AZƏR XALİQOĞLUNDAN ŞEİRLƏR
AŞİQƏM
Aşiq olmaq bəndəliyin bəzəyi,
Cah-cəlallı o Nəqqaşa, aşiqəm.
Əzəl gündən hər nə varsa sevirəm,
Cəm xilqətə başdan-başa, aşiqəm.
Kim deyir ki, ulduz axır sönməyə,
Yol axtarır bəlkə Yerə enməyə?
Söz nə lazım danışmağa, dinməyə,
Himə-cimə, gözə-qaşa, aşiqəm.
Sevgi oldu könüllərə yovuşan,
Qarışqa tək şirin cana darışan,
İki yarın bir-birinə qarışan,
Yanağından süzən yaşa, aşiqəm.
Dolu bulud məhəbbətdən oxuyur,
Yağış torpaq üstə çələng toxuyur,
Ölmək də bir dəli eşqi qoxuyur.
Qəbrim üstə qara daşa, aşiqəm.
ŞƏHİD ANASI
Sən ağla balanı, millət də səni,
Laylay, şəhidlərin anası, laylay.
Al qanı göl olan hər addım başı,
Sonalı göllərin sonası, laylay.
Düşmən yaman oldu, el düşdü dara,
Qaysağı qanadı, deşildi yara,
Müjdəsi vay səsi, xonçası qara,
Əllərin yuyulan xınası, laylay.
Döydüyün sinənə, dizinə, qurban,
Dodaqda quruyan sözünə, qurban,
İlk şəhid özünsən, özünə, qurban,
Bülbülün boş qalan yuvası, laylay.
Gələndən, gedəndən gözü çəkilən,
Üzündən dünyanın dərdi tökülən,
Baxıb baş daşına beli bükülən,
Vətənin qan qoxan havası, laylay.
Deyir həzin-həzin, o yana-yana,
“Qoy Vətən sağ olsun!” Azərbaycana,
Hər sözü, kəlməsi dönən dastana,
Alqışı, qarğışı, duası, laylay.
Laylay, şəhidlərin anası, laylay.
