Edebiyyat.az » Proza » AZAD QARADƏRƏLİ - ÖZÜNÜYARADANLAR (roman)

AZAD QARADƏRƏLİ - ÖZÜNÜYARADANLAR (roman)

AZAD QARADƏRƏLİ - ÖZÜNÜYARADANLAR (roman)
Proza
admin
Müəllif:
21:58, 25 mart 2024
605
0
AZAD QARADƏRƏLİ - ÖZÜNÜYARADANLAR (roman)

          


                      

                            SÖZÜN BAŞI




    Siftə...

    Sevdiyim sözlərdəndir. 

    Biz tərəfdə ilk əvəzinə siftə deyərlər.

    Hər şeyin ilkini, siftəsini sevmişəm.

    Ailəmizin ilkiyəm. Evimizdən, ailəmizdən ilk Bakıya mən getmişəm. İlk ali məktəbə mən girmişəm. İlk dəfə yeraltı dünyaya mən yol açmışam – metro işçisi kimi. Sonra ilk məhəbbətim – siftəm...

    Eeeeh...

    İlk zərbəni də mən almışam...

    “Təndirin siftəsini yeyənin istəklisi ölər...” – bu nənəmin fəlsəfəsidir.

    Neçə gündür bu cümlənin vurğuntusu ilə gəzirəm. 

    Bəs o filosof necə demişdi: “İlk addım qələbənin yarısıdır.”

    Niyə? Niyə axı ilk həm uğur gətirər, həm uğursuzluq?

    Necə çözüm bu sirri?

    Eeeeeehhhhhh...

    Yandım, cızdağım çıxdı...

    Elə bil təndirə basıb, təpəqarama eləyib yandırıb-yaxıblar məni...

    Təndir də ki...........................................................................................................

    O təndir var ha, bax onun qırağında oturub qızarmış çörək xırtdatmağı dünyanın ən bahalı restoranında yeyilən yeməkdən üstün tutaram!

    Hər dəfə təndir yadıma düşəndə, daha doğrusu, təndir qoxusu burnuma gələndə anamın təndiri, o təndirə ilfidə ilə yapılan çörəyin dəmi məni tutur. Çörəyin də dəmi var... 

    Uzanırsan ananın dizinin dibində, bir yandan təndirin istisi, bir yandan ilfidənin qarsmış qoxusu (içinə ot-ələf yığıb, qıraqları tikilən təmiz, yanmayan bərk əski parçasından düzəldərlər ilfidəni və çörəyi onunla təndirə yapardılar), bir yandan da üst-üstə yığılan çörəyin bir-birinin od-atəşini çəkib nəmlənməsi, dəm tutması vurar  səni, olarsan dünyanın ən xoşbəxt uşağı...

    Amma çaşıb təndirin siftəsini yemiyəsən haaaaaaaaaaaaaa.......................................






        BİRİNCİ HİSSƏ





                            Nəcabətli adam hər yerdə doğulmur. 

                                                 Ancaq belə müdrik harada doğulursa, 

                                                 orada bütöv bir xoşbəxt nəsil çiçəkləyir...


                                                  Dhammarata

                    





    YAZIÇI


    Filosof ilə köhnə padşahlar kimi təğyiri-libas olub kənd-kənd, qəsəbə-qəsəbə, şəhər-şəhər gəzmək barədə danışanda çiynini çəkdi: ”İlin, günün bu vaxtında... Payi-piyadamı gəzəcəyik, dərvişmisal?”

    Nə olar, dedim, dərvişlərdən nəyimiz artıqdır ki? Köhnə zamanın filosofu da, şairi də onalar deyildilərmi? 

    “Sən özünə baxma, siz filosoflara nə var axı?! Şairmisalsınız, dizinizin üstündə də bir risalə qaralayar, yaxud bədahətən Sokratvari fikirlər söyləyərsiniz... Babanız dərvişlər el-el gəzib nohə oxumazdılarmı? Elə biri sən özün, fəlsəfi tarktatları bir kənara qoyub başlamadınmı qafiyəli müdrik kəlamlar yazmağa?.. Biz yazıçıların içi isə çətindir – qapanarıq otağımıza, inzivaya çəkilirmiş kimi, saatlarla, bəzən günlərlə, bəzən  həftələrlə, a kişi, bəzən aylarla oradan çıxmarıq... Çıxanda da bir təzə romanla varid olarıq...” – deyib ah çəkirəm.


    FİLOSOF


    Mənimki bu qədim dostumla son zamanlar heç tutmur. Gəncliyində apaydın, dumduru adam idi. Elə ilk kitabının da adı “Dumduru su” idi. Amma getdikcə tutqunlaşdı, özü də, yazı-pozusu də qaramata büründü. Qalın, qapqara duman-çən, tüstü aldı yazdıqlarının üstünü. Nə illah elədim, inadından dönmədi. İndi də tutdurub ki, gəl çıxaq kəşti-səyahətə... Camaat mərkəzə qaçır, bu da mərkəzdən qaçır...


    YAZIÇI


    Çox çənə-boğazdan sonra, deyəsən inadından döndü.

    Razılaşır və düşürük yolun ağına. Burnumuza təndir qoxusu gələndə dostum ayaq saxlayır,  təndiri görmədən getməyəcəyini deyir... 


            YAZIÇI


    Son zamanlar, yaşım yetmişə - bir tarixçi alimin dediyi kimi yetişmişə çatanda özümə düzən verməyə çalışdım. İstədim ki, bir az ciddi olam, guya ağsaqqal kimi aparam özümü, guya ağsaqqal kimi yazam, olmayan saqqalımla bir az dəyiş-düyüş eliyəm rəftarımda, davranışımda, oturuşumda, duruşumda və yazışımda da... Allah bu Filosofa insaf versin deyim, verməsin deyim, hamısı da bunun əməlləridir. Əvvəldən heç filosofa-zada oxşamırdı, hüttülümün yekəsiydi... Bir şeydi ki, kəndləri Çaxırlıda yaşayanda Bethovenin 9-cu simfoniyasının valını qoyar, oynayardı. Gəl başa sal ki, ay adam, simfoniyaya oynamazlar, qulaq asarlar!.. Kimə deyirsən, belini əyər, əllərini Niyazi kimi əyib-bükər, gözlərini qıyar və ortada Qaytağıya oynayan kimi oynayardı...

    Nəysə, son zamnalar, daha doğrusu, şəhərə gəlib şəhərli Filosof olandan sonra başladı ciddiləşməyə. Hətta mənim “Əllidən bir kəm”imə, “Şəhərcik”imə və qeyri mətnlərimə başladı irad tutmağa ki, çox çılpaq yazırsan... hətta... Qoy görüm nə təhər yazmışdı mənim haqqımda? “Zahirən elə görünür ki, o, vulqar həddə varır. Əlbəttə, Yazıçı olduqca riskə gedir. Sıldırımın lap qırağı ilə irəliləyir. Ancaq ədəbiyyatın qanunlarınca, amansız həqiqətlər də elə bu uçurumların lap qaşındadır. Hətta yazıçı bu titrək nöqtədə, uçunduğu məqamda belə, zəlzələ törətməsə, “həqiqət daşları” sərt qayalardan qopub düşməz... Sümükləşmiş beyinlər düşünən başlara çevrilməz... Yazıçı dostum, məhz beləcə, Azərbaycanı endiyi yerdən qaldırmaq istəyir. Onun qələmindən göyərən nəsr – bu “Alp çəmənlik” bizim mənəviyyatımızın Pompeyinin müşahidə nöqtəsində tikilib...”

    Əslində yaxşı sözlərdir... Amma ki, ciddiyə almaq məsələsi... ciddi olmaq... ağır oturub, batman gəlmək... ağsaqqal... qarasaqqal...

    Bunlar mənilk deyil, baba. Əgər bunun dediyi ilə durub-otursam, gərək saqqalı ələ verim. Oranın adamı olum. Umacaqlı... Sözgötürən... Əyilən... Mil duran... Boynu qıldan incə... Saqqalını ələ verən...

           Pəh! Bu nə qoxusudur belə? Təndir? Nə yaxşı! Gərək bu təndirin yaradıcılarına – dünyanın ən böyük nemətini hala gətirənlərə baş çəkək, salam verək, bağır basaq... Filosof  təndir-məndir sevməz, onunku sonsuz üfüqlər, səhrada qəfil rastlaşdığı tərkidünya insandır... Amma yox, bu dəfə o da təndir qoxusundan hallanıb. 

            Nə deyirsiniz, deyin, bəşəriyyətin bu ilk mədəni hadisəsi olan təndirə hökmən baş çəkməliyik... 

            

    FİLOSOF


    Təndir mənə ilk insanı xatırlatdı . Hələ onun ətrafında dövrə vurub oturan qadınlar... İlk insandan az şey fərqləndirir onları. Çörək taxtasının üstündə  kündəni urfaya bulayıb, eyni sürətlə yayıb, bir ölçüdə, bir biçimdə olan yaymanı çörək yapan qadına ötürmələri... Və müqəddəs ayin icra edirmiş kimi təndirə əyilib-düzələn çörəkyapan qadın mənə madərşahlığın ilk nişanələrini duyurdu. Hələ çörək taxtası... Çörək yapılan alət. Təndirə əyilən qadın... Bədahətən qafiyəli kəlam doldu qəlbimə:


    Əyildi təndirə namaza əyilən tək,

    Onun bu halından yarandı çörək...

    

    “Yarandı çörək...” Və yadıma məni son zamanlar məşqul edən ÖZÜNÜYARATMA fəlsəfəsi düşür... Bəziləri özünüyaratmanı varlığın çoxalması, təkrarı kimi başa düşür. Yanılırlar. Unudurlar ki, günəş hər dəfə dağın arxasında batıb, əks tərəfdəki dağın arxasından yenidən çıxanda həmin günəş deyil. Olsa-olsa dünənki günəşin alternatividir, yeni şəkildə, bəli, bəli, məhz yeni şəkildə təzahürüdür. Yəni Günəşin özünü yenidən yaratmasıdır. 

    Hələ o təndirdə bişən çörəyə baxın! Dən idi, özünü yaradıb cücərdi, yaşıl zəmi oldu, sonra özünüyaradıb çoxlu buğdaya çevrildi, sonra özünü una çevirdi, təndirdə bişdi, müqəddəs çörək oldu... Dünənki fəlsəfi təlimdə bu inkarı inkar qanunu idi, mənim yeni fəlsəfi görüşümdə isə bu özünüyaratmadır... Bəli, bir qadın əlinin qüdrətindən yarandı çörək... Dünyanın ən dahi varlığı insan əlinin gücü ilə özünüyaratma  belə baş verdi...

    Qadın dedim... Tanrıdan sonra ən böyük özünüyaradan qadındır. Dişilərin ən kamili, cucuqlaya bilən, doğan, doğulan qüvvədir qadın. Tanrı özündən sonra ən böyü xidməti ona verdi. “Doğ” dedi, yarat dedi və qadın dünyanı ən kamil insanla zənginləşdirdi... Hətta Tanrının elçilərini də qadın doğdu...

    Antik filosoflar nə deyirdi? “Özünü dərk et.” Bu elə özünü yarat hökmünün bir az qəliz formasıdır. Əslində, özünü dərk etmə, elə özünüyaratmanın mühüm fazasıdır. Özünüyaratma  özünüdərkdən başlayır. Yaxud, özünü dərk etməyən, başqlarını heç dərk etməz...

    Təbiətdən misal çəksəm: biz maddənin üç halını gözümüzlə görürük. Maye, qaz, bərk halı. Lakin unuduruq ki, bu üç halın enerjisini daşıyan dördüncü, əslində isə ən birinci halı da var: plazma halı. Başqa sözlə, buna ionlaşmış qaz, yəni plazma deyirlər. Təsəvvür edin ki, qazı ən güclü temperaturda qızdırırsan; bax onda plazma yaranır. Deməli, qalaktikamızın 99 faizi plazmadır – günəş və bütün ulduzlar sistemi də daxil... Yerdə də nadirən plazmaya rast gəlinir, məsələn ildırım düşəndə...

            Təbiət özü özünü yaratmaqla məşğuldur. Plazma halından maye, qaz və bərk hala düşməklə özü özünü yaradır... Bu sirli dünyamızda nələr varmış?!

    İnsan da belədir...

    Təbiətin bir parçası olan bu nadir varlıq daim özü özünü yaratmaqla bu hala gəlmiş...

    Amma unutmayaq ki, hər bir gözəlliyin qonşuluğunda bir eybəcərlik durur.

    Allah qorusun... İnsan daim öz üzərində işləməklə, özünüyaratmaqla daha əcaib hallara düşməkdən sığortalanıbmı?.. 

    Bu sualı heç düşünmək istəmirəm. Çünki planetimizin başı daim dərddədir. İndiyəcən olmuş müharibələr, soyqırımlar, insanlığın digər faciələri bundan sonra gözlənilən bəşəri təhlükələrin yanında çox kiçik görünə bilər...

    İnsanın özünü yaratmasının daha bir qolu da var: özünəoxşarını yaratmaq. Bu da klonlaşma adlı yeni, daha qorxunc bir insan əməlidir ki, bundan da heç danışmaq istəməzdim...

    Klonlaşma, əslində, özünüyaratma deyil, özünüməhvetmədir... Hə, hə! Bəzən, özünüyaratmada ifratçılıq özünüməhvə aparır...

    Nədən ki, alimlərin hesablamalarına görə, əgər insan özünün klonunu çox sürətlə çıxartmağa başlasa, əsl insanla süni insan arasında qeyri-bərabər döyüş baş verər və, insanlıq, yəni əsl insan məhv olar... Bu gün insanlığın qarşısında çox güclü bir arqument durur: süni intellektin ortaya qoya biləcəyi yeniliklər, daha doğrusu özünü yaratmanın fəsadları və ondan qaçmağın yolları...

    Bundan da danışmaq istəməzdim...

    Mən neqativ hisslərə köklənən filosoflardan deyiləm...

    Mənimki insanın özünüyaratmasıdı. Baxıram ki, yazıçı dostumun bu yazısı da elə mənim kəşfimə hesablanıb. Düzü, onun bu yazısını məndən çırpışdırdığını düçünürdüm, zira biz filosoflar bədbəxt “millət”ik. A kişi, əsər yazırıq, cəmi 300 tirajla çıxır, onun da heç yüzü satılmır. Kimdir axı fəlsəfi traktat oxuyan?!. Amma roman hə, hələ ki, oxuyan var... Nə edək, qoy yazıçı dost mənim fikirlərimi bədiiləşdirsin, bəlkə  bir işə yaradı...


    YAZIÇI


    Bu axmaq filosofa fikir verməyin. Ömrü boyu bir ideyanın ətrafında fırfıra kimi fırlanıb, fırlanıb, fırlanıb. Soruşuram ki, nə var, nə yox? Deyir, özünüyaratmaqla məşğulam...

    Heç gör dəxli var?! Əşi, bunun bir sonu olacaq? Haçan bitəcək sənin bu özünüyaratmağın? Kimə deyirsən?.. 

    Amma öz aramızdır, bir az başından, ayağından oxuyan kimi bu yeni əsərin ideyası doğuldu məndə. Yazdıqları bir p..x deyil, amma o xaosun içərisində xeyli ideya gizlənib. Adam təmiz ideya generatorudur...

    İki fakt deyəcəm, biri yaxşı, biri pis. Pisdən başlayım. Demək, Türkiyədə filmlərə çəkməyə yaşlı qadın tapmırlar. Nədən, ondan ki, hamısı plastik əməliyyat etdirib, sir-sifətini dartdırıb, cavanlaşdırıb özünü. Bu, özünüyaratmanın ən eybəcər formasıdır. Bunun adı özünüyaratma deyil, özünü dartdırmadır...

    Yaxşı da ki...

    Baxın, bir atanın neçə övladı varsa, hərəsi bir rəngdə, bir ağılda, bir boy-buxunda olmur. Hamısının özünəxas cəhəti, hətta adı var. Bu da özünüyaratmadır. Bir ata, ana övlad dünyaya gətirməklə öz qol-qanadını artırır, nəslini-kökünü yenidən yaradır...

    Lap bəsit bir misal: hər insan öləndə ağlayır, yas tuturlar. Nədən, bilirsinizmi? Ondan ki, o insan tək nüsxə idi, ondan bir daha gəlməz. Bu da bir növ özünüyaratmadır... (Yadımdadır ki, bu fikri hansı əsərimdəsə işlətmişəm, oxuculardan təkrara görə üzr istəyirəm: yeri gəldiyi üçün vaz keçə bilmədim.)

    Filosof dostum plazmadan bəhs etdi. Amma zənn edirəm ki, o plazmanın mahiyyətinə dair fiziklərdən ötə bir şey deyə bilmədi. Bəli, plazma maddənin dördüncü, əsas halıdır. Qaz halının ən ali, ən uca forması. Qalaktikamız plazmadan ibarətdi. Bu bir növ yanar qazlardır ki, istənilən halda bərk maddəyə (məsələn, metioritə), qaz halına (məsələn, buxara), yaxud su halına (məsələn, yağışa) çevrilə bilir. Məncə, Yer üzünün plazması İnsandır. İstənilən halda özünü yarada bilən, bir şəkildən başqa şəkilə düşməyi bacaran elastiki canlı – İnsan... Və onun təndiri... Təndir də elə bir növ plazmadır...

    Təndir gör bizi haralara apardı?! 

    Bir dəfə yaylağa getmişdik. On iki, on üç yaşlarında idim. Bir yurd yerində müvəqqəti düşmüşdük ki, arxamızcan mal-heyvanı otara-otara gələn dəstələr də gəlib bizə yetişsinlər. Gərək ki, adına Pəribartaz deyilən yerə enib uşaqlarla oynayanda hündür bir təpə kimi ucalan yerə çıxdıq. Təxminən Misir ehramlarına oxşayan (mən bu ehramları hansısa dərs kitablarımda görmüşdüm) bu təpəcik torpaqdan olsa da, baxdım ki, torpağın altında kərpicə oxşayan daşlardan divar hörgüsü var. Aşağıdan yuxarı piramida kimi hörülmüş bu daşların üstünü nədənsə sonradan torpaqlamışdılar. 

    Əlim dinc durmadı, başladım bu torpaqları əlimdəki çomaqla uçurub aşağı tökməyə. Bir də gördüm ki, təxminən on mütrəcən olan bu təpəcik torpaq layının altında gizlənən daş hörgüymüş...

    Sonradan bunları Hafiz müəllimə danışanda o dedi ki, ora kurqandır. Belə kurqanlarda qədim əcdadlarımız tayfanın başçılarını dəfn edərdilər. Bəzən atını, silahını, lazimi əşyalarını, hətta xidmətçisini belə o kurqanda basdırardılar, çünki onlar belə düşünürdülər ki, orada onun ikinci həyatı başlayacaq və bu zəruri şeylər ona gərək olacaq.

    (Mən Misir ehramları və bu türk kurqanları ilə bağlı çox düşünmüşəm. Əcaba, bu tarixi abidələr bu gün bir mədəniyyət nümunəsidir, yoxsa yüzlərlə, minlərlə insanın canı-qanı bahasına başa gələn bir barbarlıq faktıdır?..

    Əlbəttə, cavab birmənalı deyil. Bəşər tarixi insanlığın qanı və canı bahasına bərqərar olmuş, cəmi yüz il əvvələcən hər yerdə barbarlıq, qəddarlıq, irqçilik hökm sürmüşdür. Bu günkü ABŞ dövləti dünənəcən qara zəncilərin hüquqlarını tanımırdı...

    Baxın, bu da faktdır ki, o ehramları, o kurqanları tikmək üçün uzaq məkanlardan minlərlə daş gətirən qulların qanı ilə suvarılan bu abidələr həm də bu günə gəlib çatan insanın əl işi, mədəniyyət nümunəsidir. Onsuz da o tikintidə ölən insanlar tarixdə bir iz qoymadan ölüb gedəcəkdilər, zira onların da əli toxunan, qanı bulaşan bu abidələr həm də insanlıq əsəri, mədəniyyət nümunəsi kimi yaşayır. Demək, nə qədər qəddarlıq olsa da, burada bir tarix yatır... Acılarla qoşa olsa belə...

    Bəli, insanlığın tarixi acılarla mübarizə taixidir...)

          ...Hə, insan həyatı acılarla mübarizə tarixidir. Tarixdir insan. Gəzəri tarix. Yeriyən tarix. Qəribədir ki, bu tarix, neçə ki, yeriyir, gəzir, özünü-ora bura çovuyur, onun mahiyyəti, kimliyi üzə çıxmır. Nəinki ətrafındakıların, heç tarixçilərin – insan həyatını yazan yazıçıların da diqqətini cəlb etmir. Gərək insan, o gəzən tarix acılarla mübarizədən usana, bezə, özündə gəzdirdiyi yükün ağırlığına tab gətirməyə, yerə qoya, dərindən bir “uxay” eləyib, nəfəsini dərə və o nəfəsdərmə də adi nəfəs dərmələrdən olmaya, o qədər dərin ola ki, o nəfəs bir daha geri dönməyə... İnsan ola min ilin ölüsü... Bax, onda insan tarixçiləri qələmlərini sazlayıb düşəcəklər bu tarixin üstünə, qələmə mürəkkəb dolduran kimi bu adamın ömrünü qələmə yığıb tökəcəklər vərəqlərə...

    (Mən onun ilk halını deyil, məhz təndir qırağında çörək xırttadan uşaqlıq çağını görmüşdüm qəribə də olsa – filosofla ayaq saxladığımız təndirin başında çörək yapan qadının dizinin dibində uzanıb ləzzətlə çörək xırttadırdı... 

    Əvvəl diksindim. Ola bilməz, dedim. Bu adamın indiki halını, yerin altında xarüqələr yaradan çağını tanıyıram axı mən, bəs bu uşaqlığı burada nə gəzir?.. 

    Tamam çaş-baş qaldığım anda təndirin yuxarısında, tənəkədən asılmış  içi kitabla dolu məktəbli çantasını gördüm və hər şeyi anladım. Bu min illərin təndirinə sığınmış ilk insan onu kamil insana – özünüyaradana çevirən nəsnəni başı üzərindən asmışdı... Hərdən bir vərəqini cırıb təndiri odlayanda əl saxlayıb cırdığı vərəqi oxuyar, huş-kuşla fikrə gedər, həyatına şam tutası bu vərəqin alovunda təndirini alovlandırardı ki, başqa bir mədəniyyət hadisəsi olan çörəyi ərsəyə gətirsin... Ruhun şad olsun, Mirzə...)



    FİLOSOF


    Mən də gördüm onu – təndirin badında nənəsinin dizinin dibində uzanan o uşağın çıxartdığı oyunları yazıçının gözü ilə gördüm və təəccüblənmədim. İnsan oğlunun dünəni ilə bu günü iç-içə deyilmi? Hələ gələcəyi? Necə olacağı bilinməyən o müdhiş gələcək də onun keçmişi ilə, indisi ilə çox bağlıdır. Mən bunu öz həyatımda, elə Yazıçının həyatında da görmədimmi? Biz ikimiz də yetim, köməksiz uşaqlar idik. Analarımız tək canları ilə bizə həyat verdi, saxladı, qorudu, dik ayaq üstdə qoydu... Zira bundan sonrası bizlik idi. Və biz o köməksiz insandan nələr, kimlər düzəltmədik? İkimiz də özümüzü yarada bildik... Yaradılışın nə olduğunu bilməyə-bilməyə... yaratdıq özümüzü...

    İndi bu Yazıçının mənə göstərdiyi o uşaq da bu təndirdə bişə-bişə özünü yarada bilmiş? Necə? Bunu mən yox, ən yaxşı Yazıçı bilər. Gəlin ona qulaq verək... 

    (Onu əlavə edim ki, bizim bu xəyali səyahətimizə O da qoşulub. Hər zaman yanımızdadır. Məni hələ tanımasa da, özünü doğma adam kimi aparır. Bizim bir tayımız kimi...

    Hə, xəyali söhbət dedim... Olmasın xəyali, olsun indikilərin zoom söhbəti, vidiogörüntülü söhbət, nə bilim axı, votsapla söhbət və sair... Vaxt vardı ki, onunla məktublaşardıq. İndi elə bir zaman gəldi ki, bu texnika məktubu öldürdü... Bax belə... Biz onunla – yazıçıyla daim kontaktdayıq və  o Dost da hərdən qoşulur söhbətlərimizə... Tay tutmasa da, maraqlı adamdır. Yaşının bu vaxtında öyrənmək üçün sino gedir... Hər nə isə, bizim bu təğyiri-libas gəzişməmizi, görüşməmizi, gaplaşmağımızı hara istəsəniz yozun... Olan isə budur ki, bu olmuşdur...)

    


    YAZIÇI


    Mən onu görəndə ilk dəfə özündənrazı, rahat, aşırı dərəcədə xoşbəxt, amma həm də içində  hansısa nisgil gəzdirən biri təsiri bağışlamışdı. Əgər o xoşbəxt, rahat, özündənrazı adamın üzündəki o nisgili görməsəydim, bilmərrə ona yaxın düşməzdim. Onun sifətinin bütün cizgilərini qəsb eləmiş o rahatlıq, o xoşbəxtlik və o özündənrazılıq  nisgilə çox az yer saxlamışdı. Surçub gəlib burnu ilə gözlərinin arasındakı zərrəbinlə görünəsi bir düyündə ilişib qalmışdı. O zərrəbin altında gizlənən düyünün özü də qəribə idi. Adama özünü biruzə verməz, versə də, sirrini açmaz, səni özündən uzaqlaşdırmayınca əl çəkməzdi. Amma mənimlə üz-üzə gələndə, nədənsə, tez təslim oldu. Elə o düyünün düyünlənmiş sətirlərindən, çox çətin oxunan əlifbasından ilk oxuduğum bu sözlər idi: “Nə baxırsan?! Mən acıların düyünüyəm. Elə sahibim də acıların adamıdır. Baxma belə xoşbəxt, belə rahat və özündənrazı görünməyinə. Onu acılar doğdu. O acılardan pərvazlandı... Nədi, siz insanlar deməmisinizmi bu sözü: yüz acını yeyərlər bir şirinin xatirinə. O da acıları bir-bir yeyə-yeyə təzəcə şirinin taxtına oturmuşdu ki...”

    Düyün qəfil hıçqırdı... 

    Bu vaxt adamın çöhrəsində ikinci, üçüncü, dördüncü görünməzliklər peyda oldu, ağız-ağıza verib acıların düyününü qınadılar, onu az qala daş-qalaq etdilər. Diqqətlə baxıb, gördüm ki, bunlar xoşbəxtlik, rahatlıq və özündənrazılıqdır. (Adlarını hər dəfə bir ayrı sıra ilə yazmağımın da səbəbi var. Bir yerdə durmazlar ki. Bir də gördün xoşbəxtlik özünü soxdu qabağa – gözə girməyin ölüsüdür axı. Özündənrazılığı da hamı yaxşı tanıyır. Biri qabağa düşdümü, oxumuşların sözü olmasın, eqosu vurur başına, irəlidəkini geri itələyib, keçər onun yerinə. Eeeeee, ay qardaş, bu dünya rahatlığın üzərində qurulmayıbmı? Yazıq daldada da olsa, mən də varam deyib, ağlamsınar, özünü nişan verər... Nisgilsə... Elə həmin qaraqabaq, dindirsən ağlayası, içində dünyanın dərdini gəzdirən nisgildir... Axşam naxır geri dönəndə arıq-axsaq qabağa düşər deyiblər axı, bəzən bu yazıq nisgilin də belə qabağa düşməyi olsa, təəccüblənməyin. Yazımızın, əslində, bu dörd qəhrəmanı  əsər boyu sizə yoldaşlıq edəcək. Kim harda qabağa düşəcək, bunu mən deyə bilmərəm... Mən kiməm ki? Bir mirzə. Olanları, olmuşları, gördüyümü və görmədiyimi yazanam... Hə görmədiyimi... Aman, aman. Bu sonuncunu belə yazsam, daha doğru olar: sizin görmədiklərinizi... Hə. Bu yazının canı sizin görmədiklərinizdədir. Divin canı şüşədə olan kimi. Aman və yenə aman. Şüşə amanatı. Şüşə də ki, məlum, şüşədir... Sınmağı bir yana, qanqaraçılığı da bir ayrı dərd... ) Hətta özündənrazılıq acıların düyününün üstünə necə cocudusa, dedim yazığı döyəcək:

              ”Heç utanırsan?! Bizi dost-düşmən içində biyabır eləyirsən! İnsan oğlunun ürəyinin sirrini açıb yabançı adamın qarşısına tökmək nə demək?! Görmürsən, o acılarla boğuşur? Görmürsən, həyat onunçün qaralıb? Burax, özü həyatını özü bildiyi kimi... sona çatdırsın... Bax, şələsini də yerə qoymaq üzrədir... Elə biz də yorulmuşuq. Nə qədər bu acını bizim xatirimizə yeyərlər, hələ gör axırda da nə deyəcəklər: ”İnsan həyatı acılarla mübarizə tarixidir!”

    “Pah! Bəs biz kim oluruq?!” – Rahatlıq bomba kimi partlayır.

    “Yox bir, insan həyatında ancaq acılar varmış! Bəs biz nə karayıq?!” – bunu da Özündənrazılıq  bağırır.

    “Əzizim, mən səni həyatım boyu sevmişəm, bunnan sonra həyatda olmasan da, yenə sevəcəm; lap istəsən, bu gün, yaxud sabah, ötəsi biri gün yanına gələcəm... Sən isə, acıların düyünü, bil və agah ol, insan oğlunun həyatı səninlə mübarizdə keçə bilər, amma onun yanacağı biz idik, onun mühərriki bizimlə qidalanırdı... İnsan oğlunu yaşadan sevgi hormonunu biz tədarük edirdik. Tədarük etdiyimiz o məhsulun adı sevgi idi. Bu marka bəşərin qidası, onun həyat tarixçəsidir. Bilirəm, sən yanşaqsan, danışacaqsan. Danış, qoy o tarixçi  insanımızın tarixini yazsın, amma təkcə acıların tarixi olmasın bu, sevginin də tarixi olsun... İnsaf elə, qoy o yazı yazan nəyi necə yazacağını özü seçsin... Sənin sevgini sevmədiyini bilirik, amma unutma, sənin o düyününün düymələrində gizlənən nisgilin içində də sevgi var. Səni hörən, düyən əllər sevgidən su içmişdi... “ – Bunu da Xoşbəxtlik gileyli-gileyli mızıldanır.

    Burada mən – müəllif müdaxilə etməli olur...

    Yazı yazan dedilər...

    Qarışıq salmayaq. Bir var hamımızın yazısını yazan kişi – anamın dediyi Yuxarıdakı... “Onun əlinin üstündə əl yoxdur. Yazanda kimin taleyini kefi necə istəyir, elə də yazır. Şükür kərəminə. Göy nə yağıb ki, yer qəbul etməyə... Nədi, odu... Amma o Kişi sənin əl-qolunu da bağlamayıb ha! Deyib, yazını mən yazdım, pozusu sənnən... Tut ətəyimnən, çabala-çarpış, allah sənə bir qapı açar...”

    Bir də var, mənim kimi mirzənin yazısı... O – Yuxarıdakı Baş Yazardır, Baş Yazıçıdır,  Yaradandır həm də. Biz xırım-xırda yazıçılar isə onun yazdıqlarını sahmana salanıq... Redaktoruyuq onun...

    Hə, harda qalmışdıq? Sevgidə...

    Sevgi...

    Bu imiş insan oğlunu yaşadan, gəzdirən, acılarla döyüşə səsləyən, əyilməyə, sınmağa qoymayan. Və bir gün, o məşum gün ki gəlməyə daim müntəzirdir, onda insan oğlu əlini rahatlıqdan üzər, özündənrazılıqdan çəkər, xoşbəxtlikdən qoparar və özünü acılara təslim edib, ağır yükünü yerə qoyar... 

    Mən baxdım ki, O təslim olmaq üzrədir. Amma o düyünün içindəki nisgilqarışıq bütün nəsnələr – rahatlıq, özündənrazılıq və xşbəxtlik onun əlini buraxmırlar, hərəsi bir tərəfdən çiynindəki şələsinin altına çiyin verib, yerə düşməsinə imkan vermirlər...

    Və onda anladım ki, mən bu insan oğlunun tarixini özündən sonra deyil, sağlığında yazmalıyam. Və onunla o sifətində cəm olanların köməyi ilə yaxınlaşdım. Acılardan tutdum şirinlərəcən çözüb-çözələdim. Mən çözdükcə insan dirçəldi, acılara tabe olmağın hələ tez olduğunu duyub dedi:

    “Mən Siftəmi... Siz axı bunu bilmirsiniz... Gərək hər şeyi təzədən başlayım... Amma bilmirəm, bunu təzədən yaşamağa mənim iqtidarım olacaqmı? Məndə o güc qalıbmı? Gülüm gedənnən sonra mən bu dünyada kimsəsiz qalmışam... İşə bax, məni bu dünyaya gətirən qadın sağdır hələ, bu acılarla savaşdan yorulub yükümü yerə qoymağa yaxın ikən onun yanına getdim ki, bəlkə şələmin bir qulpunnan da o yapışa... Gördüm onun da taqəti qalmayıb... Bu yük ağırdı, tarixçi qardaş... Çox ağırdı, daha çəkə bilmirəm... Yarım, param - mənim bu həyata bağlılığımın səbəbi yoxdusa, mən niyə var olmalıyam ki?    



           ACILARIN ADAMI


    Mən elə bilirdim ki, hər şeyin siftəsi həm də onun sonudur – siftən yox oldumu, sən də yox olarsan, yaxud həyatda qalmağın bir mənası olmaz...

    Belə deyilmiş, Gülüm...

    Sən mənim hər mənada siftəm idin.

    İlk və son eşqim – siftəm. 

    Bu boyda şəhərdə adam kimi qəlbimi aça biləcəyim ilk adam – yenə siftəm.

    ...Yadındadı, Gülüm, səninlə ilk görüşə gələndə üç gül almışdım. Özü də hərəsi bir rəng: ağ, qırmızı, sarı. Sən gülləri alıb qoxladın, sonra heyrətlə üzümə baxıb güldün:

    -Bunlar niyə rəngbərəngdirlər?

    Mən tutuldum. Amma sənə olan sevgim ürəkləndirdi:

    -Gül, bilirsən, mən ilk dəfədir ki, birinə gül alıram... Siftəmdi... Ağlıma sevdiyim bir mahnı düşdü:

    Yarın baxçasında üç gül açıbdır,

    Ağ gül, qırmızı gül, bir də sarı gül...


    Nə bilim, ağlım belə kəsdi... Dedim, bəlkə, ilk dəfə görüşə gül aparan oğlanların hamısı belə edir? Axı mən heç kimnən soruşmadım... Özüm, öz kəndçi ağlımla aldım bu gülləri... Bəyənmədinsə?..

    -Yox, nə danışırsan?! Bəyəndim... Həm də mənim də ilk... Necə demişdin?

    -Siftə...

    -Hə, elə mənim də siftəmdir... Mənə də ilk dəfə gül alır birisi...

    Və o görüş, o siftə bizim gələcək həyatımızın təməli oldu. Sənin kaprizlərin olsa da, tezliklə mən onlara öyrəşdim. Yavaş-yavaş sən məni qəbul etməyə başladın və bir də ayıldıq ki, artıq bir-birimizçün darıxmağa başlayırıq. Bunun adı nəydi? Bu darıxmaq bizi hara aparırdı? 

    Baxdığımız kinolar, oxuduğumuz kitablar deyirdi ki, bu, sevgidir. “Sevgidən heç kəs yarımayıb, nə Leyli, nə Məcnun xoşbəxt olublar, nə də uzaq İtalyadakı Romeo ilə Cülyetta...” - bunu ağzı tökülmüş bir yava qadından eşitmişdim. İstədim sənə deyəm ki, biri mənə belə deyib, ürəyim gəlmədi. Siftəmizin pozulmasından qorxdum... 

    Və gün o gün oldu ki, bir-birimizin ailəsi ilə maraqlandıq. Əvvəl sən soruşdun. Mən utana-utana “adımı bilirsən, Behcətdi... atam meşəbəyidi, kitab-dəftər tanımaz... anam da evdar qadın... qardaş-bacılarım var... Evin birinci övladı mənəm...”

    Sən tez gülüb dedin:”Ailənin siftəsisən...”

    Gülüşdük. 

    Növbə səninki idi.

    “Mən də ailənin ilkiyəm...”

    “Sən də siftəymişsən ki!” – ürəklənmişəm. Bu dəfə daha ucadan gülüşürük...

    “Papam arxitektordur... Məşhur adamdır, bəlkə tanıyarsan?” – məşhur bir familya söylədin və az qaldı gözüm qaralsın. Mənim meşəbəyi atam onun yanında kim idi ki? Hələ anası gör kim çıxacaq?

    “Anam isə həkimdir...”

    Vay dədə vay! Mənim kitabım bağlandı. Qız qəbul etsə də, ailə məni çətin ki, qəbul etsin...

    “Mənim əmim rayonumuzun məşhur adamıdır... Düzdür, sürücüdür, amma ona sürücülərin professoru deyirlər...” – nəfəsim tıncıxa-tıncıxa dilləndim...

    “Lap yaxşı. O professoru elçiliyə hökmən gətirirsən...”

    “Nə?!” – qulağımın dibinəcən qızarıram. Deyəsən, eşitdiyimə inana bilmirəm.

    “Elə eşitdiyin... Gör neçə vaxtdır görüşürük?.. Papa bizi küçədə görüb... Soruşur, kimdi, nəçidi? Nə cavab verim? Daha buna bir ad qoymalıyıq axı?”

    Hiss elədim ki, bu son dedikləri onun öz sözləri deyil. Əslən şuşalı olsalar da, Gülü Bakıda doğulub, ata-anası da elə köhnə bakılı kimidilər. Bu danışıq Bakı adamının danışığıdır. Hardan bilirəm? Bizim də uzaq qohumlarımız var ki, illər əvvəl köçüb gəliblər burda, Bakıda yaşayırlar, özlərini bakılılara oxşatmağa çalışırlar. Əsas da, mənim kimi kənddən təzə gələnin yanında bir forslanırlar ki... İllah da arvadları... Şəhrəbanı adlı bir qohumumuz var, bura gələndən olub Şərəbanu. Hələ qonşular onu əzizləyib Şəhri çağıranda az qalır forsundan yeri-göyü qarsalaya. Hələ əri! Fərrux idi kənddə, bura gələndən olub Fedya. Pah! Fedya e!.. 

    Bunların evlərində kirayənişin qalıram. Evin zirzəmisində, pəncərəsiz yerdə yatıram, ayda otuzca manatımı alırlar çığırda-şığırda. Hələ gör başıma nə iş gəldi?! Fedya bir gün məni yanına çağırdı ki, bəs bizim evin yanında boş yeri var, bir az pul tap, ordan sənə bir üçün üçə ev tikək. 

    Mən də zavodda işləyirəm axı, bakılılar demiş, qara gün üçün bir az pul qısıxdırmışam. Gecə manatı manatın üstünə qoyub, qəpiyi qəpiyə calayıb, saydım, hesabladım, oldu altı yüz manat. Fedya dedi ki, yaxşı, sən belə elə: mənim bir-iki kisə sementim var, bir az da qum aley, bir maşın da daş getirey, başdayaey sənin duvarını çekmeye... Ala, səninçün edirəm e bunları, o altı yüz nedi ki?! Başa düşərsən dana... (Adam forslanır, guya bakılılar kimi danışmaq istəyir, amma çaşır, yarısın bizim rayonun ləhcəsiynən deyir. Dana deyəndə gülmək məni tutdu... Özü elə dananın yekəsidi...)

    Nəysə, danışdıq ki, mən hissə-hissə buna dörd yüz də verəcəm, Fərrux mənə üç metr beləsi, üç də beləsi bir otaq tikəcək...

    Tikdi. Amma Fərrux kimi deyil, Fedya kimi. Düz altı aya mən onun dörd yüzünü də verdim hissə-hissə. Və ev hazır olan günü Gülünün üstünə uşaq ananın üstünə qaçan kimi qaçdım, muştuluqladım ki, bəs, öz evimiz olacaq...

    Qız da sevindi. Hələ ailəsinə xəbər verəndə onlar da sevinmişdilər. (Gələcək qaynatam lap fərəhlənib: “Sən uşaqda fərasətə bax! Gələn kimi şəhərin qayda-qanununu götürüb. Bilib ki, burda özünü ev sahibi kimi aparmalısan. İşləyib, pul yığıb, balaca da olsa, başının üstünə bir krışa qura bilib. Vallah, halal olsun!” 

          Gül bunu deyəndə fərəhdən az qaldım göyə tullanam! Bə nədi?! O boyda arxitektor mənim haqqımda fikir söyləyib. Özü də gələcək qaynatam!.. Pəh!)


    YAZIÇI


    Sokratın “Özünü tanı” kəlamı, əslində yeni insanın doğulmasının, daha doğrusu, özünüyaratmanın başlanğıcı deyilmi? Hə, cənab filosof, bəlkə biz də səninlə Sokratın dialoqlarından bəhrələnərək özünüyaratmanı bir az asan dillə şərh edək? Yoxsa bu təndirin qırağında ilişib qalacaq, axırda, elə bu çörək bişirən qadınlara odundaşıyan olacağıq... 

    Və bu Acıların adamı...

    Bu da az aşın duzu deyil. Mənim qəhrəmanım olmaq üçün özünü oda-közə vurur. Düzü, ilk dəfədir ki, özümə oxşayan, özüm kimi düşünən birisindən yazmalı oluram. Nə bilim, allah axırından saxlasın... Sən filosof kimi müasir insanla üz-üzəsən. Dinlə, gör döşünə yatırmı?

            Başla görək...

    

    FİLOSOF


    Sən bu adamı mənə sırımağa çalışma. Mənimçün insan fərddən başqa həm də cəmiyyətin bir parçasıdır. Sürüdəki tək insan və sürü halındakı ilk insan kütləsi... Belə baxanda az şey dəyişib. Sadəcə, o vaxt daşla, çapacaqla vuruşurdular. İndi atom silahı ilə... Tək dəyişməyən şey bilirsən nədir? Sevgi... Sənin bu yeraltı insanında sevgi çiçəkləyib. Ətri uzaqdan vurur adamı... Heyrətdəyəm. Yeraltı dünyada ağac olmur axı. Ağac olmursa, bəs çiçək, ətir hardandı?.. Bldiyim qədərilə, sevgi çiçəyini şaxta vurub, çiçəkləri solsa da, ətri hələ qalır. Plazma kimidi sevgi. Qalaktikanı belə diz çökdürə bilən güc var onda. İnsan oğlunu məst eliyən, bütün kainatı ayağına gətirə bilən gücə sahibdir o gözəgörünməz qüvvə - yanar kütlə, yanar qaz kimi, plazma kimidir sevgi... Atom gücü var onda... Bax, adamı necə diri saxlaya bilib... O ki qaldı Sokrata...

          Bilirsən, dost, Sokrata keçsək, işimiz çətinləşəcək. Çünki onun dərketmə metodu o qədər qəlizdir ki... Amma mən çalışaram, bunu bir az sənə və sənin oxucularına aydın ola biləcək tərzdə izah edim. Sokratın atası daşyonan, anası mamaça idi və qadın az qala hər gün yeni bir uşağın doğulmasında iştirak edirdi. Düşünürəm ki, bu fakt onun fəlsəfəsundən də yan keçməyib. Necə? İndi izah etməyə çalışacam...

    O öz dialoqlarında müxtəlif  estetik yanaşmalardan istifadə edirdi. Bu metodlardan biri yunanca 

mayevtika ( μαιευτική)  adlanır. Bu isə hərfi mənada "mamalıq" deməkdir. Mayevtikanın vasitəsilə Sokrat, müzakirə edilən mövzu ətrafında dolayı sualların verilməsi hesabına həqiqi biliyi üzə çıxarırdı və bu prosesi o qadının uşaq doğmasına bənzədirdi. 

           Amma həmin doğuşun nəticəsində balanın deyil, həqiqətin və biliyin doğulması baş verir. Yəni, öz ideallarının qurbanı olan və tarixdə deyilməsi yasaq olan deyimləri dilə gətirdiyi, “gənclərin əxlaqını pozduğu” üçün, varlıların və kübarların nifrətini qazanan Sokrat ölümə məhkum edildi. Tələbələri filosofu qaçırdaraq xilas etmək istədikdə o bu təklifi qəbul etməmiş, öz ölümünü belə “dərs”ə çevirmiş, əslində, mühakimə edənləri mühakimə etmişdi. 


    YAZIÇI


    Bəli, Sokrat ölümü ilə özünütanımanı bir daha sübut etdi və şagirdlərinə həqiqətin doğulması zamanı mamaça olmağın necə şərəfli iş olduğunu göstərdi. Onun bu epizodu – baldırğan zəhəri içərək edam ediməsi özünüyaratmanın rüşeyimlərini ortaya qoymuş oldu. Sokratın bu ölüm səhnəsi yüzlərlə hekayənin, romanın, pyesin mövzusu olmuş, tələbəsi Platonun isə onun ölüm səhnəsundən yeni bir əsər meydana qoymasına rəvac vermişdir. Ən gözəl tablonu isə 18-ci əsrdə fransız rəngkarı Jak-Lui David yaratmışdır...

          Beləliklə, əziz filosof, Sokratın təbirincə desək, həqiqəti insanların özləri "doğmalıdır". Amma sən, filosof kimi heç həqiqət doğdunmu?


    FİLOSOF


    Mən həqiqət doğmadım. Amma sənin kimi bir yazıçıya mövzu olaraq özünüyaratma fəlsəfəsini doğdum. Sənə yaxşı məlumdur ki, bizim kimi az inkişaf etmiş ölkələrdə özünüyaratma təhlükəli bir tendensiyadır. Nədən? Ondan ki, belə mühitdə özünüyaratma, özünütanıma, özünüdərketmə deyil, özünüitirmə, özünütəslimetmə hipotezası daha çox önəmlidir. Bu mühitdə ÖZ deyil, O var!.. Söhbətimizin məcrası siyasətə yönəldiyi üçün mən  meydanı tərk edirəm. Fəlsəfə siyasətin ayağına getməməlidir... İcazənizlə...

    

    YAZIÇI


    Bunun adı fərarilikdir. Hara qaçsan, yenə gəlib burdan - ədəbiyyatdan keçəcəksən... 

    

    FİLOSOF


    Unutma, yazıçı dost, filosofiya sözünün kökündə sevgi var; pilo – sevirəm, shopiya – müdriklik deməkdir... Bu da elə ədəbiyyat işidir... Amma ədəbiyyat da sonradan deyilib... Bunun siftəsi literaturadır ki, mənasında elm, bilgi, gözəllik durur... Təbii, sonra ədəbiyyat ora əxlaqı da pərçimlədi... Şərq əxlaqı... və əxlaqsızlığı... 9 yaşında ərə verilən qızlar və sair... Mən gedirəm, sonra davam edərik...

    

    YAZIÇI


    Bəs Sokrat?


    FİLOSOF


    Sokrat, Sokrat... Sokrat ölümü, edamı seçdi... Mən isə yaşamaq, yaratmaq istəyirəm... Özünüyaratmaq...

    

    YAZIÇI


    Yenə siyasətə dirəndi məsələ... Atasının daşyonan, anasının  mamaça olmasını filosof Sokrata yuxarı təbəqə, aristokratiya bağışlaya bilmədi – zəhər içirdərək edama məhkum etdi.


    ACILARIN ADAMI


    Oturmuşuq sahil tərəfdə Sadkonun* bir az bərisində. Gül tum çırtlayır. Mən də qağayılara baxıram. Birdən o heyrətlə üzümə baxır və qımışır:

           -Dayan e, kənd yerlərində oğlan uşaqlarına belə ad qoyarlar: Süleyman, Məhəmməd, Dayandur, Xalıqverdi, Ələmdar, Mirhəsən, İsbəndiyar... Nə bilim axı, belə kiflənmiş köhnə adlar... Bəs nə əcəb sənin adını Behcət qoyublar? Yoxsa o iranlı müğənni var e Behcət... Adı nəydi? Hə-hə, Rövşən Behcət! Deyəsən, Gəncədə yaşayır, bəlkə atan musiqi aşiqiymiş, onun adını sənə qoyub?

    Gülümsünürəm. Mən bu qızla danışanda özümü ehtiyatla aparıram. Kəndçiliyimə salıb nəyisə düz deməyəndə onun bərkdən uğunub getməyi vardı. Amma allahrizası üçün deyim ki, bu lağ etmək anlamına gəlməzdi. Sadəcə, şəhərli qızının bir kəndçi oğlana münasibəti və həm də sevgisinin bu sayaq ifadəsi idi. Onun hər hərəkəti təbii idi. Gülüşü də, danışığı da, oturuşu, duruşu da...

    -Yoox, Gül, atam heç bəlkə də Rövşən Behcəti tanımır... Düzdür, mən onun mahnılarını, illah da “Şirin yuxun olaydım”ı çox dinləmişəm... amma mənim adımın Rövşən Behcətlə bir əlaqəsi yoxdur... Mənim adım... Atam... Dədəm... Sən bilirsən də, biz axı ataya dədə deyirik... Hə, dədəm danışırdı ki...


                ***

    YAZIÇININ KOMPÜTERİNİN YADDAŞINDAN


    ...Şərq dünyası bu çağacan bir


                         BƏHLUL


tanıyırdı. Neçə yüz illər bundan əvvəl xəlifə qardaşına və nadanlıq rəmzi sayılan saray xadimlərinə meydan oxuyan laübali Bəhlul Danəndə!  “Bəhlul” kəlməsi “dərrakəli”, “ayıq-sayıq” mənalarını versə də, onun ikinci mənası da vardı: “təlxək”, “oyunbaz”. Bəli, elə qardaşı xəlifə Harun ər-Rəşid də içində olmaqla hamı onlara sərf etməyən  sözlər danışanda ona Bəhlul Divanə deyərdilər.

          Bəhlulun lətifələrində bu aydın görünür.

          Biri Bəhlulun yanına gəlir və deyir.

         - Bəhlul Danəndə, deyirlər sən çox ağıllısan. Mənə bir məsləhət ver: alverlə məşğul olmaq istəyirəm. Nə alsam yaxşı olar?

         Bəhlul fikrə gedib deyir:

        - Get dəmir al, üstünə su səp.

        Həmin adam dəmir alır, üstünə su səpir və bir qədər sonra ölkədə müharibə olur. Dəmirə ehtiyac yaranır və dəmir alan şəxs aldığı paslanıb ağırlaşmış dəmiri ikiqat qiymətə satıb pullanır. Və pullanan kimi yenə Bəhlulun yanına gəlir və ona üstənaşağı baxaraq deyir:

      - Bəhlul Divanə! Mənə məsləhət ver. İndi nə alım ki,  varlana bilim?

       Bəhlul bu nadanı cəzalandırmaq qərarına gəlir və deyir:

      - Get soğan al. 

       “Soğan al” deyir, amma üstünə su səp demir.

      Adam soğan alır və ürəyində deyir ki, divanə köpəy oğlu, qəsdən “üstünə su səp” demədi, elə bilir unutmuşam...

          Soğan alır, üstünə su səpir və bir aydan sonra aldığı soğan lırtlayıb xarab olur… Sahibkar qazandığını da, mayasını da batırır… 

--------------------------------------------------------------------

*70-80-ci illərdə Bulvarda sahildən dənizəcən uzanan süni yolun sonunda tikilmiş restoran. 


                ***


        XX əsr Şərq dünyasına 


                İKİNCİ BƏHLULU – BƏHLUL BEHCƏT ƏFƏNDİNİ


verdi. 70 il Sovet hakimiyyətinin qatı zülməti içərisində yox olduğu zənn edilən, itib-batan Bəhlul Behcət Əfəndi axeoloqların tapdığı qəbzəsi firuzəyi daşdan olan altun xəncər kimi yenə parıldamaqdadır... Firuzəyi qulp zamanın ağır sınaqlarına dözməsə də, altun tiyə xəncər günümüzə sağ-salim gəlib çıxa bilmişdi. Bir qalın yun parça ilə dərindən silən kimi altun həmən parıldamış, gözləri qamaşdırmışdır...


                ***

         Siz bir neçə Behcət adı eşidə bilərsiniz. Amma mənim haqqında söz açacağım şəxs  ikinci olmağı sevməzdi. O, Bəhlulların ikicisi olsa da, Behcətlərin, əfəndilərin  birincisi, daha doğrusu, 


                                 birinci  BEHCƏT


    idi. O Behcət ki...

    ...Babam danışardı ki, Zəngəzurda bir Bəhlul Əfəndi olub ki, onun tam adı Bəhlul Behcət Əfəndi imiş. Bəhlul Əfəndi 1918-20-ci illərdə Zəngəzurun qazısı olub. Qazı, yəni məhkəmə, dini işlər üzrə hakim. 

    Bəhlul Behcət Əfəndi ötən əsrin əvvəllərində Türkiyənin İstanbul şəhərində universitetin fiqh, yəni islam hüququ fakültəsini bitirmiş görkəmli fəqih alim idi. O, İslam hüququnun dörd əsas prinsipini – Quran, Hədis, İcma və Qiyasa dayanan fəqih elmini tam mənada mənimsəmiş şəriət hakimi idi.

    1918-ci ildə Azərbaycanda başda Məhəmməd Əmin Rəsulzadə olmaqla müstəqil Cümhuriyyət qurulanda onu ilk dəstəkliyənlərdən biri Bəhlul Behcət Əfəndi olmuşdu. Təsadüfi deyil ki, həmin dövrdə cümhuriyyətçilər əfəndini Zəngəzurun qazısı təyin etmişdilər. O burada təkcə şəriət hakimi deyil, cümhuriyyətin hər mənada sözçüsü idi. Ermənilərlə həmsərhəd olan Zəngəzurda bütün sorumluluqlar Bəhlul əfəndinin üzərində idi. Hətta Nuru Paşanın ordusu Qafqazı ermənilərdən xilas etməyə gələndə ilk görüşdüyü adamlardan biri Bəhlul Əfəndi olmuşdu.

    Qısa, xətti saqqal saxlayan bu bəstəboy adam həm geyimi, həm danışığı, həm də rəftarı ilə dövrünün başbilənlərindən  seçilirdi. Bu modern düşüncə sahibi hətta həm sünnü tərəfin, həm şiələrin yerli dini rəhbərlərindən də fərqlənirdi. Təsadüfi deyildi ki, əfəndinin Zəngəzurda çıxardığı ilk fitvalardan biri məhz sünnü-şiə məsələsinə dair idi. Onun fitvası, əslində, hər bir müsəlmanın Allah qarşısında, özü, ailəsi və nəsli-kökü qarşısında daşıdığı məsuliyyətin həm sünnülərçün, həm şiələrçün eyni olduğunu vurğulamaqla içimizə salınmış bu qondarma məzhəb məsələsinə qarşı çıxmaq idi.


                ***


    ACILARIN ADAMI

    (İKİNCİ BEHCƏT)

    

    Mən axşam zirzəmimdən çıxıb Fedyagilin evlərinə getdim. Şərabanı başını iki dəsmalla üst-üstə bağlamışdı. Fedya da yenə içkili idi. Məni görən kimi başladılar söyüşməyə. (Artıq bunların xasiyyətinə bələd idim: həyətlərində saxladıqları kirayənişinlərdən hansınısa qaralamaq istəyəndə bir-birilərinin dədələrini qəbirdən çıxardır, bəzən vuruşurdular da. Hətta bir dəfə Fedya fincanı Şərəbanının başının üstündən fırlatmaq istəyəndə fincan düz arvadın çiyninə dəymişdi. Onun söz-söhbəti iki ay getdi aralarında... Axırı da Fedya mənə araq aldırıb qarnını dolduranda sərxoş olub, əhvalatı danışımışdı:”Alə, sən də özgəsi dögsən ki, qədeş canı, kruşkanı başının üstünnəm vızıldadırdım ki, zəhrimar yan getdi, tutdu Şərəbanunun çiyninnən... Nağayrarsan, alə?! Heç nə! Öldüm dana!...!)

    “Şərəbanı, ay qız, neyniyey?”

    “Nəyi neyniyəy?!”

    “Ağəz, mını dana, bu qohumdu axı, çölə saley?! Nə diyirsən?!”

    “Kül olsun sənin başıva elə! Sən də kişisən?! Ala e, külü qoyum sənin təpəvə! Camaat bir otağı beş minə tikir, sən də min manata?! Ay əbləh, sənin başındakı papaxdı, ya cındadı?!”

    “Ağəz ey, ey, ağzuva gələni danışma ha! Əvvala, o da mənim yerrimdür, can-ciyərimdür... Hindi nə olub, qurt keçinin nəyin yeyib?! Min olmasın, iki min olsun... Gedər, atasınnan, əmisinnən min də alar, gələr, girər evinə, yaşıyar... Nə deyirsən, qədeş?”

    Boynumu qoydum çiynimin üstünə:

    “Ay Fərrux, kim də bilməsə, sən bilirsən ki, dədəmgilin heç min birəsi də yoxdu... Əmim də heylə... Pul hardadı kənddə... Sən axı, mənə altı yüz dedin, sohra da dörd yüz... Bə bu min hradan...”

    “Ədə, ey, ey, bura bax, sən Şərəbanıynan danışırsan e, o külbaşnan yox! Ba sənə deyirəm: bircə aya min manatı gətirdün, gətürdün, gətürmədün, evi qoyuram satdığa...”

    “Onda mənim min manatımı qaytarın...”

    “Nə, hansı min manat?! Sən illərdi burda bezniçivo qalırsan e?! Otuz manata kirayə var hindi?!  Bir də ki, bura bax, əmivün mənə sənin özünnən göndərdiyi məktub yadınnan çıxıb?! Çıxar də, indi sən day şəhəri tanıyırsan, Montinnən vurub, Vosmoydan çıxırsan, inistuta girirsən, hələ qız da sevirsən!? Ədə, sən mənnən min manatın hesabını soruşursan?! Əmün mənə yazmışdı ki, Şərəbanu, bu uşağa kömək elə, arxa dur, Fərruxa deyənən Montindəki  uçilişə qoysun, nə lazım olsa, özüm gəlib hörmətivizdən çıxaceyəm... Hanı?! Gəldi, çıxdı hörmətimizdən?! O minin beş yüzünü uçilişin direktoruna vermişdik o vaxt... Qaldı beş yüzü, onu da evi tikəndə özüm uçaskovıya vermişəm... Sən onnan pul ala bilərsən?! Şərliyərlər, basarlar içəri, özüm ölüm!..”

    Şəhrəbanu elə danışırdı ki, elə bil evin kişisi bu idi. Əmimin niyə məktubu bunun adına yazdığını indi anladım.

    

    Səhəri gün Gülya ilə görüşəndə ilk sözü bu oldu:

    “Sənə nə olub?”

    Nə qədər əkib-büksəm də, olmadı, açıb başıma gələnləri danışmağa ürək etməyəndə dedi ki, o qədər safsan ki, yalan da danışa bilmirsən... De görüm nə olub?

    Başıma gələnləri danışdım. Gülya da pis oldu. Amma tez də özünə gəlib dedi:

    “Papa səni görmək istiyir... Düzdü, mama bir meşəbəyinin oğluna qız verməyi həzm eliyə bilmir, amma papa üçün maraqlıdır ki, görüm, axı bu necə oğlandır ki, mənim qızımı özünə bənd eliyə bilib?”

    Gülüşdük. Amma mənim gülüşüm də süni çıxdı. Çünki ilk dəfə idi ki, gözümün içinə baxa-baxa məni aldatmışdılar. Həm də bir bakılı deyil, öz rayonlum, həmkəndlim olan adamlar... 

    Gülya burdan da çıxış yolu tapdı. 

    “Bu da sənin siftəndir! İlk dəfə ən yaxın adamların sənə xəyanət ediblər... Siftən pozulub...”

    Qəhqəhə çəkib güldü və bu dəfə məni də ürəkdən güldürdü. Və bu gülməyimlə anladım ki, mənim həyatım bu qızdan çox asılıdır. Əvvala, o elə bir ailədən çıxıb ki, mənim indi-indi bildiklərimi o çoxdan bilir, ikincisi də, bu qız məni ən ağır vəziyyətdən də çıxarda bilir. Demə, tale onu təsadüfən mənim qarşıma çıxartmayıb...

    Sonra sahil bulvarına getdik və Gülün təklifi ilə şəkil çəkdirmək istədik. Yaşlı fotoqraf şəklimizi çəkəndə “gülümsəyin” desə də, biz gülümsəmək əvəzinə qəhqəhə ilə güldük. Fotoqraf  bu anı boşa verməyərək bir neçə şəklimizi çəksə də, “indi də bir az skromnı olun” deyəndə onun bu sözünə daha bərkdən güldük və hətta dilimizi də çıxartdıq. Bu vaxt mənim yadıma böyük Eynşteynin dilini çıxartmış halda çəkdirdiyi şəkli düşdü. Gülə bunu deyəndə uğunub getdi və yenə qəhqəhə ilə güldük. Yazıq fotoqrafsa ardımıcza düşüb, normal bir şey çəkmək istəyirdi. Mən ona çəkdiyi şəkillərin pulunu verib, iki gün sonra alacağım şəkillərçün qayiməni götürdüm.

    Beləcə, həmin gün gözəl bir gün yaşadıq.


                ***

    

         “ZƏNGƏZUR QAZİSİ  BƏHLUL BEHCƏT” 


kitabında* yazılanlardan:

          ...O, ilk təhsilini atası Mustafa Əfəndidən aldıqdan sonra Nuxa şəhərində mədrəsə təhsilini tamamlayır və atasının məsləhəti ilə bir zamanlar babalarının baş götürüb gəldiyi doğma İstanbula yollanır. Burada ali ruhani təhsili alır, eyni zamanda İstanbulun  elitası, dini rəhbərləri və siyasi qüvvələri ilə yaxından tanış olur. Arada vaxt tapıb Şama, Təbrizə gedir, dünyagörüşünü artırır. Bəhlul Əfəndi təkcə din xadimi kimi deyil, dünyəvi elmlərdən də baş çıxaran bir ziyalı kimi yetişirdi. 

          Təhsilini başa vurub Vətənə qayıdanda artıq o, yetkin bir ziyalı idi. Onun bu dövrdə ilk gördüyü iş dini tabuları  yıxması oldu. İlk növbədə “Quranı” türkcəmizə  çevirdi ki, o zaman üçün bu böyük bir cəsarət idi. 

         Yalançı mollalara, savadsız mövhumatçılara ağır zərbə vuran Bəhlul Əfəndinin ikinci addımı daha böyük hadisə idi – o, sünnü-şiə məsələsinin uydurma bir məsələ olduğunu, özü də bunun islamın düşmənləri tərəfindən hazırlandığını faktlar və dəlillərlə sübuta yetirirdi. 

          Bəhlul Əfəndi tarixi mükəmməl bilirdi. Onun xəbəri var idi ki, bu sünni-şiə problemi müsəlmanlardan çox, onların düşmənləri tərəfindən hazırlanıb, ortaya atılıb. O, İmam Cəfəri Sadiqin islamda atdığı mütərəqqi addımlardan xəbərdar  idi və Cümhuriyyət dövründə böyük bir qəzanın qazısı – dini işlər  üzrə hakimi olanda türk dünyasının böyük fatehi Nadir Şah Əfşarın sünni-şiə məsələsini çox böyük şücaətlə həll etmək istəyində olduğun da bilirdi.

            (1736-cı ildə qurultay çağıran Nadir həm də çox böyük fədakarlıq bahasına öz imperiyasının daxilindəki təbələrinə sünni-şiyəlik də daxil olmaqla öz şərtlərini qəbul etdirir. 

    Salnaməçi yazır ki, şah ətrafındakılara müəyyən qədər fikirləşdikdən sonra fikir bildirmək  imkanı verdi. Müəyyən zaman keçdikdən sonra o, qurultay nümayəndələrinin aşağıdakı şərtləri qəbul edəcəkləri təqdirdə şahlığa razılıq verə biləjəyini bəyan etdi: 

         - II Təhmasib və övladları şah olmaq istəsə onları cəzalandırmaq əvəzinə, müdafiə etsəniz cəzanızın ölüm olmasına yazılı razılıq verəcəksiniz; 

          -Şiəliklə yanaşı, sünni məzhəbinə də hörmət edəcək, Ömərə, Osmana lənət oxumayacaq, sünnilər Məkkəyə həcc ziyarətinə gedəndə əziyyət verməyəcəksiniz; 

         -Mən şah  olsam, məndən sonra övladlarıma, ailəmə hörmətsizlik etməyəcəyinizə, onlara tabe olacağınıza and içəcəksiniz.

           Bu şərtlər qəbul edilir və Nadir şah seçilir...)

           ...Müəllifin qeydi: «Nənəmin əmisi oğlu, Baharlı məcsidinin axundu Molla Ağanın kiçik qardaşı Mirzə Əsədullah deyirmiş ki, şiə mollaları, seyidlər Bəhlul Əfəndinin verdiyi fitvanı – “sünnü-şiyə” məsələsinin qadağan edilməsini müqavimətlə qarşılayırlar. İşi belə görən Bəhlul Əfəndi onları Gorusa – qəza qazısının idarəsinə çağırır. Şiə mollaları və seyidlər ərz edirlər ki, səni bir şərtlə qəbul edirik: gərək bir möcüzə göstərəsən!

          Bəhlul Əfəndi onlara etiraz edərək bildirir ki, doğan və doğulan şəxsin möcuzə göstərmək və  möcüzəyə aludəçiliyi bir mövhumu işdir. Hətta Məhəmməd Peyğəmbərin belə nadir halda möcüzə göstərdiyini (məsələn, “Şərqqül-qəmər”) də misal gətirərək möcüzənin yalnız Allaha aid iş olduğunu bildirir. Amma iddiaçılar əl çəkmirlər. Nəhayət, Bəhlul Əfəndi əlacsız qalıb, özündə olan, lakin nadir hallarda qullandığı sirdən istifadə edir. 

          Belə ki, hamını bayıra çıxardır, tək gənc bir seyyiddən başqa. Həmin seyidin bir ayağı şikəst imiş və yalnız qoltuq ağaclarının köməyi ilə hərəkət edirmiş.  Bəhlul  Əfəndi əlini seyyidin şikəst ayağının üstünə qoyur, ona özündə olan hikmət vasitəsi ilə həyat verir. 


---------------------------------------------------------------------------

*A.Qaradərəlinin eyniadlı kitabı 2009-cu ildə Şirvannəşrdə çapdan çıxmışdır.


         Təxminən bir saat sonra üzünü şikəst seyidə tutub deyir: “Dur, çəlikləri at yerə, get dostlarını çağır”.

         Seyid ayağa qalxır, yemsiyə-yemsiyə çölə çıxıb qəşqırır:

        - Qardaşlar, gedin dədəmnən muştuluq alın, Bəhlul Əfəndi mənə nicat verdi, indi ayağım oldu sappasağ”.

          Beləcə, Bəhlul Əfəndi özündə olan bioenerjinin köməyi ilə fitvasını qəbul etdirə bilir. 

        Atası Mustafa Əfəndini, qaynatası Hacı Qasım Çələbini belə inandıran Bəhlul Əfəndi Baharlıdan axund Molla Ağanın da bu xüsusda fitva verməsinə nail olur. 

         Bu modernist üləma, əslində, uzun illər camaata İslam yerinə xurafatın təşviq  edildiyini  anlayaraq xurafatla açıq mübarizəyə başladı.

          Bəhlul Əfəndi ruhani ola-ola dinin və elə həm də elmin düşməni olan xurafata qarşı vuruşurdu. Onun Sarı Aşığın bir bayatısına yazdığı şərhdən bunu aydın görmək olar: 

            “Dirinin gözü maza,

             Qane ol gözüm, aza.

             Qorxuram müjgan çalam

            Yüzündən gözüm aza.

      Diri dağı – Araz çayının sol kənarında Xudafərin  körpüsü yanında kiçik bir dağdır. Məşhur dastan sahibi Aşiq Qurbani dəxi bu dağa mənsub olub “Dirili Qurbani” deməklə məşhurdur. Dirili bu dağın başında bir kənd imiş ki, indi xarabası məlumdur. Bu dağın başında bir “pir” vardır. Bu “pir”ə “Maza nənə” deyirlər. Xalq bu dağ və pir haqqında  əfsanələr də düzəltmişdir. Guya o pirin ətrafında olan yumru daşlar “Maza nənə”nin xəmir  kündələrindən əmələ gəlmişdir. Guya Aşıq Qurbaniyə bu pirdə eşq badəsi içirilmişdir. Yaxın vaxtlaradək az düşüncəli köçəri kəndlilər, xüsusən qadınlar o daşları öpürlər və hacət diləyirdilər”.

          Müstəqil dövlətimiz qurulandan sonra onun Zəngəzurdakı dayağı məhz Bəhlul Behcət olur. Oğlu   Mustafa xatırlayır:

        “Müsavat dövründə Zəngəzurda bütün hökumət işlərinə babam (yəni atam – A.Q,) rəhbərlik edirdi. Məmmədəmin rəhmətliynən şəxsi münasibətləri vardı. Tez-tez bir-birinin yanına adamları gedib-gəlirdi. O vaxt Türkiyədən, İrandan babamın çoxlu qonaqları olardı”.

          Gorusda – qəza mərkəzində əyləşərək yeni hökumətin göstərişlərini həyata keçirən bu görkəmli  elm və ürfan sahibini xalq sevir və qoruyurdu. Lakin artıq hakimiyyəti ələ keçirmək üzrə olan xain bolşevik-daşnak birləşmələri onu aradan götürmək üçün fürsət axtarırdılar. Ətrafına Zəngəzurun igid oğullarını cəm eləyən Bəhlul Əfəndinin bir siyasət adamı olmasından başqa, bir hərbi rəhbər kimi qabiliyyəti də üzə çıxırdı. Onun yaratdığı özünümüdafiə dəstələri bütün təxribatların qarşısını ala bilirdi. Hələ Osmanlı ordusu Azərbaycana gələndə Nuru paşa ilə görüşməsi, onun zabitlərinin köməyi ilə özünümüdafiə dəstələrinə təlimlərin keçirilməsi üçün etdiyi çabalar öz xeyirini verməkdə idi. Çox gərəkli, faydalı bir iş gördüyünün fərqində olan Bəhlul Əfəndi düşmənin yatmadığını da gözəl bilirdi. Çox keçməmiş, bu qorxulu an gəlib çatdı – bolşevik orduları Bakıya hücum edərək milli hökuməti devirdilər. Bəhlul Əfəndinin şirin arzuları, acı xəyallara döndü.

         Qazı Bəhlul Əfəndinin qazi Bəhlul Əfəndiyə dönməsinə çox az qalmışdı.

 

                ***


    FİLOSOF


    Bu yola çıxanda nələrlə üzləşəcəyimizi bilirdik.  Mən bir az əhli kef adam kimiyəm. Yazıçı dostumsa ayıqdır, hadisələrə daha ayıq başla yanaşa bilir. Ona görə də şimal rayonlarından birində dayandığımız bir nöqtədə rastlaşdıqlarımız bizdə şok effekti yaratdı. Yazıçı və onun qəhrəmanı İkinci Behcət bu rayondakı füsunkar bir yerdə çadır qurub dincəlməyi məsləhət biləndə sevindim. Çünki mənim doğulduğum cənub zonasından fərqli olaraq buraların təbiəti gözəl, havası füsumkar idi. Arılar çiçəklərə elə darışmışdılar ki, sanki dünyanın sonuncu günü idi. Kəpənəklərin qanadının səsini belə duymaq olurdu. Otların, çiçəklərin səssiz-sədasız eşq yaşadığı, ətrafın sevgi qoxuduğu bir zamanda çadırı təzəcə qurmuşduq ki, əli tüfəngli bir oğlan gəlib kəsdi başımızın üstünü.

    -Buralar sahibkar torpağıdır, burada çadır qurmaq qadağandır!

    Yazıçı etiraz etdi, hətta naşiri olduğu dərginin vəsiqəsini ona göstərdi, xeyiri olmadı. İkinci Behcət dedi ki, mən keçmiş metro işçisiyəm, yerin altında...

    Mən onun bu tüfəngli adamla dava edəcəyindən qorxub:

    -Ay Behcət, gəl bu yana. Cən canın bizi işə salma, - demişdim ki, oğlanın siması dəyişdi, qəzəbli üzündə güllər açdı və qışqırdı:

    -Nə, Behcət?! Sən Rövşən Behcətsən?! O mənim sevdiyim müğənnidir ki! A kişi, niyə bayaqdan demirsən Rövşən Behcətəm!!! Yaxşı, çadırınızı qurun, amma buralar nazir ...ovundur... 

    (O məşhur bir nazirin familiyasını söylədi.)

    -...bura onun adamlarından gəlib-eləyən olsa, bax, mən sizi görməmişəm...


    YAZIÇI


    Soyrqal bilirsiniz nədir? Əmir Teymurun tarixçilərindən olmuş və 14-15-ci əsrlərdə yaşamış Fasih Əhməd Cəlaləddin Havafi “Məcmuə ət-təvarix” adlı əsərində göstərir ki, soyurqal monqol sözüdür və hökmdarların öz döyüşçülərinə, ordu başçılarına və sair şəxslərə uğurlu yürüşlər zamanı bağışladığı, bəxşiş kimi verdiyi torpaq sahələrinə verilən addır... Sözügedən əsərində 1434-1435-ci il hadisələrini təsvir edən F. Həvafi göstərir ki, İlyas Xoca Radekanda öldükdən sonra Şahrux Radekanı əmirzadə Seyid Yusif ibn Əmir Şeyx Əli Bahadura soyurqal verdi. Müəllifin məlumatına görə, Radekan Əmir İlyas Xocanın atası Əmir Şeyx Əli Bahadurun soyurqalı olmuş, sonra isə onu İlyas Xoca idarə etmişdi. Buradan açıq-aydın görünür ki, irsi olaraq soyurqalın atadan oğula keçməsi praktikası olmuşdur...

    İndi qardaşlar, belə çıxır ki, ölkəmizdə hələ də soyqral mülkiyyəti davam edir. Ölkə başçısının hörmətini qazanan oliqarxlara az qala bütöv bir rayonun ərazisi soyurqal kimi bəxşiş verilir...

    O ki qaldı bu gələn əli tüfənglinin  dostumuz Behcəti mərhum müğənni Rövşən Behcətlə dəyişik salmasına və buna görə bizə dəyib-toxunmamasına, bu da bir növ faciəvi haldır. Bir yazıçı və bir filosofu tanımayan, üstəlik tanısa da saymayan bu adam, illər əvvəl dünyasını dəyişmiş bir müğənninin adına görə bizə toxunmadı...

    (Soyurqalın daha tündməcaz, daha qəliz forması da var. Düzünə qalsa, bu məsələyə heç toxunmaq istəmirdim. Nədən ki, zaman o zaman idi, ölkəmiz 44 günlük savaşda erməni işğalçılarını torpaqlarımızdan qovmuş, az qala otuz il düşmən taptağında olan ərazilərimiz işğaldan azad edilmişdi. Zira bundan xoş nə ola bilər ki?! Hamı kimi mən də sevinirdim. Axı mənim də, elə İkinci Behcətin də doğma torpağı olan rayonumuz azad idi... Elə filosof dostum da sevinirdi. Kəndimiz azad olunanda məni telefonla ilk təbrik edənlərdən biri o idi. Axı o bilir, tanıyırdı o torpaqları! Mənim toyum olanda rəhmətlik anası ilə gəlmişdi kəndimizə. Dağlarımızı, kənd-kəsəyimizi gəzmiş, qonağım olmuşdu...

    Böyük qələbəyə mən də öz töhfəmi vermiş, bu mövzuda bir roman və bir hekayələr kitabı yazmışam...

    Amma və lakin... Qardaşım, əgər mən bu həqiqəti yazmasam, daha əl çalmaqdan əlləri qabar olan yazıçılarla mənim nə fərqim?!..

    İş belədir ki, torpaqlarımızın azad olunmasından neçə il keçib, amma bizi oralara buraxmırlar. Adını da qoyublar ki, mina təhlükəsi var. Əzizim, mina var, var də. Biri mənim ayağımın altında açılar, biri saxladığımız atın, eşşəyin, inəyin ayağının altınada... Yeri gəlmişkən, işin gedişatı göstərir ki, rəhbərlik azad olunmuş torpaqlarda insanımızın mal-heyvan, at-eşşək, it-pişik saxlamasını istəmir. Niyə, atam balası?! Niyə, qardaşım?! Niyə, əmioğlu?!.

    Adını da belə qoyurlar ki, biz buralarda Ağıllı kəndlər salacağıq, hər şey “knopka” ilə idarə olunacaq... Düyməni bas, süd axsın, kofe gəlsin və həkaza...

    Bir ağıllı adam yoxdur ki, əlini qaldırıb desin ki, ay yoldaş, ay cənab, ay əlahəzrət, kənd ağıllı olmaz, kənd elə dəli olar. Kənddə at kişnərtisi, eşşək anqırtısı, inəg mələrtisi, it hürüşü, pişik miyoltusu, insan hayqırtısı – qışqırığı, ağlaması, söyməsi, döyməsi eşidilməsə, o kənd olmaz...

             Mən təklif edirdim ki, qaçqın-köçkün insanımızı çağırsınlar, hərəsinə bəlli miqdarda, məsələn 50-60 min civarında yardım versinlər – mümkün olmasa, bunu 20 illiyinə ssuda kimi də verə bilərlər – və desinlər ki, gedin, kəndinizdə ev-eşiyinizi tikin, mal-heyvan, toyuq-cücə, at-qatır, it-pişik saxlayın, kəndinizi bərpa edin, yaşayın...

    Amma hardan?! O torpaqlara bir soyurqal kimi baxan məmurlar ölkə başçısının çıxışlarına yalnız əl çalır, həmin ərazilərdə özlərinin qoyun sürülərini bəsləyir, boş torpaq sahələrini əkir, bir sözlə, azad olunmuş ərazilərin yeni sahibi kimi aparırlar özlərini...

    Daha bir məsələ də var. Eynən Xruşşov dönəmində olduğu kimi beş kəndi bir yerə yığıb bir kənd yaratmaq istəyirlər və bununla da geniş torpaq sahələrimizin boşalmasına rəvac vermiş olurlar. Axı bu kəndlər, onların adı həm də bizim tariximizdir. 

    Daha çox dərinə getmək istəmirəm...)

    Filosof, sənin fəlsəfi təlimin bu yerdə nəyə yarayır?


    FİLOSOF


    Vallah nə deyim? Bilmirəm, ağlayım, ya gülüm? Mən qorxdum ki, Behcət qardaşımız indicə o gədəyə deyəcək ki, mən sənin zənn etdiyin adam deyiləm və bizi buradan qovacaq  o tüfəngli...

    Gəlin bu söhbəti nöqtələyək. Zira bizim ideallarımıza o qədər yad mövzudur ki, üstündə dayanmağa dəyməz. Nədən? Ondan ki, bu cür haqsızlıqlar hər zaman olmuş və olacaq. Özünü böyük zənn edən çox kiçik adamcığazların miskin halını çox da oyalamayaq...

    (O ki qaldə sənin mötərizə arasında dediklərinə, qoy elə mən də belə cavab verim: sənin bu fikirlərin mənalıdır, maraqlıdır, hətta lazımlıdır. Amma sənin o müdhiş günlərdə yazdığın iki kitb daha maraqlıdır. Yadındadırsa, mən o kitablar haqqında geniş olmasa da, çox yerində münasibət bildirmişdim. Məncə, sən bu kimi qara-qura fikirlərdənsə, oturub romanlarını yazsan, daha böyük iş görmüş olarsan... Sənin indiki halda mötərizə içərisində dediklərinsə bir publissistin fikirlərinə daha çox bənzəyir.)

    Yaxşısı budur, vaxtilə bir sayta verdiyim müsahibə var, gəlin onu sizə danışım, həm ibrətamizdir, həm də dolayısı ilə mövzumuza dəxli var... 


        FİLOSOFUN KLAS.AZ SAYTINA VERDİYİ MÜSAHİBƏDƏN: 

    Məni tanıyanlar bilir ki, nə qədər milliyəmsə, bir o qədər də kosmopolitəm. Yənə məşğul olduğum elm sahəsinin özü belə, bir növ kosmik elmdir. Fəlsəfənin, naturfəlsəfənin tələbi vahid məkanımız olan Yerin qorunması ilə barabər, qonşu qalaktikaları da tədqiq etməyi, insan oğlunun təkcə Yerdə deyil, ola bilsin ki, başqa planetlərdə də yaşaya biləcəyini öyrənməkdir. Düzdür, bu bilavasitə bizim sahəmiz deyil, bununla astronavtika, bionika kimi elm sahələri daha çox məşğuldur, lakin fəlsəfənin burun soxmadığı sahə də yoxdur axı. Yazıçı dost, yadındamı, tələbə ikən mən oxuduğumuz ədəbiyyat fakültəsini tərk etmək və ali məktəbin biologiya, daha doğrusu bionika sahəsi ilə məşqul olmaq istəyirdim. Sənin güclü arqumentin və yazıçı təxəyyülünün qarşıma qaoyduğu faktlar olmasaydı, yəqin ki, mən bu addımı atacaqdım. Son zamanlar məni bionikaya çəkən şeylər elə məhz bu düşüncələrimdir. Sənin naturalist yozumların, naturalizmə dair fikir və mülahizələrin və romanlarda natural dəyərlərə söykənməyin də ürəyimcədir, biləsən. İndi çox dəhşətli bir hadisədən sizə söz açacağam. İlk baxışda, adi təbiət hadisəsidir. Zira ilk baxışda... Alt qatda isə böyük fəlsəfi deformasiya gizlənib...

    Məlumata görə, Meksika çöllərində kaktusun yabanı halda bitən bir növü vardır ki, ondan tekila içkisi istehsal edilir. Amma iş təkcə bunda deyil. Məsələ orasındadır ki, bu kaktusun yarpaqlarında ipək qədər zərif və möhkəm iplik vardır  və ondan insanlar iplik almaq üçün zaman-zaman bəhrələnmişlər.

    Bunu bilən bir iş adamı sözügedən kaktusun istehsalını artırmaq üçün böyük mədəni əkin sahələri yaratmış və ondan iplik almaq üçün iri bir fabrik qurmuşdur. Müxtəlif dərman və gübrələrlə bəslənilən kaktusun daha iri yarpaqlarını toplayıb fabrikə daşıdıqları zaman möcüzə baş verib: kaktusun yarpaqlarında bulunan ipliklər yoxa çıxmışdır!

    Külli miqdarda zərərə düşən adam bu işin sonunacan getməyi qərara almış və bir biologiya mütəxəssisinə müraciət etmişdir. Bioloq sirri çözmək üçün vaxt istəmiş və çöldə yabanı halda bitən kaktus sahəsində çadır quraraq onların yaz-payız yağışda, küləkdə, qış zamanı soyuqda, şaxtada  və yayın istisində necə inkişaf etdiyini müşahidə etmiş və belə nəticəyə gəlmişdir: ”Kaktusun yarpağındakı iplik maddələri, əslində, onların özünümüdafiə məqsədi ilə yaratdıqları sipər imiş. Bir növ özünüqoruma, özünüyaratma instinktidir... Sizin plantasiyalarda dərman və gübrələrlə yetişdirdiyiniz iri yarpaqlı kaktuslar isə belə bir təhlükənin olmadığının fərqində idilər və buna görə də özlərini qorumaq üçün iplik maddəsi yaratmağa lüzum görməmişlər...”

    İnsan da belədir. Əgər siz, uşaqlarınızı yağ-bal içərisində böyütsəniz, onlardan böyük adam olacağını zənn etməyin. Buraxın, onlar özlərinin gələcək həyatlarını özləri qursunlar. Özlərini özləri yaratsınlar... 

    Kaktusdakı hikmət təbiətin naturalist dəyərlərdən sapmasının faciəyə səbəb ola biləcəyinə işarədir... Allahın barmağı yoxdur, amma tökülən gözlər ki vardır...

    (Və burada yenə mötərizə arası deyiləsi fikir önə çıxır: yazıçı dostumun dediyi kimi işğal zonalarındakı Ağıllı kəndələrdə yaşayan adamlara həddindən artıq “əzizləmə” lazım deyil. Onları buraxın taleyin ümidinə, icazə verin, onlar dədə-babalarının yaşadığı o torpaqlarda nə əkəcəklərini, hansı mal-heyvanı saxalayacaqlarını, hansı meyvəni yeyəcəklərini özləri təyin etsinlər... İnsanlara rahatlıq və azadlıq verin ki, həyatlarını özləri qura bilsinlər. Yoxsa kaktusların gününə düşərlər.) 


        (Davamı olacaq)

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)