Firuzə İbrahimli - Bayrağı kim sancıb?
Müharibə qurtarmış, illərlə əsir qalan torpaqlarımız azad olunmuşdu.
Qələbə sevinci ilə küçələrə axan insanların səsi təcili yardım maşınlarının səsinə qarışıb
yerlə göyün arasındakı boşluğu doldururdu.
Qəribədir, insanlar ağlaya-ağlaya gülür, tabutları qucaqlayıb rəhmət yerinə “şəhidliyin
mübarək” deyirdi.
Qərərgahın önünə düzülən hərbiçilərin üzündə sevinclə kədər, coşqu ilə yorğunluq
yarışırdı.
Bölük komandiri uca səslə danışır, adları çəkilənlər bir neçə addım qabağa çıxıb təzim
edirdi.
Bu mənzərə o qədər təsirli idi ki…
Döyüşçülərdən kiminin qolu, kiminin ayağı, kiminin gözləri yox idi. Alayaşıl geyimlər
qırmızı ləkəli ağ tənziflə “bəzənmişdi”.
Əsl yaralar isə gözlə görünmürdü.
Onlar yaxın dostlarını, yoldaşlarını, silahdaşlarını itirmişdilər.
Yüksək rütbəli şəxslərdən biri başı sarıqlı əsgərə yaxınlaşıb soruşdu
-Oğlum yüksəkliyi sizin tağım azad edib. Bayrağı sancan sənsən?
Əsgərin gözləri doldu
-Xeyir, cənab general o mənim ən yaxı dostum idi, şəhid oldu.
General bir an dayanıb yerinə qayıtdı, sonra uzun masanın üstündəki bayraqlardan birini
götürüb əsgərə verdi
-Belədirsə onda bu xəbəri onun ailəsinə sən verəcəksən, oğlum.
Bu çox ağır tapşırıq idi, amma yerinə yetirilməli idi.
O təzim edərək bayrağı götürüb yola düzəldi.
Dostunun ünvanına çatıb qapının zəngini basdı.
Qapını qucağında körpə uşaq tutmuş orta yaşlı bir kişi açdı.
Hərbiçini görən ata gülər üzlə “xoş gəlmisən qalıb ordunun qalıb əsgəri” deyə
onu içəri dəvət etdi.
Çox keçmədən evin xanımı əlində çay dəskahı otağa daxil oldu. Ana əsgəri
mehribanlıqla süzərək “xoş gəlmisiz oğlum, mənim də balam hərbidədi, elə
bildim gələn odur. Bu balam da atasını gözləyir” deyə körpəni qucaqladı.
Qadın otaqdan çıxandan sonra ata əlini əsgərin çiyninə qoyub “oğlum,
qoymaqdan nəyə gəldiyini soruşmazlar, amma soruşmaya bilmirəm. Oğlum o gün
zəng eləmişdi ki, Şuşaya giririk,tezliklə evə qayıdacam. Amma sonra heç bir xəbər
çıxmadı, bəlkə yaralanıb” deyə nigaran baxışlarını onun gözlərinə dikdi.
Əsgər atanın qarşısında bükülüb əzilir, yox olmaq istəyirdi.
Lakin onu da bilirdi ki, bu xəbəri gecikdirən bilməz. Axı məhəllənin başındakı
təcili yardım maşınındakı şəhid dostu doğma ocağına “tələsirdi”.
-Əmican, oğlunuzla bir tağımda döyüşurdük. Biz yüksəkliyi ələ keçirdik. Oğlunuz
bayrağı zirvəyə sancdı və özü də əbədi zirvəyə ucaldı.
Əsgər göz yaşları içində sözünü bitirib sinəsindən çıxardığı bayrağı ataya uzatdı.
Ata bayrağı bağrına basıb özünü bayıra atdı.
Küçə insanlarla dolu idi.
Yüzlərlə vətəndaş öz şəhidini qarşılamağa gəlmişdi.
Atalar məğrur, analar qürurlu idi.
Körpəsini sinəsinə sıxıb pəncərə önündə dayanan gəlinin üzündə dağ əzəməti var
idi.
Küçə qapısına sancılan üç rəngli bayraq mələk qanadı kimi çırpınırdı.
