Aqil Şıxsoy - Qızıma söz verdim...
Vətən müharibəsi qəhrəmanı, xüsusi təyinatlı kəşfiyyatçı,
şəhid Şahin Allahyarovun nurlu xatirəsinə
Oktyabrın son günləri, həm də bir payız səhəri idi. Yağışdan sonra günəş şəfəqlərini kəndin üzərinə
yaymaq üçün elə bil tələsirdi. Ətrafda qəribə səssizlik və təbiətin gümrah havası ilə parıldayan günəş şüaları sanki bir harmoniya yaradır və insana hüzur verirdi.
Elə hər iki döyüşçü də xidmətə tələsirdi – arama-tarama məqsədli kəndin içi ilə gəzir, boş evlərə daxil olaraq yoxlamalar aparırdılar.
Onların hər ikisnə ciddi tapşırıq verilmişdi, düşməndən azad edilmiş balaca bir kənddə hər hansı inni-cinni olub olmadığını dərindən yoxlamalı və yuxarı komandanlığa bu haqda məlumat ötürməli idilər.
Kəndin yağışdan islanmış yollarında, yarıya qədər palçığa batmış çəkmələrinə aldırmadan, həzin addımlarla yürüyən Şahin və döyüş yoldaşı Sadiq olub-bitənlərdən danışa-danışa, sağa, sola göz gəzdirir, kiçik quş səsinə belə həssaslıqla qulaq asırdılar.
Onlar axı sıravi əsgər deyildilər, əksinə peşəkar kəşfiyyatçı və xüsusi təyinatlı kimi oddan, alovdan keçən qəhrəmanlar kimi Vətənin ən gərgin və qaynar bölgələrində xidmət edirdilər.
Yolu yarı etməmişdilər ki, qarşılarına kiçik bir mağaza çıxır. Qapısı açıq, hər tərəfini toz basmış, odun sobasının tüstü və hisindən üzəri örtülmüş pəncərələrindən isə heçnə görmək olmurdu. İçəridə rəflərdə qalmış bəzi əşyalar gözə dəyirdi.
Mağazanın künc-bucağını ətraflı gəzdikdən sonra, Şahin qarşı tərəfdən nə isə alıb kitelinin yaxasından içəri salır. Onlar öz aralarında bir-birinə “zemi” deyərək müraciət edirdilər. Bu dəm Sadiq soruşur:
– Nə idi o aldığın ?
Şahin dərindən köksünü ötürüb... “heç zemi, oyuncaq ayı balası ağ mişkadır, qızıma aparacam”.
Sadiq dərhal dillənir: – “Əmisi ölüb bəyəm, geri qayıdaq, mən ona ən gözəl mişka alıb hədiyyə edəcəm. Hələlik sən bunu aparıb deyərsən ki, al bu əmindən yadigardır”.
– “Yoxe zemi, mən bunu qələbəmizdən bir xatirə kimi aparmaq istəyirəm, həm də bir qənimət kimi, böyüyəndə istəyirəm ki, yaddaşında xoş səda buraxsın. Allah bilir, mən buralara birdə qayıdacğammı ?!”.
Aralarında keçən qısa dialoqdan sonra onlar yola davam edir və yol boyu ailə xatirələrini dilə gətirirlər. Sadiq öz ailəsindən və çətin günlərindən, eləcə də Şahin öz ailəsindən, xüsusilə də iki yaşlı qızı, şirin-şəkər Aksanadan söhbət açır. Onu dünyalar qədər çox sevdiyini, canından əziz tutduğunu həvəslə danışır, üzü gülür, qəlbi riqqətə gəlir və nəmli baxışlarla bir-birinə baxıb, qələbəni səbrsizliklə gözlədiklərini dilə gətirməyə cəhd edirlər.
İşğaldan azad edilmiş o kəndin hər daşına, torpağının hər zərrəsinə şəhidlərinin ayaq izləri, hətta ayaq səsləri, isti nəfəsi, pıçıltıları hopmuş torpaqda xidmət aparmaq onlar üçün böyük fəxr və sözlə ifadə olunması mümkün olmayan ali həqiqət idi.
Beləcə axşama qədər kəndin demək olar ki, hər tərəfində yoxlama davam edir və növbəti günə hazırlaşmaq üçün istirahətə çəkilmiş döyüş dostları da artıq qardaşlaşır. Müharibənin gətirdiyi məhrumiyyətlər, onların gözləri qarşısında yaşanan ağrı və acılar iki yad insanı bir-birinə doğmalaşdırır.
Axşam qaranlığının səssizliyi, çöldə qalanan ocağın qoxusu və odun parçalarının çıxardığı çırtıldı səslərinin yayıldığı o gümrah havada söhbətləşən silahdaşalr, kövrək ailə xatirələrini danışdıqca daha da hüzünlənir və darıxırdılar.
Söhbət əsnasında Şahin deyir ki, – “Zemi bilirsən, iki aydan sonra oğlum dünyaya gələcək. Əgər müharibədən sağ-salamat qayıtsam..., adını Zəfər qoyacam. Yox, əgər qayıda bilməsəm, demişəm mənim adımı oğluma qoysunlar”.
Şahinin bu sözünə Sadiq bir anlıq donub qalır, sanki dili tutulur, nə edəcəyini bilmir, kövrəlir, gözləri dolur və özünü bir qədər toparlayıb, qəhərdən qısılmış səslə deyir:
– “Gic-gic” danışma, burda nə var bəyəmki, qayıdacaqsan və oğluna da istədiyin adı qoyacaqsan”.
– Şahin: “Bilmirəme zemi, ürəyimə nəsə damıb..., içimdə bir hüzün, bir nisgil var, bir qəribə narahatlıq var, heç özümdə bilmirəm bu, nə nigarançılıqdır. Gün keçdikcə də ailəmə qovuşacağıma ümidlərim azalır...”.
Şahinin baxışları bir nöqtəyə zilləndi və içini qasıb-qovuran ailə, övlad həsrəti ona gecəni yatmağa imkan vermədi. Lakin həyat öz axarı ilə davam edir və növbəti xidmət səhəri açılır. Onları qarşıda daha çətin günlər – dostlardan birinin şəhadəti, o birinin isə qazi olcağı gün gözləyirdi...
Növbəti yaxın kəndi azad etmək üçün döyüşə hazırlaşır, səhərisi gün qızğın savaşın getdiyi bir yerə doğru yol alırlar. Boşaldılmış kənddən fərqli olaraq burada həm səngər, həm də sıldırım, sərt qayalar var idi. Kəşfiyyat, xüsusi təyinatlı təlim və kurslardan keçən Şahin üçün həmin əngəlləri aşmaq çətin olmasa da üzərində Vətən boyda bir məsuliyyətin olduğunu yaxşı dərk edirdi.
Budur, havada atəş səsləri ilə qığılcımlar gecənin qaranlığını sanki aydınlığa çıxarırmış kimi zülmətə bürünmüş göy üzündə fişəng olub, vaxt-vaxt ağarır və sönür. Düşmənin Şahin və silahdaşlarına qarşı başlatmış olduğu təxribat getdikcə şiddətlənir.
Sanki hiss etmişdi, duymuşdu ki, bu döyüş onun son mübarizəsi olacaq. Savaşın ortasında qalmış dostlar bir şeylər anlayırmış kimi bir-birinə son sözlərini, xatirələrini danışmağa, halallaşmağa başlayırlar. Söhbət yenə ailələrdən və uşaqlıqda yaşadıqları məhrumiyyətlərdən gedirdi.
Haradasa iyirmi dəqiqə davam edən halallaşmadan sonra Şahin deyir: – “Zemi nə olar gedək də o səngərə ?!”
Sadiq: – “Axı orada daldalanacaq yoxdur, burada sərt qayaların arasında gizlənmişik, mərmi bizə təsir etməz”.
– Lakin, Şahin israrla deyir: “Nə olar zemi gedək də, gedək də ora, o səngərə”. Şahini fikrindən daşındırmağın mümkün olmadığını görən Sadiq onunla birlikdə səngərə enməli olur.
Bildiyimiz səngərlərdən fərqli olaraq, həmin yer dağlıq ərazidə hazırlanmış dayaz və bir neçə taxta ilə bərkidilmiş kiçik torpaq parçası idi. Əlverişsiz olmağına baxmayaraq, onların hər ikisi səngərdə uzanıqlı vəziyyətdə xilas olunmağı gözləsələr də qorxduqları o yuxu gün kimi gerçəkləşir və hadisə baş verir, düşmənin atdığı mərmi düz Şahinin yanında partlayır.
İlahi..., insan şəhadətə yüksələcəyi məkanı necə bu qədər dəqiq hissi edə bilər ?! Elə bil əli ilə qoymuş kimi həmin səngər Şahini özünə tərəf çəkir, o isə tələsirdi... Beləcə son dəfə qonaq kimi Ana torpaq şəhidini üzərində yaşadır və onu sonsuz cənnətə uğurlamağa hazırlaşırdı...
O dəhşət və ölüm saçan gecədə hər ikisi, sanki yuxudan ayılırmış kimi qışqırır, amma Şahinin harayı daha da şiddətlənir və qanlar içində yerdə qıvrılır. Buna baxmayaraq son gücünü toparlayan Vətən oğlu, öz üzərindəki ağrıkəsicini cibindən çıxarıb ayağına yeridir. Sadiq də özünü itirmir, elə özü üçün nəzərdə tutduğu eyni dərmanı dostunun ayağına vurur və Şahinin nəriltisi anındaca iniltiyə dönür.
İnləyən dostuna qarşı Sadiq son sədaqətini yerinə yetirir, çırpınır-çırpınır, o tərəf, bu tərəfə vurnuxur və onu çiyninə alıb döyüş meydanından uzaqlaşdırır. Şahini döyüş məkanından xeyli uzaqlıqda olan məsafədə, qayalığa yaxın bir yerdə ehmalca uzadır və nəfəsini dərmək üçün yerə oturur. İki dost son dəfə bir-birinin üzünə baxır və Sadiq Şahinin yanağını oxşayaraq, – “qisas mütləq alınacaq əziz Qardaş” deyir və yumruqlarını bərk sıxır, qeyri-ixtiyari gözlərindən yaşalr sel olub axır...
Şahinin üzündə qəlpə, partlayan mərminin izləri olmasa da, rəngi saralmış, taqətdən düşmüşdü. Danışmağa çətinlik çəksə də gözləri imdad diləyir, su, su deyə Sadiqin üzünə baxır, yalvarırdı. Dostu isə qan itirməkdə olan Şahinə qanı durulmasın deyə su verə bilmir və bunu yaxşı anlayır, iztirab çəkirdi.
“Döz, səni hospitala çatdırım, yaranı bağlasınlar, orada nə istəsən verəcəm...” deyən Sadiqin təsəlli verici sözləri bir anlıq məlhəm olur. Gözlərindən süzülən yaşları nə qədər gizlətməyə çalışsa da alınmır, onun gözlərindən axan yaşlar elə bil Şahinin susuzluğunu yatırırcasına yanaqlarına damlayır və hər ikisi çarəsiz halda bir-birinə baxır, vaxt isə getdikcə daralırdı...
Çox qəribədir, o anda Şahinin üzündə sanki güllər açmışdı, rəngi solsa da gözlərində xəfif və həzin təbəssüm eləbil – “narahat olma, mən əbədi cənnətə köç edirəm, ailəmə - anama, atama, nəfəsim qızıma deyərsən ki, Şahin onları çox sevir, həm də canından keçəcək qədər çox...” deyir, zamana meydan oxuyurdu.
Artıq ömrünün son anlarını yaşayan Şahin, qoynundan onun üçün qələbənin carçısına çevrilən oyuncaq ayı balasını çıxarır, ona doyunca baxır, şəfqətlə ata qəlbinə sıxaraq, dostu Sadiqə son sözlərini deyir: “Qızıma söz verdiyim ağ Mişka...” və oyuncaq onun əlindən torpağa düşür, nə qədər cəhd etsə də, əl uzatsa da əli ona çatmır və bir neçə saniyədən sonra gözlərini bu fani dünyaya yumur...
Sadiq – Şaaaahin... deyə fəryad qoparır, özündən gedir və birdə gözlərini hərbi hospitalda açır... Biri Vətənin Qazisi, digəri isə Şəhidi olub, beləcə yaddaşlarda yaşamaq haqqı qazanır...
Bakı şəhəri, 19 noyabr 2026
