Nəzrin Mahu- "Qəlblərin dirijoru"
Nəzrin Mahu- "Qəlblərin dirijoru"
O gün və həmin an ürəyim əvvəlkindən daha güclü döyünürdü. İçimdə qəribə bir həyəcan vardı. Hələ də yadımdadır: 30 nömrəli uşaq musiqi məktəbinin konsert zalının göyümtül, şəffaf şüşələrinin arxasından iri kölgələr görünür, fortepianonun müşayiəti ilə səslər gəlirdi.
İxtisas müəllimim əlimdən tutmuşdu və biz qapının düz qarşısında dayanıb musiqi əsərinin bitməsini gözləyirdik. Musiqi kəsildi, müəllim qapını döydü və “buyurun” sözü eşidən kimi biz zala daxil olduq.
Zaldakı böyük, istedadlı və şən gənclərin maraq dolu baxışlarının müşayiəti ilə mən asta-asta irəli addımladım.
O, piano arxasında əyləşmişdi - simasında sakit bir vüqar, hərəkətlərində ölçülü-biçili bir təmkin vardı. Baxışları iti, eyni zamanda dərin idi; qarşısındakı insanı yalnız görmür, onun daxilini də oxuyurdu.
Baxışlarımızın toqquşduğu o qısa an sual kimi havada asılı qalmışdı - və həmin sükutu ilk o pozdu.
-Salam. Adın nədir?
-Nəzrin.
-Şad oldum. Mən də Müslüm Maqomayev (əlini mənə uzadır). (Arxada uşaqlar gülürlər)
Sonra isə sözlər səssizcə kənara çəkilib səslərə yol verdi. O, pianoda bir-bir notları çalırdı, mənə isə həmin səslərə uyğun “lö” hecası ilə cavab verməyimi dedi - hələ heç nə anlamırdım, sadəcə səslərə uyğun oxudum.
Çalmağı bitirdikdən sonra müəllim yenə əlimi sıxdı.
-“Sentyabrda görüşənədək”.
O zaman mən hələ bilmirdim ki, bu görüş həyatımın mühüm bir hissəsinin başlanğıcına çevriləcək. Bilmirdim ki, bu insandan mənə yalnız musiqi ilə bağlı deyil, həyatın özünə dair də neçə-neçə dəyərli dərslər qismət olacaq.
İllər keçdikdən sonra onun haqqında daha çox öyrənmək istədim: bu yolun necə başladığını, musiqi aləminə necə gəldiyini, niyə müəllimlik sənətini seçdiyini və onun üçün müəllim olmağın nə demək olduğunu.
Söhbətimiz onun musiqiyə olan sonsuz sevgisinin arxasında duran uzun hekayəni öz dilindən eşitmək üçün bir fürsət yaratdı.
Teymur Cəbrayılovla, müəllimimlə bir az söhbət etdim:
- Teymur müəllim, musiqinin yalnız maraq deyil, həyatınızın əhəmiyyətli bir parçası olduğunu ilk dəfə nə vaxt hiss etdiniz? Bu necə bir an idi?
O, cavab verməzdən əvvəl gülümsədi. Sonra isə söhbətini kövrək bir xatirədən başladı.
- Bizim ailədə peşəkar musiqiçi yox idi. Yəni konservatoriya bitirən, diplomlu musiqiçi olmayıb. Amma ailəmizdə hər kəsdə musiqi duyumu güclü olub. Məndə də həmçinin bu göstəricilər vardı. Mən özüm 8 №-li musiqi məktəbində yeddi il fortepiano üzrə təhsil almışam. Etiraf edim ki, yaxşı oxumurdum. Qammaları, etüdləri sevmirdim. Məktəbi bitirdim və bir müddət musiqidən tamamilə uzaq qaldım. Uşaqlıq arzum vardı - maşinist olmaq istəyirdim.
Ardınca o, həyatını başqa bir səmtə aparan həmin günü yada saldı.
1975-ci il idi. Teymur ailəsi ilə Montində yaşayırdı. Bir gün atasının yaxın dostu - məşhur musiqiçi, bəstəkar, Sumqayıt Musiqi Kollecinin müəllimi, xormeyster Fazil Əliyev onlara qonaq gəlir. Söhbət əsnasında o, məktəbli Teymurdan musiqi məktəbini bitirib-bitirmədiyini soruşur və sonra pianonun arxasına keçir.
- Mənə dedi ki, klavişlərə baxmadan səsləri oxuyum. Sonra intervallar, akkordlar çaldı. Mən də hamısını oxudum. Axırda üzünü atama tutub dedi: “Qəhrəman, oğlunun duyumu çox yaxşıdır. İcazə ver, mən onunla məşğul olum.”
O zaman isə məktəbli Teymurun fikri tamam başqa idi.
- Mən dedim ki, maşinist olmaq istəyirəm. Hamı güldü. Fazil müəllim də dedi: “Maşinist olmağa həmişə vaxt taparsan. Gəl əvvəl musiqini davam etdirək.”
Bir az tərəddüd içində olsa da, atasının bir cümləsi onun qərarını dəyişir:
- Atam mənə dedi: “Get Fazil müəllimin yanına. Nə deyirsə, et. Və ona hər zaman təşəkkür sözün olsun.”
Beləcə, məktəbli Teymurun uzun yolu başlayır - solfecio dərsləri, xor dirijorluğu, Soltan Hacıbəyov adına Sumqayıt Musiqi Kollecində keçən tələbəlik illəri, Bakı-Sumqayıt yolları, məşqlər, konsertlər…
Həmin illəri xatırlayanda Teymur müəllimin səsində ahəngdar bir ritm yaranırdı - sanki xatirələri də musiqi ilə nəfəs alırdı.
- Texnikuma daxil olandan sonra anladım ki, musiqisiz yaşaya bilmirəm. Mən anladım ki, musiqi həyatdır. Səhnə həyatdır.
Sonra bir qədər susdu və əlavə etdi:
- Musiqi olmadan mən özümü tamamlanmış hiss etmirəm.
Bu cümlə onun bütün həyatını izah etməyə kifayət edirdi.
- Musiqi, həqiqətən də, mənim böyük sevgi və həvəslə gördüyüm işdir. Bu mənim peşəmdir. Mən musiqini sevmişəm, sevirəm və son nəfəsimədək də sevəcəyəm.
O danışdıqca hiss olunurdu ki, musiqi onun üçün peşədən daha artıq bir məfhumdur - daxilində yaşayan ən sabit hissdir.
1976-cı ildə Sumqayıt Musiqi Kollecinə daxil olduqdan sonra gənc tələbə fərqli mühitə düşür. Yaradıcılıq ab-havası, məşqlər, tələbə həyatı, səhnə həyəcanı.
Həmin illəri xatırlayarkən xüsusilə yanında olan insanlardan danışdı. Müəllimlərindən, dostlarından, onu istiqamətləndirən və dəstəkləyən insanlardan.
- Aramızda çox yaxşı insanlar vardı. Məndən yaşca böyük, kursca böyük tələbələr mənə kömək edirdilər, yönləndirirdilər. Mən bu gün də və hər zaman onlara minnətdar olacam.
Gülümsəyərək əlavə etdi ki, kurslarında yeganə oğlan tələbə elə özü olub.
- Qrupda 11-12 nəfər idik. Hamısı qız idi, bir oğlan mən idim.
Tələbəlik illəri yalnız dərslərlə yadda qalmayıb. Qastrol səfərləri, müxtəlif şəhərlərdə çıxışlar da Teymur müəllimin xatirələrində xüsusi yer tutur. Fazil müəllim onları Kiyevə, Leninqrada (indiki Sankt-Peterburq), Moskvaya aparırdı. Teymur müəllim Moskvada keçirilən Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində solo ifa etdiyini də xüsusi sevgi ilə xatırladı.
- Xor mənə müşayiət edirdi. Mənim üçün çox maraqlı və unudulmaz çıxış idi.
Lakin gənc musiqiçinin yolu hər zaman asan olmayıb. Musiqi kollecini bitirdikdən sonra təyinatla Dəvəçi rayonuna göndərilir və uşaq musiqi məktəbində xor müəllimi kimi çalışmağa başlayır. Daha sonra konservatoriyaya qəbul olmaq istəsə də, müsabiqədən cəmi yarım balla keçə bilmir.
Ardınca hərbi xidmət illəri başlayır. İrkutsk və Çita şəhərlərində xidmət edir. Hərbi nizamın sərtliyi belə musiqinin onun ruhundakı yerini dəyişə bilmir.
- Hərbi ansamblda solist idim. Musiqi yenə mənimlə idi.
O, xidmətdən sonra musiqisiz keçən günlərin içində ağır bir boşluqda olduğunu etiraf etdi. Bayılda yerləşən məşhur “Mahnı və Rəqs Ansamblı”na müraciət edir, lakin istəyinə müsbət cavab verilmir.
Bütün bunlara baxmayaraq, Teymur müəllimin musiqiyə olan münasibəti heç vaxt dəyişməyib.
1983-cü ildə Teymur Cəbrayılov Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakültəsinə daxil olmuş və Respublikanın əməkdar incəsənət xadimi, professor Eduard Novruzovun sinfində oxumuşdu.
Cavabının sonunda isə ən çox sevdiyi musiqilərdən danışdı. İlk olaraq Azərbaycan muğamının adını çəkdi.
- Dünyada ən çox sevdiyim musiqi Azərbaycan muğamıdır.
Daha sonra italyan klassikası - opera və simfonik musiqi, ardından isə alman bəstəkarlarını sadaladı: Bax, Hendel, Bethoven, Motsart…
- Bəs uşaqlarla işləyərkən sizin üçün daha vacib olan nədir: əldə olunan nəticə, yoxsa onların bu prosesdə bir şəxsiyyət kimi formalaşması?
- Gizlətməyəcəyəm, bu, yəqin ki, mənim bir qədər konservativ mövqeyimdir. Əlbəttə, mənim üçün musiqi nəticəsi çox vacibdir. Amma eyni zamanda burada hər iki məqam bərabərdir. Çünki uşaqların bir şəxsiyyət kimi formalaşması mühüm amildir - həm musiqi ilə məşğul olduqları müddətdə, həm də ümumiyyətlə həyatda.
İllər boyu pedaqoji fəaliyyəti ərzində çox fərqli uşaqlarla qarşılaşdığını söylədi. Kiminsə gözəl səsi olub, amma duyumu zəif, kimdəsə isə əksinə.
- Zaman keçdikcə başa düşdüm ki, musiqiyə olan münasibəti insanın daxili tərbiyəsindən ayırmaq mümkün deyil. Əgər mən bir pedaqoq kimi yalnız nəticəni düşünüb şagirdlərimin necə insan olacağını unutsaydım - və ya əksinə - onda özüm-özümdən utanardım. Mənə ağır gələrdi.
Onun bu sözlərində müəllimlik peşəsinə münasibəti açıq şəkildə hiss olunurdu. Çünki o, musiqini yalnız texnika, səs və ya səhnə ilə ölçmür. Teymur müəllim üçün musiqi insanın daxilindəki mədəniyyət, münasibət və vicdan hissi ilə də bağlıdır.
Bəlkə də elə buna görə onun dərslərində uşaqlar oxumaqla yanaşı, dinləməyi, hiss etməyi və məsuliyyət daşımağı da öyrənirlər.
- Peşə təcrübənizdə elə bir an olubmu ki, qətiyyətlə “bax, məhz buna görə bu peşəni seçməyə dəyərdi” deyə düşünmüsünüz? O anı bizimlə bölüşərdiniz.
- Olub, var və olacaq. Üç söz. “Olub, var və olacaq”. 2002-ci ildə, 36 nömrəli məktəbdə işləməyə başlayanda idi. İndi dərs dediyim həmin şagirdlərim özləri artıq valideyndirlər.
Onun hər cümləsində illərin izi duyulurdu.
- Şuşa məktəbində işlədiyim dövr… Qala Dərəsi məktəbi, 33 nömrəli musiqi məktəbinin binasında yerləşirdi. Orada dərs dediyim şagirdlər bu gün də məni xatırlayırlar, zəng edirlər, yada salırlar.
Bir anlıq dayandı, sanki adlar yox, simalar gözünün önündən keçirdi.
- 15 nömrəli musiqi məktəbində, Q.Qarayev adına musiqi məktəbində işlədiyim illər də eynidir. Oradakı şagirdlər də bu gün də zəng edir, eyni istiliklə xatırlayırlar.
Sonra bir az yumşaq təbəssümlə əlavə etdi:
- 30 nömrəli musiqi məktəbi, doğma məktəbim. Direktor Eldar müəllim, bacım - Gülşən xanım, kiçik bacım - müdiriyyət şöbəsinin müəllimi Səbinə xanım, əziz olan müəllimlər… və siz, keçmiş şagirdlərim. Mən bu heyəti, şagirdlərimi heç vaxt unutmayacağam.
- İndi isə 25 nömrəli, Rafiq Babayev adına məktəbdəyəm. Orada da məni sevirlər, hörmət edirlər. Mən də heyəti, şagirdlərimi çox istəyirəm.
Teymur müəllim dayandı və sanki yaddaşında çox canlı bir səhnəni xatırladı.
- Bir dəfə metroda şagirdlərim qəfil məni görüb qaçıb yanıma gəldilər, məni qucaqladılar. Bir az söhbət etdik, güldük, danışdıq… Bax, buna görə yaşamağa dəyər.
Və bu cümlə artıq sadəcə bir cavab deyildi - illərin içindən süzülüb gələn bir həyat etirafı idi.
- Teymur müəllim, elə bir çıxış varmı ki, onu xüsusi bir həyəcan və ehtiramla xatırlayasınız?
- Bəli, əlbəttə. Ən yaddaqalan, həyəcanlı və eyni zamanda ən məsuliyyətli çıxışımız 2013-cü ildə olub. Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında. Bu, böyük solo xor konserti idi. Şagirdlər və məktəbin müəllimləri ilə birlikdə çıxış edirdik.
Bir anlıq gülümsədi. Bu, xatirəyə qarışan bir təbəssüm idi.
- Mən o konserti hələ də izləyirəm. Bəzən bir-iki gündən bir açıb ayrı-ayrı çıxışlara baxıram. Təhlil edirəm: harada nəyi başqa cür edə bilərdim, nəyi daha yaxşı etmək olardı. Və hər dəfə izlədikcə yeni bir şey kəşf edirəm.
O, bunu deyərkən səsində bir müəllim dəqiqliyi vardı - heç vaxt dayanmayan, daim öz işinə yenidən qayıdan bir insanın tonu.
- İlk not ifa olunmazdan öncəki saniyələrdə nə hiss edirsiniz?
Teymur müəllim bu dəfə cavabı qısa verdi, amma həmin qısa cavabın içində illərin təcrübəsi gizlənirdi.
- Həyəcan, - dedi.
Bir az dayandı.
- Gərginlik.
Və sonra əlavə etdi:
- Və böyük bir məsuliyyət.
Bu üç söz səhnəyə çıxmazdan əvvəlki o anı tam olduğu kimi təsvir edirdi: səssiz dolu zal, diqqətini toplayan şagirdlər, müəllimin içində isə həm sakitlik, həm də görünməyən bir gərginlik var… və hər şeydən əvvəl - məsuliyyət hissi.
- Şagirdləriniz sizə nə öyrədib?
Sual onu dərin, şəxsi, və həssas bir yerə aparmışdı.
- Şagirdlərim mənə məsuliyyət öyrədib. Mənə zarafat etməyi də öyrədiblər.
Gülümsədi.
- Və ən əsası… onlar mənə sevgi öyrədiblər. Musiqiyə və uşaqlara olan daha böyük sevgi.
- Əgər bütün keçmiş şagirdlərinizə - illər əvvəl sizinlə oxuyanlara və bu yaxınlarda ayrılanlara bir söz demək imkanınız olsaydı, onlara nə deyərdiniz?
- “Deyərdim” yox… deyirəm: “Sizi hamınızı sevirəm, çox istəyirəm, hörmət edirəm. Siz mənim təkcə şagirdlərim deyilsiniz, siz mənim doğmalarımsınız.” Harada işləməyimdən asılı olmayaraq, hansı məktəbdə fəaliyyət göstərməyimdən asılı olmayaraq, həmişə demişəm ki, mən şagirdlərimi sevirəm. Hər şey bir kənara, əsas odur ki, bütün şagirdlərim, bütün balalarım sağlam olsun.
-Teymur müəllim, bəs siz özünüz necə xatırlanmaq istərdiniz?
- İstərdim ki, hər bir şagirdim məni gənc, enerjili, şən, sevən bir insan kimi xatırlasın. Şagirdlərini sevən və onlara hörmət edən bir müəllim kimi.
- Hansı arzunuzun gerçəkləşməsini istəyərdiniz?
- Mənim bir yox, bir çox arzum var. Birinci arzum odur ki, şagirdlərimin hamısı xoşbəxt olsun. İkinci arzum - hamıya xoşbəxtlik diləyirəm.
Bir az dayandı.
- Üçüncü arzum - zəhmətimin qiymətləndirilməsi.
- Hamıya sağlamlıq və xoşbəxtlik arzulayıram… və ailəmə də.
Və ən axırda, çox sakit, amma çox səmimi bir cümlə əlavə etdi:
- Anama da uzun ömür arzulayıram… Elvira xanıma.
Mənim adım Nəzrindir. Doqquz yaşımda ilk dəfə 30 nömrəli uşaq musiqi məktəbinin xor ailəsinə daxil oldum. İlk vaxtlar özümü istedadlı, şən və mehriban uşaqların arasında ürkək bir ceyran kimi hiss edirdim. Ətrafımdakı hər şey mənim üçün yeni və bir qədər də əlçatmaz idi. Lakin zaman keçdikcə, xorun bir üzvü kimi məsuliyyət hissim də böyüməyə başladı - gördüyümüz işə, kollektiv anlayışına və səhnədə yanımda olan hər bir insana qarşı.
Xor ailəmiz də tədricən böyüyürdü. Bir qrup şagird məzun olur, onların yerinə yeniləri gəlir və kollektiv daim dəyişirdi. Kollektivə xarakterləri, həyata baxışları, maraqları və arzuları tamamilə fərqli olan uşaqlar qoşulurdu. Teymur müəllim hər birimizin fərdiliyini qoruyaraq bizi vahid musiqi məfhumu ətrafında birləşdirməyi bacardı. O, bizi yalnız musiqiçi kimi formalaşdırmır, aramızda dostluq, qarşılıqlı anlaşma və hörmət yaratdı.
Məşqlərimiz heç vaxt sadəcə oxumaqla məhdudlaşmayıb. Hər bir əsər bizim üçün kiçik özünəməxsus səyahətə çevrilirdi. Onu öyrənməyə başlamazdan əvvəl Teymur müəllim əsərin yaranma tarixindən, meydana gəldiyi ölkədən, həmin dövrün mədəniyyətindən və xüsusiyyətlərindən danışırdı. O, bizə musiqidə melodiya və mətnlə yanaşı həm də dərin bir dünyanı eşitməyi öyrədirdi.
Bu musiqi səyahətində xalq musiqisi xüsusi yer tutur. Teymur müəllim bizə milli musiqi irsimizə sevgi aşıladı. Hər kəsin tanıdığı və doğma bildiyi “Xarı bülbül”, “Laçın”, “Səndən mənə yar olmaz”, ”Aman ovçu”, “Güləbatın”, “Ay qara qız”, “Ay Xəzər” və s. kimi əsərlər bizim ifamızda tədricən tamam başqa cür səslənməyə başladı - səmimi və daha peşəkar formada. Azərbaycan musiqisi ilə yanaşı, müəllim bizi italyan, ingilis, rus və bir çox ölkənin musiqi mədəniyyəti ilə də tanış edirdi. Biz Müslüm Maqomayevin, Adriano Çelentanonun, A.Safinanın, eləcə də G.Kings italyan qrupunun mahnılarını, müxtəlif popurilər ifa edirdik. Repertuarın rəngarəngliyi Teymur müəllimin musiqiyə yanaşmasının fərqliliyini əks etdirirdi. O, bizi bir janrın çərçivəsində saxlamır, xalq və folklor musiqisindən klassikaya, şansondan estrada nümunələrinə qədər müxtəlif musiqi janrları ilə tanış edirdi. Və ən maraqlısı bu əsərlərin onun əlində necə dəyişməsi idi. Teymur müəllim bir çox əsəri özünəməxsus formada işləyir, onlara yeni aranjiman verir, bəzən isə çoxdan tanıdığımız melodiyanın içində gizlənən başqa bir ruhu üzə çıxarırdı. Uşaq yaşlarımızda nə oxuduğumuzu anlamağı və duymağı öyrənirdik. Teymur müəllim musiqi vasitəsilə daxili dünyamızı zənginləşdirir, hər birimizin öz qabiliyyətlərini üzə çıxmasına kömək edirdi.
Dərslərimizdən biri haqda - italyan qrupu G.Kingsin “Volare” mahnısına həsr olunmuş dərsdən bəhs etmək yerinə düşər. Mahnının nəqəratı bir neçə sətrdən ibarətdi. Teymur müəllim bizdən səslənməni və dəqiq tələffüzü eşitmək istəyirdi. Hər birimizlə ayrı-ayrılıqda işləyir, nəqəratın sözlərini dəfələrlə təkrar etdirirdi. Biz təkrar edir, çaşır, yenidən başlayır və bir daha təkrar edirdik. Bir müddət sonra artıq elə gəlirdi ki, bu bir neçə sətri sonsuza qədər məşq edəcəyik.
Amma sonda müəllimlə birgə gözlədiyimiz nəticəyə nail olduq. Və mən onun reaksiyasını bu gün də xatırlayıram. Teymur müəllim o qədər razı qalmışdı ki, hər birimizin yanına gəlib əlimizi sıxdı və qucaqladı. Bir uşaq üçün bu, çox böyük uğur idi. Həmin gün dərsdən hamımız həmişə olduğundan daha sevincli çıxmışdıq.
Teymur müəllim bəzən sərt və tələbkar ola bilirdi. Lakin bununla yanaşı, əməyə nə qədər güc sərf etdiyimizi həmişə hiss edir və göstərdiyimiz səyləri qiymətləndirməyi bacarırdı. Onun üçün yalnız peşəkar nəticəyə nail olmaq deyil, şagirdə “Mən sənin nə qədər çalışdığını görürəm və bunu qiymətləndirirəm” hissini yaşatmaq da vacib idi.
Yəqin ki, elə buna görə onun tələbkarlığını heç vaxt başqa cür qəbul etmirdik. Bu tələbkarlığın arxasında həmişə qayğı, diqqət və bizim peşəkarlığımıza inam hiss olunurdu. Teymur müəllimin bir pedaqoq kimi daha bir xüsusiyyəti də insan psixologiyasını yaxşı duyması, hər şagirdə, hətta müəllimə, insana fərdi yanaşmağı bacarması idi. Dərsdən yorğun gələn uşaqların üzündə qısa bir söhbətdən sonra sehrli şəkildə təbəssüm yaranır, bir neçə dəqiqə əvvəlki yorğunluq yerini gülüşə verirdi. Onun hazırcavablığı, özünəməxsus yumoru və gözlənilməz zarafatları bir anda əhvalımızı dəyişirdi. Zalda onun zarafatlarından sonra ovqatı yüksəlməyən bir nəfər belə qalmırdı.
Eyni ab-hava konsertlər zamanı da yaşanırdı. Konsert başlamazdan əvvəl kulisdə bizimlə zarafat edir, gərginliyimizi azaltmağa çalışırdı. Bəzən isə vəziyyət o həddə çatırdı ki, şagirdlərini güldürən Teymur müəllim özü sonradan onları sakitləşdirməyə məcbur olurdu. Belə münasibət sayəsində səhnəyə həm hazırlıqlı, həm də yüksək əhval-ruhiyyə ilə çıxırdıq. Zənnimcə, həmin enerjini biz səhnədən tamaşaçılara da ötürə bilirdik.
Teymur müəllimin istedadı yalnız dirijorluqla məhdudlaşmırdı. Onun güclü səhnə duyumu, aktyor məharəti, mimikası, xarizmatik təbəssümü və çevik hərəkətləri tamaşaçını da asanlıqla öz təsiri altına alırdı. O, yalnız xorun deyil, bütün zalın enerjisini hiss edir və həmin enerjini idarə etməyi bacarır. Tamaşaçıların onun çıxışlarını böyük maraq və sevgi ilə qarşılaması da təsadüfi deyil.
Bu baxımdan, kollektivimizdə hələ də xoş xatirə ilə yada salınan bir səhnə var: Teymur müəllimin balaca və incə Ayanla birlikdə popuri sədaları altında etdiyi rəqs. Bu rəqs sadəcə konsert proqramının bir hissəsi deyildi. O, Teymur müəllimin səhnədəki təbii şuxluğunu, yumorunu və uşaqlarla qurduğu səmimi münasibəti əks etdirən, bu gün də təbəssümlə xatırladığımız anlardan biridir.
Xorun yaddaşında xüsusi iz buraxan hadisələrdən biri də onun kinoda yer almasıdı. 2014-cü ildə Bakıya Polşadan bir qrup kinematoqrafçı layihə üçün gəldi. Azərbaycanlı rejissor Mənzər Hüseynova həmin layihə çərçivəsində hazırladığı “Şəhər sübhdən gün batanadək” filmində Teymur müəllimin dərs prosesini də lentə almaq qərarına gəlmişdi.
Çəkiliş günü məktəbdəki adi dərslərdən bir qədər fərqli, amma çox xoş bir ab-hava vardı. Kamera qarşısında heç kim özünü başqa cür göstərməyə çalışmırdı - hər şey olduğu kimi, təbii və səmimi şəkildə baş verdi. Elə buna görə də çəkilişlər həm maraqlı, həm də olduqca əyləncəli keçdi. Polşalı operatorla yaşanan gülməli anlar isə bu günə qədər yaddaşımızdadır. Teymur müəllim onunla azərbaycanca danışır, zarafat edir, operator isə bir kəlmə də cavab vermədən gülümsəyərək başını yelləyirdi. Sanki deyilən hər şeyi anlayırmış kimi davranması bizi güldürürdü.
Sonra film Nizami Kino Mərkəzində nümayiş etdirildi. Filmin nümayişindən sonra polşalı kinematoqrafçılar və Polşa Kino Məktəbinin professoru dərs prosesindəki təbiiliyi, uşaqların sərbəst davranışını və yaranan səmimi atmosferi böyük maraqla qarşılamışdılar.
Kollektivimiz müxtəlif dövlət və ictimai əhəmiyyətli tədbirlərdə çıxış edib. Ən parlaq və unudulmaz xatirələrdən biri, müəllimin qeyd etdiyi kimi, 2013-cü ildə 15 İyun - Azərbaycanın Milli Qurtuluş Gününə həsr olunmuş tədbirdəki çıxışımızdır.
Həmin gün eyni səhnədə həm pedaqoji, həm də uşaq xor kollektivləri çıxış edirdi. Uşaq xoru - yəni biz - demək olar ki, fasiləsiz olaraq on altı əsər ifa etdik. Proqramda həm xalq mahnıları, həm də xarici müəlliflərin əsərləri yer almışdı. Buna görə də çıxışımız olduqca zəngin və rəngarəng alınmışdı.
Bütün çıxışlarda bizi fortepianoda müşayiət edən müəllimimiz, istedadlı musiqiçi, pedaqoq Zakir Əsədovun da rolunu xüsusi qeyd etmək lazımdır. O, xoru bütün proqram boyunca inamla müşayiət edirdi. Teymur müəllimlə Zakir müəllim arasında isə xüsusi bir musiqi anlaşması vardı - bir-birlərini demək olar ki, sözsüz anlayır, kiçik bir işarə və ya baxışla belə tempi, gedişatı və ifanın xarakterini müəyyənləşdirə bilirdilər.
Yəqin ki, həmin çıxışımızı obyektiv şəkildə qiymətləndirmək bir qədər çətin olar. Axı şagirdlər onun birbaşa iştirakçısı idi və bu günü ilk növbədə öz xatirələrimiz və duyğularımızla ifadə edə bilərik. Amma bəlkə də burada daha vacib olan başqa bir məqam var: həmin gün bizi səhnənin o tayından izləyən insanlar - valideynlərimiz, dostlarımız, müəllimlərimiz və bizi seyr edən peşəkar musiqiçilər haqqımızda daha çox şey deyə bilərlər. Onların təəssüratları və xatirələri, bəlkə də, həmin günün necə keçdiyini və xor kollektivimizin tarixində hansı yeri tutduğunu daha dəqiq ifadə edə bilər.
Teymur müəllimin rəhbərlik etdiyi müxtəlif kollektivlərin illər ərzində iştirak etdiyi müsabiqə və festivallar, nüfuzlu tədbirlər yaradıcı yolun bir hissəsini təşkil edir. O, 11-ci, 12-ci, 13-cü, 14-cü və 15-ci Respublika müsabiqə-festivallarında (Azərbaycanın Rus İcması və Rus Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan, rus xalq mahnılarına həsr edilmiş ənənəvi Respublika müsabiqə-festivalı olan “Rodniki duşı”) iştirak edib. Müxtəlif illərdə keçirilən bu tədbirlər M. Y. Lermontovun 200 illiyi, Müslüm Maqomayevin 75 illiyi, Heydər Əliyevin 95 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, Qara Qarayevin 100 illiyi, İmadəddin Nəsiminin 650 illiyi və Aleksandra Paxmutovanın 90 illiyi kimi yubileylərə həsr olunub. Bu müsabiqələrdə onun rəhbərlik etdiyi kollektivlər müxtəlif illərdə laureat adını qazanıb və birinci yerlərə layiq görülüblər.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının təşkil etdiyi “Üzeyir Hacıbəyli Mükafatı” müsabiqəsində xor dirijorluğu nominasiyası üzrə diploma layiq görülüb.
Bakı şəhərinin 30 nömrəli Uşaq Musiqi Məktəbinin xor kollektivi isə IX Respublika Uşaq Xor Kollektivləri Müsabiqəsində III dərəcəli diploma layiq görülüb. Şuşa Mədəniyyət Şöbəsi tərəfindən Teymur müəllim 2003–2004 və 2004–2005-ci tədris illərində musiqi müsabiqələrində iştirakına və uğurlarına görə fəxri fərmanlarla, 65 illik yubileyi münasibətilə isə ayrıca fəxri fərmanla təltif olunub.
Füzuli rayonunun “Turan” uşaq musiqi kollektivinin 2022 və 2023-cü illərdə Regional Xor Müsabiqəsində üçüncü yerə layiq görülməsi ilə bağlı təşəkkürnamədə də Teymur müəllimin məsləhətləri və mahnı seçimində göstərdiyi dəstək qeyd olunur. Bundan əlavə, Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsertdə fəal iştirakına görə aldığı təşəkkürnaməni də qeyd etmək lazımdır.
2008-2009-cu tədris illərində Teymur Cəbrayılov ən yaxşı uşaq xor müəllimi adına layiq görülüb.
Teymur Cəbrayılovun musiqi fəaliyyəti yalnız dirijorluq və pedaqoji işlə məhdudlaşmayıb. O, müxtəlif illərdə bəstəkarlıq fəaliyyəti ilə də məşğul olub. 2013-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Uşaq xoru üçün mahnılar” adlı iki cildlik kitabı nəşr olunub. Topluda yer alan mahnıların həm sözləri, həm də musiqisi Teymur Cəbrayılovun özünə məxsusdur.
Bunlar Teymur müəllimin illər ərzində gördüyü işlərin və keçdiyi uzun yolun yalnız bir hissəsidir. Bu gün geriyə baxanda və bu günün özündə də bütün nailiyyətlərin arxasında təkcə səhnədə səslənən mahnıları deyil, uşaqlarla birlikdə qurulan böyük musiqi dünyasını görmək mümkündür.
Bu il Teymur Cəbrayılovun 65 yaşı tamam oldu. Bu münasibətlə biz, 30 nömrəli uşaq musiqi məktəbinin yetirmələri, uzun illərdən sonra yenidən bir araya gəlib müəllimimizlə görüşmək qərarına gəldik. Ona 65 illik yubileyi münasibətilə kiçik bir sürpriz hazırladıq.
Teymur müəllimin zala daxil olduğu anı heç birimiz unutmayacağıq. Qarşısında illər əvvəl dərs keçdiyi balaca uşaqlar deyil, artıq böyümüş, hərəsi həyatının öz yolunu tutmuş tələbələri dayanmışdı. Heç kim göz yaşlarını saxlaya bilmədi. Amma bunlar kədərdən deyil, sevincdən, xoşbəxtlikdən süzülən göz yaşları idi.
Güldük, rəqs etdik, xatirələrimizi bölüşdük, bir-birimizə baxıb illər əvvəlki günləri xatırladıq. Şamları birlikdə üfürdük və həmin anda böyük bir xoşbəxtlik vardı.
İllər insanları dəyişir, insanlar böyüyür, həyat hər kəsi müxtəlif istiqamətlərə aparır. Amma bəzi bağlar zaman keçdikcə zəifləmək əvəzinə, insanın yaddaşında daha da möhkəmlənir. Teymur müəllimlə bizi birləşdirən bağ da belədir. On üç il sonra yenidən bir yerdə, eyni sevinc və səmimiyyətlə bir araya gəlməyimiz bunun ən gözəl sübutu oldu.
Bir vaxtlar xallı donlarda olan balaca qızların və qara qurşaqlı oğlanların adından:
Əziz Teymur müəllim,
Bir vaxtlar biz sizin yanınıza oxumağı öyrənməyə gəlmişdik. Nəticədə ailə olduq.
İllər keçib. Biz böyümüşük, dəyişmişik, hər birimizin öz həyat yolu yaranıb. Amma görüşəndə bir baxış və bir təbəssüm kifayət etdi ki, biz yenə vaxtilə yan-yana dayanıb oxuyan uşaqlara çevrilək.
Yəqin ki, sizin bizə öyrətdiklərinizin əsl mənası da elə bundadır.
Səslər zamanla dəyişir. Biz özümüz də dəyişmişik. Həyat öz axarı ilə gedir. Amma bir vaxtlar birlikdə səsləndirdiyimiz mahnıları və yaşadığımız o gözəl günləri unutmaq mümkünsüzdür.
Bizə bu gözəl xatirələri bəxş edən, həyatımızın bir parçasına çevrilən xor üçün, ailə üçün sizə sonsuz təşəkkür edirik.
Və illər sonra yenidən bir araya gələ bildiyimiz üçün. Artıq böyümüş olsaq da, sizin üçün hələ də o uşaqlar olaraq qala bildiyimiz üçün.
Sevgi ilə,
30 №-li uşaq musiqi məktəbinin şagirləri.
- Teymur müəllim, fəaliyyətinizdə böyüklər xoruna rəhbərlik etdiyiniz dövrlər də olub. Bəs nə üçün sonda məhz uşaqlarla işləməyi seçdiniz?
- Çünki onların gözlərində öz xoşbəxtliyimin əksini görürəm. Düşünürəm ki, bir müəllim üçün bundan böyük mükafat yoxdur: şagirdinin xoşbəxt olduğunu görmək və bu xoşbəxtlikdə öz payının olduğunu bilmək.
