici, başgicəlləndirən çox incəliklər vardı. Birincisi, tovuzquşu kimi bər-bəzəkli, can alan cariyələr burda lap çox idi, göz-qaşla, him-cimlə ağlı başdan alırdı. Bu da baş nazir üçün ən incə məqam idi.
Baş nazirin (o, prezident üsul-idarəsinin əleyhinə olduğu üçün, ölkəni prezident respublikasından parlament respublikasına çevirir ki, burada da birinci şəxs baş nazirdir) ailəsi də onu anlamır, hətta ölkə başçısı olmasına sevinmir.
“- Eeee, ay ata, sənə bu lazım idi?! Mənim dərsim bir yannan, hazırlığım bir yannan, hələ Ayxanı məktəbə kim aparacaq birinci, beşinci günlər? Ay ata, bəlkə o iki günü Ayxanı gəlib məktəbə yenə sən aparasan?
Gülmək məni tutur.
- Qızım, sən nə danışırsan? Mən indi ölkənin sahibiyəm e, mənnən əlinizi üzün... Amma istəsən, maşın göndərərəm, aparar uşağı məktəbə...
Bu vaxt Ayxan yan otaqdakı qapıdan başını içəri salır:
- Baba, ya sən özün gələcəksən, ya da... Mən sənin hakimiyyətini qəbul etmirəm! Tanımıram belə dövləti! Bax, sinif yoldaşlarımı da yığıb, sənin Haqq sarayının önündə mitinq edəcəyik! No, no, no!
- Niyə?! - Heyrətlə soruşuram.
- Eeee... səhər açılannan Razindəki bütün rus məktəbləri qapadılıb... Deyirlər, ingilis dilinə də qadağa qoymusan?! Belə şey olar?! Mən sənin prezidentliyinə qarşıyam! Ay həv English freedom!”
Saraydan bezən, evi üçün darıxan baş nazirin xanımı sarayı tərk edir. Baş nazir “evin, evin xanımının əllərinin qoxusu hopmuş dovğanı qoxulayıb qəhərlənir”, qəribsəyir.
Cariyələrin “Sonalar gölü” rəqsiylə süzə-süzə baş naziri “müalicəsi” yeni “terapiya” olmasa da, baş nazirin lap xoşuna gəldi. Hələ cariyələrdən birinin baş nazirin “gənclik sevdalarından” birinə oxşaması! Bu aurada sağlam beyin qarışmasın, neyləsin?
“Ha eləsəm də, sıvılıram və hiss edirəm ki, ürəyim gedir bu qızçün. Amma bağrıma daş dasıb deyirəm:
- Sizi bu günnən azad edirəm. Tapşıracam, ən yaxşı universitetlərdə sizə dövlət hesabına təhsil verəcəklər, oxuyun, ölkəmizə layiq gənclər olun... Bu günnən azadsınız.
Qızlar çaşqın halda bir-birinə baxıb ağlaşırlar. Gözümü çəkə bilmədiyim gözəlsə lap dizimin dibinəcən gəlib hönkürür:
- Könlümün sultanı, kim sizə qardaş deyər, özü bilər, mən sizə qardaş deyə bilmərəm... Elə siz də mənə bacı deməyəcəksiniz, bilirəm... İcazə verin, mən qalım Sarayda... Sizə ziyanım gəlməz...
Ona qalmağa icazə verirəm, qalanlarını isə birdəfəlik maaşla və universitet təqaüdü ilə (Anadolu türkləri buna burs deyirlər) azad edirəm”...
Bu aləm bir-birinə qarışan vaxtda təşrif buyuran baş nazirin dostu Arif Həkimoğlunun zəngi, xalis Bakı ləhcəsinin şirinliyi ilə danışığı sükutu pozur. Kinoaktyor tələbə dostu baş nazirin arağı Coca-Cola ilə qarışdırıb içməsindən, yeni kinoların çəkilməsi üçün vəsaitdən ayrılmasından, baş nazirin dostlarının “kapitan komanda”sı olmasına qədər məzəli söhbətindən sonra nigaran-nigaran soruşdu: “- Azadcan, bi dağğa olar? Bizim dəstəmiz vardı ye, sən də kapitan kamandaydın... Vağif, İsmayıl, Sehran, Behbud, sən, mən... İndi nə olacax bu dəstənin halı? Biz sənsiz yığışa bilmiriy axı?”
Baş nazirin hələ başı qarışıq olduğundan dostları yadına düşmürdü, hələlik darıxmağa da vaxtı yox idi. Qafası “fövqəladə” işlərlə məşğul idi – həkimbaşı baş həkim olmalı, vəzir avropalı kimi geyinməli, nitqdə yad sözlər işlətməməli və s.
Daha qlobal məsələlər az qala unudulacaqdı – Milli Məclisin buraxılması, nəvəsinin xarici dilli məktəblərin bağlanmasına, babasının hakimiyyətinə üsyanı, məmurların sadə xalqın pay torpaqlarını çəpərləyib özününküləşdirməsi (özəlləşdirməsi yox), neft erasının bitməsi, SOCAR-ın prezidentinin ölkədən qaçması, dedovşina və işgəncə üsullarının, əsgər ölümlərinin çoxalması, yol polislərinin ölkəni bürüməsi, İrana, Rusiyaya işləyən agentura şəbəkəsinin aşkar edilib ləğv olunması və s.
Dazili İşlər, Müdafiə, Mədəniyyət, Təhsil nazirləri, DTX rəisi, iki yazıçı ilə görüşlərin, tələbə yoldaşının onu “Sahib-əz Zaman”a bəzətməsinin aurasından baş nazirin ürəyi bulanır: “Mən bu yaltaq sürüsüylə necə işləyəcəyəm? Yaxşı, tutaq ki, çıxartdım, bəs yerinə kimi qoyacam? Mənim komandam yoxdur axı... Axı bu axmaq işi niyə məhz mənə tapşırdılar?!”
Müşkül vəziyyətdə qalmışdı baş nazir. Kimi vəzifəyə gətirsəydi tülkü kimi hiyləgər və yaltaq olacaqdı. Onun yaltaq, korrupsioner, tamahkar, xalqın qanına susayan məmur dəstəsini “Şərəf yoxsulu” medalı ilə qorxutmaqdan başqa əlacı yox idi. Amma belə xislətlər daşıyanların şərəfi olurmu? Hamlet demişkən, budur əsas məsələ. Əslində mən də Azad Qaradərəli (baş nazir) kimi düşündüm, belə təsəllidən başqa çarə tapmadım: ”Doğrudan da bura Şərqdir”.
“Nizamidən üzübəri yazıçılar hökmdarlarla hayhəşirdədilər”- bu düşüncə baş naziri incidir. Belə hayhəşirdə bizim çağdaş, demokratik düşüncəli yazıçı və şairlərin əksəriyyətinin səs-sədası eşidilmədi, səsinə səs verən yazar zümrəsi tapmadı.
Təhsil nazirinin əmri ilə baş nazirin qızının təhsil şöbəsinə müdir təyin edilməsindən qeyzlənib “bu nə özbaşınalıqdır!” deyib bağıran baş nazir özündən çıxanda saray adamları tam arxayın olur ki, bundan canları tez qurtaracaq, əvvəlki kimi azad nəfəs alacaq, kef çəkəcəklər. Düşündülər ki, əvvəlki kef çəkilən əyyam tezliklə geri qayıdacaq...
Baş naziri “qeyri-neft sektorunun inkişafı, təhsilin, elmin başqa səmtə yönəldilməsi” qane etməyəndə ürəyində bir arzu oyandı, ilahi arzu:
“Kaş Azad Mirzəcanzadə sağ olaydı. İndi mənə onun kimi adamların köməyi lazımdır. Hələ Xudu Məmmədov! Yaşar Qarayev! Elə o biri Qarayev – bəstəkar! Axı niyə indi belə dahilər yetişmir?!
Təhsilimizi, elmimizi tamam başqa səmtə yönəldiblər. Mənim ilk işlərimdən biri təhsili və elmi zirzəmilərdən çıxartmaq olmalıdır”...
“Ac şairi qapıdan qovmayan” baş nazir ilk iş günü yarı olmamış gözlənilməz sürprizlə – baş nazirdən uşağı olduğunu sübut etmək üçün qəbula gələn mamlımatan, qaş-göz oynadan gözəlcə ilə üz-üzə gəlir. Bu onun gənclik günahlarından neçəncisiydi, özü də sayını itirmişdi. Gözəlçə çoxdan yazıb son iki saatda iki nüsxə çap etdirdiyi “Məhəbbətin nübarı” kitabıyla təşrif buyurmuşdu. Dili-ağzı quruyan baş nazir bir anlıq ötən günlərə qayıtdı: “O kitabın adı əslində “Məhəbbətin günahı” olmalıydı:
“Tanıdım qadını! Keçmiş tanışlardandır. Bir yüngülvari o söz... Amma bəs kitabın üstündə niyə ayrı ad yazılıb? Həəəə, yəqin özünə yeni təxəllüs götürüb?.. Bunu bu vəziyyətdə buraxmaq olmaz. Bizim kənddə bir biədəb məsəl vardı, biədəb yox, ədəbsiz, hə, deyirdilər: “İt oturmamış şeyi çıxdı.” İndi bu lotunu hirsləndirərəm, gedər bir axmaq nəşriyyatla müqavilə bağlayar, məni rüsvay edər. Uşaq-filan boş şeydir. Amma şəkillərimiz var axı... Qoy gəlsin, görək, xanımça nə istəyir?..
- Yaxşı, burax gəlsin.
Söz ağzımdan çıxan kimi qadın özünü atır içəri. Altmış nədi, heç əlli də verməzssən. O qədər kraska-filan vurub ki, lap Hollivud aktrisalarına bənzəyir... Həmin o M. xanımdır. Bir zaman birlikdə olmuşduq. (“Şəhərcik” romanını oxuyanlar onu yəqin ki, yaxşı xatırlayırlar). İndi onun altını çəkməkdəyəm”.
Viktor Hüqonun təbirincə, “çörəyini qana batırıb yeyənlər” – baş nazirin təhkiyəsi ilə desək, “falaqqa müxalifəti”nin banisi, “Xırdalanda podzemni bazası” olan Arpadari ilə müxalifətçinin qarşılaşması, Arpadarinin geniş fəaliyyəti nəticəsində müxalifətçinin “arvadının və qızlarının onun haqqında internetdə görüntülü paylaşımları (“kişiliyi yoxdur, qızları da ondan deyilmiş”) bu günümüzün dözülməz acı reallıqları kimi insanlığa ləkədir.
Bu romanın başqa bir özəl xüsusiyyəti əsər içində əsər variantının tətbiqidir. “Baş nazirin frakı”nın içindəki romanın içində roman olan (bu da postmodernizmin bir xüsusiyyətidir) “Burdan bir çay axırdı” əsəri iki hissədən – “İki səfər”dən” ibarətdir.
Yazıçı “Birinci səfər”də bəşəriyyəti gözümçıxdıya salan, nəfəsini kəsən ekoloji böhran, yoluxucu xəstəliklər, quraqlıq, çayların quruması, bulaqların batması, “həyat qurtaran” içməli su qıtlığı kimi halların qarşısının alınması üçün meşələrin qorunması, meşə zolaqlarının salınması, ətraf mühitin çirklənməsinin önlənməsi və başqa təbiət kataklizmləri kimi qlobal məsələləri vurğulayıb həyəcan təbili çalır.
Tez-tez “aralarından gürzə şığıyıb keçən” 7 nəfərdən ibarət ekspedisya üzvləri “bir vaxt cənnət olan, ildə üç dəfə məhsul götürülən” yurd yerlərinin xarabalığa çevrilməsinin günahının kim və yaxud nə olduğunu axtarır – Allahın işimi, yoxsa taleyin qisasımı? Ekspedisiyanın əsas məqsədi “yeraltı su ehtiyatı tapmaqla köhnə başkənd Banın (Bakinin), yeni başkənd Qənin (Qəbələnin) su təminatını yaxşılaşdırmağa kömək etməkdir” (Ekspedisiyaçılar, o cümlədən bütün əhali vaxtdan səmərəli istifadə etmək məqsədi ilə, bəlkə də ərindikləri üçün bir çox söz və kəlmələrin adlarını qısaldaraq işlədirlər).
Artıq təkcə insanlar yox, “xallı pələnglər, ayılar, ceyranlar yuxarı meşəliklərə çəkilib”. Neyləsinlər? Axı ana təbiət onları da imtahana çəkib, məskənləri səhraya çevrilib, çaylar quruyub. Bu əzablı yolun yolçularının gördükləri 21-ci əsrin sonlarına təsadüf edir. Gələcəyimiz təhlükədədir...
“Ağacların quruması təkcə onların faciəsi deyildi. Bu ərazidə yaşayan yüzlərlə quş növü yuva qurmağa ağac olmadığı üçün qurd-quşa yem olmuş, nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qalmışdı. Təkcə əti yeyilən turac, qırqovul, çöl toyuğu, alabaxta, göyərçin, qaratoyuq kimi quşlar deyil, qismən yırtıcı olan qarğalar, koryapalaqlar, qarğalar, sağsağanlar da ağacların yoxa çıxmasından əziyyət çəkmiş, yuvalarını əlyetən kol-kosda qurmağa məcbur olmuşdu...
Gördüyümüz bir mənzərədən hamımız sarsıldıq. Təsadüf nəticəsində hələ yıxılmayan bir hündür quru çinar ağacının budaqlarında bəlkə iyirmiyəcən quş yuva qurmuşdu...”
Söhbət elə bir zaman kəsiyindən gedir ki, “nə suyumuz o sudur, nə torpağımız o torpaqdır, nə də çayımız o çay”. Təbiət insandan intiqamını almaqdadır. Bizim nankorluğumuza sərt üzünü göstərir, torpağın sinəsi cadar-cadardır. “Təbiət üzərindəki qələbələrimizlə çox da öyünməyək. Hər bir belə qələbə üçün təbiət bizdən intiqam alır” (F.Engels).
“Bilirsiniz ki, neçə illərdir ki, Qrenlandiya uğrunda üç böyük dövlət arasında savaş gedir. Hələ Antraktida uğrunda təzə qızışan buzlaq savaşı Çinlə Hindistanı üz-üzə qoyub... Bizim nə Qrenlandiyada gözümüz var, nə Antrakitidada. Bizim öz torpaqlarımızda tapacağımız xoşbəxtlik bizə yetər. İl, sən ağıllı alimsən. Xahiş edirəm, köməkçlərini də götür, bu gün köhnə təqvimlə 2075-ci ildə - bu təzə təqvimlə edir 2080-ci il – mart ayının 18-də, bayrama iki gün qalmış tamam qurumaq üzrə olan Araz çayından Qara (əvvəlki adı Qaradərə idi) kəndinin başınacan tədqiqat aparın, bir-iki günə məlumat hazırlayın, görək biz buralardan yeraltı su hövzəsi tapa bilərikmi? Əgər bunu tezliklə edə bilməsək, onsuz da bu əlli ildə insan ayağı dəyməyən bu yerləri biz birdəfəlik itirəcəyik... Halbuki yadımdadır, buralarda bərəkətli torpaqlar vardı. Bizim Azın babası olan yazıçının kitablarından da bunları oxuya bilərsiniz...
... İndi quraqlıq kəsib dünyanın qapısın. Bunun görsənən adı quraqlıqdır, əslində isə fəlakətdir. Deyəsən, dünyanı yaradan kişi peşiman olub...”
Qaladaşı, Qaradağ, Yarımyaylaq, Qaradərə, Qaragöz, Mirzə Haşım qəbiristanlığı, Bəsitçay, Həkəri çayı, Bərgüşadçay kimi toponimlərdən, Avropada biirinci, dünyada ikinci Çinar meşəsindən bu bölgəni tanıdınız yəqin.
“İkinci səfər”in məqsədi “haylar yaşayan sərhədləri tədqiq etmək” olsa da, səfərin içində səfər də aktual məsələdir - qız məsələsi. Təəccübləndiniz, eləmi? Xəyallarınız uzaqlaramı uçdu? Amma sizin düşündüyünüz kimi deyil. Daha vacib məsələdən söhbət gedir. “Ekspedisiya ucqar yaşayış məntəqəsi haqqında eşidib” ora yollanır. O yer qızlar məskənidir. Bətnindəki qızcığazı qorumaq üçün zülmə dözməyib ərini güllələyən, kənddən qaçıb demokratik cəmiyyət formalaşdıran Həcərin obasıdır bu yer, əlbəttə Qaçaq Nəbinin Həcərinin yox. Əldən-ayaqdan uzaq, ancaq sivilizasiyası bir çox özünü demokratik sayan ölkələrdən üstün məkanın öz qanunları, üsul-idarəsi var. Burada matriarxatlıq (anaxaqanlıq) – Ana haqqının Tanrı haqqına bərabər tutulan, qadınların üstünlük təşkil etdiyi cəmiyyət bərqərardır. Ancaq anaxaqan qarşısına çıxan məsələlərə təkbaşına qərar vermir, məsləhətləşmə, səsvermə yolu ilə həll olunur.
“Bəli, bəli, biz ölkədə, o cümlədən dünyada böyük fəlakətlərlə üz-üzəyik. Ən böyük fəlakətimiz isə qızların yoxa çıxmasıdır. Hə. Nə yazıq ki, indi on oğlana bir qız düşür. Ona görə də, qız üstündə bir-birini bıçaqlayan, güllələyən gənclərə tez-tez rast gələ bilərsiniz. Dədələrimizin oğlan aşiqliyi nəslimizin kəsilməsinə gətirib çıxartmaq üzrədir. İllərdir ki, ölkəmizdə əhali artımında böyük durğunluq var...
Qadınlar hamilə olan kimi ərlərinin dutkası ilə (vallah əvvəllər ərləri tələb etsə də, indi özləri daha çox istəyirlər!) aparata qaçırlar ki, uşağın cinsiyyətini öyrənsinlər. Qızdırsa, abort etdirirlər...
Axı bəşəri və dünyanı xilas edəcək iki şey varsa, onun biri qadın zəifliyi, digəri qadın zərifliyidir...”
21-ci əsrin insanı olsa da, 19-cu əsr qafalı adamların çoxluğu bəşəriyyətin bəlasıdır. 7 nəfər ekspediya üzvü prioritet məsələni – “içməli su probleminin ölkəmizi təhdid etdiyi”ni unudub, daha önəmli məsələni - özlərinə “halal-hümmət qız axtarmağı” daha önəmli bilir. Bu doğrudan da zamanın ölüm-qalım məsələsidir.
Qızlar obasının “qarabuğdayı, qısa saçlı, yanaqları adamı qarsan isti nəfəsli Yet (Yetər) ilə Azın (Azadın) görüşü, ürək söhbətləri, bir-birinə isinişməsi (buna sevgi də demək olar) bu obanın müəmmalı sirrinə-sehrinə işıq salır:
“- Bizim ölkədə bir bədbəxtlik var. Biz oğlanlar evlənmək, ailə qurmaq üçün qız tapmırıq. Cahil atalarımız qız uşaqlarını bax, bu Ze kimi aparatların köməyi ilə müəyyən edib, ana bətnindəcə məhv edirlər... Biz də qalmışıq belə... Siz, Yetər xanım, mənimlə ailə qurarsınızmı?
- Nə?! Sizinlə ailə qurmaq?! Əlbəttə, yox. Mən ora sizinlə getsəm, bətnimdə hələ doğulmamış qız uşaqlarını məhv etməzlərmi?!. Bir də mən sizi axı heç yaxşı tanımıram... Sevgisiz nə ailə?! Məgər sizdə sevmədən ailə qururlar?!”
İndi siz deyin, qızlar obasındakı rejim demokratikdir, yoxsa bizdəki? Sevgi müvəqqəti əyləncəyə çevriləndə ailədə fəlakət başlayır – boşanma. Bu qara kabus evlər yıxır, balalar yetim qalır, bir-birinə “sevirəm” deyən cütlük əli bıçaqlı, baltalı cəlladlara çevrilirlər, sərvət, aliment savaşı başlanar.
Qızlar obasına qədəmləri dəyər-dəyməz ”On-on iki yaşlı qızın kamanını çəkib oxunu ataraq obanın başı üzərindən qadın qışqırığına oxşayan tükürpədici səslə çığırışa-çığırışa ötüb keçən bir dəstə keygidar quşundan birini vurub meydanın ortasına salanda” ekspedisiya üzvləri özlərinə ötürülən sözsüz xəbərdalığı anladılar: “Özünüzü yaxşı aparmasanız, bu quş kimi oxlanarsınız”.
“Baş nazirin frakı”nı bəşəriyyətin gələcəyinin gerçək nağılı kimi anladım. Burada “nağıl” sözünü əfsanə, rəvayət, yaxud lağlağı kimi yox, müsbət anlamda başa düşün. Belə nağıllardakı mənəvi dəyərlər, xoşməramlı ismarışlar bəşəriyyətin daha işıqlı günlərinin təməl daşıdır.
Nə isə... Nağıl dili yüyrək olar. Amma bizim nağılımızda göydən üç alma düşməyəcək, ümidlərimizin, arzularımızın şirin meyvələri – vicdan, ləyaqət hissi, insanlıq, insana, insanlığa diqqət, qayğı, mərhəmət, milli mənliyimizi və kimliyimizi qorumaq, yaşatmaq düşəcək, onda hamı xoşbəxt yaşayacaq, dünyamız daha gözəl olacaq. 70 yaşlı El (Eldar) də, ərinin zülmündən qaçıb dağlara sığınıb haqq-ədalət dünyası yaradan Hə (Həcər) də.
“Təxminən, bir saatdan sonra Hə ilə El evdən bayıra çıxırlar. Meydanın ortasında ağacdan qurulmuş bir hündür yer var ki, onlar həmin yerdəki masalara əyləşirlər. Hə Ellə astadan nəsə danışır və ayağa qalxır:
- Qardaşlarım! Bilirsiniz ki, bu söz vaxtilə qadına da, kişiyə də müraciət forması olub, ona görə sizə belə müraciət edirəm. Qardaş, yəni bir qarında yatanlar anlamındadır. Bizdə bu qəbul olunmuş formadır. Çünki bu obada hamı bərabərdir, qazancımız ümumidir, mənafeyimiz də ümumidir... Amma bir şey var ki, o heç vaxt ümumi ola bilməz. Bu, ailədir, evdir, qadın-kişi münasibəti, oğul-uşaqdır. Bilirsiniz ki, mən bura gələndə hamilə idim və məndən sonra bu yerlərin ikinci sakini bətnimdə gətirdiyim uşaq olub. O indi sizin bir çoxunuzun müəllimi olan Nuraydır. Evimi, ocağımı ona əmanət edirəm.
Çox uzatmayacam: biz Eldar kişi ilə qərar verdik ki, evlənirik! Sizlərin də hansınızınsa bu yerdə qalan altı gənclə evlənmək istəyinə qarşı çıxmayacam. Seçim özünüzündür. Kim harada istəsə, yaşaya bilər. Onsuz da səsvermənin nəticəsi də müsbətdir. Amma bir şərtim var. Buradan gedənlər söz verməlidilər ki, ən azı bu Oba ilə ildə bir dəfə əlaqə yaradacaq, gəlib-gedəcək, xəbər tutacaq. Siz mənim yerimə öz iradəniz və öz seçiminizlə bir rəhbər seçməli olacaqsınız...
Meydan uğuldayır. Kimsə qışqıra-qışqıra deyir:
- Siz də bizə söz verin ki, az müddətdə bizə də gənc kişilər göndərəcəksiniz. Axı biz də evlənmək istəyirik!”...
Məncə, bu məqamın şərhinə ehtiyac qalmadı...
***
Azad Qaradərəli ürəkli və zəngin insandır. Bunu onun tükənməz həyat enerjisi, yaratmaq eşqi və məhsuldar yaradıcılığı sübut edir: “Yaradıcılıq peşədir. Onu başqa sahələrin ayağına verəndə bu “xəyanət”i bağışlaya bilmir.” (“Renesans həsrəti”, 3-cü kitab, “Mücrü”, 2023).
Sözə ürəkdən vurulanlar xəyanət bilməzlər. Həqiqətdən qorxan cəsarətsizlərin yazmağa tərəddüd etdikləri həqiqətləri Azad Qaradərəli ürəklə yazır. Ədəbiyyatın güzgüsü həqiqətdir.
Vətənimizdən təbiət heç nəyi əsirgəməyib. Günəşin həyatverici hərarətini, dağları, quşqonmaz, başı qarlı zirvələri, düzənlikləri, məhsuldar torpaqları, çayları, bulaqları, şəfaverici Xəzərin sahillərini, nefti, təbii qazı, bir sözlə yeraltı-yerüstü nemət və sərvətləri. Bəli, nefti də. Bəs neft xalqımıza nə verdi, hanı onun səfası? Niyə səfasından çoxdur cəfası? Bu suallara cavabı Azad Qaradərəlinin dilindən eşidək:
“Neft... Mən heç mutlu olmadım səninlə. Xaraba kəndim, yiyəsiz rayonum, yetim Şuşam, namusu tapdanan Xocalı bacım... sənin badına getdi rusun əliylə.
Tanrı səni müsəlmana paymı verdi, payamı verdi? İslam ümmətini sənə görə payaya keçirirdilər keçmişdə, indi raketdən keçirirlər.
Neft... Nə deyim sənə? Belə getsə, digərlərinə neft-yağ, müsəlmana, türkə yağı olacaqsan!
Biz, sənə bilirsənmi nə diləyirik? Bitəsən deyirik. Quruyasan deyirik. Sönəsən deyirik... Suya dönəsən...
Neft... səni bizdə çıxardan kişi öz vətəninə gedib bizdən apardığı pulla mükafat qurdu. Onlar sənin uğrunda savaşır, biz o mükafatın – bilə-bilə ki, onu heç vaxt ala bilməyəcəyik, çünki biz ağılla mükafat alan deyil, bazarda alış-veriş edənik...
Neft, sən bizi heç sevmədin ki... Sevsəydin o sütül oğlanların, o bəxtsiz cavanların, o taleyi qaraların çırağını qaraltmazdın.
Ucuzlaşmısan deyirlər. “Neftdən əlinizi üzün” deyiblər təzəlikcə. Üzüləsən elə. Həmişə ayağa düşəsən, heç baha günün olmasın. Başa çıxmayasan - insanımıza qıydığın yerdə...
Neft... Heç sevmədin bizi... Sevgi qarşılıqlıdı, bil!”
Bakının başçısı, baş nazirin təbiriylə desək başqanı, Azərsunun və Bakı Su-Kanal idarəsinin rəisləri ilə görüşlərdə baş nazirin onları divara dirədiyindən dili-ağzı quruyan, içməyə su axtaran məmurlar yağış yağan kimi Bakının küçə və meydanlarının, binaların zirzəmilərinin su anbarlarına çevrilməsinə, kanalizasiya sisteminin bərbad vəziyyətə düşməsinə cavab verə bilməyəndə acizliklə baş nazirin rəhminə ümid bəsləyirdilər, kömək istəyən dilənçilər kimi. Yazıçılıq damarı tərpənən baş nazir onları ədəbi dillə - Hüqonun dili ilə başa salmağa çalışırdı:
“- ...Yadınızdadır, orada Jan Valjanla Javerin Parisin kanalizasiyasında dik ayaq üstdə yerimələrindən söz edilirdi. Hətta Jan Valjan çiynində bir nəfəri də daşıyırdı? Bax, mən böyük Hüqonun 160-170 il əvvəlin Parisində təsvir etdiyi o kanalizasiya sisteminin şəhərimdə qurulmasını istəyirəm, cənab rəis!.. Sonra da deyirsiniz ki, Avropa acınnan qırılır!.. Get, əlindəki layihənin tətbiqinə aid nə lazımdırsa, vəzirlə birgə yoluna qoy və bir həftəyə mən bu barədə böyük bir videokonfrans çağırarkən orada ilk geniş məlumatı sən verəcəksən. Düşünürəm ki, biz, təxminən bir il ərzində bu məsələni həll etməliyik...”
“Formula-1” və ölməkdə olan Azərbaycan futbolu məsələsinə başqan udqunmaqdan başqa cavab tapa bilmir. Nə desin ki? İndi onun futbol oyayan vaxtı deyil ki, atılsın yaşıl meydana; nəvə oynadan vaxtıdır, əgər nəvələri burdadırsa, “acından ölən” Avropada, ABŞ-də deyilsə...
“Formula-1”-də ki... Bakının başqanının boğazında kal armud kimi ilişib qalmışdı...
“- Bilirsiniz ki, illərdir, biz Formula – 1 yarışlarına ev sahibiyi edirik...
- Başa düşmürəm, bu Formula – 1 dədəli yetimdir, yiyə duran yoxdur ki, bizim boynumuza atıblar?! A kişi, qoy bir dəfə də Ermənistan keçirsin, Gürcüstan keçirsin, biz nəyik ki, bu Formula – 1-ə belə boğaz olmuşuq?! Yəqin indi deyəcəksən ki, bir neçə gün sonra biz yenə bu yarışlara ev sahibliyi edəcəyik?!
O udqunur. Masadakı suya yazıq-yazıq baxır, amma cəsarət etmir götürüb içməyə.
Məni gülmək tutur. Hirslə gülür, gülürəm.
- A kişi, götür su iç! Sonra da get o Formula – 1-in rəhbərliyinə yaz ki, ölkəmiz müflis olduğunnan daha bu yarışı keçirmək gücündə deyilik...
Adam az qalır ağlasın. Su içib toxtasa da, hiss olunur ki, içəridən bərk narahatlıq keçirir:
- Qardaşım qardaş, əgər biz belə etsək, bizi o yarışlardan uzaqlaşdırarlar... bizi... bizi... beynəlxalq məhkəməyə...
- Qoy nə edirlər, etsinlər! Siz bizi bu kimi əllinci kateqoriyalı yarışlara deyil, idmanın futbol yarışına yaxşı hazırladın. Sənə altı ay vaxt verirəm, Azərbaycan futbolunun keçmiş şöhrətini qaytarın! O Qurban Qurbanovu millinin başına gətirt, özünə də bütün səlahiyyətləri ver, gör nələr edir!..”
Baş nazirin diqqətindən yayınmayan, xalqımızın mentalitetinə pərçimlənən bir məqam, doğrudan da eybəcərliyin ən iyrəncidir, yadıma düşəndə ürəyim bulanır:
“Vəzir əlində bir kitab daxil olur:
- Qardaşım Qardaş, bu kitabınızı oxuyurdum, qəribə bir mətləbə rast gəldim... İstədim yadınıza salım...
- Nədi elə o qəribə mətləb? – Təəccüblə soruşuram.
- Yazırsınız ki, Avropa ölkələrindən birində, neçə əsr bundan əvvəl belə bir qanun varmış: küçəyə tüpürənlər ən böyük məbləğdə cərimə olunurlarmış...
- Hə, elədir.
- Siz yazırsınız ki, əgər bir zaman əlim qanunverici orqana çatsa... ilk növbədə küçəyə tüpürənləri ən yüksək həddə cərimə edəcəm...
- Sağ ol, ay vəzir! Elə isə qələmini çıxart yaz: Küçəyə tüpürənlər yüksək məbləğdə - minimum əmək haqqının dəyərində cərimə olunacaqlar”.
Baş nazirin 35 il əvvəl dünyasını dəyişmiş atası ilə, kommunust süpürgəçi qadınla mükalimələri zamanın bu günkü simasıdır. Kitabxanaların bağlanması, kitabların özüboşaldan maşınlara yığılıb zibilliyə atılması, məcburi köçkünlərin “çörək pulu” piketi, “torpağın dilini bilməyənlərin kəndlilərin torpağını ələ keçirməsi”, işsiz-gücsüz kəndlinin Ağıllı kəndlərdə yaşaya bilməməsi 21-ci əsrdə məmur xisləti olduğına görə əndişələndim. Dəyişmirik ki, dəyişmirik!
***
Söz adamının kürsüsü ən ali və ilahi zirvədir. Baş nazir kürsüsü Azad müəllimin bir günlük qəhrəmanı – “Mən”i üçün yüksək kürsüdürmü? İnanmıram. Çünki ali xislət sahibinə vəzifə kürsüsü ali ola bilməz. Düzdür, belə düşünən söz adamları var, görmüşük, görəcəyik də. Təəssüf ki, ləyaqəti, şərəfi, vicdanı Tanrı hər insana bəxş etməyib. Elə söz kürsüsünü, söz mülkünü də. Amma söz kürsüsü əbədi ucalıqdır, ali kürsüdür. O kürsüdən baxanda bəşər övladı balaca görünmür, dünyanın əşrəfi kimi dəyərli görünür, fövqəlbəşər olur.
“Qəribə bir kürsüdə oturmuşam. Elə bil hamıdan yüksəkdəyəm. Hamı mənə altdan yuxarı baxır.
Əvvəl elə bildim ki, baş nazir kürsüsündəyəm. Sonradan yadıma düşdü ki, orada elə sən deyən yüksək kürsü-zad yox idi. Bəs bu nə kürsüdür ki, məni hər kəsdən ucada göstərir. Oturduğum kürsünü tumarlayır, az qala öpürəm. Hiss olunur ki, bu kürsü də mənimçün darıxıb. Dili olsa, o da məni oxşayar, öpər... (Handan-hana hiss edirəm ki, iş otağımda yazıçı masamdayam. Gözlərim dolur.)
Xanımım içəri girib təəccüblə mənə baxır:
- Ə, bı nədi geymisən? Bıy, biyabır olmuyasan səni... Niyazinin paltarını hardan tapmısan? Çıxard ə, çıxard. Uşaxlar gələcəy indi...
- Frakdı də... Dedilər ki, tədbir olacax... Hamı frakda olmalıdı... Mənə də geydirdilər... Dayan e, uşaxlar niyə gəlir?
- Booo... Necə yəni niyə? Böyünnəri martın beşidi axı... Ad günündü də... Ə, sən allah çıxart ə, bını! Get, 70 illiyində geydiyin o ağavış kastyumu gey... Di dur dayna, arxaı yerə verdin, bəsdi... Gör nə qədər yatmısan?.. Pah! Frakmış”...
Yeganə “sərvət”i, qəlb sirdaşı sevimli komrüteri ilə kabinetdən başi uca ayrılan, bir daha bura qayıtmayacağından sevinən, təmiz hava ilə sinədolusu nəfəs alan, müəllifə bir günlük Yusif Hərrac taleyi yaşamağa məhkum etdiyi “Mən” prototipi ilə Nazirlər Kabinetinin qarşısına qarşılaşır:
“Bir nəfər gözündə gözlük yəhər-yüyən təmir edir sarayın qapısında. Bizi görcək baş endirir.
- Bu kimdir? Tanış gəlir, amma xatırlaya bilmədim...
- Yusif Sərracdır də... Elə o vaxtdan burdadır, saray qapılarında sərraclıq edir... Bəxtinnən indi at minən də yoxdur... Mənnən xahiş etmişdi ki, sənin qəbuluna gətirim, ona babat bir iş verəsən, vaxt edib gətirə bilmədim... Yazıq burda çürüyüb gedəcək”...
Bəlkə də Azad Qaradərəlinin baş nazir “mən”i nadir və analoqu olmayan dövlət məmurdur ki, işini, missiyasını (həqiqi mənada) yaxşı bilirdi, onun məramı xoşniyyətliydi. Bəs niyə cəmi bir gün işləyə bildi? Onun günahı nəydi? Xalqı sevməyimi!
“- Vəzir! Mənim, o cümlədən sənin öhdənə xalqının, dövlətinin gələcəyini qorumaq kimi bir missiya düşüb! Unutma, bu tapşırığı bir mən, bir sən, bir də barmağıma bu üzüyü taxaraq məni bu saraya gətirən fövqəlbəşər o varlıq bilir. Bu addım bizə ölkəmizin gələcəyini qarantiya altına almaq üçün lazımdır. Bax, İsrail bizdən, bəlkə də daha kiçik bir ölkədir, amma illərdir nüvə silahına sahibdirlər. İyirmidən çox ərəb dövləti var, birinin nüvə arsenalı cəhənnəmə, düzəməlli silah bazası yoxdur, halbuki allah onlara neft, qaz kimi böyük sərvət verib. İstəsəydilər, çoxdan bunu etmişdilər... Amma edə bilmədilər. Niyə? Çünki milli düşüncəyə malik rəhbərləri olmayıb indiyəcən. Əvəzində, aftafası və unitazı qızıldan olan rəhbərləri olub... Eh, ay vəzir! Tarix qarşımıza belə bir şans çıxardıb, ya bunu edib, Azərbaycan dövlətini və xalqını qoruma altına alacağıq, ya da dünya səhifəsindən silinəcəyik...”
***
Dünyaya gələn gündən əli oğlunun kürəyində olan, heç vaxt “qorx” deməyən, “özünü qoru” məsləhəti etsə də, qorxaqlığa çağırmayan, “başını dik tut” deyib onu gələcəyə uğurlayan “ən böyük adam” – Ana dar macalda qalan övladını havası ağır mühitdən xilas edir:
“...Oturub fikir-zikirdəykən gördüm anam qapıdan girdi içəri. Baş endirib, qayıtdı ki, ədə, qardaşım qardaş, bu nə hal, bu nə qəziyə?!
Qalxıb, arvadı qucaqladım, ağlamamaq üçün üzümü basdım sinəsinə, amma özümü saxlaya bilmədim, hönkürdüm, nə hönkürdüm.
Dedi, ağlama. İş adam başına gələr. İndi neyniyək, vəzifə bir şahlıq quşudu, qonar adamın başına, amma gərək qondurmuyasan, qondurdunmu, qudurmuyasan”...
Oğul ananın üzünü Ananın sinəsindən ayırmadan özünü azadlıqda hiss etdi:
“Şükür, şükür! Azad olmuşam o həbsxanadan! Allah böyükdür...”
Nə yaxşı ki, bu yuxu bir gün davam etdi. Uzun müddət olsaydı, görəsən ədəbiyyat nələr itirərdi?!.
***
“Baş nazirin frakı” barədə subyektiv düşüncə və mülahizələrimi yekunlaşdırmaq istəyində bulunanda bu qəribə süjetli romandan çıxardığım nəticəni inanıram ki, ilahi sözü başının tacı kimi anlayan və qoruyan sözsevərlər təsdiqləyəcəklər. Vətəninə, xalqına, torpağına, mənəvi dəyərlərə, ədalətli qanunlara sədaqətli insanlar cəmiyyəti yarananda bəşəriyyət xilas olacaq. İnsanlar silah, çirkin siyasət dili ilə danışmasa, təkcə yer kürəsi deyil, əngin səma da gülüstana çevriləcək. O zaman dünyanın cənnəti müəmmalı o dünyada yox, əməllərimiz, niyyətimiz, sözümüz yaşayan bu dünyada olacaq. Belə dünya arzusu ilə...
oktyabr 2026
