Edebiyyat.az » Palitra » Şəbnəm Nəbiyeva - Qacar dəbi

Şəbnəm Nəbiyeva - Qacar dəbi

Şəbnəm Nəbiyeva - Qacar dəbi
Palitra
Metanet
Müəllif:
17:00, 29 avqust 2026
64
0

Qacar dövründə geyim mədəniyyətində müxtəlif dəyişikliklər və yeniliklər baş vermişdir. Qərbi Avropa ilə əlaqələrin genişlənməsi, Qacar şahlarının Fransa və digər Avropa ölkələrinə səfərləri, Avropalı səyyahların, tacirlərin və biznesmenlərin İrana gəlişi Qacar geyimlərinin formalaşmasına böyük təsir göstərmişdir.

Bu dövrün geyimlərini şərti olaraq iki əsas mərhələyə bölmək mümkündür. Birinci mərhələdə, XIX əsrin ortalarına qədər, klassik Şərq geyim ənənələri üstünlük təşkil edirdi.  Qərbi Avropa təsiri hələ o qədər də güclü deyildi. İkinci mərhələ isə XIX əsrin ortalarından başlayaraq dövrün sonuna, yəni XX əsrin əvvəllərinə qədər davam etmişdir. Bu mərhələdə Qərbi Avropanın geyim mədəniyyətinə təsiri daha aydın şəkildə nəzərə çarpırdı.

Qərbləşmə prosesi həm ideoloji, həm də geyim mədəniyyəti baxımından özünü göstərirdi. Ornamentasiyanın müəyyən qədər arxa plana keçməsi və daha modern geyim formalarının meydana çıxması bu dövrün mühüm xüsusiyyətlərindən idi.

İlkin mərhələyə nəzər yetirdikdə Səfəvi dövlətindən qalan mədəni və geyim ənənələrinin davam etdirildiyini görmək mümkündür. İpək istehsalı yenidən canlanmış, Səfəvi dövrünü xatırladan ipək materiallardan geyimlər hazırlanmışdır. Olduqca bahalı, zəngin və təmtəraqlı geyim nümunələri mövcud idi.

Səfəvi dövrü ilə müqayisədə Qacar geyimlərində tünd rənglərdən daha geniş istifadə olunurdu. Bununla belə, parlaq və şux rənglər də Qacar dövründə öz yerini qoruyub saxlamışdır.

Qacar kişi geyimlərində bir neçə mühüm elementi qeyd etmək olar. İlk olaraq, geniş istifadə olunan kəmərlər və qurşaqlar diqqəti cəlb edir. Qurşaqlar bel ətrafına sarınır və istehsalında əsasən ipəkdən istifadə edilirdi. İpək qurşaqların üzərində böyük buta, gül və digər ornamental motivlər təsvir olunurdu. Bundan əlavə, kəmər və qurşaqların qiymətli daş-qaşlarla bəzədilməsi də geniş yayılmışdı. Şəbəkəvari və digər mürəkkəb naxışlardan da istifadə olunurdu.

Yüksək təbəqənin geyimlərində ipəkdən hazırlanmış, üzəri brilyant və digər qiymətli daşlarla bəzədilmiş kəmər və qurşaqlara rast gəlmək mümkün idi. Əsgərlərin və saray əyanlarının istifadə etdiyi kəmərlər isə dəridən hazırlanırdı və şahların, yüksək təbəqənin kəmərləri ilə müqayisədə daha az bəzədilirdi.

Qacar dövrünün kişi geyimlərində kalaşkor adlı arxalıq da mühüm yer tuturdu. Bu geyim nümunəsi əsasən kaşmir şalından istehsal olunurdu.

Kişi qarderobunun əsas elementlərindən biri də mantiya idi. Dövrün ilkin mərhələlərində mantiya daha ənənəvi xüsusiyyətlərə malik idi. Onun yuxarı hissəsi bədənə daha kip oturur, aşağı hissəsi isə çox vaxt klişevari və ya zınqırovvari formada olmuşdur. İkinci dövrdə, yəni Avropa təsirinin güclənməsindən artıq mantiyalar dizdən yuxarı uzunluqda, ön hissəsi açıq, kənarlarında isə iki yarığı olan formada hazırlanırdı. Həmçinin, dar və incə qollar mantiyalarının xarakterik xüsusiyyətlərindən idi.

Qacar üslubunun digər mühüm xüsusiyyətlərindən biri çoxqatlılıq idi. Bu xüsusiyyət əsasən Səfəvi dövründən gələn geyim ənənələrinin davamı hesab edilə bilər.

Kişi geyimlərində qısaqollu geyim nümunələrinə də rast gəlinirdi. Bu geyimlərin hazırlanmasında kaşmir şalından istifadə olunurdu. Kişilər həmçinin bazubənd adlanan qolbaqlardan istifadə edirdilər. Yüksək təbəqənin nümayəndələrinə məxsus bazubəndlər qiymətli daşlarla işlənirdi.

Şah və saray əyanları arasında uzun saqqal saxlamaq ənənə halını almışdır. Saqqal qara rəngə boyanılırdı.

Mühüm baş geyimlərindən biri kolax adlı uzun papaq idi. Bu papağın yuxarı hissəsi və ya ucu bir tərəfə istiqamətləndirilirdi. Kolaxın başda yerləşdirilməsi üçün müxtəlif variantlar mövcud idi.

Bu dönəmdə birrəngli xalatlar hələ də kişi qarderobunda yer alırdı. Çox vaxt ornamentlərlə bəzədilməyən birtonlu xalatların üzəri dekorativ düymələrlə və ya krujevalarla bəzədilirdi.  Geyimlərin kənarları da dekorativ şəkildə işlənir, xüsusilə Kirman ipəyi ilə haşiyələnirdi. Bu dekorativ işləmələr xalatın bütün kənarları boyunca tətbiq edilirdi.

Üst geyimlərdən köynəklər isə talisman yazılar və kalliqrafik elementlərlə tamamlanırdı. Lakin üzərində yazılı və kalliqrafik ornamentli üst geyim nümunələri günümüzə qədər gəlib çatmamışdır. Onlar haqqında məlumatı əsasən dövrün rəngkarlıq nümunələrindən əldə etmək mümkündür.

Corablar da öz həllinə görə maraq doğurur. Onlar çox incə və nazik ipək parçadan olmuş, üzərlərində gül motivləri və yazı elementlər əks olunurdu. Ayaqqabılar yüksək dabanlı olmuş, Qacar dövrü kişi kostyumunun diqqətçəkən elementlərindən olmuşdur.

Qacar dövründə qadın geyimləri də kişi geyimləri kimi olduqca bahalı və ağır olması ilə seçilirdi. Ən məşhur üst geyimlərdən piraxan adlı geyim idi. Bu nümunə muncuqlar, qiymətli daş-qaşlarla bəzədilir, ön hissəsində isə iki kəsik olurdu. Piraxan çox incə və tülə bənzər parçadan hazırlanırdı.

Piraxandan əlavə, qadınlar köynəklər də geyinərdi. Bu köynəklərin ön hissəsi sinədən aşağıya, hətta qarına qədər açıq olurdu. Bu quruluş qadınların uşaq əmizdirməsini asanlaşdırmaq məqsədi daşıyırdı.

Piraxanlar şaravar adlanan çox geniş şalvarla və ya belədək uzanan ətəklə birlikdə geyinilirdi. Ətəklər çox vaxt iri çiçək ornamentləri ilə bəzədilirdi, lakin bəzəksiz nümunələrə də rast gəlinirdi. Bu geyimlərin üzərindən geniş kəmərlər istifadə olunurdu və kəmərin ön hissəsindəki bəzəkli elementlər görünəcək şəkildə bağlanırdı. Bundan əlavə, ətəyin altından əlavə şalvar geyinilməsi də mümkün idi.

Bədənə kip oturan jaketləri də qeyd etmək olar. Bu jaketlərin qolları dirsəyə qədər və dirsəkdən aşağıya, əllərə doğru uzanırdı. Qol hissələri çox vaxt arxaya doğru qatlanırdı ki, qadınların taxdıqları qolbaqlar daha aydın görünsün. Bu məqsədlə dirsəyə qədər uzanan jaketlər daha məqsədəuyğun idi.

Bu dövrün qadın geyimində əsas yeniliklərdən biri büstqalterin qarderoba daxil olması idi. Büstqalterlər həm köynəklərin üzərində, həm də onların alt hissəsində taxılırdı.

Qadınlar evdən kənara çıxdıqda ağ rəngli çadordan istifadə edirdilər. Çador çox uzun bir geyim olduğundan onun altında bəzən şalvar geyinilmirdi.

XIX əsrin sonlarından etibarən çadorlarda qara və tünd göy rəng istifadə olunur, qızılı rəngli saplarla bəzədilirdi.

Fətəli şah dövründə geyimlər daha zəngin və təmtəraqlı şəkildə bəzədilməyə başlamışdı. Hakimiyyətin qüdrəti yalnız iqtisadi sahədə deyil, geyim və bəzək mədəniyyətində də özünü aydın şəkildə göstərirdi.

Bu dövrdə həm kişi, həm də qadın geyimlərində mirvarilərdən geniş istifadə olunurdu. Müxtəlif geyim aksesuarları, zərgərlik əşyaları, hətta yastıqlar belə çoxsaylı mirvarilərlə bəzədilirdi.

Fətəli şah dövründə qadınların istifadə etdiyi müxtəlif bəzək əşyaları da mövcud idi. Bunlara çənəaltı bəzəklər, mirvarilərlə işlənmiş sırğalar, saç üçün bəzəklər və üzüklər daxil idi. Mirvarilər qızıl və ya qızılla örtülmüş metal lövhələrin üzərində müxtəlif formalarda yerləşdirilirdi. Onlar rozetka, armud formasında və ya müxtəlif istiqamətlərdə uzanan sıralar şəklində düzülürdü. 

Hətta Quran qabları belə bu dövrdə zəngin və təmtəraqlı şəkildə bəzədilirdi. Bu, Fətəli şah dövründə dəbdəbənin yalnız geyim və şəxsi bəzəklərlə məhdudlaşmadığını, məişət əşyalarına da yayıldığını göstərir.

XIX əsrin ikinci yarısında kişi geyimi artıq daha ciddi və sadə xarakter daşımağa başlamışdı. Bu dəyişiklik əsasən iki amillə əlaqələndirilə bilər. Birinci amil Qərbin təsiri, ikinci amil isə iqtisadi vəziyyətin zəifləməsi idi. Bununla belə, sarayda ənənəvi cübbələrdən istifadə hələ də davam edirdi.

Əsas yeniliklərindən biri qalstuk və yaxa şərfi ilə tamamlanan köynəklərin, Avropa üslubunda hazırlanmış tünd rəngli paltoların və yan hissələrində zolaqları olan geniş, düz şalvarların istifadəyə daxil olması idi.

Qərbi Avropanın təsiri ilə fraklar da Qacar kişi geyiminə daxil oldu. Lakin bədənə kip oturan Avropa tipli fraklar Qacar cəmiyyətində ədəbsiz hesab edilirdi. Buna görə də frakların hazırlanmasında Osmanlı frakları nümunə kimi götürülürdü. Osmanlı frakları Avropa nümunələrindən fərqli olaraq daha geniş qollara malik idi və bel nahiyəsində qırışlar müşahidə olunurdu. Müxtəlif mənbələrə görə, Avropalı dərzilər Qacar sülaləsinin şahları üçün çoxsaylı Avropa üslublu geyimlər də hazırlayırdılar. 

Yuxarı təbəqəyə və saray əyanlarına gəldikdə, onlar artıq saçlarını əvvəlki kimi uzun saxlamır, Avropa üslubunda kəsdirməyə başlayırdılar. Papaqlar isə hələ də mövcudluğunu qoruyub saxlayırdı. Lakin ilkin dövrlərdə olduğu kimi papağın bir hissəsinin sağa və ya sola qaldırılmış forması tədricən aradan çıxır, onun üst hissəsi daha yastı və səthi formada hazırlanırdı.

Şahların geyimlərində əvvəlki dövrlərin təmtəraqlı və zəngin üslubu uzun müddət qorunub saxlanılmşdır. 

XIX əsrin sonlarında qadın geyimində də mühüm dəyişikliklər baş verməyə başladı. Piraxan və ətək hələ də fəal şəkildə istifadə olunsa da, geyimlərin quruluşunda dəyişikliklər meydana gəlir və bədənin daha çox hissəsi açıq qalırdı.

XIX əsrin ortalarında qadın geyimində meydana çıxan digər yeniliklərdən biri şalita adlı ətəyin istifadəyə daxil olması idi. Bu ətək bəzən çılpaq ayaqlarla, bəzən isə ağ corablarla geyinilirdi. Ümumiyyətlə, XIX əsr boyunca Qacar qadınlarının ətək və donları tədricən qısalmağa başlamışdı, bu da çox vaxt Avropa təsiri ilə əlaqələndirilir. Qacar şahlarının Avropaya səfərləri zamanı baletə böyük maraq doğurmuşdu. Balet geyimlərindən təsirlənərək balet ətəklərinə bənzər qısa və daha geniş nümunələr qadın geyimində də dəbə daxil olmuşdu.

Ornamentli şalvarlar isə bu dövrdən etibarən tədricən dəbdən düşməyə başladı. Qacar ornamentlərini toplayan kolleksionerlərin marağı səbəbindən həmin şalvarların parçaları müxtəlif hissələrə bölünərək kolleksionerlərə satılırdı. Nəticədə ornamentli Qacar şalvarlarının çox az nümunəsi günümüzə qədər gəlib çatmışdır.

XIX əsrin sonlarında çadorun formasında da dəyişiklik baş verdi. Əvvəlki dövrlərlə müqayisədə çador artıq bel hissəsində bir qədər daha dar formada hazırlanırdı.

Avropa geyim ənənələri Qacar sarayında olduqca geniş vüsət almışdır. Buna rəğmən, milli geyim formaları XX əsrin əvvəllərinə qədər öz mövcudluğunu qoruyub saxlaya bilmişdi. Qadınlar saray mühitində Avropa üslubunda geyimlərdən istifadə edə bilirdilər, lakin küçəyə çıxdıqda çadordan istifadə etmək şərti idi.

Beləliklə, XIX əsrin sonları Qacar geyim mədəniyyətində maraqlı ziddiyyətlərlə yadda qalmışdır. Bir tərəfdən, saray daxilində Avropa modası olduqca aktiv şəkildə tətbiq edilirdisə, saraydan kənarda, sadə xalq arasında Avropa dəbi geniş yayılmamışdı. Burada milli və ənənəvi geyim formaları norma hesab olunur, məhz xalq arasında bu geyim ənənələri əsrin sonuna kimi qorunub saxlanılmışdır.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)