Edebiyyat.az » Ədəbi tənqid » Nigar Şahverdiyeva - Narginin qadın portreti - Azadlıq və məhdudiyyət

Nigar Şahverdiyeva - Narginin qadın portreti - Azadlıq və məhdudiyyət

Nigar Şahverdiyeva - Narginin qadın portreti - Azadlıq və məhdudiyyət
Ədəbi tənqid
admin
Müəllif:
00:20, 24 oktyabr 2025
287
0
Nigar Şahverdiyeva - Narginin qadın portreti - Azadlıq və məhdudiyyət



Nargin adası – dənizin ortasında, sanki Tanrı ilə insan arasında ilişib qalmış bir torpaq parçası. Orada nə səs var, nə azadlıq. Lakin Yunis Orucov üçün bu ada təkcə bir coğrafiya deyil, əsirliyin insan ruhunda necə kök saldığının simvoludur. Müharibə illərinin bu qara nöqtəsində hər millətdən əsirlər bir yerdədir, amma ən dərin əsirlik insanın öz düşüncəsində qurduğu zindandır.


Y.Orucovun dili soyuq faktları yazmır, insanı, onun içində qapanmış vicdanı, qorxunu və məhbusluğu danışdırır. Hər obraz bir az da tarixin səsini daşıyır. Bu səs içində bir cümlə var ki, səthdə sadə görünür, amma içində bir əsrin təfəkkürünü gizlədir:


“Rus qadınları öz diribaşlıqları ilə məşhurdur… Hicablı müsəlman qadını isə savadsız və işsizdir”.


Yunis Orucovun “Nargin” əsərində qadın obrazı, sadəcə, bir insan tipi deyil, bütün bir cəmiyyətin aynasıdır. Müəllif qadını fərdlər səviyyəsində deyil, tarixin, dinin və mədəniyyətin qovşağında görür. Bu səbəbdən o, rus və müsəlman qadınlarını qarşılaşdırarkən onları rəqib kimi yox, iki fərqli sosial sistemin nəticəsi kimi təqdim edir.


Əsərdə rus qadını “diribaş” kimi təsvir olunur. Bu söz təsadüfi seçilməyib, həm çevikliyi, həm müstəqilliyi, həm də öz həyatını idarə etmək gücünü bildirir. Orucovun bu ifadəni işlətməsi, əslində, bir maarifçi təəccübün göstəricisidir: “Necə olur ki, qadın eyni təbiətlə doğulur, amma bir yerdə həyatın sahibi, digər yerdə onun kölgəsidir?”


Rus qadını bu dövrdə artıq imperiya modernləşməsinin məhsuludur. XIX əsrin sonlarında və XX əsrin əvvəllərində Rusiyada qadınlar maarifçilik hərəkatının önəmli parçasına çevrilmişdilər. Qadın müəllimlər, jurnalistlər, həkimlər və fəhlələr, yəni artıq evin içindəki sükutdan çıxan qadın sinfi yaranmışdı. Barbara Alpern Engel-in “Women in Russia, 1700–2000” əsərində bu dövr belə təsvir olunur:


“Rus qadını artıq ailənin sakit gücü deyil, ictimai həyatın səsi idi. Onun fəaliyyəti yalnız ailə üçün deyil, dövlət üçün də mənalı sayılmağa başladı”.


Yunis Orucovun baxışında bu səs maraq doğurur, amma eyni zamanda bir sual yaradır: niyə eyni səs Şərqdə eşidilmir? O bu müqayisəni qadını aşağı salmaq üçün yox, susqunluğun səbəbini göstərmək üçün edir. Çünki əsərin fonunda olan müsəlman qadını, xüsusilə Qafqaz mühitindəki qadın, təhsildən, iqtisadi fəaliyyətdən və ictimai həyatdan uzaq tutulmuşdu.


Aida İmanquliyeva  “Qadın və maarifçilik ideyası Azərbaycanda” əsərində qeyd edir ki, XX əsrin əvvəllərində Azərbaycan cəmiyyətində qadının savadlanması “təkcə mədəni yox, həm də siyasi məsələ idi”. Qadının oxuması, demək olar ki, cəmiyyətin bütövləşməsi demək idi, çünki qadın susduqca millət də yarımçıq danışırdı.


Yunis Orucovun cümləsindəki “hicablı müsəlman qadını savadsız və işsizdir” ifadəsi bu mənada bir təhqir deyil, bir diriltmə çağırışıdır. Müəllifin buradakı “hicab” təsviri təkcə dini geyim kimi deyil, həm də maarifdən, azad fikirdən və həyat təcrübəsindən uzaqlaşdırılmanın simvolu kimi istifadə edir. O qadın, əslində, gücsüz deyil, amma onun gücü görsənmir. O, dilsiz deyil, amma onun dili tanınmır.


Bu qarşılaşdırma təkcə iki qadın arasında deyil, iki sosial məkan arasında aparılır. Rus qadını “dövlətin içində olan fərd”dir, müsəlman qadını isə “ailənin içində olan kölgə”. Birincisi öz mübarizəsini hüquq və əmək meydanında aparır, ikincisi isə səssiz, evin içində, bəzən dua, bəzən göz yaşı ilə.


Yazarın fikrində bir sətiraltı çağırış var: qadının inkişafı millətin mənəvi müstəqilliyinin göstəricisidir.

Çünki əsərin ruhunda o ideya dolaşır, millət əsarətdən qurtulmaq istəyirsə, ilk öncə öz qadınını azad etməlidir.


Bu baxımdan, əsərdəki qadın obrazı həm sosial, həm metaforik dəyər daşıyır. Qadının “ailəni idarə edə bilməməsi” məsələsi yalnız praktiki bacarıq kimi yox, sistemin onun əlindən aldığı imkan kimi göstərilir. O qadın idarə edə bilərdi, amma ona idarə etməyi öyrətmədilər. O qadın danışa bilərdi, amma onun danışdığı dil dəyər sayılmadı.


Yazıçı bu fikri söyləməklə nə bir xalqı tərifləyir, nə də digərini alçaldır. O sadəcə sosial fərqlərin tarixi köklərinə işarə edir və oxucunu “niyə belə oldu?” sualı ilə baş-başa qoyur.


Burada “diribaşlıq” və “itaət” anlayışları qarşılaşdırılır. Rus qadını dövlətin modernləşmə proseslərindən qidalanır. Təhsil və əmək onun gücünü formalaşdırır. Müsəlman qadını isə sosial-mədəni təcridin qurbanıdır. Əslində Orucov bu cümlə ilə “kim daha güclüdür?” sualını deyil, “kimə güclü olmağa imkan verilib?” sualını soruşur.

Bu, tənqid yox, bir təəssüfün ifadəsidir.


Əgər Orucovun bu düşüncəsini ədəbiyyatşünaslıq və sosiologiya kəsişməsində oxusaq, o zaman Pierre Bourdieu-nun “habitus” anlayışı yada düşür, insan davranışını formalaşdıran görünməz sosial kodlar. Müsəlman qadınının təhsilsizliyi və iqtisadi asılılığı da belə bir habitusun nəticəsidir. O, itaət etməyə deyil, itaət etməyi öyrənməyə məcbur edilib.


Bu müqayisə eyni zamanda qadın azadlığının yalnız “mədəniyyətlə” deyil, iqtisadi müstəqilliklə də bağlı olduğunu göstərir. Əgər rus qadını öz ailəsini idarə edə bilirsə, bu onun daxili gücündən çox, ona verilən sosial imkanların məhsuludur. Bu mənada Orucovun cümləsi həm sosial reallığın təsviri, həm də gizli bir çağırışdır, qadını cəmiyyətin mərkəzinə gətirən yeganə yol onun maariflənməsi və iqtisadi iştirakıdır.


Sosioloq Sylvia Walby-nin “patriarxallığın altı strukturu” nəzəriyyəsi bu kontekstdə aktualdır. O, göstərir ki, qadınların mövqeyi yalnız ailə ilə deyil, əmək bazarı, dövlət, mədəniyyət və cinsəllik kimi sahələrlə də müəyyən olunur. Orucovun “Nargin”də verdiyi müqayisə də məhz bu səviyyədə oxuna bilər. Bir qadın modeli ictimai həyatın bütün qatlarına daxil olur, digəri isə bu qatlardan sistematik şəkildə uzaqlaşdırılır.


Yunis Orucovun “Nargin” əsərində rus qadını ilə müsəlman qadını arasındakı fərq, əslində, maarifin yaratdığı insan tiplərinin toqquşmasıdır. Yazıçı bu fərqi təsvir edərkən sadəcə qadınların həyat tərzini deyil, maarifsizliyin bir milləti necə səssizləşdirdiyini göstərir. Onun fikrincə, qadın təhsildən uzaqlaşdırıldıqda, təkcə özünü deyil, bütöv bir nəsli səssizliyə sürükləyir.


O, cəmiyyətə deyir: əgər qadını maarifdən kənarda saxlayırsansa, gələcəyini də qaranlıqda qoyursan. Qadın təhsili yalnız fərdi azadlıq deyil, ictimai dirçəlişin başlanğıcıdır. Bu fikir Mirzə Fətəli Axundzadənin, Həsən bəy Zərdabinin və Üzeyir Hacıbəylinin ideyaları ilə səsləşir. Onlar da maarifçiliyi yalnız savad qazanmaq deyil, şüurun oyanması kimi görürdülər.


Orucovun qadın obrazı da bu ideyanın bədii daşıyıcısıdır. O qadın, savadsız olsa da, içində bir yanğı daşıyır, övladının oxumasını, dünyanın genişliyini görmək istəyi. Bu arzu yazıçının ümididir. Oradakı qadın obrazı hələ azad deyil, amma azadlıq istəyinin başlanğıc nöqtəsində dayanır. O, hələ susur, lakin susqunluğu düşüncəyə çevrilmək ərəfəsindədir.


Bu baxımdan “Nargin” təkcə müharibə faciəsini deyil, sosial tənəzzülün içində doğulan maarif ehtiyacını da göstərir. Yazıçı qadının azadlığını romantik bir ideya kimi yox, cəmiyyətin sağ qalmasının şərti kimi təqdim edir. Çünki qadın düşüncəyə qoşulmadıqca, millət də düşünməyəcək.


Bu mənada “Nargin”dəki qadın obrazı tarix qarşısında bir sualdır: qadın azadlığı hansı anda başlanır? Orucovun cavabı sadə, amma dərin idi: o anda ki, qadın oxumağı və düşünməyi öyrənir.




Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)