Azərbaycanın ən böyük fotostudiyası - Selfie Land Muzeyi

Azərbaycanın ən böyük fotostudiyası - Selfie Land Muzeyi
Burada uşaqdan böyüyə hər kəs şəkillər çəkdirir və əylənirlər. XXI əsrin ən maraqlı ixtiralarından biri olan bu muzey dünyanın bir çox yerində fəliyyət göstərir. Amerika, İtaliya,Türkiyə bə başqa ölkələrin iri şəhərlərini bəzəyən bu məkan bura gələn ziyarətçilərin diqqətini özünə cəlb edir.
Bakının Yeni Yasamal ərazisində yerləşən “Selfie Land Muzeyi” isə rəngarəng və möhtəşəm ab-havası ilə fərqlənir. Bu məkan təkcə, foto çəkilişlər üçün nəzərdə tutulmayıb. Bura gələnlər həm də, özlərini xatirələrdə əbədiləşdirirlər. Nəzərə alsaq ki, günümüzdə sosial şəbəkələr daha çox inkişaf edib, belə fotoların çəkilməsi və paylaşılması cəmiyyət içində daha çox maraq doğurur.
Muzeyi və məkan haqqında deyilənləri canlı görmək üçün bura üz tutdum. Burada, bir-birindən rəngli dekorlar - içərisində nəhəng oyuncaq ayı olan çəhrayı rəngli qatar vaqonu, bir anlıq moda dünyasına səyahət etmək üçün məşhur “Vogue” jurnalının üz qabığı olan guşə, xalqımızın milli bayramı olan “Novruzu” təmsil edən, tarixi xalça növləri ilə bəzədilmiş dekor, azyaşlı uşaqlar üçün nəzərdə tutulmuş ad günü dekorları və başqa maraqlı selfie məkanlarının şahidi ola bilərsiniz. Çəkilişlərinizi daha unudulmaz və yaddaqalan etmək üçün fotoqraf xidmətindən də istifadə etmək mümkündür.
Muzeyin idarə edilməsində əsas rolu olan Vüqar Yusifov bizi daha fərqli dekorlarla da tanış etdi və 2023-cü ilin aprel ayında yaradılmış bu qeyri-adi muzeyin bir neçə şəxsin əməyi nəticəsində ərsəyə gəldiyini dedi:
-Məsələn, burada gördüyünüz dekor məktəbli uşaqlar üçün nəzərdə tutulub. Daha çox vinetka çəkilişləri olur. Müxtəlif mövzuda və formatda kliplər çəkdirmək üçün guşə ilə də tanış ola bilərsiniz. Həm icarə əsasında, həm də muzey tərəfindən kliplər ərsəyə gətirilir. Sosial şəbəkələrdə məşhur olan əksər bloggerlər də burada kiçik video çəkilişlər aparırlar. Ad günləri üçün olan yellənçək və ağac dekoru da xüsusi diqqət çəkir. Əlvan güllər və çiçəklərlə bəzədilmiş sadə dekorlardan da istifadə olunur. Onu da vurğulamaq istərdim ki, muzeydə çəkilişlər aparmaq üçün xüsusi geyimlər də muzey tərəfindən ziyarətçilərə təqdim olunur.
Sonda, fotolarımızı telefonlarımızın yaddaşına köçürdük və xoş təəsuratlarla oradan ayrıldıq.
Qeyd edək ki, hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Dahi rəhbərimizin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələrlə yanaşı, muzey işi də öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Ulu Öndərin təşəbbüsü ilə 1993-cü ildə Nazirlər Kabinetində muzey işçilərinin respublika müşavirəsi keçirilib, 1994-cü ildə isə bu müşavirənin materialları əsasında “Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında” qərar qəbul edilib. 2000-ci il martın 24-də qüvvəyə minmiş “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını və müvafiq münasibətləri tənzimləyir. Bu sənədə əsasən muzey - maddi mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirildiyi mədəniyyət, elmi-tədqiqat müəssisəsidir.
Fidan Salmanova
Gülnar Muradzadə (foto)