Edebiyyat.az » Ədəbi tənqid » Türkay Qasımova - Görünməzi görmək: Qadınların ədəbiyyat və reallıqda təmsili

Türkay Qasımova - Görünməzi görmək: Qadınların ədəbiyyat və reallıqda təmsili

Türkay Qasımova - Görünməzi görmək: Qadınların ədəbiyyat və reallıqda təmsili
Ədəbi tənqid
nemət
Müəllif:
20:06, 20 mart 2020
2 057
0
Türkay Qasımova - Görünməzi görmək: Qadınların ədəbiyyat və reallıqda təmsili







Mirzə Fətəli Şərq qadınını səhnəyə çıxarıb, orada danışdırıb, güldürüb, ağladıb və orada birinci dəfə kişilər içində izharı-vücud edib.”[1]
Cəlil Məmmədquluzadə
 
On doqquzuncu əsrdə intelligensiyanın ən optimist nümayəndələri belə yəqin inanmazdılar ki, hətta bir çox Qərb ölkələrindən əvvəl – 1918-ci ildə Azərbaycan əhalisinin əksəriyyəti müsəlman olan ölkələr arasında qadınlara səsvermə hüququ verən ilk ölkə olacaq. Üfüqdə hələ müstəqillik məsələsi görünmədiyi dövrdə  belə bütün siyasi hüquqlar nəzərdə tutulmasa da, intelligensiyanın məqsədi nəhayət ki, qadınlarla kişilərin bərabər rəftarı və bərabər sosial hüquqlarla təmin edilməsinə nail olmaq idi. Yeni ədəbi üslubları təqdim etməklə, intelligensiya sonradan əsas debat mövzularından birinə çevriləcək məsələni – qadınların bərabər statusu mövzusunu da aktuallaşdırdı. Bu debatlarda təkcə kişilər yox, ənənəvi gender rollarına qarşı çıxacaq qədər cəsarətli olan bəzi qadınlar da iştirak edirdilər.
Əvvəllər intelligensiya qadınların gündəlik həyatlarında qatlaşmalı olduqları “dözülməz şərait”ə fokuslandı: məişət zorakılığı, məcburi və təşkil edilmiş evliliklər, erkən evliliklər, ailələrdəki ədalətsiz iyerarxiya və uşaqları böyütməyin çətinlikləri.[2] İntelligensiya yenicə yayılmağa başlayan çap mediasından istifadə edərək öz fikirlərini daha çox insana çatdırdığından gündəlik problemlərlə bağlı olan bu debatlar daha geniş sosial-siyasi spektruma yayıldı. Getdikcə daha çox qəzet və jurnal təkcə qadınları narahat edən problemlərə yox, eyni zamanda aşağı savadlılıq həddi, kənd yerlərindəki yoxsulluq və şəhərlərdəki sənaye işçilərinin üzləşdikləri ağır iş şəraiti kimi müxtəlif sosial məsələlərə də yer verirdi.
Bu məqalədə iki sahəyə – ədəbiyyat və xeyriyyə fəaliyyətlərinə baxmaqla qadınların bədii obrazlar qismində səslərini ilk dəfə cəmiyyətə necə çatdırdıqlarını və sonradan ədəbiyyatdakı rollarının  real həyatda öz təzahürünü taparaq neft maqnatları və intelligensiya tərəfindən dəstəklənən xeyriyyə təşkilatlarında fəal iştiraka necə sövq etdiyini göstərməyə çalışacağam. Məqalənin əsas arqumentlərindən biri budur ki, Azərbaycan maarifçilik hərəkatı kimi tanınan, sekulyar intelligensiyanın başçılıq etdiyi intellektual hərəkat sonradan geniş vüsət almış və çoxsahəli siyasi fəaliyyətlərə təkan verən ictimai şüurun intellektual əsasını qoydu. Başqa sözlə desək, iyirminci əsrin ilk onilliklərində çoxsaylı ictimai məsələlərə fokuslanan və bir çoxlarının xəbərdar olduğu hərəkat öz başlanğıcını on doqquzuncu əsr intellektual çevrələrindən götürürdü.[3] Qadınların statusu ilə bağlı məsələni qaldırmaq intellektual elita arasında elə canlı atmosfer və entuziazm yaratdı ki, növbəti onilliklər ərzində qadınların bərabər hüquqlardan faydalana biləcəyini təsəvvür etmək artıq heç də qeyri-mümkün deyildi.[4]
Real qadınların bədii əsərlərdəki təsviri
Mirzə Fətəli Axundov yəqin ki, müsəlman dünyasında cəmiyyətdə qadının rolunu tənqidi olaraq müzakirə edən ilk intellektual müəlliflərdən biridir.[5] O, indiki Azərbaycan ərazisində ədəbi tənqidin banisi kimi tanınsa da, əsərlərinin bu xüsusiyyəti tarixçilər tərəfindən gözardı edilib. Həm komediyalarında, həm də məqalələrində o, qadınların üzləşdikləri problemlərə – məişət zorakılığı, məcburi nikahlar və uşaq istismarına toxunurdu. Qadınların realist obrazını çəkməklə Axundovun tənqidlərinin hədəfi dini xurafatla yanaşı, sosial və ictimai həyatda ruhanilərin dominantlığı idi. O, qadınlarla kişilərin təhsilə çıxış və ailələrinin təzyiqi olmadan öz partnyorlarını seçmək üçün bərabər imkanlara malik olmasının zəruriliyinə inanırdı. “Mədəni cəmiyyət” kontekstində Axundov yaxşı təhsil almış kişi həmkarları ilə birgə qadınların acınacaqlı vəziyyətini yaxşılaşdırmaq uğrunda mübarizə aparan güclü qadın obrazları yaradırdı. Avropalı mütəfəkkirlərdən mənimsədiyi ədəbi tənqid üslublarını tətbiq etmək Axundova qadın məsələsini ədəbiyyata daşımağa imkan verdi. Axundova görə, həmin dövrdə qəbuledilməz olan proqressiv ideyalarını yayması üçün ədəbiyyat ən yaxşı və mümkün vasitə idi. Özünün müasiri olan iranlı mütəfəkkir Mirzə Ağa Təbriziyə məktubunda Axundov müasir ədəbiyyat barədə yazırdı: “Gülüstan[6] və Zinətül-məcalis dövrü keçmişdir. Bu gün bu cür əsərlər millətin işinə yaramır. Bu gün millət üçün faydalı və oxucuların zövqü üçün rəğbətli olan əsər – drama və romandır.”[7]
Axundovun qadınlar və onların cəmiyyətdəki rolu barədəki fikirləri öz dövrü üçün olduqca yeni və bənzərsiz idi. O, komediyalarında təkcə ailəsində söz sahibi olan yox, eyni zamanda kişilərin dominantlığına qarşı çıxan güclü müsəlman qadın obrazları yaradırdı. Bəlkə də məhz bu səbəbdən bir qrup gənc intellektuallar Axundovun tamaşalarını səhnəyə qoymaq istəyəndə ruhanilər qəzəblənmiş, hətta bir qrup dindar fanatik teatrın qarşısında toplaşaraq ənənəvi dəyərləri dağıtmaqda ittiham etdikləri intellektuallara etiraz etmişdilər. Lakin Axundov, xüsusilə də Zərdabi və onun çevrəsindəki intellektuallar ilk milli teatrı yaratmaq uğrunda fəaliyyətə başlaya bildilər. Qadınlar üçün təhsil hüququnu müdafiə edəndə də Axundov ruhanilər tərəfindən oxşar hücumlara və nifrətə məruz qaldı. Yazılarında o, iddia edirdi ki, qadınların acınacaqlı vəziyyətinin yeganə səbəbkarı mürtəce adən-ənənələr və dindir. Təəssüf ki, Axundovun radikal din tənqidi əksəriyyəti müsəlman olan əhali arasında elə də dəstək görmədi.
Axundovun ən məşhur komediyalarından biri olan Sərgüzəşti-vəziri-xani-Lənkəran (Lənkəran xanının vəzirinin macəraları) məcburi evlilik kimi müxtəlif problemlərdən əziyyət çəkən qadınların ümidsiz vəziyyətini təsvir etməsi ilə xüsusi nəzərə çarpır.[8] 1850-ci ildə yazılan komediyada iki arvadı olan Lənkəranın vəziri baldızlarından birini – Nisə xanımı özündən demək olar üç dəfə yaşlı olan Lənkaran xanına ərə vermək istəyir. Hekayənin inkişafı ilə vəzirin arvadları arasındakı mübarizə də şiddətlənir və komediyanın sonunda həqiqi sevginin təşkil edilmiş evlilik üzərində qələbə qazanması nəticəsində vəzirin planı baş tutmur. Axundovun bu komediyadakı məqsədi adətən qadınları hədəf alan və onları geriçilik və xurafata qurban verən ənənəvi cəmiyyətlərin qüsurlarını ifşa etmək idi.
Ədəbiyyatdan reallığa
On doqquzuncu əsrdə qadın intellektualların sayı əvvəlki dövrlərə nəzərən daha çox idi. Həmin dövrdə Heyran xanım, Xurşidbanu Natəvan, Fatma xanım Kəminə, Aşıq Pəri və Aşıq Sona kimi qadın şair və sənətçilər var idi. Bu qadınlar əksər hallarda yaxşı iqtisadi vəziyyəti olan ailələrdən idi və bu da onlara ədəbiyyatdan istifadə edərək öz problemlərini dilə gətirməyə və ictimai həyatda fəal iştiraka imkan verirdi. Öz əsərlərində bu qadınlar həmin dövrün reallıqlarında tənqidi çətin olan mövzulara – erkən nikahlar və zorakı ərlər kimi sosial məsələrə toxunurdular. Qadınların real vəziyyəti bədii əsərlərdə təsvir edilənlərdən çox da fərqli deyildi. Axundov və digər intellektualların toxunduqları poliqamiya, qadınlara qarşı pis rəftar, məcburi nikahlar, fiziki zorakılıq və uşaq istismarı kimi məsələlər həqiqətən də aktual idi. Lakin bu problemlərin mövcudluğu bərabər hüquqlar və ictimai həyatda fəal iştirak uğrunda mübarizə aparan azsaylı qadınların olduğunu inkar etmir. Qadın intellektualların və aktivistlərin fəaliyyətinə dair əlimizdəki sənədlər məhdud olsa da, hesab edirəm ki, qadın intellektuallardan ibarət kiçik bir qrupun xeyriyyəçilik fəaliyyəti əksəriyyəti müsəlman olan qatı mühafizəkar cəmiyyətdə əhəmiyyətli nailiyyət idi. Aydındır ki, ənənəvi cəmiyyətin reallıqlarına görə bu qadınlar müstəqil hərəkət edə bilməzdi, lakin ailələrindəki kişilərin reputasiya və gücündən istifadə edərək yaşadıqları icmaya təsir edə bilmək üçün özlərinə şərait yaratmışdılar. Bu qadınlara ən yaxşı misallardan biri Xurşidbanu Natəvandır. Qarabağ xanının qızı kimi o, əlində olan üstünlüklərdən xeyriyyə məqsədləri üçün istifadə edərək insanlar arasında hörmət qazanmışdı.[9] Natəvan istedadlı rəssam və toxucu olmaqla yanaşı, yəqin ki, dövrünün ən nüfuzlu qadın intellektualı idi.[10] Xeyriyyə fəaliyyətindən savayı onun həyatını öyrənmək həm də ona görə əhəmiyyətlidir ki, Natəvan ilk ədəbi cəmiyyətlərdən birinin əsasını qoymuş, bir çox şairə maliyyə dəstəyi göstərmiş və ya himayədarlıq etmişdir. Onun Məclisi-Üns ədəbi cəmiyyəti Qarabağ və ətraf ərazilərdən özünə bəzi mütəfəkkirləri və yazıçıları cəlb edən ilk və ən təsirli intellektual dərnək hesab olunur.
Qeyd etmək lazımdır ki, həmin dövrdə qadınların sosial həyatda iştirakı tarixi ümumi götürdükdə xeyriyyə təşkilatlarının tarixi ilə  yaxından əlaqəlidir. Natəvanın misalından da gördüyümüz kimi, xeyriyyə təşkilatlarının tarixini öyrənmək qadınların rolu barədə bizə məlumat verə bilər. On doqquzuncu əsrin ortalarından başlayaraq indiki Azərbaycan ərazisində yeni xeyriyyə təşkilatları və cəmiyyətlərinin əsası qoyuldu və onlar pulsuz təhsil və sosial dəstək təklif etməklə cəmiyyətdə əhəmiyyətli rol oynadılar. Həmin dövrdə Nəşri-MaarifNicatŞəfaQafqaz Müsəlman Qadınları Xeyriyyə CəmiyyətiMüqəddəs Nina və Müqəddəs Ripsimi kimi yeni xeyriyyə təşkilatları bir-birinin ardınca qurulurdu və onlar qadının mədəni və təhsil sahəsindəki inkişafı üçün olduqca vacib idilər.
1850-ci ildə Bakıda qadınların təhsili ilə məşğul olan bir komitə təsis olundu. Bu komitə Tiflisdəki Müqəddəs Nina qadın cəmiyyəti əsasında yaradılmışdı. Bakı əhalisinin kosmopolit tərkibinə uyğun olaraq, komitəyə fərqli etnik kimlikləri olan qadınlar daxil edilmişdi. Bu hadisə şəhərlərdə qadın hərəkatına təkan verdiyindən xüsusilə vacib idi. 1850-ci ildə Şamaxıda zəngin bir aristokratın evində qızlar üçün məktəb açıldı. Bu məktəb qadınların təhsili uğrunda kampaniyanın ən erkən nümunələrindən biri idi. Növbəti illərdə bu növ məktəblər İrəvan, Dərbənd, Zaqatala və Şuşada da açıldı. Bu məktəblərdə Quran oxumağı öyrənməkdən başqa, qızlara dil və sənət dərsləri də verilirdi. Bakıda qızlar üçün ilk gimnaziya 1874-cü ildə açıldı, ardınca isə Yelizavetpolda (Gəncədə) başqa bir qızlar gimnaziyası fəaliyyətə başladı. 1872-ci ildə ilk xeyriyyə cəmiyyəti Həsən bəy Zərdabi və sonradan ilk dünyəvi qızlar məktəbinin (Tağıyevin qızlar məktəbi) direktoru olan həyat yoldaşı Hənifə xanım tərəfindən yaradıldı. Cəmiyyətin nizmnaməsinin ilk cümləsində belə deyilirdi: “Zaqafqaziyanın müsəlman əhalisinin artan ehtiyacını, onların yoxsulluğunu nəzərə alaraq, biz oxuyanlara kömək və vəsaitlərə malik olmayanlar üçün cəmiyyət yaradırıq.”[11] Xeyriyyə fəaliyyətlərinə əlavə olaraq, ictimai təhsil məsələsi ilə bir sıra digər mədəni və tədris cəmiyyətləri də maraqlanırdılar. Bu məqsədlə onlar şagirdləri və məktəbləri dərsliklərlə təmin edir, aztəminatlı şagirdlərə məktəbə qəbul olmaqda və məktəbdən məzun olmaqda kömək edirdilər. Ən məşhur xeyriyyə təşkilatlarından biri olan Nicatın qadın məsələləri üzrə ayrıca şöbəsi vardı və təşkilatın qadın üzvləri həmcinslərinin təhsili ilə bağlı bütün fəaliyyətlərdə aktiv iştirak edirdilər. Tezliklə bir sıra digər şəhərlərdə də qadın cəmiyyətləri təşəkkül tapmağa başladı. İndiki Azərbaycan ərazisində, həmçinin müsəlman dünyasında ilk sekulyar qız məktəbi xeyriyyəçi və neft maqnatı Hacı Zeynalabdin Tağıyevin dəstəyi ilə 1901-ci ildə Bakıda açıldı. Bu məktəbin məzunları gələcəkdə yeni qadın intellektual və aktivist nəslini təşkil etdi və onların arasından tanınmış yazıçılar, alimlər, publisistlər çıxdı.[12]
Xeyriyyə təşkilatları və məktəblər qadınların təhsili ilə məşğul olduqları halda qadın hüquqları ilə bağlı debatlar intellektualları və siyasi aktivistləri iki qrupa böldü: bir tərəfdə dinin dominantlığına qarşı olan və islamı qadın hüquqları qarşısındakı əsas maneə kimi görən sekulyar millətçilər, digər tərəfdə isə qadın hüquqlarının islami hüquqda (fiqh) ehtiva edildiyini və tam inkişaf etmiş müsəlman cəmiyyəti üçün qadınların fəallığının zəruri olduğunu iddia edən mötədil islamçılar. Hər iki qrup da qadınların qeyri-bərabər sosial statusundan xəbərdar olmasına baxmayaraq, problemi həll etmək üçün fərqli strategiyalar izləyirdilər. Bu müqayisəni apararkən vurğulamaq lazımdır ki, qadınların vəziyyətinin yaxşılaşdırılmasına islamçılardan ziyadə ən çox liberal demokratlar və millətçilər töhfə verirdilər. Bu fəaliyyətlərin nəticəsində qadınlar üçün ilk məktəblər açıldı; qadınlara öz problemlərini səsləndirə biləcəkləri müxtəlif platformalarda iştirak imkanları yarandı və ən əsası, 1918-ci ildə ilk demokratik hökumətin dövründə qadınlar səsvermə hüququ qazandılar.
Qadınların təhsil almasını zəruri edən əsas amillərdən biri o dövrün intelligensiyası tərəfindən tez-tez qeyd edilən sosial narahatlıq idi. On doqquzuncu əsrin ortalarından etibarən gənc müsəlman kişiləri yaxşı təhsil almaq üçün imperiyanın və hətta Avropanın ən böyük şəhərlərinə gedirdilər. Qərb təhsilini və mədəniyyətini mənimsədikdən sonra bu gənclər öz ölkələrində evlənə biləcəkləri müvafiq partnyor tapa bilmirdilər. Onlar ya xaricdə evlənib orada qalırdılar (və bu, heç də hər zaman arzuolunan seçim deyildi), ya da öz vətənlərində evlənib ailədaxili problemlərlə qarşılaşırdılar. Problem o qədər ciddiləşdi ki, Zərdabinin başçılığı ilə intelligensiya qadınlarla kişilər arasındakı dərin intellektual boşluğu aradan qaldırmaq üçün gənc qadınlara təhsil verməyi təklif etdi.[13] Bu fakt yerli intelligensiyanın qadınlar üçün təhsili təşviqetmə fəaliyyətinin arxasındakı motivini başa düşmək üçün başqa bir izahata əsas verir.
Neft sənayesi və qadın aktivizmi
Bakıda neft sənayesinin inkişafının bütün sahələrdə olduğu kimi, qadınların həyatının yaxşılaşmasında da rol oynadığını desək, mübaliğə etmərik. Etnoqraf Fəridə Həyatın da qeyd etdiyi kimi, “Bakının neft bumu, kosmopolit demoqrafik tərkibi və neftlə bağlı sənayeləşməsi maddi mədəniyyət, istehlak, insanların geyimi və qadınların təhsili kimi vacib sahələrdə əhəmiyyətli dəyişikliklərə səbəb olmuşdu.”[14] Cəmiyyətdə qadına münasibətin dəyişməsində neft sənayesinin, ələlxüsus da neft maqnatlarının qadın ailə üzvlərinin rolu ayrı bir araşdırma mövzusu olsa da, gərək ən azından neft maqnatı Murtuza Muxtarovun həyat yoldaşı Liza Muxtarovanı qeyd edək. Dəbdəbəli həyat tərzindən başqa Liza Muxtarova bir çox kasıb qıza ev olmuş öz malikanəsində xeyriyyə tədbirləri təşkil edən ilk qadın kimi tanınır. Təəssüf ki, Muxtarovlar ailəsi sovetləşmənin ilk illərində terror qurbanı olduqlarından xeyriyyə cəmiyyətinin fəaliyyətini əks etdirən sənədlərin çoxu məhv edilib. Lakin bizə gəlib çatmış memuarlar və azsaylı şəxsi məktublar Liza Muxtarovanın xeyriyyə təşkilatının sığınacaq verdiyi gənc qızların danışılmamış hekayələrini bərpa etməyə imkan verir.
Neft maqnatlarının xeyriyyə fəaliyyətlərini daha dəqiq müəyyənləşdirmək üçün xeyriyyə təşkilatlarını müfəssəl şəkildə tədqiq etməyə ehtiyac var. Bu baxımdan əsasən ictimai təhsilin əhəmiyyəti barədə təbliğat aparmaqla məşğul olan Nəşri-MaarifNicat və bu qəbildən olan digər xeyriyyə təşkilatlarının öyrənilməsi intelligensiya və neft maqnatlarının əməkdaşlığına dair dəyərli məlumatları gün üzünə çıxara bilər.[15] Bu fakt yəqin ki, neft bumundan sonra xeyriyyə təşkilatlarının sürətlə çoxalmasını da izah edir. Əvvəllər əsasən xeyriyyə fəaliyyəti su kəmərlərinin tikilməsi və təmiri, kimsəsizlərə sığınacaq verilməsi və s. işlərdən ibarət idisə, neft bumundan sonra xeyriyyə təşkilatlarının əsas marağı təhsilə yönəldi. Əlavə olaraq, iyirminci əsrin əvvəllərindən etibarən bu təşkilatlar siyasi həyatda fəal olmağa başladılar və hətta əsas siyasi hadisələrə ciddi təsir etdilər.
Xeyriyyə təşkilatlarının fəaliyyətinin öyrənilməsi bizə neft bumundan əvvəl sənayeçilərlə intelligensiya arasındakı əməkdaşlığın nəzərəçarpacaq dərəcədə olmadığını deməyə əsas verir. İntellektuallarla sənayeçilər arasındakı bu maraqlı əməkdaşlıq azərbaycanlı tarixçilər və filosoflar tərəfindən müxtəlif cür izah edilir. Filosof Rəhman Bədəlova görə, bu əməkdaşlıq maarifçilik konteksti daxilində izah edilməlidir. O iddia edir ki, “[indiki Azərbaycan ərazisindəki] intibah dövru intibahın romantizm dövrünə təsadüf edirdi. Buna görə də intelligensiyanın mədəni fəaliyyətləri dəstəkləməsi təbii idi.”[16]
Milli tarixşünaslıqda intelligensiya və neft maqnatları arasındakı əməkdaşlığın səbəblərinin izahında açıq-aydın ideoloji fikir ayrılığı var. Bu fərqlilik əsas iki yanaşma ilə xülasə edilə bilər: tarixçilərin bir çoxunun daxil olduğu bir qrupa görə “həyata keçirilən bütün layihələr yalnız milli intelligensiya və dövrün xeyirxah neft milyonçularının hesabına mümkün idi.”[17] İkinci qrup tarixçilərə görə, yuxarıda qeyd edilən mədəni oyanış sənayeçilərin maddi maraqlarına görə baş verdi və onların milli hissləri burada rol oynamırdı.[18] Birinci iddia  populist olub emosiyaların rolunu hədsiz dərəcədə romantikləşdirməklə yanaşı, həm də onu nəzərdən qaçırır ki, millət və millət quruculuğu üzrə debatlar yalnız iyirminci əsrin əvvəllərində məşhurlaşmağa başladı. İkinci yanaşma da intelligensiyanın hibrid (qarışıq) ideoloji keçmişini, həmçinin mədəni-təhsil layihələrinin təşkili və maliyyələşməsində bəzən həlledici rol oynayan şəxsi və ailə münasibətlərini nəzərə almadığından o da tənqiddən sığortalanmayıb. Həmin dövrdə Bakının qeyri-müsəlman əhalisi arasında siyasi aktivliyin, türkdilli əhali arasında isə dini hisslərin nisbətən güclü olduğunu nəzərə almaq lazımdır.
Bakıdakı siyasi vəziyyət əsasən neft işçilərinin müntəzəm tətilləri sayəsində 1905-ci illərin qarışıq hadisələri vaxtı getdikcə daha geniş vüsət almağa başladı. Millətçiliyin yaranmasına şahid olan, bu dövrün mürəkkəbliyini və Bakı neft sənayesinin xüsusiyyətlərini nəzərə almaqla bu dilemmanın mümkün həlli tədqiqatçılardan həm intelligensiya, həm də neft sənayeçilərinin ayrı-ayrı nümayəndələri barədə hərtərəfli araşdırmanın zəruriliyinə dəlalət edir.
Nəticə
On doqquzuncu əsrin ikinci yarısından başlayaraq sekulyar intelligensiya Tiflis[19] intellektual mühitindən təsirlənərək vətəndə türkdilli müsəlman əhali arasında qabaqcıl Qərb ideologiyalarını fəal şəkildə yaymağa başladı. Həmin proqressiv ideyalar arasında bəlkə də ən əhəmiyyətli və mübahisəli olanı qadınların statusunun qəbul edilməsi və ruhanilərin ənənəvi dominantlığına etiraz  idi. Ruhanilər tərəfindən güclü müxalifətə baxmayaraq, intelligensiya sonda teatrlar, qızlar üçün məktəblər açmağa və ən nəhayətində hamı üçün bərabər hüquqlar əldə etməyə nail oldu.
Bütün bu uğurların əldə edilməsində intellektual hərəkatın qadın nümayəndələri bəzən həyatlarını təhlükəyə ataraq olduqca mühafizəkar cəmiyyətin mürtəce adət-ənənələrinə və normalarına qarşı çıxmaqda qətiyyət və fədakarlıq göstərdilər. Birlikdə götürdükdə intelligensiya və neft maqnatları arasındakı əməkdaşlıq o qədər böyük idi ki, onların iştirak etmədiyi xeyriyyə işi və ya mədəni-təhsil layihəsi yox idi. Bu əməkdaşlığın bütün xüsusiyyətləri arasında ən əlamətdar olanı qadınların kişi həmkarları ilə birgə qabaqcıl layihələrdə iştirak etməsi idi. Lakin Sankt-Peterburqdakı həmcinslərindən fərqli olaraq Cənubi Qafqazdakı qadınların – qismən ictimai məsələlərdə fəal olmalarına baxmayaraq – müstəqil addım atmaq imkanları yox idi. On doqquzuncu əsrin sonlarında intellektual və mədəni intibah arasındakı əlaqə, qeyri-mümkün görünən bu əməkdaşlığın tarixi düzgün araşdırılarsa, on doqquzuncu əsrin sonlarındakı qadınların tədqiq edilməyə layiq tarixini öyrənmək üçün tədqiqatçılara yeni perspektivlər açılacaq.
 
Ədəbiyyat siyahısı 
Arxiv mənbələri
  • AMEA, Əİ – Azərbaycan Milli Elmlər Akademiyası, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
Qəzet və jurnallar
  • “Əkinçi”, 1875-1876
İkinci dərəcəli mənbələr
  • Afary, Janet. Sexual Politics in Modern Iran. Cambridge: Cambridge University Press, 2009.
  • Axundzadə, Mirzə Fətə Əsərləri üç cildə. Bakı, Şərq Qərb, 2005.
  • Heyat, Farideh. Azeri Women in Transition: Women in Soviet and Post-Soviet Azerbaijan. London and New York, Routledge, 2002.
  • Hüseynov, Heydər. Azərbaycanda XIX əsr ictimai və fəlsəfı fikir tarixində Bakı, Şərq-Qərb, 2007.
  • Cabbarov F. Haci Zeynalabdin Tağıyevin qız məktəbinin tarixindən, Bakı, 2011.
  • Məmmədquluzadə, Cəlil. Əsərləri dörd cilddə. Bakı, 2004.
  • Yaqublu, Nəsiman. Azərbaycanın ilk qeyri hökümət təşkilatları, Bakı, 2014
 
[1] Cəlil Məmmədquluzadə. Əsərləri dörd cilddə. IV cild, 270.
[2] Heydər Hüseynov. Azərbaycanda XIX əsr ictimai və fəlsəfı fikir tarixindən. Bakı, Şərq-Qərb, 2007, 269
[3] Bəzi tarixçilər hətta Əhməd bəy Ağayev, Cəfər Cabbarlı, Məhəmməd Hadi və digərləri kimi iyirminci əsrin tanınmış gənc intellektuallarını Azərbaycan feminist hərəkatınn ilk nişanələri hesab edirlər. Onların qadın hüquqları ilə bağlı məsələləri ictimailəşdirməkdə əhəmiyyətli rollarının olduğunu qəbul etsəm də, həmin fəaliyyətlərin feminist hərəkatı adlandırılmağının çox erkən olduğunu hesab edirəm.
[4] Bu intellektual elit sonradan 1918-ci ildə qadınlara səsvermə hüququnu verən hökuməti təşkil edən siyasi elitin əhəmiyyətli bir hissəsini təşkil edəcəkdi.
[5] Cenet Afari kimi bəzi tarixçilər iddia edir ki, Axundov öz əsərlərində əsl müsəlman qadınının obrazını çəkən ilk müsəlman intellektual olub. Bax, Afary, Jenet. Sexual Politics in Modern Iran. Cambridge: Cambridge University Press, 2009.
[6] Gülüstan orta dövrlər Yaxın Şərqinin ən görkəmli şairlərindən biri hesab edilən fars şairi Sədinin şer və hekayələrinin toplusudur.
[7] Axundovun özünün müasiri Mirzə Ağa Təbriziyə məktubu. Əİ. Axundov məktubları, F., 2, p.u.150
[8] İlk dəfə dərc ediləndə komediyanın adı Sərgüzəşti-vəziri-xani-Sərab (Sərab xanlığının vəzirinin macəraları) olub. Lakin hadisələr dəniz sahilində baş verdiyindən Axundov sonradan komediyanın adını dəyişdirməyə qərar verir.
[9] Farideh Heyat, Azeri Women in Transition: Women in Soviet and Post-Soviet Azerbaijan, 66
[10] O, əsasən 1858-ci ildə Bakıda görkəmli fransız yazıçısı Aleksandr Düma ilə məşhur görüşünə görə ədəbiyyatda qeyd edilir. Düma ilə görüşündə o, fransız novelist ilə şahmat oynayıb və Düma qalib gəldiyinə görə ona özünün əl işi olan pul qabılarından birini verib. Həmin pul qabı hazırda Parisdə Aleksandr Dümanın muzeyində sərgilənir.
[11] Nəsiman Yaqublu, Azərbaycanın ilk qeyri hökümət təşkilatları, 15
[12] Sözügedən məktəb dövrünün  mühüm hadisələrindən biri hesab edildiyi üçün onun haqqında daha ətraflı danışmaq olar. Sadəcə olaraq, bu məqalə əsasən on doqquzuncu əsr hadisələridən bəhs etdiyi üçün burada qısa şəkildə qeyd edilmişir.
[13] Zərdabi Əkinçidəki məqalələrində bu mövzuya toxunub. Bax, F. Haci Zeynalabdin Tağıyevin qız məktəbinin tarixindən. Bakı, 2011. Və eyni zamanda Əkinçi qəzetinin müxtəlif nömrələri.
[14] Farideh Hayat, Azeri Women in Transition: Women in Soviet and Post-Soviet Azerbaijan. (London and New York: Routledge, 2002), 58
[15] Ibid, 6.
[16]Professor Rəhman Bədəlov ilə müsahibəmdən, Bakı, aprel 2007.
[17] Bu cümləyə demək olar bütün məşhur tarix kitabları və dərsliklərdə rast gəlmək olar.
[18] Qeyd edilmiş iddialara Manaf Süleymanov, Qılman İlkin və Aydın Balayevin əsərlərində rast gəlmək olar.
[19] Həmin dövrdə şəhər Tiflis adlanırdı və yanlız SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 1936-cı il 17 avqust tarixli qərarı ilə şəhərin adı Tbilisi olaraq dəyişdirildi.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)