Edebiyyat.az » Proza » Ceyhun Hacıbəylinin “28 may, 1918-ci il” məqaləsi ilk dəfə Azərbaycan dilində

Ceyhun Hacıbəylinin “28 may, 1918-ci il” məqaləsi ilk dəfə Azərbaycan dilində

Ceyhun Hacıbəylinin “28 may, 1918-ci il” məqaləsi ilk dəfə Azərbaycan dilində
Proza
Necef Esgerzade
Müəllif:
12:28, 09 avqust 2019
1 827
0
1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyini itirdikdən sonra həmin dövlətin qurulmasında iştirak edən bir çox adam ölkəni tərk etməli oldu. Onların bir qismi edam edildi. Hacıbəyli qardaşlarından Ceyhun Hacıbəyli də buna görə Fransada qaldı. Həm o, həm də mühacirətdə olan digər azərbaycanlılar müstəqilliyini 23 ay davam etdirə bilmiş AXC haqqında mütəmadi olaraq yazılar yazıb, kitabçalar, əsərlər nəşr etdiriblər.

Fransada yaşayan və “Kəpəz” nəşriyyatının rəhbəri olan Nicat Kazımov Ceyhun Hacıbəylinin bu qəbildən olan yazılarından birini azərbaycancaya tərcümə edib. “28 may, 1918-ci il” adlanan məqalə ilk dəfədir ki, dərc olunur.

Azərbaycanın 28 May 1918-ci il tarixli, Rusiyadan müstəqil elan edilməsi bəyənnaməsi Azərbaycan xalqının yaşayış şərtlərindən və tarixi təkamülündən irəli gələn məntiqi bir nəticə olaraq ortaya çıxıb.

Rusiya imperiyasında Azərbaycan xalqının heç bir hüququ yox idi. Azərbaycan xalqı fiziki varlığını, inancını, adət-ənənələrini və dilini qorumağa müvəffəq olmuşdu. Bu imperiya bolşevik demaqoqlarının zərbələri altında dağıldı, ordusu xalqa zülm verdi və nəhayət imperiya öz hökmdarlarının hiylələrindən sonra müdafiəsiz qaldı. Azərbaycanlıların yeganə müdafiəsi türklərə müəyyən ərazi güzəştləri verən Brest-Litovsk müqaviləsindən sonra Zaqafqaziyada yaranan türk qüvvələri idi.
Bütün bunlar daha asan idi, çünki bu xarici hadisələrin təzyiqi ilə Zaqafqaziya Komissarlığı dağıldı və üç əsas xalqın nümayəndələri müstəqilliklərini elan etdilər: Gürcüstan 26 may, Azərbaycan və Ermənistan isə 28 may.
Azərbaycanın müstəqilliyi Gürcüstanın paytaxtı Tiflisdə elan edildi, çünki Bakı və onun əyalətinin bir hissəsi “ayrılığa qədər öz müqəddəratını təyin etmə” tərəfdarları tərəfindən işğal edilmişdi.

Azərbaycan Milli Şurası Fətəli xan Xoyskinin kabinetinin formalaşmasına və tam səlahiyyətlərinin olmasına inandığını bildirdi. Nazirlər Kabineti altı ay ərzində təsis yığıncağı çağırmalı idi. Lakin hər şeydən əvvəl Azərbaycanın ərazisini və əhalisini quduz bolşevik qoşunlarından azad etmək lazım idi. Azərbaycan hökuməti Gəncəyə (köhnə Yelizavetpola) köçdü, tədbirlər gördü və bəzi türk könüllü dəstələrinin köməyi ilə paytaxtı Bakını geri ala bildi (15 sentyabr 1918). Lakin Bakının aldığı zərbələr o qədər güclü idi ki, bu sənaye şəhərindəki normal həyat ritmini bərpa etmək uzun müddət çəkdi. Təsis yığıncağının çağırılmasına qədər ölkəni hüquqi institutlarsız qoymamaq üçün hökumət, 16 noyabr tarixində Millətlər Sovetinin çağırılması və bir araya gələrək, deputatların sayını 120-yə çatdırmaq barədə qərar verildi. Yenicə qurulmuş Azərbaycan hökuməti İstanbul vasitəsi ilə Londona, Parisə, Romaya, Berlinə, Vyanaya, Moskvaya, Vaşinqtona, Sofiyaya, Buxarestə, Madridə, Haaqaya, Stokholma, Osloya, Tehrana və Kiyevə aşağıdakı teleqramı göndərmişdi:

“Xarici İşlər Nazirliyi.

Zaqafqaziya Federal Respublikası Gürcüstanın ayrılması ilə dağıldı.

Azərbaycan Milli Şurası 28 Mayda şərqdən və cənubdan Zaqafqaziyadan ibarət olan Azərbaycanın müstəqilliyini elan etdi və Azərbaycan Cümhuriyyətini yaratdı.

Bu xəbəri elan edərkən Zati-alinizdən Hökumətinizə məlumat verməyinizi xahiş edirəm.

İmzalayan: Fətəli xan Xoiski,

Azərbaycan Cümhuriyyətinin Nazirlər Sovetinin Prezidenti ”.

1918-ci il noyabrın əvvəlində, Milli Şuranın iclasından əvvəl, Azərbaycan Demokratik Respublikasının ilk hökuməti, Amerika Birləşmiş Ştatlarının prezidenti Vudro Vilsona xalqların öz müqəddəratını həlletmə hüquqları haqqında 14 maddədən ibarət bəyənnaməni göndərdi:
“Azərbaycan Cümhuriyyəti isbat etmişdir ki, o da başqa mədəni müstəqil millətlər kimi yaşamağa müstəhəq, qadir və qabildir. Ancaq rəsmiyyət üçün onun istiqlalının və hüququnun qeyri-müəzzəm millətlər tərəfindən qəbulu arzu olunur və qeyri millətlərlə mədəni əlaqə düzəldib, yaşayacaqdır. Cümlə müəzzəm Avropa ölkələrinə rica etməkdən əvvəl gənc Azərbaycan Cümhuriyyəsi əvvəlcə sizin alicənab şəxsiyyətinizə müraciət edib, sizdən onun istiqlaliyyətini təsdiq etdirməyi və bütün millətlər üçün etiraf etmiş olduğunuz müstəqil yaşayış hüququndan istifadə etdikdə qarşımıza çıxacaq maniələri rəf və dəf etməklə millətimiz sizdən ali müzahirət gözləyir”.

Mudros müqaviləsinə uyğun olaraq, türk birlikləri Azərbaycan ərazisini boşaltdılar və 17 Noyabr 1918-ci ildə ingilis general Tomsonun əmri ilə müttəfiq qoşunları Bakıya daxil oldular. Tomson hökümətlə əlaqə yaradaraq bəyan etmişdi: “Nə indi, nə də gələcəkdə daxili işlərinizə qarışmaq niyyətimiz yoxdur”. Bir az sonra, həmin il dekabrın 28-də müttəfiq qüvvələr aşağıdakı bəyanatla çıxış etdilər:
“F.X.Koyiskinin başçılığı ilə Azərbaycan hökumətinin konstitusiyasını nəzərə alaraq bəyan edirəm ki, Müttəfiq qoşunları Azərbaycan sərhədləri daxilində yeganə hüquqi qüvvəyə malik olan bu hökumətə tam dəstək verəcəkdir”.

İngiltərə hökümətinin Qafqazda və Balkanlarda nümayəndəsi və hərbi komandiri general Milninin də eyni ruhda bəyannaməsi vardı (22-23 yanvar 1919).

7 dekabr 1918-ci ildə Azərbaycan Parlamenti bütün siyasi partiyaların (kommunistlərdən başqa), hətta milli azlıqların nümayəndələrinin də qatıldığı iclası təntənəli şəkildə açıldı.

Azərbaycan hökumətinin və xalqının bolşeviklərdən qaçaraq bu türk-müsəlman ölkəsinə sığınan rus qaçqınlarına olan yüksək münasibəti qeyd edilməyə dəyər. Bu münasibət təmkinli, mərhəmətli və hörmətli idi. Azərbaycan parlamentindəki rus əhalisinin deputatı Vinoqradovun parlamentin tribunasında elan etdiyi sözləri sitat gətiririk:

“Yalnız intelligensiya despotizmin zəncirlərini qıra bilər və böyük rus xalqını azad edə bilər. Ov hədəfi olan bu ziyalılar Azərbaycan ərazisinə sığındılar. Biz unuda bilmərik ki, bu ərazidə xristian kilsəsi əvvəlki kimi qalmaqdadır və bu kilsələr Rusiyanın bir hissəsdir”.
Gəncə yepiskopu Teofilaktın Azərbaycan hökumətinin başçısına açıq müraciəti belə idi:

“Zati-aliləri, çox hörmətli Fətəli xan!

İcazə verin Pravoslav Kilsəsinin və ruhanilərinin ehtiyaclarına göstərdiyiniz diqqətə görə sizə və hökumətinizə səmimi və dərin təşəkkürümü bildirim. Şəxsi səmimi hörmətimi sizə izah etmək çox çətindir və bu zövqdən məhrum olduğuma görə çox təəssüflənirəm. Tanrı sizi qutsasın, Zati-alinizin ən təvazökar qulu olmaqdan qürur duyuram.

Teofilakt, Gəncə yepiskopu,

21 yanvar 1919”.

Azərbaycan hökuməti rus kilsəsinin ehtiyacları üçün xüsusi tədbirlər görürdü.

Qısa müddət olmasına baxmayaraq, Azərbaycan milli hökuməti öz biliklərini mükəmməlləşdirmək üçün 100 tələbənin Avropa ölkələrinə göndərilməsi, Bakıda bir universitetin yaradılması kimi bir sıra sosial-mədəni və iqtisadi təşəbbüsləri həyata keçirməyə vaxt tapa bildi. Bir çox şəhər və kəndlərdə məktəblər, qızlar üçün peşə məktəbləri, dövlət bankı və s. açılmışdı.
15 dekabr 1918-ci il və 19 iyul 1919-cu il tarixləri arasında Azərbaycan Parlamentinə 138 qanun layihəsi hazırlandı və onlardan 75-i qəbul edildi.

Ceyhun Hacıbəyli kimdir: 1891-ci ildə Şuşada doğulan Ceyhun Hacıbəyli bəstəkar Üzeyir Hacıbəylinin qardaşıdır. Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra o, “Azərbaycan” qəzetinin redaktoru olub. Daha sonra isə Paris Sülh Konfransında iştirak etmək üçün göndərilən nümayəndə heyətinə o da daxil edilib. 1920-ci ildə artıq Azərbaycan müstəqilliyini itirdiyindən C.Hacıbəyli Fransada qalıb. 1964-cü ildə vəfat edib və Parisdə dəfn olunub.

Mənbə: editionskapaz.fr
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)