Kənan Hacı - Borxes qülləsi
Borxesi oxuyanda insanın içindəki tənhalıq hissi bir az da dərinləşir. Bu qaçılmaz duyğu ilk cümlələrdən səni əhatəyə alır. Amma bu tənhalıq hissinin özündə
qəribə bir cazibə qüvvəsi var. Onun ən məşhur hekayələrindən olan “Əlif” və “Zahir” hekayələrində iki qütbün – sonsuzluq və məhdudluq konsepsiyasının – ortasında izaholunmaz çaşqınlıq bütün qəlbimizi bürüyür. Əlif dünyanın başlanğıc nöqtəsini və sonsuzluğu simvolizə edir. Borxes “Əlif” hekayəsində riyaziyyatla mistisizmi qarşılıqlı əlaqə müstəvisinə çıxarır və sonsuzluq adlı nəticəni bədii mətnə çevirir. Ustacasına! O, dilin yaddaşı və məntiqindən, tarix və mifologiyadan istifadə edərək yeni mənalar yaradan sehrbazdır.
İnsan nə qədər çox bilsə belə, onun beyni, dərrakəsi bu sonsuzluğun yükünə tab gətirə bilməz. Əlif kosmosda bir nöqtədir. Keçmiş və gələcək bu nöqtədən aydın görünür. Bu nöqtəyə çatınca insanın yaddaşı aşınır, çox şeyləri unudur. Borxes bununla demək istəyir ki, bizim yaddaşımız unutqanlığa məhkumdur. O, sevgilisi Beatriz Viterbonun üzünü zamanla unutduğu kimi, Əlif anını da unudur. Təhkiyəçinin Beatrizə olan sevgisi hekayənin duyğusal mərkəzidir. Bu məqamda yazıçı öz gücsüzlüyünü etiraf edir:
“Hər bir dil istifadəsi keçmişin həmsöhbəti ilə ümumi bir şeyi nəzərdə tutan rəmzlərin əlifbasından ibarətdir. Amma mənim ağlım üçün dərkolunmaz Əlifi başqalarına necə izah edim?”
Borxes təxəyyülün qapılarını geniş açır və onu cilalamaqdan yorulmur. Mütaliə və intellekt adlı iki əsaya söykənib mistik konspirologiyadan möhtəşəm mətn ortaya çıxarır. Onun hekayələri allüziyalarla zəngindir. Allüziya və illüziya bir-birinə qarışır və mətnin həqiqəti sanki balzamın içindəymiş kimi görünür. “Əlif” məhz belə hekayələrdəndir.
Təsadüfən pilləkanın altında parlaq işıq saçan kürəcik görünür və bu kürəciyin içində bütün Yer kürəsi görünür. Bu müəzzəm sonsuzluğu bir hekayəyə sığışdırmaq mümkünsüzdür. Bu anda sanki oxucu da bu sonsuzluğun bir parçasına çevrilir. Borxes öz sehrkar qələmi ilə bunu bacarıb. Texniki və mifoloji manevrlər arada oxucunu karıxdırır, lakin bu mifoloji labirintdə azmamaq üçün mütləq Borxesin söykəndiyi ədəbi paradiqmanı qavramağımız lazım gəlir. Eyni zamanda Borxesi oxumaq yoluxucu bir zövqdür. Sanki bu labirintdə azacağını bilə-bilə yenə də ora düşməyi arzulayırsan. Borxesin yazıçı olaraq gücü də məhz bundadır. Sonsuzluq göy üzündə deyil, dağılmaqda olan bir evin zirzəmisində gizlənib. Bu paradoks Borxesin ironiyasını gücləndirir. Karlos Arxentino Danyeri bir şeir yazır, bu şeirdə dünya bütün qüsurlardan, günahlardan xali bir məkan kimi təsvir edilir. O, kainatı kitabxana kimi kataloqlaşdırmaq xəyalı ilə yaşayır. Axı o, kitabxanaçıdır (Borxes özünün kitabxanada işləməsi faktından istifadə edir). Əlif onun qarşısında sonsuzluğa açılan qapının açarıdır. Amma və lakin... Borxes bilginin miqdarı ilə estetik forma arasındakı fərqi komik tərzdə təqdim edir. Sonsuz bilgi də insanı xilas etmir, o, sonsuzluğun içində ölümsüzlük axtaran zavallı bir dərvişdir.
Bu mətn dirilik suyunu axtaran Bilqamıs əfsanəsindən də nələrisə özündə əks etdirir. Hekayədə deyilir ki, 1842-ci ildə Pedro Enrikes Ureniya (Dominikan ədəbiyyat tarixçisi) Santus şəhərinin kitabxanasında Makedoniyalı İsgəndərə məxsus olduğu iddia edilən güzgüdən söhbət açan əlyazmanı tapıb. Həmin güzgüdə bütün kainat əks olunurmuş. Borxes yazır: “Amma bütün tapılan güzgülər yalnız və yalnız optik cihazlardır”. Güzgülər itdikcə bütün nəsnələr yaddaşımızdan silinir. Necə ki, Borxes Beatrisin cizgilərini tədricən itirdiyini etiraf edir.
“Əlif” hekayəsində yazıçı sonsuz genişlənməni təsvir edirsə, “Zahir” hekayəsində əksinə, məhdudiyyət fəlsəfəsini sadə bir əhvalatla anlatır. Zair pul vahididir və onun digər anlamları üzərində gəzişmələr edən yazıçı gözlənilməz nəticələrə gəlib çıxır. Təhkiyəçi zairin orbitindən çıxmağa can atır, onu hardasa basdırmaq, kitabxananın hansısa bir küncündə gizlətmək istəyir. Ümumiyyətlə, Borxes bütün dünyaya kitabxana pəncərəsindən baxan yazıçıdır. “Zahir” hekayəsində də kitabxananın mistik sirrini, izaholunmaz aurasını hiss edirik.
Tanrı müəyyən sirlərin zahir olmasına icazə vermir. Amma Borxes düşünür ki, zair barədə düşündükcə onu xərcləyib qurtaracaq. Və sonda... Bəlkə də Tanrı orada, Zairin arxasındadır. Borxesin bu qəbil atişləməz gedişləri qarşısında dərsini bilməyən şagird kimi donub qalırsan və sonra pulun hüdudsuz gücü haqda düşüncələrə qərq olursan...
“Əlif”dəki sonsuzluq və ölümsüzlük ideyası yadıma böyük çex yazıçısı Milan Kunderanı saldı. Onun “Ölümsüzlük” romanı mahiyyət etibarilə Borxesin “Əlif” hekayəsi ilə səsləşir. Sonsuzluq və ölümsüzlük bu mətnlərdə iki küçə kimi kəsişir. “Ölümsüzlük” romanı haqqında ayrıca yazı yazdığım üçün təkrara yol vermək istəmirəm. Havada uçuşan ideyaları məhz böyük yazıçılar görə bilir...
Flober yazıçı mühitini fil sümüyündən qülləyə bənzədirdi. Ona görə, sənətkar cəmiyyətin çirkinliyindən qorunmaq üçün öz qülləsinə çəkilməli və orada yalnız öz sənətinin mükəmməlliyi üzərində işləməlidir. Borxes də könüllü şəkildə praktik dünyadan qopub öz qülləsinə çəkilmişdi. Bu, “sənət sənət üçündür” (l'art pour l'art) prinsipinə əsaslanır. Borxes ümumiyyətlə, simvollarla zəngin bir dilə üstünlük verir. Onun bütün hekayələri metaforik, simvolik örtüyə bürünüb.
