Azərbaycanın Şennonqu ilə müsahibə
Azərbaycanın Şennonqu ilə müsahibə
1. Yəqin ki, Çin imperatoru Şennonqun qaynar suyuna bir neçə bitki yarpağı düşməsəydi, biz çayla tanış olmayacaqdıq. Bəs Azərbaycanın Şennonqu Leyla xanım necə oldu ki, çayı belə fərqli üslubda təqdim etməyi qərara aldı?
Mənim üçün çay sadəcə içki deyil; o, mədəniyyətimiz, qonaqpərvərliyimiz, söhbətimiz və doğmalığımızdır. Mən isə istədim ki, bu gözəl ənənəyə öz yaradıcılığımı da əlavə edim. Çayı fərqli formalarda, rənglərdə, çiçəklərlə və təbii kompozisiyalarla təqdim edərək ona bir az da sənət qatım.
Beləcə, çayın incəsənətə çevrildiyi məkan — Chay Gallery Baku yarandı.
Məqsədim çayı yalnız dadı ilə deyil, görünüşü, təqdimatı və yaratdığı hisslərlə də sevdirməkdir. İstəyirəm ki, hər bir məhsulumuz insanlara fərqli bir zövq yaşatsın, hər təqdimatımız özünəməxsus bir hekayə danışsın. Bəlkə də Şennonq təsadüfən çayı kəşf etdi, mən isə çayın içində yeni bir dünya kəşf etdim.
2. Özünüzə məxsus çay çeşidləri haqqında danışardınız.
Biz çayı kompozisiyalar, yaradıcı təqdimatlar və zövqlü hədiyyəlik məhsullarla fərqləndiririk. "Çay Zanbağı", "Bahar Çiçəyi", "Gül Çay", "Gülpənc", çay bombaları, çay pastilləri və digər çay kompozisiyalarımız bu yanaşmanın nümunələridir.
Məhsullarımızı insana estetik zövq bəxş edən, sevdiklərinə hədiyyə edə biləcəyi bir sənət əsəri kimi təqdim edirik.
3. İbn Sina bitki çaylarının birbaşa insan orqanizminə təsirini sübut etmiş və əsərlərində qeyd etmişdir. Leyla xanımın hazırladığı çayların hansı müalicəvi xüsusiyyətləri var?
İbn Sina əsərlərində bitkilərin xüsusiyyətlərinə geniş yer verib. Biz də bu ənənədən ilhamlanaraq təbiətin bizə bəxş etdiyi bitkiləri çayla birləşdirir, fərqli dadlar və təbii ətirlər yaradırıq. Tərkibindəki bitkilərdən asılı olaraq çaylarımızın müəyyən faydalı xüsusiyyətləri ola bilər. Lakin biz çaylarımızı müalicə vasitəsi kimi deyil, insana xoş ovqat bəxş edən bir nemət kimi təqdim edirik.
4. Düzgün çayla saxta çayı necə ayırd edə bilərik?
Məncə, keyfiyyətli çayı seçərkən ilk növbədə onun mənşəyinə, tərkibinə və etibarlı mənbədən alınmasına diqqət yetirmək lazımdır. Keyfiyyətli çayın özünəməxsus ətri və dadı olur. Yarpaqların görünüşü, dəmlənmə zamanı yaranan rəng və dadın təbiiliyi də çay haqqında müəyyən təsəvvür yaradır.
Amma çayın saxta olub-olmadığını yalnız rənginə və ya görünüşünə əsasən müəyyən etmək mümkün deyil. Bunun üçün bəzən laboratoriya yoxlaması tələb olunur.
Chay Gallery Baku olaraq biz həm yerli Azərbaycan çaylarını, həm də dünyanın müxtəlif ölkələrindən gətirilən çayları təqdim edirik. Bizim üçün əsas məsələ müştəriyə çayın çeşidi, mənşəyi və keyfiyyəti barədə düzgün məlumat vermək, ona seçimində etibar qazandırmaqdır.
5. Neçə il sonra "Chay Gallery"ni dünya sərgilərində görə bilərik?
Mənim arzum Chay Gallery Baku-nun yalnız Azərbaycanda deyil, dünyanın nüfuzlu sərgi və festivallarında tanınmasıdır. İstəyirəm ki, ölkəmizin mədəni irsi olan çay mədəniyyətini
özünəməxsus təqdimatımızla dünyaya tanıdaq. İnsanlar Chay Gallery Baku-nu görəndə yalnız çayı deyil, Azərbaycanın qonaqpərvərliyini, zəngin mədəniyyətini və estetik zövqünü də kəşf etsinlər.
Turistlərin bizdən aldıqları çayları öz ölkələrinə aparması, eləcə də azərbaycanlıların xaricə səfər edərkən yaxınlarına və xaricdə yaşayan dostlarına Chay Gallery Baku-nun məhsullarını hədiyyə etməsi mənim üçün böyük qürurdur. Çünki bu, yaratdığımız dəyərlərin ölkə sərhədlərini aşması deməkdir.
İnanıram ki, gələcəkdə çay deyəndə, çayın incəsənətə çevrildiyi məkan — Azərbaycan və Chay Gallery Baku yada düşəcək. Bu gün atdığımız addımlar sabah bizi dünya sərgilərinə aparacaq.
Söhbətləşdi: Nicat Hunalp



