Edebiyyat.az » Poeziya » Çilənay Nur Faiqdən şeirlər

Çilənay Nur Faiqdən şeirlər

Çilənay Nur Faiqdən şeirlər
Poeziya
admin
Müəllif:
23:24, 18 may 2025
65
0
Çilənay Nur Faiqdən şeirlər
  


Ömrümün son günü

Bir kiçik ümid üçün yaşamaq hissi,
Qaranlıq gecənin yanan şamıdır!
Çalışıb xoşbəxtlik bir az tez gəlsin,
Bu gecə ömrümün son axşamıdır!

Sabah bu dünyada mən adlı insan,
Cansız şəkillərdən asılı olacaq.
Bağlanma tək ona, yaxşısı budur,
Kağız parçası da bir gün solacaq.

Xəyal aləminin yolçusu olan,
Gerçəyi ovlayan ovçu kimiyəm.
Bu yaşda dünyadan əlini üzən,
Taledən usanmış yolçu kimiyəm.

Qəlbi yalanlara inandırmayın.
Sabah yaşanmamış əzbər şeirdi!
Sətirlər, cümlələr çarəsizliyi,
Dilim söyləmədən əvvəl deyirdi!



Dönəmim deyil

Yalanlar dilimdə gözəl səslənir.
Qoy dilim lal olub gözüm danışsın!
Məni dərd dustağı edən taleyi,
Qoymaram qəlbimlə heç vaxt barışsın!

Sən məni sadəcə əzə bilərsən.
Kökümdən qopartmaq hünərin deyil!
Əvvəlki şahlığı əldən vermisən,
Artıq sən zənn edən dönəmim deyil!

Durma, nə durursan, əlini qaldır!
Sən palıd, mən dəmir, vuruşaq bu gün!
Nə oldu, əsirsən, dizin titrəyir?
Qorxuram, deyəsən, barışaq bu gün!



Gül qədər ömür

Özümə gül qədər ömür dilərəm.
Tez solum, yox olum, unudulum mən!
Bəli, çox istərəm kitab içində,
Yadigar gül kimi qurudulum mən!


Böyük xəyallar

Kiçik bir daxmanın pəncərəsindən,
Böyük xəyallarla baxan mən idim!
Saxtalı, boranlı qış gecəsində,
Şehlə pəncərədən axan mən idim!
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)