Edebiyyat.az » Kənan HACI - Təfəkkür dolanbaclarında bir səyyah

Kənan HACI - Təfəkkür dolanbaclarında bir səyyah

Kənan HACI - Təfəkkür dolanbaclarında bir səyyah
---
admin
Müəllif:
16:20, 11 noyabr 2026
0
0
Kənan HACI - Təfəkkür dolanbaclarında bir səyyah


Həyatdan məntiqi ardıcıllıq gözləmək əbəsdir. Hər bir insan öz daxilində ziddiyyətlər daşıyır. Bu ziddiyyətlərin mahiyyəti insanın fitrətindədir. İnsan ömür boyu axtarış marafonundadır, amma ona sual versən ki, axı sən nəyi axtarırsan, cavab verə bilməz. Argentina nəsrinin ustalarından olan Xulio Kortasarın “Xana-xana oyunu” romanını oxuyarkən insan qarışıq duyğular yaşayır. 

Kimdir Kortasar? Reallıq və fantastikanın, sehrli realizm və sürrealizmin sərhədində balansı qoruyan, dar çərçivəli təriflərə və janrlara sığışmayan, ispandilli ədəbiyyatın misilsiz ustası. Dünya nəsrinin kanonlarını özünün “Xana-xana oyunu” antiromanı ilə darmadağın edən söz akrobatı. 

Bu mətn proza dünyasında fırtına kimi qopdu. Ədəbiyyat tənqidçilərinin ənənəvi olaraq Herman Hessedən “Muncuq oyunu” və Ceyms Coysdan “Uliss” əsərləri ilə müqayisə etdiyi bir kitab. Sehrli realizmin özünəməxsus etalonu sayılan bir əsər.

“Xana-xana oyunu”. Mətn içində mətn. Mistik vəhylərin sərt təsnifata məruz qaldığı, adi hadisələrin isə dərin, çoxqatlı məna kəsb etdiyi bir roman.

        Daha nə demək olar? Forma və obraz, reallıq və fantastika sintezi ilə eksperimentlərin parlaq ustası, yeni Latın Amerikası romanının yaradıcısı hesab olunan yazıçı bu əsərdə auditoriyaya mahiyyətcə iki fərqli kitab hesab edilə bilən iki oxu sxemi təklif edir. Birincisinə antiromanının iki hissəsi daxildir, ikincisinə isə əsərdə təsvir olunanların qavrayışını əsaslı şəkildə dəyişən üçüncü hissənin fəsilləri əlavə olunur. Kortasar "Xana-xana oyunu”nun prinsiplərini özünün eybəcər, lakin sevimli övladı adlandırdığı "62. Yığım modeli" antiromanında daha da inkişaf etdirmişdir. Müəllif oxucuya tam hərəkət azadlığı verir – oxucu kitabın elementlərini öz mülahizəsinə görə montaj edə bilər. 

Bütün bu oyunlar oxucunu passiv müşahidəçidən aktiv həmmüəllifə çevirir. Yazıçı “62. Yığım modeli” antiromanı haqqında belə belə deyir: 

“Mən dərhal hiss etdim ki, məni hekayə yox, tamam başqa şey gözləyir, ideyalarımın dairəsi daha geniş açılmalı idi. Və dərhal “Xana-xana oyunu”nın 62-ci fəslini xatırladım. Onda özümə dedim: “Get və elə bir roman yaz ki, burada psixoloji motivlər ön plana çıxmasın və persanajlar onları kənar qüvvələrin idarə etdiyindən xəbərsiz şəkildə hərəkət etsinlər”.

Hekayənin mərkəzində Parisin, Londonun, Vyananın sakinləri olan və müasir Babilə bənzəyən hansısa bir şəhərdə yolları kəsişən bir neçə müxtəlif insan dayanır. Zamanın və məkanın müxtəlif növləri ilə qarşılaşırsan. Qəhrəmanların həyatı, eləcə də hekayənin planları və subyektləri bəzən qəribə simvol və hərəkətlər zəncirindən ibarət olur. Biri uşaqlar üçün cırtdanlar çəkir, ikincisi qansoranı izləyir, üçüncüsü isə mühərrik icad edir. Onların sıx şəkildə bir-birinə hörülmüş şüur axını məhz romanın əsas fəaliyyət göstərən şəxsidir...

   Bu romanı anlamaq üçün isə mütləq “Xana-xana oyunu”nun burulğanlarından keçmək lazım gəlir. Xulio Kortasarın bu romanı haqlı olaraq XX əsrin ən qeyri-adi kitablarından biri adlandırılır. Lakin onun qeyri-xətti kompozisiyası və fəsilləri müxtəlif ardıcıllıqla oxumaq imkanı sadəcə, ədəbi eksperiment deyil. Kortasar üçün bu, müəllif, mətn və oxucu arasındakı ənənəvi münasibətləri sual altına qoymaq, eləcə də azadlığa və həmmüəllifliyə əsaslanan yeni ədəbi təcrübə modeli təklif etmək vasitəsi idi. Romanın qeyri-adi strukturunun əsasında duran ideyaları anlamağa çalışıram. Yazıçının oxucunu hazır mənaların passiv istehlakçısından oxu prosesinin aktiv iştirakçısına çevirməyə necə çalışdığını, romanın nə səbəbdən “açıq əsər” olduğunu və onun formasının təkcə avanqardın, modernizmin və postmodernizmin estetik axtarışları ilə deyil, həm də dünya, dil və azadlıq haqqında daha geniş fəlsəfi təsəvvürlərlə necə üzvi surətdə bağlı olduğunu araşdırmağa ehtiyac var. 

  Kortasarın sintaksisi olduqca mürəkkəbdir. Qeyri-xətti mətndə azmamaq üçün müəllifin təqdim etdiyi oxu qaydalarına mütləq əməl etmək lazım gəlir. Əsərin əsas fiqurlarından biri olan Horasio Oliveyra “İlanlar” klubuna düşür və bu intellektual mühit onun həyatın mənası barədə suallarına tam cavab verə bimir. Oliveyra   reallıqla öz təsəvvürləri arasında getdikcə daha çox ziddiyyət yaşayır. Təhkiyə boyu reallıqla irreallıq arasındakı sərhədlər pozulur. Oliveyra Sibillanı – itmiş qadınını axtarır, bu ekzistensial axtarışlar bir növ, ontoloji bumeranq effekti verir. Yazıçı sanki zamandan kənara sıçrayır, əsərdə zaman hissi itir, məkanın meqapolis təzyiqini hiss edirsən. 

Oliveyra və Talita arasında sevgi məfhumu sanki əriyir, sevginin təyinatı qeyri-müəyyəndir. Oliveyra öz sevgilisini Talita ilə qarışıq salır, Trevelerin neytral qısqanclığı ironik haləyə bürünür. Yazıçı bu münasibətləri sürüşkən sintaksisdə təqdim edir, fəsillər arasında atlamalar xana-xana oyununun prinsiplərinə uyğun qurulur. Bir anlıq şəkkə düşürsən, şəkkaka çevrilirsən: bəlkə elə bizim mövcudluğumuz da fiksiyadır?! 

   Kortasarın əsərləri birmənalı olaraq hər kəs (orta statistik oxucu) üçün deyil, lakin əgər müəllifin dünyasına, qəhrəmanlarının aləminə nüfuz edə bilsəniz, artıq ondan qopmaq sadəcə, qeyri-mümkün olacaq. Özünüz də hiss etmədən oyunun iştirakçısına çevriləcəksiniz. Oyun qumar kimi, qəribə şəkildə adamı özünə çəkir, qəhrəmanların qəribə, hətta bəzi cəhətdən "yanlış" dünyasına doğru daha da irəliləmək, onların ardınca getmək istəyirsən. Süjet xəttindən danışmağa dəyməz. Ey oxucu, sən sadəcə, bu romanın quruluşunun formalaşmasında iştirak edən tərəfsən. Vəssalam. 

Romanda biz Morelli adlı bir yazıçını görürük. O, mühüm və simvolik obrazdır, Kortasarın ədəbi-estetik düşüncələrini ifadə etmək üçün uydurulmuş bir obrazdır. Metafiksiya. Müəllifin alter eqosu. Bu personajı yazıçı oxucu üçün bələdçi seçib. Əsərin ideya-fəlsəfi qatı məhz bu cənabın fikirləri sayəsində formalaşır. “İlanlar Klubu”nun üzvləri onun yaradıcılığını müzakirə edir, əsərlərini təhlil edirlər. Morellinin tək bircə məqsədi var: oxucunun mütaliə vərdişini, düşüncə sistemini dağıtmaq. Dünya haqqında mexaniki, xətti təxəyyül insanın düşüncəsini buxovlayır, dünyanı, özünü dərk etməsinə mane olur. Onun birxətli, asan oxunan, ölçülü-biçili romanlardan zəndeyi-zəhləsi gedir. Oxucu təfəkkürün dolanbaclarında dolaşan bir səyyah olmalıdır. Kortasarın ədəbi missiyası da elə budur. O, ədəbiyyatın utopik ərazilərinin kaşifidir. Kosmosla xaos onun əsərlərində iç-içədir. 

İllüziyanın ucu-bucağı yoxdur, Kortasar usta kimi ədəbi müstəvidə master-kass göstərir. Teatral sükutlarla naxışlanan fəsillər mürəkkəb bir şəbəkəni xatırladır. Oxucu artıq bu şəbəkənin əsiri, girovudur. Bax, belə bir macəraya sürüklənirsən, bataqlıq deyil, uçurum deyil, havasızlıq deyil... Eyni anda dörd məkanda görünən perjonajların təsir arealı oxucunu mühasirəyə alır. Bu hala teyyül-ərz deyirlər. Eyni vaxtda müxtəlif məkanlarda ola bilən adamlar qeyri-adi insanlardır. Bu, metafizik bir hadisədir və Kortasarın qəhrəmanları mətnin içində sanki xokkey oynayırlar, bir anda yerlərini dəyişirlər.  

      Uzun müddətdir ki, “Xana-xana oyunu” məni öz cazibəsində saxlayıb. Hiss edirəm ki, Kortasar mənimlə başqa yazıçıların vaxtına girir. “Başqası elə mənəm!” deyir. “Kitablar da həyatın bir hissəsidir” deyir. Kortasar çox deyir, təəssüf ki, oxucu az eşidir. Bu günlərdə tanınmış jurnalistlərdən biri əlimdə Kortasarın kitabını görüb heyrət və təəccüb içində üzümə zilləndi və dedi: “İlk dəfədir ki, kiminsə əlində Kortasarın kitabını görürəm. Bunu oxuyub anlamaq bir başqa leveldir. Kortasarı dərk etmək üçün gərək ədəbiyyat divanəsi olasan”. Ad çəkim, heç kəsin şübhəsi qalmasın. Qonşum Elman Gədikli idi bu sözləri mənə deyən. Elmangilin mənsub olduğu nəsil Kortasarı, Borxesi, Markesi çox çətinliklə tapıb oxuyurdular. 90-cı illərdə ümumiyyətlə, Latın Amerikası ədəbiyyatı bizim ölkəyə gəlib çıxmamışdı. Markesin bir-iki povesti istisna olmaqla. Fuentes, Varqas Lyosa, Gunter Qrass, Fernando Pesoa və digərləri bizim üçün hələ uzaq ədəbi adalar idi. Dünya ədəbiyyatı ilə təmasların olmaması bizi bir qədər geridə qoydu. 

Amma Anarın, Elçinin povest və hekayələri, Mövlud Süleymanlının “Köç”, Yusif Səmədoğlunun “Qətl günü” romanları eksiztensial qapıları ədəbiyyatın üzünə açdı. Kortasarın isə hələ bizdən çox-çox uzaqda idi... 

 İndi isə məni bağışla, Xilo. Başqa kitablar məni gözləyir. Amma əmin ol, mən yenə sənə qayıdacağam. Könlümdən “Xana-xana oyunu” keçəndə...  

Ctrl
Enter
Səohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)