Onlara haqqımı halal eləmirəm.

Tanınmış kino-rejissor ,Prezident mükafatçısı Cavid Təvəkkül ilə müsahibəm.
1. Rejissor olmaq üçün hansı keyfiyyətlərə malik olmaq lazımdır? Siz bu bacarığınızı nə zaman kəşf etdiniz?
Məncə, istər rejissor, istər çəkməçi, istərsə də yazıçı ol – ilk növbədə insan olmalısan. İnsanları anlamaq isə insan olmaqdan da çətin prosesdir. Rejissor olmağıma gəlincə, açığı, özüm də hiss etmədən bu yola düşdüm. Kliplər və reklamlar çəkə-çəkə bir də baxdım ki, artıq rejissoram.
“Space” telekanalında mərhum Oqtay Əliyevin qardaşı Elçin Əliyev bir dəfə mənim klipimi tənqid etmişdi. O zaman anladım ki, rejissorluq çox ciddi sənətdir və bu işlə məşğul olmaq üçün mütləq ustadlardan dərs almaq lazımdır. Necə ki riyaziyyat, kimya, fizika elmdirsə, incəsənətdə də rejissorluq və aktyorluq ciddi bir sənətdir.
Buna görə də peşəkar təhsilə başladım. İlk olaraq Beynəlxalq Kino Məktəbində Rüstəm müəllimin yanında, daha sonra isə Moskvadakı kino kurslarında rejissorluğun sirlərini öyrəndim. Rejissor olmaq üçün istedad vacibdir, amma insan olmağı bacarsan, sənə lazım olan hər şeyi öyrədəcəklər.
2. Yerli kino və teatr mühitinin inkişafı üçün hansı addımlar atılmalıdır? Niyə Avropa ilə ayaqlaşa bilmirik?
Avropa insanı ilə bizim insan fərqlidir. Mühitimiz, cəmiyyətimiz, koloritimiz və kinoya baxışımız tamam başqadır. Bu səbəbdən onların istiqamətinə eyni sürətlə uyğunlaşmaq həmişə mümkün olmur.
Kinoteatrların və kino mühitinin inkişafı üçün dövlət səviyyəsində konkret plan olmalıdır. Dövlət bu sahədə maraqlı olmalı, Azərbaycan kino sənayesinin inkişafı üçün vergi güzəştləri tətbiq edilməlidir. Artıq yeni kino texnikalarının gətirilməsi istiqamətində işlər görülür.
Eyni zamanda əyalətlərdə teatrların sayının artması da inkişafın mühüm hissəsidir. Bütün bunlar kompleks şəkildə həyata keçirilsə, yaxşı nəticələr əldə etmək mümkündür.
3. Gənc rejissorlara və yazarlara nə tövsiyə edərsiniz?
Bir-bir ad çəkmək mənim prinsipim deyil, amma bir mühüm fikri bölüşə bilərəm. Mənim müəllimim deyir;
“Kurosava Yaponiyanı dünyaya aparmadı, dünyanı Yaponiyaya gətirdi.”
Mən də istəyirəm ki, bizim rejissorlar dünyanı Azərbaycana gətirsinlər. Öz milli düşüncə tərzimizlə, azərbaycanca düşünərək, müasir həyatı və sadə insanların talelərini ekrana gətirsinlər. Avropanı təbliğ etməklə və avropasayağı filmlər çəkməklə biz heç vaxt özümüzü sübut edə bilmərik. Miloş Forman demişdi:
“Ən böyük əsər insan portretidir.”
Biz də insan yaratmalıyıq – həm də qanına qədər azərbaycanlı olan insan.
4. “Cavad xan” filmi haqqında sənədli film çəkmisiniz. Belə bir layihəyə sizi nə vadar etdi? Tarixi filmlərin az çəkilməsinin səbəbi nədir?
rejissorluğa yeni başladığım dövrlər idi,təcrübə toplamaq istəyirdim. Həmin vaxt “Cavad xan” filminin quruluşçu rejissoru Rövşən Almuradlı, ssenari müəllifi Sabir Rüstəmxanlı, baş rolun ifaçısı isə Nurəddin Mehdixanlı idi. Çəkilişlər zamanı İsmayıl Ömərova müraciət edib icazə istədim ki, bu film barədə sənədli film çəkim. Sağ olsunlar, razılıq verdilər. Mən də operatorla birlikdə çəkiliş prosesini izləyir, kino mətbəxini tamaşaçıya göstərmək istəyirdim.
Bu prosesdə Rövşən Almuradlıdan çox şey öyrəndim. Hətta onunla birlikdə “Ölüləri Qəbirstanlıqda Basdırın” adlı bir layihə də hazırlamışdıq, amma həyata keçmədi.
Tarixi filmlərin az çəkilməsinin əsas səbəbi maliyyə çatışmazlığıdır. Məncə, problem peşəkar qıtlığında deyil – bu sahə sadəcə böyük büdcə tələb edir.
5. “Azarkeş” filmi Azərbaycan komediyalarında ilk beşliyə daxil ola bilər. Bu film haqqında nə deyə bilərsiniz?
“Azarkeş” filminin ssenari müəllifi İmir Məmmədlidir. Filmin ərsəyə gəlməsi İsmayıl Ömərovun dəstəyi ilə mümkün oldu. Çəkilişlər Ağsunun Kalva kəndində aparılmışdı və orada bəzi maraqlı, mistik hadisələr də baş verdi.
Baş rolları Əjdər Həmidov və Səidə Quliyeva ifa edirdilər. Bu mənim ikinci filmim idi – mini qrupla və çox kiçik büdcə ilə çəkilmişdi. O zaman cəmi otuz yaşım var idi. İndiki bəzi komediyalara baxanda görürük ki, bəzən yalnız qurşaqdan aşağı zarafatlara bel bağlanır. Biz isə çalışmışdıq ki, milli kolorit və milli yumor qorunsun.
6. Azərbaycan filmləri hələ “Oscar” mükafatını qazanmayıb.
Yaxın gələcəkdə bu mümkündürmü?
İnanıram ki, yaxın gələcəkdə “Oscar”a Azərbaycan filmi gedəcək. Son illər çox istedadlı rejissorlar yetişir və kino dilində danışa bilirlər. Əgər bu gün Baydarovun filmi Venesiyada mükafat alırsa, digər gənc rejissorların filmləri Kann festivalında nümayiş olunursa, deməli ümid var.
Amma mənim məsləhətim budur: “Oscar”ı düşünmədən çalışsaq, uğur özü gələcək.”
7. Bu günə qədər çəkdiyiniz filmlərdə başınıza gələn ən maraqlı hadisə hansı olub?
Belə hadisələr çox olub, amma biri heç vaxt yadımdan çıxmaz. Yaradıcılığımın ən məhsuldar dövründə “Qarabağnamə” adlı 10 seriyalı film üzərində işləyirdik. Lakin “İctimai” televiziyanın rəhbərliyi dəyişdi və filmi dayandırdılar. Filmin təxminən 60 faizi çəkilmişdi. Yeni rəhbər may ayında bildirdi ki, filmi saxlayın, daha sonra isə mənim ərzəmi yazıb işdən çıxmağımı tələb etdilər.
Bundan sonra etnoqrafik “Bir Günəş Altında” və Rafiq Əliyevlə birgə “Dərs” filmini çəkdim. “Qarabağnamə” ilə bağlı şikayətlərimə baxılmadı, amma dördüncü ildə məni çağırdılar və altı ay boyunca film üzərində işlədim. Sanki gözləyirdilər ki, filmi montaj edib saxlayım.
O layihədə təkcə mənim haqqım pozulmayıb, həm də Pənah Xanın, İbrahim Xanın və Şuşanın tarixi hüquqları gözardı edildi. Bu səbəbdən həmin qərarı haqqımda qəbul edə bilmirəm.
8. Yeni layihələriniz barədə nə deyə bilərsiniz?
Yeni layihələrə gəldikdə, planım Hüseyn Cavidin “Şeyx Sənan” əsərini açıq səma altında səhnələşdirməkdir. İlk dəfə olaraq Qaxın qədim alban kilsəsini canlı dekorasiya kimi istifadə etməyi düşünürəm.
Bundan əlavə, mərhum Rövşən Almuradlı ilə birgə İsmayıl Şıxlının “Ölən Dünyam” romanından “Ölüləri Qəbirstanlıqda Basdırın” pyesini səhnələşdirmək arzum var. İnanıram ki, planlarımı həyata keçirməyə Allahın izni ilə güc tapacağam.
Söhbətləşdi : Nicat Hunalp
