Edebiyyat.az » Palitra » Xədicə Həmidova — Gözdə İlkin: yaddaşın parçada əksi

Xədicə Həmidova — Gözdə İlkin: yaddaşın parçada əksi

Xədicə Həmidova — Gözdə İlkin: yaddaşın parçada əksi
Palitra
admin
Müəllif:
08:44, 01 aprel 2026
186
0
Xədicə Həmidova — Gözdə İlkin: yaddaşın parçada əksi

Gözdə İlkin – yaddaşın parçada əksi

Müasir rəssam Gözdə İlkin 1981-ci ildə Kütahya şəhərində anadan olmuşdur və hazırda İstanbul şəhərində yaşayır. O, bakalavr təhsilini Mimar Sinan Gözəl Sənətlər Universitetində almış, daha sonra isə magistr təhsilini Marmara Universitetində tamamlamışdır. Gözdə İlkin, uşaqlıq dövründən etibarən ailəsi ilə birlikdə müxtəlif şəhərlərdə yaşamış, tez-tez köç etmişdir. Bu davamlı hərəkətlilik onun dünyagörüşünə və yaradıcılığına mühüm təsir göstərmişdir. 2004-cü ildən etibarən o, artıq ailəsindən müstəqil şəkildə səyahət etməyə başlamışdır. Bu səyahətlər əsasən təhsil və incəsənət çərçivəsində baş tutmuş, o, Avropanın müxtəlif incəsənət mərkəzlərini ziyarət etmişdir.

2009-cu ildə rəssam bir qrup sənətçi ilə birlikdə Gürcüstan, Azərbaycan və İran ərazilərinə səyahət etmişdir. Bu səfərlər onun yaradıcılığında dönüş nöqtəsi olmuş və nəticədə miqrasiya, sərhədlər kimi mövzular onun işlərində ön plana çıxmışdır.

2004-cü ildən başlayaraq Gözdə İlkin ev şəraitində tikmə ilə məşğul olmağa başlamışdır. Nənəsinin vəfatından sonra ona məxsus parçalar rəssam üçün xüsusi əhəmiyyət kəsb etmişdir. İlkin bu parçalar üzərində müxtəlif formalar tikərək onları bədii ifadə vasitəsinə çevirmişdir. Bu fəaliyyət ilkin mərhələdə incəsənət məqsədi daşımırdı; əksinə, nənəsindən qalan xatirələri yaşatmaq və şəxsi yaddaşı qorumaq niyyəti ilə bağlı idi.

Zaman keçdikcə bu şəxsi təcrübə bədii praktikaya çevrilmiş, istifadə olunan parçalar yaddaşın daşıyıcısı, onların üzərindəki tikmələr isə itkinin vizual ifadəsi kimi çıxış etmişdir. Beləliklə, rəssam öz fərdi və şəxsi hisslərini kollektiv yaddaşa yönəldərək onları ictimaiyyətə təqdim etməyə başlamışdır.


Yaradıcılıq texnikasına nəzər saldıqda, Gözdə İlkin əsasən tikmə, rəngləmə, təsviri sənət və akril boya ilə işləmə kimi müxtəlif üsullardan istifadə edir. Onun aldığı ali təhsil bu prosesə mühüm təsir göstərmişdir. Belə ki, rəssam əsərlərini birbaşa material üzərində yaratmır; əvvəlcə eskizlər hazırlayır, daha sonra bu eskizləri parçanın üzərinə köçürərək əl ilə tikmə vasitəsilə təsvirləri formalaşdırır və kompozisiyanı sabitləşdirir.

Material seçimi də onun yaradıcılığında xüsusi yer tutur. Gözdə İlkin tez-tez yastıq üzlükləri, pərdələr və müxtəlif parça qalıqlarından istifadə edir. Bundan əlavə, onun çoxsaylı səyahətləri material seçimində də öz əksini tapır. Rəssam tez-tez bit bazarlarından və ikinci əl mağazalardan əldə etdiyi parçalara üstünlük verir.

Onun fikrincə, bu cür materiallar artıq öz daxilində müəyyən bir tarix və yaddaş daşıyır. Məhz bu “keçmişi olan” parçalar üzərində işləmək həm bədii baxımdan daha maraqlı, həm də konseptual olaraq daha zəngin nəticə verir. Beləliklə, materialın əvvəlki həyatı ilə rəssamın müdaxiləsi arasında dialoq yaranır və əsər yalnız vizual deyil, həm də yaddaş və zaman qatlarını özündə birləşdirən bir ifadəyə çevrilir.

Yaradıcılığın ilkin dövrlərinə baxdıqda, Gözdə İlkin əsasən şəxsi hisslərini və həyatından götürülmüş motivləri istifadə etmişdir. Erkən işlərində o, tez-tez fotolarda təsvir olunan ev əşyalarını öz əsərlərinə daxil edirdi. Eyni zamanda avtoportretləri də işlərinə daxil edərək, bu şəxsi təsvirləri ev əşyaları ilə bir vəhdət halında təqdim edirdi; məqsəd fərdi xatirələri və keçmişi vizual şəkildə ifadə etmək idi.

Onun ilkin yaradıcılığına Françesko Vudman, Klod Kaxun və digər fotoqraflar təsir göstərmişdir. Bu dövrdə Gözdə İlkin ailə fotolarını əsərlərində istifadə edərək, oradakı formaları bir qədər abstrakt şəkildə təqdim edirdi. Lakin illər keçdikcə onun yaradıcılığında formaların abstraktlaşdırılması daha da güclənmiş, bəzi işlərdə hətta absurd səviyyəyə çatmışdır.

Son illərdə Gözdə İlkinin yaradıcılığında parçalar üzərində kiçik səhnələrin təsvirini görmək mümkündür. O, artıq yalnız formalarla işləməkdən kənara çıxaraq, parçalar üzərində mini səhnəciklər yaratmağa çalışır. Bu prosesdə əsas ilham mənbəyi təbiətdir; təbiətdən götürülən motivlər onun tikmə texnikası vasitəsilə transformasiya və şəfa proseslərini vizual şəkildə ifadə edir. Belə ki, təsvirlərdə bitki, heyvan və insan aləmi bir-biri ilə əlaqəli şəkildə birləşir, nəticədə harmoniya və həyatın dövriyyəsi bədii dil vasitəsilə təqdim olunur.

Gözdə İlkinin yaradıcılığında əsas mövzular arasında gender məsələləri, ictimai və siyasi hadisələr, şəhər həyatında baş verən proseslər və miqrasiya mövzuları xüsusi yer tutur. Miqrasiya mövzusuna keçməzdən əvvəl qeyd etmək lazımdır ki, onun əsərlərində gender məsələləri geniş şəkildə işlənmişdir və bu mövzu onun çoxsaylı işlərinin mərkəzində dayanır.

Bundan əlavə, Gözdə İlkinin yaradıcılığında təbiətə münasibət də mühüm rol oynayır. Son illərdə təbiət motivlərinin əsərlərində daha çox görünməsi onun təbiətlə əlaqəsini və təbiətdən ilham almasını tam şəkildə əks etdirir. Onun işlərində bitki və heyvan aləmi, insan figurları ilə birlikdə harmonik şəkildə təqdim olunur və bununla da həyat və təbiətin dövriyyəsi vizual dildə ifadə edilir.

Miqrasiya mövzusunun onun yaradıcılığında əhəmiyyətli yer tutmasının əsas səbəbi ailəsinin tez-tez şəhərdən şəhərə köç etməsi olmuşdur. 1984–1998-ci illər arasında bu davamlı hərəkətlilik Gözdə İlkinin kiçik yaşlarından yeni məkanlara adaptasiya olmasına imkan yaratmış, onu fərqli mədəniyyətlərlə tanış etmiş və yeni biliklər əldə etməyə təşviq etmişdir. Nəticədə bu şəxsi təcrübə onun yaradıcılığına miqrasiya mövzulu əsərlər yaratmaq üçün ilham vermişdir.

Gözdə İlkinin yaradıcılığında bitki motivləri xüsusilə önəmli yer tutur. Bu təsirin əsas mənbələrindən biri onun 2016-cı ildə Bruklində keçirdiyi rezidensiya olmuşdur. Bu dövrdə rəssam təbii boyalardan istifadə etməyə başlayaraq formaları daha sərbəst və ifadəli şəkildə təqdim edə bilmişdir.

Bruklində o, yerli bitkilərlə tanış olmuş, onların formalarını yaxından öyrənmiş və əsərlərində bu təsirləri vizual şəkildə əks etdirmişdir. Bitkiləri artıq sadəcə təbii obyekt kimi deyil, bir həyat prosesi və şəfa verici varlıqlar kimi qəbul etmiş, onları abstrakt, bəzən isə antropomorf – yəni insanlaşdırılmış – formada təsvir etməyə başlamışdır. Beləliklə, Gözdə İlkinin son dövr işlərində bitkilər həm təbiət motivi, həm də bədii ifadənin mərkəzi elementinə çevrilmişdir.

Gözdə İlkinin yaradıcılığında istifadə olunan personajlar əsasən ailə fotolarından götürülür. Lakin bu personajlar, həmçinin bitki formaları da olsa, əsərlərdə ilkin formalarını itirərək abstraktlaşır və daha universal bir görünüş qazanırlar. Bu proses nəticəsində onların vizual dili yalnız şəxsi xatirələrə bağlı qalmır, həm də abstrakt incəsənətin prinsiplərini tam şəkildə əks etdirir.

Gözdə İlkinin əsərlərinin adları da xüsusi diqqət çəkir. Rəssamın öz sözlərinə görə, bu adlar çox vaxt ədəbiyyat, performans və ya film əsərlərindən ilhamlanaraq seçilir. Onun üçün söz bir forma rolunu oynayır; adlar nə qədər poetik səslənsə də, onların mənası müasir dövrün problemlərini və məsələlərini əks etdirir.

Bu adlar tez-tez şəhər həyatını, gender məsələlərini, ictimai və sosial prosesləri əhatə edir və beləliklə, əsərlərin konseptual məzmununa əlavə qat verir. Rəssamın yaratdığı adlar həm vizual, həm də semantik baxımdan əsərlərin müasir sosial kontekstdə oxunmasına imkan yaradır.

Gözdə İlkinin yaradıcılığına ilham verən qadın rəssamlardan biri Gülsün Karamustafadır. Gülsün Karamustafanın əsərləri yalnız Gözdə İlkinin deyil, digər müasir türk rəssamlarının yaradıcılığına da əhəmiyyətli təsir göstərmişdir.

Gülsün Karamustafanın yaradıcılığı üç əsas tematik istiqamətdə inkişaf etmişdir: miqrasiya, şəxsi hisslər və gender məsələləri. Onun əsərlərində Türkiyənin modernləşmə və modernizasiya prosesləri əks olunur; həmçinin tarixdə görünməyən və ya unudulmuş hadisələrin görünən tərəfi vurğulanır və bu hadisələr əsərlərin mərkəzi mövzusuna çevrilir. Gülsün Karamustafanın siyasi və iqtisadi mövzulara yönəlmiş işləri müasir türk incəsənətində önəmli bir yer yaratmışdır.

Bütün bu mövzulara baxaraq görmək olar ki, onların təsiri Gözdə İlkinin yaradıcılığında da açıq şəkildə hiss olunur. Miqrasiya, gender və şəxsi hisslər kimi tematikalar onun işlərində bariz şəkildə öz əksini tapmışdır.

Gözdə İlkinin yaradıcılığına təsir göstərən digər rəssamlardan biri də Güneş Terkoldur. Güneş Terkol, Gözdə İlkin kimi, tikmə işləri vasitəsilə fikirlərini parçalar üzərində ifadə etmişdir. Onun əsərlərində əsas ilham mənbəyi ətrafında baş verən hadisələr olmuş və bu hadisələr parçalar və kumaşlar üzərində vizual şəkildə əks olunmuşdur.

Güneş Terkolun əsərlərində personajlar əsasən qadınlardır və onlar çox vaxt yumorlu şəkildə təsvir olunurlar. Bu qadınlar ya Türkiyədə baş verən mədəni dəyişikliklərə uyğunlaşır, ya da kəskin şəkildə buna qarşı çıxaraq adaptasiya olmaqdan imtina edirlər. Tikmə prosesi və istifadə olunan parçalar özü müstəqil bir incəsənət forması kimi çıxış edir və müasir incəsənətdə yeni ifadə imkanları yaradır.

Xüsusilə, Güneş Terkolun tikmə texnikası və gender tematikası, müasir dövrün mədəni dəyişikliklərini əks etdirən yanaşması Gözdə İlkinin yaradıcılığına əhəmiyyətli təsir göstərmişdir. Bu təsir Gözdə İlkinin həm texnika seçimində, həm də mövzu yönümlü işlərində açıq şəkildə görünür.

Gözdə İlkinin yaradıcılığında antropomorf bitki aləmindən başqa, miniatür sənətinin təsirini də aydın şəkildə görmək mümkündür. Rəssamın öz sözlərinə görə, miniatür sənətinin incəliklərini dərindən bilsə də, onun məqsədi miniatür təsvirlərini parçaya sadəcə surət kimi köçürmək deyil. Əksinə, o, miniatür formalarının vizual və struktur anlayışını, onların forma hissini tikmə texnikası vasitəsilə öz əsərlərində əks etdirməyə çalışır.

Xüsusilə, Gözdə İlkin Osmanlı və Təbriz miniatürlərindən ilhamlanaraq bu sənətlərin forma anlayışını öz əsərlərinə daxil edir. Digər tərəfdən, onun tikmələrində istifadə olunan parlaq və zəngin koloritlər də miniatür sənətinə olan yönəlməsini göstərir. Beləliklə, Gözdə İlkinin işlərində miniatür sənəti yalnız dekorativ element kimi deyil, həm də formaların və rəngin konseptual ifadəsi kimi önəmli rol oynayır.






Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)